Esmira fuad (ŞÜKÜrova)



Yüklə 114,73 Kb.
tarix16.11.2017
ölçüsü114,73 Kb.
#10508
növüDərs



MİR MEHDİ ETİMAD

(1900-1981)



Həyatı. Mir Mehdi Etimad 1900-cü ildə Təbrizdə Seyid Məhəmməd kişinin ailəsində doğulmuş, lap kiçik yaşlarından dövrün tələblərinə əsasən köhnə üsullu məktəb müəllimi Molla Yusifdən ərəb dili dərsi almağa başlamışdır. Ərəb və fars dilini öyrənən Etimad ibtidai təhsilini Mirzə Əbdülqasım xanın “Üsul-i cədid” məktəbində alır, daha sonra “Talibiyyə mədrəsəsi”ndə sərf-nəhv, fiqh, hikmət elmlərini də öyrənir və o, ali məktəb səviyyəsində təhsil alır. Lakin ədəbiyyata böyük maraq və sevgisi onu daim mütaliə etməyə, mütəmadi olaraq bədii ədəbiyyat oxuyub öyrənməyə, bilik və məlumatını artırmağa istiqamətləndirir. Mir Mehdi Etimad təhsilini bitirib xalq maarifi sahəsində fəaliyyətə başlayır. Oxumaq həvəsində olanlar üçün Təbrizdə yeni üsullu “Etimad mədrəsəsi”ni açmağa nail olur.

1920-ci illərdə, Etimadın ədəbi-bədii və pedaqoji fəaliyyətə başladığı mühüm tarixi mərhələdə yeni milli oyanışın, Xiyabani hərəkatının təsiri Güney Azərbaycan məkanında geniş yayılmışdı. Şeyx Məhəmməd Xiyabani isə böyük elm, ədəbiyyat adamı idi və bu dövrdə yaranan ədəbiyyatı xüsusi diqqətlə izləyirdi. O deyirdi: “İndi bizə qəm və kədər gətirən ədəbiyyat lazım deyil. Gənclərimiz yeni təhsil dalınca getməlidir, bu işdə ədəbiyyatın rolu böyükdür.”1

Mir Mehdi Etimad da alovlu nitqlərilə milyonları qəflətdən oyatmağa qadir olan Xiyabaninin arzu etdiyi yeni, azad ruhlu ədəbiyyatın yaradıcılarından biri idi. Lakin mövcud rejim, Rza şah Pəhləvi hakimiyyəti ona qarşı olan azad, mübariz ruhlu ədəbiyyatın əleyhinə idi. Buna görə də 1928-ci ildə Azərbaycan dilində olan kitab və mətbuat, hətta bu dildə olan teatrlarda tamaşaların göstərilməsi, məktəblərdə və ictimai yerlərdə türkcə danışmaq belə qadağan olundu. Lakin bu mənəvi və fiziki təzyiqlərə baxmayaraq dövrün qabaqcıl yazıçı və şairləri öz qələmlərini yerə qoymadılar.

Ədib yaratdığı “Etimad mədrəsəsi”ndə on beş il yeni nəslin təlim-tərbiyəsi işi ilə məşğul olur, həm də bədii yaradıcılığını davam etdirir, ictimai-siyasi məzmunlu şeirlər yazır. Məktəb həyatı, pedaqoji fəaliyyəti, şagirdlərlə yaxından təması Mir Mehdi Etimadı tərbiyəvi-didaktik mövzuda əsərlər yazmağa istiqamətləndirir.

1941-46-cı illər ədibin həm ictimai-siyasi mübarizə, həm də ədəbi-bədii yaradıcılıq sahəsində yeni məthələ açır. Belə ki, 1945-ci ilin sentyabrında S.C.Pişəvərinin başçılığı ilə Azərbaycan Demokrat Partiyası yaranır və çox keçmədən o, bir siyasi lider kimi, bütün hərəkata, xalqa rəhbərlik etmək qüdrətində olduğunu sübut edir. Güneydə Milli Demokratik Hökumət vaxt itirmədən bir sıra demokratik islahatlar həyata keçirilir. Ən əvvəl Azərbaycan türkcəsi xalqın azad ünsiyyət vasitəsi və rəsmi dövlət dili elan edilir. Tədris müəssisələrində, mətbuat, elmi və siyasi idarələrdə işlərin bütünlüklə ana dilində aparılmasına başlanır. Beləliklə də, milli mədəniyyətin, ədəbiyyatın, poeziyanın inkişafı, tərəqqisi üçün əlverişli şərait yaranır.

1941-ci ildə İkinci Dünya müharibəsinin sərhədlərinin genişlənməsi nəticəsində isə İranın və Güney Azərbaycanın həyatında daha böyük dəyişikliklər baş verir. Məhəmmədrza şah ölkədən qaçaraq xarici havadarlarının qoltuğuna sığınır. Ölkədə yaranan nisbi azadlıqdan istifadə edən Etimad 1942-ci ildə “Şairlər məclisi”ni yaratmaq ideyasını irəli sürür. Əli Fitrət, Əbülqasım Kamil, Məhəmməd Biriya və Hilal Nasiri bu işdə ona yaxından kömək edirlər. Beləliklə, 1942-ci ildə Təbrizdə fəaliyyətə başlayan Azərbaycan yazıçıları və hünərvərləri cəmiyyətinə Mir Mehdi Etimad sədr seçilir. Etimadın rəhbərlik etdiyi “Şairlər məclisi”nin Urmu, Zəncan, Ərdəbil və Astara şəhərlərində də şöbələri yaranır. ”Məclisin aylıq orqanı olan “Şairlər məclisi” jurnalında (bu orqan jurnal formatında olsa da, jurnal deyil, Almanax adlanırdı) tezliklə ölkənin bütün şəhərlərində yazıb-yaradan şair və yazıçıların əsərləri çap olunur.2

“Şairlər məclisi” Güney Azərbaycanda ədəbiyyatın məzmunca zənginləşməsi və onda ictimai-siyasi gerçəkliyin aktual problemlərinin əks edilməsi sahəsində böyük işlər görürdü. Bu dövrdə M.Niknam, Borçalu, F.Məzhun, M.M.Çavuşi, Y.Şeyda, Nəcati, H.Sahir, M.Biriya, Ə.Fitrət, M.Dirəfşi, C.Kaşif, H.Nasiri, B.Azəroğlu, M.Gülgün, H.Bülluri, Ə.Tudə, H.Tərlan, Savalan, A.Bariz, Qaflantı və başqaları ilə bərabər M.Etimad da zülmn və zorakılığa, əsarət və səfalətə, milli ayrı-seçkiliyə qarşı kəskin məzmunlu əsərlər yaratmaqla ədəbi fikrin təzələnməsinə təsir göstərir.

Vətənin səmasında doğmuş azadıq günəşini, Milli Hökuməti ürəkdən tərənnüm edir, sevinc duyğularını poetik misralara çevirirdi.  Ədəbiyyat, bədii söz sənəti böyük vüsətlə inkişaf edir, Güney Azərbaycanda ədəbiyyatın, publisistikanın güclü təmsilçiləri, yeni yazarlar ordusu yaranırdı. Quzey Azərbaycandan Güneyə ictimai-siyasi-ədəbi fəaliyyət üçün gəlmiş M.İbrahimov, Q.İlkin, S.Rüstəm, M.Rahim, Q.Məm-mədli və b. kimi yaradıcı ziyalılara qoşulan Mir Mehdi Etimad öz həmkarları ilə bir sırada addımlayır, dövri mətbuatda – “Vətən yolu”nda, «Azərbaycan», «Sitareyi-Azərbaycan», «Xavəri-no», «Azad millət», «Urmiyyə», «Cövdət», «Fədai», «Demokrat», «Azərbaycan ulduzu» kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edirdi. “Mir Mehdi Etimad doğma xalqının azadlıq uğrunda mübarizə apardığı illərin, həm də Milli Hökümət dövrünün görkəmli şairi olmuşdur. İstər onun yazıb-yaratdığı illəri, istərsə də sonrakı Cənubi Azərbaycan ədəbiyyatını Etimadsız təsəvvür etmək olmaz.3

Qeyd edək ki, 1946-cı ilin 11 dekabrında Güney Azərbaycan Milli Höküməti süquta uğradıldıqdan son-ra bir çox azadlıq mücahidləri, fədailərlə bərabər “Etimad da Təbrizdə həbs olunmuşdur. O, iki il həbsdə qalmış, sonra ümumi əfv zamanı azad edilsə də, Azərbaycandan sürgün edilmiş, Tehranda yaşamalı olmuşdur.4 Şair tezliklə Tehran ədəbi mühitinə də daxil olmuş və istər farsdilli, istərsə də türkdilli ədəbiyyatın ən üzdə olan nümayəndələrindən birinə çevrilmişdir. Səhənd, Fərzanə və digər silahdaşlarının təşkil etdikləri şeir məclislərində yaxından iştirak etmiş, yeni şeirlərini oxumuşdur.

Ömrü boyu xalqına vicdanla xidmət edən, türk balalarının maariflənməsi yolunda gecə-gündüz çalışan vətənpərvər şair 1981-ci ildə 81 yaşında Tehranda vəfat etmişdir.



Yaradıcılığı. Ədib ölkənin, xalqının gələcəyi olan gənc nəslin düzgün, saf əxlaqlı, vətənpərvər ruhda tərbiyə alıb formalaşmasını həmişə düşünmüş, bu məsələni həyatının mənasına çevirmişdir. Ona görə də Etimadın xüsusulə uşaq və gənclər, eləcə də böyüklər üçün yazdığı əsərlərdə əxlaqi-didaktik mövqe özünü daha qabarıq göstərir. Ədib gəncləri gələcəyin görən gözü, düşünən beyni sanır, onların Vətənin sabahı üçün hərtərəfli şəxsiyyət, bir vətəndaş kimi yetişmələrində ədəbiyyatın əvəzsiz rol oynadığını düşünürdü. Yaşadığı əsrdə baş vermiş mühüm tarixi hadisələrin şahidi, bəzən isə fəal iştirakçısı olan Etimad şahidi olduğu olayları, görüb-eşitdiklərini şair təxəyyülündən keçirərək misralara çevirir, ”Mənaze-yi ədəbi-Ədəb qaydala-rı”, “Bədrəqətül-əs sabiyan-Gənclərin ziyalanması (maariflən-məsi, nurlanması)”, “Hidayət-ül kəlam-Kəlamların göstərdiyi yol”, “Təxt-ülsabiyan-Cavanlıq taxtı”, “Ayine-yi əxlaq-Əxlaqın aynası”, “Gəlinlər bəzəyi”, “Gül qönçəsi”, “Çərşənbə bazarı”, “Bərgi səbz-Yaşıl yarpaq”, “Səmavəriyyə-müsahibələr”, “Şanlı Azərbaycan” kimi daha çox nəsihətamiz ruhlu, bir-birindən maraqlı əsərlərini həm fars, həm də türkcə qələmə alırdı. Düşüncələrini real həyatda da tətbiq etmək üçün dövrünün ziyalı övladı bütün qüvvəsini, intellektini səfərbər edir və “Etimad mədrəsəsi”ni yaratmağa nail olur.

Ölkə məktəblərinin birinci sinif şagirdlərinin Ana dilində təhsil alması, milli ruhda böyüməsi üçün “Əlifba-yi cədid-Yeni əlifba” dərsliyini yazıb ortaya qoyur. Şairin əsərləri böyük maraqla oxunur və sevilirdi. Bu böyük sevginin nəticəsində ”Mənaze-yi ədəbi-Ədəb qaydaları” 8 dəfə, “Bədrəqətül-əs sabiyan-Gənclərin maariflənməsi” 10 dəfə, “Ayine-yi əxlaq-Əxlaqın aynası ”kitabı isə 20 dəfə nəşr olunur.

O, xalqına, Vətəninə könül verib ülfət bağladığı söz cəbhəsində şair kimi, siyasət meydanında ictimai xadim, maarif sahəsində isə təcrübəli pedaqoq kimi ləyaqətlə xidmət edirdi. Buna görə də tərbiyəvi-didaktik mövzuda yazdığı əsərləri, ictimai məzmunlu poema və şeirləri ilə, qeyd etdiyimiz kimi, Etimad hələ sağlığında ikən xalq arasında böyük şöhrət qazanmışdı. “Şairin "Doğma Azərbaycan" kimi bir sıra şeirlərinə bəstələnən mahnılar dillərdə dolaşmaqdadır.”5

"Azərbaycan tarixinin qasırğalı və fəlakətli günlərində çox vaxt şairlər qabağa düşmüş, xalq kütlələrini zülmkar hakimlərə, yadelli qarətçilərə qarşı üsyana səsləmişlər. Şair Hacı Rza Sərraf da Məşrutə hərəkatının həyəcan təbilini çalmağı öz boynuna götürmüşdü.6 Qeyd edək ki, Rza şahın istibdad rejiminin devrildiyi tarixi zamanda isə bu missiyanı Mir Mehdi Etimad və silahdaşları həyata keçirirdilər. Milli hökumət zamanı yazdığı əsərlərində, eləcə də “Yeni həyatımız”, “Vurun qədəmlərivizi titrəsin bütün Tehran”, “Azadlıq baharı” şeirlərində Vətənə artıq yeni həyatın qədəm qoyduğunu xəbər verir, duyduğu hədsiz sevinc hisslərini ifadə edir, şeirdə səsləndirdiyi sualların son beytdə inamla cavabını verirdi:



Bir günəşin camalını xalqımız axtarır görə,

Söylə görüm ki, bu günəş yurdumuza haçan gəlir?

Pərçəmi-ədli qaldıran, xalqı həyata sövq edən,

Şanlı, şərəfli bir bahar aləmə ərmağan gəlir7

Qəflətdə yatan soydaşlarını oyatmaq üçün azadlığın bir nəğmə, gözəl səs kimi gəlməsini fərəhlə qarşılayan, “təfriqəni sevənlərin bağçasına xəzan”ın təşri-fini isə təbii qəbul edən Etimad yeni zamanın yetişdiyinə işarə edirdi.

O, coşqun vətənpərvərlik ruhlu ilə “Doğma Azərbaycanım”, “Azərbaycana yetişməz”, “Təbrizim”, “Neyləyib bu quzu millət sənə, təqsiri nədir?”, “Səttarxan yurdu”, “Vətən baharı”, “Elimə salam”, “Zəfər bayrağı”,“Yaşa, yaşa, Azərbaycan!”, “Get adamını tanı” kimi şeirlərini yazmış, duyğu və dü-şüncələrini poetik misralara çevirmişdir. Bu şeirlərin təkcə adlarını sadalamaq kifayətdir ki, onların mahiyyətində necə böyük el-oba məhəbbətinin, Azərbaycan sevgisinin, azadlıq, istiqlal eşqinin durduğunu anlayasan. Azərbaycan şairin havası, suyu, çörəyi, eşqi, bir sözlə, hər şeyidir, Vətən-siz onun üçün həyat yoxdur. “Doğma Azərbaycan” şeirində olduğu kimi:

Azadlığı çün sərv ağacı səndən alıbdır,
Dan ulduzu tək baş çəkib ərşə ucalıbdır.
Səndən alır ilhamı o dağ-daşdakı tufan,
Sən tərbiyə versən daş olur ləli-bədəxşan.
Bu qəlblərin coşğun olan pak qanı sənsən,
Azər elinin izzəti sənsən, canı sənsən.
Eşq olsun o aşiqlərə ki, bağladı peyman,
Öz canlarını eylədilər eşqüvə qurban.
Oğlanlarının fikri, məramı budur ancaq,
Daim yaşa, ey izzətimiz, ey ana torpaq!
8

Təsadüfi deyil ki, 1946-cı ildə Milli Hökumətin dövlət himni kimi də məhz görkəmli söz ustadının yazdığı “Yaşa, yaşa, Azərbaycan!” şeiri qəbul olunmuşdur. Qeyd edək ki,“Yaşa, yaşa Azərbaycan!” şeiri əsasında Milli Hökumətin dövlət himninin musiqisini isə görkəmli bəstəkarımız Cahangir Cahangirov yazmışdı:



Ey vətənim Azərbaycan,

Əbədi odlardan nişan.

Adlı-sanlı keçmişin var,

Sən böyütdün qəhrəmanlar.

Qoca Şərqin çırağısan,

Azadlığın bayrağısan.

Tarix boyunca yadigar

İftixarlı asarın var.

Sənsən bizə ana, Vətən

Sənsən bizə nemət verən

Sənsən bizə ruhi-rəvan,

Yaşa-yaşa Azərbaycan!

Azərbaycan, Azərbaycan,

Aslanların məkanısan,

Sən qurduğun yeni həyat

Xalqımıza verdi nicat.

Gözəl günlər gətiribsən,

Səttarxanlar yetiribsən.

Qoy yurdumuz cənnət olsun,

Düşmən bağrı qanla dolsun.9

Etimad Vətənə, el-obaya, ana dilinə eşqində bütöv idi. Yarımçıq olan hər şeyi mənasız sayırdı. Düşünürdü ki, əgər həyatda insan insanın dostu, qardaşı olarsa, “hər kəs bir-birinə məhəbbət əlini uzadarsa, o zaman dili, fikri, qələmi azad yaşar”. Pərvanə ilə şəmin sevgisini təqdir edir və “Bülbülün Pərvanə ilə söhbəti” qəzəlində “Gərəkdir aşiq olan eşq oduyla odlansın, Özün oda-közə vursun, yanıb alovlansın” qənaətini sərgiləyirdi. Xəzan yelinin sevgilisini-qızılgülü gözlərinin önündəcə soldurub məhv etməsindən üzülən və ömrü boyunca nalə edən bülbülün halındansa, eşqi yolunda pərvanə tək özünü odlara yaxıb vüsala qovuşanları bəxtiyar sanır, Vətənin azadlığı yolunda pərvanə və şəm tək yanmağın gərək olduğunu vurğulayırdı. Əminliklə “ölkəsindən xəbəri olmayan insan yaşamaz, ruhsuz aləmdə müsəlləmdi ki, bir can yaşamaz”,- söyləyirdi.

Vətəndaş şair “Get adamını tanı” qəzəlində elindən, obandan, dilindən əl çək deyənlərə boşuna çaba göstərdiklərini anladır, istilaçıların açıq şəkildə cavabını verirdi: “Mən mərd oğulam, qanım pak və təmizdir, aşiqəm və öz sevgilimin eşqi yolunda hər cəfaya hazıram. O, azadlıq həqiqətlərini dərindən duyaraq poeziyaya gətirir, ədəbiyyatı həyata doğru çəkirdi. Vətəndaş şair dərk edirdi ki, “yalnız həqiqətə sadiq qalmaq, yorulmadan onu dərk etməyə çalışmaq yolu ilə sənət və o cümlədən bədii ədəbiyyat insanların həyatını yaxşılaşdırmaq kimi öz başlıca vəzifəsini layiqincə yerinə yetirə bilər.”10



Etimad Vətən məhəbbətinin qeyrət, namus məsələsi olduğunu önə çəkir, qeyrətli oğul tayfa-tifağını, elini dünyanın heç bir nazü-nemətinə satmaz, öz qövmünü, millətini “dərdü-bəlaya, fəlakətlərə” salanlar bilsinlər ki, xalqına xəyanət edənlər mərifət və sərvət sahibi olsalar da, başları aşağı olar, dünya boyu bəxti qara qalar”, - deyirdi. Şair “Dolansın”, “Neyləyib bu quzu millət sənə, təqsiri nədir?”, “Aparır”, “Dar ağacı” əsərlərində bu tendensiyanı davam etdirir, millətinin qəmini, dərd-sərini unudanları, cəfalət və nadanlığa rəvac verənləri, xəyanətkarları, xalqa zülm edənləri insan hesab etmir, onların sonda cəzasının “ölüm” olacağına, divandan-məhkəmədən qaçıb yaxa qurtarsalar da, bu qərarı təbiətin özünün verəcəyinə əmin idi:

Mənanı atıb ləfzi tutanlar çalışırlar,

Bu yerdə bütün xalq cəhalətlə dolansın.

Ey xəlqini təhqir eləyən, həq demək üzrə

Allahdan utan, boşla, nəcabətlə dolansın.

Axırda təbiət o kəsi məhv edəcəkdir,

Kim ölkəsinə fikri-xəyanətlə dolansın11

Qoca Şərqin qapısı, əbədiyanar çırağı Azərbaycanı, odlar yurdunu böyük məhəbbətlə vəsf etməkdən doymurdu. Şair balaca fidanların dilindən də poetik dillə danışmağı vacib saymış, uşaqlara öncə yeriməyi, doğma dildə danışmağı, qardaş-bacısına mehriban olmağı, yoldaşlarına hörmət etməyi, ana-ataya ehtiram göstərməyi öyrədən müqəddəs varlıqları-valideynlərini, el-obanı sevməyi tövsiyə edir. Etimad “kəskin qələmli, azad düşüncəli, aydın təfəkkürlü” bir şair, cəsarətli söz ustadıidi. O, xalqını bunca səfalətə sürükləyənləri, ağır vəziyyətə salanları, Vətənin sərvətini talayanları kəskin tənqid atəşinə tutur, eyblərini göstərir, bu yolla, yəni özünə gülə-gülə islah etmək istəyirdi.

Poemaları. Mir Mehdi Etimad "Gəlinlər bəzəyi" və "Çərşənbə bazarı" poemalarını yazaraq bu ədəbi janrın yeni inkişaf mərhələsini təmin etməyə səy göstərdi. Güney ədəbiyyatında janrın inkişafını, tutduğu mövqeyi, bədii imkanla-rının təşəkkülünü öyrənmək və doğru-düzgün qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyan bu poemalarda da, təbii ki, əsasən məzmun - Azərbaycan türkünün yaşadığı real həyatın məzmunu, həyati hadisə və əhvalatlar, Azərbaycan xalqını narahat edən, düşündürən problem və məsələlər işıqlandırılır.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında qadın azadlığı məsələsi əsrlərdən bəri sənətkarları düşündürmüş, Şərq qadınlarının taleyi müxtəlif həcmli əsərlərdə zaman-zaman öz əksini tapmışdır. Xüsusilə, İslam dininin üzdəniraq, mövhumatçı təbliğatçılarının səyi ilə qadınların həyatına gətirilən zülmət, hüquqsuzluq, ağır məhrumiyyətlər bədii əsərlərdə ciddi tənqidə məruz qoyulan məsələlərdəndir.

Əsərləri ilə xalqın dərin sevgisini qazanmış Mir Meşdi Etimad da dövrünün evlənmə, ailəqurma mərasimini, bu prosesdə mövcud olan problemləri, çatışmamazlıqları "Gəlinlər bəzəyi" poemasında bütün təfərrüatı ilə, aydın cizgilərlə təsvir etmiş, əsas detalları, nüansları nəzmə çəkmişdir. Şair öncə evlənmə prosesinin "bəzi qaydaları” ilə oxucusunu tanış edir:

Qanun qoyub burda biz əşəri-mütəhhəq,

Oğlan qızı almaqda gərəkdir ola əbsər.

Yəni, qızı caizdir özü eyləyə röyət,

Beş gün soradan çəkməyə bir bollu müsibət.

Oğlan ki, qızı bilmədi çirkindi, gözəldir.

Toydan sonra işlər görüsən cəngi -cədəldir.12

Göründüyü kimi, poemada Etimad ictimai-sosial problem kimi bütün zamanlarda insanları daim düşündürən evlənmə, yeni ailə qurma mərasiminin bəzi mənfi cəhətlərini, eybəcərliklərini tənqid edir. Dövrünün ziyalısı olan şair yaşadığı zamanın tələbləri baxımından problemə münasibətini bildirir, evlənəcək gənc-lərə öz məsləhətlərini verir, gəldiyi nəticələri açıqlayır. O, poemanın ilk sətirlərindən toy mərasiminin xərcinin kəndlinin qazancına heç uyğun gəlmədiyinə, hədsiz dərəcədə yüksək olduğuna etirazını bildirir. Çünki uzun illər əzab və zəhmətlə qazanılan pulun sel kimi axıdılmasını yersiz və artıq hesab edir. Bu xoşagəlməz vəziyyətin izafı xərcdən betər olduğunu, lakin oğlanın evlənəcəyi qızı görməyin yasaqlanmasının isə ondan da betər olduğunu düşünərək yazır:



Pul da becəhənnəm, dağılır orda-bu yanda,

Oğlan ki, qızı görmür,dərd ondadır, onda.

Elçi bəyənən qızla yəqinimdir, iş olmaz,

Gər olsa da beş günlük olar, insana qalmaz!

Bu yerdə varımdır sənə mən gülməli bir söz,

Öz validanə şərti budur, verməyəsən göz.

Hər bir qızı ki, validə oldu ona elçi,

Ki validə tək, bəlkə bacı, həm xala elçi,

Bir keçi çaya, bir çubuğa oldular rabənd,

Fövrən üzüyü barmağına etdilər peyvənd.

Heç bilmədilər rəsmi-rusuma ta bələddir

Təhsili nədir, xülqü nədir, yaxşıdı, bəddir?!

Bir böylə qızı lazım olar validə alsın,

Əngaltı olub, ev süpürüb, tambura çalsın.13

Gələcək ailə münaqişələrinin, iki gəncin bədbəxtliyinin, faciəsinin kökləri bundadır. Xoşbəxtlik hesab olunan, lakin çox hallarda bədbəxtliyin əsası bu addımdan qoyulur. Şair ürək yanğısı ilə uzaq keçmişdən qalan, ailənin möhkəm təməl üzərində qurulmasına, evlənən gənclərin xoşbəxtliyinə xələl gətirən, çox hallarda uğursuz nikaha gətirib çıxaran qaydaları düzgün hesab etməyərək etiraz səsini qaldırır. Cəhaləti, nadanlığı, xalqın kor-koranə uyduğu mövhumatı tənqid edir. Bu məsələlərə əxlaqi-didaktik nöqteyi-nəzərdən yanaşaraq oğlanın qızı, qızınsa oğlanı görmədən, sevmədən evlənməsinə, kor-koranə nikaha etirazedir. Poemada elçiləriheçqızındünyagörüşü, təhsili, xasiyyəti, xarakteri maraqlandırmır, bu keyfiyyətləri öyrənməyə səy də göstərilmir. Halbuki Etimad gənclərin uzaq keçmişdən qalma üsullarla evlənmək qaydalarını nəzmə çəkməyə-ifşa etməyə başlamazdan əvvəl, əsərin giriş hissəsində bir fincan çaya, bir qəlyana, qız anasının xoş rəftarına uyaraq qızı nişanlayırlar, daha doğrusu, nişan üzüyünü qızın barmağına pərçim - "peyvənd edirlər". Axı, qızı görməmiş, barmağının ölçüsü götürülməmiş gözəyarı alınıb gətirilən üzük, təbii ki, lazımi ölçüdə olmayacaqdı!

Bütün bunlar qalsın bir kənara... Əsas məsələ odur ki, qayınanaya həmsöhbət olmaq üçün "əngaltı, ev süpürüb xörək bişirən, lazım gələndə tambura çalmağı bacaran gəlin lazımdır. Oğlan anası qətiyyən şübhə etmir ki, bu işləri bacaran qızla övladı çox xoşbəxt olacaqdır. "Gəlinlər bəzəyi" poemasının birinci hissəsində M.Etimadın qənaəti, oxucularına aşılamaq istədiyi fikrin mahiyyəti, məğzi budur: - Qarşılıqlı məhəbbət olmadan, oğlanla qızın xasiyyətləri uyuşmadan, bir-birlərini, az da olsa, tanımadan qurulan ailə möhkəm təməl üzərində qurulmur və hər an dağıla bilər. Şair vətəndaş ziyalı kimi daha bir vacib məsələni də önə çəkərək yazır ki, qız da, oğlan da müəyyən olunmuş yaş həddində - vaxtında nikah bağlamalı, ailə qurmalıdır. Əgər övladlarının vaxtında ailə qurub evlənməsinə valideyn-"validə" etiraz edərsə, onların səhv yola düşməsinə, düz yoldan sapmasına şərait yaratmış olur. Poemanın "Ataların öz oğluna təklifi" hissəsində şair oğlunun vaxtında evlənmək istəyinə qarşı çıxan atanın bəhanələrini nəzmə çəkir:

"- İndi o uşaqdır hələ, evlənməyi neynir?"

Çox yeyiri anlamayır, çox qələt eylir,

Bədbəxt əlinin dal-qabağın anlamayıbdır

Bir yer, bilirəm, yoxdu ki, banlamayıbdır.

Yox, söyləsə bir kimsə: Hanı nəqdi qranın?

Yainki bazarda hanı bir tozlu dükanın?

Bu şövqə düşən insana lazımdı əzəldə,

Heç olmasa, öz qarnını əvvəlcə düzəldə.14

Evlənmək istəyən oğlunu zəliyə bənzədərək, hətta hücrəsinə gələrsə, öldürəcəyi ilə hədələyən nadan, cahil ataların tövsiyə ruhlu sözlərini anlayacağına inanmayan, buna əmin olmayan Etimad: “Bu sözlərimin hüsnünü əhli-ədəb anlar, Lakin özünü anlamayanlar tərəb anlar”, - deyir və qız anasının övladını tərif etməsini, sətiraltı mənalarla məziyyətlərini söyləməsini izzəti-nəfsə toxunan hal kimi qiymətləndirsə də, bütün məsələ bu tərifdən sonra həll olunur. Oğlan adamları qız anasının sözlərindən qızın "kar, kor, keçəl, şil" (naməhrəm görməyib, heç yeri gəzməyib, heç kəsin sözünü eşitməyib) və ən əsası-qohum-əqrəbasının dövlətli olduğunu bilən kimi elçilərin ağbirçəyi deyir:



- Gər fərz eləyək, bir quru kəllə, içi boşdur,

Olsa kəmənə, bilki, qəbuldur, bizəxoşdur,

Bir görmək ilə anladıq, hər iş bacarandır,

Ev qədri bilən, əlləri düz, yaxşı mamandır.15

Elçilər razılıqlarını bildirib evə gəldikdən sonra şair "oğlan bacısı"nın sözlərini nəzmə çəkir. Bacı qardaşına qızı və ailəsini tərifləyir. Onun təriflərindən bəlli olur ki, qız dövlətli, şəhərdə tanınmış ailədəndir, qardaşı adlı-sanlı tacir və karxana sahibidir. Bütün bunlardan hali olan oğlan razılaşır, sevincindən hətta bacısını qucaqlayıb öpür. Oğlan, bacı və ana bu təriflərlə atanı da yumşaldırlar və tələm-tələsik izdivaca hazırlıq görməyə girişirlər. Bu minvalla toy tezliklə baş tutur. Xalq adət-ənənələrinin canlı ensiklopediyası olan şair bədii qəhrəmanının toyunu bütün təfərrüatı ilə təsvir edir. Ən sonda isə bu cür saxta evliliyin acınacaqlı aqibətini qələmə alır. Yalnız toy günü gəlini görməyə müyəssər olan oğlan evləndiyi qızın fiziki-zahiri eybəcərliyi qarşısında donub qalır. Bir anlıq düşünür və evlənmək kimi ciddi, həyat əhəmiyyətli bir məsələdə tələsdiyini, ürəyinin səsini dinləmədən ötəri həvəslərə, dünya malına aldanaraq qərar verdiyinə görə dərin peşimançılıq hissi keçirir. Sevmədiyi, könül vermədiyi qızla yaşaya bilməyəcəyini, valideynlərinin təhriki və təbliği ilə baş tutan evliliyin yürüməyəcəyini anlayır.

Mir Mehdi Etimad Güney Azərbaycan xalqının həyatında əsrlərdən bəri kök salmış köhnə üsulları, keçmişin qalıqlarını, insanların, xüsusən gənclərin xoşbəxtliyinə əngəl törədən zərərli adətləri, eyni zamanda, mövhumatı, cəhaləti, fanatizmi, nadanlığı, var-dövlət, sərvət hərisliyini incə yumorla ifşa edir. İnsan həyatının ən mühüm, həlledici qərarının verilməsi-evlənmək, ailə qurmaq yolunda atılacaq addımın ciddi-ciddi düşünülərək, “yüz ölçüb bir biçilərək”, ən ümdəsi isə qarşılıqlı sevgiyə əsaslanaraq atılmasının vacibliyini vurğulayır. Bu yolda atılan hər bir səhv addım neçə-neçə Vətən övladının bədbəxt olmasına, həyatının sınmasına, ömrünün ah-vay, fəryad içərisində keçməsinə gətirib çıxarır. ”Gəlinlər bəzəyi" poeması ən çox sevilən, kütləvi şəkildə oxunan, dəfələrlə nəşr olunan ən uğurlu əsərlərdən və Güneyədəbiyyatının ən dəyərli nümunələrindəndir.

Şairin Novruz bayramını, yazın gəlişini qarşılamağa hazırlaşan xalqın bütün təbəqələrinin bayram əhvali-ruhiyyəsini, sevincini, narahatlığını xarakterik cizgilərlə təsvir edən, eləcə də ayrıca kitab kimi bir neçə dəfə nəşr olunan "Çərşənbə bazarı" poeması da böyük rəğbət və sevgi ilə qarşılanmışdır. Qeyd edək ki, Etimadın təkcə "Çərşənbə bazarı" poemasında deyil, əksər əsərlərində məişət mövzusu geniş yer tutur, xalq adət-ənənələri parlaq şəkildə öz ifadəsini tapır, lakin bütün bunlar zahiri xarakter daşıyır. Əslində şeir və poemalarında bəşəri duyğular, mühüm milli-mənəvi, ictimai-sosial problemlərlə ilgili düşüncələri, dünyagörüşü, əxlaqi məsələlərə, etik normalara fərdi münasibəti əks olunur. Ədib bir çox hallarda konkret hadisələrin təsviri ilə kifayətlənmir, baş verənlərə, ədəbi müstəviyə gətirdiyi hadisə və olaylara öz prizmasından da yanaşır, fərdi münasibətini sərgiləyir. Əlbəttə, şair ümid edir ki, onun oxucusu «əhli ədəb» olacaqdır. Bəlkə də bu səbəbdən «Çərşənbə bazarı» əsərində tez-tez mövzudan kənara çıxır və məsələ ilə bağlı sərrast və müdrik düşüncələrinə meydan verir.

«Çərşənbə bazarı» xalqımızın qədim milli bayramına-Novruzun gəlişinə həsr olunmuşdur. Poemada Novruzla bağlı Azərbaycan xalqının əsrlərdən bəri yaddaşında yaşadaraq bu günümüzədək qoruyub saxladığı milli adət-ənənələr, mətbəx mədəniyyəti, şirniyyat və yemək növləri böyük ustalıqla təsvir edilir. Maraqlıdır ki, bu əsərlərdə Etimadın xalq həyatının tərcümanı olduğu bir daha özünü göstərir. O, bəzi Novruz adətlərini elə incəliklə nəzmə çəkir ki, oxucu özünü həmin şənliklərin içində, bayram əhvali-ruhiyyəsində hiss edir. Subay qızların bayram axşamı öz bəxtlərini sınamaq üçün qapı pusmağa-qulaq falına çıxmalarını, yeniyetmə və uşaqların bacadan şal-qurşaq sallamalarını, axır çərşənbədə tonqal yandırıb üstündən atılan gənclərin “Çərşənbə mahnısı” oxumalarını çox böyük ustalıqla təsvir etmişdir:

Atılan vaxtda arvad, kişinin vırdı budur,

Deməyib hər kəs atılsa, saralan günləridir.

Diş, baş ağrım, bədən ağrım, qolumun ağrısını



Tökürəm bu oda yansın”, sayılan günləridir.16

“Şair bu poemada ictimai həyat hadisələri ilə bağlı bir sıra tənqidi haşiyələr də vermişdir. Bu haşiyələr poemada ya ayrıca bir bölmə təşkil edir, bəzən də bir-iki beytdə öz əksini tapır. Belə bölmələrdən biri “Qoyma haqqın batsın” başlığı altında verilmişdir.



Ah çəkmək, yaxa yırtmaq eləməz dərdə dəva,

Dayan, al həqqini, fikr etmə, batan günləridir.
deyərək soydaşlarını milli dərdlərin həlli yolunu bulmağa çağırır. Əslində şair bu misralarda xalqını həm də mətin, iradəli olmağa, öz haqq və hüquqlarına qovuşmaq üçün mübarizə aparmağa, səsləyir. Lakin dövrün tələblə-rinə, ab-havasına uyğun olmayan açıq mübarizəyə çağıran üsyankar fikirlərini pərdələmək üçün daha sonra yazır:

Pozdu əfkarımı başda yazılan vaqeələr,

Yapışıb söz-sözə gördüm uzanan günləridr.

Nəzərim axır çərşənbə günün yazmaq idi,

Ki, bu gün xəlq arasında həyəcan günləridir.

Bari mətləbdən uzaq saldı bizi bir para söz,

Çünki çərşənbə günüdən yazılan günləridir.17

Novruz şənliklərinə, qayğılarına əhalinin müxtəlif təbəqələrinin-tacirlə-rin, bazar əhlinin, satıcı, usta kimi sadə adamların, eləcə də sənətkar və din xadimlərinin prizmasından baxır, bu insanların əhval-ruhiyysinə, keçirdiyi hiss-lərə şərik olur, sevinc və narahatlıqlarını aydın şəkildə təsvir edir.”Gəlinlər bəzəyi" kimi, «Çərşənbə bazarı» poemasının da ən gözəl məziyyətlərindən biri şairin haşiyələrə çıxması, cəmiyyətdə hökm sürən bəzi eybəcərlikləri açması, çatışmayan cəhətləri ifşa hədəfinə çevirməsi, əsəri çətinliklə dolanan, bayram süfrəsinə qoymağa bir şey tapmayan işsizlərin, bayram süfrəsi aça bilmədi-yindən uşaqlarının üzünə baxmağa xəcalət çəkən və özünə ölüm arzulayan fəqirlərin, yoxsul təbəqənin, bütövlükdə xalqın real həyatının aynası səviyyəsinə çatdırmasıdır:

Barilaha, bizə rəhm eylə, aman günləridir,

Bazar əhlinin övzai yaman günləridir.

Kəsilib alverimiz, mal dayanıb, nisyə batıb,

İtiribdir özünü, lap dayanan günləridir.

Hər kimi dindirisən, “ox, necə olsun”da qalıb,

Dalısınca yekə bir dastan açan günləridir.

Yolu getdikcə görürsən danışır öz-özünə,

Əli sağ, solda gəzir, əqli çaşan günləridir.

Ağacan, baxma bu xalqın pozuna, surətinə,

Batinin görsən əgər, odda yanan günləridir .18

Etimad millətinin, xalqının eyiblərindən yazır, nadanlıq və cəhalətə sürüklənməməsi üçün çatışmazlıqlarını tənqid edirdi. Bu yolla gördüyü, eyib bildiyi cəhətləri islah etmək istəyirdi. Ədibin həyatda da, əsərlərində də məqsədi, idealı mədəniyyətin, elmin və təhsilin inkişafı, Vətən balalarını qəflət yuxusunda deyil, gözüaçıq, savadlı, intellektual səviyyəli, “can deyib, can eşidən, heç bir halda xalqına xəyanət eyləməyən” vətəndaş kimi görmək idi. Düşünürdü ki, xalqının xoşbəxt gələcəyi üçün texnika, fabrik, zavod, silah, qoşun, güc strukturları qədər mədəniyyət də, elm və təhsil də gərəkdir. Bu müqəddəs arzusunu ”Gəlinlər bəzəyi" və "Çərşənbə bazarı" poemalarında, eləcə də şeir və qəzəllərində göyərdirdi:

Vətənə Mədrəsə, fabrik, maşın, konka, qoşun,



Əsləhə, ayroplan lazım olan günləridir.

Aç gözün, yatma dəxi, xabi-cəhalətdən oyan,

Elm oxu, elm bu gün yer üzünü abad edib,

Yatmağın vaxtı deyil, elm oxunan günləridir.

Bir qövmdə gər olsa həqiqi mədəniyyət,

Lazımdır edə kütləsinə bir belə xidmət. 19

Anadilli, milli ədəbiyyatın inkişafı yolunda yorulub-usanmadan çalışan Mir Mehdi Etimad zəngin bədii irsində “klassik ədəbiyyatın bir çox priyom və bədii təsvir vasitələrindən yaradıcı surətdə faydalanaraq novatorluqla ənənələri”20 uğurla əlaqələndirmiş, yaratdığı əsərlərlə Güney Azərbaycan ədəbiyyatı xəzinə-sini zənginləşdirmiş, bütöv Azərbaycan mədəniyyətinə öz töhfələrini vermişdir. Ədibin Güney ədəbiyyatının inkişafı, milli dilin bərqərar olunması yolunda göstərdiyi xidmətlərinə, eləcə də Milli Hökümət dövründə ictimai-siyasi xadim kimi müstəsna fəaliyyətinə görə həqiqi şairlərin səsini xalqın səsi hesab edən böyük vətən mücahidi, siyasət dünyasının nəhəng simalarından biri olmuş Seyid Cəfər Pişəvəri də onu milli şair kimi yüksək dəyərləndirmişdi: “Hələ firqəmiz işə başlamadan əvvəl Azərbaycanda şer yazan şairlərimizin cəmiətdə özlərinə yol açmağa imkan tapmışdılar. O zaman Azərbaycan dilində vahid nəşriyə olan “Vətən yolunda” ruznaməsi bu şerlərin intişarı ilə Azərbaycanda ədəbiyyat aləminə təzə bir hərəkət meydana çıxmasına kömək etmiş idi. Azərbaycança yazan cavan şairlərdən Biriya, Azəroğlu, Əli TudəÇavuşi, Mədinə Gülgün kimi təzə ərsiyə qədəm qoymuş təzə şairlərlə bərabər, Əli Fitrət, Mir Mehdi Etimad, Nəcim, Məhzun və Kamil kimi o vaxtadək yarı fars və yarı Azərbaycanca yazan sabiqəli şairlər də milli dilimizdə hərarətli şerlər yazmaqda ədəbiyyatımızda maraqlı bir rövnəq (inkişaf) müşahidə olunurdu. Firqə işə başlayan kimi bu qüvvə tamamilə bizim tərəfimizə keçib, müraciətnaməmizdən aldıqları ilham üzrə hərarətli şerləri meydana çıxarmaqla milli hərəkatımızda yer tutmağa başlamışdı. “Azərbaycan” ruznaməsi isə çox mühüm və siyasi məsələləri ilə məşqul olduğu halda, şairlər nehzətimizi qüvvətləndirmək üçün xalqı ruhlandıran şerlərini çap və müntəşir etməkdən heç də xuddarlıq etməyib (utanmayıb), bəlkə onları daha artıq təşviq etmək üçün əlindən gələn köməyi müzayiqə etmirdi.”21

Görkəmli milli şair, bütöv Azərbaycan ədəbiyyatında mühüm yeri olan Mir Mehdi Etimadın yaradıcılığı zaman keçdikcə daha geniş şəkildə araşdırılacaq və yeni-yeni tədqiqatların mövzusu olacaqdır.

İstifadə olunmuş ədəbiyyat


1.”Ədəbiyyat” qəzeti, Azəroğlu, “Mir Mehdi Etimad-105”, 10 iyun,2005.

2.XX əsr Cenubi Azərbaycan Ədəbiyyatında Demokratik İdeyalar (1900-1985), Bakı, “Elm”,1990.

3. Nazim Rizvan. Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi. (1850-1920-ci illər), Monoqrafiya, B.,2005.

4.Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c, Bakı, "Elm", 1983.

5.Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. III c, Bakı, "Elm", 1988.

6.V.Q.Belinski, Aleksandr Puşkinin əsərləri, Azərb. SSRİ. EA nəşriyyatı, B., 1948.

7.M.İbrahimov. "Xəlqilik və realizm cəbhəsindən", B., 1961.

9.Mir Mehdi Etimad. "Gəlinlər bəzəyi", Təbriz, 1981.

10.Böyükağa Hüseynov. XX əsr fars şerində ənənə və novatorluq. B., "Elm", 1975.

11. “Azərbaycan”şümarə iki, şəhrivərin 17-si 1324(07 sentyabr 1945-ci il).



Nəşr olunmuş kitabları
1. “Əlifba-yi cədid - Yeni əlifba”, Təbriz, 1941.

2.”Mənaze-yi ədəbi (Ədəb qaydaları)”. Təbriz, 1314.

3.“Bədrəqətül əs-sabiyan” (Gənclərin ziyalanması (maariflənməsi)”, Təbriz, 1326.

4.“Hidayət-ül kəlam (Müdrik kəlamların göstərdiyi yol)”, Təbriz,1315.

5. “Təxt-ülsabiyan-Cavanlıq taxtı”.

6. “Gül qönçəsi”, Şeirlər, Tehran, 1319.

7. “Ayineyi- əxlaq (Əxlaqın aynası-Şeirlər)”, 1351.

8.”Bərgi səbz (Yaşıl yarpaq)”, Tehran, 1935.

9. “Səmavəriyyə (Ədəbi mübahisələr)”, Tehran, 1965.

10.“Şanlı Azərbaycan”, Divan, Təbriz, 1946.

11. “Gəlinlər bəzəyi”, Poema, Təbriz, 1941.

12. “Çərşənbə bazarı”, Poema, Təbriz, 1942.





1”Ədəbiyyat” qəzeti, Azəroğlu, “Mir Mehdi Etimad-105”, 10 iyun, 2005, s.4.

2Yenə orada, s.4

3Yenə orada, s.4

4Yenə orada, s.4

5.XX əsr Cenubi Azərbaycan Ədəbiyyatında Demokratik İdeyalar (1900-1985), B., “Elm”,1990, s.154.

6 Nazim Rizvan. Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi. (1850-1920-ci illər), Monoqrafiya, Bakı: “Səda”, 2005, s.25.

7Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. III c, Bakı, "Elm", 1988. s.56.

8Yenə orada, s.57.

9  Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. III c, "Elm", 1988. s.60

10 M.İbrahimov. "Xəlqilik və realizm cəbhəsindən", B., 1961, s. 181.

11 Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. III c, Bakı, "Elm”, 1988, s.68.

12Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. III c, Bakı, "Elm", 1988, s.242.

13Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. III c, Bakı, "Elm",1988, s.116.

14Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c, "Elm" nəşriyyatı, 1983, s.113.

15Yenə orada, s.215.

16Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c, Bakı, "Elm", 1983, s.227.

18Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. III c, Bakı, "Elm", 1988, s.224.

1718Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. IIc, Bakı, "Elm", 1983, s.224.

18 Yenə orada, s.223.

19.”Ədəbiyyat” qəzeti, Azəroğlu, “Mir Mehdi Etimad-105”, 10 iyun,2005, s.4.

20Böyükağa Hüseynov. XX əsr fars şerində ənənə və novatorluq. B., "Elm" nəşriyyatı, 1975, s.304.

.“Azərbaycan”şümarə iki, şəhrivərin 17-si 1324(07 sentyabr 1945-ci il).




21


Yüklə 114,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə