Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 3,79 Mb.
səhifə39/39
tarix13.12.2017
ölçüsü3,79 Mb.
#15394
1   ...   31   32   33   34   35   36   37   38   39

Qaynaqça


  1. Meydanın son gecəsi. «Azadlıq» radiosu, 2016, 04 Noyabr (http://www.azadliq.org/a/24394056.html).

  2. Natiq. Bu millət məğlub ola bilməz. «Azadlıq» qəzeti, 18 Noyabr 2011.

  3. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  4. Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).

Mövzu ilə bağlı əlavə sənədlər (Nemət Pənahlının cinayət işinin I cildindən)
21 noyabr 1988.

…Xahiş edirəm, bir dənə Azərbaycanın Milli bayrağından başqa, başqa bayraqlar yığışdırılsın. Çünki bizim bir dənə, millətin bir dənə bayrağı olar. Bizimsə Milli bayrağımız var. O bayraq qaldırılsın!

Qeyri, başqa bayraqlar saldırılsın ki, televizora çəkirlər. Deyəcəklər, burada neçə millət var? Nə qədər millət iştirak edir?

Biz Azərbaycan türküyük, Türk xalqıyıq. Bir dənə özümüzün Milli bayrağımız var – Müsavatın bayrağı. Ondan başqa bayraqlar, artıq bayraqlar yığışdırılsın. Biz həmin bayrağı da tələb etməliyik – öz Milli bayrağımızı!.. (T-23, səh. 30).



23 noyabr 1988.

…Onun üçün bir də deyirəm, bizim ancaq bir çıxış yolumuz var. Əgər xalqın icazəsi olmadan dinc nümayişə Bakı şəhərində komendant saatı elan edilsə, biz bunu müstəmləkəçilik prinsipi, biz bunu işğalçılıq kimi qiymətləndirəcək və sakitcə rədd edəcəyik ki, rədd olsun işğalçılar bizim Vətənimizdən!

Əgər dövlətimiz də o işğalçılarla birləşirsə, onlar da hamısı eyniylə rədd olsun!

Əgər bizə qarşı təzyiq göstərilsə, heç bir adam onlara qarşı müqavimət göstərməsin… (T-23, səh. 57).

…Sakit! Sakit! Təzə çıxış, heç kəs bayaqdan cürət edib vəziyyəti olduğu kimi, çılpaqlığı ilə deyə bilmir. Mən bütün vəziyyəti sizə çılpaqlığı ilə çatdırıram. Bir dəqiqə! Tam diqqətlə qulaq asın. Mənə elə gəlir ki, artıq adama söz verməyə ehtiyac yoxdur. Düşmən başımızın üstünü alıbdır. Bəli, düşmən!

Onlar deyirlər ki, tank, soldatlar da (əsgərlər də - B. T.) bizim adamlardır.

Düşmən başımızın üstünü alıbdır, düşmən! Bəli, artıq bu gündən hərbi vəziyyət elan edilibdir. Saat 12-yə kimi hərbi vəziyyət elan edilib ki, meydanda adam qalsa, qan su yerinə axacaq. Düşmən deyirəm də. Sözümü sakit, diqqətlə ona görə deyirəm ki, biz hər ehtimala qarşı, biz bu dərəcədə qələbəni məğlubiyyətlə əvəz etməməliyik…

Ona görə, bəli, buna görə (replikaya cavab – B. T.).

Mən açıq indiyə qədər deyirdim ki, belədir (replikaya cavab – B. T.).

Biz bundan sonra dövlətimizə də inamımızı itirdik. Rast ki, (Madam ki, - B. T.) Bakı şəhərinə hərb (hərbi qüvvə - B. T.) yeridildi, elə dövlət bizə lazım deyil!

Sakit!

Elə Ali Sovet bizə lazım deyil ki, çıxmadı xalqın qabağına. Xalqın haqlı tələblərinə qarşı Bakıda komendatskiy ças (komendant saatı – B. T.) yaradıldı. Bu xalqı qırğına verməyə hazır oldu… (T-23, səh. 57).



24 noyabr 1988.

…MK (Mərkəzi Komitə - B. T.), Ali Sovet başqa şəkildə istefa verməlidir, xalq özü oğullarını seçməlidir. Xalqa rəhbərlik edənlər seçilməlidir… (T-23, səh. 91).



28 noyabr 1988.

…Yəqin ki, Pyotrun nəsihətləri sizə məlumdur. O öz övladlarına nəsihət eləyib ki, bacardıqca siz ölkələri bir-birinə qatmaqla, bütün ölkəni bir-biri ilə vuruşdurmaqla bir xalqa dünyada ağa olmaq istəyirsinizsə, dünyada xilaskar rolu oynamalısınız. Bütün xalqları bir-birilə elə vuruşdurmalısınız ki, onlar sizə pənah gətirməlidir. Müstəmləkə altında saldığımız xalqda öz simanız görükməlidir. O xalqın içindən satqın övladlar tapıb rütbələr verməlisiniz, vəzifələrə çəkməlisiniz…

İndi mən bilmirəm ki, bugünkü leninizmdir, ya pyotrizmdir? Leninizm bayrağı altında pyotrizm həyata keçirilir, yoxsa həqiqətən Lenin milli prinsipini həyata keçirrlər… (T-23, səh. 139).

…Hanı proletarizm quruluşu? Hanı sosializm quruluşu? Hanı o müti qullar? Bu gün də xalqın başını kəsməklə məşğuldur. Biz and içirik ki, öz Milli müstəqilliyimiz uğrunda son damla qanımıza qədər dayanacağıq. Qoy bütün bu imperializm siyasəti, bugünkü yeridilən sosializm bayrağı altında faşizm siyasəti ifşa olunmalıdır… (T-23, səh. 140).

…Məgər indiyə qədər çar Rusiyası, Lenin özü hiss eləmədimi çar Rusiyasının millətlər arasında yeritdiyi rus şovinizmini? Və bugünlərdə həmin rus şovinizmini biz lənətləyirik. Erməni daşnaklarını biz lənətləyirik. Bütün xalqların haqq-ədalət səsini boğanları lənətləyirik. Bizim heç bir xalqa qarşı nifrətimiz, kinimiz yoxdur. Rədd olsun şovinistlər! Rədd olsun faşizm! Rədd olsun xalqlar həbsxanasına çevrilən ölkəni!..

…Elan etməliyik ki, Azərbaycan xalqı sovet hökumətini tanımır. Öz tərkibindən ayrılır… (T-23, səh. 140).



Qeyd: Nemət Pənahlı məhz həmin günü Azərbaycanın SSridən çıxmalıolduğunu və Milli Azadlıq Hərəkatının başlandığını elan etmişdir. Fəqət mikrofon söndürüldüyündən və o, maqafonla danışmalı olduğundan DTK texniki imkansızlıq səbəbindən onun çıxışının ardını yaza bilməmişdir. Nemət Pənahlının həmin tarixi sözləri Ə. Tahirzadənin qeydləri sayəsində dövrümüzədək ulaşmışdır.

Nəticə
Ötən əsrin 80-ci illərində baş alıb gedən ərzaq qıtlığı, mağazalardakı uzun növbələr, talon sisteminin tətbiqi, boş piştaxtalar insanların şüurunda əsaslı dəyişikliklər yaratmışdı. İnsanlar artıq əski qaydada yaşaya bilmir, belə yaşamaq istəmir, hökumət isə inqilabi şəraitin yaranmaması üçün yeni idarəçilik üsulları arayışı içərisində idi. Böyük dəyişikliklərə getmək, köklü islahatlar keçirmək məcburiyyəti yaranmaşdı. M. Qorbaçovun ifadə etdiyi kimi, «ölkə yenidənqurmaya hamilə idi».

ABŞ-ın rusları məcbur etdiyi «silahlanma yarışı» SSRİ iqtisadiyyatının əsaslarının sarsılmasına səbəb olmuşdu. Belə ki, 1980-ci illərin əvvəllərində maşınqayırma sənayesinin 60 faizini hərbi texnikanın istehsalı təşkil edir, hərbi xərclər isə Ümumi Daxili Məhsulun (ÜDM) 23 faizini «yeyirdi». 80-ci illərin sonlarında isə bu rəqəmlər müqabil olaraq 80 faiz və 28 faiz səviyyəsinə qalxmışdı. Və məsələ təkcə bunda deyildi. Sənayenin hərbi sifarişlərin yerinə yetirilməsinə uyğunlaşdırılması ağır sənayenin üstünlük qazanmasına, istehsalatın digər istiqamətlərinin, xüsusən də istehlak bazarına yönəlik istehsalın zəifləməsinə gətirib çıxarmışdı. Bir sözlə, hərbi xərclərin azaldılması, iqtisadiyattın «silahlanma yarışı»nın ağır yükündən azad edilməsi qarşıda duran bir nömrəli vəzifə idi. Elə bu səbəbdən də Əfqanıstanda aparılan mənasız savaşa da son qoymaq lazım idi.

1988-ci il aprel ayının 15-dən etibarən ruslar 14 aprel 1988-ci il Cenevrə sazişinin şərtlərinə uyğun olaraq, qoşunlarını Əfqanıstandan çıxarmağa başladılar. İlk üç ay ərzində bu ölkəni 50 153 əsgər tərk etdi. Noyabrda mücahidlərin hücumlarının artırması nəticəsində proses bir qədər səngisə də, 1988-ci ilin 15 avqustundan 1989-cu ilin 15 fevralına qədər daha 50 100 nəfər hərbiçi Əfqanıstandan SSRİ ərazisinə qaytarıldı.

1987-ci ilin 28 mayında – SSRİ-də Sərhədçilər gününün bayram edildiyi əlamətdar bir gündə sovet ordusunun qüdrəti, sovet sərhədlərinin sarsılmazlığı barədə mifləri yerlə bir edən hadisə baş verdi. Həmin gün ABŞ istehsalı olan «Sessna» tipli idman təyyarəsi SSRi-nin Havadan Müdafiə Qüvvələrinin gözündən yayınaraq, Moskvanın düz mərkəzində, Qırmızı meydanın yaxınlığındakı Vasilyevsk enişində yerə endi. Daha dəqiq desək, təyyarə Böyük Moskva Körpüsündə enmiş və Vasiliy Blajennıy kilsəsinə qədər gəlib çıxmışdı. Təyyarəçi təyyarədən çıxan kimi heyrətə gəlmiş və ətrafına toplaşmış yerli sakinlərə avtoqraflar paylamağa başlamışdı. 10 dəqiqə sonra onu həbs etdilər və məlum oldu ki, o Almaniya Federativ Respublikasının vətəndaşı olan Matias Rust adlı 19 yaşlı alman bir gəncdir.

Belə bir şəraitdə yeni kurs götürməyə məcbur olan Sov İKP-nin XIX Ümumittifaq Konfransında «Aşkarlıq haqqında» bəyanat imzalandı və 1988-ci ilin avqustunda Latviyaya yola düşən A. Yakovlev oradakı yerli hakimiyyət orqanlarının və qeyri-formal təşkilatların işini dəstəklədiyini bəyan etdi. Məlumat üçün bildirmək lazımdır ki, Yenidənqurmanın ilk illərində SSRİ-nin bütün bölgələrində qeyri-formal təşkilatlar qurulur və onların işinə bir o qədər də maneçilik törədilmirdi. Yenidənqurma illərində Azərbaycanda qurulan ilk belə təşkilat sonradan bir müddət Milli Azadlıq Hərəkatına öndərlik edən və 1987-ci ildən fəaliyyətə başlayan «Çənlibel» Təşkilatı olub.

Həmin dövrdə milli hərəkatlar, demək olar ki, bütün keçmiş sovet respublikalarında – Baltikyanı respublikalarda, Gürcüstanda, Moldovada, Ukraynada, Orta Asiyada baş qaldırmışdı. Bu ölkələrdə müxtəlif qeyri-formal təşkilatlar, o cümlədən xalq cəbhələri yaranırdı. Xalq cəbhələrinin «Yenidənqurmaya dəstək» adı altında qurulsa da, sonradan onların hamisi Milli İstiqlal şüarı ilə çıxış etməyə başladılar. Bu şüar ilk dəfə rəsmən Estoniyada dilə gətirildi. 1988-ci ilin noyabrında bu ölkənin Ali Soveti Estoniya SSR-in Konstitusiyasına SSRİ Konstitusiyası ilə ziddiyyət təşkil edən dəyişikliklər etdi və ölkənin suverinliyini bəyan edən deklorasiya ilə çıxış etdi.

Estoniya, Gürcüstan və Azərbaycanda baş verənlər bütün ölkədə böyük rezonansa səbəb olmuşdu və milli hərəkatların fəalları artıq çəkinmədən milli istiqlal şüarları səsləndirirdilər. 1989-cu ilin may ayında Litvanın Ali Sovetinin deputatları da eston həmkarlarının yolu ilə gedərək, Suverenlik Bəyannaməsini qəbul etdilər. Eyni zamanda SSRİ Konstitusiyasının maddələrinin Yalnız Litva Ali Sovetinin təsdiq etməsindən sonra icra edilə biləcəyi barədə qanun da qəbul edildi.

Əlbəttə ki, söhbət hələlik gələcəkdə tam istiqlala yol açması öngörülən «SSRİ daxilində suverenlik»dən gedirdi ki, bu da respublikalararası münasibətlərin və ölkənin federativ əsaslarının yeni qaydada dəyişdirilməsi anlamına gəlirdi. Elə bu da SSRİ xalq deputatlarının 1989-cu ilin may-iyun aylarında keçirilən I Qurultayına öz damğasını vurdu.



Keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda, eləcə də bir vaxtlar Varşava Blokuna daxil olan Şərqi Avropa ölkələırində çoxpartiyalı sistemin kökü, heç şübhəsiz ki, 1986-1988-ci illərdə kütləvi şəkildə yaranmaqda olan qeyri-formal təşkilatların formalaşması dövrünə qədər uzanır. Qərbdəki Qeyri-Hökumət Təşkilatlarının analoqu olan bu tip təşkilatların ilk dövrlərdə əsas funksiyası üzvlərin bir-biri ilə ünsiyyətinin təşkilindən ibarət idi ki, bu ünsiyyət zamanı siyasi-ictimai həyatın, demək olar ki, bütün sahələri, eləcə də iqtisadi inkişaf planları müzakirə edilirdi.

Sovet sosioloqlarının hesablamalarına görə, həmin dövrdə dövlət, hökumət, partya orqanlarından asılı olmayaraq, müstəqil şəkildə fəaliyyət göstərən siyasiləşmiş» qeyri – formal təşkilatlar ölkədə mövcud olan qeyri-formal təşkilatların ümumi sayının 10 faizdən bir qədər artıq hissəsini təşkil edirdi. Bununla belə, məhz onlar SSRİ-nin son illərindəki siyasi ab-havasına həlledici təsir göstərə bilmişdilər.

Yuxarıdan yaradılmayan və hətta, bir qayda olaraq, rəsmən heç bir qeydiyyatdan keçməyən belə təşkilatların yaranmasının səbəblərindən biri M. Qorbaçov başda olmaqla, Sov. İKP-nin yeni rəhbərliyi tərəfindən ortaya atılan cəmiyyətin demokratikləşməsi və aşkarlıq siyasəti idi. Bu siyasət ictimai həyatın liberallaşmasına, vətəndaşların özfəaliyyətinə və təbii aktivliyinə yönəlik bir çox siyasi və hüquqi məhdudiyyətlərin aradan qaldırılmasına səbəb olmuşdu.

Qeyri-formal təşkilatların yaranmasının başqa bir səbəbi də yenidənqurmanın icrasındakı problem və ziddiyyətlər idi və bütün bunlar ictimai fikirdə belə bir qənaət formalaşdırırdı ki, islahatlara mane olan qüvvələr var. Bu qənaət yenidənqurmaya aşağıdan dəstək verməyin zəruriliyi fikrini möhkəmləndirir və bu da öz növbəsində kütlələrin təşkilatlanmasına gətirib çıxarırdı.

1986-1987-ci illərdə qeyri-formal birliklər SSRİ-də azadlıq hərəkatının lokomotivinə çevrilmişdilər. Bu sözləri tam mənasıyla «Çənlibel» təşkilatına da aid etmək olar. «Çənlibel»in ölkədə baş qaldıran Milli Hərəkatın lokomotivinə çevrilməsində M. H. Tantəkinin müstəsna xidməti olmuşdur.

Azərbaycan Milli Azadlıq hərəkatının beşiyində duran «Çənlibel» təşkilatının yaranması ilə ölkəmizdə rus imperializminə qarşı zaman-zaman gizli və ya aşıq şəkildə davam emiş mübarizə açıq və davamlı şəkil almış oldu. Qarabağ hadisələrinin qızışmağa başlaması bu təşkilatın siyasiləşməsinə təkan verdi.

Azərbaycan milli azadlıq mübarizəsində xüsusi yeri olan Hatəmi alovlu vətənpərvər, dönməz inqilabçı, gözəl insan kimi şöhrət qazanmışdır. Gənclərdə milli şüurun oyanmasında, yeni nəsil mübərizəsinin yetişdirilməsində misilsiz xidmətləri vardır. Represiyalar qılıncının kəshakəs çağında, mənəvi-fiziki terrorlar devrində də M. Hatəmi mübarizə aparmış. Azərbaycanın istiqlalı naminə heç nədən çəkinməmişdir.

Onun 1987-ci ildə bir qrup gənclə yaratdığı "Çənlibel" elmi-ədəbi birliyi son dövr Şimali Azərbaycan xalq hərəkatinda tarıxı rol oynadı. Zaman-zaman, kəsilə-kəsilə davam edən Azərbaycan savaşı bu cəmiyyət vasitəsi ilə sanki leqallığa vəsiqə aldı. Hərəkatın sonrakı mərhələsində "Çənlibel" ər meydanına dönərək, Azərbaycanın ər oğullarını öz qoynuna yığa bildi.  Hazırda Şimali Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və cəmiyyətlərin öncülləri "Çənlibel" adlı ustaddan dərs almışlar.

Hatəminin milli hərəkatın sonrakı mərhələləri üçün kadrların yetişdirilməsində, onların formalaşdırılmasında gərgin əməyi olmuşdur.

«Çənlibel» artıq «yuxarı»ları əməlli-başlı narahat etməyə başlamışdı. Və bu narahatçılığın səbəbi məlum idi. Onlar da qarşıda bəzi hadisələrin gözlənildiyini hiss edir və ölkədə baş qaldıra biləcək etirazların önündə getmək potensialında olan tək qüvvənin «Çənlibel» olduğunu bilirdilər. Konkret olaraq, Nemət Pənahlıya gəlincə, onun fəhlə olması onları daha çox qorxudurdu. Çünki ortada Polşada baş vermiş Lex Valensa hərəkatının təcrübəsi vardı. Nemətin Azərbaycanın Lex Valensası ola biləcəyi ehtimalı onları narahat etməyə bilməzdi.

«Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə də Azərbaycan xalqının, xüsusən də ziyalıların rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixi var. Fəqət bu tarixdə yaradılan gizli təşkilatların, görülən işlərin heç biri uğura gətirib çıxmamışdır. «Çənlibel»in tarix səhənəsinə çıxdığı ərəfədə də Semaşko adına xəstəxananın həkimi, əslən Güney Azərbaycandan olan Babək Ədalətinin başçılıq etdiyi gizli «Şah İsmayıl Xətai» adlı bir təşkilat fəaliyyət göstərirdi və üzvlərinin də sayı bir xeyli çox idi. «Çənlibel» yarandıqdan sonra təşkilat, demək olar ki, fəaliyyətini dayandırdı və üzvlərinin çoxu tədricən Məhəmməd Hatəminin ətrafında toplaşmağa başladı. Həmin günlərdə Firudin Cəlilov (Ağasıoğlu), Əbülfəz Əliyev (Elçibəy) və əslən Güney Azərbaycandan olan, Azərbaycan Dövlət Universitetində hüquqdan dərs deyən İsmayıl Təriqpeyma da bir araya gələrək, öncə gizli, sonra isə açıq fəaliyyət göstərən «Varlıq» təşkilatı qurmuşdular. Fəqət bu təşkilat da heç bir ciddi fəaliyyəti ilə yadda qalmadı.

Bəs, nədən «Çənlibel» uğur qazandı?

Çünki bunun üçün tarixi şərait yetişmişdi. Bir yandan M. Qorbaçovun «Yenidənqurma» və «Aşkarlıq» siyasəti açıq fəaliyyət göstərməyə, fikrini, qismən də olsa, açıq şəkildə ifadə etməyə imkan verirdi, digər yandan da ermənilərin təxribatçı fəaliyyətləri xalqımızı birləşərək hərəkətə keçməyə, kütləvi şəkildə siyasi mübarizəyə qoşulmağa sövq edirdi. Üstəlik də iş görmək əzmində olan bütün passionar ruhlu ziyalı və gənclər məhz «Çənlibelin» ətrafında birləşmişdilər.

Həmin dövrdə N. Pənahlı çalışdığı L. Şmidt adına zavodda və «Çənlibel» təşkilatında yetərincə məşhur olsa da, eləcə də respublika rəhbərliyində çalışanlar onu yaxşı tanısalar da, hələ geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmırdı. Onun ulduzu 1988-ci ilin 21 martında Azad Əligilin «Aktyorlar evi»ndə təşkil etdiyi Novruz şənliyində parlamağa başladı. «Çənlibel»çilərin zəfər bayramına çevrilən həmin tədbirdə ilk çıxış edən M. H. Hatəmi oldu və həmişəki kimi ağzına qədər dolmuş zalı coşdurdu.

Növbəti çıxış Xəlil Rzanın olmalı idi. Xəlil Rza tribunaya qalxar-qalxmaz dedi:

-İndicə mənə xəbər verdilər ki, Azərbaycan fəhlələrinin lideri Nemət Pənahovu həbs ediblər. Onu həbs edən milisslərə ar olsun!..

Xəlil Rzanın bu təqdimatından sonra Neməti hər kəs Azərbaycan fəhlələrinin lideri kimi qəbul etməyə başladı, amma vaxt gələcək o, ümumxalq liderinə çevriləcəkdi.

«Çənlibel»çilər uzun çalışmalardan sonra, nəhayət ki, Bakıda, Lenin (bugünkü Azadlıq) meydanında ilk kütləvi mitinqi keçirməyə nail oldular. Məhəmməd Hatəmi həmin günləri belə xatırlayır: «Bakıda başlayacaq nümayiş, mitinq, tətillərdən danışmazdan öncə, o vaxtlar qafamda daşıdığım bəzi qənaətlərimi hörmətli oxucuya çatdırmaq istərdim.

Dağlıq Qarabağda və Ermənistanda xalqımıza rəva görülən erməni zülmünə qarşı nümayişlər, mitinqlər, tətillər vasitəsilə dirənməkdən əsas qəsdim rus sovet imperializmi olmuşdur. Sovet xalqları, o sıradan Azərbaycan türk xalqı bu imperializmdən o vaxt xilas ola bilərdi ki, onu iqtisadi yöndən əldən salıb çökdürə və dövlət düzənini pozaydın. Nümayişlər, mitinqlər, tətillər buna ən gözəl vasitə idi. Bundan başqa, haqqında danışılan tədbirlər xalqın canından totalitar rejim qorxusunu çıxardar, onu birləşdirər, milli ruhda tərbiyə edər, Kommunist Partiyası ilə qarşı-qarşıya qoyardı. İmperiya dağıldıqdan sonra ermənilərlə danışmaq çətin olmayacaqdır.

Bakıda ikinci nümayiş 16 may 1988-də olmuşdur.

Bu mitinqlərin həyata keçirilməsində Nemət Pənahlı başda olmaqla, L. Şmidt adına zavodun fəhlələrinin də rolu az olmayıb. Doğrudur, bu rol hələ aparıcı deyildi, amma onu inkar etmək də olmaz.

Meydan hərəkatı, Azərbaycanda başlamış kortəbii milli-müqavimət hərəkatının inkişaf edərək mütəşəkkilləşməyə, siyasiləşməyə doğru getməsində, Xalq hərəkatı liderlərinin yetişməsində mühüm rol oynadı.

17 noyabr-5 dekabr “Meydan hərəkatı”na rəhbərlik edən N.Pənahlının meydanı nizamlı və mütəşəkkil idarə etməsi o dövrdə bütün dünya siyasətçilərini heyrətə gətirmişdi. Həmin dövrdə “meydan hərəkatı” xalqın illər boyu məhv edilmiş inamını özünə qaytardı, xalqın milli mənafe naminə mütəşəkkillik, birlik, mübarizlik kimi mənəvi dəyərlərini aşkara çıxartdı. “Meydan hərəkatı” Azərbaycan rəhbərliyini xalqla hesablaşmağa məcbur edə bildi.­­­

Bununla belə, “meydan hərəkatı” səhvlərsiz də ötüşə bilmədi. Belə ki, heç də mövcud siyasi imkanlardan istifadə edilmədi. Meydanı idarə edənlərin konkret siyasi gerçəkliyə əsaslanan proqramı və ya ssenarisi yox idi. Bu da təbii idi. Əvvəla heç kəsdə bənzər situasiyalarla bağlı heç bir təcrübə yox idi. Təcrübə bilavasitə meydanda əldə edilirdi. Bu üzdən də proseslərə improviztivlik hakim edilirdi. Bəzi hallarda edilən emosional, populist çıxışlar, irəli sürülən qeyri-real tələblər meydana qaragüruhçu əhval-ruhiyyə donu geyindirirdi. Meydanda toxunulan məsələlərin əsasən “Qarabağ problemi” fonunda cərəyan etməsi, Azərbaycanın real suverenliyə malik olmadan bu problemin həll olmasının qeyri-mümkünlüyünün dərk olunmaması, hərəkatı idarə etmək üçün bir kütləvi ictimai təşkilatın yaradılması üçün yaranmış əlverişli vəziyyətdən istifadə edilməməsi, hərəkata rəhbərlik edənlər arasında fikir ayrılıqlarının, şəxsi təkəbbürlərin və liderlik meyllərinin meydana çıxması hərəkatın kobud səhvlərə yol verdiyinə dəlalət edirdi. Lakin etiraf etmək lazımdır ki, başqa cür də ola bilməzdi. Məhz buna görə də, bəzən meydan öz məqsədindən yayınırdı. Meydanda əsas fikir ayrılığı yaranır, siyasi motivlər dini motivlərə çevrilirdi. Meydanda Azərbaycan bayrağı ilə birgə İran, Türkiyə dövlətlərinin bayraqları qaldırılır və Xomeyninin, Atatürkün şəkilləri görünürdü ki, bu da meydanı dağıtmaq istəyən qüvvələrə-Sovet ideoloqlarına və DTK-ya imkan verirdi ki, xalqın ümumi fikrini, milli azadlıq arzularını başqa səmtə çevrilməsinə, pantürkist, panislamist ideyaları ilə pərdələməyə imkan verirdi. Şübhəsiz ki, bu qəbildən olan hallar kiçik qrupların işi idi və fraqmentar xarakter daşıyırdı. Görünür, spontan xalq hərəkatlarında bu cür halların baş verməsi təbiidir. Çünki xalq hərəkatlarına ilk dövrlrdə müəyyən qədər kortəbiilik xas olur, həmin dövrdə vahid siyasi xətt və rəhbərliyin tam bəlli olmaması üzündən hər bir qrup və hətta hər bir kəs öz daxili intiusiyası və fantaziyası əsasında cərəyan edir. Lakin bu, uzun sürmür, zaman keçdikcə mövcud amorfluğu, oturuşmuş prinsiplər əvəz etdikcə, tədricən, yavaş-yavaş hər şey öz yerini tutur. Bu gün eçilmiş yolun qazandırdığı təcrübə işığında çıxış edərək o dövrün hadisələrini və həmin hadisələrin hərəkətvericilərini tənqid etmək çox asandır. Fəqət o dövrdə təcrübəsizlik özünü hər addımda göstərirdi. İşin ən maraqlı tərəfi isə budur ki, insanların bir çoxu ən azı sosialist inqilabları və xalq hərəkatları barədə bəzi nəzəri biliklərə sahib olsalar da, hər gələn yeni gün özü ilə yeni nüanslar və şərtlər gətirirdi ki, dünən qazanılan təcrübə bu günkü şərtlərdə optimal yolu tapmaq üçün çox vaxt yetmirdi. Təbii ki, nəzəri biliklərin də bir o qədər faydası olmurdu. Bir sözlə, hərəkatçılar bəzi hallarda kobud səhvlər edə-edə, öz səhvlərindən nəticələr çıxara-çıxara öyrənir və öyrədirdilər.

Meydan “susdurulduqdan” sonra demokratik və Milli Azadlıq hərəkatında müvəqqəti bir sükunət, nisbi bir durğunluq hökm sürməyə başladı. Əsasən, hərəkat fəallarına qarşı aparılan siyasi represiyalarla izah olunan bu sakitlik əslində keçici xarakter daşıyırdı. Artıq bir şey məlum idi ki, heç bir qüvvə respublikanı bürümüş milli-demokratik hərəkatın genişlənməsinin qarşısını ala bilməyəcək. Belə ki, əgər Qarabağ böhranının daha da, dərinləşməsi, Ermənistanda yaşayan soydaşlarımızın öz yurd –yuvalarından vəhşicəsinə qovulması və.s bu kimi problemlər bir tərəfdən xalq hərəkatının geniş vüsət almasına təkan veriridisə, digər tərəfdən isə, bu proses özlüyündə təbii tarixi təkamülün məntiqi nəticəsi kimi çıxış edirdi. Dəfələrlə tədqiqatçılar tərəfindən qeyd olunmasına baxmayaraq Xalq Hərəkatı gedişində 1988-ci ilin 17 noyabr-5 dekabr hadisələri xüsusi əhəmiyyət kəsb edir və haqlı olaraq “Meydan mərhələsi” kimi xüsusi olaraq araşdırılır.

“Meydan Hərəkatı” bizə nə verdi?

Bu suala düzgün cavab vermək üçün aşağıdakılara baxmaq kifayətdir.



- Dekabrın 5-də sovet ordu hissələri tərəfindən vəhşicəsinə dağıdılan “Meydan” istiqlala gedən olduqca əzablı, lakin şərəfli bir yolun, keyfiyyətcə yeni mərhləsinin başlanğıcı oldu.

- 70 illik Sovet totalitar sisteminin xalqın ürəyində olan dəhşətli qorxu buzunu əsaslı şəkildə sındırdı. Millətin illərlə bağlı qalan dilini açdı. Azərbaycan xalqı 70 ildə ilk dəfə olaraq totalitar sistemin anti-demokratik, anti-insani xarakterini kəskin bir dillə tənqid etməyə başladı.



- Meydan hərəkatı Sovet dövlətinin bayağı milli siyasətinin puçluğunu göstərdi. Leninin milli siyasət ideologiyasının boş sözdən savayı bir şey olmadığını xalqa anlatdı. Xalqımız ilk dəfə duyub hiss etdi ki, Lenin milli siyasəti pərdəsi arxasında SSRİ-də qatı millətçilik, milli şovinizm cücərib boy atmış və bundan bəhrələnən ermənilər bütün dövrlərdə özlərinin avantürist xülyaları, “Böyük Ermənistan” iddiaları ilə yaşayırmışlar. Bu da onu göstərir ki, erməni millətçiləri Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağı bizdən qoparmaq üçün rus şovinistləri, daha doğrusu rus şovinist kommunistləri ilə çoxdan sövdələşmələr aparmışlar.

- Meydan hərəkatı Azərbaycan xalqının milli birliyinin, milli həmrəyliyinin və milli özünüdərkin rəmzinə və təntənəsinə çevrildi.

- Bütöv, vahid, qüdrətli Azərbaycan ideyaları aşılandı. Bu meydanda alim də, şair də, ictimai xadim də, fəhlə də, kəndli də əl-ələ verərək düz 17 gün əsil əzmkarlıq nümayiş etdirdi.

- Bu meydanda milli özünüdərk, azərbaycançılıq, vətəndaşlıq və vətənpərvərlik ideyaları birləşdi. Burada rus da, türk də, ləzgi də, talış da, avar da, tat da, kürd də... bir sözlə, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı adını daşıyan hər kəs Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda Azərbaycan naminə birgə mübarizə apardı.

- Meydan Azərbaycan xalqının düşmənə qarşı birgə mübarizəsinin, sarsılmaz döyüş əzminin simvoluna çevrildi. İnqilabi qaydaları öyrətdi. Tam əminliklə demək lazımdır ki, 4 dekabr meydan döyüşü bizə 20 yanvar 1990-cı ilin dəhşətli gecəsində qaniçən sovet ordusunun qarşısında duruş gətirən yenilməz ruh yetişdirdi. 1988-ci ilin 4 dekabrında rus əsgərlərinin dəyənəyinin ağrılarına mətanətlə cavab verən oğullarımız 1990-cı ilin Qanlı Yanvar gecəsi sinələrini polad tanklara sipər elədi. Azərbaycan oğullarının bu şücaətini, qorxmazlığını və dözümlülüyünü meydan formalaşdırmışdı.

- Meydan hərəkatı Azərbaycan xalqının milli zənginliklə qidalanan kök üstündə siyasiləşməsinin əsasını qoydu. İlk inqilabi dalğalar, siyasi çıxışlar və siyasi təşkilatlar öz təşəkkülünü meydanda tapmışdılar. Meydan hadisələri millətə göstərdi ki, azadlığa gedən yolun ilk cığırı siyasi kamillikdən başlayır.

- Meydanda ilk dəfə olaraq sonradan yaranan və torpaqların, eləcə də Xalq Hərəkatı liderlərinin müdafiəsində əvəzsiz xidmətlər göstərən Milli Müdafiə Komitəsinin əsası qoyuldu. Məhz meydanda yaranmış mühafizə dəstəsi gələcək MMK-nın əsasını təşkil etdi ki, MMK da öz növbəsində Milli Ordunun yaranması və formalaşmasına gətirib çıxardı.

- Meydan hadisələri millətin içindəki dönükləri, xainləri, düşmən dəyirmanına su tökənləri, imperiyaya nökərçilik edənləri saf-çürük elədi. Millət bu meydanda və ondan sonra kimin kim olduğunu, kimin ardınca gedib, azadlığa doğru yürüşə qoşulmaq istiqamətini müəyyənləşdirdi.

- Meydan hərəkatı susdurulduqdan sonra onun fəallarına qarşı başlanan, siyasi repressiyalarla müşayiət olunan dövrün əvvəlində hərəkatda bir süstlük, ətalət duyulmağa başladı. Lakin az sonra hadisələrin gedişi göstərdi ki, əslində bu sükut nisbi xarakter daşıyır və heç bir irtica qüvvəsi Azərbaycanda başlamış olan Milli Azadlıq Hərəkatını boğa bilməyəcək.


Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə