Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə9/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

- 20 - 
Son  dövrlərdə  aparılan  tədqiqatlarda  informasion  sosiallaşma  problemi  təkcə  elm  üçün  deyil, 
bütövlükdə cəmiyyət üçün aktual mövzuya çevrilmişdir. Gənc nəsil artıq “informasiya mədəniyyətinin” 
mücərrəd  termin  deyil,  əyani  gerçəklik  olduğu  prinsipial  yeni  informasion  və  sosial  məkanda  inkişaf 
edir. Lakin informasion sosiallaşma və informasiya məkanı anlayışları psixoloji deyil, daha çox sosioloji 
və  kulturoloji  tədqiqatların  mərkəzi  mövzusu  olmuşdur.  Bu  sahədə  aparılan  araşdırmalarda 
psixologiyanın  tədqiqat  sahəsi  daha  çox  internet–kommunikasiya,  internet–asılılıq  problemləri  ilə 
məhdudlaşmışdır.  Ancaq  kifayət  qədər  aydındır  ki,  informasiya  məkanı  anlayışı  internet–
kommunikasiya məkanından daha geniş anlayışdır. Eyni zamanda informasiyaya, müxtəlif informasiya 
sahələrinə,  o  cümlədən  internetə  münasibət  çoxobrazlı  psixoloji  problemlərlə  əlaqədardır.  Belə 
problemlərə  nümunə olaraq ünsiyyət  və  qarşılıqlı təsirin müxtəlif formalarında təzahür edən mümkün 
identiklik problemini, qruplararası və nəsillərarası transmissiya zamanı ideal, norma və dəyərlərin yeni 
transmissiya variantlarına aid problemləri göstərmək olar.  
İnformasion sosiallaşma haqqında danışarkən onun texniki-texnoloji aspektinə xüsusi diqqət 
yetirmək  lazımdır.  Bu  aspekt  özünü  M.Maklüenin  təklif  etdiyi  informasiya  cəmiyyəti  konsepsiya-
sında  özünü  xüsusilə  qabarıq  şəkildə  göstərir.  O  öz  əsərlərində  göstərir  ki,  cəmiyyətin  inkişaf 
dövrləri  kommunikasiyanın  dominant  kanallarının  dəyişməsi  ilə  sıx  surətdə  bağlıdır.  Belə  ki, 
yazının əmələ gəlməsi ilə bağlı olan ilkin akustik kommunikasiya tədricən çap kommunikasiyası ilə 
əvəzlənir.  M.Maklüenin  nöqteyi–nəzərincə  informasiya  mədəniyyəti,  insanları  vahid  informasiya 
sistemində birləşdirən kommunikasiyanın elektron dili ilə səciyyələnir. Ona görə müasir dövr məhz 
audiovizual  dövr  adlandırılmalıdır.  Belə  ki,  burada  informasiyanın  əldə  olunmasının  vizual  və 
verbal kanalları harmonik şəkildə qovuşur və bir–birini tamamlayır. Başqa sözlə desək, hər bir şəxs 
sərbəst şəkildə, informasiyanın əldə olunması və ötürülməsi üçün özünə adekvat “dil” seçə bilər. (3) 
Gənc və tələbələrin informasion sosiallaşmasının öyrənilməsi iki istiqamətdə təhlil aparılmasını 
özündə  ehtiva  edir.  Bu  ilk  növbədə  informasiya  mühitinin  sosial  inkişafın  tam  yeni  resursu  kimi 
öyrənilməsidir.  Yəni,  yeni  informasiya  texnologiyalarının  bütövlükdə  sosiallaşma  prosesinin  tədqiq 
edilməsidir. Özlüyündə daha maraqlı görsənən ikinci xətt isə sosiallaşma prosesinin virtual mühitdə baş 
verməsi şəraitində  əsas sosiallaşma  proseslərinin transformasiyasının  öyrənilməsini nəzərdə  tutur. Hər 
iki xəttin birləşdirilməsi onu ehtiva edir ki, yeni informasiya texnologiyaları müasir gənclərin inkişafının 
həm vasitəsi, həm də bu inkişafın gerçəkləşdiyi mühit rolunu oynayır. 
Belə  fərz  edirik  ki,  yeni  informasiya  məkanının  formalaşması  gənclərin  sosiallaşmasında 
özünəməxsus səciyyəyə malik olmaqla yanaşı, sosiallaşmanın məzmununda əhəmiyyətli dəyişiklik-
lərlə səciyyələnir. Onları aşağıdakı kimi göstərmək olar.  
Əvvəla,  bu  sosial  informasiyanın  qavranılma  və  kateqoriyalaşdırılması  prosesində  baş  verən 
dəyişikliklərdir:  internetdən  fəal  istifadə  zamanı  audiovizual  kanal  və  “klip  təfəkkürü”  təcrübəsinin 
qanunauyğun  üstünlüyü  refleksivliyin  azalmasına  səbəb  olur  ki,  bunun  da  nəticəsində  sosial  dünya 
haqqında təsəvvürlərin əsas tərkib hissəsi obrazlar olur. Maraqlıdır ki, nəzəri baxımdan bu qədər aşkar 
olan bu  prinsip  (yəni, təcrübə  əldə  etməyin  müxtəlif üsulları  dərk  etmə  proseslərinin  səciyyəsinə təsir 
göstərir)  hələ  ki,  ətraflı  empirik  sübut  bazasını  tapmamışdır.  Artıq  qeyd  edildiyi  kimi,  informasiya 
epoxasında  gənclərin  “perseptiv-intellektual”  xüsusiyyətləri  haqqında  tezisin  kütləvi  informasiya 
vasitələrində  tirajlandığı  və  ictimai  şüura  yeridildiyinə  baxmayaraq  aktiv  internet–kommunikasiya 
şəraitində koqnitiv proseslərin transformasiyasının tədqiqi ziddiyyətli nəticələr verir. Oxşar tədqiqatların 
ümumi icmalı Q.V.Şukova tərəfındən ətraflı şərh olunmuşdur. Bu sahədə aparılan çoxsaylı tədqiqatlara 
diqqət  şəkən  Q.V.Şukova  qeyd  edir  ki,  müasir  gənclərin  informasiyanı  qavrama  və  mənimsəməsində 
əvvəlki  nəsillərlə  müqayisədə  nəzərəçarpacaq  dəyişikliklərin  mövcud  olmasına  baxmayaraq  onların 
ümumilik və radikallıq dərəcəsi empirik olaraq təsdiqlənmir. (4)  
İkinci  (və  öncədən  qeyd  edək  ki,  daha  çox  öyrənilmiş),  informasiya  səciyyəsinin  tədqiqi 
artıq ənənəvi olaraq psixoloji tədqiqatlarda üstünlük təşkil etməklə yanaşı “İnternetin psixologiya-
sının” əsas hissəsini də təşkil edir.(5)  
Son  on  ildəki  tədqiqatlarda  virtual  ünsiyyətin  əsas  səciyyəvi  parametrləri  müəyyənləş-
dirilmiş, onun aktiv iştirakçılarının psixoloji xüsusiyyətləri və kommunikasiya üzrə tərəfdaşlarının 
obrazlarının formalaşması qaydaları öyrənilmiş, müxtəlif xidmətlərin göstərilməsi zamanı qarşılıqlı 
təsirlərin özünəməxsusluğu göstərilmişdir.  


- 21 - 
Qeyd  edək  ki,  birinci  halda  olduğu  kimi,  empirik  məlumatlar  kifayət  qədər  ziddiyyətlidir. 
Məsələn, bir nöqteyi–nəzərə görə, şəbəkə kommunikasiyası zamanı insanlar sosial normalara riayət 
olunmasına az diqqət yetirilir (tərəfdaşın anonimliyi və onun fiziki təqdimolunmazlığı səbəbindən) 
və  bu  belə  ünsiyyəti  daha  az  formal  olur.(6)  Digər  bir  mövqeyə  görə  isə,  şəbəkə 
kommunikasiyasmm qeyri-müəyyənliyini azaltmağa cəhd edən istifadəçilər sosial normalara riayət 
olunmasına tərəfdardırlar və öz davranışlarını nəinki daha normativ qururlar, hətta onlar bu zaman 
daha çox öz sosial identikliyinə əsaslanırlar. (7)  
Analoji  ziddiyyət  şəbəkə  kommunikasiyası  normalarının  məzmun  cəhətlərinə  aid  olan 
tədqiqatlarda  da  müşahidə  olunur.  Belə  ki,  qeyd  olunan  qarşılıqlı  kömək  norması  (kooperasiyanın 
üstünlük  təşkil  etməsi,  razılıq  nümayiş  etdirilməsi,  dostsevərlik  və  oxşar  kommunikativ  davranış 
hesabına  istifadəçinin  öz  şəbəkə  statusunu  yüksəltmək  imkanı)  kommunikasiyada  aqressiya 
təzahürləri  ilə  asanlıqla  qovuşur.(8)  Qeyd  edək  ki,  həm  birinci,  həm  də  ikinci  nəticə  üçün 
interpretasiya  çərçivəsi  praktiki  olaraq  eynidir.  Hər  iki  halda  onlar  intemet-kommunikasiyanın 
qeyri–müəyyənlik dərəcəsi və bunun da nəticəsi olaraq hər bir istifadəçinin “Mən”inin sərhədlərinin 
qeyri-müəyyənliyi ilə izah oluna bilərlər. Lakin, onu da qeyd etmək lazımdır ki, empirikliyin qeyri-
birqiymətliliyinə  baxmayaraq,  bu  gün  fəal  istifadəçinin  yeni  kommunikativ  təcrübəsinin  olmasına 
heç  kim  şübhə  ilə  yanaşmır.  İnternet–kommunikasiyanın  aşkar  xüsusiyyətləri  isə  ona  gətirir  ki, 
“kompüter  dili”  yeni  kommunikasiya  normalarının  yaranması  və  istifadə  olunmasını  törədən 
diskursiv praktikanın xüsusi növü kimi qəbul edilir və tədqiq olunur.  
Gənclərin  informasion  sosiallaşmasının  məzmun  əhəmiyyətinə  malik  olan  üçüncü  mümkün 
vektoru mənlik şüuru sferasının dinamikasıdır. İnternet psixologiyasının yarandığı ilk günlərdən insanın 
virtual ünsiyyət və qarşılıqlı təsirlər kontekstində özü haqqında təsəvvürləri başlıca tədqiqat suallarından 
biri  olmuşdur.  Birinci  halda  olduğu  kimi,  mövzunun  populyarlığının  əsasında  kifayət  qədər 
qanunauyğun  nəzəri  fərziyyə  dayanır.  Bu  fərziyyəni  belə  ifadə  etmək  olar:  rol 
eksperimentləşdirilməsinin genişləndirmiş imkanları (məsələn, kompüter şəbəkə oyunları vasitəsilə) və 
maksimal  idarə  olunan  özününümayiş  etdirmənin  miqdarının  artırılması  (bloq  və  sosial  şəbəkələrdə 
şəxsi profil və səhifələrin yaradılması vasitəsilə) istifadəçiyə həm özünün dəqiq müəyyənləşdirmə üçün 
yeni əsaslar, həm də “Mən” dəyişikliyi üçün yeni səbəblər verə bilər. Lakin, bununla belə, bu gün üçün 
mövcud  olan  empirik  mənzərə  o  qədər  də    birqiymətli  deyil.  Belə  görsənir  ki,  informasion 
sosiallaşmanın  mümkün  psixoloji  və  sosial–psixoloji  nəticələrinə  münasibətdə  məlumatların 
əhəmiyyətli  dərəcədə  ziddiyyətliyi  tədqiqat  mövqeyinin  formulirovkasındakı  çıxış  dixotomiyası  ilə 
müəyyənləşir. Fikrimizcə, onların bütün müasir spektri iki tip mümkün fərziyyəyə gətirilir. Onu da qeyd 
edək  ki,  bu  bölgünün  əsasında  reallıq  və  virtuallığın  prinsipcə  aksioloji  anlaşılması  dayanır.  Yəni, 
müəyyən şərtiliklə onları defısitarlıq fərziyyəsi və komplemetarlıq fərziyyəsi kimi işarələmək olar.  
Birinci  tip  fərziyyənin  əsasında  belə  bir  ümumi  fərziyyə  dayanır  ki,  özünün  obyektiv  və 
texnoloji  xüsusiyyətləri  sayəsində  internet-kommunikasiyanın  reallığı  müasir  insanın  bəzi 
“defisitlərini” aradan qaldırır və bir sıra tələbatlarını ödəməyə imkan verir. Bu tələbatları üç qrupa 
bölmək olar:  l) stimulyasiyaya olan tələbat; 2)  yeni  duyğulara olan tələbat; 3) təhlükəsizliyə olan 
tələbat.  Bununla  belə,  tələbatların  internet-kommunikasiyada  belə  ödənilməsi  kompensasiya  edici 
kimi qiymətləndirilir. Uyğun olaraq belə qiymətləndirmə aktiv istifadənin digər mümkün psixoloji 
və sosial–psixoloji aspektlərinə də şamil edilir.  
İkinci  tip  hipotezin  -komplemetarlıq  hipotezinin  əsasında  isə  belə  bir  müddəa  dayanır  ki, 
internet-kommunikasiya  nəinki  insanın  sosial  gerçəkliyinin  müxtəlif  “defisitlərini”  kompensasiya 
etmir,  sadəcə  müəyyən  şəxsi  atributları  yenidən    qurmağa  prinsipial  yeni  imkanlar  verir.  Belə 
fərziyyələr  o  qədər  də  çoxsaylı  deyil  və  tədqiqatlarda  o  qədər  də  əksini  tapmayıb.  Ümumiyyətlə 
belə  fərziyyələr  iki  tipdə  olur:  şəxsiyyətin  tələbat–motivasiya  sferasına  müraciət  edən  və  mənlik 
sferasına  müraciət  edən  fərziyyələr.  Birinci  fərziyyə  nöqteyi–nəzərincə  internet-kommunikasiya 
insana  tələbat-motivasiya  sferasının  dinamikası  kontekstində  yeni  imkanlar  vermir,  sadəcə  idrak 
fəaliyyəti  üçün  yeni  motivasiya  verir.  İkinci  traktovka  isə  internet–kommunikasiyanın  identiklik 
nəzəriyyəsinə əsaslanmaqla təhlili ilə əlaqədardır.  
Beləliklə,  informasion  sosiallaşma  ilə  bağlı  yuxarıda  deyilənləri  nəzərə  alaraq  müəyyən 
nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar.  


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə