Əziz Nesin



Yüklə 26,7 Kb.
tarix30.12.2017
ölçüsü26,7 Kb.
#18729

Əziz Nesin. Tarzan

Tərcümə: Savalan Seyhan



   Biz Ankaranın Maltəpə məhəlləsində oluruq. Əslimiz ankaralı olmasa da, paytaxtın köhnə sakinlərindənik. Maltəpədə bizim dalandakı üçüncü ev bibimin mülküdür. Bibim ömrünü sizə bağışlayandan sonra, evə biz köçmüşük. Məhəlləmizdə Tarzan adlı bir köpək var. Buraya haradan, nə vaxt gəldiyini bilmirik. Bəlkə də, lap küçük vaxtından burada qalıb. Yaşını da heç kəs bilmir. Bu barədə məhəllədə kimdən soruşsanız, cavabında: - Mən bu məhəlləyə gələndə Tarzan artıq qoca köpək idi, - deyir. 
   Amma bu da Tarzanın yaşını, təxmini də olsa, müəyyənləşdirməyə əsas vermir. On səkkiz il olar ki, biz bu məhəlləyə gəlmişik. Bibim ölüb, biz bu evə köçdüyümüz zaman Tarzan qoca bir köpək idi. Qonşumuz Memduh bəygil isə 21 ildir məhəllədə yaşayırlar. Onlar bura gəldikləri vaxt da Tarzan vardı, qoca bir köpək idi. Baqqal İlyasın dediyinə görə, Tarzanın yaşı otuzu ötməlidir. Çünki o, bura 30 ildir ki, gəlib. Tarzanı da elə bu kökdə görüb.
   Dəmiryol nəzarətçisi Mehmet əfəndi isə deyir ki, Tarzanın yaşı 40-ı çoxdan keçib, bu məhəlləyə köçdükləri zaman Tarzanın azı 3-4 yaşı vardı.
   Dürriyə bibi özünün Tarzandan cavan olduğunu hey təkid edir. Bu hesabla isə, Tarzanın yaşı gərək 50-ni çoxdan keçmiş olsun. 
Ona "Tarzan" adını kimin verdiyi də bəlli deyil. 
Elə bil ki, it:
   - Mənim adım Tarzandır, - deyə, hər kəsə özünü tanıtmışdır.
   Tarzanın sarı-boz rəngdə, qısa tükləri var. Nə çox kiçik, nə də çox böyükdür, təsəvvür elədiyimiz adi küçə itlərindəndir. Topal olmasa da, elə hey axsayar. Məhəllə uşaqları onu daşa basır, vururlar. Hələ heç kim zavallı itin dörd ayağının eyni vaxtda salamat olduğunu görməyib. Məhəllə uşaqlarının ən böyük əyləncəsi elə Tarzandır. Yazığın belinə minirlər, heç cınqırını da çıxarmır. Beli bükülə-bükülə, üstündəki uşağı daşımağa çalışır. Uşaqlar bununla da kifayətlənmir, ikisi birdən Tarzanın belinə minir. Tarzanın beli qırılır, taqəti tükənir. Beş-altı gün belini dikəldə bilmir, tozlu küçələrdə hey sürünür.
   Lap balacalar isə, quyruğunu çəkər, ora-burasına iynə batırarlar. Biçarə Tarzansa, heç elə bil it deyilmiş, quzu kimi lal-dinməz durub baxar. Yalnız canı çox ağrımış olarsa, başını yaramaz uşaqlara tərəf çevirər, sarı rəngli, çirk basmış gözləri ilə ağıllı-ağıllı baxar. Bu da kar eləməsə, köpək səsinə bənzəməyən yanıqlı bir səslə inildəyər.
   Məhəllə uşaqlarının ən əyləncəli oyunu isə Tarzanı hamılıqla birdən daşa tutmaqları sayılır. Bir də görürsən ki, Tarzanı bir divara söykəyiblər, özləri üçün hədəfə çeviriblər. İti daşa basır, nişan təlimi keçirlər. 
   Bir axşam evə gəlirdim. Gördüm ki, on - on beş uşaq bir sıraya düzülüb, əllərində daş, hazır vəziyyətdə gözləyirlər. Elə bu vaxt biri: - Atın! - deyə, bağırdı. Uşaqlar, buna bənd imişlər kimi, əllərindəki daşları Tarzana sarı tolazladılar.
Soruşdum:
- Neynirsiz?
- "Gülləbaran" oynayırıq, dayı, - deyə, dilləndilər. 
   Uşaqdılar da, uşaq oynayar da. Biz də uşaq olanda Tarzanla beləcə çox oynamışıq.
   Başına nə oyun açırlarsa-açsınlar, Tarzan bizim məhəlləni tərk eləmir. Başı bərkdir. Uşaqlar bir yana qalsın, heç böyüklərdən də bir nəvaziş görməyib. Məhəlləmizdəkilər Tarzana, heç olmasa, bir dəfə daş atmağı bu məhəlləli olmağın başlıca şərtlərindən biri sayırlar. Elə ki, Tarzan kiminsə ayaqlarına dolaşdı ha, dərhal onu təpiklə vurub yerə sərirlər. "Yaramaz heyvan, yaralı-bitli köpək", - deyirlər. Onun heç yara-xorasız olduğu vaxtlarını görməmişəm. Biz uşaq olanda onun qulaqlarını kəsmişdik. Bizdən sonrakılar da quyruğunu kəsdilər.
   Tarzanın qarnını necə doldurduğu da məlum deyil. Nə o bizim məhəllədən bir başqa yerə getməz, nə də məhəlləmizdən bir kimsə ona bir parça quru çörək verməz. Nə yeyər, nə içər - bəlli deyil. Bunu düşünmək belə heç birimizin ağlına gəlməyib. 
   Bir arada bələdiyyə qulluqçuları küçə itlərini öldürürdülər. Bu tamaşanı heç olmasa bir dəfə görmüsünüzmü? Başqa aləmdir. Bir maşın gəlir. İtöldürənlər maşından düşürlər. Əllərində təxminən iki metr uzunluğunda maşaya oxşar karastı olur. Bu karastıların ucları itidir. Bununla köpəkləri tuturlar. Karastının ucları itin qarnına girir, sonra da ki, yarasından qanlar axan köpəyi qaldırıb maşına atırlar.
   Bələdiyyənin itöldürənləri bizim Tarzanı da yaxaladılar. Bütün məhəllə camaatı bu mənzərəni seyr edirdi. Dəmir alətin iti ucları qarnına girincə: Tarzan ağlayırmış kimi bir səs çıxardı. Sonra başını çevirib bizə baxdı. İtöldürən Tarzanı havaya qaldırdı, maşına atarkən isə, gözlənilməz hadisə baş verdi. Tarzan çırpındı, dartındı, qarnı yırtıldısa da, karastının ucundan qurtula bildi. Qanı axa-axa, qaçıb uzaqlaşdı. 
   Ertəsi gün Tarzanı yenə də məhəllədə gördük. Bir müddət yaralı gəzdi, süründü. Sonra yaxşılaşdı. 
   İtləri bu sayaq alətlərlə öldürməyin insanlıqdan uzaq bir hərəkət olduğu barədə çoxlu şikayətlər edildiyindən, bundan sonra köpəkləri tüfənglə vurub öldürməyə qərar verildi. Bir gün köpək ovçuları bizim məhəlləyə də gəldilər. Bu, çox əyləncəli bir ov idi. Sahibi olan köpəkləri evdə saxlamışdılar. 
   Tarzanı vurmaq çətin olmadı. Güllə heyvancığazın sol döşündən dəydi. Yerə yıxıldı. Amma ovçular onu tuta bilmədilər, qaçdı getdi.
   Onu yaralı-birəli yenə məhəllədə gördük. İtöldürənlər, səhvən, sahibi olan bir iti də vurmuşdular. Sahibi də sayılanlardandır. Buna görə də, itləri tüfənglə vurmağın da insanlığa yaraşmayan hərəkət olması məlum olduqdan sonra, bu üsuldan da əl çəkdilər. İndi də köpəkləri zəhərləməyə başladılar.
   İtzəhərləyənlər bizim məhəlləyə də gəldilər. Məhəlləmizdən, Tarzandan əlavə, daha iki köpək zəhərli ət yemişdi. Heyvanlar bir qədər sonra yerə sərilib gəbərməyə başladılar. Köpəklərin ikisinin sahibi vardı. İtlərinə sarımsaqla qatıq içirdilər ki, bəlkə xilas olsunlar. Amma əlac olmadı, ikisi də öldü. Yalnız Tarzan xilas ola bildi. Hamımız elə bilirdik ki, artıq o ölüb. Çünki onu heç kim xilas etməyə çalışmamışdı. Gecəyə kimi düşdüyü yerdə hərəkətsiz qalmışdı. Səhər tezdən gördük ki, budur, Tarzan ayaq üstdədir. Uşaqlar sevincək halda - Yaşa, Tarzan! - deyə, qışqıra-qışqıra, onu daşa basmağa başladılar.
   Məhəlləmizə bir amerikan ailəsi köçmüşdü. Və həmin gündən də Tarzanın bəxti açıldı. Əvvəlcə amerikalının on dörd yaşlı oğlu Tarzana yemək verməyə başladı. Sonra onu evin bağçasına buraxmağa başladılar. Onun üçün bir evcik də tikdilər. Üç-dörd ayın içində Tarzan dəyişdi. Bir dəri - bir sümük qalmış Tarzan dumbul kimi oldu. Gözlərinə işıq gəldi, tükləri par-par parıldadı. Bambaşqa bir heyvan oldu... Tarzan bu qədər gözəlləşincə, hamımız onu sevməyə başladıq. Axı gözəl heyvanı kim sevməz ki?! Məhəllənin uşaqları ona çörək atmağa başladılar. Təkcə çörək yox ey, daha nələr... Məhəllədə hansı evə ət gəlsə, evin xanımı sür-sümüyü Tarzan üçün ayırır, oğluna deyirdi:
- Götür bunları, apar Tarzana ver.
  Tarzanın yeməyi əskik olmurdu. Bir sözlə, hamımızın fikri-zikri Tarzanın yanında idi.
- Amandı, Tarzan susuz qalmasın. Ağzı var, dili yox heyvancığazın. Yazıq susuzluqdan yanar ha!
- Tarzan üçün ət aparın!..
  Amerikalılar Tarzanı iki-üç gündən bir çimizdirirdilər. Tarzan par-par yanırdı. Qadınlar:
- Ay uşaq, - deyirdilər, - siz də Tarzanı çimizdirsəniz!..
  Qış gəldi. Amerikalılar Tarzanı evin alt mərtəbəsində saxlamağa başladılar. Amma onlar iti içəri aparmaqdan əvvəl, məhəllədə artıq dedi-qodu başlamışdı:
- Heyvanı soyuqdan donduracaqlar...
- Qışın bu qiyamətində heç iti bağçada saxlayarlarmı?.. və s. və i.
  Bəli, qış da keçdi. Məlum oldu ki, yazda amerikalılar vətənlərinə qayıdacaqlar. Bu arada söz çıxdı ki, Tarzanı da aparmaq istəyirlər. Pəh, məhəlləmizdə bir müsibət qopdu ki!.. Bəs necə, haqqımız da vardı.
  Dəmiryolu gözətçisi Mehmet əfəndi irəli çıxdı:
- Heç yerindən tərpədə də bilməzlər, - dedi - Məhəlləmizin köpəyini onlara verəcəyik? Ömründə ola bilməz!
  Dürriyə bibinin gözlərinin yaşı sel kimi axırdı. Ağlaya-ağlaya deyirdi ki:
- Heyvan əlimdə dünyaya göz açdı, böyüdü. Mən Tarzanı heç kimə vermərəm. Bircə Amerikaya getməyi çatmırdı. Vallahi ki, evlərini başlarına uçuraram.
  Baqqal İlyas söhbətə qarışdı:
- Ay balam, kimin köpəyini kimə verirsiniz? İt ki mənimkidir?! Onu lap körpəlikdən özüm bəsləyib böyütmüşəm.
Məmduh bəy məhəlləmizin ən oxumuşu olduğundan, qanunlara görə danışmağa başladı:
- Heç darıxmayın, heç yerə apara bilməzlər.
- Niyə ki? - deyə, soruşduq.
- Çünki, qanunlar yol vermir. Belə ki, Tarzan burada doğulmuş, böyümüş, bu məhəllədə yetişmişdir. Necə ola bilər ki, onu yad bir ölkəyə aparsınlar? Axı pasport verməzlər, bu bir... Ondan sonra...
   Sözü ağzında qaldı. Bütün məhəllə ayağa qalxmışdı. Tarzana görə məhəllədə Amerika əleyhinə dəhşətli bir əhval-ruhiyyə baş qaldırmışdı. Az qala bir faciə də baş verəcəkdi. Nə faciə? - Məhəlləmizdə Özgür adında bir universitet tələbəsi var. Bir gün necə olubsa, qəhvəxanada deyib ki, əşşi, qoyun aparsınlar da, heç olmasa, heyvanın canı qurtular. Pəh, az qalmışdı ki, oğlandan ötrü Linç məhkəməsi qursunlar. 
- Necə yəni "heç olmasa heyvanın canı qurtular"? Bu nə deməkdir?
  Biçarə tələbə:
- Yox ey, məqsədimi düzgün başa düşmədiniz. Bu saat izah edim, - desə də, qulaq asmayıb baş-gözünü yarmışdılar. Yazıq canını birtəhər qurtara bilmişdi.
   Amerikalıların evləri qarşısında toplaşırdıq, - Tarzanı istəyirik, - deyib bağırırdıq. Onlardan isə heç bir səs çıxmırdı.
- Amerikalılar bizim Tarzanı aparmaq istəyirlər, - deyə, polis idarəsinə getdik. Komissar bizi dinləyib dedi:
- Bir şikayət yazın ki, köpək sizinkidir. Sonrasına əncam çəkərik.
   Bütün məhəllə adından "Tarzan bizimdir!" - deyə bir şikayət ərizəsi tərtib etdik. Ayrıca olaraq, "Biz Tarzanımızı vermərik" tələbnaməsi altına da imza topladıq. İş get-gedə daha da böyüyürdü. Qonşu məhəllələr də işə qarışırdı.
   Bu arada, günlərin bir günü gördük ki, amerikalılar əşyalarını satıb getməyə hazırlaşırlar. Biz onların qapısının ağzına toplaşdıq. Onlar isə Tarzanı maşına qoydular. Birbaşa təyyarə meydanına gedəcək, birlikdə təyyarəyə minəcəkdilər. Amerikalı etirazımızı görüncə dedi:
- Əlli dollar verirəm, köpəyi satın mənə.
   Bu söz bizim səbir kasamızı daşırdı. Əcəb işdir, cibində dolları var deyə, bu amerikalı nəyimiz varsa satın alacaq?
- Əlli yox ey, lap yüz dollar, min dollar versən də, Tarzanımızı vermərik! - deyib, qəzəbimizi bildirdik.
   Zavallı Tarzan da, yazıq-yazıq baxır, sanki: - Nə olar, məni bu amerikalının əlindən qurtarın, - deyə, yalvarırdı.
   Uşaqlar, qadınlar ağlamağa, qışqırmağa başladılar. Hay-küyə polis də gəlib çıxdı. Tarzan məsələsindən xəbərləri vardı. Amerikalıya dedilər:
- Mister, bu köpəyi apara bilməyəcəksiniz.
- Nə səbəbə? - deyə, amerikalı çaşqın halda soruşdu.
- Çünki, sahibi var!...
   Xülasə, polisin köməyi ilə Tarzanımızı amerikalının əlindən qurtara bildik. Amerikalılar da arxalarına baxa-baxa getdilər.
   İndi Tarzan bizimdir. On günün içərisində yenə də əvvəlki halını aldı. Sısqalaşdı, qabırğaları çıxdı, yara-birə içində itib-batdı. Büsbütün bizim məhəllənin köpəyi oldu. Uşaqlar səhərdən-axşama kimi onu daşa basır, ora-burasına iynə sancır, belinə minirlər.
   Keçən axşam evə gəlirdim. Gördüm ki, uşaqlar Tarzanı başaşağı vəziyyətdə iplərlə ayaqlarından ağacdan sallamışlar. Əllərində bıçaq vardı.
- Nə edirsiz, ay uşaq? - deyə, maraqlandım.
   Dedilər ki, məktəbdə müəllim qurbağa kəsərək, ürəyini onlara göstərib. İndi onlar da Tarzanın üzərində eyni əməliyyatı aparmaq istəyirlər.
   ...Tarzan bir neçə gün yara-xora içində dolaşdı. Sonra yaxşılaşdı. Yenə məhəllənin küçələrində yıxıla-dura, gəzib dolaşır. 
Yüklə 26,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə