Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- Hə, - xatırladı, - bu böyüklər üçün nağıldı. Biri var idi, biri yox idi, bir döyüşçü var 
idi. Yox, mən bu nağılı sənə sona qədər danışa bilmədim. Vaxtım çatmadı. Bir insan 
ömrü bir nağılı sona çatdırmağa bəs eləmədi. Kiçik Zamin gəldi, böyük Zamin gedir. 
Faiq deyən kimi oldu, ancaq cüzi fərqlə, alnından yox, kürəyindən vurdular. Anasını 
düşünürdü, necə olacaqdı, oğlunun ölüm xəbərini eşidəndə nələr çəkəcəkdi. 
Leninqrad universtitetini bitirən həmən uşaqlar da bundan sonra ad günlərində 21 
yox, 20 açıqlama alacaqlar. Son dəfə öz doğma dilində anasını səslədi. 
 
- Ana!  
 
Hər şey bitdi. 
 
Səs-küyə adamlar gəlirdilər, ona yaxınlaşmağa cürət eləyən yox idi. Bir rus qarısı 
keçmiş bakılılardan idi, döyüşçünün son nəfəsdə kimi çağırdığını anlamışdı.  
 
Bunların hamısının anası var idi, hamısını ana doğmuşdu, bəs niyə bir-birlərini 
qırırdılar. Qarı səssizcə xaç çəkdi və ağladı. 
 
Atəş səslərini eşidən qadın gəlib çatanda gördüyü mənzərədən sarsıldı.  
 
Ona bu qədər yaxşılıqlar eləmiş oğlan dükanın qabağında, səkinin kənarındakı 
yaşıllıqda cansız halda uzanmışdı.  
 
Uzanmışdı payız ab-havası dolaşan uzaq, yad rus şəhərində, gözlərində bomboz 
payız səması əks olunmuşdu.  
 
Oğlan üçün dua eləyir, Tanrıya yalvarırdı, duaları oğlanı qoruya bilmədi.  
 
Gözlərini qapamaq üçün oğlana yaxınlaşmaq istədi, ancaq qıçları əsdi, heysiz halda 
səkinin üstündə oturdu. Əllərini dizlərinə döyüb qəlb didən səslə: 
 
- Vay nənə…ə!!! – dedi. 
 
 
 
 
 


 
 
 
 
 
MÜSTƏNTİQİN ƏRİ
 
 
Nazlı ərini yarımçəkmə ilə döyür, qışqırırdı, haçana kimi yava gəzəcəksən, haçana 
kimi gözün şortuların arxasınca olacaq?  
 
Onları ayırmaq istəyəndə  onun da başına bir-iki çəkmə dəydi. Özünü lənətləyirdi, 
adam, nə işinə, çıx yolunla get də, bunların günü dalaşmaqla keçir. 
 
Bu gün ayıracaqsan, sabah yenə başlayacaqlar, sən bunları ayırmaq haqda 
öhdəçilikmi götürübsən? 
 
Arvadı onu aşkar heyrətlə qarşıladı. 
 
- Göz-başın niyə qızarıb? 
 
- Qızarıb? 
 
- Hə də! 
 
- Nazlı vurdu,  - mızıldandı. 
 
- Bilmək olarmı niyə? Əslində niyəsini bilirəm, amma səndən eşitmək pis olmazdı. 
 
- Əri yava gəzir. Gözü yava gəzənlərin arxasıycandı. 
 
- Bunun sənə nə dəxli? Əri yava gəzirsə, qoy ərini  vursun. Səni niyə vurur? 
 
- Bunu məndən yox, Nazlıdan soruşmaq lazımdır. 
 
- Əzizim, canım-gözüm, - arvadı əzizim deyirdisə, demək, əsəbləri tüğyan 
eləmişdi,   canım-gözümü də əlavə eləyirdisə, artıq işlər şuluqdu, - Nazlı xanım burda 
yoxdu, o səbəbdən də səndən soruşmalı olacağıq. Amma mənə qalarsa, soruşmağa 
ehtiyac yoxdu, onsuz da hər şey məlumdur. 


 
Lənətə gəlmiş çuqun qulplucanın vıyıltısını eşitdi, amma keri çəkilməyə fürsət 
tapmadı, otaq gözlərində qaraldı, huşunu itirib ləsəlmiş halda divana çökdü. 
Səhər onu işə yola salan qadın həmişəki tapşırığını verirdi, bax, yenə sənə deyirəm, 
bu şortudan uzaq dur, yoxsa vayını verərəm. Hər dəfə də qulplucanı vuracağıma 
umid eləyə bilməzsən, günlərin birində əlimə balta da keçə bilər.  
 
Arxadan onu səsləyirdilər, Nazlı idi, lənət şeytana, yenə buna nə lazımdı, ərinə gücü 
çatmır, acığını ondan çıxır. Mən də dayanacağa gedirəm, addımlarını yeyinlədib ona 
çatan qadın dedi. Baxanda arvadı  qısqanmaqda haqlıydı, gözəl qadındı, döşləri 
deyirdin indicə koftasını deşəcək, mütənasib, adamı maqnit kimi cəzb eləyən bədəni 
var idi. 
 
- Gedirsən, get də. Mənsiz gedə bilməzsən?  
 
- Minnətin olsun! – Nazlı dedi. 
 
- Nəyə minnətim olmalıymış? Sayəndə dlincliyim yoxdur, hər gün   müstəntiqə 
hesabat verirəm. 
 
- Hansı müstəntiqə? 
 
- Arvadıma! Guya arvadımın müstəntiq olduğunu bilmirsən?  
İkisi də eyni istiqamətə gedirdilər, amma qadınla eyni avtobusa minmək istəmirdi, 
arvadı bunu haralara yozardı, məlum deyildi,   niyə boş yerə risq eləsin? Qadın çıxıb 
getsin, sonrakı avtobusa minərdi,   hər on-on beş dəqiqədən bir avtobus gəlirdi. 
Qadınsa sanki onu gözləyirmiş, onun minmədiyini görəndə, o da minmədi.   
 
- Niyə minmədin? - heyrətlə   soruşdu: 
 
- Bəs sən niyə minmədin? 
 
- Sən mənim başıma bəlamı oldun? Avtobusun gəlib, min, çıx get də! Olmaya mən 
səni avtobusda müşaiyyət eləyəcəyimə boyun olmuşam?! Minim səninlə eyni 
avtobusa, sonra da arvad çəksin məşhər ayağına. Niyə o qadınla bir avtobusa 
minirdin? Görürsən qadının baş-gözü qaynaşır, rəddə ver, başqa avtobusa min! 
Onda nə deyərəm? 
 
- Sən də özünə kişi deyirsən!  Bir arvadın əlində aciz qalıbsan. Mənimkini yığıb-
yığışdırmaq mümkün deyil, neyləyirsən elə, gözü orda-burdadır! 
Növbəti avtobus gəldi, adam çox idi, qadın onu tələsdirdi. 
 


- Min də! 
 
- Yox, - boyun qaçırtdı, - sən min get. Mən gələrəm. 
 
- Ay qoyun, min! 
 
- Birdən arvad… 
 
- Hardan biləcək? 
 
Etiraz eləyə bilmədi, həm də işə gecikirdi, qadına dedi, sən qabaq qapıdan min, mən 
də arxadan minəcəyəm. Qoy heç olmaya ikimizi bir yerdə avtobusa minən görməsin. 
Elə də elədilər,  adam həddən artıq çox idi, arxadan gələnlər onu qabaqlarına qatıb 
aparırdılar. Birdən qabağında boş oturacaq gördü, özünü birtəhər oturacağa saldı və 
başını qaldırıb Nazlının da qabaqdan minənlər tərəfindən ona doğru sıxışdırıldığını 
gördü. Qadın özünü saxlaya bilməyib birbaşa onun qucağına yıxıldı və bir təhər 
yerini rahatlayıb qucağında oturdu. Heyrətdən dili söz tutmurdu, qadınla bir 
avtobusa minmək istəmirdi, indisə qadını qucağında oturtmuşdu. 
 
- Neyləyirsən? – qorxmuş halda pıçıldadı. 
- Səncə neyləyə bilərəm? 
- Dur ayağa görüm! 
- Arvadın elə yerində sənin vayını verir. Yerimdən tərpənə bilirəm, duram da. 
- Mən batdım! Arvad bilsə… 
- Ay qoyun, hardan biləcək?  
 
Üç-dörd dayanacaq beləcə qadın onun qucağında getdi, yalnız qadın düşəndən sonra 
dərindən nəfəs aldı, artıq bir qədər adam düşmüşdü, avtobusdakıları görmək olurdu. 
Boylanıb baxdı, tanış adam yox idi, lap yəqin qadını qucağında oturtduğunu görən 
olmamışdı.  
Axşam arvadı onu yenidən sorğu suala tutdu: 
 
- Sənə deyilmişdimi o şortudan uzaq dur? 
- Deyilmişdi, - qorxa-qorxa təsdiq elədi. 
- Sən necə, durdunmu? 
- Harda durdum? 
- Şortudan uzaqda…a! 
- Hə, durdum. Xeyli uzaqda… 
- Avtobusa onunla birlikdə minmədin? 
- Avtobusa? 
- Mindin, minmədin? Hə,   yox? 
- Mindim. 


- Bəs bunun harası uzaq durmaq olurmuş?  
 
Mən neyləyim, özünə haqq qazandırırdı, səhərlər orda heç bilirsən nə qədər adam 
olur. İnanmazsan, adam qarışqa kim qaynaşır, mən hardan bilim qadının da orda 
olduğunu. Mən minmişəm, o da arxadan gəlib minib. Yoxsa mənə nə düşmüşdü, 
onunla bir avtobusa minəm. Mən namuslu, evli-başlı birisi kimi nəinki ona, heç başqa 
qadına da göz ucu belə baxmadım. «Göz ucu da baxmadın,  amma qucağında 
oturtdun. Belə şəstlə! Qadın oturub qucağında, sən də namuslu, evli-başlı birisi kimi 
qadına gözucu da baxmırsan. Halal olsun!» 
 
Başında tüklərinin vız-vız durduğunu hiss eləyirdi, ax, qadın, qadın, səni görüm 
lənətə gələsən! Bəs deyirdin bilməyəcək, nə oldu? Necə bildi?   Dili dolaşa-
dolaşa   arvadını başa salmağa çalışırdı. Avtobusda basırıq idi, mən birtəhər 
oturdum, adamlar da onu itələyə-itələyə gətirib mənim qucağıma yıxdılar. Yoxsa 
mən camaatın qızını avtobusda, o qədər adamın  içində necə qucağımda oturda 
bilərdim? Bu sırf   iş qəzasıydı, daha doğrusu yol qəzasıydı, yəni sırf təsadüfdü. 
Arvadı isə başını yırğalayırdı.  Demək, təsadüfmüş, təsadüfən qadınla bir avtobusa 
minirsən, təsadüfən avtobusda adam çox olur, təsadüfən qadını itələyib sənin 
qucağına yıxırlar. Bir gündə sənin başına nə qədər təsadüflər gəlib? Uçaskovının 
arvadı ordaymış, basırıq da olsa, adam çox olsa da, səndən başqa o avtobusda xeyli 
kişi olsa da,  o gedib hansısa kişinin qucağında oturmayıbmış, kişi qızı kimi ayaq üstə 
durubmuş. Mənə telefonda danışdı, xırdalıqlarına kimi,   gözlərinin necə bildir-bildir 
vurmağını, necə şax oturmağını! Yanıb yaxılırdı,   vay kopoyğlunun 
qızı,  sənin  sahibin yoxmu, minibsən avtobusa, hansı cəhənnəmə istəyirsən, get 
də,   sənin nəyinə lazım, kim kimin qucağına minib, niyə minib, necə minib! Yaxşı, 
deyirdi, mən indicə o uçaskovıya  zəng elərəm, görüm bunun arvadı   işə gedir, ya 
şəkil çəkməyə, təsvir eləməyə? Hələ bir utanmır, götürüb zəng də eləyir! 
 
- Güzgünü sındırmırlar. 
- Səncə o güzgüymüş? 
- Məncə hə! 
- Harasıymış   güzgü? 
- Gördüyünü güzgü kimi əks  elətdirməsi! Hətta güzgüdən də yaxşı! 
- Nifrət elədim güzgüyə! – qızğınlıqla dedi. – O alasəfeh uçaskovı arvadının hesabına 
daha güzgülərə həyəcansız baxa bilmərəm! 
 
Əzizim, canım-gözüm, həyatım, sən azından mənim qadın, xüsusi ilə də müstəntiq 
olduğumu unudursan. Bu cəfəngiyata kim inanar? Basırıq oldu, mindi, düşürt də! 
Şortu  öz dayanacağına qədər sənin qucağından düşməyib, niyə də düşsün, 
yeri  rahatmış. Hər şey bir yana,   mənim avtobusda bir kişinin qucağında oturub 
getdiyimi eşitsən, sənə necə təsir elər? Mənə də eləcə təsir eləyir. 
Qadın nəylə vurdu,  bilmədi, gözlərinə qaranlıq çökdü, huşunu itirdi, ayılanda isə 


divanda uzandığını gördü. Arvadı hətta ona şam yeməyi də təklif eləmədi, özü şam 
eləməli, çay dəmləməli oldu. 
 
Səhər tezdən  işə gedəndə arvadı heyrətlə soruşdu: 
- Üzünü niyə qırxmayıbsan? 
- Necə qırxım? Güzgüyə baxa bilmirəm, güzgüyə baxanda mənə elə gəlir uçaskovının 
arvadına baxıram. Başqasının arvadına baxıb üzümü necə qırxım? 
- Eləmi? – arvadı mənalı tərzdə səsləndi. 
- Elə! 
 
- Nə deyim.  Yəqin qulplucanın nədən ötrü başına dəydini unutmazsan? 
Məlum işdir, unutmamışdı.   Evdən çıxanda  dörd   gözlə ətrafa boylanırdı, bilmək 
olmazdı, birdən bu baş bəlası hardansa çıxdı, yenə başına oyun açdı. Baxanda 
arvadının nə günahı, o qədər adamın içində birbaşa gəlib onun qucağında oturur. 
Hələ bir məzələnir də, yəqin yerin rahatdır, ürəyincə olar, heç yuxuna da girməzdi. 
Əlbəttə girməzdi, lap elə ürəyimcədi, bəs sonrası? Müstəntiqə bunun üçün cavabı 
mən verirəm, sən yox! 
 
- Hara tələsirsən? – sual o qədər qəfil oldu ki, bütünlüklə özünə qapıldığından 
diksindi. Nazlı artıq ona çatmışdı, gözləri gülürdü, onu gözdən qaçırmadığı, vaxtında 
ona çata bildiyi üçün elə bil sevinirdi. 
 
- Səncə hara tələsə bilərəm? – hirslə cavab verdi. 
- Mən nə bilim? – qadın çiyinlərini çəkdi. 
- Ərin səhər evdən çıxanda hara tələsir? 
- Şortuların yanına! 
 
- Mənsə işə gedirəm! Yəni tələsirəm.  Sən nə veribsən mənə ala bilmirsən? Niyə 
məndən əl çəkmirsən? Apvadım mənə sənin yüz metr həndəvərinə fırlanmağı belə 
qadağan eləyib, sənsə gəlib giribsən çənəmin altına. Axşam soruşanda nə 
deyəcəyəm? 
 
Avtobus dayanacağına kimi beləcə gəldilər, təzəcə çatmışdılar, avtobus gəldi, amma 
o minmədi, qadının minib getməsini gözlədi. Qadınsa onsuz avtobusa minmək 
istəmirdi.  İstəsə də, istəməsə də minməliydi, bu qadını belə görürdü, o minməyincə, 
minən deyildi. Nazlını qabağa salmışdı, qadın pillələri qalxıb içəri keçən kimi də, 
səssizcə avtobusdan düşdü. Pəncərənin qabağında oturub yerini rahatlayan qadın 
onun yoxluğunu hiss elədi, ətrafa boylandı, yerində dikəldi və birdən yerdə dayanmış 
onu gördü. Qadın barmağını ona silkələyir, o isə yerdə ləzzətlə atılıb düşür, sevincini 
izhar eləyirdi.  
 
Axşam üstü işdən qayıdanda təzəcə pilləkənə ayaq basmışdı ki, Nazlı otaqdan 


çıxıb  qabağını kəsdi. Deməyinə görə işıqları yanmırdı, onun baxmağını xahiş eləyirdi. 
Etiraz eləyirdi, mənim işıqdan-filandan başım çıxmaz, sonrası da birdən arvadım 
gördü, bildi, onda necə olar?   Hardan biləcək, qız az qala onu zorla dartıb içəriyə 
saldı. İçəri keçən kimi də işıqların yandığını gördü. Qadınsa qolundan yapışıb onu 
birbaşa yataq otağına aparırdı. «İşıqlar   yanır,  - deyirdi, - lap heç yanmasalar da, 
səni çağırmaram, sən nə bilirsən elə şeyləri. Gördüm özüm hərəkət eləməsəm, 
səndən  təpər olmayacaq». Artıq o da etiraz eləmir, əl-ayağını dağıtmırdı, olan 
olmuşdu, əksinə, yataqda belə gözəl, ehtiraslı qadınla vaxt keçirdikcə, indiyə 
kimi   qadına məhəl qoymadığına görə özünü məzəmmətləyir,   özü təşəbbüs 
göstərən qadına qarşı qəlbi minnətdarlıq hissiylə dolurdu. 
 
Geyinib qadınla vidalaşdı, mən həmişə bu vaxtlar evdə oluram, qadın deyirdi, 
istədiyin vaxt gəl. Bəs ərin, təşvişlə soruşdu. Qadınsa əlini yelləyirdi, onun bu vaxtlar 
evə gəldiyi olmur, lap gəlsə də işıqları düzəltdiyini deyərəm. Sonrası da o səndən heç 
vaxt şübhələnməz. 
 
Qapıdan çıxanda az qala pilləkənlə sürətlə qalxan arvadı ilə toqquşacaqdı. Arvadının 
heyrətdən gözləri geniş açılmışdı. 
 
- Sənsən? – inamsızlıqla səsləndi. 
 
- Mənə…əm, - dili topuq vururdu. 
 
- Burda neyləyirsən? 
 
- İşığı düzəldirdim. Qonşu xahiş elədi… 
 
- Düzəldə bildinmi? 
 
- Nəyi? – gözlərini döyürdü. 
 
- Sən burda nəyi düzəltməliydin? 
 
- Nəyi düzəltməliydim? 
 
- Məndən niyə soruşursan?  İşıqları! 
 
- Hə, hə. Düzəltdim,  əməllli-başlı! İndi par-par yanırlar. İnanmırsan, gedək baxaq! 
 
- Ehtiyac yoxdu, mən bu şortunun sifətini belə görmək istəmirəm. Evdə işıqlar xarab 
olur, mən düzəldirəm, əlini   vurmursan, burda isə dönüb mantyor olursan. 
 


- Çünki sən məndən xahiş eləmirsən, - qızğınlıqla deyirdi, - deyirsən, əl vurma, məhv 
elərsən. Burda isə xahiş elədilər, mən də kömək əlimi uzatdım. 
 
Nə bilim, qadın evə keçib ayaqqabılarını çıxarandan sonra etinasız halda dedi, bəlkə 
də  haqlısan, hər halda gəlib burda, qonşuluğumuzda buna   cürət eləyəcəyinə o 
qədər də inanmıram. Amma vicdanım rahat olsun, hansısa bir cinayəti, özü də alçaq 
bir cinayəti cəzasız qoymayım deyə işimi də görməliyəm. Gördü də, yəni alçaq 
cinayəti cəzasız qomadı, amma bu dəfə qulplucanın zərbəsi elə də güclü olmadı, hər 
halda huşunu itirmədi. Sevinirdi, işə bax ha, heç bir günahı olmaya-olmaya arvadı 
vayını verirdi, bu dəfə isə canını belə asanlıqla qurtardı. 
 
Cavid gəlib onu çağırdı, istidir, gedək həyətdə oturaq, deyirdi. Razılaşsa da, ürəyi 
əsirdi. Doğrudur, arada Cavid gəlib onu çağırır, həyətdə, ağacların arasındakı 
oturacaqda oturub pivə içir, söhbət eləyirdilər. Amma bu gün təşvişə düşmüşdü, 
bəlkə nəsə öyrənmişdi, ona görə çağırırdı. Qapıdan çıxanda arxadan arvadının acıqlı 
səsini eşitdi, daş  kişi başınıza, bir şortunu dədə malı kimi bölüşürlər. Cavidin 
eşidəcəyindən ehtiyatlanıb tez qapını çəkdi. Cavid pivə almışdı, bir banka da ona 
verdi, təşəkkür eləyirdi. Sağ ol, Nazlı deyirdi işıqlarımız xarab olmuşdu, səni çağırıb, 
düzəldibsən. Elədi, düzəltdim, dili topuq vurdu. Cavidsə yenidən lovğalanır, sütül  qız 
tapması ilə fəxr eləyirdi. Özünü saxlaya bilmədi: «Bir halda sutul qızların arxasınca 
qaçacaqdınsa, niyə evlənirdin? Evlənməzdin, kimin arxasınca istərdin, qaçardın, 
dərd-sərin də olmazdı». «Boş şeydi, - Cavid əlini yellədi, - nə dərd-sərim olacaq? 
Danışıb-danışıb, qalacaq özüyçün. Sənsə yapışıbsan   müstəntiqin ətəyindən. Qızın 
kökü kəsilmişdi, gərək elə gedib müstəntiqlə evlənirdin?» «Heç nədən xəbərin yox, 
bəy-bəy danışırsan! Onda biri mənə toyda ilişdi, məndə ilişdirdim. Bekara şeymiş, 
çənəsi sındı. İşə bu baxırdı, gözəl də qızdı, köməyi dəysin deyə girişdim buna, sonra 
da geri çəkilə bilmədim». 
 
Bir qədər də söhbət eləyib ayağa qalxdılar. 
Səhərisi işdən qayıdanda yenidən pilləkəndə Nazlı ilə rastlaşdı. Keçib getmək 
istəyirdi, amma qadın qolundan yapışıb saxladı. Deməyinə görə mətbəxdə 
pəncərənin şüşəsi sınmışdı. Mənim əlimdən gəlməz, desə də, qadın qolundan yapışıb 
zorla isəri apardı və içəri keçən kimi də heç nəyin sınmadığını başa duşdu.  
Sən məni güdaza verəcəksən, geyinəndə deyirdi, keçən dəfə də dedin arvadın 
hardan biləcək, amma mən qapıdan çıxanda arvadımla toqquşdum. Müstəntiqdir, 
tam zamanında hadisə yerində olur. 
 
Nə qədər inanılmaz olsa da, bu dəfə də qapıdan çıxanda az qala arvadı ilə 
toqquşacaqdı. Arvadı gözlərinə inanmır, başını silkələyirdi. 
 
- Yəqin sən o deyilsən? 
 


- Kim deyiləm? 
 
- Ərim olacaq o şərəfsiz əbləh! 
 
- Necə yəni deyiləm? Ərin olacaq o şərəfli insanam ki, varam. Nədi, məni tanımadın? 
Qonşular eşidir, şəbədə bəzərlər. Bəs filankəsi doğmaca arvadı tanımadı. 
 
- Demək, sənmişsən? – qadının heyrətinin sonu yox idi. – Heç cür inanmağım 
gəlmir.  İndi burda neyləyirsən? Yenədəmi şortunun nəyisə xarab olmuşdu. 
- Hə, olmuşdu. Şüşəsi sınmışdı. 
- Barı saldınmı? 
- Nəyi? – gözlərini döyürdü. 
- Sən burda nəyi salırdın? 
- Mən salırdım? 
- Yox, mən!  Şüşəni! 
- Şüşəni, mən? Mən niyə salıram? Şortunun şüşəsi sınıbsa, canı çıxsın, əri 
salsın.   Hə… Saldım! Neyneyim, sınmışdı. Çağırdı, kömək istədi… 
- Sən də uzatdın? 
- Nəyimi uzatdım? 
- Kömək əlini, ay qoyun! 
- Hə, uzatdım! Əlbəttə uzatdım! 
 
Evdə arvadı hər sözü xüsusi tələffüz eləyərək onu divara dirəmişdi, adam, sən kim 
olursan? Mənim ərimsən, ya şortunun təmirçisi? Şortunun gündə bir yeri xarab 
olacaq, sən də gedib düzəldəcəksən? Bir halda xarab olursa, səni niyə çağırır, təmirçi 
çağırsın! Təmirçi də gəlib baxar, harası xarab olar, orasını da düzəldər.  Bu sənə son 
xəbərdarlığım, səni bir daha qorxaq dovşan kimi şortunun evindən boylanan 
görmürəm. Görsəm, işin bitdi! Oldumı? «Oldu!» – cani dildən söz verdi və hələ bir 
sevindi də, canını belə asanlıqla qurtaracağını gözləmirdi. «Yox, belə olmayacaq, 
arvadı dedi, özüm tədbir görməli olacağam. Yoxsa səni qorxu-hürkü ilə şortunun 
həndəvərindən uzaqlaşdıra bilməyəcəyəm. Mən vuracağam, ağlını-huşunu itirəcək, 
amma ayılıb özünə gələndən sonra yenə şortunun yanına cumacaqsan». 
Səhər işə gedəndə Nazlıyla qarşılaşdı, boylanıb ətrafa baxırdı, görəsən onların 
birlikdə avtobus dayanacağına getdiyini görən yox idi ki? Nə biləsən, bəlkə 
uçaskovının arvadı yenə də hansısa tindən onları güdürdü. 
 
- Şortu, bilirsən nə var... 
- Nə?!  – Nazlının səsi cingildədi. 
- Nə oldu? – qorxmuş halda dilləndi. 
- Sən mənə nə dedin? 
- Mən dedim? 
- Hə, sən, sən! 


- Mən heç nə demədim. 
- Dedin, dedin! – qadın əl çəkmirdi. 
- Mən yox, arvadım dedi! 
- Yo…ox! – Nazlı onun qolundan yapışdı. – Sən dedin. Arvadın burda yoxdu. Bir 
ətrafa bax, gör arvadın burdadımı? Burda deyil. Demək, deyə bilməz. Sən dedin! 
Cavab tapa bilmir, mızıldanıb bir təhər canını qurtarmaq istəyir, ancaq Nazlı əl 
çəkmirdi. Yalnız avtobus gələndən sonra, qadın ondan əl çəkib avtobusa mindi və 
hətta ona minməyi də təklif eləmədi. 
 
Arvadının dediklərini unutmuşdu, əvvəllər Nazlıdan qaçmağa çalışsa da, son günlər 
güclü bir istək onu qadına doğru çəkirdi, amma çox çalışsa da, qadını təklikdə görə 
bilmirdi. Səhərlər ayaqlarını süründürür, Nazlını gözləyir, amma qadın gəlmirdi. 
Bir axşam işdən qayıdanda nəhayət Nazlının qapısı açıldı, sevincdən gözləri dörd 
oldu, amma ondan fərqli olaraq qadın elə də sevinmirdi, əksinə, sanki bu görüş 
ürəyincə olmamışdı, qaşqabaqlıydı. 
 
- Salam, - ümidlə dilləndi. 
- Salam… 
- Dedim bəlkə…. 
- Nə bəlkə? – qadın ona sözünü deməyə imkan vermirdi. 
- Bəlkə su krantınız xarab olub? 
- Xarab olar, düzəldərik, - qadının arxasından əri boylandı, - sən bizim krantı niyə 
düzəltməlisən? Özümə nə gəlib! 
- Sən evdə tapılırsan! – hirslə dilləndi. – Sən evdə olandan sonra mənim nəyimə 
lazım, canın çıxsın, özün düzəlt! 
 
Hər şey ona aydın olmağa başlayırdı, əri evdə olurdusa, qadın daha onu evə dəvət 
eləyə bilməzdi ki. Bəs bu əbləh evdə tapılmırdı, buna nə olmuşdu, belə tezdən evdə 
nə ölümü vardı? Bir azdan yenə də qonşu gəlib onu pivə içməyə çağırdı, amma pivə 
almamışdı, bu dəfə də sən al, dedi, mən hər halda səni pivə ilə təmin eləməyə 
boyun olmamışam.  Əbləh adam, bir dəfə pivə alıb, dərhal da başına qaxır. 
Yaxınlıqdakı köşkdən altı banka pivə və quru balıq aldı. İç, nə qədər içə bilirsən, 
dedi, bir də mənim üçün pivə alma, zəhmət çəkərəm, öz pivəmi özüm alaram. 
 
Qonşu hirsli və qanı qaraydı, sənə nə olub, soruşdu, axı sən bu vaxtlar evdə 
tapılmırdın. Tapılmayım, neyləyim, qardaş, polis gözümü açmağa imkan vermir. Qızı 
götürüb aparıram restorana, sifariş verirəm, amma dərhal da polis kəsdirir başımın 
üstünü. Vətəndaş, pasportunu göstər, bu qız kimdir, arvadının, ya da bu xanımın 
ərinin xəbəri varmı burda restoranda birlikdə yeyib içməyinizdən. Nə deyim, 
deyəcəyəim xəbərim var, arvadıma, ya da qadının ərinə zəng eləyəcək. Bir aya 
qızlara çəkdiyim xərci bunlara verib bir təhər yaxamı qurtarıram. Bunun dərdindən 
də işdən çıxan kimi evə qayıdası oluram. Day restorana, gəzməyə arvadı aparıram. 


 
Demək, arvadının tədbiri buymuş. İki banka pivə içib ayağa qalxdı, qonşu arxadan 
onu səsləyirdi, hələ pivəmiz qalır, hara gedirsən. O isə qulaq asmayıb bir başa evə 
gəldi. Arvadı şam yeməyi üçün hazırlıq görürdü. 
 
- Geyin, - dedi, - restorana gedirik. 
- Restorana? - arvadı inamsızlıqla səsləndi. 
- Hə. 
- Birdən-ikiyə… 
- Getməmişik, amma bundan sonra gedəcəyik. 
 
Qadının sevinci sonsuz idi, geyinməyi elə də çox çəkmədi və mavi yaxalıqlı donunu 
geymiş arvadına baxanda gözlərinə inanmadı, qadın bu donda necə də gözəl 
görünürdü. Pilləkəndən düşəndə;  bundan sonra restorana da, kinoya, konsertə də 
gedəcəyik, deyirdi, amma bir şərtlə,   qapıdan girən kimi məni sorğu-suala 
tutmyasan. Sən ilk öncə mənim arvadımsan, sonra müstəntiqsən. Narahat 
olma,   məni məcbur eləməsən, yanımda belə gözəl arvadım olduğu halda kimsəyə 
gözümün ucu ilə də baxmaram. Yoxsa belə getsə sən məni şortulara  qapdıracaq, 
dizllərinə döyə-döyə qalacaqsan.  Başa düşdünmü? 
 
- Düşdüm, - qadın dedi.
 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə