Əvvəllər hər şey yaxşı idi deyə bilmərəm



Yüklə 287,2 Kb.
səhifə3/5
tarix29.09.2017
ölçüsü287,2 Kb.
#2364
1   2   3   4   5


Qapını açdım. Bu qonşumuz Kəmalə xala idi.

-Qızım, olar o mahnının səsini azaldasan? Evdə uşaq yatır.

-Nə?-hər şey mənə dumanlı gəlir. Qarşımda dayanan qadın nəsə deyir ama mənə gəlib çata bilmir. Sözlər ətrafımda uçuşur. Onları tutub, bir yerə yığıb, toplamaq istəyirəm. Ama alınmır.

-Qızım, yaxşısan?

-Nə? Hə. Yaxşıyam. Nəsə istəyirdiniz?

-Deyirdim maqnitofonun səsini azalda bilərsən? Evdə uşaq yatır.

-Maqnitofon açıqdır ki?-mən geri çevrilib maqnitofona baxdım. Hə deyəsən yanırdı. Ama mən nədənsə səsi eşitmirdim. Bəlkə kar olmuşdum. Bəs onda qonşunun dediklərini necə eşidirdim.

-Yaxşı. Indi söndürərəm. Bağışlayın, əgər narahat etdimsə...

Qapını bağlar-bağlamaz keçib maqnitofonu söndürdüm. Özümü yatağa atdım. Gözlərimi yumdum. Başımda bərk ağrı vardı...

***


-Uşaqlar, kim deyə bilər Oskar Vayld “The Picture Of Dorian Gray” əsəriylə nə demək istəyir? O, əsərində nəyi tənqid edir?Aytən? Aytən...

Kimsə məni çağırırdı. Deyəsən bu müəllimə idi. Başımı qaldırdım. Hamı geri çevrilmiş mənə baxırdı.

-Bəli,müəllimə.

-Aytən, sən dərsə qulaq asmırsan?

-Üzr istəyirəm.

-Dərsə hazırsan? Deyə bilərsən Oskar Vayld bu əsərində nə demək istəyir?

Cavabı bilirdim. O əsəri oxumuşdum. Beyzl adlı rəssamın yaraşıqlı oğlan olan Dorianın şəklini çəkməkdən bəhs edir. Lord Harold da mənfi personajdır. Dorianı pis yola çəkir. Dorian əslində yaxşı insan olur. Ama iradəsi zəif olur. Haroldun sözlərinin təsirinə düşür. Və axırda ən qəddar insana çevrilir. Özünü tanıya bilmir. Dorian arzu edir ki, o, heç vaxt qocalmasın. Və onun arzusu yerinə yetir. Şəkildəki surəti ildən –ilə qocalır ama özü həmişə cavan qalır. O, ruhunu pis qüvvəllərə satır.

-Xeyr, hazır deyiləm.

Heç kim bilməsə də, bir zamanlar yaxın rəfiqəm olan Leyla bilirdi ki, mən o əsəri oxumuşam. Və bütün əsəri əzbər danışa bilərəm.mənə təəccüblə baxdı. Ama heç nə demədi.

-Niyə hazır deyilsən?

Mən cavab vermədim. Qolumdakı saata baxdım. Saat 11:50ni göstərirdi. 10 dəqiqədən sonra oğlan gələcəkdi. Əlimlə cibimdəki 400 manatı yoxladım. Hər şey yerində idi.

-Müəllimə, bir dəqiqə çölə olar?-cavab vermədiyim bəs deyilmiş kimi hələ icazə də istəyirdim. Müəllim mənə təəccüblə baxdı. Yəqin indi ürəyində məni söyürdü. Ama icazə verdi. Mənə hamı icazə verirdi. Çünki onların mənə yazığı gəlirdi. Axı mənim başıma faciə gəlmişdi. Durub otaqdan çıxdım. Asta-asta universitetin geniş pilləkənlərini düşdüm. Universitetdən həyətə çıxdım. Unversitetimizin qabağından maşın yolu keçirdi. Ətrafa göz gəzdirdim. O, orada idi. O gün otaqda gördüyüm 5 nəfərdən biri. Yolun o biri tərəfində durmuşdu. “budur, bu qədər sadə.” Bir anlıq mənə elə gəldi ki, mən ölümümə doğru addımlayıram. Məgər mən bunu istəmirdim? O, məni uzaqdan sezdi. Əli ilə durmağımı işarə etdi. Deyəsən, o, özü mənim yanıma gələcəkdi. əlimlə cibimdəki 400 manatı bərk-bərk sıxdım. O boyda nəhənglikdə olan komputerim indi bir ovuca sığan pul qədər kiçilmişdi. Və bir azdan o pul da daha da kiçilərək 20 qramlıq bir toza çevriləcəkdi...

Yol boyunca maşınlar gəlib-gedirdi. Şəhərin mərkəzi küçələrindən biri olduğundan burada həmişə sürətlə gəlib keçirdilər. Mən yolun o biri tərəfində dayanan oğlana baxdım. O, yolu keçmək üçün svetaforun işığının yanmasını gözləyirdi. mən ani olaraq baxışlarımı başqa səmtə yönəltdim. Maşınlar çox sürətlə gəlib keçirdi... Sürətlə!!! Birdən dəhşətli bir səs eşitdim. Gördüyüm mənzərə qarşısında donub qaldım. Qan! Qan! Yenə qan! Yenə də bu zəhləmgetmiş qan! Nifrət edirəm qana! Yenə bu qırmızı rəng. Yenə də.

Evə necə gəldiyimi, avtobusa necə mindiyimi, avtobusdan necə düşdüyümü xatırlamıram. Titrəyən əllərimlə açarı kilidə salıb, qapını açdım. Evə girdim. Bütün bədənim titrəyirdi. çantamı yerə atıb, çarpayımın kənarına qısıldım. O dəhşətli mənzərə gözlərimin önündən çəkilmirdi. Yenə qan görmüşdüm. Yenə cəsəd görmüşdüm.

Yetər! Yetər! Yetəəərrr! Allahım, yetər artıq. Nə demək istəyirsən? Nəyi göstərmək istəyirsən? Niyə belə edirsən? Axı nəyi demək istəyirsən? Mənə nifrət edirsən? Niyə mənə mane olursan? Niyə qoymursan ki, mən ölüm? Bu sevginin göstəricisidir, yoxsa nifrətinin? Bu nədir? Cəzamı?

O an. O səhnə. Dəhşət idi.O oğlanı maşın vurmuşdu. Yolu keçmək istəyəndə uzaqdan sürətlə gələn maşın onu vurmuşdu. O yerdə uzanmışdı. Hərəkətsiz. O da

qanın içində idi. O da tərpənmirdi. Bir anın içində ətrafına adamlar yığıldı. Bir azdan polislər gəldi. Eyni səhnə. Eyni mənzərə. Mənsə qaçdım oradan. Bacardıqca qaçdım. O ölmüşdü. Ölməyi mən arzulayırdım. Ama o öldü. Ümidim də öldü. Özümü o qədər hazırlamışdım ki, ölümə. Axı hər şey yolunda idi. Mən pulu hazırlamışdım. Verəcəkdim. O, sadəcə yolu keçib, mənə cibindəki narkotikanı verməli idi. Mənsə pulu. Ondan narkotikanı alıb, evə gedəcəkdim. Narkotikanı necə vurmağı da öyrənmişdim. Vuracaqdım da. Bu qədər sadə. Bəs niyə alınmadı? Niyə mən hələ də bu həyatdayam? Niyə alınmır? Niyə? Niyə? Yox. Bu artıq prinsipdir. Bu prinsip məsələsidir. Mən bu oyunu udmalıyam. Uduzan tərəf mən olmayacağam. Əsla!

-Görəcəksən, Allah. Bu oyunu mən udacam. Icazə verməyəcəm ki, sən mənim həyatımı istədiyin kimi idarə edəsən. Bu mənim həyatımdır. Bu mənim həyatımdır. Eşitdin? Mən onsuzda bunu edəcəm. Axır -əvvəl edəcəm. Mənə mane ola bilməyəcəksən. Bilməyəcəksənnnnnnnn!!!

Içimdə qışqırıb, qışqırıb, nə vaxt yuxuya getdiyimi bilmədim.

“Metroda idim. Bilmirəm hansı stansiya idi. Ama metroda idim. Qatarın gəlməyini gözləyirdim. Ətrafda tək-tük insanlar dayanmış, onlar da qatarı gözləyirdilər.. Içəridə zəif işıq vardı. Ürəyim sıxılırdı. Bilmirdim hansı stansiyada idim və hansı stansiyaya gedəcək qatarı gözləyirdim. Ama gözləyirdim. Heç bilmirdim hara gedirəm ama gözləyirdim. Bir azdan qatar gəldi. Bu nə idi? Qatarla mənim gözlədiyim yerdən məsafə çox uzaq idi. Qatara minmək üçün gərək yerin altına düşüb, oradan çıxmalı idim. Axı bilirdim ki, yerin altından cərəyanlar keçir. Ora düşsəm, cərəyanlar məni vuracaq. Ama minmək istəyirdim. Çünki bilirdim ki, bu axırıncı qatardır. Bilmirəm haradan bilirdim. Ama bilirdim ki, bu qatardan sonra başqa qatar gəlməyəcək. Mənsə getməliyəm. Mütləq getməliyəm. Yerin altına düşdüm. Nə qəribədir, cərəyan məni vurmadı. Ama çox qorxulu yerdir. Qap qaranlıqdır. Əlimlə qatarın qapısından tutmaq istəyirəm. Ama platforma o qədər yüksəkdir ki, çata bilmirəm. Bütün qüvvəmi toplayaraq, qatara dırmaşmağa çalışıram. Ama olmur. Elə bil gücüm tükənib. Mən qatara minməyə çalışdıqca, o daha da qəlizləşir. Birdən gözümü qaldırıb, qatarın içindəki insanlara baxıram. Bəlkə onlar mənə kömək etdilər. Bəlkə onlar içəridən qapını açdılar və mən içəri girə bildim. Axı bir azdan qatar yola düşəcək. Bu sonuncu qatardır. Mən bu qatara mütləq minməliyəm. Bu nə idi? Qatarın içi insanlarla dolu idi. Hamısı da başdan –ayağa qara geyinmişdilər. Üzləri belə görünmürdü. Gördüyüm mənzərə qarşısında ürəyim daha da sıxılmağa başladı. Bu insanlar kim idi? Niyə qapqara geyinmişdilər? Və qatar tərpənməyə başladı. Yox, getmə. Gözlə. Mən də minmək istəyirəm. Yox, gözlə. Gözlə! Gözlə! Gözlə! Getmə! Getmə!...”

Özüm öz qışqırığıma oyandım. Tər içində idim. Ürəyim bərk döyünürdü. Bütün bədənim titrəyirdi. Ayağa qalxıb, mətbəxə keçdim. Stəkana su töküb, yavaş-yavaş içməyə başladım. Hələ də yuxunun təsirindən çıxmamışdım. Bu gün baş verənlər. Üstəlik bu qorxunc və müəmmalı yuxu. Nə idi bütün bunlar? Hələ də yuxumu yozmağa çalışırdım. Nə demək idi bu? Bəs o qara insanlar? O metro? O qatar?

-Yaxşı, Aytən. özünə gəl. Bu sadəcə bir yuxu idi. Unut getsin. Indi əsas məsələ haqda düşün: İNTİHAR. Indi başqa bir üsulu tətbiq etməlisən.

Mənə elə gəlirdi ki, əvvəlki üsulları tətbiq etsəydim, yenə də uğursuzluqla nəticələnəcəkdi. Yeni bir üsul mənə daha cazibədar gəlirdi.

“ Daha hansı üsul qalırdı?”

Gözüm qaz plitəsinə sataşdı.

“Bəlkə qazı açıq qoyum. Qapını da bağlayım. Içəri qazla dolacaq. Mən də hiss etmədən bir də görəcəm ki, artıq o biri dünyadayam. Hə. Yaxşı fikirə oxşayır. Məgər xəbərlərdə az eşidirik? Qazdan nə qədər ölənlər olur. Hə. Hə. Yaxşı fikirdir.”

Bir anlıq tərəddüd etdim.

“Yox. Qazı açıq qoya bilmərəm. Bəlkə qazdan ev partladı. Onda qonşuların evinə də ziyan dəyə bilər. Yox. Yox. Yaxşı fikir deyil. Bu dünyadan ən az zərərlə getməliyəm.”

Ağlıma başqa bir üsul də gəldi.

“Bəlkə sirkə içim. Məgər xəbərlərdə eşitmirik? “uksus” içib ölənlər azdır?”

Sonra o fikir də mənə ağıllı gəlmədi.

“Yox. Bu üsul tam zəmanət vermir. Bəlkə mədəmi, ciyərlərimi şikəst qoydu. Ama özüm ölmədim. Təsəvvür et ki, ölmürsən, ama pis günə qalırsan. Bəlkə gözlərimi kor elədi. Təsəvvür et ki, korsan, ama hələ də yaşayırsan. Yox. Yox. Bu ağıllı fikir deyil. Mən elə üsul seçməliyəm ki, geri dönmə ehtimalı olmasın.”

Birdən qapı döyüldü. Qorxumdan yerimdən dik atıldım.

“Görəsən, bu kim idi? Bəlkə polisdir? Səhərki hadisəyə görə gəlib. Bəlkə öyrənib ki, o oğlan ölməmişdən əvvəl mənə nəşə satmalı idi. Bəlkə elə o adam yolun o tərəfində mənə işarə edəndə görüb. Bəlkə polis onları çoxdan izləyirdi. və görüblər ki, mən yolun o biri tərəfində o oğlanı gözləyirdim. Yox, Aytən. Bu ola bilməz.”

Qapı təkidlə döyülürdü. Mən qapıya tərəf getdim və asta səslə soruşdum:

-Kimdir?


-Mənəm, Rəhilə xalan.

Dərindən ah çəkdim. Düzdür, xalamın gəlişinə elə də sevinmədim. Ama hər halda polislərin gəlişindən min dəfə yaxşı idi.

Qapını açdım.

-Salam, xala. Xoş gəlmisən. Keç içəri.

-Salam, Aytən.-xalam dəhlizə keçib ayaqqabılarını çıxartdı. Ona qonaq otağında yer göstərdim.

-Al bunları.-xalam əlindəki torbanı mənə uzatdı.

-Bu nədir?

-Sənə yemək bişirib, gətirmişəm. Içində yarpaq dolması və dovğa var. Bir az da mer-meyvə gətirmişəm.

-Sağ ol,xala. Ama mənim yeməyə ehtiyacım yoxdur. Özüm də hazırlaya bilərəm.

-Hazırlayırsan ki? Bir bax güzgüyə. Gör nə günə düşmüsən. bir dəri, bir sümük qalmısan. Saçın-başın nə gündədir. Qız uşağısan. Bir özünə bax. Bu gün sabah ərə gedəcəksən.

-Nə? Ərə getmək? Səncə bütün bu olanlardan sonra,yaşadıqlarımdan sonra mən ailə haqqında düşünə bilərəm?

-Niyə düşünmürsən ki? Həyatda hər şey olur. Hər şeydən əlini üzüb, kənara çəkilmək olmaz.

-Xala, mənə bir də bu mövzuda söz açma! Eşitdin? Bilirsən ailə mənim üçün nədir? Ailə mənim üçün bir dam altında birgə yaşamağa məhkum edilmiş insanlardır. Onlar birgə yaşamağa məhkumdurlar. Onlar hər gün əzab çəksələr də, bir yerdə yaşamağa məhkumdurlar. Çünki onlar ailədir. Elə deyilmi? Bax, ailə mənim üçün bu deməkdir. Səncə mən bundan sonra ailə qurmaq istəyərəm? Niyə qurum? Sabah da ərim dediyim o insan məni uşağımın gözlərinin qabağında öldürsün? Və mənim uşağım da o səhnəni bütün həyatı boyu yaddaşında daşısın? Niyə ailə

qurmalıyam? Nəsli davam etdirmək üçün. Elə deyilmi? Axı hər qadının həyatdakı missiyası budur. O, dünyaya körpə gətirməlidir ki, nəsil davam etsin. Hansı nəsil? Xəstə nəsil? Təki kəmiyyət olsun. Keyfiyyətə fikir verən yoxdur. Təki nəsil davam etsin. Fərqi yoxdur, narkomandır, yoxsa ruhi xəstə. Təki nəsil davam etsin. Dünyaya uşaq gələndə heç kim düşünmür ki, mən o uşağa sağlam ailə mühiti verə biləcəmmi? Hamı özünü düşünür. Mən ana oldum, filankəs ata oldu, filankəs nənə oldu. Ama heç kim o körpənin gələcəyini düşünmür.

-Sənə qalsa, onda gərək heç kim evlənməsin. Hamı subay həyatını başa vursun. Bu düz fikir deyil. Sən səhv yoldasan. Insanın ən böyük xoşbəxtliyi onun ailəsidir.

-Düz deyirsən, biz də “xoşbəxt” idik. Çünki bizim də “ailəmiz” vardı.

-Qızım, kədərini başa düşürəm...

-Yox, xala. Sən heç nəyi başa düşmürsən. Sən heç öz bacını da başa düşmürdün. Bacın həmişə sizin qabağınızda hönkür-hönkür ağlayıb, “ məni qurtarın bu ruhi –xəstənin əlindən” deyəndə hamınız birləşib, deyirdiniz: “Döz! Bəlkə düzəldi. Bir az da döz. Bəlkə il keçdikcə düzəldi. Döz. Döz.” Hə. Bu da dözməyin nəticəsi. Dözdü. Dözdü də. Bunu istəyirdiniz? Ruhi xəstənin öz-özündən düzəldiyi harda görülüb?

Arada sükut yarandı. Xalam başını qaldırıb otağa nəzər saldı. Divarlardan asılmış, qara markerlə yazılmış kağızları görəndə təəccübünü gizlədə bilmədi. O kağızlarda yazılmışdı: “NO HOPE NO FUTURE” “ EVERYTHİNG HAS ALREADY DİED” “ İ HATE YOU, WORLD” “DİSGUSTİNG LİFE”. Sözlər ingilis dilində yazıldığından xalam onların mənasını başa düşmədi. Onları mən yazmışdım. Qara markerlə iri-iri yazıb, divarlardan asmışdım.Onlan mənim bu həyata olan nifrətimin göstəriciləri idi. Axıtdığım hər göz yaşında bitən ümidlərimin, hər ürək qorxusunda tükənən inamlarımın göstəricisi idi. Ölmüş ruhumun fəryadı idi...Kənardan baxan insanın ilk təəssüratı belə olardı: “Bu qız yəqin ki satanistdir.” Yəqin xalam da indi mənim haqqımda belə düşünürdü. Bunu baxışlarından hiss edirdim. Ama mən nə narkoman idim, nə də satanist. Mən sadəcə anamı əlimdən alan bu həyata nifrət edən ümidsiz bir insan idim.

-Aytən, sən gəl qal bizimlə.

-Niyə ki?

-Sənin sinirlərin pozulub. Tək qaldıqca daha da pis olacaqsan. Gəl bizimlə qal. Elə buna görə gəlmişəm. Deyim ki, gəlib, bizimlə qalasan.

-Yox, istəmirəm.

-Tərslik eləmə. Gəl qal bizimlə.

-Bəs bu ev?

-Bu evi də satarıq.

-Belə de. Mən də deyirəm, niyə mənim qohumlarım mənimlə belə yaxından maraqlanır. Niyə əvvəllər qapımızı döyməyən qohumlarım indi hər gün mənə baş çəkir. Dayım gedir, əmim gəlir. əmim gedir, xalam gəlir.

-Naşükür olma. Biz sənin yaxşılığın üçün deyirik.

-Yaxşılığım üçün? Hah. əlbəttə. Hamı mələk imiş, mən naşükürəm sadəcə. Anam dayımdan dəfələrlə xahiş etmişdi ki, o, atamla danışsın. Onu xəstəxanada müalicə alması üçün razı salsın. Anam heç kimi inandıra bilmirdi ki, o, ruhi xəstəylə bir evdə yaşayır. Bəlkə də hamınız görürdünüz, ama özünüzü bilməməzliyə vururdunuz. Çünki eşitmək, problemləri həll etmək sizə sərf etmirdi. Çünki sizin öz ailə problemləriniz var idi. Əlbəttə, hərə öz problemini özü həll etməli idi. Atamın anamı vəhşicəsinə döyməsi sizə normal hal kimi gəlirdi. Çünki sən də döyülmüsən ərin tərəfindən, çünki dayım da döyüb öz arvadını. Bu normal haldır. Ər arvadını döyər

də, sevər də. Elə deyilmi?

-Sənin sinirlərin pozulub. Sən dəyişmisən.

-Dəyişərəm də. Necə dəyişməyim?

-Sənin müalicəyə ehtiyacın var.

-Doğrudan? Nədir, məni zorla qabağınıza qatıb, dəlixanaya aparacaqsınız? Sonra da bu evi satıb, pulunu ortaq böləcəksiniz?

-Sən paranoiksən. Heç özün də bilmirsən nə danışırsan.

-Atama oxşamışam da. Eşitməmisən bəs? Atı atın yanına bağlayanda həmrəng olmasa da həm xasiyyət olar. Mən də 20 il bir ruhi xəstəylə bir yerdə yaşamışam. 20 il qorxu içində. 20 il dəhşət içində. Mən insan kimi çoxdan ölmüşəm. Mənim arzularım, ümidlərim, xəyallarım çoxdan məhv olub. Mən artıq çoxdan anlamışam ki, ağ atlı şahzadə, sehrli üzük, xöşbəxt ailə -hər şey, hər şey yalandır. Hamısı nağıldır. Məni öldürdülər. Məni məhv etdilər. Mən belə deyildim. Mən axı həyatı sevirdim...İndi sizin bu artistlikləriniz, mənə “Ürəyinizin yanmağı” çox gülünc gəlir mənə.Daha çox gecdir. Qurtarın bu “tragediyanı”!!!

-Aytən, sakitləş qızım. Sən xalanla danışırsan. Mən səndən böyüyəm.

-Xala, mən səndən böyüyəm nə deməkdir? Dayım da böyükdür. Babam da böyükdür. Elə deyilmi? Bəs niyə böyüklüklərini göstərmədilər? Başqa vaxt dayım namusdan, qeyrətdən danışır. Niyə o boyda böyüklər olan nəslimizdə bir böyük tapılmadı ki, atamın vəhşiliyinin qarşısını alsın? Bəs qardaş nə deməkdir? Qardaşlıq nə deməkdir? Qardaşlıq təkcə bacıya “ Onu geyinmə,bunu geyinmə. Ora getmə,bura getmə.” demək deyil, qardaşlıq həm də bacını müdafiə etməkdir. Sizin namus anlayışınız budur. Sizin üçün boşanmaq əsl faciədir, namussuzluqdur. Bir qadın boşanırsa,deməli o əxlaqsızdır. Hə? özüm dəfələrlə babamın anama dediklərinin şahidi olmuşam: “Bu evdən sənin ancaq kəfənin çıxacaq!” çıxdı. Bunu istəyirdiniz? Başa düşə bilmirəm. insan həyatı bu qədərmi dəyərsizdir? Bir insanın hissləri, əzabları bu qədərmi önəmsizdir? Kaş anam boşanaydı. Kaş bütün nəsil ondan üz çevirəydi. Ama anam yanımda olaydı. əgər siz –doğmalar adlandırdığımız insanlar belə edirsinizsə, başqalarından nə gözləmək olar? Indi mənə göstərdiyiniz bu “qayğılar” çox gülünc və mənasız görünür. Vaxtında, bu faciə baş verməmişdən nəsə edərdiniz. Indi isə çox gecdir. Sizin heç bir qayğınıza,diqqətinizə ehtiyacım yoxdur. Mənim ancaq anama ehtiyacım var. Anamı da nə sən, sən dayım, nə də başqaları əvəz edə bilər. Heç kim əvəz edə bilməz mənim anamı!

Xalam susurdu. Danışmağa söz tapa bilmirdi. Axı nə deyəydi? Nəyi isbat edəydi? Mən həqiqətləri deyirdim. Ona isə susmaq qalırdı. Bilirdim ki, kobud danışırdım. Bilirdim ki, mən böyüklərimlə bu cür danışmalı deyildim.Mən heç vaxt kiməsə qarşı kobudluq etməmişdim. Ama belə davranmağa onlar məni məcbur edirdilər. Mən sakit danışdıqca onlar məni ciddi qəbul etmirdilər. Xalam sakitcə ayağa qalxıb, qapıya doğru addımladı.

-Xala, incimə, ama bir də gəlmə.

-Nə?-O, çevrilib təəccüblə mənə baxdı.

-Bağışla, ama heç kimi görmək istəmirəm. Onsuzda bir azdan...-Sözümü tamamlamadım. Ona intihar haqda deməməliydim.-Xala, mən səni və dayımı heç nədə ittiham etmirəm. Başa düşürəm, hər kəsin öz ailəsi və problemləri var. Mən heç kimdən heç nə istəmirəm. Bircə istəyim, məni tək qoysunlar. Mənimlə maraqlanmasınlar. Əvvəllər olduğu kimi...

Xalam heç nə demədən qapını açıb, getdi. Qapını arxadan bağladım. Qapıya söykənib, gözlərimi yumdum.

“Budur,bu gün də bir ürək qırdım. Mən yaşadıqca hələ çox ürəklər qıracam. Aldığım hər nəfəs günahlarla doludur. Atdığım hər addım nifrətimin göstəricisidir. Mən getdikcə uçuruma doğru yaxınlaşıram. Vaxtdır. O uçurumdan düşməyin vaxtıdır.”

Hər dəfə intihar cəhdimin uğursuz alınması məndə inamsızlıq yaratmışdı. Mənə elə gəlirdi ki, mən heç vaxt bu həyatdan yaxamı qurtara bilməyəcəm. Internetdə intiharla bağlı bir şey oxumuşdum: “ 17 dəfə intihara cəhd etmiş bir şair intihar edən oğlunun cibindən bir kağız tapır. Kağızda yazılmışdı: Ata, intihar elə deyil, belə edilər.” Bu mənə çox dərindən təsir etmişdi. O oğlanın psixoloji vəziyyətini təsəvvür edirdim. Yazıq hər dəfə atasına baxarkən onun həyatdan bezən gözləri ilə qarşılaşırmış. Təsəvvür et ki, atasını həmişə qəmgin, yorğun, hər şeydən əlini üzmüş görür.

-Ata, necəsən?

-Belə də, oğlum. Nifrət edirəm bu həyata. Zəhləm gedir bu həyatdan. Hər şey mənasız gəlir mənə. Heç nə maraqlı deyil. Niyə yaşayırıq? Niyə insanlar doğulur, əgər öləcəksə?...

Axı 17 dəfə intihara cəhd etmiş bir insandan başqa nə gözləmək olar ki? Yəqin oğlu da atasının bu halından bezib, atasına sübut etmək üçün özünü öldürüb. Əsas səbəbkar isə hələ də sağdır. Mən də indi özünü öldürə bilməyən ama ətrafına neqativ enerji verən şair kimi idim. Hamı mənə baxarkən qəzəbli, qaşqabaqlı bir sima görürdü. Sual verərkən çox qısa və lakonik cavab alırdılar, bəzən heç cavab da almırdılar. Insanlardan qaçırdım. Tənhalığa qapanırdım. Heç televizora da baxmırdım. Qulaq asdığım ancaq rok və rep idi.

Narkomanların beynində ancaq bir siqnal işləyir: NARKOTİKA. Çox vaxt onlar normal insandan heç nə ilə fərqlənmirlər. Onlar da digərləri kimi, gəzir, danışır, yeyir –içir...Ancaq iynənin vaxtı gələndə onlar 180 dərəcə dəyişirlər. Onların beynindəki həmin siqnal oyanır: Narkotika. Mənim də beynimdə bir siqnal vardı: İNTİHAR. Bütün gün bu fikirlərlə dolaşırdım. Universitetdə, evdə, yolda, avtobusda gedərkən, mahnıya qulaq asarkən. Hər zaman, hər yerdə. Beynim ancaq buna işləyirdi: Necə? Harada? Hansı üsul?

“ Bunlar kimdir? Mən kimin evindəyəm? Onlar niyə əşyaların hamısını otağın mərkəzinə yığırlar? Onlar deyəsən, evi yandırmaq istəyirlər. Onlar evlə birlikdə özlərini də yandırmaq istəyirlər. Indi xatırladım. Bu bazarda oyuncaq, xırt-xuruş satan satıcıdır. Yəqin yanındakı bu qadın da onun həyat yoldaşıdır. Bəs mənim onların evində nə işim var? Niyə onlar mənim varlığımdan təəccüblənmirlər? Niyə onlar heç mən yoxammış kimi davranırlar? Onların başı özlərinə qarışıb. Onlar tezliklə evi və özlərini yandırmaq istəyirlər. Durun! Siz nə edirsiniz? Mən onlara mane olmaq istəyirəm. Yığdıqları əşyaları kənara itələyirəm. Onlar isə heç mənə fikir vermirlər. Mən onların qolundan tuturam. Mane olmaq istəyirəm. Ama onlar öz işlərindədirlər. Bilirəm. Bilirəm ki, əgər mane olmasam, bir azdan özlərini bu evlə birlikdə yandıracaqlar. Dayanın! Mən qışqırıram.-Siz nə edirsiniz? Niyə özünüzü öldürürsünüz? Vallah səhv edirsiniz. Səhv yoldasınız. Siz özünüzü öldürsəniz, cəhənnəmə gedəcəksiniz. Ora çox pisdir. Vallah çox pisdir. Özünüzü öldürməyin. Bu həyat nə qədər əzablı olsa da, cəhənnəmdən min dəfə yaxşıdır. Ora çox pis yerdir. Çox əzablı yerdir. Duruuuunnnn!!! Mən çalışdığım qədər mane olmağa çalışıram. Və birdən.. Birdən qıraqdan səs gəlir. Bu nə səsdir? Bu azandır. Bərkdən azan səsi gəlir: “Allahu Əkbər...Allahu Əkbər...”

Yenə qan-tər içində oyandım. Yenə qəribə yuxu görmüşdüm. Ayağa qalxdım. Saat səhər 7 idi. Mətbəxə keçib, özümə su süzdüm. Qurtum-qurtum içməyə başladım. Bu nə yuxu idi? Nə demək idi? Mənası nə idi? Niyə o bazarda satan kişi mənim yuxuma girmişdi? Nə əlaqəsi? Niyə mən onlara özlərinə öldürməkdə mane olurdum? Axı mən də ölmək istəyirəm. Ama mane oluram və cəhənnəmin çox pis yer olduğunu deyirəm. Çox gülünc görsənir. Həyatda ölmək üçün vasitələr axtaran yuxuda başqalarına onun zərərindən danışır. Görəsən, niyə belə bir yuxu gördüm?

Bu yuxunun məndə buraxdığı təsir universitetdə də davam etdi. Hələ də o yuxunu yozmağa çalışırdım. Axırıncı dərsə girmədim. Çünki axırıncı dərsin müəllimindən heç xoşum gəlmirdi. Müəllim hələ də sovet ideologiyası ilə yaşayırdı. Onun paslanmış fikirləri, dar dünyagörüşü məni qıcıqlandırıdı. Mənə elə gəlirdi ki, insanın yaşı artdıqca, onun dünyagörüşü də artır, genişlənir. Ama , sən demə səhv düşünürəmmiş. Ama evə də getmədim. Əlacım olsaydı heç getməzdim də. O ev məndə heç bir yaxşı təəssürat yaratmamışdı. O ev mənim bütün arzularımı öldürmüşdü. O evin divarları çox faciələrə şahid olmuşdu. Çox göz yaşı və Allaha ümidsiz yalvarışlar görmüşdü.

Universitetin dəhlizində, pəncərə qırağında dayanmışdım. Qulağımda qulaqcıq. Bufetə düşmürdüm. Orada həmişə tələbələr olurdu. Hətta dərs vaxtı da. Mənsə insan izdihamından uzaq qaçırdım. Mənim yerim bu boş və tənha dəhliz idi. Qulağımdan qulaqcığı çıxartdım. Hərdən insan ən sevdiyi mahnıya da dəfələrcə qulaq asanda ondan bezir. Mən də bezmişdim. Pəncərədən həyətə baxdım. Uşaqlarımızı fikirləşdim. Yazıqlar indi o müəllimin 90 dəqiqəsinə dözməli idilər.

-Ehhh-dərindən ah çəkdim. Bu sakitlik mənə böyük həzz verirdi. Çox sevirdim sakitliyi. Dəhlizdə dərin sükut vardı. Mənsə dodağımın altında ən çox sevdiyim repi mızıldanırdım:

Yenə qaldın tək, unudulmuş,yaralanmış, aaaa

Köhnə şəkillər yerə səpələnmiş, qaralanmış,aaa

Kipriklərin iti qılıncdan, barmaqların caynaq kimi

Gözlərindən çıxan alovlar məni yandırdı yarpaq kimi...

Birdən qulağıma səs gəldi. Geri çevrilib, uzun boş dəhlizə baxdım. Heç kim yox idi. Başıma gələn müəmmalı hadisələrdən sonra artıq hər şeydən şübhələnməyə başlamışdım. Yenidən pəncərəyə tərəf döndüm və mızıldanmağa davam etdim:

Bezmişəm küləkdən, bezmişəm günəşdən

Bezmişəm yağışdan, bezmişəm sevgidən

Bezmişəm arzudan, bezmişəm boş ümiddən

Bezmişəm hər şeydən, bir liman bir də...

Yox, bu dəfə dəqiq əmin idim ki, mən dəhlizdə tək deyiləm. Geri çevrilib, diqqətlə dəhlizə baxdım. Səs gəlirdi. Bir qız ağlayırdı deyəsən. heç kimi görmürdüm, ama səsi eşidirdim.

-Sən alçaqsan. Alçaq. Aldatdın məni. Nifrət edirəm sənə.

-Yaxşı. Sakit ol. Sakitləş.

Bu dəfə oğlanın da səsi gəlirdi. Deyəsən mübahisə edirdilər. Bir istədim səs gələn tərəfə gedim. Ama dərhal fikrimdən əl çəkdim. Nəyimə lazım, kim kimlə nəyə görə mübahisə edir. Bu onların məsələsi idi. Ama insanın təbiəti belədir. Ona hər şey maraqlı gəlir. Hər şey haqda bilmək istəyir. Bu normaldır. Əgər belə olmasaydı, heç bir ixtira baş verməzdi. Biz də inkişaf etməzdik. Mən onlar tərəfə getməsəm də, onların nə üçün mübahisə etdiyini bilmək istəyirdim. Bəzən mənə bu mübahisələr elə mənasız və boş gəlirdi ki. Çox şahid olmuşdum belə hadisələrə. Avtobusda, yolda, universitetdə. Bəzən qızın və ya oğlanın ittihamını eşidəndə ətim tökülürdü.

-O qız kim idi?

-Vallah tanışdır. Başqa şey deyil.-oğlan cavab verir.

-Heç tanış da danışanda “canım” deyər?


Yüklə 287,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə