13
Şəhərlərin göyçəkdir.
Sakitdir gen düzlərin.
Coşğundur dənizlərin
Sən dünyanın gözüsən!
Taleyimin özüsən!
Sevirəm bayrağını,
Öpürəm torpağını!
II aparıcı:
Əziz uşaqlar! Vətən haqqında nə qədər şeirlər yazılıb. Ancaq
Əhməd Cəmilin “Vətən” şeiri bunlardan seçilir. Heç kəs
Vətənin
gözəlliklərini hamının sevdiyi tərzdə belə
səsləndirməyib. Şeir xoşunuza gəldimi? Bəs sizdə öz
Vətəninizi sevirsinizmi? Dinlədiyimiz şerdə təsvir edilən
Vətənimizin gözəlliyi - yamyaşıl çölləri insanı heyran qoyan
düzləri, dərələri, sərin yaylaqları, gözoxşayan meşələri, gözəl
təbiəti oxucunu doğurdan da Vətənini sevməyə, qorumağa
səsləyir.Vətəni qorumaq üçün isə hər birimiz öz torpağımızın
qədrini bilməli, onun bir qarışını belə düşmən tapdağında
qoymamalıyıq.
I Aparıcı:
Uşaqlar, Əhməd Cəmilin yaradıcılığında müharibə mövzusu
da çox geniş yer tutur. Böyük Vətən müharibəsi illərində
Əhməd Cəmil bir əlində qələm, bir əlində silah ön cəbhədə
döyüşür. Buna görədə doğma torpağa məftunluq, məhəbbət
onun şeirlərinin canında, qanında, mayasındadır. Müharibə
mövzusunda şairin qələmə aldığı “Can nənə bir nağıl de”
şeiri 40-50-ci illərin ən oxunaqlı şeirlərindən olmuşdur.
Şeirdə canlanan nənə ilə nəvənin sohbəti başlayandan bitənə
qədər poetikliyini itirmir.
II aparıcı:
Müharibənin təkcə insanlar arasında bir savaş deyil, uşaqlara
da nə qədər psixoloji təsir etdiyini göstərir. Cəbhədəki atasını
tək xatırlayan bir uşağın mənalı sualları, nənəsi ilə şirin
söhbəti şeirin təsir gücünü artırır, onu oxunaqlı edir. Çöldəki
soyuqdan canında bir gizilti duyan, atasının səngərdə
olduğunu xəyalına gətirən, ağ toğlunu atası üçün kəsməyi
ürəyindən keçirən və bu arzu ilə yuxusunda ona qovuşan
körpənin narahatlığı təbii və gözəldir. Özü təsəlliyə möhtac
olduğu halda, körpə nəvəsinə təsəlli verən nənənin həsrət və
intizarı da şeirdə aydın duyulur. Şeiri oxuyarkən oxucuda da
adı bizə məlum olmayan bu qəhrəmana məhəbbət, dərin
hüsnü-rəğbət baş qaldırır və onun bahar zamanı müjdə
14
gətirən qaranquşla bir zamanda qələbəyə çatacağına ürəkdən
inanırıq. Hörmətli qonaqlar, gəlin oxucularımızın ifasında
“Can nənə bir nağıl de” şeirini dinləyək.
Oxucular səhnəyə çıxırlar.
I oxucu:
Ay nənə, bir nağıl de!
II oxucu:
Ömrüm-günüm yat daha,
Hamısın indi desəm, nağıl qalmaz sabaha.
I oxucu:
Can nənə, de birini də.
II oxucu:
Ağrın alım sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir uzaqdan
Taxt üstündə məstan pişik odur yatıb bayaqdan
Ört üstünü, dərdin mənə, bax eşikdə yel əsir.
I oxucu:
Qar yağırmı?
II oxucu:
Elə yağır...sazaq qılınc tək kəsir...
Belə yağsa qar sübhəcən yolu-izi örtəcək;
Ömrüm günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: “...Hələ xoşdur bu tərəfdə havalar.”
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar...
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən...
I aparıcı:
Şairin uşaqlar üçün yazdığı ən yaxşı şeirlərindən biri də
uşaqların sevimlisi şaxta babaya həsr edilmiş “Şaxta baba”
şeiridir. Şeirdə yeni ilin əhval-ruhiyyəsi, Şaxta
babanın gəlişi ilə başlanan şənlik öz parlaqlığını tapmışdır.
Səmimiyyət dolu bu gözəl misraları uşaqlarımızın hər
biri əzbər bilirlər. Gəlin balaca dostlarımızın ifasında
şeirdən səhnəciyə tamaşa edək.
Səhnəyə balaca oxucular gəlir. Səhnənin kənarında yaşlı bir baba ilə uşaqlar oturub
şənlənirlər. Səhnədə uşaqlardan biri Ayazın nəğməsini musiqi sədaları altında
söyləyir.
Oxucu(Ayaz): Külək, sən qılınc ol, əs,
Qar sən də yolları kəs;
Meşələr uğuldasın,
Düşsün dağa, daşa səs!
Şaxta, sən də divan tut!
Donsun faşist adlı qurd.
15
Yağılara baş əyməz
Bizim oba, bizim yurd!
Ata, səngərdə bərk dur,
Düşməni güllənlə vur!
Qoy dünyada qalmasın
Nə faşist, nə də quldur!
Külək, sən qılınc ol, əs,
Qar, sən də yolları kəs,
Qoy toplar güruldasın,
Düşsün dağa, daşa səs!
Ayaz nəğməsini qurtarır. Uşaqlar sevinc içində atılıb düşür, şadlıq edirlər. Al-əlvan
oyuncaqlarla bəzədilmiş yolka ətrafında yeni ili qarşılamaq üçün Şaxta babanı
gözləyirlər. Elə bu vaxt Şaxta baba səhnədə görünür.
I aparıcı: Nəğmə susunca, birdən
Ev sarsıldı yerindən.
Qopdu bayırda tufan,
Uğuldadı yel, boran,
Döyüldü pəncərə bərk
Açdı qapını külək,
Yelləndi çilçıraqlar.
Doldu evə soyuq,qar...
Aha-aha, deyəsən,
Şaxta babadır gələn!..
II aparıcı:
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq,
Girdi evə bir qoca,
Boyu çinardan uca.
Yapıncısı buz kimi
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu,
Uşaqlar görcək bunu,
Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
Saç-saqqalı ağarmış uşaqların səbirsizliklə gözlədiyi şaxta baba şənliyə daxil olur.
Musiqi sədaları altında uşaqlar onu dövrəyə alaraq oxuyurlar:
-Şaxta baba!
-Şaxta can,
16
Hardasan bu vaxtacan?
Şaxta baba təkbətək uşaqlarla görüşüb salamlaşıraq.
I aparıcı: Şaxta baba gülərək,
Uşaqlarla təkbətək
Salamlaşıb görüşdü.
Nəsə yadına düşdü
Fikrə getdi bir qədər.
Dedi:
Şaxta baba:
Əziz körpələr!
Qarlı dağlar aşaraq,
Çox ellər dolaşaraq,
Dağlarda qurdum dəyə,
Gəldim sizi görməyə...
II aparıcı: Uşaqlar gülüşərək.
Tez atılıb-düşərək,
Babaya əl çaldılar
Sonra xəbər aldılar:
Alqış səsləri eşidilir. Uşaqlar bir ağızdan qışqırır:
Uşaqlar:
Şaxta baba, can baba,
Xurcundakı nədir bəs?
Şaxta baba:
Heç salmayın səs!..
Aparıcı:
Əl atdı tez xurcuna,
Çıxarıb bir ağ cuna
Açdı onun qatını,
Büküb öz sovqatını
Payladı uşaqlara.
Şaxta baba çiynindəki xurcununda gətirdiyi sovqatları uşaqlara paylayıb
qurtarır,onlarla şənləndikdən sonra getməyə hazırlaşır.
Şaxta baba:
Eh yolçu yolda gərək...
Aparıcı:
Deyib qalxdı ayağa
Ucal çıxdı qabağa.
Şənlikdəki uşaqlardan biri qabağa çıxıraq deyir:
Oxucu (Ucal): Baba yaxşı yol
Bizi yaddan çıxarma.
Hər il çərəz gətir bol!
Aparıcı:
Şaxta baba gülərək
Əlini götürərək-
Düz apardı qaş ustə,
Dedi:
17
Şaxta baba: “O da baş üstə!”
I aparıcı:
Onun uşaqlar üçün yazdığı “Təzə il” şeirini də çoxumuz
əzbər bilirik.
Təzə il!
Gəzə-gəzə!
Gəl bizim eli bəzə!
Yağış gətir,qar gətir,
Günəşli bahar gətir.
Kömək edin şerin davamını bir yerdə söyləyək.
Aparıcı uşaqlarla birlikdə şeiri söyləyirlər.
Taxılçı taxıl əksin,
Suçu düzə su çəksin.
Bağ salsın qoca bağban,
Bar qonsun budaqlara...
Haraylasın gənc çoban
Sürünü otlaqlara.
Şeirin davamı şairin “Dünyanın gözəlliyi” kitabında verilmişdir.
I aparıcı:
İndi isə şairin yazdığı hər bir fəsili tərənnüm edən “Fəsillər
və nəsillər” şeirini oxucuların ifasında dinləyək.
Səhnə hər fəsli tərənnüm edən dekorasiyalarla bəzədilir. Səhnəyə hər fəsli tərənnüm
edən geyimdə dörd oxucu gəlir. Aparıcı uşaqlara təbiət haqqında öz biliklərini də
danışır, hər fəslin gözəlliyi – qışın sərtliyinin belə, gözəlliklərini onlara başa salır.
I aparıcı:
Məlumdur ki, Əhməd Cəmilin şeirləri uşaqların təfəkkürünün
inkişafında mühüm rol oynayır. Onun “Fəsillər və nəsillər”
şeiri buna sübutdur. Payızda ağaclar öz saralan yarpaqlarını
tökməyə başlayır. Quşlarsa yavaş-yavaş isti ölkələrə uçub
gedirlər. Qış gələndə hər yer ağappaq qara bürünür. Şaxta
tək kəsən soyuğa baxmayaraq uşaqlar qışı çox sevir.Yazda al-
əlvan çiçəklər çəmənləri bəzəyir. İsti ölkələrə uçub gedən
quşlar öz ölkələrinə qayıdır. Bilirəm, yay tətilini çox
sevirsiniz. Yayda havalar yaman isti olduğundan məktəblərdə
belə uşaqlar yay tətilinə buraxılır.
Hər fəsli tərənnüm edən oxucular çıxışlar edirlər.
Oxucu: (Yaz)
- Nə gözəl ətri olur
- Gecə bu çəmənlərin!
-
Nə qəşəng çətri olur
-
Gör, ağ yasəmənlərin!
-
Hələ göy üzünə bax!
-
Ulduzlar iri, parlaq...
18
-
Gediş-gəliş kəsilmir
-
Sübhəcən küçələrdə...
-
Quşların səsi qoymur
-
Yatmağa gecələr də!
Oxucu: (Yay)
Açın pəncərələri, yaman bürküdür bala.
Sərin su doldur, gətir, ay qızım bir piyala!
Su nədir, canım çay iç, ürəyin yanır əgər...
Bir piyala sərin su yayda dünyaya dəyər!
Oxucu: (Payız)
Qızım ört pəncərəni,
Külək qurutdu məni!
Yamanca sərtləşibdir nəfəsi havaların...
Baba nə xoş ətri var bu sarı heyvaların!
Oxucu: (Qış)
Nə qəşəng qar yağıbdır, görün, həyətə bağa!
Geyindirin uşaqlar getsin qar oynamağa!
II aparıcı: O, həm də sevə-sevə oxuduğunuz “Göyərçin” jurnalının ilk
sayı nəşr ediləndə “Göyərçin” şerini də yazmışdır. Söhbət
“Göyərçin” şeirindən düşmüşkən gəlin oxucumuzun ifasında
bu şeirdən bir parçaya qulaq asaq.
Oxucu:
Göyərçinim, ağ quşum,
Gəl qoşa uçaq, quşum!
Bakının göylərindən,
Xəzərin üzərindən,
Gəl, uçaq uzaqlara,
Qoşulaq uşaqlara...
Hər zəmidən bir sünbül,
Hər bağçadan qızılgül
Toplayıb qucaq-qucaq,
Gəl, uçaq,uçaq,uçaq!
Gəl dağdan-dağa qonaq,
Ellərə qonaq olaq.
Sevək hər dost eli biz,
Öyrənək hər dili biz.
Gəzək aranı, dağı,
Yandıraq hər sübh çağı
Bir dağ başında ocaq!
Gəl, uçaq, uçaq, uçaq!
Sonda alqış sədaları ilə uşaqlar səhnədən ayrılırlar.
Əhməd Cəmil haqqında çox danışmaq olar. Onun dərin dünyagörüşlü bir
şəxsiyyət, çox gözəl müəllim, pedaqoq, istedadlı bir şair kimi istər Şərq, istərsə də
19
Qərb ədəbiyyatını yaxşı bilib. Şairin şeirlərini təkrar-təkrar oxuduqda bu şeirlərin
saflığına,təmizliyinə, qüsursuzluğuna heyrətlənməyə bilmirsən. Əhməd Cəmilin qoyub
getdiyi poetik irs kəmiyyət etibarı ilə ilk baxışdan az görünə bilər. Lakin bu irsə bədii
keyfiyyət meyarı ilə,sənətkarlıq ölçüləri ilə yanaşsaq görərik ki,onun poeziyamızın
inkişafındakı mövqeyi misilsizdir. O, poeziya qarşısında böyük sənətkar məsuliyyətini
dərk edən, yaşayan şair idi. Buna görədə o, söz üzərində diqqətlə, səbrlə işləmək
əziyyətindən qətiyyən çəkinmirdi. Şeirlərinin keyfiyyətlərinə isə söz əzabına səbrlə
dözməsi ilə nail olurdu. Bu mənada Əhməd Cəmil yaradıcılığı gözəl yaradıcılıq
nümunəsidir.
Bəli, Əhməd Cəmilin ölməz poeziyası bu gün də bizimlədir, dilimizin əzbəridir.
İndi xatirələrə çevrilən Əhməd Cəmilin adı, şöhrəti əbədiyyətə qovuşub. Onun əsərləri
yadigar nəğmələrə çevrilib. Elə nəğmələrə ki, dünən də səslənib, bu gün də səslənir,
sabah da səslənəcək. Biz inanırıq ki, yaşadığı əsrdə, insanların qəlbinə yol tapan, ağır
günündə, kədərinə şərik olan, ürəyini ovunduran, şad günündə sevincilə nəfəs alan bir
sənətkarın xatirəsini oxucularımız həmişə əziz tutacaqlar.
20
İstifadə olunmuş ədəbiyyat:
Kitabları:
1.
Seçilmiş əsərləri.- B.: Gənclik, 1967.- 444 s.
2.
Seçilmiş əsərləri.- B.: Azərnəşr, 1975.- 366 s.
3.
Bahar şəfəqləri.- B.: Azərnəşr, 1964, 62 s.
4.
Balıqçı gəmiləri.- B.: Gənclik, 1968.- 10 s.
5.
Böyük qardaşımız.- B.: Azərnəşr, 1944.- 7 s.
6.
Can nənə, bir nağıl de.- B.: Azərnəşr, 1943.- 11 s.
7.
Dünyanın gözəlliyi.- B: Azərnəşr,1983.- 303s.
8.
Əsgər qardaşıma.- B.: Uşaqgəncnəşr, 1942.- 26 s.
9.
Ellər bayramı.- B.: Gənclik, 1972.- 14 s.
10.
Xoşbəxt uşaqlara.- B.: Gənclik, 1981.- 70 səh.
11.
Qələbə yolları.- B.: Azərnəşr, 1954.- 126 səh.
12.
Mənim azad torpağım.- B.: Uşaqgəncnəşr, 1960.- 53 səh.
13.
Şaxta baba.- B.: Uşaqgəncnəşr, 1942.- 15 s.
14.
Şeirlər.- B.: Azərnəşr, 1957.- 230 s.
15.
Təməl daşları.- B.: Azərnəşr, 1951.- 82 s.
16.
Vaxtında gəlmişik bu dünyaya biz.- B.: Yazıçı, 1979.- 297 səh.
17.
Yadigar.- B.: Azərnəşr, 1942.- 82 s.
Haqqında:
1.
Cəfərov T. Əhməd Cəmil // Cəfərov T., Əhmədova Ş., Məmmədova Ç.
Məktəblinin ədəbiyyat lüğəti.- B.: Ayna mətbu evi, 2007.- Səh.47.
2.
İkinci dünya müharibəsi dövründə ədəbiyyat // Müasir Azərbaycan Ədəbiyyatı I
cild.- B.: Bakı Universiteti Nəşriyyatı, 2007. - Səh.211-227.
3.
Süleymanlı Şamil. Əhməd Cəmil // Süleymanlı Ş. Azərbaycan Ədəbiyyatı
Ensklopediyası. I cild.- B.: Nağıl evi, 2008. - Səh. 368-369.
Dostları ilə paylaş: |