Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

 

Lakin ruhun uçmağa can atdığı sonsuz səmada saf, ağappaq bir parıltı hökmrandır. Orada nə gündüz, nə 

gecə, nə surət, nə rəng, nə də tək bircə, tək bircə söz var. 

 

 



 

* * *. 


 

Mən öz «mənliyimi» əzizləyib hər tərəfə cilvələndirməli, sənin nuraniliyinə rəngarəng kölgələr 

saçmalıyam, – sənin ilahi iradən belədir. 

 

Sən özünü bölüşdürüb öz uzaq «mənliyini» saysız-hesabsız səslərlə çağırırsan. Bu uzaqlıq da mənim 



varlığımdadır. 

 

Acı nəğmə əks-səda kimi rəngarəng göz yaşları və təbəssümlər, həyəcanlar və ümidlər halında bütün 



asimana yayılmışdır; dalğalar qalxır-enir, röyalar dağılır və yaranır. Sənin öz-özünü məğlub etməyin 

mənim varlığımdadır. 

 

Sənin ucaltdığın bu divarı gündüzün və gecənin fırçası saysız-hesabsız təsvirlərlə bəzəmişdir. Onun 



ardında isə, sənin tək bircə düz xətti olmayan, əsrarəngiz əyri xətlərdən ibarət taxtın durur. Sənin və 

mənim əzəmətli təntənəmiz bütün səmanı çulğamışdır. Hava sənin və mənim səslərimizdən titrəyir, 

bizim gah əyan, gah nihan olmamızla əsrlər gəlib keçir. 

 

 



 

* * *. 


 

Mənim varlığımı öz dərin, gizli təmasları ilə oyadan odur, o – ən məxfi qüvvə. 

 

Mənim gözlərimi sehrləndirən, qəlbimin tellərini şən-şən dilləndirən, gah şirin, gah həzin nəğmələr 



yaradan— odur, o. 

 

Xilqətin cisminə gümüşü və qızılı, lacivərd və yaşıl ötəri çalarlar saçan odur, o. Qırçınlarda onun 



ayaqları görünür və mən onlara təmas edərkən mənliyimi unuduram. 

 

Günlər keçir, əsrlər keçir, çox-çox adlarda, çox-çox şəkillərdə, fərəh və kədərin çox-çox həmlələrində 



daim mənim qəlbimə hakim olan – odur, o. 

 

 



 

* * *. 


 

Gecə-gündüz mənim damarlarımda axan həmin həyat seli bütün kainatda da axır və ahəngdar rəqs edir. 

 

Bu həmin həyatdır ki, saysız-hesabsız ot şəklində torpağı dəlib şən-şən cücərir və çiçəklərdən, 



yarpaqlardan ibarət gurultulu dalğalar halında yayılır. 

 

Bu həmin həyatdır ki, doğum və ölümün beşiyi olan okeanda qabarma və çəkilmə halında qalxıb-enir. 



 


Hiss edirəm ki, əzam bu həyatla təmasdan nur alır və mən qanımda rəqs edən bu əbədi həyat 

qaynağından qürur duyuram. 

 

 

 



* * *. 

 

Məgər sən bu ahəngin sevincindən fərəh duymaqda acizsənmi? Hərlənməkdən, qeyb olmaqdan, bu 



dəhşətli sevincin burulğanına qapılmaqda acizsənmi? 

 

Hər şey durmadan, geriyə baxmadan daim irəli can atır və bu meyli saxlaya biləcək heç bir qüvvə 



yoxdur! 

 

Bu əbədi musiqinin müşayiəti ilə ilin fəsilləri hərlənə-hərlənə rəqs edib keçir, – rənglər, səslər, qoxular 



hər an səpələnib ölən sevinc coşqunluğu içində bitib-tükənməz şəlalələr halında axıb gedir. 

 

 



 

* * *. 


 

Dünya gənc ikən bütün ulduzlar ilk yaranış əzəməti ilə parlarkən, bütün allahlar səmada toplaşıb, bir 

ağızdan bu nəğməni oxuyurdular: 

 

 



 

Ey mükəmməl mənzərə! Ah, ey pak təmiz fərəh!.. 

 

 

 



Amma birdən onlardan biri çığırdı: 

 

– Mənə elə gəlir ki, ulduzların silsiləsi hardasa qırılmışdır və bir ulduz çatışmır. 



 

Onların rübabının qızıl teli qırıldı, onların nəğməsi donub qaldı və hamısı vurnuxmaya düşüb 

çığırışdılar: 

 

– Bəli, o itən ulduz  hamısından yaxşı idi, o, göylərin şərəfi-şöhrəti idi! 



 

O gündən bəri allahlar yorulmadan həmin ulduzu axtarırlar və bir-birini səsləyib fəryad edirlər ki, 

həmin ulduzla bərabər dünya öz sevincini itirmişdir. 

 

Yalnız ulduzlar gecənin dərin sükutu içində gülümsünüb bir-birinə pıçıldaşırlar: 



 

«Bu zəhmət əbəsdir! Hər tərəfdə tam bir mükəmməllik var!» 

 

 

 



* * *. 

 



Mənim üçün azadlıq inkar və imtinadan ibarət deyildir. Minlərcə buxovum olsa da, özümü azadlığın  

ağuşunda hiss edirəm. 

 

Sən cürbəcür çiçəklərdən və ətirlərdən aldığın şərabınla mənim bu fani kuzəmi daim ağzına qədər 



doldurursan. 

 

Mənim varlığım minlərcə cürbəcür çıraqlar yandırıb sənin məbədinin qurbangahına düzəcəkdir. 



 

Yox, mən öz hissiyyatımın qapılarını heç bir zaman bağlamayacağam. Görmək, eşitmək, toxunmaqla 

duymaq sevincləri məndə sənin sevincini doğuracaqdır. 

 

Bəli, mənim bütün azğınlıqlarım sevinc alovları içində yanır və bütün arzularım məhəbbət meyvələri 



halında yetişir. 

 

 



 

* * *. 


 

Gün sönməkdədir, yer üzərinə kölgələr düşür. Çay sahilinə gedib, kuzəni doldurmaq vaxtıdır. 

 

Axşamın havası suların həzin musiqisi ilə dolmuşdur. Ah, o, məni toranlığa çağırır! Ot basmış cığırda 



bir gəlib-gedən görünmür, külək qalxır, çayın üzünü narın dalğacıqlar bürüyür. 

 

Bilmirəm evə qayıdacağammı. Bilmirəm kimə rast gələcəyəm. Orada, çayın dayaz yerində kiçik bir 



qayıqda kim isə ud çalır. 

 

 



 

* * *. 


 

Ey ömrümün sultanı, mən hər gün sənin hüzurunda durmalıyammı? 

 

Ey dünyalar hökmdarı, mən, əl-qolu bağlı, hüzurunda durmalıyammı? 



 

Mən əzəmətli səmanın altında, tənhalıq sükutu içində müti qəlbimlə sənin hüzurunda durmalıyammı? 

 

Sənin mübarizə və işlə dolu olan zəhmət dünyanda, vurnuxan izdihamın arasında mən sənin hüzurunda 



durmalıyammı? 

 

Ey hökmdarlar hökmdarı, bu dünyada mənim zəhmətim bitdikdən sonra tək-tənha itaətlə sənin 



hüzurunda durmalıyammı? 

 

 



 

* * *. 


 

Sənin biz fani insanlara lütf etdiyin hədiyyələr bütün ehtiyaclarımızı ödəyib, heç əskilmədən, yenə sənə 

qayıdır. 

 



Çay öz həmişəki işini görür, zəmilər və kəndlər arasından tələsə-tələsə axıb gedir; amma yenə 

yorulmaq bilməyən  suları sənin ayaqlarını yumağa can atır. 

 

Çiçək öz ətri ilə havanı rayihələndirir, amma yenə də son nəsibi özünü sənə fəda etməkdir. 



 

Dünya sənə itaət etməklə heç bir şey itirmir. 

 

İnsanlar şairin sözlərinin mənasını cürbəcür başa düşürlər. Amma yenə də onların son mənası – sənsən. 



 

 

 



* * *. 

 

 



 

Mən səni öz Allahım bilirəm, amma kənarda dururam, – səni özümə bərabər bilib, yaxınlaşmağa cürət 

etmirəm. Mən səni öz atam bilirəm və sənin ayaqların altında səcdə edirəm,— mən sənin əllərinə dost 

əlləri kimi toxunmuram. 

 

Mən sənin nazil olduğun yerdə durmuram, səni özümünkü bildiyim halda, bağrıma basmıram və özümə 



yoldaş saymıram. 

 

Sən qardaşlarım içində qardaşımsan, amma mən onları görmürəm, öz qazancımı onlarla bölüşmürəm, 



hər şeyimi səninlə bölüşürəm. 

 

Sevinəndə də, kədərlənəndə də adamların yanına getmirəm, sənin yanına gəlirəm. Mən həyatımı 



verməyə cürət etmirəm, – həyatın əzəmətli sularına baş vurmuram. 

 

 



 

* * *. 


 

Əgər mənə bu həyatda səninlə görüşmək nəsib olmayacaqsa, elə et ki, sənin surətini görməkdən 

məhrum olduğumu həmişə hiss edim, – elə et ki, səni bir an da unutmayım, elə et ki, röyalarımda da, 

oyaqlıqda da kədər neştərini hiss edim. 

 

Mənim günlərim bu dünyanın izdihamlı bazarında keçir. Ovuclarım gündəlik qazancla dolur, amma elə 



et ki, heç bir şey qazanmadığımı daim hiss edim, – elə et ki, səni bir an da unutmayım, elə et ki, 

röyalarımda da, oyaqlıqda da kədər neştərini hiss edim. 

 

Mən, taqətsiz, tövşüyə-tövşüyə yolun kənarında oturub, toz-torpaq içində dincəldikdə, elə et ki, 



qarşımda hələ uzun bir yol olduğunu daim hiss edim, – elə et ki, səni bir an da unutmayım, elə et ki, 

röyalarımda da, oyaqlıqda da kədər neştərini hiss edim. 

 

Otaqlarım bəzəndikdə, oradan tütək səsləri və qəhqəhələr eşidildikdə elə et ki, səni öz evimə 



çağırmadığımı daim hiss edim, – elə et ki, səni bir an da unutmayım, elə et ki, röyalarımda da, 

oyaqlıqda da kədər neştərini hiss edim. 

 

 



 

* * *. 


 

Artıq halallaşma dəmidir. Mənə yaxşı yol arzulayın, qardaşlar! Bütün varlığımla sizə baş əyib 

uzaqlaşıram. Budur, qapımın açarlarını sizə qaytarır və bu mənzilə olan bütün ixtiyarımdan əl çəkirəm. 

Sizdən yalnız bir neçə kəlmə xoş söz diləyirəm. 

 

Biz uzun müddət qonşu olmuşuq, amma mən sizə verdiyimdən çox almışam. Budur, sübh yaxınlaşır və 



mənim qaranlıq guşəmi işıqlandıran çıraq sönür. Çağırışı eşidirəm və yola düşürəm. 

 

Ey dağılmış ibadətgahın tanrısı! Müqəddəs kamanın qırılmış telləri daha səni tərənnüm etmir. Axşam 



çalınan zənglər sənə ibadət vaxtının çatdığını xəbər vermir. Ətrafında hava sakit və səssizdir. 

 

Sənin tərk edilmiş məskənində ətirli bahar yelləri əsir. O, çiçəklərdən, daha sənin hüzuruna 



gətirilməyən çiçəklərdən xəbər verir. 

 

Sənin gözəl xidmətçin bu günə qədər sərgərdan gəzib, məhrum olduğu lütflərin dərdini çəkir. Axşam 



işıqlar və kölgələr torpağın qaranlığına qarışdıqda, o, ürəyi atəşlə dolu, qayıdıb xaraba qalmış 

ibadətgaha gəlir. 

 

Ey dağılmış ibadətgahın Tanrısı, çox-çox bayram günləri sənin üçün sükut içində keçir, çox-çox ibadət 



gecələri çıraqlar yanmadan, ötüb gedir. 

 

Mahir ustalar tərəfindən çox-çox yeni təsvirlər yaradılmış və vaxtı çatdıqda, müqəddəs unutqanlıq 



selinə atılmışdır. 

 

Yalnız xaraba qalmış ibadətgahın Tanrısı xidmətçilərsiz də əbədi laqeydliklə yaşayır. 



 

 

 



* * *. 

 

Ölüm gəlib qapını döydüyü gün, ona nə təklif edəcəksən? 



 

Ah, mən həyatımın dolu piyaləsini qonağımın qabağına qoyacağam. 

 

Yox, mən onu əliboş yola salmayacağam. 



 

O gəlib qapımı döydükdə, layız günlərinin və yay gecələrinin bütün şirin məhsullarını, ömrümün son 

günlərində onun hüzuruna yığacağam. 

 

 



 

* * *. 


 

Ah, gəl ey həyatın son təcəssümü olan ölüm, ey mənim ölümüm, gəl və qulağıma pıçılda! 

 

Mən səni hər gün gözləyirdim; sənin xətrinə həyatın sevinclərinə və əzablarına dözurdüm. 



 


Mənim nəyim varsa, bütün ümidlərim, bütün məhəbbətim, hamısı həmişə ürəkdən sənə meyl edirdi. 

 

Çiçəklər hörülmüş, nişanlımın çələngi hazırdır. Nikahdan sonra gəlin öz evini tərk edib, gecənin sükutu 



içində tək-tənha öz ağasını gözləyəcəkdir. 

 

 



 

* * *. 


 

Getməli olduğum bu saatda mənə xoşbəxtlik arzulayın, a dostlar! Göylər şəfəqdən od tutub yanır, 

yolum çox gözəl olacaqdır! 

 

Sormayın ki, özümlə nə aparıram. Mən yola əliboş, amma ürəyim ümidlərlə dolu çıxıram. 



 

Mən toy çələngini taxacağam, mənə səfər paltarı lazım deyil, yolum təhlükələrlə dolu olsa da, əsla 

qorxu duymuram. 

 

Yolum başa çatdıqda, axşam ulduzu doğacaq və padşahın darvazası ağzında axşam melodiyalarının 



həzin səsləri ucalacaqdır. 

 

 



 

* * *. 


 

Mənim nəğmələrim bütün ömrüm boyu səni axtarmışlar. Məni dərbədər gəzdirən onlar olmuşdur və 

onların sayəsində bu aləmi dərk etmişəm. 

 

Mənə hər şeyi öyrədən onlardır, mənə gizlin yolları onlar göstərmiş, qəlbimin səmasında çox-çox 



ulduzlar kəşf edib gözlərim önündə əyan etmişlər. 

 

Onlar səfa və cəfa diyarının sirləri arasında məni bütün günü gəzdirmişlər; bəs zəvvarlığımın sonunda 



qürubçağı, görəsən, hansı qapıya gətirib çıxarmışlar? 

 

 



 

* * *. 


 

Sənin xidmətçin olan Ölüm mənim qapım ağzındadır. O, naməlum dənizlərdən keçib sənin dəvətini 

mənim mənzilimə çatdırmışdır. 

 

Gecə qaranlıq, qəlbim qorxu ilə doludur, amma mən yenə də çırağı götürüb qapını açaçaq və onun 



hüzurunda təzim edəcəyəm. Çünki qapımın ağzındakı sənin qasidindir. 

 

Mən gözü yaşlı, onun hüzurunda təzim edəcəyəm. Mən qəlbimin xəzinəsini onun ayaqları altına səpib, 



hüzurunda təzim edəcəyəm. 

 

O, tapşırığı yerinə yetirib, mənim sabahımı qaraldaraq qayıdacaqdır, bomboş evimdə yalnız tərk 



edilmiş cəsədim qalacaqdır, – bu da mənim sənə təqdim etdiyim son qurbandır. 

 



 

 

* * *. 



 

Mən, öləziyən ümidlə içəri girib onu evin hər guşəsində axtarıram; o heç yerdə yoxdur. 

 

Mənim evim böyük deyildir, oradan bir dəfə çıxıb gedən bir daha qayıtmaz. Amma sənin məskənin 



hüdudsuzdur, ey hökmdarım, onu axtara-axtara sənin qapına gəlmişəm. 

 

Sənin axşam səmanın zərli pərdəsi altında durub, ehtiras dolu gözlərimi qaldırıb sənə baxıram. 



 

Mən əbədiyyət həddinə gəlib çatmışam, burada heç bir şey, – nə ümid, nə xoşbəxtlik, nə göz yaşları 

arasından görünən çöhrə əsla yox olmur. 

 

Ah, mənim bomboş qalmış həyatımı bu okeanın ağuşuna qəbul et. Kainata təmas etməkdən duyulan 



zövqü, itirdiyim həmin zövqü duymağa mənə yardım et. 

 

 



 

* * *. 


 

Mən sükanı əlimdən buraxdıqda, onu ələ almaq növbəti sənə çatacaqdır. Olmalı şey olacaqdır. 

Mübarizə nahaqdır. 

 

Onda, ey könül, dinməz-söyləməz məğlubiyyətinlə razılaş. Sənin üçün təyin edilmiş yerdə sakit-sakit 



durmağı xoşbəxtlik bil. 

 

Külək hər dəfə əsdikdə, çıraqlarım qaralır, sönür, onları yandırmağa çalışaraq, qalan hər şeyi 



unuduram. 

 

Amma bu dəfə ağıllı tərpənib həsirimi yerə sərərək, qaranlıqda gözləyəcəyəm; nə vaxt buyursan, 



dinməz-söyləməz gəl burada otur, ilahi! 

 

Mən daha gurultulu, dəbdəbəli nitqlər söyləmirəm, – hökmdarımın iradəsi belədir. İndən belə pıçıltı ilə 



danışıram. Qəlbimin sözləri sakit nəğmə kimi səslənəcəkdir. 

 

Adamlar padşahın bazarına tələsirlər. Bütün satıcılar və alıcılar artıq oradadır. Amma mən gündüz-



günortaçağı, işin ən qızğın vaxtında, ilahi, icazə almışam. 

 

Hər nə qədər vaxtı çatmamışsa da, qoy bağçamdakı çiçəklər açılsın və günortaçağı arılar tənbəl-tənbəl 



vızıldamağa başlasın. 

 

Mən xeyirlə şərin mübarizəsində çox-çox saatlar keçirmişəm, amma indi asudə günlərimin yoldaşının 



arzusu belədir ki, qəlbimi özünə sarı çəksin. Amma bilmirəm ki, məqsədə qovuşmaq üçün bu mənasız 

çağırış nə üçündür. 

 

 

 



* * *. 


 

Bilirəm ki, bir gün gələcək, gözlərim artıq bu torpağı görməyəcəkdir və həyat məni sükut içində qoyub 

gözlərimə son pərdəni çəkəcəkdir. 

 

Amma gecələr yenə ulduzlar parıldaşacaq, əvvəlki kimi səhər açılaçaq, saatlar gələcək və nəşəni dəniz 



dalğaları kimi dalğalandıra-dalğalandıra axıb keçəcəkdir. 

 

Mən öz anlarımın sonunu düşündükdə, qarşımda anların pərdəsi sökülüb-tökülür və ölümün işığında 



sənin xəzinələrlə dolu dünyanı görürəm. Orada ən alçaq mövqe gözəldir, ən həqir həyat gözəldir! 

 

Arzuladığım şey, əldə etdiyim şey, qoy heç-puç olub getsin. Mənə yalnız rədd etdiyim, həqarətlə 



baxdığım şeyləri lütf elə. 

 

 



 

* * *. 


 

Mən bu həyatın astanasına ilk dəfə qədəm qoyduğum anı xatırlamıram. 

 

Görəsən, məni bu böyük əsrarəngiz aləmdə, gecə yarısı meşədə bir ağac tumurcuğu kimi açılmağa 



məcbur edən hansı qüvvədir? 

 

Səhər işığı gördükdə, birdən-birə hiss etdim ki, bu aləmdə yad deyiləm. Nə adımı, nə surətimi bilməyən 



bu naməlum aləm məni anamın surətində öz ağuşuna almışdır. 

 

Eynən bunun kimi, ölüm dəmi çatdıqda da, bu naməlum aləm çoxdan məlum bir aləm kimi zahir 



olacaqdır və mən həyatı sevdiyim üçündür ki, ölümü də sevə biləcəyəm. 

 

Ana körpəni sağ döşündən ayırdıqda, uşaq ağlayır, amma bir an sonra ananın sol döşünü tapıb sakit 



olur. 

 

Qoy mənim bütün hissiyyatım sənə vahid təzim ifadəsi ilə zahir olub, ayaqların altında bu dünyaya 



səpilsin, Allahım. 

 

Qoy mənim bütün ruhum hələ yağmamış damcıların yükü altında enib alçalmış yağmurlu iyul buludu 



kimi sənə vahid təzim ifadəsi ilə qapın ağzında diz çöksün. 

 

Qoy mənim nəğmələrim bütün ahəngdarlıqları vahid bir axın halında birləşdirib, sənə vahid təzim 



ifadəsi ilə sükut dənizinə axıtsın. 

 

Vətən həsrəti ilə gecəli-gündüzlü dağlardakı öz yuvalarına uçan durna qatarı kimi qoy mənim bütün 



həyatım sənə şahid təzim ifadəsi ilə öz əbədi məskəninə yönəlsin. 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə