Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə9/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

ÜMİDLƏRİ DOĞRULDAN SEÇİM
Əsrlərin sınağından çıxmış təcrübə göstərir ki, siyasi fəaliyyətin istənilən məqbul formasının ən son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız dövlətinə və xalqına bağlı fenomen liderlərin fəaliyyətində təsadüf olunur. Real siyasət də məhz belə siyasi liderlərin davranışlarına, bütövlükdə cəmiyyət həyatına təsir göstərən praqmatik və rasional qərarlarına istinad edir. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini daim hiss edən ləyaqətli və peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli olur və inanılmaz nəticələrə öz möhürünü vurur.

Azərbaycanın taleyində yeni epoxanın başlanğıcına çevrilmiş 2003-cü ilin 15 oktyabr seçkiləri cəmiyyətin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşdiyini, vətəndaşların düşüncə tərzində kardinal dəyişikliklərin baş verdiyini, habelə demokratik seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə və ya qeyri-sivil üsullara yer olmadığını təsdiqləmişdir. Respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş bu seçkilər, eyni zamanda xalqın strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirmiş, mütləq çoxluq gələcək taleyini etibar edə biləcək sınanmış komanda və liderə etimad göstərmişdir. Azərbaycanda sürətli sosial-iqtisadi inkişafa zəmin formalaşdıran, ictimai-siyasi sabitliyi təmin edən, qlobal enerji layihələrinin təminatçısına çevrilən, respublikanın beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən Ulu öndərimiz Heydər Əliyevin layiqli siyasi davamçısı cənab İlham Əliyevin son prezident seçkilərindəki şəksiz qələbəsi cəmiyyətin həlledici çoxluğunun sosial sifarişi, istək və arzusu ilə mümkün olmuşdur. Xalqımız təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, konkret planlara malik çevik, işlək və monolit komandaya güvəndiyini bir daha təsdiqləmişdir.

Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən ən başlıca amil, şübhəsiz ki, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata kecirilməsinə yönəldilməsindən ibarət olmuşdur. Bu siyasətin varisliyinin qorunub saxlanılması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi ortaya çıxmaqla yanaşı, dünyanın bir çox fövqəlgüc dövlətlərinin, aparıcı mərkəzlərinin strateji maraq dairəsində olmuşdur. Cənab İlham Əliyevin bu siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, Ulu öndərimizin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, praqmatik, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirmişdir. Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət xadimi kimi formalaşmış cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. Onun fəaliyyətində, siyasi davranışında ciddi nizam-intizam, məsuliyyət hissi, ən əsası isə məqsədyönlülük və prinsipiallıq var.

Cənab İlham Əliyevin siyasi portretinin xarakterik cizgiləri onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu siyasi lider olduğunu birmənalı sübuta yetirmişdir. O, yeni dövrün siyasətçisi kimi öz simasında Qərb standartlarının - kübar rəftarın, sadəliyin, rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin, praqmatizmin milli mentalitetlə uğurlu sintezini yaratmış, bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə müasirlik gətirmişdir. Liderlik xüsusiyyətinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq, elektoral dəstəyə malik olmaq kimi politoloji məqamları özündə ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək mümkündür. Dövlət başçısı müasir dünyadakı qloballaşmadan, yeni geosiyasi reallıqlardan irəli gələn mənzərənin tələblərinə cavab verən siyasi xəttin daşıyıcısıdır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar cənab İlham Əliyevin siyasi obrazını tamamlayan mühüm keyfiyyətlərdir.

Milli dövlətçilik təfəkkürünə bağlı olan cənab İlham Əliyev əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmış mənəvi-əxlaqi sərvətlərimizə pozitiv anlamda mühafizəkarlıq prizmasından yanaşır. Bu mənada, millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun olan, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əbədi və əzəli milli maraqlarından mayalanır. Cənab İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meylləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropa təmayülləri sintez təşkil edir. Prezident İlham Əliyev klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu ilk dəfə, özü də müvəffəqiyyətlə sınaqdan çıxaran siyasətçi obrazının daşıyıcısı olaraq siyasətdə, diplomatiyada eyni dərəcədə mühafizəkar, ənənəçi və yenilikçi, liberal olmaqla mötədil dəyərləri uzlaşdırmağı bacarır. Bütün bu vacib keyfiyyətlər isə Azərbaycanın yeganə nicat ünvanına çevrilmiş Heydər Əliyev siyasi kursunun məhz cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilməsini sosial sifarişə çevirmişdir.

Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü ilin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev böyük siyasi iradə göstərərək bu neqativ meylləri müsbət məcraya - maddiləşən işgüzar fəallığa çevirməyə nail olmuşdur. Seçki ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir.

2003-cü ilin 15 oktyabr seçkilərindən ötən 4 il dünya şöhrətli siyasətçi və dövlət xadimi, Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin yüksəlişi, öz hədəflərinə yetişməsi üçün zərrə-zərrə formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevrildiyi möhtəşəm bir dövrdür. Bu mənada, Azərbaycan xalqının 4 il öncə inanıb öz taleyini etibar etdiyi cənab İlham Əliyev Ümummilli liderimizin siyasi irsinin təkcə ən layiqli varisi deyil, həm də bu zəngin dövlətçilik irsində müəyyən olunmuş böyük amalları faktlaşdıran, həyat gerçəklərinə çevirən qüdrətli siyasi fenomendir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaratmışdır.

Müasir qloballaşma dövründə dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət, fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunu həyata keçirməyə çalışır. Bu prinsip Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən cənab İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir. 2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində hakimiyyəti xalqa xidmət vasitəsi saydığını bəyan etmiş dövlət başçısı verdiyi vədləri əməli işi ilə doğrultmaq üçün əzmlə çalışmış, hər bir addımında vətəndaşların mənafeyini əsas götürmüşdür. Dövlət idarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, bu mütərəqqi ənənəni son 15 ildə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.

Ulu öndərimiz Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə xalqla ekstravaqant təmasları, daha dəqiq desək, qəfildən küçə və meydanlara çıxaraq insanların qayğı və problemləri ilə maraqlanması barədə bugünün özündə də xoş xatirələr dolaşır. Böyük hakimiyyət ustadı ictimai rəy amili ilə hər zaman hesablaşaraq siyasi fəaliyyətində onu daim önə çəkmişdir. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyev də bu xoş ənənəyə sadiqlik nümayiş etdirərək müntəzəm surətdə xalq qarşısına çıxır. Tez-tez rayonlara gedir, özünəməxsus sadəliklə insanlarla görüşür, onlarla səmimi söhbətləşir. Əslində, vətəndaşları narahat edən problemlərin həlli yönündə ən müdrik addım elə onlarla canlı ünsiyyət yaratmaq, xalqla canlı təmasda olmaqdır. Bu, ictimai rəy baxımından ciddi siyasi və mənəvi-psixoloji çalarları özündə ehtiva edir.

Dövlət başçısının vətəndaşlarda narahatlıq doğuran problemlərin həlli üçün yerindəcə göstərişlər verməsi ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Bu, həm də dövlət məmurlarını əhalinin problemlərinə daha ciddi yanaşmağa sövq edir. “Mən xalqımın xidmətçisiyəm və hər bir məmur da xalqın xidmətçisi olmalıdır!” - deyən cənab İlham Əliyev bunun heç də “gəlişi gözəl söz” olmadığını əməli işilə sübuta yetirir. Bu tələblərə biganə yanaşan, monolit və mobil komandada fəaliyyət prinsiplərini pozan, yaxud da dövrün tələblərinə uyğunlaşa bilməyən məmurlar tutduqları vəzifələrlə vidalaşmalı olurlar.

Bu gün bütün dünyada aksiom kimi qəbul olunan həqiqət bundan ibarətdir ki, iqtisadi cəhətdən inkişaf etməyən ölkə demokratikləşmə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşların sosial müdafiəsi, habelə xarici siyasət və beynəlxalq münasibətlər sahəsində böyük uğurlar qazana bilməz. Bu reallığı düzgün qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət strategiyasını yeni dövrün tələblərinə uyğun davam etdirir. Prezident İlham Əliyevin yenilməz iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti Azərbaycanı intensiv inkişaf magistralına çıxarmışdır. Dövlət başçısı respublikamızın hansı əsas problemlərinin, qayğılarının olduğunu yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaya malikdir: “Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var”.

Sosialyönümlü siyasət yeridən dövlət başçısının son 4 ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərir. Dövlət başçısı ötən müddətdə ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun Ümumi Daxili Məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası isə işsizlik probleminin aradan qaldırılması naminə bir sıra mühüm addımlar atmışdır.

Prezident İlham Əliyev qısa zaman kəsiyində həyata keçirdiyi çoxşaxəli islahatlarla sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Məhz bu islahatların nəticəsi olaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu güclənmiş, ölkəmiz dünya miqyasında daha möhkəm mövqelərə sahib olmuş, qonşularla münasibətlər uğurla inkişaf etmiş, regionda bütün beynəlxalq, irimiqyaslı layihələrdə ölkəmizin iştirakı təmin olunmuş, dövlət siyasəti xalqımızın milli maraqlarının nəzərə alınması ilə həyata keçirilmişdir.

Prezident İlham Əliyevin bu gün də inamla davam etdirdiyi mütərəqqi islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddətdə iqtisadi inkişaf göstəricilərinə görə dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələrimiz abadlaşır, kommunal problemlər həllini tapır, respublikamızda işsizlik, yoxsulluq kimi ağır sosial bəlalar aradan qalxır. Ölkəmizdəki sürətli iqtisadi inkişaf quru və formal təsir bağışlayan statistik rəqəmlərdə deyil, insanların gündəlik həyatında əksini tapır. İnsanlar zaman keçdikcə xırda məişət qayğılarından uzaqlaşır, cəmiyyətdə mənəvi dəyərlərə, milli irsə, mədəniyyətə qayıdış meyli güclənir.

Dövlət başçısının yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avroatlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kom­munikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə da­ha qabarıq sezilir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı ki­mi tanınmağa başlayır və belə bir müsbət imicin forma­laşma­sın­da cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda ke­çirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vur­ğula­maq lazımdır. Respublikamızda müşahidə olunan dinamik iqtisa­di tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islaha­tla­rın da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi stra­teji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçiril­məsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevir­mişdir.

Bütün bu nailiyyətlərin - siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrdə əldə edilmiş yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. İctimai-siyasi sabitlik amili, eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmişdir. Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır.

Prezident İlham Əliyev liberal dəyərləri üstün tutan bir sıra beynəlxalq siyasi dairələrin “daha çox demokratiya, daha az dövlət” çağırışlarına cavab olaraq Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın mövcud pilləsində dövlətçilik prinsipinin dominantlıq qazanması zərurətini ustalıqla əsaslandırmağı bacarmışdır. Şübhəsiz ki, dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək mümkün deyildir, yaxud da əksinə. Bu gün dövlət başçısı bu siyasi ideyalar arasında uğurlu harmoniya yaratmışdır. Bunun nəticəsi olaraq nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirmir. Məhz bu amil İlham Əliyevin milli xüsusiyyətləri nəzərə almaqla irəli sürdüyü demokratik və hüquqi dövlət ideyasının başlıca xəttini təşkil edir.

“…Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır” - deyən Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, cəmiyyət həyatındakı fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu in­diki mərhələdə demokratik normaların ictimai şüurda möhkəm­lən­məsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranmışdır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin, ictimai həyatın ən müxtəlif sahələrinə tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin mühüm rəhni kimi çıxış edir. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını insan faktorunun prioritetə çevrilməsi yönündə qurur.

Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün Uzaq Şərqin zəngin təbii sərvətləri olmayan bir sıra dövlətlərinin, konkret desək, Yaponiyanın timsalında tam əminliklə demək olar ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələ­yir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbə­də təhsilə, zəngin biliklərə, informasiya texnolo­giya­ları­na, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Azər­bay­can Prezidenti İlham Əliyev məhz bu reallıqdan çıxış edərək dövl­ətə rəhbərlik fəaliyyətinin ilk günlərindən elmi sahədə bö­yük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür.

Prezident İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti yeridir və dünya təhsil sisteminə inteqrasiyanı vacib sayır. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaratmışdır. Dövlət başçısı ötən dövrdə dünya təhsil sisteminə inteqrasiyanın təmin olunması, orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırıl­ması, onların kompüter və informasiya texnologiyaları ilə təchizatı, tədrisin məzmun və formaca müasirləşdirilməsi, dünyanın qabaqcıl dövlətlərinin mütərəqqi təhsil ənənələrinin mənimsənilməsi, yeni məktəblərin tikintisi kimi fundamental sahələri əhatə edən müstəsna əhəmiyyətli fərman və sərən­camlar, dövlət proqramları imzalamışdır.

Ötən 4 il ərzində respublikanın təhsil sistemində davamlı in­kişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş ver­məsi, inkişafyönümlü proqram və layihələrin həyata keçiril­məsi məhz cənab İlham Əliyevin təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Dövlət büdcəsindən təhsil sektoruna ayırmaların ilbəil artırılmasında əsas məqsəd yalnız hamının təhsil almasını təmin etmək deyil, eyni zamanda bu vəsaitdən daha səmərəli istifadə etməklə təhsilin keyfiyyətində müvafiq nəticələrə nail olmaqdır. Bu baxımdan orta məktəblərin təmiri, bərpası və yenidən tikilməsinə xüsusi diqqət ayrılması da təsadüfi olmayıb ölkədə həyata keçirilən təhsil strategiyasının mahiyyətindən irəli gəlir.

Prezident İlham Əliyev rəhbərlik fəaliyyəti dövründə, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi xəttini kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur. Bu da təsadüfi deyildir - müasir dünyada yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dillərini, mədəniyyətlərini, incəsənətlərini, tarixlərini lazımi səviyyədə təbliğ edirlər. Hazırda bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır. Dövlət başçısı ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır. Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ümummilli liderimizin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, bu günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa çevrilərək son 10 ildə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaric­də fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiy­yətlərin, dərnəklərin siyasi-ideoloji cəhətdən təmər­küz­ləş­mə­sini stimullaşdırmışdır.

2006-cı ilin mart ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmiş, bir sıra istiqamətlərdə fəaliyyət strategiyası müəyyənləşdirilmişdir.

Prezident İlham Əliyev dövlətin təkcə öz ərazisində yaşayanlar üçün yox, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmalı olduğunu özünün əsas qayəsinə çevirən şəxsiyyətdir. Şübhəsiz ki, harada yaşamasından asılı olmayaraq Azərbaycanı özlərinin tarixi Vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Prezident İlham Əliyev indiki və gələcək dövr üçün dövlətin və vətəndaşların vəzifələrindən danışarkən, soydaşlarımızın doğma Vətənləri ilə hər cür faydalı əlaqələrdə hüquqi, mədəni, mənəvi əsasların möhkəmləndirilməsini zəruri istiqamət kimi vurğulayır. Dövlət başçısı ölkəmizin inkişafı müqabilində maddi-mənəvi imkanlardan istifadə edərək dünya azərbaycanlılarının bu imkanlardan normal səviyyədə bəhrələnməsinə şərait yarat­mağı, onların milli və vətəndaş hüquqlarının qorunması yolun­da səyləri gücləndirməyi çağdaş dövr üçün vacib amillərdən sayır.

Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını döv­lə­tin başlıca vəzifəsi hesab edir. Rusiyada miqrantlara qarşı mü­na­sibətin kəskin dəyişməsi və sərt qaydaların işə düşməsi ilə bağlı olaraq Moskvada ticarətlə məşğul olan azərbaycanlıların üzləşdiyi problemlərin aradan qaldırılması üçün xüsusi dövlət komissiyası yaradan cənab İlham Əliyev milli diasporumuzun etibarlı hamisi olduğunu bir daha təsdiqləmişdir. Bu addımı ilə dövlət başçısı Azərbaycan dövlətinin heç bir vətəndaşının taleyinə biganə olmadığını, onlara daim sahib çıxacağını izhar etmişdir.

Ümumilikdə, ötən 4 ildə ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili, dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yoluna çıxması, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz cənab İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur. Bütün bunlar deməyə əsas verir ki, dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsinə, gücləndiril­mə­sinə, elminin, təhsilinin, iqtisadi qüdrətinin artırılmasına, xalqın layiq olduğu xoşbəxtliyə qovuşmasına xidmət edəcəkdir. Buna görə də Azərbaycan vətəndaşları bu gün Prezident İlham Əliyevə böyük eti­mad bəsləyir, onun siyasi kursunu birmənalı şəkildə dəstək­ləyirlər.
2008-ci il.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə