Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   10   11   12   13   14   15   16   17   ...   136

29 
 
əsas  səbəbi  İngiltərənin  siyasi  dairələrinin  əvvəllər  Hindistan  yolunun  Osmanlı  dövlətinin  torpaq 
bütövlyü ilə təminat altına alınması düşüncəsindən qaynaqlanırdı (19, s. 22; 20, 98; 16, s. 14). Qeyd 
etmək  lazımdır  ki,  bu  dövrdə  getdikcə  gücünü  itirən  Osmanlı  dövləti  digər  müstəmləkəçilərin  də 
diqqətini  cəlb  etməkdəydi.  Əsas  imperialist  dövlətlər  olan  İngiltərə  və  Rusiya  ilə  yanaşı,  Fransa  və 
sonradan  Almaniya  ilə  İtaliya  üçün  də  ən  başlıca  məsələ  Osmanlı  torpaqlarında  öz  nüfuz  dairəsini 
genişləndirmək,  burada  yaşayan  qeyri-müsəlman  əhalidən  öz  maraqları  üçün  faydalanmaq  olmuşdur. 
Osmanlı  torpaqlarında  yaşayan  xristianların  himayə  edilməsiylə  ortaya  atılan  bəhanələr  Avropanın 
böyük gücləri arasındakı qızğın rəqabəti başlatdı. 1895-ci ildən sonra getdikcə artan Almaniya qorxusu 
Rusiya  ilə  İngiltərəni  bir-birinə  yaxınlaşdıran  ən  önəmli  amil  oldu.  Hər  iki  dövlət  Yaxın  Şərq,  Orta 
Asiya  və  Uzaq  Şərqdəki  ixtilaflarını  uzlaşdıraraq  1907-ci  ildə  imzaladıqları  anlaşmalarla  yeni 
münasibətlər içərisinə girdilər (bu barədə ətraflı bax: 11, s. 443-450; 13, s. 128-136).  
Böyük  güclər  arasındakı  bu  rəqabət  öz  növbəsində  erməni  məsələsini  də  beynəlxalq  arenaya 
çıxardı.  Ermənilər  yaranmış  vəziyyətdən  cəsarətlənərək  hərəkətə  keçmiş,  ölkə  daxilində  və  xaricində 
partiyalar  və  dərnəklər  qurmuşlar.  Türk  düşmənçiliyi  üzərində  qurulan  bu  hərəkətlər  böyük  güclərin 
geosiyasi  məqsədli  psixoloji  fəaliyyətlərinin  nəticəsi  idi.  Böyük  Güclərin  hər  birinin  erməni  terror 
təşkilatları  üzərində  böyük  təsiri  var  idi  (bu  barədə  ətraflı  bax:  11,  s.  571-580;  13,  s.  184-188;  21,  s. 
CXLVI-CXLIX).
 
Məhz  həmin  təsirlərin  nəticəsi  idi  ki,  çox  sayda  türk-müsəlman  əhali  XIX  əsrin 
sonlarından  etibarən  qurulmağa  başlayan  erməni  terror  təşkilatlarının  qurbanına  çevrildi.  Bu  terror 
təşkilatlarının silahlandırılması ilə Anadoluda və Qafqazda qanlı cinayətlərə imza atıldı.
 
Bir məsələni də 
xüsusilə  qeyd  etmək  lazımdır  ki,  bu  terror  təşkilatlarından  öz  mənafeləri  üçün  yararlanmaq  istəyən 
dövlətlər, xüsusilə Rusiya ilə İngiltərə aralarındakı geosiyasi rəqabətə baxmayaraq, 1895-ci ildən sonra 
getdikcə güclənən Almaniya qarşısında bir-birilərinə yaxınlaşmağa başladılar. Daha doğrusu, Almaniya 
qorxusu hər iki dövləti bir-birinə yaxınlaşdıran ən önəmli faktor oldu. Aralarındakı ixtilaflı məsələləri 
uzlaşma  yolu  həll  etməyi  qarşılarına  qoyan  Rusiya  və  İngiltərə  münasibətlərini  1907-ci  ildə 
imzaladıqları  bir  müqavilə  ilə  yenidən  qurdular  və  Antanta  çərçivəsində  birlikdə  hərəkət  etməyə 
başladılar.  Hər  iki  dövləti  maraqlandıran  məsələ  Almaniyanı  “Şərq”  məsələsindən  uzaqlaşdıraraq, 
Osmanlı dövlətinin zəngin strateji torpaqlarına sahib olmaq idi (bax: 11, s. 443-450; 13,  s. 128-136). 
Lakin Birinci Dünya müharibəsinin sonlarına doğru dünyanın siyasi mənzərəsində önəmli dəyişikliklər 
baş verdi. 1917-ci ildə oktyabr çevrilişinin baş verməsi ilə Antantanın əsas üzvlərindən biri olan Rusiya 
müharibədən  çəkilmək  məcburiyyətində  qaldı.  Antanta  ittifaqında  Rusiya  ilə  boşalan  yeri  ABŞ  əvəz 
etdi.  Beləliklə,  erməni  təşkilatları  üzərində  tam  nəzarət  belə  demək  mümkündürsə,  İngiltərəyə  keçdi. 
İngilislər Birinci Dünya müharibəsi illərində də erməni təşkilatlarına dəstək verərək, onları etnik-milli 
münaqişələrə və qırğınlara təşviq etmiş, öz siyasətinə uyğun olaraq ermənilərin siyasi gələcəyinə dair 
öhdəliklər götürmüş, “Müstəqil Ermənistan” üçün ciddi vədlər vermiş, sadəcə Şərqi Anadoluda deyil, 
Cənubi Qafqazda da onlardan yararlanmış, “erməni məsələsi”ni Azərbaycanda və onun ayrılmaz parçası 
olan  Naxçıvanda  gündəmdə  tutmuşdur.  Bu  təşviq  hərəkətlərinin  pərdə  arxası  nə  idi?  Ermənilərin 
vəziyyəti  ingilisləri  bu  qədər  yaxından  maraqlandırırdısa,  nəyə  görə  Osmanlı  torpaqları  üzərində 
özündən  asılı  milli  dövlətlər  yaratma  siyasətinə  uyğun  olaraq  Şərqi  Anadoluda  bir  erməni  dövlətini 
qurmadı?  Nəhəng  Osmanlı  İmperiyasını  parçalayaraq  onun  torpaqları  üzərində  mandatlıq  rejimi  ilə 
özündən  asılı  çox  sayda  dövlətlər  (ərəb  dövlətləri  –  E.Ş.)  yaradan  İngiltərə  baxımından  bu  ərazidə 
“erməni dövləti”nin yaradılması çətin idimi? “Erməni dövləti”nin yaradılması planının Cənubi Qafqaza 
ixrac edilməsinin əsas səbəbləri nə idi? Bu suallara cavab verə bilmək üçün o dövrün siyasi proseslərini 
diqqətlə təhlil etmək lazım gəlir. 
 
Geostrateji  baxımdan  Cənubi  Qafqaz  İngiltərə  üçün  böyük  əhəmiyyətə  malik  idi.  Xüsusilə 
Azərbaycan,  onun  iri  sənaye-maliyyə  mərkəzi  olan  Bakı  üzərində  nəzarətin  ələ  keçirilməsi  və  Xəzər 
limanının  zəbt  olunması  cəhdləri  ingilis  siyasətinin  ənənəvi  və  prioritet  istiqamətlərindən  idi,  eyni 
zamanda onun ümumilikdə Avrasiya ilə bağlı əsas geosiyasi konsepsiyasına uyğun gəlirdi. Xəzər dənizinə 
sahib  olmaq  təkcə  Qafqaza  deyil,  eyni  zamanda  Mərkəzi  Asiyada  nəzarət  qazanmaq,  Hindistana  gedən 
yolu qorumaq demək idi (7, s. 208). Lakin 1917-ci ildə Rusiyada baş verən hadisələr nəticəsində Qafqaz 
Osmanlı dövləti üçün açıq dəhlizə çevrildi. Meydana gələn proseslər türklərə Qafqaz vasitəsilə İrana və 
Orta Asiyaya girmək üçün əlverişli imkan yaratmış, Hindistan təhlükə altına düşmüşdü. Çar Rusiyasında 
ortaya çıxan qarışıqlıqlar türklərə öz planlarını tətbiq etmək üçün bir fürsət  yaratmışdı. Bununla  yanaşı, 


30 
 
Pantürkist (və ya Turançılıq) arzuların reallaşması üçün də bir yol açılmışdı. 
 
Osmanlı dövlətinin son dövrlərində üç siyasi cərəyan – Türkçülük, İslamçılıq və Osmanlıçılıq – 
ortaya  çıxmışdı.  Hər  üç  cərəyanın  tərəfdarları  Osmanlı  dövlətinin  süqutunu  önləməyə  çalışsalar  da, 
Balkan  hərbi  ilə  Osmanlıçılığın,  bunun  ardından  Birinci  Dünya  müharibəsində  ərəblərin  qaldırdığı 
üsyanlara  görə  İslamçılığın  reallaşmasının  mümkünsüzlüyünü  görən  rəhbərlik  dövlətin  rəsmi 
ideologiyası olaraq Türküçülük, daha doğrusu Turançılıq xəttini qəbul etdilər (8, s. 58; 6, s. 35). 
1917-ci ildə Rusiyada meydana gələn qarışıqlıqlar türklərə öz planlarını və Pantürkist ideyalarını 
tətbiq  etmək  üçün  bir  fürsət  yaratmış,  beləliklə,  Qafqaza  və  Xəzər  ətrafına,  oradan  da  Orta  Asiyaya 
doğru irəliləmə ehtimalı daha da güclənmişdi. Şərqdəki ingilis maraqları baxımından ciddi təhlükə kəsb 
edən  bu  proseslər,  Türkiyə,  Azərbaycan,  İran,  Əfqanıstan  və  Orta  Asiya  türklərinin  birliyi  əsasında 
dünyanın  siyasi  sistemində çox  güclü  bir Türk-İslam  ittifaqının  meydana  gəlməsi  ehtimalı  İngiltərəni 
müəyyən  tədbirlər  almaq  məcburiyyəti  qarşısında  qoydu.  Çünki  belə  bir  ehtimalın  reallaşması 
İngiltərənin maraqlarına həm Orta Asiyada, daha sonra isə Cənubi  Asiyada zərbə  vura bilərdi (20, s. 
320). Panturanizm təhlükəsi ilə qarşılaşan İngiltərə Qafqazı strateji baxımdan İran, Əfqanıstan və daha 
da önəmlisi Hindistandakı iqtidarı üçün həyati dərəcədə əhəmiyyətli hesab edirdi. Yaxın gələcəkdə türk 
hegemonluğunun qurulması ehtimalı nəzərə alınaraq, İngiltərənin Asiyadakı mövqeyi baxımından real 
təhlükə mənbəyinin aradan qaldırılması üçün mütləq şəkildə Türkiyə ilə Türk Dünyası arasında bir sədd 
yaradılmalıydı. Digər tərəfdən, Qafqazın türklər tərəfindən ələ keçirilməsi İngiltərənin  yalnız regional 
deyil, ümumi maraqları baxımından da mənfi nəticələr doğura bilərdi. Azərbaycandakı neft rezervləri ilə 
Gürcüstandakı  mədən  və  kömür  yataqlarının  da  türk  və  alman  güclərinin  əlinə  keçməsi  İngiltərənin 
bütün planlarını alt-üst edə bilərdi (14, s. 246). Məhz bu baxımdan baş verən proseslər qarşısında lazımi 
tədbirlər alınmalıydı. 
İngiltərənin prioritet məqsədi Qafqazdakı müxtəlif etnik və dini qruplar içərisində hansı millətin 
türklərə qarşı ciddi müqavimət göstərə biləcəyini müəyyənləşdirmək idi. Türksoylu olması baxımından 
Osmanlıya  rəğbət  göstərən  Azərbaycan  türklərinə  etimad  göstərilməyəcəyi  bəlli  idi.  Öz  növbəsində 
Azərbaycan  türkləri  də  İngiltərənin  ermənilərə  göstərdiyi  yardımlardan  dolayı  olduqca  narahat  idilər. 
Hətta  bu  yardım  ermənilər  tərəfindən  azərbaycanlılara  qarşı  qıcıqlandırma  metodu  kimi  də  istifadə 
olunurdu.  Ermənilərin  bu  davranışları  xalqda  ingilis  hökumətinin  açıq  şəkildə  antiislam  siyasət 
yeritməsi yönündə fikirlər formalaşdırırdı (36). İngiltərənin Tehrandakı səfiri cənab Marlin Xarici İşlər 
Nazirliyinə göndərdiyi məlumatda Azərbaycanda yaşayan tatarların (türklərin – E.Ş.) getdikcə Türkiyə 
türklərinə daha çox meyil etdiklərini bildirirdi (35). Xristian gürcülərin isə almanlarla XIX əsrdən bəri 
müəyyən əlaqələri vardı (ətraflı bax: 15, s. 184, 195, 283). Vəziyyəti nəzərə alaraq İngiltərənin Ali Baş 
Qərargah  rəhbərliyi  tərəfindən  verilən  memorandumda  sadəcə  ermənilərə  etimad  göstərilə  biləcəyi 
bildirilirdi  (34).  Nəticə  etibarilə  ingilis  dəstəyinin  ən  etibarlı  namizədi  xristian  ermənilər  idi. 
Ermənilərin  əksəriyyətinin  çar  ordusunda  vuruşmuş  olduqları  və  əgər  müharibə  Antanta 
dövlətlərinin  xeyrinə  bitərsə,  onlara  müstəqillik  vəd  edildiyindən  əzmli  şəkildə  mübarizə 
aparacaqlarını  da  isbat  etmələri  də  erməniləri  layiqli  namizədə  çevirən  amillərin  başında  gəlirdi. 
Əslində ermənilərin başqa yolu da yox idi, çünki onlar Antanta dövlətlərinə öz sadiqliyini nümayiş 
etdirərək türklərə qarşı xəyanətkarlığın sıxıntısı içərisində idilər. Rus ordusu Ərzurum cəbhəsindən 
çəkilərkən  ermənilər  onların  boşaltdıqları  mövqelərə  yerləşmişdilər.  Bununla  yanaşı,  erməni  hərbi 
dəstələrinin  Qafqaza  gətirilməsi  üçün  də  bəzi  fəaliyyətlər  aparılırdı.  Türklər  qələbə  qazandığı 
təqdirdə ermənilər çox şey itirəcəkdilər, lakin müttəfiqlərin zəfəri onlara çox şey qazandıra bilərdi. 
İngilislərin  planları  tamamilə  fərqli  idi.  Onların  əsas  narahatlığı  bölgəni  türk  və  almanlara  qarşı 
müdafiə tədbirləri ilə bağlı idi və bu tədbirlər içərisində ermənilərə xüsusi olaraq böyük ehtiyac hiss 
olunurdu. Bu baxımdan onlar maddi və mənəvi baxımdan dəstəklənirdilər (17, s. 323-324). 
İngiltərə  hökuməti  Türkiyə  ilə  Türk  Dünyası  arasındakı  yeganə  baryerin  ermənilər  olduğunu 
anlamışdı. Bu səbəbdən Qafqazı türk ordularına qarşı müdafiə etmək üçün tərcih edilən millət ermənilər 
oldu. Məşhur ingilis tarixçisi, Birinci Dünya müharibəsi dövründə Hərbi Nazirliyin nəzdində fəaliyyət 
göstərən Təbliğat Bürosunun tanınmış nümayəndələrindən olan Arnold Tonbi İngiltərənin Xarici İşlər 
Nazirliyinin  nüfuzlu  əməkdaşlarından  cənab  Kidstona  yazırdı  ki,  “bizim  siyasətimiz  erməniləri  türk 
boyunduruğundan  xilas  etməkdir.  Bu  baxımdan  mənafelərimizdən  biri  fəal  şəkildə  Turan  hərəkatına 
mane olmaqdır” (38). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə