Energetika haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas anlayışlar
Bu qanunda işlədilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
energetika sahəsində fəaliyyət — energetika materiallarının və məhsullarının (enerji
resursları) kəşfiyyatı, işlənməsi, hasilatı, istehsalı, emalı, saxlanılması, nəqli, paylanması və
istifadəsi üzrə fəaliyyət növləri;
energetika sahəsində kəşfiyyat (və ya kəşfiyyat) — işlənmə ilə eyni məqsədlər üçün
qabaqcadan aparılan maqnitometrik, qravimetrik, seysmik, geokimyəvi, istilik və
radiometrik üsullar və sınaq qazma işləri vasitəsilə həyata keçirilən fəaliyyət;
işlənmə — qazma işləri vasitəsilə enerji materialları yataqlarının və ya yeraltı anbarların
aşkar edilməsinə və qiymətləndirilməsinə yönəlmiş fəaliyyət;
enerjinin paylanması (və ya paylanma) — xam neftin və neft məhsullarının, qazın,
elektrik və istilik enerjisinin tədarükü və enerji istehlakçılarına paylanması;
enerji paylayıcısı (və ya paylayıcı) — enerjinin paylanması fəaliyyətini həyata keçirən
hər hansı bir müəssisə;
enerji qurğusu — energetika ilə bağlı fəaliyyət növlərində istifadə olunan və ya bu
fəaliyyət növlərinin lazımi səviyyədə həyata keçirilməsi üçün, zəruri energetika
materiallarının və məhsullarının saxlanması üçün hər hansı bir stasionar və ya səyyar qurğu
(əhatə etdiyi torpaq sahələri də daxil olmaqla);
baş enerji nəqletmə sistemləri — dəmir yolu, avtomobil və su yolları, habelə əlaqə
siqnallarının ötürülməsinə xidmət edən qurğular istisna olmaqla, energetika materiallarının
və məhsullarının nəql edilməsini və ya ötürülməsini həyata keçirən nəqletmə vasitəsi (boru
kəməri, elektrik verilişi xətti və s.) və ya onun bir hissəsi;
müqavilə və ya energetika müqaviləsi — tərəflər arasında bağlanılmış və energetika
sahəsində fəaliyyət növlərinin həyata keçirilməsi üçün şərtləri müəyyən edən yazılı saziş;
bərpa olunan enerji mənbələri — ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi
yaranan enerji mənbələri (günəş, külək, yerin istilik axınları, biokütlə, dəniz, su axınları və
s.);
bərpa işləri — əhalinin mənafeyi naminə energetika fəaliyyətində istifadə olunan
sahələrin bərpa olunması və onların ətraf mühitə uyğunlaşdırılması.
M a d d ə 2 . Qanunun əhatə dairəsi
1. Bu Qanun aşağıdakı sahələri əhatə edir:
energetika sahəsində fəaliyyət növlərini (1 və 2 saylı Əlavədə göstərilən energetika
materialları və məhsulları üzrə);
bu fəaliyyətlərin həyata keçirilməsi üçün qurğuların yerləşdirilməsini, tikintisini
və istismarını;
enerjinin qorunması və səmərəli istifadəsi, habelə energetika sahəsində fəaliyyətin ətraf
mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə tədbirləri.
2. Bu Qanun energetikanın neft, qaz və elektroenergetika sahələrinin dövlət
tənzimlənməsinin ən ümumi
hüquqi əsaslarını özündə birləşdirir.
Ayrı-
ayrı sahələr üzrə qəbul edilmiş digər qanunlarda xüsusi qaydalar nəzərdə tutula bilər.
I I f ə s i l
DÖVLƏT ENERGETİKA SİYASƏTİ
M a d d ə 3 . Dövlət energetika siyasətinin məqsədləri
Dövlət energetika məqsədləri siyasətinin aşağıdakıları təmin və tənzim etməkdən
ibarətdir:
1. Energetika materiallarının və məhsullarının səmərəli hasilatı, istehsalı, nəqli,
paylanması, saxlanılması, istifadəsi və təhlükəsizliyinin təminatı.
2. Aşağıdakıları nəzərə alaraq bütün tələbatçıları enerji ilə səmərəli və etibarlı təchiz
edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması:
energetika sahəsində fəaliyyət növləri üzrə rəqabət və minimal inhisar şəraitinin
yaradılması;
energetika
sahəsində fəaliyyətlərin
müxtəlif
mülkiyyət
növləri,
uzunmüddətli
müqavilələr və xüsusi icazələr əsasında qurulması;
yüksək keyfiyyətli məhsullar istehsal edən yerli müəssisələrə əlverişli şəraitin
yaradılması;
səmərəli və ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqi üçün əlverişli şəraitin
yaradılması.
3. Enerji resurslarının konservasiyası, tullantıların səviyyəsinin aşağı salınması,
enerjinin səmərəli istifadəsi və bərpa olunan enerji mənbələrindən istifadə.
4. Ətraf mühitə mənfi təsirin azaldılması.
5. Enerji çatışmazlığı şəraiti yarandıqda, energetikanın səmərəliliyini artırmaq üçün
istehsalçı və istehlakçılara dotasiyaların verilməsi.
6. İnvestisiyalar üçün əlverişli hüquqi və iqtisadi şəraitin yaradılması.
7. Dövlət energetika proqramlarının tərtib edilməsi.
M a d d ə 4 . Dövlət energetika proqramları
1. Bu Qanunda müəyyən edilmiş məqsədlərə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı müntəzəm olaraq energetikanın təşkili və inkişafı üzrə uzunmüddətli dövlət
proqramları tərtib edir.
2. Energetikanın inkişaf proqramları Azərbaycan Respublikasının dövlət büdcəsi, enerji
resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən
xarici investisiyalar hesabına maliyyələşdirilir.
3. Bu proqramlar 5 ildən bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilir
və dövlət energetika strategiyasının vacib tərkib hissəsi kimi qanunvericiliklə müəyyən
edilmiş qaydada təsdiq olunur.
I I I f ə s i l
ENERGETİKA SAHƏSİNDƏ MÜSTƏSNA HÜQUQLAR VƏ NƏZARƏT
M a d d ə 5 . Energetika sahəsində dövlətin müstəsna hüquqları