3
Oğlanın ad familiyasını, doğulduğu tarixi və yeri yadında saxladığından Əbdül
ora istədiyi vaxt gedə bilərdi.
- Yəqin orada da sizi kimi qayğıkeş adamlar var, - Əbdül dedi. - Hamı pis ola
bilməz ki!
- Təki olsun, - üzü torpaq rəngində olan dolu bir qadın dilləndi. Ağzının qıraqları,
dodaqlarının üstü qırış-qırış idi. – Pis dünyadı, qardaş, indi heç kəs heç kəsin kitabını
oxumur.
Adamlar dağılışdı. Əbdül əvvəl taksi saxlatmaq istədi. Çoxdan idi o, adam arasına,
tünlük yerə çıxmırdı. İnsanların nə düşündüyünü, necə yaşadığını görmürdü. Pis şeylər
onu tez mütəəssir edirdi. Zəhmətkeş ailədən çıxması onu insanlara qarşı həssas etmişdi.
Şükür allaha ki, ailəsinə babat bir güzəran qurmuş, onları hamının indi istər-istəməz
düçar olduğu pis dolanışıqdan qurtarmışdı. Rusiyadan dönəndən sonra qazandığı halal
pulları qənaətlə işlədərək kənddə özünə bir müəssisə yarada bilmışdi. Amma hər şeyin
bir gündə alt-üst ola biləcəyini də bir an olsun yaddan çıxartmırdı. Ürəyi yumşaqlığı da
onu həmişə insanlara sarı səsləyirdi.
Taksi onu getdiyi ünvanın qabağında saxladı. Qapını bir yaşlı, yorğun üzlü qadın
açdı. Əbdül:
-
Yaşarı görmək istəyirəm, - dedi.
Qadın onu tanımasa da Yaşarın qohumu olduğunu başa düşdü.
- Evi bir axşamlıq kirayə edib, - dedi.
- İndi harada olar? – Əbdül soruşdu.
- Dedi ki, bilet almağa gedir. Sonra da mer-meyvə almalıdır. – Gələndə nə deyim?
– Qadının onu evə dəvət etmək fikri yox idi.
Bacısına söz vermişdi ki, Yaşarsız qayıtmayacaq. Gəlini toy gecəsi atıb gəlmək
onların ailəsinə yaraşmayan iş idi. El-oba onları qınayardı. Qız uzaq qohum, abırlı
ailənin altı uşağından biriydi. Gəlib 30 yaşına çatmışdı. Az-çox savadı vardı, bağça
müəlliməsiydi. Kənddə iş tapmadığından gününü dörd divar arasında keçirirdi. Atasının
dolanışığı ağır idi. Altı uşaqdan heç biri, üstəgəl arvadı da işləmirdi. Kişi başını
itirmişdi. Qızlar hamısı ərə getmək yaşındaydılar, oğlanlarsa balaca. Rayonda belə
ailələr çox idi. Oğlan uşaqları böyüyən kimi heç olmasa iş-güc dalınca şəhərə qaçırdılar.
Qızlar isə ev-eşikdən heç yana tərpənə bilmirdilər.
Yaşar artıq qırxa çatırdı. Bacısının yeganə subayı o idi. Qız uşaqlarını pis, yaxşı
bacısı ev eləmişdi. Bircə o qalırdı. Gəlini oğluna çoxdan gözaltı eləmişdi. Qız Əbdülün
də ürəyinə yatırdı. Gözəl-göyçək, nərmənazık, tərbiyəliydi. Yaşar onu bəyənməyə
bilməzdi. Bəs niyə belə iş tutmuşdu. Əbdülü də qorxudan elə bu idi. Yaşarı Rusiyaya 7 il
bundan qabaq Əbdül özü aparmışdı. O vaxt buna ciddi səbəb var idi. “Bəlkə...?” Ağlına
gələn fikirdən Əbdülün ürəyi sancdı. Yaşar həmişə ona nümunəvi oğul təsiri
bağışlayırdı. Bacısı onu atasız böyütmüşdü. Bacılarını ər evinə Yaşar köçürmüşdü.
Demək olar ki, o bacılarına həm qardaş, həm də ata olmuşdu. Anasına yaxşı pul
göndərirdi. Amma anası onu evləndirməkdən savayı heç nə istəmirdi. Gözü yollarda,
qulağı telefonda qalmışdı. Əbdülü görən kimi dərdi açılırdı: “Özün qayıtdın, uşağı
kənddən didərgin saldın. Bəlkə ayağını bağlasam bir şey çıxdı.” – Bacısı sadədilliklə
götür-qoy edirdi. Yaşarın göndərdiyi puldan gəlinə qızıl üzük, boyun bağı, bilərzik,
4
gözəl paltarlar aldı. Elçi getdi. Qız evinin adamlarını arxayın edərək “oğlum gələcək,
başı qarışıqdır.” – dedi. Bacısı özü buna hamıdan çox inandığından Yaşarın bu gün, ya
sabah gələcəyini səbirsizliklə gözləyirdi. Budur, Yaşar gəlib çıxdı. Amma onu evdə
gəlin gözlədiyini bilən kimi heç kəsi xəbərdar etmədən elə ertəsi gün gecə qaçdı.
Əbdül Yaşarın ağıllı-dərrakəli olduğunu bilirdi. Əgər Yaşar belə iş tutmuşdusa,
nəsə ciddi bir səbəb olmalıydı. “Bəlkə...” Allah şeytana lənət eləsin. Bu fikir artıq
neçənci dəfə idi onun ağlına gəlirdi, evlənsə çətin olacaq. Qızı geri qaytarmaq lazım
gələcək. Bacısının bundan ürəyi partlardı. Toyla evə gətirilən qızı geriyə qaytarmaq, -
bacısı bununla barışmayacaqdı, - Allah bu nə günlərdir, - onlar gəlib çıxıblar. Yox, qoy
bunu Yaşar özü həll etsin. Əbdülün işi onu tapıb yola gətirməkdir”.
“28 may” metrosuna getmək lazımdır. Burada girişdə telefonla danışmaq üçün
jeton təklif edənlər həmişə olur. Yenə metro. Şəhərki əhvalatı unutmasa da öz qayğıları
onu qoynuna almışdı.
Əbdül qatara minib boş yerlərdən birində oturdu. Bir çarşablı qadın “nənəyə pul
verin” deyərək oturanların qabağından keçir, dilini şirin salıb dualar edirdi.
30 yaşlı bir kişi “Yuxu yozumları”, “Xalq təbabəti” kitabını təbliğ edir, sərnişinlər
arasında müştəri axtarırdı.
Qarşısında pırtdaşıq saçlı, pal-paltarı əzik, çirkli 12-13 yaşında bir qız uşağı durdu.
Əyilib Əbdülün əlini, onun yanında oturan digər kişinin dizini öpdü. Əbdülün əti
ürpəşdi. Çox ədəbsiz üzü vardı. Pul istəyirdi. Bu sayaq dilənməyi birinci dəfə görürdü.
Qıza nəsə vermək fikri yox idi . Onun hərəkətləri Əbdüldə ikrah doğururdu. Yanındakı
kişi qızın ovcuna 10 qəpik basdı. Əbdül əvvəl “vermə, elələrini pula öyrətmək olmaz”
demək istədi, amma nəsə susdu. Qız əlləri, dizləri öpə-öpə oturanların qarşısından
keçirdi. Adamlar görünür, bu mənzərəyə alışmışdılar, heç kəsin vecinə deyildi. Hamı
özünə qapılmışdı.
Düşmək üçün qapıya yaxınlaşdı. Vaqonun qapıları aşılar-açılmaz dayanacaqda
qapını kəsdirən izdiham içəridəkilərin çıxmasını gözləmədən qatara minmək üçün
beyinsiz qoyun sürüsü təki içəriyə dürtülməyə başladılar. Cavanlar çiyinləri, qolları ilə
özlərinə yer edərək uşaq-qoca, kim gəldi sıxışdırırdılar. Çox gülünc mənzərə
yaranmışdı. 2 taylı qapıdan içəridən çölə, çöldən içəriyə itələyirdilər. Heç kəs heç kəsə
güzəştə getmək istəmirdi. Hamı bir-birini günahlandırırdı. Acı sözlər, təhqirlər...
Əbdül içəridəki axının təzyiqi ilə çölə çıxmaq istəyəndə, çöldən onu elə itələdilər
ki, az qaldı ahıl bir qadının qucağında otursun. İndi o da dartınmağa başladı və çölə
çıxanda kostyumunun düymələrinin açılmasından, qalstukunun sallanmasından utandı.
O yan, bu yana baxdı, özündən başqa məzəmmət etməyə kimsəni tapmadı. Qapılar
çoxdan bağlanıb, qatar yola düşmüşdü. Hamı üst-başını səliqəyə salıb öz yoluyla
getməkdəydi. Ondan başqa təəccüblənən yox idi. Bütün bunlar metroda gedib-gələnlər
üçün, demə, adı hal sayılırdı.
...Keçməyə yol axtarırdı, yol yox idi. Hər yanda adamlar əyləşmişdi, qabaqlarında
da zənbillər, kisələr. Göyərti, lumu, mandarin satırdılar. Bir oğlan uşağı qabağını kəsdi.
“lezviya, cib dəsmalı, noski” təklif etdi. Çiynindən qadın alt paltarı, mayka sallanan bir
qadınla burun-buruna dəydi. Bir də onu gördü ki, kiminsə qarşısındakı vedrəsinə bir
təpik ilişdirdilər, ciyər, qursaq, ürək yerə səpələndi.
Dostları ilə paylaş: |