Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə30/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   22   23   24   25   26   27   28   29   30

www.vivo-book.com 
 
148 
qoca,  sən  sahildən  bu  qədər  aralanmaqla  öz  bəxtinin 
üstündən qara xətt çəkdin”.  
– Sarsaqlama! Özünü ələ al, sükandan möhkəm yapış! 
Üzünə böyük xoşbəxtlik qapısı açıla bilər. Harada satıldığını 
bilsəydim, o səadətdən bir az da mən alardım. 
“Nəynən  alacaqsan?  –  ürəyində  özünü  sorğu-suala 
tutdu.  –  İtirdiyin  nizəylə?  Sındırdığın  bıçaqla?  Ya  sıradan 
çıxmış bu  əllərlə? Nə bilmək olar! Sən almalı idin! Səksən 
dörd gününü dənizdə keçirtdin ki, güclə bəxt alasan. Elə az 
qalmışdı  alasan  da...  Boş  şeylərlə  başını  yormağa  dəyməz. 
Xoşbəxtlik  adamın  qabağına  min  bir  libasda  çıxır;  bəyəm 
onu tanımaq asandır? Nə şəkildə olsa da, neçəyə satsalar da, 
bir az ondan alardım. Lap nə istəsəydilər, verərdim. Bu saat 
Havananın işıqlarını görmək əsl mən istəyən olardı. Eh, sən 
də  həddən  çox  şey  istəyirsən,  qoca.  Amma  bu  dəqiqə 
Havananın  çıraqlarını  görmək  ən  böyük  arzumdur,  başqa 
heç nə istəmirəm”. 
O, sükanın arxasında yerini rahatlayıb qayığı daha asan 
idarə etməyə çalışdı, bütün bədənində duyduğu ağrıdan hələ 
ki, ölmədiyini başa düşdü.  


www.vivo-book.com 
 
149 
Axşam  saat  ona  yaxın  şəhərin  işıqları  nəhayət  ki, 
görsənməyə  başladı.  İlk  baxışda  çıraqların  işığı  ayın 
doğacağını  xəbər  verən  zəif  parıltıya  oxşadı.  Sonra  okeanı 
şiddətlə  döyəcləyən  küləyin  qovduğu  iri  dalğaların 
arxasından  gur  işıq  göründü.  Qoca  sükanı  düzəldib  qayığı 
həmin  səmtə  yönəltdi  və  düşündü  ki,  tezliklə,  lap  elə 
indilərdə Qolfstrimə daxil olacaq. 
“Hə, gəlib çıxdıq, daha bir şey qalmayıb, – o düşündü. 
–  Əlbəttə,  köpəkbalıqları  yenə  hücuma  keçib  cumacaqlar 
üstümə. Qaranlıqda əliyalın adam onlara nə edə bilər?” 
Gecə düşdükcə soyuq da şiddətlənirdi.  
Qoca  yamanca  üşüyürdü,  anbaan  artan  ağrıları 
dözülməz işgəncəyə çevrilmişdi. Yaraların sızıltısı sümük və 
oynaqların ağrısına qarışırdı. Ağrı və heysizlikdən az qalırdı 
huşunu  itirsin.  “Ümid  edək  ki,  daha  vuruşmaq  lazım 
gəlməyəcək,  –  o  düşündü.  –  Keşkə  vuruşmaq  lazım 
gəlməsin!” 
Lakin  gecəyarısı  yırtıcılarla  bir  daha  vuruşmalı  oldu; 
özü də bunun faydasız olduğunu bilə-bilə.  


www.vivo-book.com 
 
150 
Bu  dəfə  köpəkbalıqları  dəstəylə,  sürüylə  gəlmişdi. 
Qoca  qaranlıqda  onların  oynayan  üzgəclərinin  əmələ 
gətirdiyi  köpüklü  ağ  zolağı  aydın  görürdü.  Onlar  balığı 
gəmirdikcə  ətrafa  fosforlu  işıq  saçılır,  qoca  da  əlindəki 
toppuzla  ziyankarların  təpəsinə  zərbə  endirirdi;  bir-birinə 
dəyib şaqqıldayan çənələrin, dişlərin səsi eşidilirdi. Yırtıcılar 
balığı  alt  tərəfdən  parçalayıb  diddikcə  qayıq  təkanlardan 
titrəyib  yırğalanır, qoca  isə  heç nə görmədən  rəqiblərini  elə 
qarasına  kötəkləyirdi;  o  yalnız  eşidir  və  anlayırdı.  Birdən 
əlindəki  toppuzun  harasa  yoxa  çıxdığını  hiss  etdi.  Əl  artıb 
sükanı  yerindən  dartıb  çıxartdı,  ikiəlli  ondan  yapışıb 
qənimlərinə dalbadal zərbə endirməyə başladı.  
Köpəkbalıqları indi qayığı hər tərəfdən araya alıb dəstə 
ilə  həmləyə  keçir,  gecənin  zülmətində  su  üzərində  ağaran 
balığın  ətini  sümürürdülər.  Dişlərinə  keçən  ət  parçasını 
qoparan  kimi  cəld  qırağa  çəkilir,  sonra  təzə  həmləyə 
başlamaqçün dövrə vurub yenidən öz qənimətlərinin canına 
daraşırdılar. 
Ən  axırda  yırtıcılardan  biri  dövrə  vurub  balığın  düz 
başına  tərəf  üzəndə  qoca  artıq  hər  şeyin  bitdiyini  anladı. 


www.vivo-book.com 
 
151 
Akula dişlərini balığın bərk kəllə sümüyünə ilişdirəndə qoca 
da sükanı onun burnunun üstünə çırpdı. Sonra dalbadal daha 
bir  neçə  zərbə  endirdi.  Sükan  şaqqıltı  ilə  qırılıb  tikə-tikə 
oldu.  Qoca  əlində  qalmış  dəstəklə  ziyankarı  bir  də  vuranda 
dəstək  ətə  girdi;  eyni  yerə  bir  zərbə  də  ilişdirdi  və 
quduzlaşmış  köpəkbalığı  sıçrayıb  kənara  qaçdı.  Bu,  qayığa 
hücum  edənlərin  sonuncusu  idi.  Artıq  yeyiləsi  heç  bir  şey 
qalmamışdı. 
Qoca  nəfəsini  zorla  dərirdi.  Ağzında  mis  paxırının 
tamını  verən  nəsə  şirintəhər,  qəribə  bir  tam  duydu.  O,  bir 
anlığa  üşəndi,  amma  iyrənc  tam  tez  keçib-getdi  və  qoca 
okeana tüpürüb dedi: 
–  Tıxın,  galanolar,  zəhəriniz  olsun,  haramınız  olsun, 
qoy yuxunuza girsin ki, siz insan öldürmüsünüz.  
Qoca  artıq  büsbütün  darmadağın  edildiyini  və 
yenildiyini  anladı;  başa  düşdü  ki,  məğlubiyyətə  uğrayıb. 
Kormaya keçib sınıq sükan dəstəyini yerinə taxdı, onun işə 
yaradığına  sevindi.  Deməli,  qayığı  idarə  etməyə  bir  şey 
vardı. 


www.vivo-book.com 
 
152 
Köhnə  kisəni  çiyninə  salıb  aşağı  oturdu,  sahilə 
istiqamət  götürdü.  Bu  saat  o  heç  nə  duymur,  heç  nə 
fikirləşmirdi;  indi  hər  şey  ona  yad  gəlirdi.  Ondan  ötrü  hər 
şey  artıq  arxada  qalmışdı.  Yeganə  bir  arzusu  vardısa,  o  da 
doğma sahilə yetişməkdi.  
Gecəyarısı  başqa  bir  yırtıcı  sürüsü  bu  dəfə  balığın 
skeletinə  hücum  etdi.  Ac  qarınqulular  əvvəlkilərin 
qabağından  qalan  sümüyə  daraşmışdılar,  amma  onu  iliyinə 
kimi  sümürsələr  də,  qoca  bu  ziyankarlara  qətiyyən 
əhəmiyyət  vermir  və  etinasız  tərzdə  qayığını  sürürdü.  O, 
nəhəng balığın ağır yükündən azad olmuş qayığın çox rahat 
üzdüyünü hiss edirdi. 
“Gözəl  qayıqdır,  –  qoca  düşündü,  –  sınıb-eləməyib, 
bircə sükanı sıradan çıxıb, onu da düzəltmək çətin deyil”.  
Qoca qayığın isti axına girdiyini hiss etdi və sahil boyu 
cərgə ilə salınmış qəsəbələrin çıraqlarını lap yaxından gördü. 
O, harada olduğunu bilirdi; bilirdi ki, bir azdan evə çatacaq. 
“Külək  bizə  dostdur,  amma  həmişə  yox,  –  qoca 
fikrindən  keçirib,  sonra  əlavə  elədi:  –  Hüdudsuz  dənizdə 
bizim  çoxlu  dostumuz  var,  çoxlu  da  düşmənimiz.  Bəs 


www.vivo-book.com 
 
153 
çarpayı  necə?  Əlbəttə,  çarpayı  da  mənim  dostumdur;  onun 
üstündə  uzanmaq  böyük  nemətdir.  Məğlubiyyətdən  sonra 
adam  necə  də  yüngüllük  duyur!  İndiyədək  bunun  belə  asan 
olduğunu bilmirdim...»  
Sonra özündən xəbər aldı:  
– Qoca, səni axı kim məğlub etdi?  
Özü də cavab verdi:  
– Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim. 
Qayıq  balaca  buxtaya  daxil  olanda  Terrasın  bütün 
işıqları  sönmüşdü.  Qoca  başa  düşdü  ki,  artıq  hamı  yatıb. 
Küləyin vıyıltısı getdikcə güclənirdi, amma limanda sakitlik 
idi.  Qayığı  qayaların  böyründəki  çınqıllığa  yönəltdi. 
Gecənin bu vaxtında ona kömək edəsi heç kəs yox idi, odur 
ki,  avar  çəkə-çəkə  qayığı  lap  yaxına,  ləpədöyənə  qədər 
apardı. Sonra yerə düşüb, qayığı qayalardan birinə bənd etdi. 
Dorağacını  qayıqdan  çıxardıb  yamaqlı  yelkəni  ağaca 
doladı,  iplə  sarınandan  sonra  onu  çiyninə  alıb  yoxuşla 
üzüyuxarı  yola  düzəldi.  Necə  bərk  yorulduğunu  indi  başa 
düşdü.  Bir  anlığa  ayaq  saxlayıb  geri  qanrıldı  və  küçə 
fənərinin zəif işığında nəhəng balığın qayığın dal tərəfindən 


www.vivo-book.com 
 
154 
diklənmiş  iri  quyruğunu,  düz  xətt  kimi  ağaran  tərtəmiz 
yonulmuş  bel  sümüyünü,  üstündə  qiyamət  qılıncı  olan 
nəhəng nataraz tutqun kölgəsini gördü. 
Ayaqlarını  zorla  sürüyə-sürüyə  yoxuşla  birtəhər 
üzüyuxarı  qalxdı,  təpəyə  çatanda  taqətsiz  halda  çiynindəki 
dorağacıyla  bərabər  yerə  sərildi.  Ayağa  durmaq  üçün  nə 
qədər  cəhd  elədisə  də,  bir  şey  çıxmadı;  heç  tərpənməyə  də 
amanı yox idi. Xeyli zəhmətdən sonra güc-bəla dikəlib otura 
bildi.  Ondan  artığını  bacarmadı,  boş  yola  baxa-baxa  eləcə 
oturub  qaldı.  Aralıda  bir  pişiyin  harasa  qaçdığını  gördü, 
gözdən itənəcən pişiyin dalınca baxandan sonra bir müddət 
də oturub yola göz gəzdirdi. 
Axırda  dorağacını  yerə  qoyub,  birtəhər  ayağa  durdu, 
sonra  təzədən  onu  çiyninə  qaldırıb  yoxuşla  üzüyuxarı 
dırmaşdı.  Komasına  çatanacan  beş  dəfə  oturub  dincini 
almalı oldu. 
Komaya gircək dor ağacını divara söykədi. Qaranlıqda 
şüşəni  tapıb  xeyli  su  içdi,  sonra  özünü  üzuqoylu  çarpayıya 
yıxdı,  ədyalı üstünə çəkib çiynini, kürəyini, qıçlarını örtdü; 


www.vivo-book.com 
 
155 
üzünü qəzetə söykəyib yatdı. Qollarını gen açmışdı, ovucları 
tavana baxırdı.  
Ertəsi  gün  tezdən  oğlan  komaya  baş  çəkməyə  gələndə 
qapıdan  boylanıb  qocanın  yatmış  olduğunu  gördü.  Bu  gün 
şiddətli  külək  əsdiyindən  bir  dənə  də  qayıq  dənizə 
çıxmamışdı,  oğlan  da  yatıb  qalmış,  yuxusunu  bəs  deyincə 
almışdı.  Yuxudan  duran  kimi  də,  adəti  üzrə,  qocaya  baş 
çəkməyə gəlmişdi.  
Oğlan  qocanın  yaxşı  nəfəs  aldığını  görüb  bir  az 
rahatlandı,  amma  əllərinə  baxanda  özünü  saxlaya  bilməyib 
ağladı.  Sonra  komadan  ehmalca  çıxıb,  qəhvə  dalınca 
restorana qaçdı; bütün yol boyu toxtayıb kiriyə bilmədi.  
Sahildə  xeyli  balıqçı  toplaşmışdı,  hamısı  da  qocanın 
qayığını araya alıb nəhəng balığın skeletinə heyrətlə tamaşa 
edirdi; balıqçılardan biri şalvarının balaqlarını çırmayıb suya 
girmişdi  və  əlindəki  iplə  qayığa  bağlanmış  skeletin 
uzunluğunu ölçürdü. 
Oğlan yuxarıda durub onların yanına düşmədi; az əvvəl 
orda olmuşdu və hətta bir balıqçı ona söz də vermişdi ki, bəs 
narahat olmasın, qocanın qayığına göz qoyacaq.  


www.vivo-book.com 
 
156 
–  Necədir  qocanın  vəziyyəti?  –  balıqçılardan  biri 
qışqırıb oğlandan soruşdu.  
–  Yatır,  hələ  yatır,  –  oğlan  hıçqıra-hıçqıra  dedi; 
ağladığını adamların görməsi onu utandırıb eləmirdi. – Gəlib 
onu narahat eləməyin. 
–  Burnunun  ucundan  quyruğunacan  balığın  uzunluğu 
düz on səkkiz futdur! – skeleti ölçən balıqçı oğlana üz tutub 
bərkdən qışqırdı.  
– Bilirəm, ondan az olmaz, – oğlan ona cavab verdi. 
Sonra oğlan Terrasa gedib qoca üçün qəhvə istədi: 
–  Mənə  isti  qəhvə  verin,  südünü  də,  şəkərini  də  bol 
eləyin.  
– Başqa şey lazım deyil? Nə lazımdısa, götür. 
– Yox, hələlik lazım deyil. Yeməyə bir şey istəsə, sonra 
gəlib apararam.  
– Balıqdır ha! – restoran sahibi heyrətini gizlətmədi. – 
Buralarda  indiyədək  beləsi  görünməyib.  Amma  dünən  sən 
tutduğun o iki balıq da pis deyildi. 
– Cəhənnəm olsun mənim balıqlarım,  – oğlan dedi və 
təzədən ağlamağa başladı.  


www.vivo-book.com 
 
157 
–  Bəlkə,  özün  də  bir  şey  içəsən?  –  restoran  sahibi 
ondan soruşdu.  
–  Yox,  istəmirəm,  –  oğlan  başını  buladı.  –  Adamlara 
tapşır  ki,  gəlib  Santyaqonu  narahat  eləməsinlər.  Mən  tez 
qayıdacam.  
–  Mənim  dilxorçuluğumu  qocaya  çatdırarsan.  De  ki, 
bərk təəssüflənirəm.  
– Çox sağ ol, çatdıraram, – oğlan dedi.  
O,  qəhvəni  götürüb  komaya  gəldi,  qoca  yuxudan 
ayılana qədər oturub gözlədi. Arada bir dəfə hətta oğlana elə 
gəldi ki, qoca ayılmaq istəyir, lakin o, təzədən dərin yuxuya 
getdi  və  oğlan  bayıra  çıxıb  yolun  əks  tərəfinə  keçdi, 
qonşudan bir qədər odun borc alıb gətirdi ki, qoca duranda 
qəhvəni qızdırsın.  
Handan-hana qoca ayıldı. 
–  Uzan,  ayağa  durma,  –  oğlan  onu  yerindən 
tərpənməyə qoymadı, – qəhvəni elə uzandığın yerdə içərsən.  
Sonra  stəkanı  qəhvə  ilə  doldurub  ona  uzatdı;  qoca 
stəkanı oğlandan alıb içdi. 


www.vivo-book.com 
 
158 
–  Manolin,  onlar  məni  üstələdilər,  məni  yendilər,  – 
qoca dedi. – Onlar məni məğlub etdilər. 
–  Amma  nəhəng  balıq  özü  səninlə  bacara  bilməyib! 
Axı balıq səni məğlub edə bilməyib!  
–  Hə,  doğrudur,  düz  sözə  nə  deyəsən.  Məni  sonradan 
hücum edən köpəkbalıqları əldən saldı. 
–  Pedriko  söz  verib  ki,  qayığa  da,  avadanlığa  da  göz 
qoyacaq. İndi sən balığın başını neyləmək istəyirsən?  
–  Qoy  Pedriko  onu  doğrayıb,  qarmağa  taxmaq  üçün 
yem düzəltsin.  
– Bəs qılıncını neyləyək? 
– İstəyirsən, götür özünçün. Yadigar saxlayarsan. 
–  Əlbəttə,  istəyirəm,  – oğlan sevindi.  –  İndi  gəl indən 
sonra nə edəcəyimiz barədə danışaq.  
– Məni axtarırdılar? – qoca soruşdu. 
–  Bəs  necə!  Əlbəttə,  axtarırdılar.  Sahil  keşikçiləri  də, 
təyyarələr də səni axtarırdılar.  
– Okean böyük, qayıq da bapbalaca, necə görəcəkdilər 
onu? – qoca dedi.  


www.vivo-book.com 
 
159 
O,  adamlarla  bir  yerdə  olmağın,  özündən  başqa  ayrı 
kiminləsə danışmağın əsl səadət olduğunu hiss edirdi. 
–  Bilirsən,  Maqolin,  mən  orda  səninçün  yaman 
darıxırdım. Bir şey tutub eləmisən?  
– Birini birinci gün tutdum, birini ikinci gün. İkisini də 
üçüncü gün, elə dünən tutmuşam. 
– Əhsən!  
– İndi biz balıq tutmağa yenə bir yerdə gedərik.  
– Yox! Mənim bəxtim yatıb. Gətirmir ki, gətirmir. 
–  Cəhənnəm  olsun  bəxt!  Mən  özümlə  sənə  bəxt  də 
gətirərəm.  
– Bəs valideynlərin nə deyər?  
– Nə deyirlər, qoy desinlər. Mən ki, dünən iki dənəsini 
tutmuşam. Amma indi ova bir yerdə gedəcəyik, çünki mən 
hələ çox şey öyrənməliyəm.  
–  Bir  dənə  möhkəm  nizə  tapıb,  onu  həmişə  özümüzlə 
götürməliyik.  Tiyəsini  köhnə  “Ford”un  yayından  düzəlmək 
olar,  sonra  da  Quanabakda  onu  yaxşı-yaxşı  itilədərik,  ağzı 
gərək  iti  və  möhkəm  olsun.  Mənim  bıçağım  sındı,  tamam 
zay olub getdi.  


www.vivo-book.com 
 
160 
–  Mən  səninçün  yaxşı  bir  bıçaq  taparam.  Köhnə 
“Ford”un  yayını  da  aparıb  itilədərəm.  Səncə,  bu  şiddətli 
brisa
9
 neçə gün çəkər?  
– Üç gün, bəlkə bir az da çox. 
–  Mən  hər  şeyi  hazırlayıb  sahmana  salaram,  sən  də  o 
vaxtacan əllərinə məlhəm qoyub sağaldarsan.  
–  Qaydasını  bilirəm.  Gecə  tüpürəndə  boğazımdan 
qəribə bir maye gəldi; elə bil sinəmdə nəsə sancdı.  
–  Onu  da  sağalt.  Özün  də  uzan  dincini  al.  Rahatlan. 
Mən  sənə  təmiz  köynək  gətirərəm.  Yeməyə  də  bir  şey 
taparam. 
–  Burada  olmadığım  günlərin  qəzetlərini  də  tap  gətir. 
Hansı olsa, fərq eləməz.  
– Sən tez sağalmalısan. Bilirsən, mən hələ səndən çox 
şey  öyrənməliyəm.  Dünyada  elə  şey  yoxdu  ki,  sən  onu 
bilməyəsən. De görüm, çox əziyyət çəkdin? 
– Çox, lap çox.  
                                                 
9
Brisa – sahil küləyi (ispanca) 
 


www.vivo-book.com 
 
161 
– Gedim sənə yemək, bir də qəzet gətirim. Sən yaxşı-
yaxşı  dincəl!  Aptekdən  əllərinə  sürtməyə  bir  şey  də  tapıb 
alaram.  
–  Yolüstü  Pedrikoya  de  ki,  balığın  başını  özünə 
götürsün. Denən ha, yadından çıxmasın.  
– Yadımdan çıxmaz, arxayın ol. 
Oğlan qapından çıxıb köhnə daş yolla üzüaşağı enəndə 
onu yenə ağlamaq tutdu. 
Həmin  gün  Terrasa  bir  dəstə  turist  gəlmişdi.  Onlar 
güclü  şərq  küləyinin  buxtanın  girəcəyində  dalğaları 
köpürdə-köpürdə  körfəzə  doğru  necə  qovduğuna  tamaşa 
edərkən  ləpədöyəndəki  boş  pivə  qablarının,  ölü  meduza 
qalıqlarının  arasında  qabarıb  yırğaladığı  upuzun,  ağappaq 
fəqərə  sümüyü  ucundakı  nataraz  quyruqla  bərabər  turist 
qadınlardan  birinin  gözünə  sataşdı.  Qadın  onu  ofisianta 
göstərib soruşdu:  
– O nədir elə?  
– Tiburon, – ofisiant cavab verdi. – Köpəkbalığı. 
Ardınca  ofisiant  istədi  ki,  baş  verənlərin  hamısını 
qadına izah eləsin.    


www.vivo-book.com 
 
162 
–  Mən  bilməzdim  ki,  köpəkbalıqlarının  bu  cür  gözəl, 
bu cür zərif quyruğu olurmuş!  
– Düzü, heç mən də bilmirdim, – yanındakı kişi qadının 
sözünü təsdiqlədi. 
Bu  vaxt  qoca  yuxarıda,  öz  komasında  yenə  üzüqoylu 
uzanıb  yatırdı,  oğlan  da  böyründə  oturub  onun  keşiyini 
çəkirdi. Qoca yuxusunda şirləri görürdü. 

Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə