72
Qadının cəmiyyətdə yüksək mövqeyi Mezolit-Neolit dövrünün qurtarması ilə
tədricən zəifləyir. Ana nəsli tezliklə ata nəsli
ilə əvəz olunur, yeni dövr başlanır.
Beləliklə, istehsaledici təsərrüfat dövründə insanın həyatının bütün sahələrini
əhatə edən xeyli əhəmiyyətli yeniliklərə və dəyişikliklərə baxmayaraq, ibtidai icma
quruluşu dövrünün kollektiv münasibətləri hələ də davam edirdi.
Mənəvi mədəniyyət. Mezolit dövründə, bəlkə daha da əvvəllərdə
Azərbaycanda yaşayan insanlar fiziki tipinə görə müasir əhaliyə qohum olmuşdur.
Şübhə yoxdur ki, Qobustanda Mezolit-Neolit mədəniyyətinin yaradıcıları
Azərbaycanın yerli qəbilə və qəbilə qrupları olmuşdur.
Əldə edilən çoxlu faktik dəlillər göstərir ki, o dövrün insanları yaşayır, yaradır,
o cümlədən bəzəyə, incəsənətə və s. az vaxt sərf etmirdilər.
Azərbaycanın Mezolit-Neolit dövrü əhalisinin mənəvi aləmi haqqında dəfn
abidələri, bəzi incəsənət nümunələri, qayaüstü təsvirlər və s. müəyyən təsəvvürlər
yaradır. Qobustan düşərgələrində iki dəfn aşkar olunmuşdur. Onlardan biri Firuz, o
biri isə Kənizə düşərgəsindədir. Firuz düşərgəsində mezolitin sonuna aid qəbirdə on
iri adam və bir uşaq dəfn olunmuşdur. Skeletlər pis vəziyyətdə saxlanmışlar, ölülər
qəbrə eyni vaxtda, bükülü vəziyyətdə qoyulmuşdur.
Qəbirdə dəfn olunanların ancaq yoluxma, zəhərlənmə və düşmən əlindən
öldüyünü güman etmək olar.
Bu qəbir düşərgənin mədəni təbəqəsində aşkar olunmuşdur. Hələ Paleolit
dövründən başlayaraq geniş ərazilərdə müşahidə olunan düşərgədə dəfnolunma
ölənlərin diri qohumları, doğma ocaq və s. ilə əlaqədar olması haqqında icma
üzvlərinin təsəvvürlərindən xəbər verir. Bütün ölülər daş muncuqlardan boyunbağına
malik idilər. Muncuqlar arasında sümükdən düzəldilmiş amulet, iri və xırda heyvan
dişindən, donuzun qılınc dişindən, molyusk mərcanqulplarından asmalara da təsadüf
olunmuşdur. Bəzək əşyaları içərisində xırda çaydaşından trapesiya, dördbucaqlı və
insan ayağı formada üç ədəd amulet də var idi. Bəzək əşyalarından əlavə qəbirdən
maral buynuzundan iri yerqazan alət və ya nizə, balıq toru toxumaq üçün sümük
alətlər, ucundan deşilmiş daş pərsənglər (yaxud atma silah), balıq vurmaq üçün zərif
iynəvari sümük alətlər, asmaq üçün deşiyi olan sümük xəncər tapılmışdır.
Kənizə düşərgəsində aşkar olunan qəbir Neolit dövrünün sonuna aiddir. İki kişi
və bir qadın dəfn olunmuş bu qəbirdə yuvarlaq formalı daş toppuz, ağzı cilalanmış
daş balta, sümük bizlər, qum daşından seqmentşəkilli iri alət və s. predmetlər var idi.
Məlum olmuş faktlar Azərbaycanın Mezolit və Neolit dövrləri əhalisinin
müəyyən dini etiqadlarla əlaqədar əcdadlara sitayişin formalaşdığını göstərir.
Qəbirlərdə tapılan əşyalar insanların axirət dünyasına inamı haqqında məlumat verir.
Bu baxımdan Qobustanda qazıntı zamanı üzərində təsvirlər olan bəzi daş
məmulatı da maraq doğurur. Çaydaşından hazırlanmış bir sürtgəc şaquli xətlər və
xətlər arasında nöqtələrdən ibarət cərgələrlə bəzədilmişdir. Digər sürtgəcdə bəzək
73
köndələn döymə xətlərdən ibarətdir. Oxun çubuğunu hamarlayıcı alətin biri üzərində
heyvan təsviri çəkilmiş və o çoxlu çərtmələrlə naxışlanmışdır. Bəzi qadın və öküz
rəsmləri tatuirovka ilə bəzədilmişdir. Rəsmlərin bir qismi qayalara boya ilə
çəkilmişdir. Bütün bunlar Qobustanın qayaüstü rəsmləri kolleksiyasında qədim
Qobustan sakinlərinin yüksək estetik duyğularını əks etdirən ibtidai incəsənət
abidələridir. Rəsmlərdə nəinki təsərrüfat fəaliyyəti, həm də qədim Azərbaycan
əhalisinin mənəvi aləmi sahəsində maraq doğuran çoxlu səhnələr təmsil olunmuşdur.
İndiyədək Qobustanda Böyükdaş, Kiçikdaş, Şıxqaya və Şopqar dağları
sahəsində və Cingirdağda, Yazılıtəpədə, eləcə də qədim düşərgə, yaşayış yerləri,
kurqan və digər abidələrdə qazıntı zamanı qaya və ayrı-ayrı daşlar üzərində altı
mindən artıq erkən mezolitdən orta əsrlərin sonunadək geniş tarixi dövrə aid qədim
rəsmlər aşkar edilmişdir.
Qobustanın qayaüstü təsvirlərindən beli kəmərçinli, hündür qamətli, aralı
qoyulmuş güclü baldırlara malik kişi, iri döşlü, incə belli, iri ombalı, yoğun qıçlı və
bəzən bədəni tatuirovka edilmiş qadın təsvirləri, real və mütənasib verilmiş öküz,
ceyran və gur rəsmləri, kollektiv rəqs, kollektiv əmək, balıq ovu səhnəsi və gəmi
təsvirlərinin bəziləri Mezolit və Neolit dövrlərinə aid edilir.
Kişilərin öndən verilmiş, qadınların oturmuş və yarımoturmuş olmaqla yandan
verilmiş siluet təsvirləri Qobustanda ən qədim rəsmlərdir. Qobustanın bəzi insan
təsvirləri Qərbi və Şərqi Avropanın paleolit dövrü heykəl və rəsmlərinə yaxındır.
Qobustan qayalarındakı kişi təsvirləri icmanın hörmətli üzvlərinin, cəsur
ovçuların və yaxud icma başçılarının şəkilləridir. Qadın rəsmləri, görünür, "nənə"ni,
"ana"nı, "qız"ı əks etdirir.
Kişi və qadınlar əsasən düşərgələrdə təsvir olunurdular. O dövrün
təsəvvüründə hesab edilirdi ki, guya adam öləndən sonra da ruhən öz tayfası
içərisində yaşamaqda davam edir. Ölülərin düşərgələrdə dəfn edilməsi də yəqin ki, bu
məqsədi güdür.
Qobustan qayaüstü təsvirləri ayrı-ayrı cadugərlik elementlərinə baxmayaraq,
cadugərlik kimi izah edilə bilməz. O dövr adamlarının dünyagörüşləri, birinci
növbədə dini təsəvvürləri haqqında Kənizə düşərgəsindən tapılmış iki qadın
heykəlciyi qırığı məlumat verir. Onlar əhəngdaşından səliqə ilə hazırlanmışdır. Forma
və quruluşuna görə bu fiqurlar Qobustan qayalarındakı qadın təsvirlərini təkrar
edirlər. Maral düşərgəsindən tapılmış eyni formalı və ölçülü qadın fiqurunun beldən
aşağı hissəsi qırmızı rənglə boyanmışdır.
Fiqurların ikisi yarıoturmuş vəziyyətdədir. Qobustan Mezolit dövrü qaya
rəsmləri içərisində belə görkəmdə qadın təsvirləri geniş yayılmışdır.
Məhsuldarlıq təcəssümünü ulu ana obrazında ifadə edən bu qadın fiqurları,
şübhəsiz, pərəstiş obyekti rolunu oynamışdır.