Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 107,93 Kb.
tarix26.09.2017
ölçüsü107,93 Kb.


Bəxtiyar Tuncay
Milli Azadlıq Hərəkatının tarixini öyrənmək baxımından maraq kəsb edən daha bir neçə qaynaq

Milli Azadlıq Hərəkatının tarixini öyrənmək baxımından az-çox maraq kəsb edən qaynaqlardan biri də M. Zülfüqarlının Azərbaycan Respublikasının dovlət mustəqilliyinin bərpası və Azərbaycan Milli Istiqlal Partiyasının 10 illik yubileylərinə ittihaf etdiyi, bütünlüklə Etibar Məmmədova həsr etdiyi «İstiqlal tarixini yaradanlar ( 1972 – 1992 – ci illər)» adlı kitabıdır (15). Müəyyən mənada mədhiyyə xarakteri daşıyan kitab «Giriş»dən və aşağıdakı fəsil və yarım fəsillərdən ibarətdir:

1 Azərbaycanda XX əsrin 70 – ci illərində tələbə hərəkatı.

2. Çağdaş Azərbaycan milli – azadlıq hərəkatının istiqlal dövrü (fevral 1988 – 18 oktyabr 1991 ).

2.1. Azərbaycan milli – azadlıq hərəkatının ilkin mərhələsi (fevral 1988 – yanvar 1990).

2. 2. Əvvəl istiqlal, sonra hürriyyət (yanvar 1990–18 oktyabr 1991).

3. Azərbaycan Respublikası dövlət mustəqilliyinin beynəlxalq aləmdə tanınması sahəsində diplomatik fəaliyyət (noyabr – dekabr 1991 ).

4. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və demokratik cəmiyyətin bərqərar olması uğrunda mübarizə. Azərbaycan Milli Istiqlal Partiyasının təsis edilməsi (15 oktyabr 1991 – 3 – 4 iyul 1992 ).

Mövzumuz baxımından bizim üçün maraqlı ola biləcək fəsil «Çağdaş Azərbaycan milli – azadlıq hərəkatının istiqlal dövrü (fevral 1988 – 18 oktyabr 1991 )» başlıqlı fəsildir ki, burada da, eynən Elçibəy haqqında yazılan kitablarda olduğu kimi, 1988-ci il hadisələri, başqa sözlə Milli Azadlıq Hərəkatının təməllərinin atıldığı dövr barədə son dərəcə az məlumat verilib. Bu isə müəllifin özünün də qeyd etdiyi kimi, həmin dövrdə Etibar Məmmədovun fəaliyyətində gözə çarpmaması ilə bağlıdır.

Müəllif burada 1988-ci ilmitinqinə toxunur və çox qısa şəkildə bunları yazır: «SSRİ və digər iri dovlətlərin rəhbər qurumlarının yaxından koməkliyi ilə Azərbaycan torpaqlarına qarşı planlı surətdə növbəti erməni fitnəkarlığı həyata keşirilməyə başlayarkən, Dağlıq Qarabağda erməni separatcılarının vəhşiliklərinə etiraz olaraq Azərbaycanda ilk dəfə, kommunist rejimi dövrundə görünməmiş izdihamlı mitinq keçirilmişdi. Mitinqdə əvvəl üc-dörd min adam iştirak etsə də, sonra «Azadlıq» meydanından Azərbaycan KP MK-nın qarşısına qədər daha da genişlənərək 10-15 min adamın iştirak etdiyi izdihamlı mitinqə çevrilmişdi. Mitinqdə səslənən haqlı tələblərə etinasız yanaşan Respublika və SSRI rəhbərliyi öz fəaliyyətləri ilə sonrakı faciələr üçün şərait yaratdılar» (15, s. 20).

Daha sonra Sumqayıt hadisələrindən söhbət açılır və sonda söhbət Etibar Məmmədovun üzərinə gətirilərək deyilir: «Sumqayıt hadisələri başlayarkən fevralın 27-si gecə ikən E. Məmmədova bu həyəcanlı xəbəri catdırdıqda, o təmkinli olmağı, sayıqlığı itirməməyi və duşmən təxribatlarından dinc əhalini qorumağı məsləhət bilmişdi. Eyni zamanda təəssuflə qeyd etmişdi ki, olkədə təxribatların qarşısını ala bilən real quvvə və təşkilat yoxdur» (15, s. 21).

Bundan sonra söhbət baş tutmayan 16 mart və 16 may mitinqlərinin üzərinə gətirilir, onlar barədə əhəmiyyətsiz bir-iki cümlə işlədilir, sonrakı mitinqlərə toxunukmadan 17 noyabrda başlayan möhtəşəm mitinqin üzərinə gətirilir və yenə də Etibar Məmmədovun fəaliyyəti qabardılmağa çalışılır: «Ermənilərin gündən-günə azğınlaşmasına etiraz olaraq xalq kütlələri 16 mart 1988-ci ildə Elmlər Akademiyasında, 16 may 1988-ci ildə isə Azadlıq meydanında mitinqlər keçirmişdi. Mərkəzi hakimiyyətin 18 iyul qərarından sonra mərkəzin və yerli hökumətin məsuliyyətsizliyi, Ermənistandan azərbaycanlıların vəhşiliklə qovulmasının kütləvi hal alması xalqın səbr kasasını daşdıraraq, qərb mətbuatının XX əsrin oğuz dastanı adlandırdığı meydan epopeyasının başlanmasına gətirib cıxarmışdı.

Meydan hərəkatının əsasını təşkil edən mitinq 17 noyabr 1988-ci il tarixdə Azərbaycan Dövlət Universitetinin (Indiki BDU) qarşısından başlayarkən, E. Məmmədov öz müəllim yoldaşları ilə birlikdə izdihamın önündə indiki «Istiqlal» küçəsinədək gəlmiş və burada kuçəni avtobuslarla və trolleybuslarla kəsmiş milislərlə rastlaşmışdılar. Akademiyanın Əlyazmalar Institutunun qarşısında Əbulfəz Elcibəy də öz silahdaşları ilə izdihama qoşulmuş və onlar birlikdə mitinq iştirakcılarının mərkəzi meydana keşməsinə şərait yaratmaq üçün kuçələrə düzülmuş nəqliyyat vasitələrinin götrulməsini tələb etmişlər. Nəhayət «Istiqlal» kuçəsində toplanmış insan seli polis dəstələrini yararaq «Azərbaycan» kinoteatrı tərəfdən «Neftcilər» prospektinə, oradan da sürətlə indiki Azadlıq meydanına gəlmiş və bununla da 18 gün davam edən meydan hərəkatı başlanmışdır.

Lakin E.Məmmədovun fəaliyyətindən qorxuya duşən yerli hakimiyət orqanları mitinqlərin ilk günu onu həbsə alaraq indiki Səbayel rayonu polis idarəsinə gətirmişdi. Ona qarşı müxtəlif şantaj və böhtanların səmərə vermədiyini və mitinqlərin gündən-günə gücləndiyini görən o zamankı rəhbərlik E. Məmmədovu cərimə edərək azad etmək məcburiyyətində qalmışdır. Hakim S. A. Həsənzadənin imzası ilə Azərbaycan SSR Bakı şəhəri 26–lar rayon məhkəməsinin 18 noyabr 1988– ci il tarixli qərarında gostərilmişdir: «S. M. Kirov adına ADU–nun müəllimi E. S. Məmmədov V. I. Lenin adına meydanda icazəsiz mitinqdə iştirak etmiş və saat 11-00–da tribunada cıxış üçün mikrofon tələb edərək vətəndaşlarla mübahisə etmiş, milis əməkdaşlarının xəbərdarlığına məhəl qoymamış və ictimai asayişi pozmuşdur». Bu süni ittahamlara əsasən məhkəmənin qərarı ilə E.Məmmədov 50 manat cərimə olunmuşdur (AMIP cari arxivi). Məhz ilk dəfə yazılı ədəbiyyatda acıqlanan bu səbəbə gorə Etibar Məmmədovun meydan hərəkatı dövründəki fəaliyyəti nəzərə çarpmamışdır» (15, s. 23-24).

M. Zülfüqarlı haqlı olaraq yazır ki, «Təqiblərə baxmayaraq bu dovrdə Etibar Məmmədov xarici radiostansiyalarla əlaqə yaratmaq, onlara obyektiv məlumat vermək sahəsində məqsədyonlu fəaliyyət göstərmişdir. O, bu fəaliyyəti ilə meydan hərəkatı dövründə dünya miqyasında ermənipərəst qüvvələrin iftiraçı və inhisarçı informasiya hökmranlığına son qoymaqla yanaşı, ölkədə gedən milli–azadlıq hərəkatının daha da genişlənməsində mühüm rol oynamışdır» (15, s. 24).

Kitabda daha sonra Etibar bəy haqqında yenə bir abzas həcmində məlumat verilir və ondan da sonra sözügedən fasiləsiz mitinqin son günü bir cümlə ilə belə təsvir edilir: «1988-ci il dekabrın 5–dən 6–sına kecən gecə mey-danda mitinqin zorakılıqla dağıdılmasının əsas səbəbini isə Etibar Məmmədov hərəkata rəhbərlik edən siyasi təşkilatın olmamasında gorurdu» (15, s. 25).

Nəsir Ağayev
Milli Azadlıq Hərəkatının tarixini öyrənmək baxımından maraq kəsb edən qaynaqlardan biri də, şübhəsiz ki, Nəsir Ağayevin xatirələridir. Bu xatirələr E. Cəfərli və T. Ağayevin birlikdə qələmə aldıqları «Nəsillərə örnək həyat yolu» adlı kitabda (9) əks olunmuşdur. N. Ağayevin kitaba yazdığı «Düşüncəli və qayğıkeş oxucu!» müraciətli «Ön söz»də də deyildiyi kimi, bu memuar xarakterli əsərdə Milli Azadlıq Hərəkatında bu və ya digər dərəcədə hər hansı bir xidməti olmuş şəxslərin adları və fəaliyyətləri, müəyyən dərəcədə də olsa, öz əksini tapıb: «Çalışmışam ki, həmin şəxslərə o dövrün dəyərləri prizmasından yanaşım, etdikləri xidmətləri gözlər önünə sərim. Şübhəsiz ki, onlar buna və ümumiyyətlə hörmətlə yad edilməyə layiqdirlər. Vətənin azadlığı və müstəqilliyi naminə özlərinin və ailələrinin həyatlarını təhlükə altında qoymaqdan belə çəkinməyən, sürgün, həbs və məhrumiyyətlərlə dolu bir həyat yaşayan bu fədakar insanların – məsləkdaş və dostlarımın bir qismi, təəssüf ki, artıq dünyalarını dəyişmişlər. Ancaq onların qurduqları müstəqil Azərbaycan dövləti və ucaltdıqları üçrəngli bayrağımız yaşayır və əbədiyyən də yaşayacaqdır.

İnqilabın öz balalarını yediyi barədə deyim xalq arasında zərbi-məsələ çevrilsə də, etiraf etmək lazımdır ki, bu hal heç də xoşagələn və arzulanan hal deyil. Çünki yaradanları, yaşadanları dəyərləndirmək haqq və ədalətdəndir.

Memuarda adları çəkilənlərin bir qismi hadisələrin sonrakı mərhələlərində inqilabçıya, gerçək patriota yaraşmayan mövqe göstərsələr də, biz bu məsələyə toxunmamağa və bu şəxslərin sadəcə xidmətlərindən söhbət açmağa üstünlük verdik» (9, s. 4).

Kitabın ən maraqlı bölümlərindən biri və mövzumuz baxımından ən əhəmiyyətlisi «Nəsi Ağayev meydan hərəkatı barədə» başlıqlı bölümdür. Nəsir Ağayev burada haqlı olaraq bildirir ki, ümumiyyətlə, Quzey Azərbaycanda demokratik və milli-azadlıq hərəkatını şərti olaraq bir neçə mərhələyə bölmək olar. İlkin mərhələ 1988-ci ilin fevralından noyabrın 17-nə qədər olan dövrü əhatə edir ki, bu mərhələni hərəkatın kortəbii kütləvilikdən siyasiləşməyə doğru keçid mərhələsi adlandırmaq düzgün olardı. Bu dövrdə yuxarıların zahirən yenidənqurma adı altında, əslində isə məcburiyyət üzündən cəmiyyətə “demokratiya”, “aşkarlıq” dərsləri verməsi nəticəsində, digər tərəfdən isə Qarabağ ətrafında baş verən hadisələrlə bağlı respublika əhalisinin müxtəlif etiraz aksiyaları keçirməsi, bu tədbirlərin getdikcə böyüyərək kütləvi hərakata çevrilməsi və hərəkatın yavaş-yavaş siyasiləşməsilə müşayiət olunurdu (9, s. 170).

Şübhəsiz ki, Nəsir bəy haqlıdır və həmin dövr həm də Milli Azadlıq Hərəkatının əsasının qoyulduğu dövrdür və müəllif onun əsasını qoyanların «Çənlibel»çilər olduğunu vurğulamağı da unutmur: «Sovetlər Birliyində Mixail Qorbaçovun hakimiyyətə gəlişindən və imperiyada “Aşkarlıq” və “Yenidənqurma” siyasətinə rəvac verilməsindən sonra bu tip təşkilatların leqallaşması üçün müəyyən şərait yarandı. İlk qaranquş 1987-ci ildə Bəxtiyar Tuncay, Tofiq Rəsulzadə, Fuad Ağayev, Məhəmməd Hatəmi Tantəkin, Ağası Hun, Vurğun Əyyub və digər ziyalılarımızın təşəbbüsü ilə qurulan “Çənlibel” təşkilatı oldu ki, bu təşkilatın tarix səhnəsinə çıxışı ilə bu günə qədər gizli və pərakəndə şəkildə aparılan milli fəaliyyət leqallaşdı və vahid təşkilat ətrafında cəmləşdi. Bu təşkilatın təsiri ilə Bakıda və ölkənin bütün bölgələrində çox sayda bənzər təşkilatlar qurulmağa başladı. 1988-ci ildən geniş vüsət alan Milli Azadlıq Hərəkatının əksər aparıcı simaları, o cümlədən Əbülfəz Əliyev (Elçibəy), Məhəmməd Hatəmi, Nemət Pənahlı və s. bu təşkilatlarla, ilk növbədə də “Çənlibel”lə bu və ya digər dərəcədə bağlı olmuşlar» (9, s. 171).

N. Ağayevin fikrincə, Azərbaycan Xalq Hərəkatının ikinci dövrü 1988-ci ilin 17 noyabr - 5 dekabr dövrünü “Meydan mərhələsini” əhatə edir. Noyabrın 17-də BDU-da fəaliyyət göstərən “Yurd” cəmiyyəti tərəfindən Azadlıq meydanında təşkil olunan, sonradan Nemət Pənahlı və Sabir Rüstəmxanlı tərəfindən idarə edilən milli demokratik mübarizənin davamı olan “Meydan hərəkatı” uzun illər susdurulmuş bir xalqın inamını özünə qaytarmaqla yanaşı, milli-mənafe naminə onun birlik, mütəşəkkillik, əzmkarlıq nümayiş etdirmək qabiliyyətinə malik olduğunu bir daha aşkarladı. Bu baxımdan Milli Azadlıq hərəkatı tarixində “Meydan Hərəkatının” xüsusi yeri və rolu vardır. İnam, ümid və birlik meydanı:

«Öncə qeyd edək ki, noyabrın 17-də Elmlər Akademiyasının və BDU-nun qarşısında toplaşmış mitinqçilər, müxtəlif istiqamətlərdən hərəkətə gələrək Politexnik İnstitutu (Texniki Universitet) qarşısındakı dəstə ilə birləşdi. Böyük izdihama çevrilmiş kütlənin qarşısı, Azadlıq meydanına qədər üç dəfə milislər tərəfindən kəsildi. Əvvəl Ali Sovetin, sonra isə Bakı Sovetinin yanında qarşısı kəsilən mitinqçilər çox tezliklə milislərin yaratdıqları canlı hasarı yarıb irəliləyə bildilər. Qoşa qala qapısı qarşısındakı meydanda isə onları milislər xeyli ləngidə bildilər. Elə buradaca, təcili olaraq hakimiyyət orqanları tərəfindən təşkil edilmiş mikrofon vasitəsilə keçmiş 26-lar rayon Partiya Komitəsinin I katibi Vəli Məmmədov nitqə başladı. Lakin xalq kütlələri onu eşitmir, milis qüvvələrini dəf edib meydana yollandılar. Nizami muzeyi tərəfindən hərbçilərin canlı səddini yarmaq mümkün oldu və Azadlıq meydanına yürüş başlandı. Beləliklə, Azadlıq meydanı ələ keçirildi və mitinq başlandı. Mitinqin əsas təşkilatçısı olan “Yurd” cəmiyyəti noyabrın 17-18-də meydanı idarə etsələr də, 18-dən 19-ba keçən gecə artıq geri çəkilmək, meydanı boşaltmaq haqqında fikirlər irəli sürməyə başladılar. Lakin Nemət Pənahlı çıxış edərək irəli sürülən tələblər yerinə yetirilməyincə meydanı boşaltmağın əleyhinə olduğunu bildirdi, səbəb isə meydanda bəzi qüvvələrin ona etdiyi təzyiq idi. İzdiham onun bu təklifini gurultulu alqışlarla qarşıladı. Beləliklə tələblər yerinə yetirilənə qədər meydanda mitinqi davam etdirmək qərara alındı.

Tələblər isə bunlar idi.

1. Yürüş zamanı həbs edilən gənclərin təcili azad edilməsi (bu tələb elə mitinqin ilk günü yerinə yetirildi);

2. Sumqayıt hadisəsi ilə bağlı həbs edilmiş azərbaycanlıların istintaqının ittifaq orqanlarından alınıb respublika hüquq mühafizə orqanlarına verilməsi;

3. DQMV-dəki Topxana meşəsində tikinti işlərinin dayandırılması;

4. Ağdamdan xüsusi vəziyyətin və komendant saatının götürülməsi;

5. Ermənilərin iddiasına İttifaq rəhbərliyi tərəfindən qəti və birmənalı cavab verilməsi;

6. DQMV-dəki separatçı qüvvələrin məsuliyyətə cəlb edilməsi;

Tələblərdən göründüyü kimi, hərəkatın bu mərhələsində xalqın Sovet rəhbərliyinə müəyyən qədər inamı var idi və sadəlövhcəsinə hesab edirdi ki, İttifaq hökuməti xalqın tələbini yerinə yetirəcək və problemin obyektiv həllinə çalışacaq. Dogrudur, mitinqdə Sovet İmperiyası, Kommunist rejimi ilə bağlı, ayrı-ayrı çıxışlarda kəskin ittihamlar da irəli sürülür, Milli Azadlıq, Demokratik cəmiyyət barədə tələblər də səslənirdi. Lakin ayrı-ayrı tələblər, elə tələb olaraq qalırdı.

Məhz meydanı tətk etməli, yoxsa tərk etməməli məsələsində yaranan fikir ayrılığı mitinqi idarə edən liderlərin ayrılmasına səbəb oldu. Birinci tərəf, yəni Nemət Pənahlı və onunla həmfikir olanlar tələblər yerinə yetirilənə qədər meydanda qalmağın, ikinci tərəf-Sabir Rüstəmxanlı və onunla həmfikir olanlar isə mitinqi dayandırmağı, tələblərin yerinə yetirilməsi üçün hakimiyyət orqanlarına vaxt verilməsi, yerinə yetirilmədiyi təqdirdə yenidən mitinq keçirilməsi təklifi ilə çıxış edirdilər.

Bu fikir ayrılığı izdiham içərisində də ikitirəliyə səbəb oldu. Mitinqi idarə etmək üçün nümayiş komitəsi yarandı: çadırlarda aclıq edən insanlarla birgə Nemət Pənahlının rəhbərlik etdiyi komitə və keşmiş Lenin prospekti 3-də yerləşən binanın birinci mərtəbəsində yaradılmış Sabir Rüstəmxanlının rəhbərlik etdiyi komitə.

Qeyd etmək lazımdır ki, hər iki tərəfin çıxışları əsaslanmış, arqumentlərə söykənmiş çıxış təsiri bağışlayırdı. Yəni hər iki tərəf Meydan Hərəkatından ümummilli mənafe naminə daha çox yararlanmaq istəyirdi. Sadəcə bu yararlanmanı hərəsi bir istiqamətdə götürdü.

Əsasən, Qarabağ probleminin həlli ilə bağlı respublika rəhbərliyi tərəfindən qəti tədbirlər görülməsi tələblərinin ön plana çəkildiyi bu nümayişdə həm imperiyaya qarşı açıq çıxışların səslənməsi totalitar rejimin qorxu eyforiyasının dağıdılması baxımından olduqca əhəmiyyətli idi.

Meydan hərəkatı, Azərbaycanda başlamış kortəbii milli-müqavimət hərəkatının inkişaf edərək mütəşəkkilləşməyə, siyasiləşməyə doğru getməsində, Xalq hərəkatı liderlərinin yetişməsində mühüm rol oynadı.

17 noyabr-5 dekabr “Meydan hərəkatı”na rəhbərlik edən N.Pənahlının meydanı nizamlı və mütəşəkkil idarə etməsi o dövrdə bütün dünya siyasətçilərini heyrətə gətirmişdi. Həmin dövrdə “meydan hərəkatı” xalqın illər boyu məhv edilmiş inamını özünə qaytardı, xalqın milli mənafe naminə mütəşəkkillik, birlik, mübarizlik kimi mənəvi dəyərlərini aşkara çıxartdı. “Meydan hərəkatı” Azərbaycan rəhbərliyini xalqla hesablaşmağa məcbur edə bildi.­­­

Bununla belə, “meydan hərəkatı” səhvlərsiz də ötüşə bilmədi. Belə ki, heç də mövcud siyasi imkanlardan istifadə edilmədi. Meydanı idarə edənlərin konkret siyasi gerçəkliyə əsaslanan proqramı və ya ssenarisi yox idi. Bu da təbii idi. Əvvəla heç kəsdə bənzər situasiyalarla bağlı heç bir təcrübə yox idi. Təcrübə bilavasitə meydanda əldə edilirdi. Bu üzdən də proseslərə improviztivlik hakim edilirdi. Bəzi hallarda edilən emosional, populist çıxışlar, irəli sürülən qeyri-real tələblər meydana qaragüruhçu əhval-ruhiyyə donu geyindirirdi. Meydanda toxunulan məsələlərin əsasən “Qarabağ problemi” fonunda cərəyan etməsi, Azərbaycanın real suverenliyə malik olmadan bu problemin həll olmasının qeyri-mümkünlüyünün dərk olunmaması, hərəkatı idarə etmək üçün bir kütləvi ictimai təşkilatın yaradılması üçün yaranmış əlverişli vəziyyətdən istifadə edilməməsi, hərəkata rəhbərlik edənlər arasında fikir ayrılıqlarının, şəxsi təkəbbürlərin və liderlik meyllərinin meydana çıxması hərəkatın kobud səhvlərə yol verdiyinə dəlalət edirdi. Lakin etiraf etmək lazımdır ki, başqa cür də ola bilməzdi. Məhz buna görə də, bəzən meydan öz məqsədindən yayınırdı. Meydanda əsas fikir ayrılığı yaranır, siyasi motivlər dini motivlərə çevrilirdi. Meydanda Azərbaycan bayrağı ilə birgə İran, Türkiyə dövlətlərinin bayraqları qaldırılır və Xomeyninin, Atatürkün şəkilləri görünürdü ki, bu da meydanı dağıtmaq istəyən qüvvələrə-Sovet ideoloqlarına və DTK-ya imkan verirdi ki, xalqın ümumi fikrini, milli azadlıq arzularını başqa səmtə çevrilməsinə, pantürkist, panislamist ideyaları ilə pərdələməyə imkan verirdi. Şübhəsiz ki, bu qəbildən olan hallar kiçik qrupların işi idi və fraqmentar xarakter daşıyırdı. Görünür, spontan xalq hərəkatlarında bu cür halların baş verməsi təbiidir. Çünki xalq hərəkatlarına ilk dövrlrdə müəyyən qədər kortəbiilik xas olur, həmin dövrdə vahid siyasi xətt və rəhbərliyin tam bəlli olmaması üzündən hər bir qrup və hətta hər bir kəs öz daxili intiusiyası və fantaziyası əsasında cərəyan edir. Lakin bu, uzun sürmür, zaman keçdikcə mövcud amorfluğu, oturuşmuş prinsiplər əvəz etdikcə, tədricən, yavaş-yavaş hər şey öz yerini tutur. Bu gün eçilmiş yolun qazandırdığı təcrübə işığında çıxış edərək o dövrün hadisələrini və həmin hadisələrin hərəkətvericilərini tənqid etmək çox asandır. Fəqət o dövrdə təcrübəsizlik özünü hər addımda göstərirdi. İşin ən maraqlı tərəfi isə budur ki, insanların bir çoxu ən azı sosialist inqilabları və xalq hərəkatları barədə bəzi nəzəri biliklərə sahib olsalar da, hər gələn yeni gün özü ilə yeni nüanslar və şərtlər gətirirdi ki, dünən qazanılan təcrübə bu günkü şərtlərdə optimal yolu tapmaq üçün çox vaxt yetmirdi. Təbii ki, nəzəri biliklərin də bir o qədər faydası olmurdu. Bir sözlə, hərəkatçılar bəzi hallarda kobud səhvlər edə-edə, öz səhvlərindən nəticələr çıxara-çıxara öyrənir və öyrədirdilər.

Bundan əlavə, meydanda yeni, müxtəlif fikirli “liderlər” yaratmışdı və onlar da çıxışlarında xalqın fikrini ümumi etməkdən yayındırırdılar. Bununla əlaqədar bir hadisə indiki kimi yadımdadır. O zaman milli azadlıq hərəkatının fəallarından olan Məmməd Əfşan meydanın altıncı-yeddinci günü axşam çağı mikrafona yaxınlaşaraq dedi: “Çox hörmətli və qüdrətli xalqım! Düz bir həftədir ki, bu yalançı millət qəhrəmanları, bu mikrafon öküzləri, kimlərinsə dəyirmanına su tökən naqislər sizə “Ay mənim Babək ürəkli, Koroğlu qeyrətli, Qaçaq Nəbi hünərli, Şah İsmayıl təpərli xalqım” – deyərək ləbbe döyürlər. Xüsusən, fikir ayrılıqlarının meydanda az qala məfkurə ayrılığına gətirib çıxarma həddinə çatması Sabir Rüstəmxanlının, Aydın Məmmədovun, Firudin Cəlilovun və başqalarının rəhbərliyi ilə bir, Nemət Pənahlının, Əbülfəz Əliyevin (Elçibəy) (? – B. T.) və digərlərinin rəhbərliyi ilə başqa mitinq komitəsinin fəaliyyət göstərməsi narahatlq doğururdu. Məhz bu ayrılığın yaradacağı problemləri nəzərə alaraq ziyalılar, Milli Mücahidlər, habelə rayonlardan gələrək meydan hərəkatına qoşulmuş Asəf Kələntərli, Ramiz Qəmbərov, Eldar Bağırov, Qazaxlı Alik, Arif Paşayev və başqaları çıxışlar edir hər iki qütbü birliyə, vahid qüvvə kimi fəaliyyət göstərməyə dəvət edirdi. Bu iki tərəf arasında heç bir qarşıdurma baş verməsə də, təəssüfləndirici haldır ki, bütün bu məzmunda olan çağırışlar faydasız qaldı və ayrı düşmüş qüvvələr vahid məxrəcə gələ, birgə mübarizə aparmaq məqsədilə birləşə bilmədilər.

Bütün bunlara baxmayaraq, meydan hərəkatı imperiyanın 70 illik dayaqlarını laxlatdı. Ən əsası isə meydan milyonlarla insan üçün böyük bir siyasi məktəb oldu, indiyə qədər öncə dar ziyalı dairələrində, daha sonra isə müxtəlif kiçik milli təşkilatlarda müzakirə ediln milli məsələ və problemlər, tariximizin qapalı səhifələri ilə bağlı məqamlar, milli hədəf və məqsədlərimiz barədə düşüncələr, eləcə də milli istiqlal və milli dövlətçilik məfkurəsi bütün xalqın malına və amalına çevrildi. Bundan başqa meydan hərəkatı milli hədəf və məqsədlərə çatmaq üçün siyasi bir təşkilata ehtiyac olduğu gerçəyini də ortaya qoydu. Nəhayət, xalqın meydanı tərk etməyəcəyinə əmin olan İttifaq rəhbərliyi hələ noyabrın 23-dən “Hərbi vəziyyət” elan edərək Bakıya tökdüyü hərbi kontingentə meydanı boşaltdırmaq əmri verdi. Şəhərdə qadağan saatı tətbiq edildi. Edilən hədə-qorxulara, təqib və təzyiqlərə baxmayaraq, xalq meydanı dekabrın 4-nə qədər tərk etmədi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet əsgərləri zorakı vasitələrlə meydanda toplaşmış əhalini dağıtmağa başladı.

Həmin gecə 100-dən artıq mitinqçi həbs edildi. Bununla da Milli Azadlıq hərəkatının ikinci dövrü —Meydan Hərəkatı başa çatdı.

Meydan “susdurulduqdan” sonra demokratik və Milli Azadlıq hərəkatında müvəqqəti bir sükunət, nisbi bir durğunluq hökm sürməyə başladı. Əsasən, hərəkat fəallarına qarşı aparılan siyasi represiyalarla izah olunan bu sakitlik əslində keçici xarakter daşıyırdı. Artıq bir şey məlum idi ki, heç bir qüvvə respublikanı bürümüş milli-demokratik hərəkatın genişlənməsinin qarşısını ala bilməyəcək. Belə ki, əgər Qarabağ böhranının daha da, dərinləşməsi, Ermənistanda yaşayan soydaşlarımızın öz yurd –yuvalarından vəhşicəsinə qovulması və.s bu kimi problemlər bir tərəfdən xalq hərəkatının geniş vüsət almasına təkan veriridisə, digər tərəfdən isə, bu proses özlüyündə təbii tarixi təkamülün məntiqi nəticəsi kimi çıxış edirdi. Dəfələrlə tədqiqatçılar tərəfindən qeyd olunmasına baxmayaraq Xalq Hərəkatı gedişində 1988-ci ilin 17 noyabr-5 dekabr hadisələri xüsusi əhəmiyyət kəsb edir və haqlı olaraq “Meydan mərhələsi” kimi xüsusi olaraq araşdırılır.

Doğrudur, xalqın meydanlara axışması və meydanı “mənimsəməsi” bu tarixdən öncə başlamışdı. Xüsusən də eyni ilin may ayında xalq sözügedən məkanda 2 dəfə izdihamlı mitinq təşkil etməyə nail olmuşdu. Bunlardan birində Məhəmməd Hatəmi Tantəkin və Xəlil Rza Ulutürk xalqı hökumət strukturları ilə danışıqlarda təmsil etmək üçün 16 nəfərdən ibarət komissiyanın yaradıldığını bəyan etmişdilər. Bu komissiyaya Məhəmməd Hatəmi və Xəlil Rzadan başqa Əbülfəz Elçibəy, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Mikayıl Mirzə, Bəxtiyar Tuncay, Nurəddin Quliyev, Firudin Cəlilov (Ağasıoğlu), Rüstəm Behrudi, Vurğun Əyyub, İsa Qəmbər və digərləri daxil idilər. 17 noyabr – 5 dekabr mitinqlərindən öncəki mitinqlərin bir çoxunun keçirilmsi həmin bu komissiyanın qərarı ilə gerçəkləşmişdir. Sonradan bu qrup aralarında taktika və strategiya məsələlərinə münasibətdə yaranan fikir ayrılığı üzündən iki yerə parçalanmışdı. Başlanğıc günü tariximizə Milli Dirçəliş günü kimi düşmüş misilsiz olayın baş qəhrəmanı Nemət Pənahlının o dövrdə kütlə tərəfindən daha yaxından tanınması da məhz həmin mitinqlər dövründə baş vermişdi.

Meydanda yaranan deyim nümunələrinə diqqət yetirdikdə görürük ki, xalqın uzun müddət içində bəsləyib saxladığı etiraz əlamətlərini sanki üsyankar bir səslə deyilməy can atırdı:

Biz ölərik, meydanı tərk etmərik!

Biz ölərik, Neməti tək qoymarıq!

Qurban olum Qarabağın daşına,

Daşı düşsün erməninin başına.

Ay camaat, qışqırın, meydanı qızışdırın.

Dəstə bizim dəstədi, ermənilər xəstədir.

Biz ki, varıq, sabaha qalanlarıq.

Milləti aldatdılar! Qarabağı satdılar!

Domsovetdə bir kişi var, yoxsa yox?!

Daim bizə eşq olsun!

Bu gün hava soyuqdur, ermənilər toyuqdur!

A yordu-yordu-yordu, görək kim-kimi yordu...

Ay can alan candı bizim Bərdə də,

Erməni qurbandı bizim Bərdədə.

Burda nümayiş gedir. Topxanada iş gedir.

Domsovetdə yatdılar. Topxananı satdılar.

Bu gün hava bürküdü. Ermənilər tülküdü.

Ay can alan, can Qarabağ bizimdi.

Olsa da üsyan—Qarabağ bizimdi!

Uzun illər torpaqları qıyma-qıyma doğranmış və yadellilərə bağışlanılmış, zülm-zillət içərisində yaşayan bir xalqın gəncliyinin damarlarından və qan yaddaşının süzgəcindən sızıb gələn nalələr, etirazlar idi, bu deyimlər.

Meydan öz dünyasında Azərbaycanın sıxıntı içərisindən boğub çıxarmağa çalışan bir meydan kolliqrafiyası da yaratdı. Yaratdı onu bütöv Azərbaycana çatdıra bildi. O tələbə auditoriyalarında hazırlanıb, meydanda gerçəkləndi. Həmin o şaxtalı gecədə hazırlanan düşüncələr etiraz səsləri idi ki, xalqımızın məhz buna görə də Meydan hadisəsi zaman-zaman qoruyub saxlamaqla yanaşı vədəsi gələndə realizə etməliyik. Meydan daha yeni tələb şəklində şüarlar da ortaya qoydu. Həmin şüarların bir neçəsini nümunə üçün kitaba daxil edirəm.

Erməni ekstremistləri məhkəmə qarşısında cavab verməlidirlər.

 Qarabağ bizimdir.

 Mətbuata ar olsun!

 Tı rab, tı vor, Tı armenin.

A.S.Puşkin

 Kirovabad şəhəri dahi şair Nizami Gəncəvinin adını daşımalıdır.

 Azərbaycan dili –dövlət dili!

 Ləzgi milləti həmişə sizinlədi!

 Topxanamızı dağıdanların quşxanasını dağıdarıq!

 Xalq hökumət üçün deyil, hökumət xalq üçündür!

 Qarabağ bizim olacaq!

Öldü var, döndü yoxdur!

 Nərə çəksə Qarabağ, Yerevan ac qalacaq.

 Rəhbər vəzifələrə seçki yolu ilə!

 Babək, Koroğlu qeyrətli oğullar ayağa qalxsın!

 Ermənistandan didərgin düşmüş azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilsin!

 Axdın ciblərinə yadın, özgənin,

Adın odlar yurdu—odun özgənin!

 Vazgenə “Xalqlar dostluğu” ordeni haram olsun. Bu ordeni ona verənə ar olsun!

 İqtisadi əlaqələr gərilsin!

 Öz ana dilini bilməyən satqındır!

 Vəzirov öz ana dilini bilmir.

 Azərbaycan xalqı dinc xalqdır! Ermənilərə ölüm!

 Kənd Əhmədli sizinlədi!

 Böyük Vətən müharibəsi əlili İsmayıl İsmayılov aclıq elan edib.

Buna son qoymaq üçün dövlət qəti tədbir görməlidir.

 Xalqımın haq səsi gərəkdir mənə,

Onların birliyi qidadır mənə,

Mən də öz borcumu aclığım ilə,

Halal eyləyirəm doğma vətənə.

 Kəlbəcər rayonunun Keşdək kəndi sizinlədir.

Bütün bunlar kütlənin qaldırdığ və səsləndirdiyi, bugünkü məfkurə baxımından çox primitiv görünən şüarlar idi. Lakin həmin dövrdə o şüarlarla çıxış etməyin özü də bir çoxlarından cəsarət tələb edirdi. Sözügedən şüarlar meydana gələn kütlələrin siyasi səviyyəsinin, istək və arzularının göstəricisi idi. Bu siyasi səviyyə və istək arzularla meydana gələn xalq onu milli istiqlal və milli dövlətçilik şüuru, istəyi və arzusu ilə tərk etdi. Bir sözlə, meydan milli şüurda kütləvi inqilab yaratdı.

Bütün bunları bir daha yada saldıqca əmin olursan ki, xalqımıza qarşı edilən haqsızlıqlar heç vaxt unudulmamış, əksinə zamanı gəldikdə onunla qəti mübarizəyə qalxmışdır.

Qeyd etdiyimiz aspektdən Azərbaycanın keçdiyi yola nəzər salsaq görərik ki, 1988-ci il milli-demokratik mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, “Çənlibel”, “Varlıq”, “Xalq Qurtuluş hərəkatı”, Bakı Dövlət Universitetində təməli qoyulan “Yurd” cəmiyyəti və digərləri tərəfindən başlanan (əlbəttə ondan əvvəl neçə-neçə cəmiyyətlər yaranmışdır ki, bu haqda yeri gəlmişkən məlumat verəcəyik) və kütləvi şəkildə aparılan nümayişlərin yekun nöqtəsi idi. Bu yekun nöqtə milli dirçəliş üçün olduqca güclü təkan oldu və özünüdərk üçün önəmli rol oynadı. Bu iki mübarizədə yəni mövcud imperiya strukturlarının atributlarının bərpasına çalışmaq, istədiyimiz atributlarla xalqın özünün yenilərinin imperiyaya qarşı qoyması olduqca önəmli rol oynayırdı. Bir tərəfdən sovet bayrağı, digər tərəfdən üçrəngli Azərbaycan bayrağı, bir tərəfdən manqurtlaşmış sovet inzibati orqanları, digər tərəfdən isə milli simvola çevrilmiş, heykəlləşmiş bozqurd eşqi, bozqurd qurtuluşu nəğməsi, bütün bu təzadlar içərisində imperiyanın idealogiyasına qarşı ziyalı sinfi ayağa qalxdı. Onu bu eşqə, bu mübarizəyə sövq edən tələbə hərəkatı—gənclər idi. Bir topxana bəhanəsilə meydanlara axılan gənclik, öz valideynlərini mənəvi sıxıntı içərisində qoydu. “Bizim başlamalı olduğumuz işi onlar başladılar, buna dözmək olmaz, bu gündən meydana, bu gündən tətilə” deyə düşüncələrini ortaya qoydular.

Gəncliyin heç bir hədə-qorxuya təslim olmayan, güzəşt etməyən, qətiyyətli iradəsi azadlıq hərəkatının bütün Azərbaycana yayılacağından verirdi. Meydan hərəkatında Nəsir bəyin başçılığı ilə AXDP-nin (Azərbaycan Xalq Demokrat Partiyası) üzvləri də, o cümlədən Sumqayıtdan Mərcan Mehdiyeva, Lökbatandan tələbə Vəsxanım Ağayeva, Buzovnadan Aslan Məmmədov, Mərdəkandan Vidadi bəy, Şüvəlandan Abidin Qafarov və bunların təşkilatçılığı ilə olan yüzlərlə vətənpərvər azadlıq naminə həyatlarını tərəddüdsüz olaraq təhlükə qarşısında qoymaqdan belə çəkinməmişdilər.

Elə buradaca, bu meydanda totalitar rejimə qarşı olan qorxu və vahimə tilsimini demək olar ki, sındırdı, özünün süni olaraq yaratdığı məğlubolunmazlıq mifini darmadağım etdi. Bu zaman hər tərəfdən meydana axın başladı. Özü də bu proses olduqca sürətlə getdiyindən meydan özünə-Azərbaycan xalqının potensial gücünə malik lider ortalığa çıxara bilmədi. Bunun bir səbəbi meydanın birdən-birə təşkili idisə, digər tərəfdən milli ziyalıların həkərikli məfkurəyə tam sahib olmaması və onlarda totalitar Sovet rejimi yetişmiş 1937-ci il xofu və kommunist olmaq qorxusu qalmaqda idi. Üçüncü tərəfdən isə, yuxarıda dediyimiz kimi meydanı ələ alan yalançı millət qəhrəmanları milli ziyalıları yaxın buraxmırdılar.

Yaxşı yadımdadır. Azərbaycan xalqının milli müstəqillik ideyasının formalaşmasında xüsusi rolu olan və bu səbəbdən də Azərbaycan xalqının böyük hörmət və rəğbətini qazanan akademik İmam Mustafayevi xeyli müddət meydanın binasına yaxın buraxmamışdılar. Fəqət kütlənin təzyiqi ilə o, nəhayət ki, tribunaya qalxa bildi, lakin nitq söyləməyə başlar – başlamaz, kütlə onu köhnə fikirli, kommunist ideyalı adam kimi nitqini yarımçıq kəsməyə məcbur etdi. Niyə? Ona görə ki, akademik milləti təmkinə, səbrə çağırırdı və hər şeyi hay-küylə yox, ağlın, təfəkkürün gücü ilə yüksək siyasi qaydalarda həll etməyə çağırırdı. Başqa bir neçə mötəbər ziyalımız da elə o səbəbdən, fitə basılaraq qovulmuşlar. Nə qədər qəribə olsa da, eyni aqibəti bir zamanlar özünün “Gülüstan” poeması ilə Azərbaycan xalqının milli şüuruna güclü təsir etmiş böyük milliyyətçi şair Bəxtiyar Vahabzadənin də başına gəldi. Halbuki, millət onu tribunaya çıxış etmək üçün böyük hörmətlə çiyinlərində gətirmişdi. Bir sözlə, kütlə onun istək və arzularına cavab verməyənlərə qarşı barışmaz mövqe sərgiləyirdi. Belə bir şraitdə tədricən siyasiləşən, nizamlanan meydan özünə lazım olan liderlərini özü seçdi, özü yaratdı. Həmin dövrdə cəsarət simvolu olan və öz alovlu çıxışları ilə kütləni cuşa gətirən “Nemət Pənahlı-Sabir Rüstəmxanlı” fenomeni yarandı. Bu fonemenlərin əks qütblü olduqları səbəbindən bu birliyin nəticəsi boşluqda, heçlikdə, dünən üçün mənasız, gələcək üçün mənalı bir acı sonluqla başa vuruldu. Lakin, dünən parçalanmanın qarşısı alındısa bu gün üçün birləşməyə mane olan amilləri aradan qaldıra bildi. Bunlarla yanaşı, “qazancımız” kütləvi sürətdə xainlər ordusunun meydana gəlməsi oldu. Maraqlıdır ki, belə halda Bakı Dövlət Universiteti bir müddət həm dirijor, həm də tamaşaçı rolunu oynadı. Yəni, bu mərhələdə özünü imperiyaya qarşı ciddi hazırlıq əzmində olduğunu və tələbə-müəllim zəkasının, təfəkkürünün kodlaşdırılmış zərbəsini zamanında vura bildi. Bütün bu deyilənlərin durğunluğu səbəbindən, Elmlər Akademiyasında yaradılmış Gənc Alimlər klubu üzvləri tərəfindən AXC təşəbbüs qrupu yaranır və ümumilikdə hərəkatı ələ almaq cəhdi edilir.

“Meydan Hərəkatı” bizə nə verdi?

Bu suala düzgün cavab vermək üçün aşağıdakılara baxmaq kifayətdir.



- Dekabrın 5-də sovet ordu hissələri tərəfindən vəhşicəsinə dağıdılan “Meydan” istiqlala gedən olduqca əzablı, lakin şərəfli bir yolun, keyfiyyətcə yeni mərhləsinin başlanğıcı oldu.

- 70 illik Sovet totalitar sisteminin xalqın ürəyində olan dəhşətli qorxu buzunu əsaslı şəkildə sındırdı. Millətin illərlə bağlı qalan dilini açdı. Azərbaycan xalqı 70 ildə ilk dəfə olaraq totalitar sistemin anti-demokratik, anti-insani xarakterini kəskin bir dillə tənqid etməyə başladı.



- Meydan hərəkatı Sovet dövlətinin bayağı milli siyasətinin puçluğunu göstərdi. Leninin milli siyasət ideologiyasının boş sözdən savayı bir şey olmadığını xalqa anlatdı. Xalqımız ilk dəfə duyub hiss etdi ki, Lenin milli siyasəti pərdəsi arxasında SSRİ-də qatı millətçilik, milli şovinizm cücərib boy atmış və bundan bəhrələnən ermənilər bütün dövrlərdə özlərinin avantürist xülyaları, “Böyük Ermənistan” iddiaları ilə yaşayırmışlar. Bu da onu göstərir ki, erməni millətçiləri Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağı bizdən qoparmaq üçün rus şovinistləri, daha doğrusu rus şovinist kommunistləri ilə çoxdan sövdələşmələr aparmışlar.

- Meydan hərəkatı Azərbaycan xalqının milli birliyinin, milli həmrəyliyinin və milli özünüdərkin rəmzinə və təntənəsinə çevrildi.

- Bütöv, vahid, qüdrətli Azərbaycan ideyaları aşılandı. Bu meydanda alim də, şair də, ictimai xadim də, fəhlə də, kəndli də əl-ələ verərək düz 17 gün əsil əzmkarlıq nümayiş etdirdi.

- Bu meydanda milli özünüdərk, azərbaycançılıq, vətəndaşlıq və vətənpərvərlik ideyaları birləşdi. Burada rus da, türk də, ləzgi də, talış da, avar da, tat da, kürd də... bir sözlə, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı adını daşıyan hər kəs Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda Azərbaycan naminə birgə mübarizə apardı.

- Meydan Azərbaycan xalqının düşmənə qarşı birgə mübarizəsinin, sarsılmaz döyüş əzminin simvoluna çevrildi. İnqilabi qaydaları öyrətdi. Tam əminliklə demək lazımdır ki, 4 dekabr meydan döyüşü bizə 20 yanvar 1990-cı ilin dəhşətli gecəsində qaniçən sovet ordusunun qarşısında duruş gətirən yenilməz ruh yetişdirdi. 1988-ci ilin 4 dekabrında rus əsgərlərinin dəyənəyinin ağrılarına mətanətlə cavab verən oğullarımız 1990-cı ilin Qanlı Yanvar gecəsi sinələrini polad tanklara sipər elədi. Azərbaycan oğullarının bu şücaətini, qorxmazlığını və dözümlülüyünü meydan formalaşdırmışdı.

- Meydan hərəkatı Azərbaycan xalqının içindən öz milli liderini, milli mənlik və ləyaqətlə böyümüş milli siyasətçilərini yetişdirdi. İndi hamımızın yaxşı tanıdığımız milli dirçəlişdə və milli istiqlal savaşında özünəməxsus yeri olan Əbülfəz Elçibəy, Məhəmməd Hatəmi, Nəsir Ağayev, Etibar Məmmədov, İsa Qəmbər, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk, Zakir Quliyev, Famil Mehdi, Nəcəf Nəcəfov və onlarla digər mübariz siyasi meydana məhz Meydan hərəkatından gəldilər.

- Meydan hərəkatı Azərbaycan xalqının milli zənginliklə qidalanan kök üstündə siyasiləşməsinin əsasını qoydu. İlk inqilabi dalğalar, siyasi çıxışlar və siyasi təşkilatlar öz təşəkkülünü meydanda tapmışdılar. Meydan hadisələri millətə göstərdi ki, azadlığa gedən yolun ilk cığırı siyasi kamillikdən başlayır.

- Meydanda ilk dəfə olaraq sonradan yaranan və torpaqların, eləcə də Xalq Hərəkatı liderlərinin müdafiəsində əvəzsiz xidmətlər göstərən Milli Müdafiə Komitəsinin əsası qoyuldu. Məhz meydanda yaranmış mühafizə dəstəsi gələcək MMK-nın əsasını təşkil etdi ki, MMK da öz növbəsində Milli Ordunun yaranması və formalaşmasına gətirib çıxardı.

- Meydan hadisələri millətin içindəki dönükləri, xainləri, düşmən dəyirmanına su tökənləri, imperiyaya nökərçilik edənləri saf-çürük elədi. Millət bu meydanda və ondan sonra kimin kim olduğunu, kimin ardınca gedib, azadlığa doğru yürüşə qoşulmaq istiqamətini müəyyənləşdirdi.

- Meydan hərəkatı susdurulduqdan sonra onun fəallarına qarşı başlanan, siyasi repressiyalarla müşayiət olunan dövrün əvvəlində hərəkatda bir süstlük, ətalət duyulmağa başladı. Lakin az sonra hadisələrin gedişi göstərdi ki, əslində bu sükut nisbi xarakter daşıyır və heç bir irtica qüvvəsi Azərbaycanda başlamış olan Milli Azadlıq Hərəkatını boğa bilməyəcək...

1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ də mənfur düşməni öz iddiasından çəkindirmədi. 1989-cu ilin əvvəllərində bir qədər sakitləşən ermənilər, həmin ilin yazından yenə də sərsəm iddialarını təkrarlamağa başladılar.

Bakıda isə Meydan hərəkatından sonra nisbi sakitlik yaransa da, yarı açıq, yarı gizli fəaliyyət davam edirdi. 1989-cu ilin mayında artıq AXC-nin təşəbbüs qrupu formalaşaraq fəaliyyətə başladı. Tanınmış ziyalılar—İsmayıl Şıxlı, Ziya Bünyadov, Anar, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu və digərləri Bakıda fəaliyyət göstərən bütün təşkilatların birləşməsinə çalışsalar da, 1988-ci ilin sentyabrında Xudu Məmmədovun vəfatından sonra artıq belə bir birliyin baş tutmayacağı məlum oldu. Bunun səbəbi bütün bu təşkilatların ambisiyalı mövqeyi ilə bağlı idi. Amma biz bu fikirlə qətiyyən razı deyilik. Çünki adı çəkilən insanlar, Xəlil Rza, istisna olmaqla, azadlıq eşqi ilə alışıb – yanan xalqın, xüsusən də gənc nəslin tələblərinə artıq cavab vermirdilər. Xalqa həqiqəti söyləməkdən qorxmayan, ölümün gözünə dik baxmağı bacaran liderlər lazım idi. Bəxtiyar Vahabzadə və digərlərinin mayak kimi çıxış etdikləri dövr artıq çoxdan keçmişdi. Bu da təbii idi. Çünki hər dövrün öz tələbləri var.

Azərbaycandakı demokratik hərəkat və müstəqillik uğrunda gedən mübarizə bir neçə mərhələdən və yadda qalan keçidlərdən ibarət olmuşdur.

1988-ci ildə yaranmış Milli-Azadlıq Hərəkatı dalğası, respublikada baş verən ictimai-siyasi vəziyyət və hakimiyyətsizlik mövcud hakimiyyəti yıxmaq əzmində idi. Lakin hakimiyyət uğrunda mübarizə aparanların bacarıq və qabiliyyəti yüksək səviyyədə deyildi. Belə bir vaxtda, yəni kütləvilikdən siyasiləşməyə doğru yön alan AXC-ni Xalq Hərəkatı dalğası hakimiyyətə gətirdi.

Qustav Lebon “Xalqların və kütlələrin psixologiyası” əsərində qeyd edir ki, nə inqilablar, nə konstitusiyalar, nə də despotizm heç bir xalqa onda olmayan xarakteri verə bilməz, eyni zamanda ondan ala bilməz. Çünki, dönə-dönə deyilib ki, hər bir xalq yalnız özünə layiq idarəetmə formasını əldə edir. Onun başqa idarə üsuluna nail olması çətin ki, mümkün olsun... Təkcə daxili aləmlərinə görə müxtəlif xalqlar bir rejim altında yaşaya bilməzlər. İrland, ingilis, slavyan, macar, ərəb, fransız yalnız sonsuz çətinliklər və aramsız inqilablar hesabına bir qanun altında saxlanıla bilərlər. Müxtəlif xalqlardan ibarət olan böyük imperiyalar gec-tez məhvə məhkumdur... Xalqların psixologiyasının dərindən öyrənilməsi siyasət üçün çox faydalı ola bilər”» (9, s. 178-191).



Milli Azadlıq Hərəkatının tarixini öyrənmək baxımından maraq kəsb edən qaynaqlar içərisində Elçibəyə həsr edilən və ya onunla bağlı tərtib edilən çoxsaylı kitabları (1-8, 10-14) da mütləq qeyd etmək lazımdır. Fəqət onların, demək olar ki, heç birində tarixini yazmağa girişdiyim dövr barədə əhəmiyyətli məlumata rast gəlmədim. Bu da onunla bağlıdır ki, həmin dövrdə Elçibəyin fəaliyyəti bir o qədər də gözə çarpan olmayıb. Onun ümumxalq sevgisini qazanması və hərəkatın liderinə çevrilməsi sonrakı mərhələdə baş vermişdir.
Qaynaqça


  1. Elçi Bəy. Bakı, 1999.

  2. Еlçi Bəy. Bakı, "Nurlar"NPM, 2005, 64 s.

  3. Elçi Bəy haqqında. Bakı, "Şirvannəşr", 2008.

  4. Elçibəy ilə birlikdə otuz il. İstanbul, 1999.

  5. Elçibəylə 13 saat üz-üzə. Bakı, 1999; İstanbul, 2001.

  6. Elçibəy və Azərbaycan. İstanbul, 1994. 

  7. Əbülfəz Elçibəy: "Bu, mənim taleyimdir". Bakı, 1992. 

  8. Əbülfəz Elçibəy: "Mən qurtuluşçuyam!", Bakı, 2002.

  9. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  10. Demokratiya və azadlıq. İstanbul, 1992.

  11. Deyirdim ki, bu quruluş dağılacaq. Bakı, 1992. 

  12. Qurtuluş və bütövlük yolu (Elçibəylə 6 söhbət). Bakı, 2003.

  13. Prezident Elçibəy. Bakı, 2001.

  14. Savalanda görüşənədək, Bəy! Bakı, 2000.

  15. Zülfüqarlı M. İstiqlal tarixini yaradanlar ( 1972 – 1992 – ci illər). Bakı, 2002.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə