ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 3



Yüklə 0,86 Mb.
səhifə5/15
tarix28.06.2018
ölçüsü0,86 Mb.
#52265
1   2   3   4   5   6   7   8   9   ...   15

ƏRDƏLİ - Abovyan rayonunda kənd adı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

ƏRDƏPİN - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 302). 1727-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [32, 289] kimi göstərilir. Mənbədə kənddə cəmi 2 erməni ailəsinin yaşadığı qeyd olunur (yenə orada).

ƏRDƏŞ - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 14]. 1727-ci ilə aid mənbədə Ərdiş kimidir (32, 290). Mənbədə kənddə cəmi 3 erməni ailəsinin yaşadığı qeyd olunur (yenə orada).Türk dillərində artaş "gəzdək", "dağ çökəyi" (70, 10) sözündəndir.

ƏRDƏŞİRKƏNDİ - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı (23, 49).

ƏRƏBGİR - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [170, 64]. Gətirilmə addır. Ərəbgir Kiçik Asiyada orta əsrlərdə Fərat çayının sağ sahilində Malatiyadan şimalda yerləşən mahal və şəhərin adıdır.

ƏRƏBGİRLİ - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. 1728-ci ildən məlumdur [170, 15]. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XVI əsrdə Qızılbaşların Ərəbgirli tayfasının [16, 14] məskunlaşması nəticəsində yaranmışdır. Mənşəcə bu tayfa XII əsrdə gəlmiş Səlcuq oğuzlarının Ərəbgir əyalətinin (Anadoluda, Fərat çayının sağ sahilində, Malatiyadan şimalda) Çimiş-Kəzək mahalında məskunlaşmış hissəsindən ibarətdir.

ƏRƏBGİRLİ - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 85]. "Kələkarxı kimi də tanınır" (yenə orada).

ƏRƏBLİ - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı (23, 42).

ƏRƏBOĞLU - 1590-cı ildə Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 268].

ƏRƏBXANA - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ərəb etnonimindən və farsca xana-"ev", "tikinti" sözündən ibarətdir. XIII-XI- əsrlərdə Azərbaycana köçürülmüş və sonralar azərbaycanlaşmış ərəb tayfalarının məskunlaşması nəticəsində yaranmışdır.

ƏRƏBXƏNCƏRİ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kəndin adı "Ərəb (kəndi) yaxınlığındakı Xəncərli (kəndi)" mənasındadır. Bax: Xançallı və Xəncərli.

ƏRƏKU - 1590-cı ildə Rəvan əyalətinin Ərmus nahiyəsində kənd adı [169, 250]. Orta əsrlərdə Gəncə yaxınlığında Hərək qalası (bu adı ilk dəfə XIV əsr müəllifi Əbdürrəşid Bakuvi qeyd etmişdir) və Bərdə yaxınlığında Hərək (Bərdəlilərin yaylaq yerinin adı, bu adı XIX əsr müəllifi Həmdullah Qəzvini də qeyd etmişdir) yaylaq adları ilə mənaca eynidir. XIX əsrdə Dağıstan əyalətində Araktau dağ adı ilə [133, 17] mənaca eynidir. Monqolca areq -sıldırım sahil, "yarğan", "dərə" [126, 638] sözü ilə əlaqələndirmək olar. 1470-ci ilə aid hadisələrdə Türkiyənin Asiya hissəsində Ərəqli şəhərinin adı çəkilir [160, 133].

ƏRƏMƏS - İrəvan quberniyasının Zəngəzur qəzasında çay adı (133, 302). Bax: Armaz.

ƏRƏMUS - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 133]. Aramaz (Ahuramazda Allah adının fonetik forması) adındandır. Bax: Armaz və Ərəməs.

ƏRƏS - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 85).

ƏRƏFSƏ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur [23, 150]. Həmin mənbədə deyilir ki, kənddə cəmi 2 müsəlman (azərbaycanlı) və 2 xristiyan ailəsi yaşayır [32, 236]. 1918-1919-cu illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1968-ci ildə kənd ermənicə Aravis adlandırılmışdır. Ərəfsə Azərbaycan ərazisində ən qədim kənd adıdır. İlk dəfə olaraq eradan əvvəl XIV əsrdə Kiçik Asiyada Xet (het) dövlətinin hökmdarı II Murşilin bir qayaüstü yazısında Aripsa adlı bir kiçik "ölkə" və qala adı çəkilir və tədqiqatçılar onu Şərqi Anadoluda indiki Ərzrumdan şimal-şərqdə lokalizə edirlər. Ona görə ki, eranın VI əsrdə orada Bizans mənbələrində Arabis kimi yazılan məntəqə vardı [106, 54]. Xet mənbələrində Aripsa, Bizans mənbələrində Arabis kimi qeyd olunan bu məntəqənin əhalisinin etnik mənsubiyyəti məlum deyil. Lakin Şərqi Anadoluda hələ eradan əvvəl I minillikdə Altay-türk mənşəli etnosların yaşaması artıq şübhə doğurmur (bax: Q.Ə.Qeybullayev, Azərbaycanların etnik tarixinə dair. Bakı, 1995). Aripsa xet dilində yazılış formasıdır. Əslində yerli əhalinin bu adı necə tələffüz etdiyi bilinmir. Ona görə ehtimal ki, Aripsa adının yerli forması məhz Ərəfsə (orta əsr erməni mənbələrində Arevis) adı Naxçıvan bölgəsinə gətirilmişdir. Culfa rayonunda indi də Ərəfsə kəndi vardır. Bu hadisə hər halda ərəb işğalından (VII-VIII əsrlərdən) əvvəl baş vermişdir. Ona görə ki, birincisi, Ərəfsənin əhalisi islam dininə yalnız burada-Naxçıvanda keçə bilərdi, xristian dininə itaət edən Bizans dövlətində, o sıradan Ərzrum əyalətində islam dininə keçmək mümkün olmazdı; ikincisi, Naxçıvan bölgəsində eramızın əvvəllərində Türk mənşəli kəngərlər məskunlaşdıqda Ərəfsə (Culfa rayonu) məntəqəsi mövcud idi, çünki orta əsrlərdə kəngərlərin bir qolu həmin kəndin adı ilə Ərəfsə (yaxud Ərəfsəli) adlanırdı. (bax: 153). Həmin qolun əsl adı Sofulu idi. Zəngəzurun Sisyan mahalındakı Ərəfsə də məhz kəngərlərin Sofulu qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır, çünki bura həmin tayfanın yaylaq yeri idi. Ona görə də 1590-cı ilə aid mənbədə kənd Ərəfsəcik, yəni "Kiçik Ərəfsə" kimi qeyd olunur [169, 363]. Lakin 1728-ci ilə aid mənbədə kəndin adı Ərəfsə kimi göstərilmişdir [170, 161].

ƏRƏFŞAN - 1590-cı ildə Rəvan əyalətində yaylaq adı. "Vedi camaatı yaylayır" [169, 66].

ƏRƏXUS - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 62]. Türk dillərində ora-"çökəklik", "çuxur yer" [126, 415] və küz-"payız otlağı", "küzlək" sözlərindən ibarətdir. Bax: Araxus.

ƏRZAP - İrəvan xanlığının Karbibasar mahalında kənd adı. XIX əsrin ortalarından sonra mənbələrdə kəndin adı çəkilmir. Ehtimal ki, XI əsrdə Şərqi Anadoluda Erez kəndinin [142, 110] adı ilə bağlıdır (bu kənd barədə bax: 46, 15-46).

ƏRZƏKƏND - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı [159]. 1728-ci ilə aid mənbədə Ərzəkan kimidir (23, 113). "Başqa adı Südlübulaqdır" (yenə orada). 1828-1832-ci illərdə kənddə İrandan və Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. Ehtimal ki, Şərqi Anadolunun Erez mahalından gəlmiş ailələrin özləri ilə gətirdiyi addır . Habelə bax: Arzni.

ƏRZKAN - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 36). Sonrakı mənbələrdə Axta r-nunda Ərzakan kimidir (60, 66). Digər adı Ərzəkənd (yenə orada). XIX əsrin əvvəllərində kənddə ermənilər yerləşdirilmişdir.

ƏRZİN - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 36).

ƏRZİNCAN MƏZRƏSİ - 1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 91]. "Ərzincandan gəlmiş adama məxsus əkin yeri" mənasın-dadır.

ƏRİNC - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 36). Naxçıvanda Arınc kənd adı ilə eynidir.

ƏRK - XVIII əsrin əvvəllərində Göyçə mahalında kənd adı [150, 360]. Fars dilində ərk-"qala" sözündəndir.

ƏRKƏVİL - 1728-ci ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı (23, 116).

ƏRKƏZ - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı (159). 1728-ci ildən məlumdur (32, 298). Bu mənbədə kənddə 4 xristian ailəsinin yaşadığı qeyd olunur (yenə orada). Sonra kənddə azərbaycanlılar da məskunlaşmışlar. 1919-1929-ci illərdə azərbaycanlılar qovulmuşdur. “Kitabi-Dədə Qorqud” eposunda çəkilir. Mənası məlum deyil.

ƏRKƏZAN - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 688-735-ci illərlə əlaqədar hadisələrdə Sünikdə (sonraki Zəngəzurda) Ərkəzan kəndinin adı çəkilir ("Alban tarixi", III kitab, 14-cü fəsil). Ehtimal ki, mənşəcə Dərələyəzdəki Ərkəz kəndinin adı ilə bağlıdır. Maraqlıdır ki, bu kənd həm də Ərəkələz adlanmışdır ki, bu da Ərk-Ələyəz, yəni "Ələyəzdəki Ərk" mənasın-dadır.

ƏRKƏCİ - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 361]. İrəvan xanlığının Sürməli mahalındakı Ər-Hacı (bax: Birinci Ər-Hacı) kənd adı ilə mənaca eynidir. Türk dillərində arkac (azərbaycanca arxac) "dağın gün düşməyən tərəfi, qüzey" sözündəndir (Türkmənis-tanda Arkaç  toponimi barədə bax: S.Atanıyazov. Türkmənistanın qeoqrafik  adlarının düşündirişli sözlüqi,  Aşqapad, 1980, s. 43).

ƏRKİL - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 19). Mənbədə Arkel kimidir (yenə orada). 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 159], 1728-ci ildə İrəvan əyalətinin  Qırxbulaq nahiyəsində kənd adı (23, 79). "Qara Abdal kəndinin yaxınlığında yerləşir" (yenə orada).Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yəni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalından [142, 57] çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.

ƏRKLİ - 1590-cı ildə Zebil nahiyəsində kənd adı [169, 33]. Anadolunun şərqində Ərk mahalından çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

ƏRGÜŞ - 1728-ci ildə İrəvan əyalətinin Məzrə nahiyəsində kənd adı [23, 61]. Türk dillərində ər "kişi", "döyüşçü" və koş "köçəbə" (Bax: Koşkotan) sözlərindən ibarətdir.

ƏRİCƏUD - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 302).

ƏRMİK - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 19]. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. 1590-cı ilə aid mənbədə kəndin adı Ərmuk kimidir [169, 226]. 1728-ci ilə aid mənbədə Vedi nahiyəsində Ərmuk kimidir [23, 105]. Türk dillərində arım-"çuxur", "çəkək" [126, 58] və ik "küləksiz, sakit, gizli yer", "sığınacaq", "çayın aşağı axarı" [bax: 147, I] cözlərindən ibarətdir. Azərbaycanda Sumik (Gədəbəy rayonu) dağ adı (naməlum mənşəli Cum və ik sözlərindən) ilə quruluşca eynidir.

ƏRMİK - İrəvan quberniyasının İrəvan qəzasında xaraba kənd adı [133].

ƏRMUS - 1590-cı ildə Rəvan əyalətinin bir mahalının adı [169, 250]. Bax: Aramus, Armaz və Ərəmis.

ƏRSAQ - 1728-ci ildə İrəvan əyalətinin Sürməli nahiyəsində məzrə adı [23, 64].

ƏRTƏNİ KÖVŞƏNİ - İrəvan xanlığının Saatlı mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Ərtəni şəxs adından və kövşən sözündəndir.

ƏRTİC - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133, 302]. 1590-cı ilə aid türkcə mənbədə Ərdic kimidir [169, 92]. Yerli tələffüz forması Yertic. 1928-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Ərtic dağının adındandır.

ƏRTİCDAĞ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında dağ adı [133, 302]. Türk dillərində ardıc (ağac növü) sözündəndir.

ƏR HACI - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [23, 66].

ƏSAYİŞLİ - 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 193]. Kənd qızılbaşların Asayiş oğlu tayfasının [24, 192] məskunlaşması nəticəsində yaranmışdır. Bax: Asayişarxı.

ƏSAXAN - 1728-ci ildə İrəvan əyalətinin Xınzirək mahalında kənd adı [23, 46]. "Əhalisi Dümbüli camaatındandır" (yenə orada).

ƏSDÜK - 1590-cı ildə Rəvan əyalətinin Zebil nahiyəsində kənd adı [169, 331].

ƏSƏDQALA - İrəvan quberniyasının Şirakel qəzasında kənd adı. 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir (6, 170). 1946-cı ildə kənd ermənicə Vaqramaberd adlandırılmışdır. Kənd yaxınlıqdakı Əsədqala qalasının adı ilə adlanmışdır.

ƏSƏDLİ - 1590-cı ildə Rəvan əyalətinin Ərmus nahiyəsində kənd adı [169, 252].

ƏSGƏMOR - 1727-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [32, 33]. Həmin mənbədə cəmi 2 Azərbaycanlı ailənin (Cəlil Sevdiməli oğlu və Xanməhəmməd Bayraməli oğlu) yaşadığı qeyd olunur [32, 245]. Türk dillərində aska "qayalı dağ" [126, 58] və ermənicə mor "bataqlıq" sözlərindən ibarətdir. Kutais quberniyasının Senak qəzasında Asxi və Leçkum qəzasında Asxi dağ adları (133, 22) ilə mənaca eynidir.

ƏSGƏRKƏND - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. XIX əsrin sonlarında kənd dağılmışdır.

ƏSGƏRLƏR - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. XIX əsrin sonlarında kənd dağılmışdır.

ƏSNİ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Türk dillərində aska-"alınmaz qayalı dağ" [126, 58] sözündəndir.

ƏSKİPARA - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) kənd adı [133]. 1950-ci ildə kənd ermənicə Voskepar adlandırılmışdır. Kənd Qazax rayonundakı Əskipara kəndinin adı ilə adlanmışdır. Əskipara toponimi əski və iran dillərində para-"kənd", "məskən" [43, 1, 418], para-"kənddən aralı əkin", "bostan əkilən sahə" [145, 168] sözlərindən ibarət olmaq etibarilə Albaniyanın Xalxal şəhərinin yerləşdiyi yerin adıdır. VI əsrdə tikilmiş qala divarı və onun 9 bürcü qalmışdır.

ƏSGİ CANQUR - 1728-ci ildə İrəvan əyalətinin Məzrə nahiyəsində Canqur kəndinə məxsus məzrənin adı [23, 61].

ƏSKÜLÜM - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanda) kənd adı [133, 21]. XIX  əsrin sonlarında kənd dağılmışdır. Kəndin adı Azərbaycan dilində əski "köhnə", "qədim" və türk dillərində olum-(olom)"keçid" [126, 412] sözlərindən ibarətdir.

ƏSRİK - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 121]. XIX əsrdə Qazax qəzasında Əsrikçay və Cavanşir qəzasında Əsrik kənd adları (133, 21) ilə mənaca eynidir.

ƏSTİ - 1590-cı ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 217]. XIX əsrdə Şamaxı qəzasında Asti Bozdaq dağ adı (133, 21) ilə mənaca eynidir.

ƏFƏNDİ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1938-ci ildə kənd ermənicə Noraşen adlandırılmışdır.

ƏFƏNDİKƏND - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. Rəhmankənd də adlanmışdır (133, 302). Tam adı Rəhman Əfəndi. 1880-cı illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Karadzor adlandırılmışdır. Rəhman əfəndi adlı ruhaninin adındandır.

ƏFSƏRLİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1960-cı ildə kəndin əhalisi Müsəlləm kəndinə köçürülmüş və kənd ləğv edilmişdir [20, 143].

ƏFŞAN - 1727-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 138]. "Kəndin başqa adı Susanburundur" (yenə orada) bax: Susanburun.

ƏFŞAR YERLİ - 1728-ci ildə İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [23, 51]. Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bax: Avşar.

ƏFŞAR GELƏVAN - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [23, 103].

ƏXİ VEYS KƏNDİ - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [23, 66]. Orta əsrlərdə  Sufi ordeninə məxsus adamlar bir-birinə əxi (ərəbcə "qardaş") deyirdilər. Hökmdarlar abdal və dərvişlərlə yanaşı əxilərə də torpaq sahəsi və ya rəiyyət bağışlayırdılar. Ona görə də yaşayış məntəqələri həmin əxilərin adları ilə adlanırdı. "Veys adlı əxiyə mənsub kənd" mənasındadır. Bax:  Ağveys və Əxikənd.

ƏXİLİ - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [32, 306]. Mənbədə kənddə cəmi bir evli kişinin və bir subay oğlanın yaşadığı qeyd olunur (yenə orada). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sufi ordeninə mənsub adamların bir-birinə verdikləri əxi "qardaş" sözündəndir.

ƏXİ MƏHƏMMƏD KƏNDİ - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [23, 66]. "Əhalisi Kürdlər camaatıdır" (yenə orada).

ƏXİNƏKİQ - 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı [169, 237]. Əxi və ermənicə küq "kənd" sözlərindən ibarətdir.

ƏHMƏDAĞA - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) xaraba kənd adı [133].

ƏHMƏDAĞA - YURD - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı (133, 24). Başqa adı Daşkəsən (yenə orada).

ƏHMƏDQULU QIŞLAĞI - 1590-cı ildə Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 211].

ƏHMƏDLİ - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 122].

ƏHMƏDLİ - 1590-cı ildə Rəvan əyalətinin Abnin (Avnik) nahiyəsində kənd adı [169, 256].

ƏCİLİ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı [133]. XIX əsrdə Müsəlləm, Tünüs və Şotalı obalarından ibarət [103, 146] idi. 1969-cu ildə kənd ləğv edilmişdir.

ƏŞTƏRƏK - İrəvan xanlığının Karpibasar nahiyəsində (bax: 159), sonra İrəvan quberniyasının Eçmiadzin qəzasında (133, 26) kənd adı. 1930-cu ildən inzibati rayonun və onun mərkəzinin adıdır. Azərbaycan türklərinin yaşadığı qədim kəndlərdən biri olmuşdur. 1828-1832-ci illərdə kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. Ermənicə Aştarak kimi yazılır. İlk dəfə XV əsrdən məlumdur [116, 143]. 1590-cı ilə aid türkcə mənbədə Əştərək kimidir [169, 77]. 1728 - ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində  Aştarak yazılmışdır (23, 75) 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Şirakel nahiyəsində Haşterek kənd adı qeyd olunur (23, 134). 1441-ci ildə İrəvan əyalətinin türk hakimləri tərəfindən bu kənd Eçmiadzin kilsəsinə bağışlanmışdır [150, 172].

XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində Xaş-Terek kəndi və Xaş-Tarak qışlağı, Qazax qəzasında Həştərək kəndi [133], Albaniyada erkən orta əsrlərdə (Artsakda) Aq-Terek (ermənicə təhrifi Haterk) toponimləri ilə mənşəcə eynidir. Buradan belə nəticəyə gəlmək olar ki, toponimin ilk forması məhz Xaş-Terek (dəqiqi Xaç-Terek) olmuş, sonralar hər halda XV əsrdən gec olmayaraq Əştərək formasını kəsb etmişdir. Kəndin adı xaç  (burada xaçdaş mənasında) və qədim türkcə terek-"şam ağacı [93, 553] sözlərindən ibarətdir. Lakin Q.F.Sattarov (Sattarov Q.F.Bulqarskiy plast qeoqrafiçeskiy terminoloqii i toponimı Tatarii. "Onomastika Uzbekistana". Taşkent. 1989, s. 73). Şimali Qafqazda Terek çayını misal gətirərək qədim türk dillərində terek sözünün həm də "çay" mənasında olduğunu qeyd edir və bu sözü hun-bulqar termini sayır. XIX əsrdə şimali Qafqazda  Ter əyalətinin Qızıl-Yar dairəsində Bucur-Terek, Stavropol əyalətinin Açi-Kulak dairəsində Terek-Bay və Terek-İsimbay qışlağı, Ter əyalətinin Kara-noqay dairəsində Aq-Terek, 6 Terek kəndi [133] Qırğızıs-tanda 30 Terek (dağ, çay və kənd adları). (Bax: Slovarğ qeoqrafiçeskix nazvaniy Kirqizskiy SSR. Frunze. 1988, s.147, 153) toponimləri ilə mənaca eynidir. Ona görə də erməni tədqiqatçılarının bu toponimi erməni mənşəli saymaları səhvdir.

ZABA - Talin rayonunda kənd adı. 1935-ci ildə kənd ermənicə Sorik adlandırılmışdır. XIX əsrdə Zəngəzur qəzasında Zabazadur kənd adı (133, 94) ilə sıra təşkil etsə də mənası məlum deyil.

ZAQ - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 77]. XIX əsrdə Tiflis quberniyasının Axalkalak qəzasında  Zak kənd adı (133, 95) ilə eynidir. Mənası məlum deyil. Qars əyalətinni Kaqızman dairəsində Zak kənd adı (133, 100) ilə bağlı ola bilər.

ZAQ - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 97]. "Kəndin başqa adı Qoyunqışlaqdır" (yenə orada).

ZAQ - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [170, 61]. Mənbədə kəndin həm də Qoyunqışlaq adlandığı göstərilir (yenə orada).

ZAĞA - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133, 94]. Kəndin ərazisindəki qayada "Zağa" mağarasının adındandır. 1590-cı ilə aid mənbədə [169, 46] və 1728-ci ilə aid mənbədə [170, 31] İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Zaq kəndi qeyd olunur və həm də Qoyunquşlaq adlandığı göstərilir [170, 70]. Zağa kəndinin adı XVIII əsrə aid ermənicə mənbədə Dzaq kimidir [150, 358]. Onun Qatar-Göl monastırına mənsub olması qeyd edilir (yenə orada).

ZAĞA - Eçmiadzin qəzasında mağara adı (133, 94).

ZAĞABAŞI - İrəvan quberniyasının İrəvan qəzasında kiçik kənd adı [133]. XX əsrin əvvəllərində kənd dağılmışdır.

ZAĞAQIŞLAQ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində Güllübulaq kəndinin başqa adı [23, 129]. Bax: Güllübulaq.

ZAĞALI - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133, 94]. Həmin qəzada Qayabaşı kəndinin maldarları üçün Keyti dağında yurd yeri olmuşdur [136, 34].  XIX əsrin sonlarından sonra bu kəndin adı mənbələrdə çəkilmir. Göycə yaxınlığında olan Zağalı kəndinin ərazisindəki Urartu dilində kitabədə bu kəndin ərazisi Arkukuni kimi qeyd olunmuşdur (141, 31). Bu adın "Kitabi Dədə Qorqud" eposunda Arqubeli toponimi ilə eyniliyi ola bilər. Türk dillərində arqu "dərələrlə doğranmış" (93, 51), "dərələrlə şaxələnmiş" (126, 58) mənasındadır. Musa Kalankatlı Sünikdə (Zəngəzurda) indiki Həkəri çayını Arquçay (ermənicə yazılışda Arqunaqet) kimi qeyd etmişdir ("Alban tarixi", III kitab, 87-ci fəsil). Həqiqətdə də çayın yuxarı axını indi də Arqu adlanır.

ZAĞALI - İrəvan quberniyasının Aleksandropol qəzasında xaraba kənd adı [133, 94].

ZAĞATƏPƏ - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı [133, 95]. "Təpəsində zağa olan dağ" mənasındadır.

ZAZANÇI - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 93].  Kürd dilində zözən “yaylaq” (145, 92) sözündəndir.

ZALIMLI - 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 188].

ZAMANQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 132]. "Başqa adı Kəklikik Gödəkarx" (yenə orada). Ya türk dillərində saman "sərhəd", "hüdud" (126, 499) sözündən, ya da Zaman şəxs adındandır.

ZAMANQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 123].

ZAMANLI - Bazum dağ belindən şimal-şərqdə dağ belinin adı (60, 78). XX əsrin 30-cu illərində dağ ermənicə Vaaqnasar adlandırılmışdır.

ZAMANLI - Aleksandropol qəzasında Pəmbək çayının sol qolunun adı (60, 71). Ermənicə çay Vaaqni adlandırılmışdır.

ZAMLAR - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) kənd adı. 1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır.

ZAKEVƏNG - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 44]. Əsli Zaqavəng. Azərbaycan dilində zağa (süni maqara) və vəng (kilsə) sözlərindəndir.

ZAR - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı (133, 96). 1918-ci ildə əhalisi Azərbaycana qovulduqdan sonra kənd dağılmışdır (11, 164). İlk dəfə XIX əsrdən məlumdur [107, 34]. 1590-cı ildən mənbədə adı çəkilir [169, 58]. 1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur (23, 55). Həmin əsrə aid ermənicə mənbədə isə Ulu Zar (ermənicə Uritsar) adlandırılır [150, 360].  XIV əsrin axırlarında İrəvan qəzasında Zar, Yelizavetpol quberniyasının Cavanşir qəzasında (indi Kəlbəcər rayonunda) Zar, İrəvan quberniyasının Aleksandropol qəzasında Zar-İncə, Tiflis quberniyasının Qori qəzasında Zar kənd adları [133, 96] ilə mənşəcə eynidir. Ermənistan ərazisində Zarişat və Zarevand toponimləri V əsrdən məlumdur. 1728-ci ilə aid mənbədə kəndin həm də Karaqala Sufla adlandığı göstərilir [170, 38]. "Əhmədxan və Səlbinaz xanım" dastanında Zar şəhərinin adı çəkilir. Bir fikrə görə tayfa adıdır [bax; 25]. Bax: Zər-Zibil, Zərincə.

ZAR - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 80]. "Qaraqala kəndinin yaxınlığında yerləşir" (yenə orada).

ZAR - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində (sonrakı Kəlbəcər r-nu) kənd adı (23, 120).

ZARVANCIQ - 1728-ci ildə İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [23, 107]. "Kiçik Sarvan kəndi" mənasındadır.

ZARZƏMİN - 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı [170, 118].

ZARZƏMİN - 1728-ci ildə İrəvan əyalətinin nahiyələrindən birinin adı [23, 120]. Oradakı Zar kəndinin adından və farsca zəmin "yer", "ərazi" sözündən ibarətdir.

ZARİNCƏ TƏPƏ - İrəvan quberniyasının Aleksandropol qəzasında təpə (133, 96) Bax: Zərincə.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə