Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 388,9 Kb.
səhifə1/4
tarix14.01.2018
ölçüsü388,9 Kb.
#20618
növüYazı
  1   2   3   4


Bəxtiyar Tuncay
«Dədə Qorqud» eposunda gizlənən tarix

Folklor abidələri içərisində dastanlar tarixilik baxımından xüsusilə böyük önəm daşımaqdadırlar. İ. Sadıq yazır ki, «hər bir dastan xalqın özü tərəfindən yazılmış tarixidir. Burada söhbət sözün həqiqi mənasında yazılmaqdan yox, yaddaşlara yazılmaqdan gedir. İstənilən muəllifli əsərdə muəllif öz subyektiv fikirlərilə tarixə mudaxilə edir, onu şəxsi duşuncə süzgəcindən kecirir. Dastanlar isə qərəzsiz yazıldığına görə, daha dürüst və etibarlı tarixi qaynaqlardır» (69, s. 108). Bu baxımdan təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri və həm də birincisi «Kitabi-Dədə Qorqud» eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. «Kitabi-Dədə Qorqud» monumental sənət abidəsi, söz gövhəri, bəşəri bir «Oğuznamə»dir. T. Hacıyevin fikrincə, «Kitabi-Dədə Qorqud» qəhrəmanlıq dastanı tarixin şifahi dərsliyidir. «Bugünkü mənasında kitabdır, həm də məhz dərslik kitabıdır və “Dədə Qorqud kitabı” Oğuz tarixinin yazılı dərsliyidir» (39, s. 104).

"Dədə Qorqud" boylarını 30-cu illərin əvvəllərində öyrənməyə başlamış, eposu 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirmişdir. Almaniya, Türkiyə, Rusiya kimi ölkələrdə tədqiq olunan eposa bir "Azərbaycan ədəbi abidəsi" kimi yanaşmış, "onun dilinin məhz Azərbaycan dili qanun-qaydalarına daha çox uyğun gəldiyini elmi əsaslarla göstərmişdir"... Həmid Araslının "Dədə Qorqud" eposu ilə bağlı fəaliyyəti bununla bitmir. Akademik V.Bartoldun eposun rus dilinə tərcüməsini 1950-ci ildə geniş qeyd və izahlarla, əlavələrlə folklorşünas M.H.Təhmasiblə birlikdə Bakıda çap etdirmişdir. Nəşrin əhəmiyyətli və dəyərli olmasını təsdiq edən fakt budur ki, sonralar həmin tərcümə variantı V. Jirmunski və A. Kononov tərəfindən əsas götürülmüşdür.



Azərbaycan dastanşünaslığının tədqiqi yarıməsrlik dövrünü (1961-2016) əhatə edir ki, bu dövr milli eposşünaslığımızın inkişafında önəmli tarixi mərhələdir. Həmin dövr ərzində aparılmış tədqiqatların leytmotivini təşkil edən tarixililik, daha doğrusu dastanlarımıza tarixilik prizmasından yanaşma sayəsində dastan yaradıcılığının ayrı-ayrı mərhələlərinin tədqiqi qarşılıqlı müqayisələrə əsaslanır. Bu baxımdan Azərbaycan tədqiqatçılarından H. Araslı (6), M. H. Təhmasib (75), T. Hacıyev (37), N. Cəfərov (16), A. Nəbiyev (57), İ. Abbaslı (1), P. Əfəndiyev (25; 26), Ş. Cəmşidov (20), S. P. Pirsultanlı (62; 64), K. Abdulla (3), B. Abdulla (2), M. Cəfərli (15), F. Bayat (11; 13) və s., Türkiyədən O. Ş. Gökyay (33), B. Ögel (59) və başqalarının xüsusi rolu və xidməti olmuşdur. Bu sırada V. Bartold (90), V. Jirmunski (98) və s. kimi rus alimlərini də unutmamalıyıq.

 Bahadırlıq və qəhrəmanlıq dastanı olan «Dədəd Qorqud» eposun iki əlyazması məlumdur. Bu əlyazmaların biri və daha mükəmməli Almaniyanın Drezden muzeyində saxlanılır. Bu əlyazma giriş və on iki boydan ibarətdir, əsərin ikinci əlyazması girişdən və yalnız altı boydan ibarətdir. Buradakı boylar orta əsrlərin ilkin çağlarının həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el ozanı Dədə Qorqudun dilindən söylənilir. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, basqın və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.

«Kitabi-Dədə Qorqud»un hər boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçuqda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki, «Kitabi-Dədə Qorqud» məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidir. Əsərdəki bir çox yeryurd adları bizim günümüzdə də həmin adlarla tanınmaqdadır.

Oğuz elinin başçısı Qamğan oğlu Bayındır xandır. Onun əsərdə yalnız adı çəkilir, onunla bağlı heç bir əhvalat söylənilmir. Oğuz elinin baş qəhrəmanı Ulaş oğlu Qazan xan və onun ətrafında olan bahadırlardır. El-obanı yağılardan, azğın kafirlərdən qorumaq, doğma yurdun şərəfini qorumaq onların üzərinə düşür. Düşmənləri diz çökdürən oğuzlarda daxili ədavət də ziddiyyətlərdən törəyir. Öz dayısının başını kəsən Salur Qazan bununla xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını alsa da, hər halda oğuzun oğuza əl qaldırması faciədir, arzuolunmaz hadisədir.

Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdırlar. Oğuzlar öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tar-mar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.

Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət vardır. Burada ana haqqı tanrı haqqına bərabər tutulur. «Salur Qazanın evinin yağmalanması boyu»nda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli, namuslu el qızlarıdır.

Oğuzlar çətinə düşəndə tanrıya sığınır, onu köməyə çağırırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.

Dastanın tədqiqində, təbliğində və ədəbiyyatımıza qazandırılmasında H. Araslının xüsusi yeri və rolu olmuşdur. Araşdırıcıların yekdil fikrinə görə, H. Araslı "Dədə Qorqud" boyları ilə bağlı araşdırmalarını iki istiqamətdə aparmışdır. Belə ki, bir tərəfdən folklorşünas alim eposun əlyazmalarını diqqətlə öyrənməyə çalışmış, nüsxə fərqlərini aşkara çıxarmaq üçün alim fədakarlığı göstərmişdir. Görkəmli folklorşünas eposun əlyazmalarındakı oxunması çətinliklər törədən sözləri, ifadələri düzgün oxumaq üçün gərgin günlər yaşamışdır” O “ikinci bir tərəfdən "Dədə Qorqud" boyları obrazlarının təhlili istiqamətində qələm çalmışdır. Eposa yazdığı ön sözdə, eləcə də başqa məqalələrində H. Araslı Qazan xan, Qaracuq Çoban, Buğac, Basat və başqa obrazlar barədə dəyərli fikirlər yazmışdır. Bu baxımdan eposun qadın qəhrəmanları barədə dəyərli ədəbi-estetik mülahizələr bu gün də öz əhəmiyyətini saxlamaqdadır” onun “eposla bağlı ilk məqalələri 1938-ci ildə dövri mətbuatda görünmüşdü. Sonrakı illərdə də Araslı "Dədə Qorqud" eposuna qayıtmış və buna görə o vaxtlar haqsız tənqid və təqiblərə məruz qalmışdır. Belə ki, o vaxtlar "Dədə Qorqud"  boylarına millətçilik damğası vurulmuşdu. Bolşevik ideologiyası "Dədə Qorqud" dastanlarını milli folklorumuz, mədəniyyətimiz üçün yad bir əsər kimi qələmə verirdi. Yuxarıdan belə bir göstəriş verilmişdi ki, epos orta və ali məktəb dərsliklərindən çıxarılsın.

Məlum olduğu kimi XX əsrin 30-cu illərində “Kitabi-Dədə Qorqud”a qarşı əsassız hücumlar olmuş, onun Azərbaycan xalqına heç bir aidiyyatı olmadığı haqda qərəzli fikirlər səsləndirilmişdir. Repressiya illərində «"Dədə Qorqud"  boylarına millətçilik damğası vurulmuşdu. Bolşevik ideologiyası "Dədə Qorqud" dastanlarını milli folklorumuz, mədəniyyətimiz üçün yad bir əsər kimi qələmə verirdi. Yuxarıdan belə bir göstəriş verilmişdi ki, epos orta və ali məktəb dərsliklərindən çıxarılsın”. Bunun arxasında rus şovinist dairələrin, eləcə də erməni milliyətçilərinin durduğu hər kəsə bəlli idi. Alim "Kitabi-Dədə Qorqud"un nəşri ilə bağlı haqsız tənq, təzyiq və hücumlara məruz qalırdı. Bununla belə, öz prinsipiallığından dönmür, öz haqlı mövqeyini çəkinmədən, qətiyyətlə müdafiə edir, "Kitab"la əlaqədar söylənilən mənfi rəy və fikirlərin müqabilində "günahını" boynuna almırdı. “O, müzakirələr zamanı KDQ boylarının milli folklor mədəniyyətimiz üçün yad olmadığını bildirməklə, onun ədəbiyyat tarixindən, irsliklərdən çıxarılması barədə qərəzli göstərişlərin xüsusi məqsəd daşıdığını dəfələrlə qeyd etmişdir”» (8).

Belə bir şəraitdə sinəsini qabağa vermək və xalqımızın ana kitabının müdafiəsinə qalxmaq hər oğulun işi deyildi. Lakin Həmid Araslı çoxsaylı təzyiq və təhdidlərdən çəkinməyərək, rəhbər orqanların bu son dərəcə ədalətsiz və heç bir ölçüyə sığmayan qərəzli mövqeyinə qarşı daim öz etiraz səsini yüksəltmiş, araşdırmalarına bircə an belə ara vermiş, daha da irəli gedərək 1957-ci ildə mart ayının 26-da "Kommunist" qəzetinin 71-ci nömrəsində Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif, Məmmədhüseyn Təhmasiblə birgə “Dədə Qorqud dastanları” adlı bir məqalə çap etdirmiş və “Kitabın” müdafiəsinə qalxmışdır (7).

Yuxarıda söylənilənlərlə bağlı "Kitabi-Dədə Qorqud" Ensiklopediyasında qeyd edilir ki, “Bir neçə il sonra “Dədə Qorqud”a bəraət verilməsi zamanı H.Araslı və respublikanın görkəmli alimləri M. Arif, Ə.Dəmirçizadə, M.H.Təhmasibin birlikdə yazdıqları “Dədə Qorqud” dastanları” adlı məqalə (“Kommunist” qəzeti, 17, 26 mart 1957) abidənin Azərbaycanda öyrənilməsi və nəşrinə qarşı olan ən ağır dövrə yekun vurdu. Məqalədə KDQ boylarının türk xalqlarının folkloru, qəhrəmanlıq tarixi, mədəniyyəti və etnoqrafiyasının qədim köklərini öyrənmək, araşdırmaq baxımından əvəzsiz əhəmiyyəti açıqlanmışdır” (8).

Ensiklopediyada daha sonra deyilir: “H. Araslı həmin ildə “Xalq ədəbiyyatının qiymətli abidəsi – Dədə Qorqud”un yeni əlyazması” (Vatikan nüsxəsi, Ettore Rossi, 1952) adlı məqaləsini (“Ədəbiyyat və incəsənət” qəzeti, 13 iyul 1957) yazmışdır. O, ömrünün sonuna qədər KDQ-nin araşdırılması və nəşri sahəsində elmi fəaliyyətini dayandırmamışdır. Milli mənəvi sərvətimiz olan dastanların (“Koroğlu”, “Aşıq Qərib”, “Şah İsmayıl”, “Qurbani” və digərlərinin) araşdırılması və nəşri daim alimin diqqət mərkəzində olmuş, bu dastanların KDQ boylarının motivləri ilə müəyyən cəhətlərdən bağlılığını açıqlayan mülahizələrini bildirmişdir. H. Araslı həm də KDQ abidəsinə həsr edilmiş bir sıra mötəbər elmi tədbirlərin, simpozium və konfransların iştirakçısı olmuşdur. 1957 ildə Türkiyə Dilçilik cəmiyyətinin VIII qurultayında “Dədə Qorqud” haqqında, 1960 ildə XXV Beynəlxalq konqresdə “Dədə Qorqud”da və Nizami yaradıcılığında Azərbaycan xalq eposları motivləri” (“Мотивы Азербайджанского народного эпоса в “Деде Коркут” и в творчестве Низами”) mövzularında oxuduğu məruzələri müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir” (8).

«Kitabi-Dədə Qorqud» oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur. Y. Mahmudov təsadüfən yazmır ki, “Kitabi-Dədə Qorqud” türklüyün, o cumlədən Azərbaycan tarixinin öyrənilməmiş dünyasıdır (55, s. 35). Bəli, həqiqət budur ki, tariximizin araşdırılması zamanı dastanlarımıza hələ də tarixi qaynaq kimi müraciət edilməsinə təsadufi hallarda rast gəlirik. N. Dəmir bu mövzuya toxunaraq qeyd edir ki, «dastanlar millətlərin ensiklopediyasıdır. Tarixi ünsürlərin yanında millətlərin kecmişdəki gələnək, görənək və yaşayış tərzləri ilə ilgili olaraq bəlkə də heç bir qaynaqda rast gəlinməyən bilgilər dastanlarda yer almaqdadır» (56, s. 355). Onun bu fikri ilə razılaşan İ. Sadıq bildirir ki, «astanlardan tarixi qaynaq kimi istifadə etmək üçün birinci növbədə, onlardakı gerçəklikləri duymağı və görməyi bacarmaq lazımdır. Bu tarixi gercəklikləri duymağı və görməyi bacarmayanda onlardan istifadə etmək xeyli cətinləşir (69, s. 108).

“Dədə Qorqud” eposunda əcdad kultu kompleksində Qorqud Ata obrazı xüsusi diqqət çəkir. R. Əlizadənin fikrincə, arxaik strukturunu qoruyub saxlamış obraz kimi Qorqud Ata eposun müqəddimə və boylarında həm bir övliya, həm də ulu əcdad olaraq əksini tapıb: “Eposun oxunuşu zamanı aydın görünür ki, Qorqud Ata funksional baxımdan bir çox mifoloji varlıqlara (Boz qurd, Xızır, Uluq Türük, Domrul və s.) yaxınlaşmış, mərasim hamisinə xas özəllikləri daşımış və eyni zamanda mədəni qəhrəmana aid edilən cizgilərə də sahib olmuşdur. Diqqəti cəlb edən başlıca elementlərdən biri budur ki, Qorqud Ata mərasim hamisi obrazında çıxış edərək əcdadlar dünyasına, yaxud axirət aləminə bağlanır. Bu bağlantı Qorqudun möcüzəli yolla dünyaya gəlişini, yaşamını və ölümünü açıq şəkildə təqdim edir” (30, s. 100).

Ə.Nəvai türklər arasında çox məşhur olan bu şəxsin, olacaqları öncədən xəbər verdiyinə işarə edərək, onu böyük övliya kimi xarakterizə etmişdir (61, s. 12).

Maraqlıdır ki, başqırdların mərasim nəğmələrində Qorqud bir sehrkar kimi təqdim edilir, onun yaman ruhları qovmaq gücünə sahib olduğuna inanc diqqət çəkir. Bir sözlə, o, qam (şaman) kimi tərənnüm edilir. Qorqud Atanın fəlakətlərdən hifzetmə qüdrətinə inanmış baxşılar bunu belə dilə gətirmişlər: “Ölü desəm, ölü eməs, tiri desəm, tiri eməs, Ata Qorqud övliya” (104, с. 47).

Əfsanələrin dəyişik variantlarında Qorqud ağsaqqal, qopuzu yaradan şaman olaraq göstərilir. «Dədə Qorqud» eposunda şaman tipində funksiya yerinə yetirən digər bir obraz Bayındır xandır. Bunu onun adındakı «bay» sözü və atasının qam (şaman) olması da təsdiqləyir (30, s. 101).

Tarixi mənbələr Dədə Qorquddan real tarixi şəxsiyyət kimi söhbət açır. Məsələn, Rəşidəddinin “Came-əttəvarix”inin Türkiyə nüsxəsində Dədə Qorqudun VII əsrdə, Həzrət Məhəmmədin (s.a.s) dövründə yaşadığı bildirilir. Salnaməçi qeyd edir ki, «o, Məhəmməd (s.a.s) peyğəmbərlə şəxsən görüşmüş, ondan dərs almış və dörd oğuz hökumətinin vəziri olaraq 295 il ömür sürmüşdü» (20, s. 76). Dədə Qorqudun real tarixi şəxsiyyət olduğu, hətta məzarının Dərbənddə yerləşdiyi məlumdur. Məsələn, Övliya Çələbi Qafqazda olarkən Dərbənddə Dədə Qorqudun  müqəddəs qəbri  və 40-lar qəbristanlığı barədə indi də öz elmi-tarixi əhəmiyyətini itirməyən rəvayətlər qələmə almışdır. Vaxtilə Azərbaycanda olmuş alman səyyahı Adam Oleari də Dədə Qorqud haqda yerli camaatdan çoxlu rəvayətlər eşidib. O yazıb ki, Dədə Qorqudun məzarı Dərbənddə, Qazan xanın qəbri Təbrizdə Acıdərə çayının sahilində, Burla xatunun qəbri isə Urmiya qalasındadır.

AMEA Tarix İnstitutunun direltoru Y. Mahmudov verdiyi müsahibələrin birində bildirib ki, «Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda, qayalardan birində olması ilə bağlı ilk mənbədən məlumatımız, hətta şəkil materialları da var» (86).

Belə hesab edilir ki, eposun əsas personajlarından olan Qaraca Çoban da real tarixi şəxsiyyət olub və «Qaraçuq dağının Xocavənd ərazisində yerləşməsi, yerli əhali arasında Qaraca çobanla bağlı rəvayətlərin dolaşması onu deməyə əsas verir ki, dastanda bəhs olunan hadisələrdən bəziləri məhz Nərgiztəpə yaxınlığında baş verib. Buradakı qədim qəbiristanlıqda qəbirin birinin də məhz Qaraca çobana aid olduğu güman edilir» (74).

Tarixçi alim D. Əzimli yazır ki, «maraqlı məqamlardan biri də Dədə Qorqudun tarixi şəxsiyyət olması və hansı dövrdə yaşaması ilə bağlıdır. Bu məsələdə fikirlərin haçalanması dastanların ayrı-ayrı dövrlərdə yarandığının bariz nümunəsidir. Tərcüməçilərin bəziləri belə hesab edirlər ki, Dədə Qorqud oğuzların X-XI əsrlərdə Yenikənddə (paytaxt) hökmranlığı vaxtı dövlət xadimi, diplomat olmuşdur. Kiçik Asiyada isə o, müqəddəsləşdirilmiş, övliya səviyyəsinə qaldırılmış əfsanəvi bir adama çevrilmişdir. Burada belə bir fikir də müdafiə olunur ki, dastanlar çox ehtimal ki, ilk dövrlərdə şeirlə yazılmış, sonralar isə ozan olmayan bir sıra şəxslər tərəfindən yazıya köçürülmüşdür (48, s. 8-9)… Bizi maraqlandıran onun doğum tarixinin belə müxtəlif dövrlərlə təqdim olunmasıdır. Bəzi tərcüməçilər tərəfindən onun doğulduğu və yaşadığı dövr X-XI əsrlər göstərilsə də, dastanın özündə Rəşidəddinin göstərdiyi kimi VII əsr göstərilir: “Məhəmməd (s.a.s) peyğəmbərin zamanına yaxın Bayat (24 oğuz tayfasından biri) boyunda Qorqud ata deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi... Qorqud ata dedi: “Axırda xanlıq geriyə - Qayıya (24 oğuz tayfasından birinin adı) dönər, heç kim əllərindən almaz...”. Qorqud atanın bu dediyi Osman nəslidir (Qiyamət günü qopunca, necə var, elə də ömür sürüb gedəcək)... və daha buna bənzər bir neçə söz söylədi” (Kitabi-Dədə Qorqud, 1988, s. 129). Bizi də maraqlandıran elə budur» (31, s. 48).

R. Orucoğlu «Kitabi-Dədə Qorqud» eposunun boylarında zaman və məkan anlayışlarına münasibət bildirərkən haqlı olaraq yazır ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının doğma yurdudur. Onlar nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir. Qonşularına – Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara və Trabzon içi yunanlara münasibətdən hiss olunur ki, Qafqaz oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, albanların varisləridirlər (52, s. 18-19).

R. Orucoğlunun bu fikrini Midiya əfsanəsi hesab edilən «Astiaq» əfsanəsində rast gəldiyimiz bir motivin bir qədər başqa formada «Kitabi-Dədə Qorqud» eposunda da təkrarlanması faktı da təkrarlayır. Söhbət cəza və ya görk kimi övladın ətinin tikə-tikə edilərək valideyinə yedirdilməsi və ya yedirdilmək istənməsi motivindən gedir.

«Astiaq» əfasanəsində oxuyuruq:

«…Arpaq bu sözləri eşidib hökmdarın ayaqlarına düşür. O, özünün günahkar olmasına baxmayaraq, hər şey uğurla ötüşdüyü, belə şad hadisəyə görə hətta ziyafətə dəvət edildiyi üçün yüksək xoşbəxtlik qanadında uçur. Arpaq sonra tələsik evə gedir və oğlunu dərhal Astiaqın sarayına göndərir (yeganə oğlunun 13-ə yaxın yaşı olardı). Ona buyurur ki, hökmdarın bütün əmrlərini yerinə yetirsin. Özü də bütün baş vermiş hadisəni böyük sevinclə arvadına danışır. Bu arada Arpaqın oğlu (saraya) Astiaqın hüzuruna gələn kimi o, oğlanı öldürməyi, bədənini tikə-tikə doğramağı əmr edir. Hökmdar uşağın ətinin bir qismini qızartmağı, bir qismini də bişirməyi və bu yaxşı hazırlanmış xörəyi dəmdə saxlamağı əmr edir. Ziyafət başlananda dəvət olunmuş adamlar sırasında Arpaq da gəlir. Astiaqın və qonaqların süfrəsinə qoyun əti, Arpaqın qabağına isə öz oğlunun bütün ətini qoyurlar (uşağın başı, əlləri və ayaqları qapağı örtülü səbətə qoyulmuşdu). Görünür, Arpaqın doyduğunu hiss edən Astiaq ondan xörəyi xoşlayıb-xoşlamadığını soruşur. Arpaq cavab verir ki, xörək ona böyük ləzzət verdi. Onda xüsusi tapşırıq almış xidmətçilər uşağın başı, əlləri və ayaqları qoyulmuş ağzı örtülü səbəti gətirib Arpaqa əmr edirlər ki, səbəti açsın və içindəkilərdən nə istəsə götürsün. Arpaq əmrə boyun, əyir və səbətin qapağını qaldıranda oğlunun cənazəsinin qalıqlarını görür. Amma gördükləri Arpaqı çaşdırmır; o, özünü itirmir. Bu vaxt Astiaq ondan soruşur ki, hansı quş ətindən, yediyini bilirmi? Arpaq cavab verir ki, 25 bəli, bilir, həm də hökmdar hər nə iş görsə, onun üçün yaxşı olmalıdır. Bu sözləri deyir, oğlunun ətindən qalan tikələri də yığıb evə qayıdır. Bəlkə də, oğlunun cəsədindən nə qalıbsa, onları toplayıb torpağa tapşırmaq istəyirmiş» (40, s. 24-25).

“Kitabi-Dədə Qorqud” dastanının «Salur Qazan xanın evinin yağmalanması» boyunda da eyni motivin izlərinə rast gəlirik:

«Bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib-içib oturmuşdu. Dedi:



Bəylər, bilirsizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu uzun Burla xatununu gətirdək, badə paylasın!”.

Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə
belli qızın içinə girib, məsləhət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdır?”-
deyə hansınıza yapışarlarsa, qırx yerdən səs verərsiz”.

Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu hansınızdır?” deyə soruşdu. Qırx yerdən səs gəldi. Hansıdır, bilmədilər. Kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.

Kafir dedi: “Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil, hər kim yemədi, odur. Götürün-gəlin, şərab paylasın!”.

Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğlunu söyləyir,
görək, xanım, nə söyləyir:

Oğul, oğul, ay oğul! Bilirsənmi, nələr oldu?

Söyləşdilər xısın-xısın,

Duydum işini kafirin.

Qızıl tağlı uca evimin dirəyi oğul!

Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!

Oğul, oğul, ay oğul!

Doqquz ay dar qarnımda gəzdirdiyim oğul!

On ay deyəndə dünyaya gətirdiyim oğul!

Bələyini beşikdə bələdiyim oğul!

Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxarıb, örkənlə boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən çəkin. Qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! “Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşəyinə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? Neyləyim, ay oğul?!” – dedi.

Uruz deyir: “Ağzın qurusun, ana! Dilin çürüsün, ana! “Ana haqqı – Tanrı haqqı” - deyilməsəydi, qalxıb yerimdən durardım, yaxandan boğazından
tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından-üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Saqın, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, xanım ana, çəngələ sancsınlar! Qoy ətimdən çəksinlər; qara qovurma edib, qırx bəy
qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye. Kafirlər duymasınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan. Saqın!” (50, s. 194-195).

Beləliklə, Qafqaz oğuzlarının gerçəkdən də midiyalılaran varisləri olduğunu, eyni ədəbi düşüncə sistemlərini paylaşdığını görürük. Bunu təsdiqləyən başqa bir dolayı fakt da mövcuddur.

Məlum olduğu kimi, qədim türk ənənəsində dövlət iki hissəli iadarəçilik sistemi ilə idarə edilirdi. «Doğu və batı», yaxud «sağ və sol» ad­landırılan bu ikili təşkilatda sol qanadın hökmdarı (xan) mərkəzə (xaqana, xanlar xanına), yəni sağ qanada tabe idi.

Latın və Bizans qaynaqlarında mərkəzi haki­miy­yət hunların böyük kralı (xaqan), qanad idarəçiləri isə kiçik kral adlan­dırıl­mışdı. Məsələn, Balamir, Uldin, Karaton, Rua, Oktar, Attilanın kral (xaqan) olduğu məlum olsa da, onlardan hansının böyük, hansının kiçik kral olduğunu bilmirik, çünki Avropa hunlarından yazan müəlliflər kimin böyük, kimin kiçik kral olduğunu yazmamışlar (14, s. 56-57).

Göytürk kağanlığının əvvəldən sona qədər eyni model əsasında idarə edildiyi məlumdur. «Mərkəzi Ötü­ken olan siyasiləşmiş Göytürk idarəetmə ritualında dövlət do­ğu və batı deyə iki hissəyə bölünmüşdü. Kağan doğuda otururdu, qardaşı və ya ailənin ən yaşlı adamı batının idarəsindən cavabdeh idi. Batıda olan hökmdar dövlətin siyasi ritualına görə təşkil edilən dövlət mərasimi ilə ox alan icraçı idi və yalnız xarici siya­sətdə mərkəzi hakimiyyətə bağlı idi. İldə bir dəfə payızda şölən verilir, dövlətin barış, savaş, iqtisadi, siyasi, sərhəd, idarəedən­lərin təyi­natı və ya azad edilməsi kimi bir çox məsələlər kenqəş­də, - buna qurultay da deyilirdi, - müzakirə edilir, qərara bağlanırdı. Bu bir dövlət dastanı olan “Oğuznamə”lərdə “Bir gün Kam Ğan oğlı Xan Bayındır yirindən turmış idi. Şami günlügi yir yüzinə dikdürmiş-idi. Ala seyvanı gök yüzinə aşanmış-idi. Bin yirdə ipək xalıçası döşənmişdi. Xanlar xanı Xan Bayındır yılda bir kərrə toy idüp oğuz biglərin konuklar idi” (Ergin, 1997, s. 77) şəklində ifadə edilir» (14, s. 57).

«Kitabi-Dədəd Qorqud»da xanlar xanı Bayındır xanın ildə bir dəfə ulu Toy verməsi, mətndə deyil­diyi kimi, “Xanlar xanı Xan Bayındır yılda bir kərrə toy idüp Oğuz biglərin konuklar-idi. Ginə toy idüp atdan aygır deveden buğra koyundan koç kırdurmış-idi” (24, s. 77-78; 14, s. 58) dövlətin hesabat xarakterli toplantısıdır. Oğuz dövlətinin iqtisadi, siyasi, əsgəri, mədəni məsələlərinin həll edildiyi bu məsləhət, məşvərət məclisi­nin başında Bayındır xan durur. Dastanda “İç Oğuz Taş Oğuz bigləri Bayındır xanın sohbətinə dirilmiş idi. Pay Püre Big dahı Bayındır xanın sohbətinə gəlmiş-idi. Bayındır xanın kar­şusunda Kara Gönə oğlı Kara Budak yay tayanup turmış-idi, sağ yanında Kazan oğlı Uruz turmış-idi, sol yanında Kazılık Koca oğlı Big Yigənək turmış-idi” (24, s. 116). Bayındır xan üçoklardan olduğu üçün idarəetmədə və ritual xarakterli oturma­da sağ və solunda, qarşısında oturanlar və ya duranlar üçoklar­dandır. Oğuz kenqəşi haqqında və bu idarəetmə və qanunvericilik orqanı haqqın­da təfsilatlı məlumat Qazan xanın inağı olan Beyrəyin dilindən söylənir: On altı illik Bayburt hisarında dustaq olan Beyrəyin ni­şanlısının toyuna gəlib çıxması və dəli ozan qi­ya­fətində toy məcli­sində oturan Qazan Bəyə müraciət etməsində oturma ritualının həm kenqəşdə, həm digər məclislərdə dəyişməz olduğunu görürük:

“Sağda oturan sağ biglər

Sol kolda oturan sol biglər

Işıkdəki inaklar

Düpdə oturan xas biglər

Kutlu olsun devlətünüz” (24, s. 144-145; 14, s. 58).

«Oğuznamə»də belə məlum olur ki, bu bölgü Oğuz xan dövründən qüvvədədir və onun əsasını Oğuz xanın özü qoymuşdur:

«Oğuz yurduna dönməsi şərəfınə toy üçün doxsan min qoç və doqquz yüz dayça kəsilməsini əmr etdi və böyük bir toy düzəltdi və qızıl ev (alaçıq) qurdurdu. Bu toy ərəfəsində, özü ilə birlikdə fatehlik səfərlərinə apardığı və onunla bərabər sağ-salamat əsas yurda dönmüş olan altı oğlu bir gün ova getdilər. Təsadüfən qızıl bir yay və üç qızıl ox tapdılar. Öz istəyinə görə onların arasında bərabər bölməsi üçün, bunları atalarının hüzuruna gətirdilər. Ataları Oğuz yayı üç yerə parçalayıb daha böyük üç oğluna, üç oxu da üç kiçik oğluna verdi. Belə qərar verdi: özlərinə yay verdiyim üç oğlumun soyundan törəyəcək qəbilələr “Bozuq' adlanacaqlar. Çünki bunlara yayı paylamaq üçün onu mütləq parçalamaq lazım idi. “Bozuq” sözünün də mənası “parçalam aq,pozm aq” deməkdir.

Özlərinə ox verdiyim digər üç oğlumun soyundan törəyəcək qəbilələrin ayaması “Uçuq olsun. Bu “uçuq”, yəni “üç dənə ” ox deməkdir. Buyurdu ki, bundan sonra oğullarından kim gəlirsə bərabərcə (təmacamişi) çalışsmlar: “Biz hamımız bir soydamq” - deyib orduda da öz yerlərini və rütbələrini bilsinlər.

Bunlar da belə qərarlaşdırdılar: “Yay verdiklərinin yeri daha üstün olsun və orduda sağ qolu təşkil etsinlər. Özlərinə ox verdiklərinin yeri aşağı olub sol qolu təşkil etsinlər. Zira yay padşah kimi hökm edər; ox isə ona tabe olan bir elçidir. Onların yurdunu da buna uyğun şəkildə ayırıb təyin etdi. Bu toyda hammm qarşısında sözünü bu şəkildə tamamlayıb buyurdu: “Mən öldükdən sonra yerim, taxtım və yurdum, əgər Gün o zaman sağ olarsa, onundur” (67, 2003, s. 51-52).

Süjetdən göründüyü kimi, türklərdə yay hakimiyyəti, ox isə tabeçiliyi simvolizə edirmiş. Maraqlıdır ki, İraqın Süleymaniyyə yaxınlıqlarında bulunan, midiyalılara aid olan bir barelyefsə bu bölgünün izlərini görməkdəyik.



Yüklə 388,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə