Eşqİn doğuşu Həzrət Ayətullah Seyid Əli Xameneinin gənc cütlüklərə tövsiyələrindən seçmələr



Yüklə 0,63 Mb.
səhifə1/8
tarix02.10.2017
ölçüsü0,63 Mb.
#2942
  1   2   3   4   5   6   7   8

Eşqİn doğuşu


Həzrət Ayətullah Seyid Əli Xameneinin gənc cütlüklərə tövsiyələrindən seçmələr

Tərtib edən: Məhəmmədcavad Hacı Ələkbəri

Qəlblərin, cisimlərin və talelərin qovuşması olan ailə qurmaları münasibəti ilə siz əziz övladlarımı səmimi-qəlbdən təbrik edirəm. Tövsiyə edirəm ki, öz həyat yoldaşlarınıza sevgi göstərin, onlara vəfalı olun, özünüzü bir-birinizin taleyinə şərik bilin, ortaq həyata düyün düşməsindən ehtiyatlanın, kiçik və əhəmiyyətsiz problemlərə göz yumun. Allah sizə xoşbəxtlik, səadət və mənəvi inkişaf bəxş etsin, ailə həyatınızı sağlam və saleh övladlarla isitsin, aydınlatsın!
Seyid Əli Xamenei

Allahın Rəsulu (s) buyurmuşdur:

"Ailə quran şəxs dininin yarısını qorumuş olur. Digər yarısı üçün də təqvalı olması gərəkir".

"Nikah mənim sünnəmdir. Sünnəmdən üz çevirən isə məndən deyil".

Birinci fəsil: Nikah - təbiətin qanunu, şəriətin əmri



Giriş

Səmavi bir əqdin möhtəşəm anı çatmışdır.

İki gənc yolçu Allahın istək və razılığına əsasən, əl-ələ verib həyatın uca məqsədinə sarı hərəkət etmək istəyir.

Bu, doğrudan da çox güclü və mühüm əhd-peymandır!

Təbiət və fitrət yoldaş istəyir. Təlatümlü ruh yoldaş istəyir. Qərarsız ruh onsuz olduqda qüsur və çatışmazlıq duyur. Allah biri olmadan o birini bəyənmir, Peyğəmbər (s) nikahı öz sünnəsi, Allahın razılığına qovuşmaq üçün yol və dinin yarısını qorumaq vasitəsi kimi təqdim edir.

Ayıq şəkildə "bəli" demək üçün daha artıq bilmək istəyirlər.

Bu seyidi dinləmək necə də faydalıdır! Və onlar nə bəxtəvərdirlər!

Həyatın məqsədi

Həyat mənzil və mərhələləri, eləcə də uca məqsədi olan uzun bir karvandır. Həyatda insanın məqsədi öz varlığından və ətrafındakı yaranmışlardan mənəvi və ruhani təkamül üçün istifadə etmək olmalıdır.

Ümumiyyətlə, biz nə üçün dünyaya gəlmişik? Biz heç bir ixtiyarımız olmayan halda dünyaya daxil oluruq; uşağıq, təsir altındayıq. Lakin tədricən ağlımız inkişaf edir, ixtiyar və seçim qüvvəsi əldə edirik. Bu yerdə insanın düzgün düşünməsi, düzgün seçməsi və bu seçim əsasında hərəkət edib irəliləməsi lazımdır. Əgər insan bu fürsətdən yaxşı istifadə etsə, bu dünyada olan bu bir neçə gündən yaxşı bəhrələnsə və özünü kamala çatdıra bilsə, dünyadan xaric olduğu gün həbsdən azad olan şəxs kimi olar və onun həqiqi həyatı başlayar.1
Nikah bir İslam dəyəri kimi

Birinci və əsas məsələ budur ki, Allah-Taalanın qanun qoyduğu və yaranışın tələb etdiyi bu nikah ilahi nemət və sirlərdən və insan yaşayışının qaçılmaz məsələlərindən biridir. Allah səmavi qanunlarda bu məsələni lazım, vacib, zəruri və yaxud icazəli edib, xalqı bir-bir gedib ailə qurmalarında sərbəst buraxa bilərdi. Amma bu işi görməmişdir. O, nikahı bir dəyər etmişdir. Yəni izdivac etməyən şəxs özünü bu dəyərdən məhrum etmişdir.2


"Allah israrlıdır!"

İslama görə ailə qurmaq vacib əməldir. Kişi və qadın bu əməli ilahi iş və bir vəzifə kimi yerinə yetirməlidirlər. Bu iş şəriət baxımından vacib əməllər sırasında qeyd olunmasa da, buna o qədər həvəsləndirilmişdir ki, insan Allah-Taalanın bu işə israrlı olduğunu, özü də bir kargüzarlıq kimi yox, həmişəyaşar, həyatda və cəmiyyətdə təsirli bir hadisə kimi israrlı olduğunu anlayır. Odur ki, qadın və kişi arasında nikaha bu qədər həvəsləndirmiş və ayrılığı məzəmmət etmişdir.3


"Allahın yalqız qadın və kişidən xoşu gəlmir!"

Allah-Taalanın yalqız qadın və kişidən xoşu gəlmir; xüsusən də gənc və ilk dəfələri olanlar. Bu təkcə gənclərə məxsus deyil. Allah-Taalanın müştərək və cüt həyatdan xoşu gəlir.1

Bütün ömrünü tənhalıqda keçirən yalqız insan, yalqız kişi və yalqız qadın İslama görə xoşagələn bir şey deyil. Bu, insaniyyət toplumunda yad bir varlıq kimidir. İslam ailənin cəmiyyətin həqiqi hüceyrəsi olmasını istəyib, yalqız insanın yox.2
Peyğəmbər (s) sünnəsi: vaxtında evlənmək

Məşhur bir hədisə əsasən Peyğəmbər (s) buyurub ki, nikah mənim sünnəmdir. Sözsüz ki, bu, yaradılış sünnəsidir, insanlar, millətlər və dinlər arasında sünnədir. Bəs nə üçün buyurub ki, mənim sünnəm? Burada hansı xüsusiyyət var? Bəlkə buna görə ki, İslam bu işə daha artıq təkid göstərmişdir və bu təkid digər ilahi dinlərdə nisbətən azdır. Siz baxın, İslamın nikah üzərində bu təkidi bu ictimai məktəblərdə, dünyanın geniş yayılmış ictimai fəlsəfələrində və adi siyasətlərində yoxdur. İslam oğlan və qızların nikah üçün hazır olduqları yaşda ailə qurmalarında israrlıdır.3

Nikah təbii bir tələbdən əlavə, həm də din və İslam baxımından bir sünnədir. Odur ki, insanın təbiətinin və ehtiyacının tələb etdiyi bu addım və əməl vasitəsi ilə həm də savab qazanmaq çox asandır. Çünki sünnədir və Peyğəmbər (s) sünnəsini yerinə yetirmək, onun əmrini icra etmək məqsədi ilə bu işi görür.4

Nikah təbii və ilahi bir sünnədir. Əziz Peyğəmbər (s) bunu öz sünnəsi adlandırır. Mənası budur ki, İslamda bu məsələ üzərində xüsusi təkid göstərilmişdir. Nə üçün? Bu məsələnin əhəmiyyətinə görə; ailə qurmağın insan tərbiyəsində, dəyərlərin inkişafında, duyğusal, etik, psixoloji və sonrakı tərbiyələr baxımından sağlam insan yetişdirməkdə dərin təsirinə görə.5


Eşq və şövq halında izdivac

Əziz Peyğəmbər (s) gənclərin - istər qızların, istərsə də oğlanların tez və əlbəttə ki, öz istəkləri və ixtiyarları ilə və digərlərinin onlar üçün qərar vermədən izdivac etmələrində israrlı idi. Biz də öz cəmiyyətimizdə bunu təbliğ etməliyik. Gənclər münasib yaşlarda - gənclik dövründən xaric olduqlarında, həmin qızğın və şövqlü çağlarında izdivac etməlidirlər. Bu çoxlarının təsəvvürünün əksinədir. Çoxları güman edirlər ki, gənclik dövrünün izdivacları vaxtından qabaq izdivaclardır və davamlı olmur. Bunun tam əksinə olaraq belə deyil. Əgər düzgün baş versə, çox davamlı və yaxşı izdivaclar da olacaq, arvad və ər belə bir ailədə bir-biri ilə çox səmimi olacaqlar.1


Ehtiyac hissinin başlanğıcında ailə qurmaq

İslam israrlıdır ki, bu iş öz zamanında, bacardıqca tez və ehtiyac hissinin başlanğıcında baş versin. Bu da İslamın xüsusiyyətlərindəndir; nə qədər tez olsa, bir o qədər yaxşıdır. Tez dedikdə məqsədimiz qız və oğlanın həyat yoldaşına ehtiyac hiss etdiyi zamandır. Bu iş nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Səbəb nədir? Səbəb budur ki, əvvəla ailə qurmaqda mövcud olan fayda və xeyirlər insan üçün öz zamanında, zaman ötmədən və ömür tələf olmadan hasil olacaq. İkincisi isə cinsi azğınlıqların qarşısını alacaq. Buna görə buyurur ki, izdivac edən dininin yarısını qorumuşdur.2 Bu rəvayətdən məlum olur ki, insanın dininə qarşı təhdidlərin yarısı cinsi ehtiraslar sarıdandır və bu, yüksək rəqəmdir.3


İzdivacın faydaları

İzdivac və bir ailə məcmusunda hüzur əldə etmək həyatın mühüm fürsətlərindən biridir. Qadın və kişinin hər biri üçün bu bir psixoloji rahatlıq, dinclik və həyat fəaliyyətinin davam etdirilməsinə ümid vasitəsidir. İnsana həyatı boyunca bir təsəlli vasitəsi və kədərini bölüşmək üçün yaxın bir adam lazımdır. İnsanın təbii ehtiyacları olan instiktiv və cinsi ehtiyaclarından əlavə, nəsil artırmaq və övlad sahibi olmaq məsələsinin özü də həyatın böyük xoşbəxtliklərindəndir.

Deməli, görürsünüz ki, hər iki tərəfdən baxdıqda izdivac mübarək bir iş və çox faydalı məsələdir. Əlbəttə, izdivacın ən mühüm faydası ailə qurmaqdır, digər məsələlər ikinci dərəcəli, yaxud bu məsələnin dayağıdır. Misal üçün, nəsil artırmaq, bəşəri qərizələri doyurmaq - bunların hamısı ikinci dərəcəlidir. Birinci dərəcəli olan isə ailə qurmaqdır.1

Bəşər nəsli izdivac üzərində dayanır. Dünyanın söykəndiyi izdivacdır. Mədəniyyət və sivilizasiyaların köçürülməsi izdivacla baş verir. Cəmiyyətlərin istər siyasi baxımdan, istərsə də digər cəhətlərdən müstəqilliyinin qalması izdivacla mümkün olur. İzdivacın çoxlu faydaları vardır.2


İzdivacın kamillik şərtləri

Şəriətdə göstərilmişdir ki, izdivac əqdini möhkəm saxlayın. Sonra da izdivac üçün bütün sahələrdə çoxlu şərtlər müəyyənləşdirilmişdir. Əxlaq və rəftar sahəsində deyilib ki, ailə qurduqda əxlaqınızı yaxşılaşdırmalısınız, həmkarlıq etməlisiniz, bağışınız olmalıdır, məhəbbət göstərməlisiniz, onu sevməlisiniz, ona vəfadarlıq etməlisiniz. Bunların hamısı şəriət hökmləridir. Bunların hamısı əmrlərdir.3

Əlbəttə, maddi şərtlər baxımından ən asandır. Nikahda mühüm olan bəşəri və insani (qaydalara) riayət etməkdir, əxlaqa riayət etməkdir. Qız və oğlan ömürlərinin sonuna qədər bir-biri ilə keçinməlidirlər. Əsas qayda bu əqdi qorumaqdır.4

Müqəddəs İslam şəriəti ictimai münasibətlərdə bu insani işi imzalamış, lakin onun üçün şərtlər müəyyənləşdirmişdir. Bu şərtlərin biri budur ki, bu iş insani münasibət halından çıxıb ticarət və maddi alış-veriş məsələsinə çevrilməsin. Müqəddəs şəriət bunu sevmir. Əlbəttə, bu şərtlər kamillik şərtləridir, əqdin düzgün sayılmasının şərtləri deyil. Amma doğrudan da şərtdirlər.5


İslama görə bərabər olmaq

Müqəddəs İslam şəriətində müəyyən olunan budur ki, qız və oğlan bir-biri ilə bərabər olsunlar. Bərabərlikdə əsas məsələ imandan ibarətdir; yəni hər ikisi mömin, hər ikisi təqvalı, hər ikisi ilahi və dini əsaslara etiqadlı və onlara əməl edən olsunlar. Bu təmin olunsa, digər məsələlərin əhəmiyyəti yoxdur. Qız və oğlanın təqvası, iffəti və paklığı bəlli olduqda digər məsələləri Allah-Taala təmin edir.

İslam dinində adı ər-arvadlıq olan bu həmkarlığın meyarı din və təqvadan ibarətdir: “Mömin kişi mömin qadınla, müsəlman kişi müsəlman qadınla bərabərdir”.1 Bu, dini meyardır.

Əlbəttə, bu baxımdan Allah yolunda kim daha öndə, daha qabaqcıl, daha fədakar, daha məlumatlı, daha yararlı və Allahın bəndələrinə daha faydalı olsa, bu daha üstün və daha yaxşıdır. Qadının o həddə olmaması mümkündür; eybi yoxdur. Qadın özünü ona sarı çəksin. Yaxud qadının üstün olması, kişinin isə onun həddində olmaması mümkündür. Deməli, kişi özünü ona sarı çəkməlidir.2


Sayıq və ağıllı, yoxsa qafil və məst?

Bir zaman insan ailə qurur və deyir ki, ilahi, mən ailə qururam. Yaxud ruhiyyəsi belədir. Dilinə gətirməsə də, yaxud beynindən keçirməsə də bu ruhiyyə ilə deyir ki, özümün təbii ehtiyacımı təmin edirəm. Bu təbii ehtiyac da yalnız cinsi ehtiyac deyil. Qadın və kişinin hər ikisinin bu izdivaca, bu birgəyaşayışa, bir ailə qurmağa, bir toplu yaratmağa ehtiyacları var. Bu da digər ehtiyaclar kimi bir ehtiyacdır. Deyir ki, ilahi, mən bu ehtiyacı təmin edirəm, sənə də şükür edirəm ki, mənə bu imkanı yaratdın, bu icazəni verdin, bu vasitəni təmin etdin, mənim üçün yaxşı həyat yoldaşı tapıldı və bundan sonra yeni həyatda, bu yeni vəziyyətdə sənin istədiyin kimi əməl etməyə çalışacağam. Bu bir növ ailə qurmaqdır. Bir zaman da xeyr, izdivac edən nə Allahın qədrini bilir, nə o həyat yoldaşının qədrini bilir, nə onun üçün yaranmış bu imkanın qədrini. O, məst və qafil insan kimi olur. Belə bir həyat əgər davamlı olsa da, şirin olmayacaq, vəzifəni yerinə yetirməklə yanaşı olmayacaq.3


İzdivac nemətinin şükrü

Müştərək həyata daxil olub ailə qurduğunuz bu mərhələni Allahın böyük nemətlərindən sayın və onun üçün şükür edin. Bizim nəyimiz varsa, Allahdandır: “Bizdə olan hər bir nemət Allahdandır”.4 Lakin bu nemətə diqqət yetirmək çox önəmlidir. İnsan çoxlu nemətlərə diqqət yetirmir. Bəzi adamlar ailə qururlar, onlara hər növ yaxşılıq da nəsib olur, şirin və yaxşı həyat keçirirlər. Lakin bunun necə böyük nemət, həyatda necə təyinedici və mühüm hadisə olduğunu anlamırlar. Anlamadıqda onun üçün şükür də etmirlər və şükür etməklə insana nəsib olan ilahi rəhmətdən məhrum olurlar. Odur ki, insan bunun necə böyük nemət olduğuna və bu nemətin şükrünün necə olduğuna diqqət yetirməlidir. Bəzən insan şükürdə yalnız dillə deyir ki, ilahi, şükür. Amma onun qəlbində heç bir şey görünmür. Bu, dilin vərdişidir və dəyəri yoxdur. Lakin bəzən insan qəlbində həqiqətən Allah-Taalaya təşəkkür edir. Bunun çox dəyəri var. Allah-Taalanın ona nemət verdiyini anlayır və həqiqətən təşəkkürünü bildirir. Bu yaxşı şükürdür. Lakin biz Allah-Taalaya təşəkkür etdikdə bu təşəkkürün əsasında görməli olduğumuz bir əməl, bir hərəkət və bir mövqe də var. Çox gözəl, indi ki, Allah-Taala sizə bu neməti verib, siz nə etməlisiniz? Bizdən çox iş gözləmirlər. Bu nemətin qarşısında bizdən gözlənilən odur ki, bu nemətlə yaxşı rəftar edək. Bu yaxşı rəftarı İslamda müəyyənləşdirmişlər. Bu, ailə əxlaqından və ailə hikmətindən ibarətdir. Yəni bu həyatın yaxşı olması üçün həyat daxilində necə rəftar etməliyik.1


Mal, gözəllik, yoxsa kamal?

Əgər insan mala və gözəlliyə görə ailə qursa, hədisə əsasən Allah-Taalanın malı və gözəlliyi ona verməsi də mümkündür, verməməsi də. Amma əgə təqva və iffətə görə addım atsa və ailə qursa, Allah-Taala ona mal da verəcək, gözəllik də. Bəlkə də kimsə deyər ki, gözəllik veriləsi deyil. Yaxud kiminsə gözəlliyi ya var, ya da yoxdur. Gözəlliyin sizin gözünüzdə, qəlbinizdə və baxışınızda olduğundan, mənası budur ki, əgər insan çox da gözəl olmayan bir şəxsi sevsə, onu gözəl görür. Amma kimisə sevməsə, nə qədər gözəl də olsa, onun gözündə gözəl görünmür.2


"İslamın üsulu daha yaxşıdır!"

Bu qayda (izdivac) həm məsihilikdə, həm yəhudilikdə, həm də digər dinlərdə başqa formada sözsüz ki, mövcuddur. İslam onları da mötəbər saymışdır. Onları ər-arvad və övladlarını halalzadə bilmişdir.3

İslamda olan nikah tərzi və növü digər dinlərdə və digər xalqlarda olandan daha yaxşıdır; həm hazırlıq işləri, həm onun özü, həm də davamı insan məsələhətinə uyğun formadadır. Əlbəttə, digər dinlərin nikahı da bizə görə mötəbər və möhtərəmdir. Yəni biz bir məsihinin kilsədə, yaxud bir yəhudinin sinaqoqda, yaxud hər hansı bir tayfanın və xalqın hər hansı bir şəkildə oxuduğu nikah əqdini mötəbər sayırıq, onu özləri üçün batil bilmirik. Lakin İslamın müəyyən etdiyi bu üsul daha yaxşıdır. İslam kişi üçün hüquq, qadın üçün hüquq, yaşayış üçün xüsusi qaydalar və nikah üçün üsul və tərz müəyyənləşdirmişdir. Məqsəd də budur ki, ailə qalsın və xoşbəxt olsun.1
"Bu qədər asan!"

Biz oxuduğumuz bu əqdlə əslində bir-birinə yad olan iki tərəfi bu bir neçə sözlə bir-birinə birləşdirir və onların arasında əlaqə yaradırıq; belə ki, bir-birinə hamıdan daha məhrəm, daha yaxın və daha mehriban olurlar.

İkincisi, bu əqdlə cəmiyyətdə yeni bir hüceyrə yaradırıq. Cəmiyyət ailə hüceyrələrindən təşkil olunmuşdur.

Üçüncüsü, siz iki nəfərsiniz - biri xanım, biri kişi. Sizin hər birinizin qarşı cinsə ehtiyaclarınız var. Bu bir neçə sözlə həmin ehtiyacları aradan qaldrırıq.

Bu üç işi biz görürük. Bu, işin əvvəli və bünövrəsidir.

Bundan sonrası isə sizin öz öhdənizə düşür.2


Ən mühüm fayda

Nikah və ailə qurmaq məsələsi müqəddəs şəriətdə çox əhəmiyyətli işdir. Onun çoxlu faydaları da var. Lakin nikahın ən mühüm faydası və məqsədi ailə qurmaqdan ibarətdir. Bu cütlüyün və yeni birliyin yaranmasının özü qadın və kişinin rahatlığına, onların şəxsiyyətinin kamilləşməsinə və tamamlanmasına səbəb olur. Bu olmasa, həm qadın və həm kişi yarımçıq olar. Digər məsələlərin hamısı ikinci dərəcəlidir. Əgər bu ocaq sağlam və davamlı olsa, cəmiyyətin gələcəyinə və mövcud vəziyyətinə təsir göstərəcək.3

Nikah əslində ailə qurmağa giriş darvazasıdır. Ailə qurmaq isə bütün ictimai və insani tərbiyələrin əsasıdır.4

İzdivacda əsas məsələ qız və oğlanın ailə qurmasıdır. Qız və oğlanın bir-birini görməsi, şəriət əqdinin oxunması və bunların ər-arvad olması ilə bir ailə ocağı vücuda gəlir, yeni bir ailə təşkil olunur. Müqəddəs şəriət müsəlman və sağlam ailəni sevir. Ailə qurulduqda onun çoxlu faydaları olur: ər və arvadın ehtiyacları təmin olunur, bəşər nəsli davam edir. Amma əsas məsələ övlad, gözəllik və sərvət deyil. Əsas məsələ budur ki, iki nəfər birlikdə müştərək bir həyat qururlar və bu mühit sağlam olmalıdır.1

Ailə ocağı və yeni bir mərkəzin yaradılmasının özü hər şeydən daha əhəmiyyətlidir. Bəşərin - istər qadının, istərsə də kişinin yaradılışının əsası elədir ki, qadın və kişi rahat, nigaranlıq olmadan və bəşər ehtiyaclarını təmin etməyə hazır olan həyatın davam etməsi üçün bir yerdə tam bir vahidi təşkil edillər. Əgər bu olmasa, həyatın mühüm bir təməli axsayacaq.2



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə