Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi



Yüklə 65,5 Kb.
tarix13.01.2022
ölçüsü65,5 Kb.
#82848
1.Kochurulme 19 esr



Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi
Tarixi etnoqrafik əyalət kimi Qarabağa, Kiçik Qafqaz dağları daxil olmaqla, Kür və Araz çayları arasındakı ərazi daxildir. Bu ərazi sivilizasiyanın ən qədim ocaqlarından biri hesab edilir. Artıq Qarabağda 300-400 min il əvvəl qədim insan məskəninin mövcud olması və burada yaşayan insanların maddi və mənəvi dünyası haqqında dəyərli məlumatlar vardır. Bunu ən qədim insan düşərgələrindən biri olan məşhur Azıx mağarasında aşkar edilmiş arxeoloji materiallar da sübut edir (270, s.5). E.ə. IV minilliyin sonu - I minilliyin əvvəllərində Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdir. Belə ki, Xocalı-Gədəbəy mədəniyyəti (e.ə II minilliyin ikinci yarısı - I minilliyin əvvəlləri) adını almış bu dövrə aid arxeoloji tapıntılar bölgənin Yaxın Şərqlə ticarət və mədəni əlaqələrinin olduğunu təsdiq edir.

Tarixi mənbələr göstərir ki, qədim dövrlərdə bu region Qafqaz Albaniyasına daxil olmuşdur. Antik müəlliflərdən Strabon da təsdiq edir ki, Kür çayı Albaniyadan keçir və alban tayfaları hər iki sahildə məskunlaşmışlar (270, s.19). Albaniya sərhədlərinin Kür çayı boyunca keçməsi, Kürün sağ sahil torpaqlarının “əzəli erməni torpaqları” olması haqqında iddiaların əsassız olduğunu VII-VIII əsrlər alban tarixçisi Musa Kalankatlının əsərlərində də görmək olar. Musa Kalankatlının məlumatlarına görə, eramızın I əsrində Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçirdi. Alban tarixçisi qeyd edir ki, Albaniyanın hüdudları eramızın VII-VIII əsrlərinə qədər dəyişməz qalmışdır (432, s.105).

Albaniyanın cənub sərhədlərinin Kür çayı boyunca keçməsi haqqındakı erməni iddialarının meydana gəlməsinin səbəbini erməni hökmdarlarının təcavüzkar siyasəti ilə əlaqələndirmək lazımdır. E.ə. II-I əsrlərdə müxtəlif vaxtlarda Kürün sağ sahilində yaşamış alban tayfalarının ərazisi də ermənilərin təcavüzünə məruz qalmışdır. Ancaq ermənilərin ilk dəfə Cənubi Qafqaza gəlmələri təxminən e.ə. II əsrdən sonraya təsadüf etmişdir. Bununla da, onların yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma “Böyük Ermənistan” adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirdilər. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma “Böyük Ermənistan” əfsanəsi puça çıxmış və onlar Romanın vassalına çevrilmişlər. Bu vəziyyət IV əsrədək davam etmişdir (408, s.18-19). Belə olduğu halda ermənilərin Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi təqdim etməsi heç bir elmi əsasa malik deyildir. Halbuki, ermənilərdən fərqli olaraq Albaniya – Azərbaycan dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil olmuşdur.

Albaniya dövləti təxminən b.e.ə. IV- b.e. VIII əsrlərində mövcud olaraq 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynamışdır. Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar – uti, sovdey, qarqar və başqaları da alban tayfaları olmuşlar. Albaniya dövləti dövründə Qarabağın dağlıq hissəsi Arsax adlanmışdır.

Azərbaycan alimləri Z.Bünyadov, F.Məmmədova, R.Göyüşov və başqaları öz əsərlərində göstərirlər ki, Arsax I-VI əsrlərdə alban çarları Arşakilərin, VII- VIII əsrlərdə isə Mehrani knyazlarının hakimiyyəti altında olmuşdur. Erməni mənbələrində tez-tez qeyd edilir ki, Albaniyanın cənub sərhədləri Kür çayı boyunca keçirdi və Kürün arxasından isə guya “Böyük Ermənistan” torpaqları başlanırdı. Lakin tədqiqatçılar b.e.ə. III əsrdən - b.e. IV yüzilliyinə qədər Albaniya ərazisinin Kür çayı boyunca keçdiyini, yəni Kür və Araz çayları arasında yerləşdiyini, Arsax, Uti və Kaspiana (Paytakaran) vilayətinin isə Ermənistan torpağı sayıldığını iddia edən erməni konsepsiyasının tamamilə əsassız və qeyri-elmi olduğunu sübut etmişlər.

Bütün tarixi faktlar göstərir ki, Xilafət hökmdarlığı dağıldıqdan, xüsusilə Azərbaycan Atabəylər dövləti yarandıqdan sonra da Qarabağ məhz Azərbaycanın dövlət-ərazi bölgüsü içərisində yerləşmişdir. XII-XIV əsr mənbələrində də “Dağlıq Qarabağ” termininə təsadüf olunmur. Qarabağın tarixən bir-biri ilə sıx iqtisadi və mədəni əlaqədə olmuş dağlıq və düzən əraziləri coğrafi baxımdan daha geniş ərazini əhatə edən Arranın (Albaniyanın) tərkib hissəsi idi. Orta əsr mənbələrinin məlumatlarına görə, XIII-XIV əsrlərdə Qarabağ əhalisinin əsas tərkibi türklərdən ibarət olmuşdur (145, s.164-175).

Ümumiyyətlə, Qarabağ tarixi-etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş, sonra bütün Azərbaycanla birlikdə Ərəb xilafətinin əsarəti altına düşmüş, ərəb imperiyasının süqutundan sonra isə IX-X əsrlərdə Sacilər, X əsrdə Salarilər, XI-XII əsrlərdə Şəddadilər, XII-XIII əsrlərdə Atabəy İldənizlər, XIII əsrin ikinci yarısından XIV əsrə qədər Hülakülər (Elxanilər), XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olmuşdur. XII-XIV əsrlərin dövlət-ərazi bölgüsü ənənələrinə uyğun olaraq Səfəvilər dövləti (1501-1736) tərkibində mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi yaranmış və bu böyük ərazi iki yüz otuz ildən artıq zamanda Azərbaycan tarixinin mühüm inzibati-siyasi vahidlərindən biri olmuşdur (333, s.8).

XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı Kür və Araz çayları arasında olan bütün torpaqları əhatə edən Azərbaycan dövləti idi. Qarabağ xanlığının əsasını birləşmiş qədim Azərbaycan etnosları təşkil etmişlər. Qarabağın aran hissəsində yaşayan Otuzikilər, Cavanşir və Kəbirli tayfaları Qarabağın köklü elatları idilər. Qarabağ xanlığının banisi Cavanşir nəslinin Sarıcalı oymağından olan Pənahəli xan, Otuzikilər tayfasının başçısı, Cavanşir və Qazaxın 20 min heyətinin əmiri idi.

Bu tayfa Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Eyni zamanda, Qarabağ xanlığı mövcud olduğu illərdə (1747-1805) öz istiqlaliyyəti və suverenliyi uğrunda xarici müdaxiləçilərə qarşı uğurlu mübarizə aparmışdır. Xanlığın paytaxtı Şuşa qalası (Pənahabad) yarım əsrdən çox Azərbaycanın xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur. XVIII əsrin ikinci yarısında Şuşa memarlıq abidələri baxımından zəngin olan və şəhərsalma mədəniyyətinin geniş inkişaf etdiyi Azərbaycanın paytaxt şəhərlərindən biri sayılırdı. Şanlı tarixi keçmişə malik bu qədim Azərbaycan şəhəri siyasi mərkəz olmaqla yanaşı, eləcə də ən mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir (406, s.8).

XVIII əsrin əvvəllərindən çar Rusiyasının xarici siyasətində Qafqaz mühüm rol oynamağa başlamış və çarizm bu dövrdən etibarən cənubda öz strateji mövqelərini möhkəmləndirməyə çalışmışdır. Tarixi faktlar göstərir ki, Qafqaz həm siyasi, həm də iqtisadi mənafe baxımından, Rusiyanın daim diqqət mərkəzində olmuş və bu dövrdə çar Rusiyası Azərbaycanı işğal etmək, burada özünə dayaq yaratmaq məqsədilə ermənilərdən məharətlə istifadə etmişdir. Belə ki, çar Rusiyasının regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, о cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etmişdir.

Ermənilər də Rusiya imperiyasının onlara arxa duracaqlarına ümid bəsləyərək çarizmin Qafqazı işğal etməsinə köməklik göstərməklə öz məkrli siyasətlərini həyata keçirmək niyyətində olmuşlar. Çar Rusiyası onunla əlaqə saxlayan ermənilərdən öz gələcək işğalçılıq planlarının həyata keçirilməsi üçün bir vasitə kimi istifadə etmişdir. XVIII əsrin birinci rübündə Rusiya imperatoru tərəfindən ermənilərə diqqət göstərilməsi, himayədarlıq edilməsi yalnız çar Rusiyasının mənafeyi naminə edilirdi və bu siyasət sonrakı dövrlərdə də davam etdirilmişdir.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməklə, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirmişdir.

Bu zaman ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri məhz mühüm strateji əhəmiyyət kəsb edən Qarabağ ərazisi olmuş, bu bölgəyə çarizm tərəfindən xüsusi diqqət yetirilmişdir. Belə ki, XIX əsrin əvvəllərində Qafqaz qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra 1805-ci il 22 may 19 №-li raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik (333, s.16).

Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı (145, s.271-272; 333, s.16; 400, s.365-376). Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı.

1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək əvəzində eyni adlı əyalət yaradıldı ki, bu əyalət də 1840-cı ildə Şuşa qəzası adı altında Kaspi (Xəzər) vilayətinə daxil edildi. 1868-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradılarkən Şuşa və Zəngəzur qəzaları bu quberniyanın tərkibinə verildi, daha sonra 1883-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Cavanşir və Cəbrayıl qəzaları təşkil olundu. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuş və Qarabağın bu inzibati bölgüsü 1921-ci ilə qədər davam etmişdir (145, s.276).

Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən, eləcə də mühüm sənəd hesab edilən çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri”nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatmışdır (333, s.17).

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə, Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.

Azərbaycanın bölüşdürülməsi haqqında Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin şahidi, ermənilərin İrandan Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsinin iştirakçısı, o vaxt Rusiyanın İrandakı səfiri olan rus yazıçısı A.Qriboyedov yazır ki, köçürülmüş ermənilərin əksəriyyəti müsəlman (azərbaycanlılar nəzərdə tutulur – müəllif) mülkədarlarının torpaqlarında yerləşdirilmişdir. Yayda buna yol vermək olardı. Çünki torpaq sahibləri olan müsəlmanların əksəriyyəti yaylaqda olurdular və başqa dindən olan gəlmələrlə az-az görüşürdülər. Bundan başqa müsəlmanlar hesab edirdilər ki, ermənilər köçürüldükləri torpaqlara həmişəlik yiyələnəcəklər (774, s.57). Buradan açıq-aydın görünür ki, ermənilərin bu torpaqlarda yerləşdirilməsi müsəlmanları çox narahat etmişdir. Daha sonra müəllif yazır: “...Biz müsəlmanları düşdükləri bu çətin vəziyyətlə razılaşdırmalı, ermənilərin burada müvəqqəti qalacaqlarına inandırmalıyıq ki, onlar ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara həmişəlik yiyələnmək fikrindən daşınsınlar” (774, s. 58-59).

XIX əsrin əvvəllərində çar Rusiyasının Qafqazı işğal etməsini N.Şavrov da açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsini yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi” (936, s.63).

Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Bu faktları N.Şavrov belə təsvir edir: “1826-1828-cu illər müharibəsi qurtardıqdan sonra biz iki il ərzində – 1828-ci ildən 1830-cu ilə qədər 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsıx, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur – müəllif) və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur” (936, s.63). Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən, ermənilər yaşamayan ərazilərdə yerləşdirilmişdilər.

Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri – Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci ildən 150 il sonra, yəni 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar (574, s.9; 655, s.22 ).

Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu diqqəti və himayədarlığı sonrakı illərdə də özünü göstərirdi. Belə ki, 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlanıldı. Bu köçürülmə prosesinin davamı olaraq 1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsi illərində də Türkiyədən Cənubi Qafqaza daha 85 min erməni köçürülmüşdür (333, s.18).

XIX əsrin sonu - XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin köçürülməsi daha geniş vüsət aldı. Belə ki, təkcə 1896-cı ildən 1908-ci ilə kimi keçən 13 ildə bu regiona 400 min erməni köçürülmüşdü. Bu barədə N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyillər və onlar buraya bizim tərəfimizdən köçürmüşlər” (936, s.64).

Nəticədə, Qarabağın dağlıq hissəsinə ermənilərin kütləvi şəkildə köçürülməsi bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərmişdir. Belə ki, 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-nin azərbaycanlı, 18 min 616-nın isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46%-ni, azərbaycanlılar isə 51 %-ni təşkil etmişdir (333, s.19).

1917-ci ilin “Kavkazski kalendar” məcmuəsinin yazdığına görə, Qarabağda 199 min azərbaycanlı (58,3%) və 142 min erməni (41,7%) yaşayırdı. Göründüyü kimi, çar Rusiyasının himayəsi sayəsində süni surətdə ermənilərin mərhələ-mərhələ köçürülüb Qarabağda yerləşdirilməsinə baxmayaraq azərbaycanlılar həmin torpaqların əzəli sakinləri olmaqla bütün dövrlərdə çoxluq təşkil etmişlər.

“Kavkazski kalendar”ın salnamələrində verilən statistik məlumatlar sübut edir ki, indiki Ermənistan Respublikasının ərazisində də əvvəllər azərbaycanlılar ermənilərdən xeyli çox olmuşdur. Məsələn, 1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 %), 91-i kürd kəndi (27,8%) və yalnız 81-i erməni kəndi (24,8%) olmuşdur. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1%) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8%) erməni olmuşdur (425, s.23).

Ermənistan SSR-in Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2%-i) (423, s.25). Z.Korkodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur (425, s.22). İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşlar (423, s.22). 1920-ci ilədək İrəvan quberniyasında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuş, yəni qəzada olan 99 min nəfər əhalinin 62,6 min nəfəri (66%) azərbaycanlı, 36,4 min nəfəri (34%) isə erməni olmuşdur (425, s.23).

Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Yəni Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.





Yüklə 65,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə