Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   2   3   4   5   6   7   8   9   ...   28

Düşmənlər xeyli itki verib geri çəkiləndən sonra baxıb gördüm bunun bədənində 
salamat yer yoxdu. Azından beş-altı güllə yarası alıb.  
 
Qaragilə çubuqlarından hörülmüş çəpərin dibində oturdu, belini çəpərə söykəyib 
məni yanına çağırdı, ordenimi istədi.  
 
Mən də çıxarıb verdim. Ordeni sağ ovcunda möhkəm sıxdı. «Məni burda dəfn 
elərsən, - dedi. – İndi siz gedirsiz. Bu torpaqları azad eləyəndə məzarımı qazar, öz 
halal ordenini götürərsən». «Nə danışırsan? – ona təsəlli verdim. – Sən 
yaşayacaqsan!» «Doğrudanmı heç nə hiss eləmirsən? – döyüşçü soruşdu. – Mən iki 
saat bundan əvvəl ölmüşəm.  
 
Elə ilk hücumdaca məni öldürdülər. Döyüşən ruhum idi!» Deyən kimi də yıxıldı, 
yaxınlaşıb baxdım, bədəni çoxdan soyumuşdu. Belə çıxır, düz deyirmiş. Başımda 
tüklərim biz-biz durdu».  
 
- Ölmüşdü? – qız inamsızlıqla səsləndi. 
 
- Hə, - oğlan təsdiq elədi. 
 
- Amma döyüşürdü? 
 
- Döyüşürdü. 
 
- Ola bilməz! - qız ixtiyarsız olaraq dilləndi. 
 
Əlbəttə, oğlan deyirdi, orda olmasaydım, mən də inanmazdım.  
 
Heyrətdən çaşıb qalmışdım, haçandan-haçana özümü ələ alıb məzar qazdım, onu öz 
bildiyim kimi dəfn elədim.  
 
Güllələrin qırdığı, ləçəkləri tozdan bozarmış qızılgüllərdən bir qucaq yığıb tökdüm 
qəbrinin üstünə.  
 
Əsl qəhrəman o idi, ancaq kim, haralı olduğunu bilmədim. Haçan olsa gedəcəyəm 
ordenimin arxasınca, özüm də gedə bilməsəm, ruhum gedəcək. Beş aydı 
qayıtmışam, ancaq o döyüşçünü bir anlığa belə unuda bilmirəm.  
 
Qayıdıb görürəm anam ölüb, qonşular balaca daxmamızı söküb qatıblar öz yerlərinə
guya elə bilirmişlər mən ölmüşəm. İndi gecələr bu bağda gecələyirəm. 
 
- Sən heç ləçəklərini toz basmış qızılgül görübsən?- oğlan soruşdu. 


 
- Hə, - qız dedi. 
 
- Harda? 
 
- Kənddə. Nənəmgilə getmişdik. Birdən külək qalxdı, torpaq yolların, çölün tozunu 
gətirib qızılgüllərin üstünə səpdi. Ləçəkləri tozdan bomboz bozarmışdı. 
 
- Orda da eləydi, - oğlan fikirli halda dedi. - Hə, gedək, vaxt yoxdu.  
 
Ayağa qalxdılar. Qaranlıq olsa da, qız oğlanın yerişində bir qəribəlik hiss eləyirdi
sanki ayağını yerə basmır, havada yeriyirdi.  
 
«Bu bağda ölənləri dəfn eləyirlər?» - qızdan soruşdu. «Bu bağda ölən olmur», - qız 
dedi. «Dəfn eləsələr yaxşıdı, - qızı eşitmirmiş kimi dedi. – Bağda küçə itləri dolaşır, 
meyidi didib parçalarlar». 
 
Oğlanın soyuq, duyğusuz səsindən qızın bədəninə titrətmə düşdü. Bircə qaranlıq 
bağdan çıxsaydılar, irəlidə, ağacların arasında işıqlar sayrışaırdı və qız bütün 
varlığıyla sayrışan işıqlara doğru can atırdı. 
 
Növbəti oturacağa çatanda oğlan yenidən ayaq saxladı, oturdu. Solğun, cansız 
təbəssümlə gülümsədi; 
 
- Daha tək gedə bilərsən. 
 
- Bəs siz? 
 
- Get! - oğlan astadan, amma qətiyyətlə dedi. 
 
- Siz yaralanıbsız, gedəyin mənimlə!  
 
- Burdan o yana işıqlı küçə başlayır, get, - oğlan onu eşitmirmiş kimi dedi. 
 
Qız qızğınlıqla təşəkkür eləyirdi, çantasından pul çıxardıb vermək istədi, ancaq oğlan 
pulu almır, ona daha heç nə lazım olmayacağını deyirdi.  
 
Təkid elədi və pulu oğlanın qucağına qoydu, əli yapışqan təhər qana batdığından 
bədəni çimçəşdi.  
 
Dedi ki, səhər tezdən bağa gələcək, yemək, dərman gətirəcək. 
 


«Küçə itləri oyanmamış gəl», - oğlan dedi. Gələcəyinə söz verdi və işıqlara doğru 
qaçdı. 
 
Qız gecə yata bilmirdi, fikri-zikri bağda, oğlanın yanında idi.  
 
Görəsən yarası incitmirdi ki? Gecə payız bağı soyuyurdu, yəqin bağda döyüşçüyə 
soyuq olacaqdı.  
 
Həyatını təhlükəyə atıb onu ölümdən, təhqirdən xilas eləmiş döyüşçüyə qarşı 
qəlbində sonsuz minnətdarlıq hissi baş qaldırmışdı.  
 
Sübhdən oyandı, belə tezdən yuxudan durmurdu, anası təəccübləndi. «Ana, - dedi, - 
bağda bir qoca var.  
 
Onun üçün yemək aparımmı?» «Apar, - ondan indiyə kimi belə xahiş eşitməyən 
anası razılıq verdi, – ancaq unutma ki, ölkədəki acları yedizdirmək üçün biz çox 
kasıbıq». 
 
Pendir, kolbasa, çörək, dərman, sarğı götürüb kağız torbaya qoydu və qaça-qaça 
bağa getdi.  
 
Qəlbi həyəcanla vururdu, oğlan onu necə qarşılayacaqdı? Qaçdıqca dəniz tərəfdən 
əsən sərin meh saçlarını üz-gözünə dağıdır, ayaqları altda qalan şam ağacının 
iynələri xışıldayırdı. 
 
Ağacların arasındakı oturacağa çatanda gördüyü mənzərədən ayaq üstəcə donub 
qaldı.  
 
Oğlan gecə necə oturmuşdusa, eləcə də oturub qalmışdı, gözləri soyuq şüşəyə 
oxşayırdı.  
 
Qucağındakı qana batmış pullar meh əsdikcə titrəşirdi, pullardan biri yerə düşmüşdü, 
qan gölməsinin içində astaca ləngər vururdu.  
 
Qorxa-qorxa oğlana yaxınlaşdı, çiynindən yapışıb silkələdi və oğlanın çoxdan 
öldüyünü başa düşdü. 
 
Geri dönüb evə doğru qaçdı, qışqıra-qışqıra qaçır, nədənsə anasını səsləyirdi. «Ana! 
Ana!»  
 
Anası onu heyrətlə qarşıladı. Sözünü demək istəyir, ancaq deyə bilmirdi.  
 


- Nə olub? – anası həyəcanla soruşdu. 
 
- O… o… ölüb! 
 
- Kim, qoca?  
 
-Yox, döyüşçü! - dedi və ağlamağa başladı. 
 
- Hansı döyüşçü? – anası heç nə başa düşə bilmirdi. 
 
Səsə atası çıxdı. Hıçqırıqlardan boğularaq gecə başına gələnləri, döyüşçünün onu 
necə xilas eləməsini danışdı. Ata, onu dəfn eləmək lazımdı, göz yaşları içində 
yalvarırdı, meyidini itlərin parçalayacağından ehtiyat eləyirdi. 
 
Atası geyindi, qonşulara da xəbər elədi.  
 
Bir azdan küçənin əksər adamları bağdaydılar. Əskərin kimliyini, nəçiliyini 
öyrənmişdilər, doğrudan da Azərbaycanın Milli Qəhrəmanıymış.  
 
Çağrılan həkim bıçağın ürəyə işlədiyini deyir, bu yarayla onun qızı evlərinə 
ötürməsinə inanmırdı. 
 
Çoxlarının tanımadığı igid döyüşçünü elə həmən gün dəfn elədilər.  
 
Tabutun arxasınca böyük izdiham gedirdi, qəhrəmana son borcunu vermək 
istəyənlər çox idi. Qız ağlayır, ovunmaq bilmirdi, sanki ən əziz adamını itirmişdi. 
 
«O əsl qəhrəman idi! – atasına deyirdi. – Ordeni ordadı, Qarabağda! Qəhrəman 
döyüşçünün məzarında.  
 
Gedəcək ordeninin arxasınca». «Daha o heç yerə gedə bilməyəcək, - atası dedi, – 
onun dünya yolçuluğu sona çatdı.  
 
Son mənzili buradı». «Gedəcək! – qız razılaşmırdı. – Özü də gedə bilməsə, ruhu 
gedəcək!» 
 
Belə deyən kimi də qorxunc gecəni xatırladı.  
 
Döyüşçünün səsi sanki uzaqdan gəlirdi, yerişi də bir cürdü. Başında tükləri biz-biz 
durdu, hər şeyi başa düşdü.  
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə