Ən yaxşı namaz Böyük Rəhbər Ayətullah Xameneinin sözlərində



Yüklə 158 Kb.
tarix30.10.2018
ölçüsü158 Kb.
#76042


Ən yaxşı namaz

Böyük Rəhbər Ayətullah Xameneinin sözlərində

Tərtib edən: Seyid Əli Musəvi

Heyfdir ki, insan səfalı cənnətin yanında bir ömür yaşasın, amma ona baş çəkməsin, əzizlərini ona sövq etməsin. İlahi vəhy böyük Peyğəmbərə (ə) belə fərman verdi: “Əhlinə (ailənə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona səbirlə davam et!“ (Taha/132) Bu gün sizin hamınız özünüzü bu müraciətin ünvanı sayın, müqəddəs həqiqət, dəyərli gövhər və Allahın Məhəmməd Mustafa (s) ümmətinə hədiyyəsi olan namazın qədrini bilin!1



Bir neçə saniyə!

Namaz hətta bizim İslam quruluşumuzda da özünün layiqli yerini tapmamışdır. Bu ağır məsuliyyət alimlərin və İslam maarifi ilə tanış olanların öhdəsinə düşür. Onlar namazı hamıya, xüsusən də gənc nəslə daha yaxşı tanıtdırmalıdırlar. İbtidai məktəb uşağından yüksək pilləli tədqiqatçıya qədər hər kəs namazı və onun sirlərini öz zehninə və bilgisinə uyğun şəkildə tanımaq yoluna qədəm qoya və bilmədikləri ilə tanış ola bilərlər.

Bizim cəmiyyətimizdə namazı bütün səviyyələrdə tanıtdırmaq üçün mühüm bir dövr başlanmalıdır. Media orqanları, xüsusən də radio və televiziya müxtəlif üsullarla namazı tanıtdırmalı və yada salmalıdırlar. Hər yerdə və həmişə radio və televiziyada namaz birinci olmalı, qəlblərdə iman şövqü və Allahı yad etməyin susuzluğu yaranmalıdır. Məktəb və universitetlərin dini dərslərində namaz dərsi öz yerini tapmalı, namazı öyrənməkdə biçimli sözlər və uca fikirlər hazırlanıb tələbə və şagirdlərin zehninə və qəlbinə təqdim olunmalıdır.

Namazın fəlsəfəsi, onun sirlərinin və rəmzlərinin təhlili sənət dili ilə hamıya təqdim olunmalıdır ki, hər kəs öz tutumu qədər ondan faydalansın. Tədqiqatçı və alimlər tərəfindən müxtəlif səviyyələrdə və müxtəlif aspektlərdən kitab və broşürlər yazılmalı, incəsənət və ədəbiyyat işlərinin mətninə çevrilməlidir.2



Əvvəl namaz!


Namazı bərpa etmək saleh bəndələr hökumətinin ilk səmərəsi və əlamətidir. Bundan sonra növbə cəmiyyətin iqtisadi tənzimindən və yoxsulluğu məhv etməkdən ibarət olan zəkata, eləcə də yaxşı işlərə dəvət etməyə və pis işlərdən çəkindirməyə - yəni yaxşılıqlara sövq etməyə və pis işlərdən saxlamağa çatır: “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (hakim etsək), namaz qılar, zəkat verər, yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirərlər“ (Həcc/41)3.

Daimi bir mübarizənin dayağı


Namazı bərpa etmək təkcə bu deyil ki, saleh insanlar özləri namaz qılsınlar. Bu, ilahi hökumətin təşkil edilməsinə bağlı olan bir şey deyil. Əslində dinin bu sütunu cəmiyyətdə ucaldılmalı, hər kəs onun sirləri və işarələri ilə tanış olmalı və faydalarından bəhrələnməlidir. Mənəviyyatın parıltısı və ilahi zikrin saflığı cəmiyyətin bütün üfüqlərini aydınlaşdırmalı və gözəlləşdirməlidir. Bədənlər və ruhlar birlikdə namaza tələsməli, onun pənahında aram və güclü olmalıdırlar.

Namaz dinin əsas sütunudur və xalqın həyatında da ən əsas yerə malik olmalıdır. Allah dininin hakimiyyəti sayəsində insanın gözəl həyatı o zaman hasil olacaq ki, insanlar öz ürəklərini Allahı yad etməklə canlı saxlasınlar, Onun köməyi ilə bütün şər və fəsad cazibələrinə qarşı mübarizə aparıb bütün bütləri sındıra, bütün daxili və xarici şeytanların zülm əlini öz vücudlarından kəsə bilsinlər. Bu daimi zikr yanlız namazın vasitəsi ilə hasil olur. Namaz əslində insanın onu aşağılığa və zəbunluğa çəkən nəfsi ilə, pul və güclə xarlığa və təslimçiliyə vadar edən hakim şeytanlarla həmişə və bütün hallarda apardığı mübarizədə möhkəm dayaq və tükənməyən ehtiyatdır.4



Tükənməz xəzinə


İnsanla Allah arasında əlaqənin yaranması üçün namazdan möhkəm və daimi bir vasitə yoxdur. Ən ibtidai insanlar özlərinin Allahla rabitələrini namaz vasitəsi ilə başlayırlar. Allahın ən dəyərli övliyaları da özlərinin məşuqla ünsiyyət xəlvətinin cənnətini namazda axtarırlar. Bu zikr və sirr xəzinəsinin heç zaman sonu yoxdur. Kim onunla daha çox tanış olsa, onda daha çox gözəllik və işıq tapar.

Namazın söz və zikrlərinin hər biri din bilgilərinin bir hissəsinə işarə vuran, onu təkrar-təkrar və ardıcıl şəkildə namaz qılanın yadına salan bir xülasədir. Mənalara diqqət yetirməklə səhvsiz və qəflətsiz qılınan namaz insanı ilahi bilgilərlə günbəgün daha artıq tanış edib, onlara daha artıq sevgi yaradar.5




"Namaz ürəkdən qılınmalıdır!"


Bizim xalqımız, bizim cəmiyyətimiz, xüsusən də indi ağır əmanəti öhdəsinə götürmüş gənclərimiz namazı tükənməz qüdrət mənbəyi bilməli və bu gün bəşəriyyəti təhdid edən fəsad, ədalətsizlik və azğınlıq cəbhəsi qarşısında namazdan və Allah zikrindən qüvvə almalıdırlar. Bu gün önümüzdə olan mübarizə bizi Allah zikrinin möhkəm dayağına, ona ümidə və etimada hamıdan qabaq və həmişəkindən daha çox möhtac edir. Namaz bizə bu ümidi, etimadı və mənəvi qüvvəni bəxş edən çağlar bulaqdır.

Ürəkdən və diqqətlə qılınan namaz, zikrlə dolu olan namaz, insanın öz Allahı ilə söhbət etdiyi, Ona könül verdiyi namaz, daim insana ən uca İslam maarifini öyrədən namaz insanı puçluqdan, məqsədsizlikdən və zəiflikdən xilas edir, həyat üfüqünü onun gözündə aydınlaşdırır, ona iradə və məqsəd bəxş edir, ürəyini azğınlığa, günaha və aşağılığa təmayüldən xilas edir. Məhz buna görə namaz bütün hallarda, hətta döyüşdə və həyatın ən çətin sınaqlarında da öz birinciliyini əldən vermir. İnsan həmişə namaza ehtiyaclıdır; təhlükəli anlarda isə daha ehtiyaclı.6



Hər yerdə namaz


Bütün ümumi mərkəzlərdə - məktəblərdə, universitetlərdə, zavodlarda, hərbi hissələrdə, hava limanlarında, qatar dayanacaqlarında, dövlət idarələrində və digər yerlərdə namaz üçün münasib yerlər nəzərdə tutulmalıdır. Məscid və namazxanalar təmiz, səliqəli və ürəkaçan olmalıdır. Namaz fəzilətli vaxtında və camaatla qılınmalıdır. Hər bir yerdə oranın görkəmli və böyük şəxsləri digərlərindən önə keçməli və namaza diqqəti əməli surətdə digərlərinə öyrətməlidirlər. Qısası, hər yerdə namaza sarı hərəkət və namaza tələsmək duyulmalıdır.7

Namazda kollektiv təkamül


Namaz bəşərin məmur edildiyi və ondan istənilən daimi və zəruri hərəkət sahəsində ən böyük vacib və ən təsirli vasitədir. Bəlkə də bəziləri namazın bu xüsusiyyətini yalnız kamala sarı fərdi hərəkətdə bilmiş, onun kollektiv və ictimai cihad səhnəsində və güclü dünyəvi düşmənlər qarşısında rolu haqda bir söz eşitməmişlər. Bu baxımdan bilmək lazımdır ki, hər növ qarşıdurmada yardım ürək və iradələrin saflıqla, təvəkküllə, özünəinamla və aqibətə ümidlə dolu olmasından asılıdır. Namaz isə bütün bunları və çoxlu digər faydaları namaz qılanın qəlbinə və canına axıdan, ondan aydın, möhkəm, iztirabsız və ümidli bir insan düzəldən çağlar bulaqdır. Quranda və son Peyğəmbərin (s) uca sözlərində namaz pis və bəyənilməz işlərdən çəkindirən, möminin pərvazı, Allaha yaxınlaşdıran amil və bir sözlə, dinin ən yaxşı əməli tanıtdırılmış, əziz Peyğəmbər (s) onu gözünün nuru adlandırmışdır. Bu, namazın əzəmətinin dərk etməkdə bizi daha artıq və daha dərin diqqətə vadar etməlidir.8


"Namazın ruhu Allahı yad etməkdir!"


Namaz müəyyən sözləri söyləmək və müəyyən hərəkətləri yerinə yetirmək deyil... Namazın ruhu Allahı yad etmək, Allahın qarşısında dayanmaq və kiçilməkdir. İlahi təlimlərlə insana vacib edilən bu sözlər və hərəkətlər həmin ruh üçün ən yaxşı forma, həmin məqsədə çatmaq üçün ən yaxın yoldur. Zikrsiz və ürəkdən qılınmayan namaz ruhsuz bir bədəndir.

Dini mətnlərdə namazın qəbul olunması mövzularında bu barədə danışılmış və göstərilmişdir ki, bir namazın yalnız ürəkdən və diqqətlə qılınan hissəsi qəbul olunur.9



Hamılıqla namaza!


Bu vəzifədə hər kəsin xüsusi rolu var: ata və analar öz sözləri və əməlləri ilə övladlarını namaza həvəsləndirməli və cəlb etməlidirlər; müəllimlər məktəb və universitet şagirdlərini bu parlaq həqiqətə sarı hərəkətə vadar etməlidirlər; möhtərəm ruhani və alimlər təhsil müəssisələrində və tələbə mərkəzlərində yeni nəsil üçün namaz imamlığını faydalı fürsət saymalıdırlar; dərs kitablarını yazanlar namazın sirlərini və dərslərini orada yerləşdirməlidirlər; Mədəniyyət Nazirliyi, Təbliğat Komitəsi və teleradio verilişləri şirkəti namaz gövhərini və namaz qılanın simasını göstərmək üçün incəsənət vasitələrindən, xüsusən də kino sənətindən istifadə etməlidirlər; əziz sənətkarlar şeir, hekayə, rəssamlıq və digər yollarla, keyfiyyətli və hətta nəfis sənət əsərləri yaratmaqla incəsənətin güclü əlini belə dəyərli işə qoşmalıdırlar; məktəblərdə müəllim və müdirlər və bütün mərkəzlərdə məsul şəxslər özləri namaz sıralarında iştirak etməklə namaz qılanları həvəsləndirməlidirlər; elmi, mədəni, təhsil və təbliğ toplantılarında namazı sədaqət və hidayət ilhamını bəxş edən amil kimi öz vaxtında yerinə yetirməlidirlər; dini yazıçılar və natiqlər namaz, onun məfhumu, fəlsəfəsi, məqsədi, təsirləri, faydaları və hökmləri barədə danışmalı və yazmalıdırlar; xalq ən yaxşı namaz qılmaq tərzi olan camaat namazlarında iştirak etməklə məscidləri rövnəqləndirməli və bundan əlavə, namaz vaxtı çatanda insanlar hər bir təmiz və münasib yeri məscid sayıb orada namaza durmalıdırlar.10

“Bizi rahatlandır, ey Bilal!”


Hədisdə göstərilir ki, namaz müjdəsi böyük Peyğəmbəri (s) vəcdə gətirirdi, namazın həmişəlik müjdəçisi olan Bilala buyururdu ki, bizi rahatlandır, ey Bilal. Yəni ey Bilal, namaz müjdəsi olan azanla ürəyimi rahatlandır. Namazı uca tutmaq, onu yaymaq və adını ucaltmaq da Allah bəndələrinin qəlbinə vəcd və təravət bəxş edir, yorğunluq və iztirabın qara buludlarını onun səmasından dağıdır. Bu, namazın öz xüsusiyyətindən irəli gəlir: namaz qılanların mənəvi rahatlığına bais olur, onun nigaranlığını və psixoloji iztirablarını aradan qaldırır.11

Namaz haqqına layiqincə əməl olunmasının əlamətləri


Birincisi namazın ümumiləşdirilməsidir. Böyük naşükürlükdür ki, bir şəxs İslam mühitində yaşasın, amma hər bir müsəlmanın ən üstün vəzifəsi olan namazı qılmasın. Belə bir şəxs Allahın və Allah bəndələrinin yanında xəcalətli, özünə qarşı isə müqəssirdir. Çünki özünü namazın faydalarından məhrum etmiş və namaz işində səhlənkarlığa yol vermişdir. İslam cəmiyyətində hamı - qoca, gənc, yeniyetmə, hər hansı bir ictimai, yaxud ailə mövqeyində olanlar bütün zaman və məkan şəraitlərində - rifahda, əziyyətdə, şadlıqda və qəmdə namazı dinin sütunu və bir müsəlmanın həyatının bir hissəsi kimi qıldıqda, heç bir bəhanə ilə onu qəsdən tərk etmədikdə namazın haqqının verilməsinin ən mühüm nişanəsi aşkarlanmış olur.

Başqa bir əlamət namazı yaxşı qılmaqdır; yəni namazın sözlərinin mənasına və məfhumuna diqqət yetirməklə, ürəkdən və təzim hissi ilə.

Başqa bir əlamət məscidləri abadlaşdırmaq və camaat namazlarını artırmaqdır. Bu, namazın ictimai həmkarlıq və həmrəylik səviyyəsindəki faydalarının aşkara çıxması deməkdir. Şübhəsiz, bu vacib əməl də daxili amilə - yəni diqqətə, zikrə və mənəvi əlaqəyə arxalanmasına rəğmən, digər dini vaciblər kimi insanın həyatının bütün sahələrini əhatə edir, onun bir hissəsini, yəni hər bir şəxsin fərdi və şəxsi həyatını yox. Cəmiyyət üzvlərinin kollektiv fəaliyyəti məsələsi ortaya qoyulduqda namaz ən qızğın və ən coşqun kollektiv ibadət kimi böyük bir rola malik olur. Bu xüsusiyyətin nümunəsi gündəlik camaat namazları, cümə namazı və bayram namazlarıdır.

Başqa bir əlamət namazın elmi mütaliə və tədqiqat sahəsində ortaya qoyulmasıdır. Namaz və onun müqəddimələri barədə fiqhi araşdırma elm hövzələrində ən uzun fiqh mövzularını təşkil etdiyi kimi, namazın kəlam, irfan və ictimai mövzuları da cəmiyyət səviyyəsində irəli sürülən dini mövzuların mühüm silsiləsini yaratmalıdır.

Başqa bir əlamət budur ki, hər bir yerdə - bütün ümumi və dövlət binalarında münasib namazxanalar görünsün; hər bir yerdə hamı üçün namaz qılmaq asanlıqla mümkün olsun.

Başqa bir əlamət budur ki, cəmiyyətin böyükləri gözlərin dikildiyi və barmaqların hədəf seçdiyi şəxslər ümumi namaz mərkəzlərində görünsünlər və ictimai yerlərin namazxanaları bikar, yaxud işsiz insanlara məxsus sayılmasın.

Diqqətlə araşdırılsa, bunun digər əlamətləri də var. Bu əlamətlərin hamısı bir cəmiyyətdə mövcud olsa, o cəmiyyətdə namazın haqqı həqiqətən verilmiş olar; bu əlamətlər nə qədər çox olsa, namazın haqqını yerinə yetirməyə təmayül də daha çox olar.12

Teleradio və namaz


Radio və televiziyada namaz məsələsinə hamıya öyrətməli bir mövzu kimi yanaşılmalıdır, xüsusi proqramda, yaxud müxtəlif proqramların arasında ondan söhbət açılmalı, onun dərinlikləri, sirləri və dərsləri xalqa izah olunmalıdır.13


Namazın üç xüsusiyyəti


Namazda üç əsas xüsusiyyət var; onlar insanların mənəvi paklığında və psixoloji tərbiyəsində namaza böyük rol bəxş edirlər.

Birincisi budur ki, İslamda müəyyən olunmuş formada – yəni xüsusi hərəkət və zikrlərə malik olan namaz təbii şəkildə namaz qılanı günah və çirkinlikdən uzaq durmağa çağırır: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir“. Bu ardıcıl dəvət hər kəsi bataqlıqlardan xilas edib yüksəltmək gücünə malikdir.

İkincisi budur ki, onda hər bir insanın həqiqi və fitri məşuqu olan Allah-Taalanın qarşısında ibadət və təzim hissini canlandırır, onun fitrətində yaradılmış bu parlaq həqiqətin unudulmamasını təmin edir.

Üçüncüsü budur ki, namaz qılanın canına və qəlbinə həyatın bütün sahələrində müvəffəqiyyətin əsas şərti olan aramlığı və dincliyi hədiyyə edir, əxlaqi tərbiyə üçün ciddi addım yolunda böyük maneə olan təşviş və iztirabı ondan uzaqlaşdırır.

Qeyd olunan bu üç xüsusiyyətin hər biri diqqətlə və dərindən araşdırılıb ölçülməyə layiqdir. Bu yolla namazın bir çox bilgiləri aşkara çıxacaq.14


"Mənəvi hal təkrarla hasil olur!"


Mənim hamıya, xüsusən də gənclərə təkidli tövsiyəm budur ki, namazla ünsiyyət qursunlar və ondan bəhrələnsinlər. Yəni namazı, mənasına diqqət yetirməklə və Allah-Taalanın qarşısında dayanmaq hissi ilə qılsınlar. Təkrar etməklə bu işi özlərinə asanlaşdırsınlar ki, nafilələri, xüsusən də sübh və şam namazlarının nafilələrini də qıla bilsinlər. Əgər onların yaxınlarının və dostlarının arasında hələ də özünü namaz nemətindən məhrum etmiş bir şəxs olsa, onu bu böyük günahdan və böyük zərərdən çəkindirsinlər. Bu işi öz dilləri və hikmətli rəftarları ilə görsünlər. Əlbəttə, ata və analar öz övladlarının, xüsusən də yeniyetmələrin namazı üçün daha böyük məsuliyyət daşıyırlar.15


Müvəffəqiyyət üçün yol


Namaz gözoxşayan və ürəkaçandır. Şübhə etmək olmaz ki, bu, şəxsi və ictimai olan bütün mühüm işlərdə uğur və müvəffəqiyyətə sarı bir yoldur; səadət və qurtuluşa sarı bir yoldur: “Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) təzim bildirərlər!“ (Möminun/1).

Nə qədər insan və toplumlar zikrin, təzimin və tövbənin - namaz onun kamil nümunəsidir - qədrini və yerini bilməklə, dünyəvi işi və yaradıcılığı onunla yanaşı etməklə yüksəliş və kamal zirvələrinə çatdı! Və nə qədər bixəbər və yaxıngörən varlığın bu böyük sirrindən qafil olub özünü kamil səadətdən məhrum etdi, istər maddi fəaliyyət və iş formasında, istərsə də bikarlıq və tənbəllik surətində hər yerdə özünü bir formada məhrumluq və uğursuzluq batlaqlarında qərq etdi. Bəşər həyatında fəaliyyət və mücahidliyi (işləri) Allahı xatırlamaqla, onunla ünsiyyətlə və ona eşqlə yanaşı edən insanlar sözün həqiqi mənasında xoşbəxtliyə qovuşurlar, öz cisimləri və canları üçün onu təmin edirlər.16




Yaradıcı, mütəfəkkir və istehsalçı qüvvələr


Mənim təkidli tövsiyəm budur ki, namazla əlaqədar orqanlarda yaradıcı, mütəfəkkir və istehsalçı qüvvələrdən maksimum istifadə olunsun; incəsənət, ədəbiyyat, film və təbliğat sahələrində proqram imkanlarından maksimum istifadə olunsun; elm və incəsənət imkanlarından irəli gələn yollar seçilsin və sayı çox olan bütün mövcud potensiallar işə salınsın.

Müsbət və qaneedici dəyərləndirmə o zaman baş verəcək ki, insanı islah edən bu vacib əməl həmişə axmaqda olan zülal su kimi hamının həyatını və qəlbini təravət, ümid və imanla zinətləndirsin.17



Bir neçə əməli tövsiyə


Universitetlərin dini kitablarına, universitetdən öncəki pillələrin dərs kitablarına, kiçik və hamı üçün anlaşıqlı olan broşürlərə namaza dair yüksək və dərin sözlər, çoxlu yeni məzmunlar salınmalıdır;

Namazın fiqh hökmləri asan və səlis formada nəşr edilməli, digər xalqlara göndərilmək üçün broşürlər, münasib səsli və görüntülü kasetlər hazırlanmalıdır;

Gözəl səsi olan şəxslər tərəfindən hər yerdə azan səsi yayılmalı, heç bir şəhər və məhəllə azan səsindən məhrum olmamalıdır;

Məscidlərin tozları yaxşı formada alınmalı və məscidə xidmət kollektiv bir xalq işi sayılmalıdır;

Sübh namazı məscidlərdə qılınmalıdır;

Hər bir şəhərin cümə namazları onların komitələrində alimlərin və bilgi adamlarının iştirakı ilə daha da səmərəli edilməlidir;

Dövlət qurumları və idarələrinin müdirlərinin özləri o qurumlarda namazın bərpa edilməsinə rəhbərlik etməlidirlər;

Hərbi hissələrdə namazın öyrədilməsi və ona əməl edilməsi daha da ciddiləşdirilməlidir;

Boş şose yollarında yetərincə məscid tikdirilməli və yolüstü şəhərlərdə 24 saat açıq və hazır olan məscidlər olmalıdır;

Yeni salınan şəhər və qəsəbələrdə came məscid şəhərin ilk binası və həqiqi mərkəzi kimi tikilməlidir;

Bütün toplumlarda namaz vaxtı çatan kimi namaz qılınmalıdır. Sıxlığına görə, yaxud hər hansı bir səbəbdən bu işə qadir olmayan toplumların proqramı elə tənzimlənməlidir ki, namaz vaxtına düşməsin.18

Bugünkü bəşərin ən böyük ehtiyacı


Bu gün maşınlaşmış həyatın bütün bəşər cəmiyyətlərinə yayılmasından dolayı insan və insaniyyət ağır təzyiq altında qalmışdır. Belə bir sistemdə insanlar özlərinin fərdi və ictimai yaşayışlarının ahəngini ağır və əzablı maşın tempi ilə uyğunlaşdırmağa məcburdurlar. Rəhm, mürüvvət, bağış, fədakarlıq və bir çox əxlaqi dəyərlər bu ümumi harmoniyada təsirsiz və rəngsiz olur, ailə və mehriban ailə yaşayışı ayaq altda tapdanır. Onillər öncə xeyirxah və uzaqgörən insanlar hətta sənaye və maşın sivilizasiyasının qəlbində bu təhlükəni duymuş və xəbərdarlıq etmişlər. Lakin təəsssüf ki, hələ də milyonlarla insan, xüsusən də daha zərif duyğuları və daha zəif ruhiyyələri olan gənclər bu böyük bəlada müdafiəsiz və müalicəsiz qalmışlar.

Rəhmli və Səxavətli Allahla mənəvi rabitəyə ehtiyac bu cəhətdən bu gün dünya xalqı üçün həmişəkindən daha aktual və daha ciddidir. Və bu ehtiyacı təmin etmək üçün namaz ən əlverişli və ən yaxşı vasitədir. Bəşəriyyət bu gün İslamın xalis, kamil və coşqun namazına həmişəkindən daha ehtiyaclıdır. Siz Allahın köməyi ilə ölkəmizin təkcə gənc və inkişaf etməkdə olan nəslini yox, hətta bütün dünyada sərgərdan qalmış bəşərin bütün ehtiyaclı canlarını və susuz ciyərlərini doyurmağı bacarmalı və namazın faydalı mənbəyindən bəhrələndirə bilməlisiniz.19



Cəmiyyətdə açar rol


Yerin bir nöqtəsində ilahi hakimiyyətin bərqərar olunması ilə Allahın seçilmiş bəndələrinin və möminlərin üzərinə düşən ən mühüm vəzifələrdən biri də namazdır. Quran namazın bərpa edilməsinə xüsusi məqam tanımış və ona siyahının başında yer vermişdir: “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (hakim etsək), namaz qılarlar“ (Həcc/41). Əgər xalqın arasında namazı bərpa etməyin köklü rolu olmasaydı və bu, İslam quruluşunun böyük məqsədlərini təmin etmək üçün möhkəm təməl sayılmasaydı, namazın əhəmiyyətinə belə səlis təkid göstərilməzdi.

Həqiqət budur ki, namaz yalnız şəxsi bir vəzifə olmaqdan daha çox, əslində fərdin və cəmiyyətin idarəsində açar rola malikdir. Fərdin psixoloji duyğularının tənzimində və cəmiyyətdəki ağır vəzifələrinə dözmək üçün əlverişli şəraitin təmin edilməsində namazın müstəsna rolu inkaredilməzdir. Cihad, pis işlərdən çəkindirmək və zəkat kimi təhlükəli və vacib əməllərin qaçılmaz dayağı olan, insan ruhunda fədakarlığın, bağışın, təvəkkülün və bəndəliyin lazımi əsaslarını vücuda gətirən və onu şücaətlə həmin meydanlara yollayan namazdır. Düşmənin hücum etdiyində cihad fərzi əhəmiyyət kəsb edirsə, yaxud xalqın bəzi təbəqələrinin həyatının çətinləşməsinə görə zəkat və infaq fərzi hamıya müraciət edirsə, yaxud düşmənin mədəniyyət və əxlaq sahəsində fəaliyyətindən irəli gələrək yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək ümumi vacib olursa, namaz bütün bu şəraitlərin heç birində nəinki “ən xeyirli əməl” məqamından enmir, hətta bütün mücahidliklərin, fədakarlıqların və təhlükəli fəaliyyətlərin psixoloji və mənəvi dayağı kimi onun əhəmiyyəti daha da artır.20



"Saatlar namazla uyğun olsun!"


Məktəb müəllimləri namaz vaxtı oğlan və qız yeniyetmələri məktəblərin namazxanalarına getməyə həvəsləndirsinlər və özləri hamıdan qabaq namaza tələssinlər.

Məktəblərdə tərbiyəvi işlərlə məşğul olanlar namazı tərbiyə proqramlarının birincisi saysınlar.

Ölkənin idman məmurları namazı xatırlamaqla və bərpa etməklə idman mühitlərinə ruh bəxş etsinlər, idman yarışlarına vaxt təyin edərkən namaz saatını boş qoysunlar, yeri və zamanı namaz qılmağa hazır etsinlər.

Qatar, təyyarə və digər nəqliyyat vasitələrinin hərəkətini tənzim edənlər sərnişinlərin namaz vaxtını və imkanını nəzərə alsınlar.21



Həqiqi cənnət


İslam quruluşunun ən üstün məqsədi dəyərli insanlar yetişdirməkdir. Fərdin və cəmiyyətin quruculuğu hər iki cəhətdən – yəni həm cisim və həm canla, həm maddi və həm mənəvi sahədə olmalıdır. İbadətlər və onların başında namaz bu səbəbdən belə əhəmiyyət kəsb edir və dinin sütunu adlanır.

Diqqətlə və Allahı yada salmaqla namaz qılanların sayı nə qədər çox olsa, xudpəsəndliklərin, eqoistliklərin, pis niyyətlərin, tamahkarlıqların, təcavüzlərin, paxıllıqların və bədxahlıqların zülmətləri də bir o qədər azalacaq, həyatın alnında qurtuluş nuru daha çox parlayacaq.

Bəşərin bütün uğursuzluqlarının kökü Allahı unutmaqda və şəxsi maraqlarla məhdud olmaqdadır. Namaz insanı bu zülmət hasarlardan xilas edir, onun şəhvətini və qəzəbini uca həqiqətə və ümumi xeyrə sarı yönəldir.

Diqqətli və mənəvi halla qılınan namaz əvvəlcə namaz qılanın qəlbində və canında, sonra isə tədircən onun ətrafında həqiqi cənnət yaradır, qurtuluşu və düzgünülüyü hədiyyə edir. Odur ki, bütün ilahi dinlərdə namaz qılmaq dindarlığın ən ümdə qaydası, imanın ən aşkar və ən ümumi əlamətidir. İslamın namazı isə ən kamil və ən gözəl namazdır.22



Hətta kəndlərdə


Bütün namaz qılanlar namazı, sözlərinin mənasına diqqət yetirməklə qılmağa çalışmalıdırlar; yəni namazda İzzətli və Rəhimli Allahla danışmalıdırlar. Namaz qılanın canını doyuran mərhəmət bulağı budur.

Aidiyyətli şəxslərin bütün səviyyələr üçün namazın tərcüməsinin yazıldığı vərəqlər hazırlayıb, onu milyonlarla tirajla hər yerdə yaymaları lazımdır. Hər bir şəxsə namazın sözlərinin mənasını anlamaq imkanı verilməlidir.

Allaha həmd olsun ki, ölkənin şəhərləri səviyyəsində müəyyən həddə işlər görülüb. İndi ölkənin kəndlərində namazın bərpasının yeni dövrü başlanmalıdır. Kəndlərdə namazın forma və mənasının yayılması geniş proqramlarla başlanmalıdır.

Yaxşı olar ki, elm hövzəsi və dini tələbələri olan bütün şəhərlərdən hər cümə axşamı müəyyən qruplar kəndlərə ezam olunsunlar. Din və mənəviyyat sözünü çatdıran bu insanların birinci şüarı namazı bərpa etmək olmalıdır.23




Allaha sarı hərəkətin ilk və son addımı


Namaz Allaha sarı yolun ilk addımıdır. Lakin bu ilahi amilin potensilalı elə bir həddədir ki, bəşər kamalının zirvəsində də səma insanının uçuş qanadı ola bilər. Belə ki, tarixin ən üstün insanı, yəni İslamın əziz Peyğəmbəri (s) buyurur: “Namaz mənim gözümün işığıdır”. Namaz vaxtı çatan zaman o öz azançısından istəyir ki, azan verməklə onun canını rahatlığa və dincliyə qovuşdursun. Bəlkə də demək olar ki, heç bir başqa ibadət növü insanın mənəvi təkamülünün bütün mərhələlərində onun üçün bu şəkildə yolaçan, qüvvə bəxş edən və təsirli deyil.

Namaz cəmiyyətin üzvlərinə əvvəla əxlaqi və mənəvi sağlamlıq və yüksəlik bəxş etdiyindən, ikincisi isə özünün xüsusi forma və məzmunu ilə namaz qılanı nizam-intizama çəkdiyindən, veyllikdən və avaralıqdan xilas etdiyindən, haqlı olaraq ictimai nizam-intizamın mühüm amillərindən biri sayılmalıdır. Əgər namazın ürəkdən, şövqlə və fəzilət zamanında qılınması bir xalqın arasında yayılsa, bu o xalqın qəti nailiyyəti olacaq. Bəllidir ki, halsız qılınan, ürəkdən olmayan və yaxud özünü göstərmək üçün qılınan namaz bu faydaların heç birinə malik olmayacaq.24



"Camaat imamı nümunə olmalıdır!"


Camaat imamları və əməldə digərlərinin nümunəsi olanlar məqbul namazın şərtlərinə malik olmaq üçün çox çalışmalıdırlar. İmamların məşhur səhabələri kimi vacib və müstəhəb namazların keyfiyyət və kəmiyyətində digərlərinə örnək olmalı, inqilabdan onillər öncə ölkəmizdə sayğısızlığa və müxtəlif təbliğat hücumlarına məruz qalan namazı gözəl keyfiyyətdə ümumiləşdirməlidirlər.25

Təkəbbürlülüyün müalicəsi


Can sağlığını və həyatın rahatlığını təhlükə və maneələrlə üz-üzə qoyan bəyənilməz xislətlər arasında təkəbbürlülük onların ən pislərindəndir. Özünü üstün görmək və ondan irəli gələn üsyankarlıq çoxlu həqiqətləri tanınmaz və fəzilət yollarını keçilmiz edir, haqsız kin və ədavətlər, çirkinliklər və anormallıqlar yaradır. Bəli, təkəbbürlülük həqiqətin pərdəsi, fəzilət yolunun tikanı, saflığın və sədaqətin düşməni, düşmənliyin və pisliyin səbəbkarıdır. İnsan və cəmiyyətlər ömürlərinin əvvəlindən indiyədək tayfaların və fərdlərin təkəbbürlülüyü üzündən və ondan irəli gələn üsyankarlıqlardan və təəssübkeşliklərdən saysız-hesabsız tələfata dözmüşlər və dözürlər.

İslam ibadətləri və hamısından çox namaz insanların canından bu bəlanı uzaqlaşdırmaq üçün təsirli və işlək müalicələrdəndir.

Namaz mənəviyyatla, ürəkdən və qaydalı şəkildə qılındıqda insan ruhunu onun mahiyyətinin ehtiyaclı olması ilə tanış edir, daxilindəki təkəbbürlülük, öyünmə və yalançı əzəmət hissinin kökünü yandırır. Allah qarşısında təzim onun qəlbinə düzgün baxış və agahlıq nurunu saçır, özünü böyük görməyin xəyali sayəsi onun üzərindən götürülür: "Allah imanı şirkdən paklanmaq və namazı təkəbbürdən qorunmaq üçün vacib etmişdir".26
"Yüksək mövqedə olanlar daha ehtiyaclıdırlar!"

Nəhcül-bəlağədə buyurulur ki, Allah mömin bəndələri namazlarla, zəkatlarla və çətin oruclarla təkəbbürdən və xudbinlikdən qoruyur, onlara rahatlıq bəxş edir, gözlərinə və ürəklərinə təvazökarlıq öyrədir, nəfslərini ram edir və xudpəsəndliyi onlardan uzaqlaşdırır.

Bizim İslam ölkəmizdə bütün fərdlər, özəlliklə elmi, ictimai və iqtisadi baxımdan yüksək məqama sahib olanlar bu xüsusiyyətlərə ehtiyaclıdırlar. Üsyankarlıq, təcavüzkarlıq, hegemonluq, artıqtamahlıq, digərlərini təhqir etmək və haqq sahiblərinin haqqını görməzdən gəlmək bəlası bu gün cəmiyyətlərin və dünyanın ən böyük bəlasıdır. Bütün bunların əlacı isə İmam Əlinin (ə) bu uca sözündədir.

Bu reallıqlara diqqət yetirmək namazın və Allahla rabitənin dəyərli rolunu bəsirət və insaf əhlinin gözündə aşkara çıxarır, bu sirli və rəmzli vacib əməlin yayılmasını və tanıtdırılmasını cəmiyyətin ayıq insanlarının üzərinə qoyur. 27




“Azan qəmgin qəlbləri işıqlandırır!”


Cəmiyyətin islamçı görkəmi qorunmalıdır. Cəmiyyətin üzvləri çalışıb onun formasını bir İslam formasına salsınlar.

Bu Tehranda insanın qulağı azan səsi eşitmir. Nə üçün? Azan bir İslam şüarıdır. Biz gecəyə qədər mikrofon arxasında şeir, Quran, yaxud növhə oxuyub qonşuları narahat etməyə qarşıyıq, bununla mübarizə də aparırıq. Amma günortanın əvvəlində, axşam və sübh vaxtı, xüsusən də mikrofonsuz azan səsi ilə tam razıyam.

Nə üçün cəmiyyətdə azan yoxdur? Diqqətli azan ürəklərə ümid verir. Azan səsi qəmgin ürəkləri işıqlandırır. Əlbəttə, sübh azanı üçün səsgücləndiricidən istifadə etməsinlər, adi səslə eybi yoxdur. Oyanış vaxtı olsa da, səsgücləndirici zəhmətə səbəb ola bilər. Cəmiyyətin bütün zahiri işləri belə olsun. Məscidlər namaz vaxtı zikr, səcdə və rüku edən insanlarla dolsun.

Gözlər zahiri görür. Onların arxasında isə ürəklər durur. Elə düşünməyin ki, gözlər buraya qoyulmuş şüşələrdir. Xeyr, bu gözlərin arxasında insan qəlbi, insan canı və insan beyni var. Bu gözlər və onların arxasında duran qəlblər İslam əlamətləri il dolmalıdır.28




Namaz zamanı alış-veriş dayansın!


Həcdə görülməsi ehtimal olunan yanlış işlərdən biri odur ki, bəzi şəxslər camaat namazlarında iştirak etmək əvəzinə, müstəhəb təvaf əvəzinə, Məscidül-həramın, yaxud Peyğəmbər (s) məscidinin ətirli fəzasında olmaq əvəzinə dəyərsiz və puç bərbəzəklərin, bazarların və mağazaların ardınca getsinlər, müsəlmanların maraqlarına qarşı biganə və laqeyd olan hökumətlərin cibini doldursunlar, onların fəhləsinin və oliqarxının cibini iranlının pulu və milli sərvətləri ilə doldursunlar, camaat namazında iştirak etmək yerinə bazarları və dükanları gəzib məhsullara tamaşa etsinlər. İzdihamlı cəmiyyətin Məscidül-həramda, yaxud Peyğəmbər (s) məscidində camaat namazı qıldığı, yaxud camaat namazına tələsdiyi bir vaxtda bir qədər iranlı hacının bazarlara getməsini, qoltuqlarında kisələr tutmasını və bəzən öz şəhərlərində daha ucuz və daha yaxşı tapılan məhsulları alıb gəlmələrini eşidəndə insan təəssüf edir.

Daha yaxşı, daha faydalı və daha əhəmiyyətli olan budur ki, insan namaza, ibadətə, zikrə və camaat namazlarında iştirak etməyə maraq göstərsin. Bunlar həccin həqiqi faydalarıdır. Sovqat bunlardır: “Bu sizin üçün daha xeyirlidir; əgər bilsəniz”. Sovqat sizin özünüzdə ehtiyat saxladığınız və gətirdiyiniz mənəviyyatdır, özünüzlə gətirdiyiniz əxlaq və ruhiyyələrdir. Biz elə adamlar görmüşük ki, həcdən qayıtdıqda onların üzü, rəftarı, sözü, zahiri və batini insanı nəsihət edir və təsir altına salır. Həqiqi sovqat budur.29



"Namaz qoruyur!"


İnqilab və məcburi müharibə dövründə namaz bizi hərəkətimizdə daha qərarlı və daha güclü edirdi. Bu gün qafilliyin, rifahçılığın, kiçik arzuların, dar baxışların, adətlərin və gündəlik işlərin bizi təhdid etdiyi bir dövrdə namaz bizi qoruyur, xəyali çıxılmazlıqları qırır, yolumuzu aydın, üfüqümüzü işıqlı edir.

Bu, namazın fəzilətləri kitabından yalnız bir səhifədir və əvvəlkindən daha ciddi hərəkət başlamaq üçün dərin və təsirli maraq yarada bilər.30



Zikrin tərənnümü


İnsan şəxsi həyatında bəzən əziyyətlərin, çətinliklərin və müsibətlərin təsirindən, ictimai həyatında da bəzən cihada, infaqa, yaxud ehiyaclı insanlara köməyə sarı ümumi hərəkət kimi dəyişiklik yaradan hadisələrlə rastlaşdığından zikr amilinə yaxınlaşır. Bəzən də nəfsi istəklərə qarışmış əyələncələrlə, naz-nemətə, zadəganlığa və eyş-işrətə qərq olmaqla ondan uzaqlaşır. Bütün bu hallarda onu zikr cənnətinə yaxınlaşdıran, yaxud daha yaxınlaşdıran amil namazdır.

Namaz ruhun hazırlıqlı hallarında insana daha çox mənəvi hal və yüksəliş bəxş edir, hazırlıqlı olmadığı qəflət hallarında isə qulağında hazırlıq siqnalı çalıb onu nurlu vadiyə yaxınlaşdırır.

Odur ki, namaz heç bir halda tərk olunmamalıdır. Çətinlikdə, əziyyətdə, cihadın qızğın çağında, bikar və asayiş zamanında və hətta insanın öz ətrafında nəfsi istəklərlə, kinlərlə, ehtiraslarla, xudpəsəndliklərlə yaratdığı çirkli mühitin arasında da namaz gücləndirici və şəfaverici bir şərbətdir. Onu ürəklə və canla içmək, qərar tutduğumuz hər bir nöqtədən razılıq cənnətinə bir addım, yaxud bir mənzil yaxınlaşmaq lazımdır.

Buna görədir ki, nə "həyyə ələl-cihad" (cihada tələsin), nə "həyyə ələs-səum" (oruca tələsin) və nə "həyyə ələl-infaq" (ehsana tələsin) demişlər. Lakin hər gün dəfələrlə demişlər ki, "həyyə ələs-səlah" (namaza tələsin).31



Universitet və məktəblərdə namaz


Diqqətsiz qalıb az adamla, özü də həvəssiz yaşlılarla qılınan camaat namazını göstərmək camaat namazının təbliği deyil; necə ki, radio və televiziyadan azan səsinin yayımlanması kifayət etmir.

Universitetlərdə və digər izdihamlı mərkəzlərdə məscid əmin-amanlıq və səmimilik yeri ola bilər. Camaat imamı namaz qılmağın yanında ilahi rəhmətin və hidayətin endiyi o yerdə həmdərdliyi, yol göstərməyi və həmrəy olmağı namaz qılanlara hədiyyə edə bilər.

Bu zaman tələbə və şagird toplumları özlərinin ən cazibəli toplantı mərkəzlərini universitetin və məktəbin məscidi biləcəklər və təqva ocağı gənclərin fəaliyyət mərkəzi olacaq.

Təlim və Tərbiyə Nazirliyinin və Təhsil Nazirliyinin məsul şəxslərinə xatırladıram ki, ikinci dərəcəli proqramlar büdcəsində məscid tikmək və məscidlə məşğul olmaq birinci sırada durmalı və onun büdcəsi bu bölmənin digər işlərindən çox olmalıdır.32



Gənclərlə ünsiyyət


Hərbi və digər mərkəzlərdə fəaliyyət göstərən ruhanilərin bu mərkəzlərə yaxın kəndlərə həftəlik səfəri üzərində təkid göstərirəm.

Möhtərəm məscid imamlarının özləri yaşlılıq və digər səbəblərdən namaz qılanlar, xüsusən də gənclər üçün rabitə, ünsiyyət və hidayət vəzifəsini təmin edə bilmirlərsə, gənc və aktiv ruhaniləri öz yanlarında işə götürüb onlardan istifadə etsinlər.

Cümə namazları cəlb etmək, nəsihət və təlim mərkəzi olmalıdır. Möhtərəm cümə imamları namaz mərasimini icra edənlərin köməyi ilə bu sahədə özlərinin bütün səylərini göstərsinlər.33

“İndi özümüzdən hesab sorma zamanıdır!”


Namazın bərpa edilməsinə dair mübarək hərəkətin başlanmasından illər ötdükdən sonra indi bu mübarək fəaliyyətdə və cihadda yeni dövr başlanmalıdır. Bu dövr qısamüddətli və ortamüddətli proqramlarla öz baxışını elə tərif olunmuş məqsədlərə nail olmağa dikməlidir ki, bu müddətdə irəli sürülmüş tövsiyə və proqramların arasında sıx və çoxlu şəkildə mövcuddur.

Cəmiyyətdə namazın bərpa edilməsinin uzunmüddətli məqsədi ümumi düzgünlük və qurtuluşdur. Lakin o uca məqsədə çatana qədər olan ortamüddətli məqsəd bütün evlərdə və ürəklərin evində namaz çırağını yandırmaqdır. Qısamüddətli məqsəd isə ölkənin bütün elm, incəsənət və təbliğat potensialını bu yolda işlətmək və bütün sözügedən faəliyyətləri bu istiqamətə yönəltməkdir. Namaz qılmaqdan ötrü qibləni tanıyıb ona üz tutmağın lazım olduğu kimi dünyanı və ürəkləri namazın ətri, gözəlliyi və ruhu ilə doldurmaq üçün də bir qiblə var və onu tanımaq, ona üz tutmaq lazımdır. Bu qiblə namazın uca və son məqsədləridir. Onlara üz tutmaq onlara çatan yollarla getməkdir və bu yollar qısamüddətli və ortamüddətli məqsədlər formasında tərif ediləsidir.

Bu gün lazım olan iş budur ki, bu qurumların vəzifələrini dəqiq təyin etmək üçün komissiyalar təşkil olunsun. Onların öhdəsinə düşən bütün faəliyyət və xidmətlərin zamanı təyin olunmuş proqramı elmi və real formada hazırlanmalıdır. Başqa bir güclü komissiya bu fəaliyyət və xidmətlərin inkişafına ardıcıl nəzarətə məmur edilməlidir.

Beləliklə sizin gələnilki toplantınız təkcə çıxış etmək üçün yığıncaq olmayacaq, uyğun komissiyalar orada zamana bölünmüş həmin proqramın inkişafını məruzə etməli və yüksək rütbəli hakimlər qrupu hər bir qurumu həvəsləndirməli, təşəkkür etməli, yaxud Allah eləməmiş, məzəmmət etməli və töhmət verməlidir, inkişaflara, yaxud durğunluqlara və yolun maneələrinə əsasən ümumi proqramı düzəltməli, yaxud təkmilləşdirməlidir. Şübhəsiz, möhtərəm hökumət və prezidentin özü bu məntiqli və təsirli prosesdə ən böyük rolu ifa edə bilərlər.34




Çox ciddi bir sual


İnqilabın Böyük Rəhbərinin 2002-ci ildəki namaz iclasına müraciəti 2001-ci ildəki müraciətin mətni idi, lakin sonunda bu cümlələr yer alırdı:

“İndi mənim üçün çox ciddi və mühüm olan bu sual yaranır ki, bu tələblərin müraciət ünvanı olan icraçı məmurlar öz vəzifələrinə nə qədər əməl etmişlər: radio və televiziya, Təlim və Tərbiyə Nazirliyi, Təhsil Nazirliyi, universitetlər, İslam Mədəniyyəti Nazirliyi, İslam Təbliğatı Komitəsi, Kino istehsalı mərkəzləri, silahlı qüvvələr, Yol və Nəqliyyat Nazirliyi, şəhər merləri və digərləri bu müraciətdə onlardan istənilən vəzifəni hansı həddə yerinə yetirmişlər? Möhtərəm prezidentdən və digər yüksək rütbəli məmurlardan ciddi şəkildə gözlənilir ki, aidiyyətli şəxslərə bu əsaslı sualla müraciət edib onlardan cavab istəsinlər".35



"Çox həyasızlıq lazımdır!"


Prezident olarkən dəfələrlə Dövlət Şurasının, yaxud Müharibə Şurasının iclaslarını namaz üçün kəsmişəm və bu qaydaya inanmışam. İndi də inanıram ki, əgər iş namaza düşürsə, işi tətil edib namaz qılmaq lazımdır. Dəlilim də budur ki, “namaza tələsin” nidası gələrkən və Allahın sizi namaza çağırdığında gözünüzü digərlərinin gözünə dikməyiniz və etinasızlıq göstərməyiniz çox həyasızlıq tələb edir. Bu, namazın dəyərini gizlətməkdir. Bu həm işə zərbə vurur, həm də real nəticələri var.36

1 Üçüncü namaz seminarına müraciətdən: 1993.

2 Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

3 Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

4 Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

5 Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

6 Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

7 Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

8 Üçüncü namaz seminarına müraciətdən: 1993.

9 Üçüncü namaz seminarına müraciətdən: 1993.

10 Üçüncü namaz seminarına müraciətdən: 1993.

11 Şiraz şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1994.

12 Şiraz şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1994.

13 Şiraz şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1994.

14 İllik namaz toplantısı münasibəti ilə müraciətdən: 1995.

15 İllik namaz toplantısı münasibəti ilə müraciətdən: 1995.

16 Zəncan şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1996.

17 Zəncan şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1996.

18 İslam inqilabının Böyük Rəhbərinin ümumrespublika namaz iclasına müraciətindən: 2004.

19 Namaz iclasına müraciətdən: 1997.

20 Namaz iclasına müraciətdən: 1997.

21 Namaz iclasına müraciətdən: 1997.

22 Namaz iclasına müraciətdən: 1998.

23 Namaz iclasına müraciətdən: 1998.

24 Doqquzuncu namaz seminarına müraciətdən: 1999.

25 Doqquzuncu namaz seminarına müraciətdən: 1999.

26 Onuncu namaz seminarına müraciətdən: 2000.

27 Onuncu namaz seminarına müraciətdən: 2000.

28 Ümumi görüşdə çıxışından: 1990.

29 Həcc mərasiminin məsul şəxsləri ilə görüşdə çıxışından: 2004.

30 Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

31 Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

32 Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

33 Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

34 On üçüncü ümumrespublika namaz iclasına müraciətdən: 2003.

35 Ümumrespublika namaz iclasına müraciətdən: 2002.

36 İnqilabın Böyük Rəhbəri ilə müsahibə: 2005.

Yüklə 158 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə