Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə14/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

AZƏRBAYCAN TARİXİNDƏ

HEYDƏR ƏLİYEV FENOMENİ
Azərbaycan tarixinin son yarım əsrlik dövrü dünya miqyaslı dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev öz xalqının tarixi taleyində, onun mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyətdir. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, xalq təsərrüfatının, iqtisadiyyatının, ümumiyyətlə, mənəviyyatının sürətli inkişafı ilə yadda qalmışdır.

Millətin tərəqqisi üçün təfəkkür azadlığı, yüksək mədəniyyət, ağıl, qanunun aliliyi, düşünülmüş, dərk olunmuş intizam, məsuliyyət hissi əsas amillərdəndir. Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində Azərbaycanda sağlam milliyyətçilik ideyalarının yayılmasında, xalq arasında milli mənlik və milli şüur hissinin tərbiyə olunmasında nəhəng işlər görmüşdür. Milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, demokratik inkişafın yüksəlişi, təhsilin səviyyəsinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, qadınlarımızın və gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğurlu təzahürü kimi qeyd olunmalıdır.

Azərbaycan xalqı bu illər ərzində çox mürəkkəb prob­lem­lərlə üzləşmiş və hər dəfə də tarixin çətin imtahanlarından uğurla çıx­mışdır. Bu gün bütün dünya təkzibedilməz bir həqiqəti təsdiq­ləyir: Heydər Əliyev nəinki xalqımızın, XX əsrin yetirdiyi ən böyük siyasi xadimdir, Heydər Əliyev xalqın canlı tarixi, onun yaradıcısıdır. Əgər insan yalnız özü üçün çalışırsa, o, bəlkə də məşhur alim, müdrik adam, gözəl şair, bəstəkar, sənətkar ola bilər. Amma heç vaxt həqiqi, kamil və böyük insan ola bilməz. Heydər Əliyev ömrünün yarım əsrdən çoxunu öz xalqına xidmətə sərf etmiş və dəfələrlə demişdir ki, qalan ömrünü də xalqa qurban verməyə hazırdır. Bu baxımdan, bir həqiqət unudulmamalıdır: millət özünün ağıllı, zəkalı, çevik və müdrik şəxsiyyətinə daim arxalanmış və onun ardınca getmişdir. Biz bundan sonra da Vətən qayəsini, millət duyğusunu əsas tutub fəaliyyətimizi Heydər Əliyev ideyaları istiqamətində qurmalı, çalışmalıyıq. İndi elə bir dövr gəlib çatmışdır ki, gərək hamı millətin taleyi və onun xoş gələcəyi uğrunda mübarizə aparsın. Elə bilirəm ki, tariximiz qarşısında məsuliyyət hissini dərk edən hər kəs bu ideyaya şərik olacaqdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyət həyatının bütün sferalarını bürümüş anarxiya, siyasi xaos və sosial destabilizasiya ölkənin dinamik inkişafını təmin edə bilən ümumi strategiyanın mövcud olmadığını nümayiş etdirirdi. Bu, hər şeydən əvvəl xalqın kütləvi etimadına güvənən hakimiyyətin yoxluğunun nəticəsi idi. Yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai münasibətlər sistemində normal vəziyyətin yaradılmasına, iqtisadi sferada nəzərəçarpacaq uğur­ların əldə olunmasına, dövlətin və bütövlükdə xalqın təhlü­kəsiz­liyini təmin edən idarəetmə mexanizminin qurulmasına nail olundu. Heç şübhəsiz ki, bu gün yaşadığımız ölkədə Heydər Əliyev siyasi kursunun dövlətçiliyin inkişaf konsepsiyası kimi qəbul edilməsinin səbəblərini də elə burada axtarmaq lazımdır.

Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış təcrübəsi onun Heydər Əliyevə adi bir siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi baxdığını təsdiqləyir. Hansı siyasi şəraitdə və hansı tarixi mərhələdə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqı bu siyasi kursun həyati əhəmiyyət daşıyan prinsiplərinə həmişə sadiqdir, çünki bu onun bir millət olaraq inkişafını təmin etməyə qadir konseptual ideologiyanı əhatə edir. Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Çünki Heydər Əliyevin siyasəti elə dövlətçiliyin özü deməkdir və bunu çox da uzaq olmayan keçmişimizin təcrübəsi sübut etmişdir. Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın, bütün vətəndaşların hər növ hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Lakin bunların hər birini həyata keçirmək üçün ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri bu sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəm­lən­diril­məsinə səbəb oldu.

Heydər Əliyevin tarixi xidmətlərinin həqiqi mahiyyətini təsvir etmək çox çətin məsələdir. Təkcə ona görə yox ki, bu böyük şəxsiyyət Azərbaycan dövlətçiliyinin banisi olmuşdur. Həm də ona görə ki, onun siyasi fəaliyyətinin hər bir məqamı tarixi uğurlarla zəngindir və onların hamısını bir yerdə sistemləşdirilmiş şəkildə təhlil etmək, hansı texnologiyalar əsasında həyata keçirildiyini aydınlaşdırmaq, elmi-ideoloji əsaslarının müəyyənləşdirilməsinə nail olmaq üçün Heydər Əliyevin bir siyasi fenomen kimi şəxsi keyfiyyətlərini araşdırmaq zərurəti ortaya çıxır. Bu isə etiraf edək ki, asan deyildir. Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir, amma əlbəttə ki, hamının eyni dərəcədə xəbərdar olduğu çox adi bir həqiqət var: Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi şansdır və bu xalq onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilir.

Mən, sadəcə olaraq, Heydər Əliyevin fəaliyyətinin yalnız bir neçə istiqaməti barədə faktları nəzərə çatdıracağam və heç şübhəsiz ki, bu faktların hər biri onun şəxsi keyfiyyətlərinin bütün çalarlarını özündə ehtiva edir. Möhtərəm Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olduğu bütün dövrlərdə qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini sosial-iqtisadi siyasətin əsas aparıcı istiqamətlərindən biri hesab etmiş, bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. “Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır. Qadın hərəkatı böyük qüvvədir” deyən Ümummilli liderimiz həmişə Azərbaycan qadınının mərdliyini, dözümünü, səmimiyyətini, paklıq və sədaqətini, vəfa və ismətini ən ali dəyər kimi qiymətləndirmişdir. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, yeni həyat tərzinin mənəvi axtarışlarında, ideya mübarizələrində qadınlarımız öz əzmkarlığı, müasirliyi, biliyi, bacarığı, sərt, möhkəm, əqidə saflığı ilə həmişə ön cərgələrdə olub.

Təbii ki, qadın hərəkatının önündə, ilk növbədə ziyalı qadınlarımız gedir. Çünki ziyalının xidmət yeri onun Vətənidir. Ziyalı elin ən ağır günlərində həmişə ön cərgələrdə gedir, xalqına arxa olub dayaq durur. Ziyalılıq mənəvi zənginlik, möhkəmlik, yenilməzlik, insan ləyaqətinin ömürdən də üstün tutulmasıdır. Ziyalıların əsas təbəqəsini isə müəllimlər, alimlər, təhsil işçiləri təşkil edirlər. Heydər Əliyevin bu illər ərzində ziyalılığa, təhsilə, elmə, mədəniyyətə, bütövlükdə Azərbaycan müəllimlərinə töhfələri olduqca çoxdur. Milli tariximizin ən yadda qalan məqamları, maarifimizin intibahı, təhsilimizin uğurları böyük şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin ömür boyu hazırladığı və praktik olaraq həyata keçirdiyi müstəqil Azərbaycan dövlətinin təhsil siyasəti həm də pedaqoji bir nəzəriyyədir, milli təhsilimizin ideya əsasıdır. Bu nəzəriyyəni dərindən öyrənmək və öyrətmək həm də dövlət əhəmiyyətli bir işdir. Təhsil və dövlətçilik qoşa qanaddır, ayrılmazdır. Onların vəhdəti xalqın mənəvi, siyasi və iqtisadi qüdrətini daim artırır, onu tərəqqiyə aparır. Bu mənada, böyük öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilirdi. Onun hakimiyyətə gəldiyi vaxtdan başlanan tarixi mərhələ bugünkü Azərbaycan təhsilinin və elminin inkişaf dövrü kimi qavranılır. Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya təhsilinə böyük töhfələr vermiş olurlar. Heydər Əliyev epoxasında milli təhsilin üstün inkişafı, ölkənin intellektual potensialının zənginləşdirilməsi, təhsil quruculuğu sahəsində aparılan islahatlar milli tərəqqimizin əsas amili olmuşdur. Böyük rəhbər hələ SSRİ kimi superdövlətin hökmranlığı dövründə - ötən əsrin 80-ci illərində təhsil islahatlarına rəhbərlik etmiş və bütün hallarda Azərbaycan xalqının uğurlu gələcəyini düşünmüş, bu yolda nə lazımdırsa hamısını, hətta mümkün olmayanları belə, həyata keçirə bilmişdir.

Keçən əsrin 70-80-ci illərini haqlı olaraq Azərbaycan təhsilinin intibah dövrü adlandırırlar. Heydər Əliyev hələ o zaman özünəməxsus müdriklik və uzaqgörənliklə dərk edirdi ki, elmi və təhsili inkişaf etməyən millətin ümumi tərəqqisini təmin etmək mümkün deyildir. Ona görə də bu müdrik şəxsiyyətin respublika rəhbərliyinə gəlməsi ilə elmin və təhsilin inkişafı prioritet vəzifə kimi müəyyənləşdirildi. 1970-1980-ci illərdə Azərbaycanda yeni ali məktəblər şəbəkəsi yaradıldı, çoxlu yeni ixtisaslar, kafedralar, problem laboratoriyaları açıldı, 800-dən çox yeni orta məktəb binası tikilib istifadəyə verildi. Həmin illərdə nə qədər müəllimlərimizin xidmətləri yüksək qiymətləndirildi, onlar orden və medallara layiq görüldülər. 800-dən artıq təhsil işçisi əməkdar müəllim, üç nəfər Sosialist Əməyi Qəhrəmanı adını aldı. Totalitar rejimin tüğyan etdiyi bir dövrdə bu işlərin necə çətinliklə görüldüyünü indi hamı yaxşı dərk etməlidir.

Heydər Əliyevin quruculuq fəaliyyətində gənc nəslin Vətənə, millətə, torpağa məhəbbət ruhunda tərbiyəsi, Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin müəyyənləşdirilməsi mühüm yer tutur. Ümummilli liderin Azərbaycançılıq təliminin birinci və aparıcı prinsipi öz milli mənsubiyyətini qoruyub saxlamaq kimi müəy­yənləşdirilmişdir. Bu, son dərəcə çoxtərəfli və azər­bay­cançılığın mahiyyətini ifadə edən prinsipdir. Heydər Əliyev bütün çıxışlarında göstərirdi ki, “Hər bir milli və dövlət ideolo­giya­sının məqsədi dövlətçilik anlayışı ilə bağlıdır. Ümummilli baxımdan dövlətçilik xalqı daxili və xarici ədalətsizliklərdən, təzyiqlərdən, istilalardan qorunmaq, milli dövlətin sərhədləri daxilində vətəndaşlar üçün siyasi və iqtisadi baxımdan sabit həyat imkanları yaratmaqdır.” Milli ideologiya dövlətçiliyin ümumxalq dəyərlərini və mənsubiyyətini ifadə edir, insanları öz dövlətinə bağlayır. Milli dövlətin əhəmiyyətini isə Qarabağ müharibəsində itirdiyimiz torpaqların taleyi yaxşı açıqlayır. Torpaqlar nə üçün getdi? Çünki 1988-1993-cü illərdə dövlətçiliyimiz zəifləmişdi və bunun nəticəsində dövlət xalqı qorumaq, onun siyasi və iqtisadi sərhədlərini müdafiə etmək kimi əsas funksiyasını icra edə bilmirdi. Milli ideologiya, o cümlədən azərbaycançılıq, ilk növbədə xalqı dövlət, onun maraqları və dəyərləri ətrafında birləşdirən bir hadisədir. Bu baxımdan, Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirdi. Ümummilli lider Dünya azərbaycanlılarının birinci qurultayında azərbaycançılığın ikinci aparıcı prinsipi kimi – milli mənəvi dəyərlərin qorunub saxlanılmasını müəyyənləşdirmişdir. Bu prinsip hər bir azərbaycanlıya aiddir. Heydər Əliyev bu mənəvi dəyərlər içərisində ən mühümlərindən biri olan dilimizin qorunub saxlanılmasına həmişə xüsusi əhəmiyyət vermiş, Azərbaycan dilinin dövlət statusu haqqında dəyərli fərman və sərəncamlar imzalamışdır. Onun rəhbərliyi dövründə “Dövlət dili haqqında” qanun qüvvəyə minmişdir.

Ümummilli liderimizin müəyyənləşdirdiyi üçüncü mühüm prinsip isə milli mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə inteqrasiyasına nail olmaqdır. Bu prinsip Azərbaycan xalqının bütün türk və müsəlman dünyasında xüsusi tarixi mövqeyini və missiyasını ifadə edən bir müddəadır. Bu mühüm müddəa isə xalqımızın mənəvi-tarixi təcrübəsindən irəli gəlir. Azərbaycan Qərblə Şərqin sərhədində yerləşdiyindən bu iki sivilizasiyanın vəhdətini özündə təcəssüm etdirən tarixi mədəniyyətə malikdir. Böyük rəhbər Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata keçirilməsində bu vacib amilləri diqqət mərkəzində saxlamağın zəruri olduğunu dəfələrlə göstərirdi.

Millətin gələcəyinin memarı olan bir liderin şəxsiyyət kimi böyüklüyü ondan ibarət idi ki, birinci dəfə hakimiyyətə gəldikdən qısa vaxt keçməmiş o, Azərbaycanın milli kadr siyasətini həyata keçirdi. Bunun üçün qüdrət, ardıcıllıq, öz mövqeyini müdafiə və qəbul etdirmək bacarığı, insanlara təsir etmək, onları inandıra bilmək istedadı lazım idi. Bu illərdə Ümummilli liderin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu və məşhur ali məktəblərində o dövr üçün nadir ixtisaslar üzrə təhsil almağa göndərilirdilər. 12 il ərzində Azərbaycan Sovet Respublikasının əvvəlki iqtisadi potensialına az qala bərabər olan sənaye potensialı yaradıldı. Kondisionerlər zavodu, nəhəng neft emalı kompleksləri, Soyuducular zavodu fəaliyyətə başladı, neçə-neçə müəssisə tikildi. Ölkə rəhbərinin tribunalardan verdiyi raportlar, əslində xalqımıza, onun gələcəyinə ünvanlanmışdı. Amma qəlbi qara, naşı adamlar bu işlərin tarixi mənasını anlamır, xalqın taleyində gedən hərəkatın istiqamətini duymurdular. Tarix isə hər şeyi öz yerinə qoydu.

İkinci dəfə 1993-cü ilin yayında böyük rəhbərin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, milli təhsil sisteminin də bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, mədəni, hüquqi, mənəvi, əxlaqi mühit yaratdı. Bu gün də respublikada aparılan iri miqyaslı layihələrin müəllifi Heydər Əliyevdir.

XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsi idi. Və bu mərhələnin şəriksiz müəllifi alternativi olmayan unudulmaz şəxsiyyət Heydər Əliyevdir. O, yaşadığımız ölkədə və onun hüdudlarından kənarda yalnız dövlət başçısı kimi deyil, həm də bu dövlətin qurucusu, banisi kimi qəbul olunurdu. Azərbaycan cəmiyyətində cənab Heydər Əliyevin ictimailəşmiş obrazı Ümummilli lider anlayışını özündə təcəssüm etdirirdi.

Ötən uzun illərdə böyük öndər Heydər Əliyevin mühüm nailiyyətlərə imza atması Azərbaycanın siyasi tarixində onun əvəzolunmaz bir şəxsiyyət olaraq qalmasını təmin etmişdir. Öz xalqının gələcəyi uğrunda çalışarkən Heydər Əliyev heç vaxt kimdənsə mükafat ummamışdır, təltif gözləməmişdir, çünki bu onun xarakterinə yad idi.

Azərbaycan xalqı birmənalı şəkildə Heydər Əliyev siyasi kursundan kənarda dövlətçilik anlayışının mövcud olmadığını özü üçün müəyyənləşdirmişdir. Bu, həm də o deməkdir ki, hakimiyyəti kimin idarə etməsindən asılı olmayaraq həmin siyasi kursun davam etdirilməsi tarixi zərurətdir. Bu mənada, cənab İlham Əliyevin Prezident vəzifəsinə seçilməsinin xalqın bütün sosial sferasının təqdiredici münasibəti ilə qarşılanması tamamilə təbiidir.

Yaşadığımız məmləkətdə Heydər Əliyev təkcə ümummilli siyasi lider kimi deyil, həm də xalqın etimadını qazanmış böyük bir strateji konsepsiyanın müəllifi kimi qavranılır. Bu baxımdan, onun siyasi kursunun davam etdirilməsinin vacibliyi yalnız tarixi və müasir siyasi reallıqlara əsaslanmır, həm də mənəvi-ideoloji amillərin təsirinin gerçək təzahürü kimi meydana çıxır. Şübhəsiz ki, bu böyük həqiqəti bütün parametrləri ilə dərk etmiş cəmiyyət “Heydər Əliyevin davamçısı kim ola bilər?” sualına cavab axtarmağa məhkum idi və İlham Əliyev faktoru bu axtarışların ən optimal cavab variantı kimi qiymətləndirilir. Bu, heç də təsadüfi deyil, çünki ictimai şüur heç vaxt təsadüflər üzərində dayanmır, real hadisələrə və faktlara əsaslanaraq çıxış edir.

Cənab İlham Əliyev Azərbaycan siyasətində qazandığı uğurlar, müasir bir siyasətçi kimi özünü təsdiq etməsi, siyasi proseslərin inkişafında təsiredici gücə malik olması, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial davranışları, eləcə də mənəvi-əxlaqi məziyyətləri ilə Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin davamçısı və xalqın istəklərini təmin edən faktor oldu. Xalq təkcə ona görə bu liderə inanmır ki, o, Heydər Əliyev siyasi kursunu davam etdirməkdə israrlıdır, xalq həm də inanır ki, o, sadəcə olaraq, belə bir missiyanı həyata keçirməyə qadir olduğunu sübuta yetirmişdir. Cənab İlham Əliyev heç vaxt ictimai rəyi ələ almaq, onu öz tərəfinə çəkmək üçün xüsusi metodlarla işləməyə can atmayıb, amma bunun əvəzində konkret addımları ilə cəmiyyətdə və siyasətdə xüsusi yeri olduğunu nümayiş etdirə bilib.

Görünür, elə buna görə də o, Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dövlətçiliyimizin yeganə inkişaf modeli kimi qiymətləndirilən Heydər Əliyev siyasi kursunun alternativsiz varisi olaraq qəbul edilir. “Mən bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Bu sözlər Azərbaycanın yeni Prezidentinin 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki çıxışından götürülüb və onun siyasi platformasının əsaslarını müəyyənləşdirən tezis kimi qəbul oluna bilər. İlham Əliyev bu tezisləri həyata keçirməyə qadir siyasətçidir və biz çox da uzaq olmayan gələcəkdə bunun əyani şahidlərinə çevriləcəyik.

İndi Azərbaycan vətəndaşı öz sabahından narahat olmaya bilər. Heydər Əliyevin ölkəyə sabitlik və rifah gətirən siyasi kur­su hələ uzun illər davam edəcəkdir. Bu, həm də Prezident İlham Əliyevin siyasi keyfiyyətlərinə, xarizmasına və perspektivinə inamdan, ümumxalq etimadından irəli gəlir.

Qarşıda duran dövr tarixi-siyasi məzmununa görə əv­vəlkilər­dən xeyli dərəcədə fərqlənir və bu da təsadüfi deyil. Çünki artıq Azərbaycan tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur: döv­lət quruculuğu prosesi uğurla başa çatdırılıb, iqtisadi sahədə kifa­yət qədər böyük nailiyyətlər var, demokratikləş­mənin müsbət nəticə­ləri göz qabağındadır və bütün bunlarla bərabər, beynəl­xalq münasibətlər sistemində respublikamızın mövqeləri nə­zərəçar­pacaq səviyyədə möhkəmlənmişdir. Bu baxımdan, indiki mü­vəffəqiyyətlərin davam etdirilməsi, əslində cəmiyyətin özünün daxili siyasi və mənəvi tələbatlar sisteminin diktəsi ilə ortaya çıxan mühüm zərurətdir.

Bu gün dövlətçiliyimizin Heydər Əliyev mərhələsi uğurla davam etdirilməkdədir. Ümummilli liderin ideyaları Azərbaycanın inkişafının hələ bir neçə onillikləri üçün nəzərdə tutulur və böyük rəhbərin fundamental elmi prinsiplərə əsaslanan strategiyası ölkəmizin yüksəlişinə ən etibarlı təminatdır. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin ənənələrinin yaradıcısı və milli dövlətçilik təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük şəxsiyyətdir. Müasir Azərbaycan dövlətinin mövcudluğu onun adı ilə bağlıdır və Heydər Əliyevin siyasi kursu bizim sabahımızın, gələcəyimizin, inkişafımızın, tərəqqimizin qarantıdır.


Heydər Əliyev: ümummilli lider”

kitabında Nurlana Əliyevanın məqaləsi

Bakı-2004-cü il.

AZƏRBAYCAN QADININA BÖYÜK NÜFUZ QAZANDIRAN YENİ LİDER
O, ölkə daxilində qayğıya ehtiyacı olanların, beynəlxalq aləmdə isə tarix və mədəniyyətimizin himayədarına çevrilmişdir
Məclislərin birində heç zaman eşitmədiyim və bir qadın kimi mənim özüm üçün də maraqlı olan dialoqun şahidi oldum. Din xadimindən soruşdular: -“İndiyədək dünyaya 124 min peyğəmbər gəlib getmişdir. Bəs nə üçün həmin pey­ğəm­bər­lərdən heç olmazsa, biri qadın olmayıb?” Doğrusu, bu sualın din xadimini çətinə salacağını düşündüm. Ancaq sən demə, sualın cavabı o qədər də çətin deyilmiş:

“Ona görə ki, dünyada indiyədək 124 min peyğəmbər anası mövcud olmuşdur”. Cavab verən şəxs əlavə etdi ki, məhz o səbəbdən də İslam peyğəmbəri həzrəti Məhəmməd (s.) anaları üstün tutaraq demişdir: “Cənnət anaların ayaqları altındadır”.

Bu gün ölkədəki xəstə, əlil, imkansız və yetim soydaş­la­rı­mı­zın himayədarına çevrilmiş, dünya miqyasında Azərbaycan mə­dəniyyətinin və tarixinin misilsiz təbliğatçısı rolunu oyna­yan bir xanım haqqında qeydlərimi qələmə alarkən həmin dialoq yenidən yadıma düşdü. İslami dəyərlərdə, Şərq fəlsəfə­sin­də, Azərbaycan əxlaqında qadına göstərilən hörmət və ehtiram, onun həmişə uca tutulması ənənəsi bu sətirlərin yazılması üçün mənə əlavə stimul verdi. Tam qətiyyətlə deyə bilmərəm, amma belə düşünürəm ki, Heydər Əliyev Fondunun prezidenti vəzifəsinə kişi soydaşlarımızdan biri təyin edilsəydi, həmin adam YUNESKO-nun xoşməramlı səfiri seçilsəydi və ölkədə (eləcə də xaricdə) indi görülən işlərdən qat-qat çox iş görsəydi, bəlkə də mən bu sətirləri yazmazdım. Çünki kişilər onsuz da tarix boyu dövləti qurub, möhkəmləndirib və ölkə əhalisinin problemlərini həll ediblər. Qadınların ictimai-siyasi həyatdakı fəallığı isə, Ümummilli liderimizin dediyi kimi ən böyük diqqətə və ehtirama layiqdir.

Heydər Əliyev Fondu 2004-cü ilin mayında - Ümummilli liderimizin haqq dünyasına qovuşmasından bir neçə ay sonra yaradılıb. Yəni bu qurumun yaradılmasından cəmi iki ildən bir qədər çox vaxt keçib. Görülən işlərin siyahısına baxanda isə adama elə gəlir ki, bu fond, ən azı 20-25 il fəaliyyət göstərib. Bilirsinizmi niyə belədir? Çünki adı çəkilən qurum müstəqil Azərbaycanın ən nüfuzlu ictimai təşkilatıdır. O, dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Çünki bu dövlətin qurucusu da, xilaskarı da məhz Ulu öndərimiz Heydər Əliyev olmuşdur. Bu dövlət iqtisadi inkişaf yoluna qədəm qoyduğu 1996-cı ildən keçən cəmi 10 ildə Ümumi Daxili Məhsul istehsalına görə bütün dünyada lider dövlətə çevrilib. Bunu ancaq və ancaq təməlində Heydər Əliyevin dövlətçilik prinsipləri duran bir dövlət bacarardı.

Yeri gəlmişkən, bu məzmunda söhbət açılanda həmişə yadıma hörmətli müəllimim, ağsaqqal ziyalımız Bəxtiyar Vahabzadənin bir ifadəsi düşür. Jurnalist Bəxtiyar müəllimdən soruşdu ki, müstəqil dövlətimizə qarşı edilən çoxsaylı terror və təxribatların qarşısının alınmasında əsas rolu hansı amil oynadı? Bəxtiyar müəllim el şairi Əliağa Vahidin bir qəzəlindən dediyi misra ilə öz fikrini tamamilə ifadə etdi: “Ucmaz elə bir xanə ki, memarı gözəldir”. Yəni memarı, qurucusu böyük olan dövləti heç bir terror və ya təxribatla öz yolundan döndərmək mümkün deyil. Ümummilli liderimizin zəngin siyasi irsinin öyrənilməsi, eləcə də yeni nəsillərin Heydər Əliyev dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsi məqsədilə yaradılmış Heydər Əliyev Fondu da məhz belə bir qüdrətli dövlətin güclü strukturudur. Fonda Mehriban xanım Əliyeva kimi təşəbbüskar, qətiyyətli və yorulmaz bir siyasətçinin rəhbərlik etməsi isə bu qurumu daha qüdrətli edir.

Onun cəmiyyət üçün gərəkli bir insan olmaq istəyi, xeyirxah və nəcib əməllərə imza atmaq arzusu bir neçə mənbədən qaynaqlanır: Mir Cəlal kimi millətini və xalqını sevən halal bir ziyalının ocağında dünyaya gəlib tərbiyə alması, ixtisasca həkim olması (M.Seçenev adına Moskva Dövlət Tibb İnstitutunu 1988-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir), elmi fəaliyyət göstərməsi (institutu bitirəndən 1992-ci ilədək akademik Krasnovun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmışdır) və taleyini Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən olan Heydər Əliyev ocağı ilə bağlaması. Üstəlik onun özünün şəxsi keyfiyyətləri də burada çox mühüm rol oynayır. Bu amillər Mehriban xanım Əliyevanı cəmiyyət və insanlar üçün səmərəli fəaliyyət göstərən dəyərli bir insana çevirmiş və o, bu istiqamətdə çox böyük uğurlar əldə etmişdir.

Xanım Əliyevanın hələ Heydər Əliyev Fondu yaranmazdan əvvəl gördüyü işlərə nəzər salsaq, zəngin bir ictimai-siyasi fəaliyyətin şahidi olarıq. Hələ 1995-ci ildə Mehriban Əliyeva “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu təsis etmiş və həmin fondun xətti ilə onlarca tədbir həyata keçirmişdir. Sonrakı il yenə də bilavasitə onun öz rəhbərliyi ilə “Azərbaycan-İrs” jurnalı təsis edilmişdir. Həmin jurnal bu gün də bilavasitə Mehriban xanımın rəhbərliyi ilə işıq üzü görür. 2002-ci ildə isə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. Onun təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdəki nüfuzu nəticəsində 2003 və 2004-cü illərdə ölkəmizdə bədii gimnastika üzrə Dünya Kuboku uğrunda yarışlar keçirilmişdir ki, bu da Azərbaycana yeni nüfuz qazandırmışdır. Məhz bu iki beynəlxalq turnirin yüksək səviyyədə təşkil edilməsi sonrakı 2005-ci ildə Azərbaycanda daha böyük bir tədbirin – bədii gimnastika üzrə dünya çempionatının keçirilməsinə zəmin yaratmışdır. Ötən il Bakıda keçirilən həmin tədbiri dünyanın onlarca ölkəsinin kütləvi informasiya vasitələri canlı yayımla öz tamaşaçılarına çatdırırdı. Bu, bizim üçün fəxr etməli çox böyük hadisə idi.

2004-cü il sentyabrın 9-da Azərbaycanın birinci xanımının tərcümeyi-halına yazılan hadisə bütün xalqımız üçün baş ucalığı, fəxarət mənbəyi kimi yadda qaldı. Şifahi xalq ədəbiyyatının və musiqi mədəniyyətimizin qorunmasında və inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri fəxri adına layiq görüldü. Qeyd edək ki, həmin günədək nəinki Azərbaycandan, hətta Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin heç birindən bu ada layiq görülən siyasətçi yox idi. Mehriban Əliyevanın bu ada layiq görülməsindən cəmi bir il sonra – 2005-ci ilin sentyabrında onun təşəbbüsü ilə YUNESKO-nun mənzil qərargahında 2000-dən artıq qonağın iştirakı ilə görkəmli Azərbaycan kimyaçısı Yusif Məmmədəliyevin 100 illik yubileyi keçirildi. Burada başqa bir məqamı da vurğu­la­maq yerinə düşərdi. Belə ki, Mehriban Əliyeva Azərbaycanın mad­di və qeyri-maddi, mədəni abidələrini YUNESKO-nun mü­ha­fizə edilən irslər siyahısına saldırması, görkəmli soy­daş­la­rımızın yubileylərinin beynəlxalq səviyyədə keçirilməsinə nail olması ilə yanaşı, YUNESKO rəhbərlərinin Azərbaycana səfərlərini də təşkil edir. Etiraf edək ki, Azərbaycanın dəvəti ilə YUNESKO rəhbərlərinin bir neçə dəfə ölkəmizə gəlməsi bizə göstərilən böyük etimadın nəticəsidir. Hətta Mehriban xanım Əliyeva ötən ilin avqustunda YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuura ilə birlikdə bu mötəbər beynəlxalq təşkilatın bütün xoşməramlı səfirlərini də Bakıya dəvət etmiş, Azərbaycan paytaxtında ölkəmizlə YUNESKO arasında təhsil sahəsində əməkdaşlıq barədə memorandum imzalanmışdı. Həmin səfər çərçivəsində Bakıda təhsil mövzusunda beynəlxalq konfrans keçirilməsi ilə yanaşı, eyni zamanda, Azərbaycan paytaxtında Beynəlxalq Muğam Mərkəzinin təməl daşı da qoyuldu. Mehriban xanım Əliyeva həmin mərkəzin də YUNESKO ilə birlikdə yaradılmasına nail ola bilmişdi. Səfərin sonunda isə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə YUNESKO-nun baş direktoru Koişiro Mat­suura arasında yekun kommunike imzalanmışdı ki, həmin sə­nəd də tərəflər arasında hərtərəfli əməkdaşlıq üçün çox mü­hüm zəmin idi. Yeri gəlmişkən, Mehriban Əliyeva YUNESKO çərçi­vəsində keçirilmiş istənilən tədbirdə çıxış edərkən erməni işğalçıları tərəfindən qarət edilmiş və dağıdılmış muzeylər, arxeo­loji və təbii abidələr barədə dönə-dönə söz açır, beynəl­xalq təşkilatları bu vəhşiliyə qarşı ədalətli mövqe tutmağa çağırır. Mənim yadımdadır, Parisdə keçirilən bir tədbirdə Mehriban xanım işğal edilmiş Azərbaycan torpaqlarında qalmış abidələr, xüsusən Üzeyir Hacıbəyovun və Bülbülün ev muzeyləri barədə, Xocalı-Gədəbəy mədəniyyəti və Azıx mağarası barədə necə həyəcanla danışırdı. Mən həmin çıxışın televiziya ilə verilən lent yazısına baxarkən, bir daha öz-özümə dedim: Nə yaxşı ki, Ümummilli liderimizin adını daşıyan fonda məhz Mehriban xanım Əliyeva kimi qətiyyətli və təşəbbüskar bir şəxs rəhbərlik edir.

Azərbaycan muğamını və aşıq musiqisini YUNESKO-nun qeyri-maddi mədəni irslər siyahısına saldıran Mehriban xanımın xalq adət-ənənələri və bayramlarının da həmin siyahıya salınması üçün iş aparmasını, xüsusən bu istiqamətdə Novruz bayramı ilə bağlı daha əhatəli materiallar hazırlandığını eşidəndə, qəlbim dağa döndü. Ziyalılar arasında olan söhbətlər zamanı bu məsələ tez-tez yada salınır və hamı eyni mövqedən çıxış edir: Xanım Əliyevanın bu fəaliyyəti Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmət nümunəsidir.

Daha bir məqam – ötən ilin noyabrında “İnterfaks-Azərbay­can” xəbər agentliyinə müsahibə verən Mehriban Əliye­va bildirmişdi ki, biz Qobustan qayaüstü rəsmlərini də YUNESKO tərəfindən qorunan maddi mədəniyyət nümunə­lə­ri­nin siyahısına saldıracağıq. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycanın şöhrətini daha da artıracaqdır.

İndi də bir qədər Mehriban Əliyevanın Heydər Əliyev Fondu ilə həyata keçirdiyi tədbirlər barədə. Əvvəla, onu qeyd edək ki, bu fondun yaradılmasının ikinci ildönümü ərəfəsində “Heydər Əliyev Fondu – 2005-2006” kitabı Azərbaycan və ingilis dillərində nəfis şəkildə çapdan çıxmışdır. Kitabın ön sözünün müəllifi də məhz fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. 2004-cü il mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin doğum günündə fəaliyyətə başlayan fond qısa müddətdə çox böyük tədbirlər planının icrasına nail olub. Təsadüfi deyil ki, fondun Xatirə Kitabına öz ürək sözlərini yazan möhtərəm dövlət başçımız İlham Əliyev bu qurumun çox böyük işlər görəcəyinə inamını hələ 2004-cü il mayın 10-da bu şəkildə ifadə etmişdi: “Heydər Əliyev Fondu xalqı­mı­zın Ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatdır və Azərbaycanın ictimai həyatında mühüm rol oynaya­caq­dır”.

Bu, belə də oldu. Fond qarşısına qoyulan vəzifələri yerinə yetirməklə yanaşı, ölkənin ictimai həyatında çox mühüm rol oynadı. Bəzi məqamlara diqqət yetirək: “Təhsil sahəsi” adlı tədbirlər planı Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. 2005-ci ildə bu sahədə həyata keçirilən bir neçə proqram və layihələr təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin həyat şəraitini yaxşılaşdırmağa imkan vermişdir. Fondun Prezidenti Mehriban Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlardakı uşaq evlərində, internat məktəblərdə olmuş, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın tərtib və icra edilməsini çox zəruri bir məsələ kimi qarşıya qoymuşdu. Geniş təhlil və monitorinqlər aparılmış və proqram ərsəyə gəlmişdi. Növbədə proqramın icrası idi. 2005-ci ildə bu kateqoriyadan olan 23 uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılmışdır. Bu zaman həmin müəssisələrin zəruri avadanlıqla təchiz edilməsi, yeni ədəbiyyat alınaraq zəngin kitabxanaların yaradılması, informasiya texnologiya­la­rının tətbiq edilməsi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur.

Heydər Əliyev Fondu 2005-ci ildən daha bir zəruri proqramın icrasına başlamışdır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə ictimaiyyəti tərəfindən çox böyük məmnunluqla qarşılanmışdır. Bu məqsədlə respublikanın bütün ərazisində məktəb binalarının vəziyyəti yoxlanılmış, nəticədə təhsil üçün tam yararsız vəziyyətdə olan 132 məktəb müəy­­yənləşdirilmişdir. Ekspertlərin fikrincə, həmin məktəb­lərin təmir edilməsi yox, yenidən inşa edilməsi daha məq­sə­dəuyğun variant kimi qəbul edilmişdir. “Yeniləşən Azər­bay­cana yeni məktəb” proqramı çərçivəsində tikilən və infrastruk­turu yerli tələbata və imkana uyğunlaşdırılan həmin məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur. Beləliklə, həm şəhər və rayonlarımızda, həm də ən ucqar kəndlərdə minlərlə şagird 2005-2006-cı dərs ilini yeni binalarda, müasir dərs otaqlarında qarşılamışdır. Bu il isə fondun təşəbbüsü ilə daha 100 məktəb inşa edilir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi humanist proqramlardan biri də “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihədir. Ölkə ərazisində yaşayan 40 mindən çox vətəndaşı əhatə edəcək bu layihə BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirilir.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi layihələr isə daha böyük auditoriyanı əhatə edir. Bu sahədə ilk layihə 2004-cü il dekabrın 4-də təqdim edilən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. Ölkədə bu xəstəliyə tutulmuş 14 yaşınadək 310-dan çox uşaq var ki, onların insulinlə təminatında əvvəllər çox böyük problemlər var idi. Adıçəkilən layihənin icra edilməsi həmin soydaşlarımızın problemini həll etmişdir.

Səhiyyə sahəsində həyata keçirilən növbəti layihə talasse­mi­yalı uşaqlarla bağlı idi. Bu problem valideynlərin çox böyük nara­­hatlığına səbəb olmuşdu. Ötən ilin fevralında “Talas­se­miya­­sız hə­yat naminə” adlı dəyirmi masa keçirən Heydər Əliyev Fondu Be­nəlxalq Talassemiya Federasiyasının da diq­qə­tini bu məsələyə yö­nəltmiş, aparılan danışıqlar nəticəsində Azər­baycanda Talas­se­miya Diaqnostika Mərkəzinin yara­dılması qərara alınmışdır.

Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihə­lər­­dən bir neçəsi də milli-mənəvi dəyərlərimizin qorunması və Azər­bay­can mədəniyyətinin dünya miqyasında daha geniş şə­kil­də təbliğ edil­məsindən ibarətdir. Yuxarıda qeyd etdiyimiz ki­mi, Bakıda Bey­nəlxalq Muğam Mərkəzinin yaradılması, Parisdə - YUNESKO-nun mən­zil qərargahında dahi Azərbay­can bəstəkarı Üzeyir Hacıbə­yo­vun 120, dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin isə 100 illik yubileylərinin keçirilməsi milli-mənəvi dəyərlərimizə göstərilən qayğının bir hissəsidir. Ancaq muğam sənətimizin inkişafı və qorunması istiqamətində atılan növbəti addım daha kövrək hissləri əhatə edirdi. Bu layihə “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması və “Gülüstan” sarayında onun möhtəşəm təqdimat mərasiminin keçirilməsi ilə nəticələnmişdi. Mənim yaxşı yadımdadır ki, həmin təqdimat münasibətilə ustad sənətkarımız, xalq artisti Habil Əliyev belə dedi: “Dilimizdə belə bir ifadə var ki, filankəs filankəsə atalıq elədi, filankəs xalqa atalıq elədi və s. Ancaq ana sözü daha müqəddəs olduğuna görə kiminsə başqa bir adama analıq elədiyini deyən olmur. Mən isə nə qədər mücərrəd olsa da, bir ifadə işlətmək istəyirəm. Belə ki, Mehriban xanım Əliyeva Azərbaycan muğamına, sözün həqiqi mənasında, analıq elədi. Muğam ölürdü, itirdi, başqa musiqi növləri onu insafsızcasına sıxışdırırdı. Mehriban xanım muğamı xilas elədi, ayağa qaldırdı və in­ki­şa­fına, gələcəyə gedən yoluna işıq saldı. Bir ağsaqqal sənət ada­mı kimi o gənc bacımıza, qızımıza bütün muğam­se­vərlərin təşəkkürünü və minnətdarlığını çatdırıram”.

Doğrusu, böyük ustad həmin ifadələri elə ürəkdən, elə səmimiyyətlə demişdi ki, eşidənlərin hamısı kövrəlmişdi. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” layihəsini də “Qarabağ xanəndələri” layihəsinin davamı kimi qəbul edənlər tamamilə haqlı idilər. Fikir verin, dünyanın müxtəlif ölkələrinə yayılmış “Qarabağ həqiqətləri” toplusu, “Qarabağın tarixi haqqında məlumat”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Qarabağ münaqişəsinin başlanması”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” adlı kitabçalar Qarabağ həqiqətləri barədə dünya ictimaiyyətinə əhatəli şəkildə söz açır.

Bax belə. Heydər Əliyev Fondunun fəaliyyəti barədə yığcam şəkildə bunları diqqətə çatdırdıq. Ancaq Mehriban xanım Əliyeva haqqında bəzi məqamları da qeyd etmək zərurəti hələ qalır. Məsələn, Mehriban Əliyeva 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin dördüncü Baş Assambleyasında Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv, 2005-ci ildə isə bütün Azərbaycan üzrə keçirilmiş sosioloji sorğunun nəticələrinə görə “İlin adamı” seçilmişdir. Mehriban xanım ötən il dünyanın 30 ölkəsini təmsil edən 1200 şirkətin menecerləri arasında keçirilən sosioloji sorğunun nəticələrinə görə, Xəzər-Qara dəniz regionu üzrə “İlin ictimai xadimi” nominasiyasında “Caspian Energy İntegration Award” beynəlxalq mükafatına layiq görülmüşdür. Bu ilin mart ayında isə o, BMT-nin aparıcı qurumlarından olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalına layiq görülmüş və təşkilatın baş direktoru Kamil İdris Heydər Əliyev Fondunun binasında adı çəkilən mötəbər mükafatı Mehriban xanım Əliyevaya təqdim etmişdir.

Bu mükafatların və təltiflərin siyahısını uzatmaq da olar. Ancaq fikrimizcə, daha rahat və işıqlı bir internatda yaşayan yetim uşağın “Sağ ol, Mehriban xala!” minnətdarlığı, ucqar dağ kəndində yaşayan şagirdin gözü öyrəşmiş sınıq-salxaq sinif otaqlarından abad və müasir məktəbə köçməsindən sonra dediyi “Bu məktəbi Mehriban xanım tikdirib”, talassemiyadan əzab çəkən uşağın gözü yaşlı anasının dediyi “Sənə minnətdaram, Mehriban bacı!”, xalqın sayılıb-seçilən sənətkarının söylədiyi “Sən muğama analıq etdin, əziz bacım!” ifadələri ən yüksək mükafat, ən ali təltiflərdir. Ötən əsrin əvvəllərində himayəsiz balaların faciəsinə acıyaraq nalə çəkən Mir Cəlalın “Bahar, mələr quzum, sən indi haralardasan?” harayına yeni əsrin başlanğıcında onun nəvəsi öz nurlu əməlləri ilə cavab verdi.

Tale ona başqa təltiflər də vermişdir. Mehriban xanım “İnterfaks- Azərbaycan” informasiya agentliyinə verdiyi müsahibədə deyir: “Mən öz ailəmi çox istəyirəm və ailə ənənələrinə hörmətlə yanaşıram. Əgər evdə qarşılıqlı münasibət, qarşılıqlı yardım və hörmət varsa, hesab edirəm ki, qalan hər şey öz axarına düşəcək.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə