ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   2   3   4   5   6   7   8   9   ...   76

 
 
17
əsərdə insanın həyat tərzini, məişətini, adət-ənənəsini göstərən 
müxtəlif epizodlar əks olunur. Buna görə  də yazıçının diqqət 
mərkəzində, ilk növbədə, obrazlar durur. Obraz, surət və ya 
personajlar bədii  əsərlərin iştirakçılarıdır. Yazıçı  əsərdə insan 
həyatını  bədii surətlər vasitəsi ilə  təsvir edir, bununla da həyata 
öz münasibətini bildirir. Bu səbəbdən də, ilk növbədə, insan 
adlandırılır – bədii əsərlərin obrazları yaranır. Beləliklə də, ədəbi 
dilin bədii üslubunda antroponimlər meydana çıxır. Bədii 
ədəbiyyatın səhifələrində yaşayan adların böyük bir hissəsi sözün 
əsl mənasında “danışmaq” qabiliyyətinə malikdir. (255, 4)  
Bədii onomastika vasitəsi ilə xalqa məxsus olan adət-
ənənələr, mədəniyyət, psixologiya, dilimizin qədim quruluşu 
nəsildən-nəslə kеçərək bu günümüzə gəlib çatmışdır.  
Bədii əsərlərdə adlandırılmış insanlar personajlara, obrazlara 
və ya surətlərə çevrilir. “Sənətkar həyatı bədii obrazlar vasitəsi ilə 
canlandırır, istedadının, idrak və hissinin qüdrəti ilə oxucunu 
müxtəlif dövrlərə, ölkələrə aparır, müxtəlif insan taleləri, onların 
daxili aləminin incələkləri ilə tanış edir, cərəyan edən hadisələrin 
iştirakçısına çevirir.” (38, c.2, 140) Hər bir personaj mənsub 
olduğu cəmiyyətin içərisində doğulmuşdır. Obraza mənsub olan 
hər bir səciyyəvi cəhət yalnız onun deyil, bütövlükdə  mənsub 
olduğu cəmiyyətin başlıca xarakterik cəhətləridir. Buna görə  də 
bədii dildə  iştirakçıların həm adları, həm titulları, həm ləqəbləri 
və s. haqqında məlumat verilir.  
Antroponimlər bədii ədəbiyyatda müxtəlif vəzifələr daşıyır: 
1. Antroponimlər vasitəsi ilə personajlar fərdiləşdirilir. 
2. Antroponimlər əsərə millilik gətirir.  
3. Obrazların mənəvi keyfiyyətləri çoх zaman adlarla 
səciyyələndirilir. 


 
 
18
4. Sənətkar  əsərin ideyasının təsirli çıxması üçün antropo-
nimlərdən istifadə edir.  
5. Düzgün ad seçimi oxucunun marağını artırır. 
6. Personajların antroponimləri onların yaşadıqları dövr 
haqqında məlumat verir. 
Təbiidir ki, bədii ədəbiyyat yalnız obrazlar məcmuəsi deyil. 
Bədii  ədəbiyyat söz sənətidir, həyatda baş verən hadisələri 
insanın dərk etməsi üçün bir vasitədir və fikrin ən incə çalarlarını 
göstərmək iqtidarına malikdir. Cəmiyyətdə müxtəlif hadisələr baş 
verir ki, bunlar da əsərdə  bədii  şəkildə öz əksini tapır. Bədii 
ədəbiyyatının üç növü olduğu (epik, lirik, dramaturji) məlumdur. 
Növlərindən asılı olaraq əsərlərdə yazıçının obrazları oxucuya 
təqdim etməsi müxtəlifdir. Dramaturgiyada əsərin  əvvəlində 
obrazların təqdim olunması onomastik tədqiqat üçün daha 
əlverişlidir. Dram əsərləri iştirakçıların danışığından, yəni 
dialoqdan ibarət olur, müəllifin nitqi,  demək olar ki, olmur. Bu 
janrın  əvvəlində - “əfradi-əhli məcalis” adlanan hissədə  əsərdə 
iştirak edən obrazların adları, ləqəbləri, titulları  və s. haqqında, 
remarkalarda isə hadisələrin cərəyan etdiyi məkan haqqında tam 
məlumat verilir. Belə ki, XIX əsrin ikinci yarısında  ədəbi dilin 
bədii üslubunun onomastikasını  təhlil etmək məqsədi ilə  həmin 
dövrdə yaşayıb-yaratmış görkəmli yazıçılarımızın dram əsərlə-
rinin “əfradi-əhli məcalis”inə  və ya əsərdə  iştirak edən obrazlar 
sisteminə nəzər salaq.  
M.F.Axundovun ”Hekayəti-Molla Ibrahimxəlil Kimyagər”də on 
obraz, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli 
şah-cadukuni-məşhur”da doqquz, “Hekayəti-xırs-quldurbasan”da 
on altı, “Sərgüzəşti–vəziri–xanı-Lənkəran”da on altı, “Sərgüzəşti-
mərdi-xəsis”də iyirmi, “Mürafiə vəkillərinin hekayəti”ndə iyirmi 


 
 
19
yeddi; N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli”ndə beş, “Daldan 
atılan daş topuğa dəyər”də on, “Sonrakı peşmançılıq fayda 
verməz”də yeddi, “Adı var, özü yox”da on üç, “Yağışdan çıxdıq, 
yağmura düşdük”də on üç, “Müsibəti-Fəxrəddin”də on beş, 
“Pəhləvanani-zəmanə”də on bir; N.Nərimanovun “Nadanlıq” 
pyesində on yеddi, “Dilin bəlası, yaxud Şamdan bəy”də on altı, 
“Bahadır və Sona”da altı, “Nadir şah”da iyirmi; Ə.Haqverdiyevin 
“Yeyərsən qaz ətini, görərsən ləzzətini” komеdiyasında yеddi, 
“Dağılan tifaq”da iyirmi, “Bəxtsiz cavan”da yeddi; 
C.Məmmədquluzadənin “Kişmiş oyunu”nda səkkiz, “Çay 
dəstgahı”nda isə doqquz obraz iştirak etmişdir. 
Epik və lirik növlərdə yazılmış  əsərlərdə isə onomastik 
vahidlərin araşdırılması tədqiqatçıdan daha çox səy tələb edir. Bu 
zaman əsər diqqətlə oxunmalı, onomastik vahidlər üzə çıxarılmalı 
və yalnız bundan sonra tədqiqata cəlb olunmalıdır. 
M.F.Axundovun “Aldanmış  kəvakib” (1857) povestində on yeddi 
obraz iştirak edir. “Hindistan şahzadəsi Kəmalüddövlənin öz 
dostu Iran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və 
Cəlalüddövlənin ona göndərdiyi cavab məktubu” (1864) fəlsəfi 
əsərində saysız-hesabsız onomastik vahidlər – antroponimlər, 
toponimlər, hidronimlər, kosmonimlər, ideonimlər və s. 
işlədilmişdir.  Əsərdəki onomastik vahidlərdən məlum olur ki
M.F.Axundov  ən qədim dövrlərdən etibarən Avropa və  Şərq 
fəlsəfəsini, tarixini, ədəbiyyatını, müxtəlif ideologiyaları, dinləri 
öyrənmiş, “Kəmalüddövlə  məktubları”nı yazmaq üçün ciddi 
hazırlıq işləri görmüşdür. Ədib öz fikir və ideyalarını düzgün əks 
etdirməyə çalışmış, bunun üçün müxtəlif mənbələrə müraciət 
etmişdir. Əsər antroponimlərlə zəngindir. Tədqiqat zamanı əsərdə 
150-dən artıq antroponim qeydə alınmışdır.  


 
 
20
Yuхarıda qеyd  еdilənlərdən bеlə  nəticə  çıхarmaq olar ki, 
bədii  əsərlərdə obrazlar sistemi antroponimlər sisteminə  bərabər 
deyil və obrazlar sistemində  hər təbəqənin nümayəndələrinin 
özünəməxsus yeri var. Adlarını çəkdiyimiz hər bir sənətkarın ad 
sistеmi XIX əsr Azərbaycan bədii dilinin onomastik fondunda 
xüsusi yer tutur. Belə ki, Hacı Nuru, Hacı Qara, Molla 
Ibrahimxəlil,  Şahbaz bəy,  Şölə xanım, Tükəz, Yusif Sərrac, 
Kəmalüddövlə, Cəlalüddövlə Azərbaycan bədii dilində  məhz 
M.F.Axundovun, Rüstəm bəy, Mələk, Fəхrəddin, Hacı Qənbər və 
digər obrazlar N.Vəzirovun, Məhəmmədhəsən əmi, Хudayar bəy, 
Zеynəb, Izzət və bir sıra başqa antroponimlər 
C.Məmmədquluzadənin “vurulmuş möhrü”, “imzasıdır.” Həmin 
antroponimlər sistemi müasir dövrümüzdə də həmin sənətkarlara 
məxsus olaraq qalmaqdadır.  
Bədii üslubda digər onomastik vahidlər kimi antroponimlər 
də, bütövlükdə  əsərin ideyasına, süjet xəttinə, hadisələrin 
inkişafına xidmət edir. Əlbəttə, sənətkar antroponim seçərkən 
daha çox yaşadığı dövrün, mühitin səsinə qulaq asır, çünki “dil 
хalqın malıdır və bu cəhətdən, tamamilə  təbiidir ki, hər bir dil 
mənsub olduğu хalqın tariхi ilə bağlıdır. Dil еlə bir güzgüdür ki, 
хalqın tariхi bu və ya digər şəkildə öz əksini tapır.” (17, 256) 
   
 
   


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə