Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 3,79 Mb.
səhifə6/39
tarix13.12.2017
ölçüsü3,79 Mb.
#15394
1   2   3   4   5   6   7   8   9   ...   39

Əbdülvahab Yurdsevər

A.Rüstəmovun yazdığına görə, istiqlal mücahidlərinin gizli təşkilatından bəhs edərkən yazıb ki, «Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, yəni 1920-ci il aprelin 27-dən sonra bir qrup gənc nə etmək, necə fəaliyyət göstərməklə bağlı müzakirələr üçün bir yerə yığışıblar: "Onlarla bağlı istintaq materiallarından görünür ki, ilk yığıncaq aprelin 27-də İçərişəhərdə M. B. Məmmədzadənin evində olub. Bu, 25 nəfərə qədər gəncin toplaşdığı bir yığıncaq idi. Ancaq Abdulvahab Yurdsevərin xatirələrində, xüsusən də, Türkiyədə çap olunmuş xatirələrində qeyd olunur ki, AXC süqut etdikdən sonra onlar ilk dəfə şəhər kənarında C. Cabbarlının evinə yığışıblar. Orada hansı yol tutacaqlarını müəyyənləşdirib və bölgü aparıblar”.

Professor qeyd edir ki, təşkilatın məqsədi yeni quruluşla əlaqə yaradıb ona dəstək vermək və müstəqil Azərbaycana xidmət etmək olub: "Beləliklə, 30 apreldə o zaman Bakı Dövlət Dumasında, indiki şəhər İcra Hakimiyyətinin yerləşdiyi binada 300 nəfərə qədər adam toplaşaraq, hökumətə bəyanat ünvanlayıblar. Onlardan 15 nəfəri bu bəyanatı hazırlayıb. İçərilərində M. Məmmədzadə, C. Cabbarlı, Yurdsevər də olub. İstintaq materiallarına əsasən isə bəyanatı C. Cabbarlı hazırlayıb. Onların bu fəaliyyəti və niyyəti Həmid Sultanov vasitəsilə hökumətə çatdırılsa da, bəyanata heç bir cavab verilməyib. Üç aydan sonra, iyul ayında həmin tərkib yenidən toplaşıblar. Bu zaman bildiriblər ki, hökumət bunlara heç bir dəstək verməyəcək, onları qəbul etməyəcək. Beləliklə, məsələnin heç bir perspektivi olmadığını anlayıblar. Məhz bundan sonra istiqlal mücahidlərinin gizli fəaliyyəti başlayıb”.

A. Rüstəmovun sözlərinə görə, Yurdsevərin sədrlik etdiyi təşkilat iyul ayında gizli fəaliyyətə başlayıb: "Gizli fəaliyyətə başlananda bir neçə sahə diqqət mərkəzində idi. Partiyanın qarşısında məqsəd qoyuldu ki, mütləq hakimiyyətə gəlsin. Yaratdıqları Solçu Müsavat Partiyasının başında Mirzəbala Məmmədzadə dayanırdı. Müavinləri isə Ə.Yurdsevər, C. Cabbarlı, Qasım Qasımzadə Zərgərli və Rəhim bəy Vəkilov idi. Onların gizli fəaliyyətlərinin əsas məqsədi hakimiyyətə sahib olmaq, insanları buna hazırlamaq idi. Bu işdə onlara kömək edən sahənin biri də mətbuat və nəşriyyat idi. Elə bu önəmli sahə də Ə.Yurdsevərə tapşırıldı”» (4).



Mirzəbala Məmmədzadə (gənclik illəri)
Təşkilatın başında duran «Mirzəbala Məmmədzadə 1898-ci ilin avqustun 13-də Bakının yaxınlığındakı Zirə kəndində, balıqçı ailəsində doğulub. Ailələri dolanışıq dalınca, iş tapmaq ümidilə Bakıya köçüb. Şəhərin Çəmbərəkənd adlanan məhəlləsində yaşayıb. Cəfər Cabbarlının əsərlərində də bu məhəllənin adı tez-tez çəkilib. Çünki Cabbarlı da bu məhəllədə yaşayıb.

Mirzəbalanı 1907-ci ildə Bakıda Yeddinci Rus-Tatar məktəbində oxumağa qoyublar. Ruslar türk dilində danışan xalqları tatar adlandırdıqlarından onların açdıqları məktəbi də, teatrı da tatar məktəbi, tatar teatrı adlandırırdı. Mirzəbala 1911-ci ildəYeddinci Rus Tatar məktəbini bitirərək ünlü maarifçi Həbib bəy Mahmudbəyovun açdığı şəxsi məktəbə daxil olub. Onun dünyagörüşünün formalaşmasında, milli şüurda böyüməsində, ərəb və fars dillərini öyrənməsində bu təhsil müəssisəsinin rolu böyükdür. Yaşıdlarından ağlı, fərasəti ilə seçilən Mirzəbala yeniyetməliyindən bədii yaradıcılıqla məşğul olub. Publisistik yazıları və şeirləri dövri mətbuatda görünməyə başlayıb. Hətta 1912-ci ildə İsabəy Aşurbəyovun “Kaspi” mətbəəsində “Nəf elm və yaxud elmin sonu” adlı kitab çap olunub» (9).

Tədqiqatçı alim Əli Şamil yazır ki, «1914-cü ildə Bakı Politexnik Texnikumunun İnşaat Memarliq şöbəsinə daxil olaraq burada rus dilində təhsil alan Mirzəbala həmin il atasını itirib. Atası vaxtsız dünyasını dəyişməsi ailəni çətin vəziyyətə salsa da o. Ruhdan düşməyib. Ailəsinə kömək etmək üçün anasının evdə bişirdiyi şirniyyatı küçələrdə satıb. Yəni məktəbdə oxuya-oxuya xırda ticarətlə məşğul olub. Bununla yanaşı o dövrün qaynar Bakısının müxtəlif fikir cəryanlarının təşkil etdiyi toplantılarda fəal iştirak edib. Cəfər Cabbarlı ilə də yeniyetməlik illərindən başlanan tanışlıqları sonradan sıx əqidə və məslək dostluğuna çevrilib.

M. B. Məmmədzadə hələ gənc yaşlarında olarkən M. Ə. Rəsulzadənin də diqqətini çəkib. Məhəmmədəmin 1915-ci ildən nəşrinə başladığı “Açıq söz” qəzetində əməktaşlığa cəlb edib. I Dünya Savaşı illərində Rusiyada baş verən qarışıqlıqdan nəinki ziyalılar, millətin önündə gedənlər, hətta yeniyetmələr və gənclər də istifadə edərək gizli təşkilatlar qurublar. Mirzabala və Cəfər Cabbarlının da üzv olduğu belə təşkilatlardan biri “Məhəmmədiyyə” adlanıb. Bu təşkilatın üzvləri milli və dini bayramların, mərasimlərin təşkilində fəal iştirak edib və orada söylədikləri şeirlər, oxuduqları mahnılar, göstərdikləri tamaşalarla milli şüuru oyandırıblar» (10).



Mirzəbala Məmmədzadə (yaşlı çağları)

Tədqiqatçının sözlərinə görə, «1914-20-ci illərdə Bakıda çap olunan “Bəsirət” qəzetində də fəal iştirak edən, bir müddət qəzetdə işləyən Mirzəbala buradakı məqalələrində əsas diqqəti sünni-şiə qarşıdurması yaratmaq istəyənlərin tənqidinə yönəldib.

Cabbarlı ilə birlikdə “İttifaqi mütəllimin” və “Qafqaz Tələbələrinin Mərkəzi Komitəsi” təşkilatlarının qurulmasında və təşkilatın idarə olunmasında fəal iştirak edib. Təşkilatların “İttifaqı mütəllim” və “Gənclər sədası” qəzetlərinə redaktorluq edib.

1918-ci ildə Tiflisə getməli olan Mirzəbala həmin ilin iyulundan əvvəlcə həftəlik, sonra isə ayda iki dəfə çıxan “Gənclər yurdu” jurnalını nəşrə başlayıb. “Müsavat” partiyasının nəzdindəki “Gənclər Cəmiyyəti”nin orqanı olan bu jurnal 35 nömrədən sonra 1918-ci ilin 15 noyabrında fəaliyyətini dayandırıb. O Tiflisdə yaşayarkən orada “İki inqilab arasında” kitabını da çap etdirib.

1918-ci ilin 7 dekabrında Azərbaycan parlamentinin açılışından sonra Mirzəbala Cabbarlı ilə birlikdə parlamentdə stenoqrafçı işləyib. 1919-cu ilin oktyabrında isə “Müsavat” partiyasının Bakı komitəsinin üzvü seçilib. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ictimai-siyasi həyatda fəal iştirak etməklə yanaşı dövri mətbuatda olduqca maraqlı və kəskin məqalələrini çap etdirb. “Bakı uğrunda mübarizə” pyesini Azərbaycan Dövlət Teatrı tamaşaya qoyub. Onun ən keşməkeşli həyatı isə bolşevik orduları 1920-ci ilin aprelin 27-də Azərabycanı işğal etdikdən sonra başlayıb.

1920-ci ilin aprelin 28-də Azərbaycan Milli İstiqlal hərəkatının lideri M. Ə. Rəsulzadənin rəhbərliyi altında işğalçılara qarşı gizli müqavimət planı hazırlanıb. Cəfər Cabbarlının evində toplanan təşkilat üzvləri M. B. Məmmədzadəni sədr, Əbdülvahab Məmmədzadəni müavini, Cəfər Cabbarlını isə katib seçib. Müqavimət komitəsinin üzvləri gizli mətbəə yaratmış və beləcə ” İstiqlal” qəzeti nəşrinə başlayıb» (10).



Cəfər Cabbarlı
Əli Şamil daha sonra yazır ki, «Azərabycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçilik, Bakının müxtəlif məktəblərdə müəllimlik edən, Sabir adına kitabxananın idarə heyətində çalışan M. B. Məmmədzadə rəsmi mətbuatla da əlaqəsini kəsməyib. “Yeni yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirib. 1922-ci ildə isə, Bakıda “Azərbaycan türk mətbuatı” adlı kitabı işıq üzü görüb.

Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatları və onların gizli nəşrlərini axtaran Bolşeviklərin xüsusi xidmət orqanları 1923-cü ilin iyulunda “İstiqlal” qəzeti mətbəəsini müəyyənləşdirb, qəzetin mətbəə işçilərini və redaksiya heyətini həbs edib. Milli Müqavimət Komitəsinin sədri və “İstiqlal” qəzetinin redaktoru olan Mirzəbala əvvəllər tutularaq əleyhinə faktlar tapılmadığından duraxıldığına görə gizli şəraitdə daha ehtiyatla işləyib. Ona görə də yoldaşları həbs edildikər o, yenə də gizli fəaliyyətini davam etdirə bilib.

Lakin vəziyyətin çıxılmaz dalana dirəndiyini görən Mirzabala Sovet xüsusi xidmət orqanlarından məharatlə yayınaraq 1924-cü ilin mayında İranın Ənzəli şəhərinə gedə bilib. Sovet kəşfiyatı onu həbs edərək geri gətirməkdən ötrü Həştərxandan Ənzəilyə hərbi gəmi göndərib. Bundan xəbər tutan Mirzəbala bir müddət Tehranda, Təbrizdə, Sulduzda gizli fəaliyyət göstərib, “Yeni Qafqasiya” jurnalına məqalələr yazıb.

1927-ci ildə Sovet kəşfiyyatından qurtulmaq üçün İranı tərk edərək İstanbula gəlib. M. Ə. Rəsulzadənin yaxın silahdaşına çevrilərək “Azəri-türk” , “Odlu yurdu” “Azərbaycan yurd bilgisi” jurnallarında Sovet siyasətinin puçluğunu göstərən məqalələr çap etdirib.

İstanbul Universitetinin hüquq fakültəsində oxuyan M.B.Məmmədzadə azərbaycan mühacirlərinin nəşriyat işinə rəhbərlik edib. M.Ə.Rəsulzadənin 1930-cu ilin avqustun 7-də nəşr etdirdiyi həftəlik “Bildiriş” qəzetinə məqalələr yazan Mirzəbala Məhəmmədəmin Sovetlərin təziqiylə Türkiyəni tərk etməli olanda qəzetə redaktor olub. Lakin onun redaktorluğu da uzun sürməyib. Qəzet bağlanıb və M.B. Məmmədzadə də ölkədən çıxarılıb.

Avropada mühacirətdə olan M.B. Məmmədzadə qəzet və jurnallara məqalələr yazmaqla yanaşı “Milli Azərbaycan hərəkatı, Milli Azərbaycan Müsavat Xalq Firqəsinin tarixi” adlı əsərini tamamlayıb. Əsər 1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində nəşr olunub. II Dünya müharibəsi başlayanda Polşa faşist Almaniyası tərəfindən işğal olunduğundan M.B.Məmmədzadə buranı tərk edərək İstanbula köçüb. Burada “Türk ensiklopediyası və İslam ensiklopediyası” redaksiyasında çalışıb. 1951-ci ildə “Azərbaycan tarixində türk Albaniyası” adlı əsəri çap olunub.

1954-cü ildən 1959-cu ilədək Münhendə ABŞ-ın yaratdığı SSRİ-ni öyrənmə institutunda Qafqaz bölməsinin müdiri vəzifəsində çalışan M.B.Məmmədzadə institut tərəfindən nəşr olunan azərbaycan dilli siyasi jurnala da redaktorluq edib. Bu institutda M.B.Məmmədzadə iki il elmi şuranın sədri, iki il də sədr müavini vəzifəsini icra edib. Çoxlu elmi seminarlar və konfranslar keçirib, dünya ictimaiyyətini kommunist ideologiyasının SSRİ məkanında törətdiyi cinayətlərlə tanış edib.

1955-ci ilin martın 6-da milli istiqlal hərəkatının banisi Məhəmmədəmin Rəsulzadə dünyasını dəyişib. Bundan sonra Azərbaycan milli azadlıq hərəkatına və partiyaya M. B. Məmmədzadə rəhbərlik edib. Dörd il bu vəzifəni layiqincə yerinə yetirən M. B. Məmmədzadə 1959-cu il martın 8-də İstanbul şəhərində ürək xəstəliyindən vəfat edib.

Nə yazıq ki, vətəninin və millətinin azaldığı uğrunda çalışmış bu insanın xidmətləri lazımınca dəyərləndirilməyib. Amma türk dünyasının gəncləri onun əsərlərini sevə-sevə oxuyur, arzularını reallaşdırmaq üçün əllərindən gələni əsirgəmirlər (9).

Ə.Yurdsevərin taleyi isə M. B. Məmmədzadənin taleyindən bir qədər fərqli olub. Belə ki, «Milli fəaliyyətindən dolayı 1923-cü ildə həbs edilən Ə. Yurdsevər 3 illik sürgünə məhkum edilərək Şimali Qafqaza göndərilir. 1926-cı ildə böyük çətinliklə Bakıya qayıdır. Lakin az bir müddətdən sonra yenidən həbs olunur. 11 il həbs cəzasına məhkum olunan Yurdsevər yenidən Yaroslavl düşərgəsinə göndərilir. O, burada məxfi sənədlər əldə edərək Özbəkistanın mərkəzi olan Daşkəndə köçür. Özbək maarifçiləri tərəfindən çox hörmətlə qarşılanan Ə. Yurdsevər bir müddət qız məktəbində müəllim işləyir. Sonra İrana getmək üçün sərhədə yaxın olan Türkmənistanın mərkəzi Aşqabada köçür. Az sonra sərhədi keçərək İrana, paytaxt Tehrana gedir.

Alman, rus, ərəb və fars dillərini mükəmməl bildiyi üçün Ə.Yurdsevər Tehran hərbiyyə məktəbində alman dili müəllimi işləyir. Lakin İranda qalmaq istəməyən Yurdsevər Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən Rəsulzadə ilə əlaqə yaradır. 1936-cı ilin avqustunda həmin şəhərdə keçirilən Müsavat Partiyasının III qurultayına dəvət olunur.

Konfransda iştirak edən Ə.Yurdsevər sonrakı fəaliyyətini Polşada davam etdirir. 1939-cu ildə Polşa işğal edildikdən sonra Türkiyəyə köçür və Baş Nəşriyyat İdarəsində işləməyə başlayır. Burada Yurdsevərin əsas vəzifəsi rus dilində çap olunmuş mətbuatı izləməkdən ibarət idi. 1947-ci ilin sentyabrında Rəsulzadə Almaniyadan Ankaraya köçdüyünə görə Azərbaycan Milli Mərkəzi yenidən fəaliyyətə başlayır.

1949-cu ildən Ankarada "Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulur. Bütün bu tədbirlərdə Ə.Yurdsevər fəal iştirak edirdi. 1950-ci ildə "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ə.Yurdsevərin "Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı kitabı çap olunur. Onun Xurşudbanu Natəvan, Cəfər Cabbarlı, Aşıq Ələsgər, Məhəmməd Hadi, Abbas Səhhət, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanlı, Məhsəti Gəncəvi kimi söz ustalarının həyat və yaradıcılığına dair araşdırmaları özünəməxsus yanaşma tərzi, ciddi mühakimələri ilə diqqəti cəlb edir.

1951-ci ildə Yurdsevərin Ankarada "Azərbaycan Kültür Dərnəyi” tərəfindən "Azərbaycan Dram Ədəbiyyatı” kitabı çapdan çıxır. 1952-ci ilin aprelindən başlayaraq "Azərbaycan Kültür Dərnəyi” Ankarada aylıq "Azərbaycan” jurnalını nəşr etdirməyə başlayır. Yurdsevər də bu jurnalda ilk saydan etibarən Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında məqalələrlə çıxış edib. Həmin ildə onun "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ankarada "Azərbaycan şairlərindən Vaqif və Vidadinin yaradıcılığı” adlı kitabı çap olunub. Qeyd edək ki, publisist o illərdə "Azərbaycan” jurnalının baş redaktoru vəzifəsini də icra edirdi. Onun jurnalın ardıcıl 3 nömrəsində verilən "Azərbaycan dram ədiblərindən C.Cabbarlı” adlı tədqiqat əsərində müəllif Cabbarlının həyat və yaradıcılığını addım-addım izləyir, əsərlərinin mövzusunu, ideya istiqamətini dəyərləndirir.

Yurdsevər Cabbarlının sovet rejimi dövründə amansız təqiblərə, təhqirlərə, təzyiqlərə məruz qaldığını, bütün bu fiziki-mənəvi işgəncələrə rəğmən, "Sifarişlə sənət olmaz” söylədiyini, elə buna görə də intihara məcbur edildiyini göz yaşı ilə yazır. O göstərir ki, Cəfərin ölümü ilə bağlı sovetlərin yazdıqları yalan, iftira və riyakarlıqdan başqa bir şey deyildi. Yurdsevər Cabbarlını "Azərbaycan dram ədəbiyyatının tacı”, "əli-qolu sovet zəncirləri ilə sıx-sıx bağlı bir düha”, "adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə qeyd etdirmiş şair” deyə xarakterizə edirdi. İstedadlı tədqiqatçı olan Yurdsevərin Məhəmməd Hadinin həyat və yaradıcılığı barədə məqaləsi də maraqlı faktlarla zəngindir. Hadi irsini və şəxsiyyətini böyük məhəbbətlə araşdıran müəllif bu istiqlal şairinin vətən, millət sevgisilə dolu şeirlərini yüksək qiymətləndirirdi. O ədəbiyyat tarixinin tədqiqi ilə yanaşı, digər mövzularda da maraqlı məqalələr yazıb. Onun "Ergənəkon bayramı”, "Atatürk və xaricdəki türklər”, "Təbii bir müttəfiq”, "Məhkum millətlər cəbhəsi”, "Fikirdə, sözdə, işdə birlik”, "21 Mart - Qurtuluş bayramı”, "23 Aprel - Milli hakimiyyət günü”, "Demokratların qayə birliyi”, "Sovetlərin din düşmənliyi” və s. onlarla məqaləsi Yurdsevərin istedadlı tədqiqatçı, həm də sözün böyük imkanlarından bacarıqla istifadə edən mahir publisist olduğuna dəlalət edir.

1959-cu il martın 8-də M.B.Məmmədzadənin vəfatı ilə əlaqədar Azərbaycan Milli Mərkəzinə Yurdsevər rəhbərlik edib. O, uzun müddət həm siyasi, həm də mətbu sahədə çalışıb. Azərbaycan mətbuatını mühacirətdə yaşadanlardan biri olub. Ə.Yurdsevərin "Azərbaycan” jurnalında nəşr edilən "Azərbaycan istiqlal savaşından səhnələr” əsəri yalnız tarixi-publisistik əhəmiyyətinə görə deyil, həm də XX əsrdə bolşevik işğalına qarşı mücadilə tariximizi öyrənmək üçün çox ciddi və faydalı bir mənbə hesab olunur» (5).

Azərbaycan xalqının «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixindən söz açarkən İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Kamil Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev və Gülhüseyn Abdullayevin (Gülhüseyn Hüseynoğlu) 1942-ci ildə qurduqları «İldırım» adlı milliyyətçi anti-sovet təşkilatından da yan keçməmək lazımdır. İsmixan Rəhimovun xatirələrindən belə məlum olur ki, təşkilat üzvləri içərisində yeganə yazıçı Gülhüseyn Hüseynoğlu olduğundan ona xalq arasında iş aparmaq, Azərbaycanın SSRİ tərkibindən çıxaraq müstəqillik əldə etməsinin vacibliyi ideyasını yaymaq tapşırılmışdı. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna  məktub yazıb ondan dəstək istəsinlər. G. Hüseynoğlunun diktəsilə İ. Rəhimov  çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar.

İldırım” təşkilatının üzvləri
Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci  ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G. Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər (4; 8).

Tanınmış romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin  mayında "İldırım"çılar evlərinə qayıdırlar (4; 7).

Bir il sonra, yəni 1956-cı ildə iki gənc - Çingiz Abdullayev və Cahid Hilaloğlu Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını Qız qalasının üzərində dalğalandırmaqla xalqımızın mübarizə ruhunun ölmədiyini bütüm dünyaya sübut edirlər.

Əli və Əzizə Şamillərin araşdırmalarından belə aydın olur ki, «Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda doğulub. Deyilənə görə, ailə İrandan köçübmüş. Cahid ilk vaxtlar Şirinov soyadını daşıyıb. Ailə Cahidin kiçikliyində Bakıya köçüb. Atası neft mədənlərində çalışır, Cahid də 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda Cahid sovet qoşunlarına qoşularaq, ata-anasından xəbərsiz, Arazı keçir. 13 yaşlı Cahid iki il İran Azərbaycanında qalır. Başına olmazın işlər gəlir və axırda Bakıya dönə bilir…



Çingiz Abdullayev və Cahid Hilaloğlu

Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Yeniyetmə çağlarından diribaşlığı, hər şeyə şübhə ilə yanaşması, sözü üzə deməsi özünə diqqət oyadıb. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və Cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb. Vəssalam. Çingizin uşaqlığı barədə bundan artıq məlumat almaq mümkün deyil…

1947-ci ildə Cahid Bakıdakı 13 saylı orta məktəbi bitirərək, Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Təsadüf onu eynən özü kimi düşünən bir gənclə qarşılaşdırır. Bu, Çingiz Abdullayev idi. Uzun söhbətlərdən, fikir mübadiləsindən sonra gizli tələbə dərnəyi qurmağa, sovet quruluşunun eybəcərliklərini pisləyən vərəqələr yazıb divara vurmağa qərar verirlər. Bu vərəqələrdə əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar!

Vərəqələr, təbii ki, xüsusi xidmət orqanlarının nəzərindən yayınmır. Onu divara vuranları aşkarlayırlar. Çingiz 1948-ci ildə «dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq»da ittiham edilərək üç il həbsə məhkum olunur. Onu Teatr İnstitutundan da xaric edirlər. Dərnəyin başqa üzvlərini tənbeh etməklə kifayətlənirlər. Həbsdən sonra Çingizə Bakıda yaşamağa və işləməyə icazə vermirlər. Ancaq Çingiz müxtəlif yollarla Cahidlə bağlantı qurur…» (6).

Əldə olan məlumatlara görə, «1956-cı il. Gündəmdə Stalinin şəxsiyyətinə pərəstişlə bağlı kommunist idarəçilərin öz təşəbbüsüylə və gizli məktublardan qaynaqlanan şayiələr dolaşır.

Mir Cəfər Bağırovun məhkəməsi gedir. O məhkəməyə qatılmağa 2-cə saatlıq buraxılış kağızı alanlar, qorxa-qorxa da olsa, daha sonra inanılmaz məsələlərdən söz açırlar. Bir sözlə, siyasi ab-hava dəyişir və gözlərdən böyük bir sual işarəsi oxunur…

1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın qatıldığı mitinq keçirilir  və sovet ordusu bu mitinqi vəhşicəsinə dağıdır. Nəticədə ölənlər, tutulanlar olur. Bu əhvalat gənclərin etiraz ruhunu daha da alovlandırır.

Cahidlə Çingiz xaricə getməyə, mühacirətdə olan Azərbaycan Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyə, daha sonra BMT və digər beynəlxalq təşkilatlarla bağlantı qurmağa, Azərbaycanın acınacaqlı durumunu dünyaya çatdırmağa qərar verirlər» (5).

Gənclərin İran yolunu seçdiklərini söyləyən S. İsmayıllı yazır ki, «Mədəniyyət Nazirliyinin xətti ilə sərhəd məntəqəsi olan Lerikdə işə düzəlmək və ordan xaricə keçmək baş tutmayanda, (bu barədə ötən yazıda geniş yazmışıq – S.İ.) Çingiz qeydiyyatdan çıxmaq ümidi ilə Moskvaya gedir və orada başqa yollar aramağa başlayır. Cahidlə telefon söhbətlərində aradığı yollardan da danışır və onu, lazım gələndə, Moskvaya çağıracağını bildirir.  ABŞ səfirliyi ilə bağlantı qura bilsə də, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) onun görüşlərindən xəbər tutur və o, həbs olunur. Çingiz 10 il həbs kəsilir. Bir il sonra ədliyyə nazirinə yazdığı ifşaedici məktubdan sonra onun işinə yenidən baxılır. Cəza müddəti bir il də artırılır və o, Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya,  təkadamlıq kameraya göndərilir…

1956-cı ilin mayında Çingizin taleyindən xəbərsiz Cahid Bakıda dostundan ayrı fəaliyyətə başlayır. O, Çingizin artıq xaricdə olduğunu güman edir və Bakıda qalan həmfikirlərini başına toplayaraq mayın 28-də Cümhuriyyətin yaranışını məxsusi qeyd etməyi – Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmağı qərarlaşdırır…» (6).

Tədqiqatçı daha sonra yazır: «Doğrudan da, Cahid indi kiçik uşaqların da rənglərini əzbər bildiyi o bayrağı necə düzəldə bilir? Görünür, bu milli dövlət rəmzinin hansı rənglərdən oluşması, üstündəki səkkizguşəli ulduz və aypara barədə gənclərin məlumatı olub. Çingizin yaxın qohumu Türkiyədə mühacirət həyatı sürmüşdüsə, bayrağın təsvirini Cahidə elə Çingiz də söyləyə bilərdi. Bəs bayraq necə hazırlandı? Yəqin ki, bunu heç vaxt öyrənə bilməyəcəyik. Axı istintaq işində bayrağın adı belə çəkilmir. Əli Şamil demişkən, bu inanılmaz hadisə ancaq yaddaşlarda qalıb, özü də çox möhkəm!..

1963-cü ildə sakit oturmadığını görüb Çingizi Mordvadakı xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə, 1964-cü ildə isə Ümumittifaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna  «müayinəyə» göndərirlər. İnstitutun direktoru – DTK-nın ilk rəhbərlərindən F. E. Dzerjinskinin qızı M. F. Talsenin başçılıq etdiyi komissiya 1956-cı ildə Çingiz  Abdullayevə «anlaqlı» diaqnozu qoysa da, 9 il sonra o, «anlaqsız» hesab edilir. Beləcə, Çingiz  Yaroslavl vilayətinin Rıbinsk şəhərinə – SSRİ Daxili İşlər Nazirliyinin xüsusi tibbi-psixiatrik xəstəxanasına məcburi müalicəyə, daha sonra Sçov şəhərindəki xəstəxanaya göndərilir. 1968-ci ildə Smolensk vilayətinin  Sçov şəhər xalq  məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına yollayırlar…

Başı çox müsibətlər çəkmiş Çingiz Vətənə döndüyünə sevinmir. Xəstəxananın baş həkimi onunla pis davranır. Üstəlik, olub-keçənlər onun səhhətinə pis təsir edir. Mədəsində və onikibarmaq bağırsağında   xora və pankreatin xəstəliklərinə tutulur…

Tibbi komissiya ona ikinci qrup əlillik verir. Ən maraqlısı, Çingiz burada onun kimi məcburi «müalicəyə» göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb  onun  qohumlarına  göndərir.



Azərbaycanlı dessident Nadir Ağayev
14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu «müalicəxana-həbsxana»dan azad edirlər.

İkinci qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Ancaq… burada da fikirlərini azad söyləyir, sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar ki, Çingiz  Abdullayev ağıl pozuntusundan belə danışır…» (6).

Əldə olan məlumatlara görə, «Azadlığa çıxmaq özünü həmişə «xalqlar həbsxanası»nda hiss edən Çingiz Abdullayevə rahatlıq gətirmir. O, xaricə getmək planları qurur. Moskvaya gedir. 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar. 

Əli və Əzizə Şamillərin araşdırmasından aydın olur ki, Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır…

Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirir. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar...

Çingiz Abdullayev Maştağadan bir də sovetlərin çöküşündən sonra çıxa bilir. O, yenidən İsveçrədən siyasi sığınacaq istəyir. Araşdırmada vurğulanır ki, 1991-ci ildə qocalıb əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. 1947-ci ildən başlanan mücadilə 1991-ci ildə – 44 ildən sonra gerçəkləşir. Araşdırma qrupu onun son sorağını 1998-ci ildə Bern şəhərindən alıb. Ondan sonra Ç.Abdullayevdən soraq verən olmayıb... Öldüsü-qaldısı bilinmir…

Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu ovaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Əli Şamilin dediyinə görə, həmin illərdə tanınmış aşıq Mikayıl Azaflı da yazdığı şeirlərə görə yox, oğurluğa görə tutulmuşdu. Özü də, palto oğurluğuna görə! Gülünc də olsa, bir neçə aydan sonra Cahid Hilaloğlunu da palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır...» (7).

XX əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetinin Respublika tələbə hərəkatının mərkəzinə çevrildiyini diqqətə çatdıran M. Zülfüqarlı Ə. Elcibəyə istinadən qeyd edir ki, «1971 - 1974-cü illərdə Universitetdə tələbə hərəkatı özünü büruzə verdi. Məqsəd gəncliyi gələcəyə hazırlamaq idi» (3, s 9; 11, s. 12).

Tədqiqatçının yazdığına görə, «Etibar Məmmədovun rəhbərliyi ilə 1974-cu il oktyabrın 24-ü saat 18–00-da BDU-nun tarix fakultəsinin yerləşdiyi (Indiki Iqtisad Universitetinin binası) binanın 3-cü mərtəbəsində yarıqaranlıq bir auditoriyada kecirilmiş iclasda gizli təşkilatın əsası qoyuldu.

Təşkilatın əsas fəaliyyət istiqamətləri Azərbaycanın müstəqilliyi, cənubi Azərbaycanla şimali Azərbaycanın birləşməsi ideyalarını yaymaq, ölkəyə rusların axınının qarşısını almaq, beynəlmiləlçilik bayrağı altında Azərbaycan xalqının ruslaşdırılmasına qarşı etiraz etmək, Respublikanın sərvətlərinin Moskva tərəfindən istismarına qarşı çıxmaq, dövlət idarələrində ana dilinin dövlət dili kimi işlədilməsinə nail olmaq və s. məsələlərdən ibarət idi.

E. Məmmədov carizmin və kommunist rejiminin müsəlman əhaliyə qarşı ayrı-seçkilik siyasətini faktlarla ifşa edərək yazırdı: «Rus imperiyası yaranandan bəri xristian və müsəlman əhalisinə munasibətdə ikili siyasət yeridilirdi. Əgər işğal edilmiş ərazilərin əhalisi xristian idisə, idarəcilik sistemi əsasən yerli zadəganları qulluğa qəbul edib, onlara arxalanmaqla qurulurdu. Müsəlman regionlarında isə köklü zadəgan nəsilləri fiziki cəhətdən məhv edilir, mühacirətə məcbur olunur və s. vasitələrlə sıradan cıxarmaqla tamamilə idarəçilikdən uzaqlaşdırılırdı. Qalan zadəganlar isə hüquqları məhdudlaşdırılmaqla imperiyadan tam asılı vəziyyətə salınırdı».


Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə