F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71


 
şəxsin rəqabət qabiliyyətinə bir çox hallarda lazımınca diqqət yetirilmir. Ənənəvi bilik sahələrinin nümayəndələri 
tərəfindən bəzən sosiologiyanın ictimai həyatda və elmdə öz qanuni və layiqli yerini tutmasına müəyyən 
müqavimət göstərilir. 
Dördüncüsü, sosioloji biliklərin təbliği də qənaətləndirici deyildir: əhalinin bəzi təbəqələri bu bilik sahəsinə, 
ümumiyyətlə. bələd deyildir. Görünür, sosiologiyanın uzun illər  ərzində ali və orta ixtisas məktəblərində  tədris 
olunmaması təsirsiz qalmamışdır. Kütləvi informasiya vasitələri də əksər hallarda sosioloji bilik sahələrinə o qədər 
də ciddi həvəs, maraq göstərmir. Mətbuatda, radio və televiziyada sosioloq kadrların azlığı özünü aydın surətdə 
hiss etdirir. Sosiologiyaya dair populyar nəşrlər də yox dərəcəsindədir. 
Sosiologiya artıq ali məktəblərdə  tədris olunan fənlər sırasında özünəməxsus yer tutmuşdur. Müstəqil 
Azərbaycanımızın inkişafının sosial problemlərinin həllində, cəmiyyətin ümumi sağlamlaşmasında sosiologiyanın 
rolu tam etiraf olunur. O, cəmiyyəti bütöv halda öyrənən bilik sahəsi kimi gənclərin dünyagörüşünün 
formalaşmasına, onların ideya-siyasi və  mənəvi-əxlaqi mövqelərinin müəyyənləşməsinə  fəal təsir göstərir. 
Sosiologiya elminin problemlərinə  bələd olmaq sayəsində  tələbə  gənclər bugünkü mürəkkəb, ziddiyyətli ictimai 
prosesləri daha dərindən dərk etmək imkanı qazanacaqlar. Sosiologiyadan dərs vəsaitinin hazırlanması  həmin 
imkanı reallaşdırmağa kömək etmək məqsədi güdür. 
Sosiologiyadan dərs vəsaiti mövcud tədris planlarına tam uyğun  şəkildə hazırlanmışdır. Müxtəlif 
ixtisaslarda təhsil alan tələbələr bu vəsaitlə tanış olmaq sayəsində ümumi sosiologiyanın problemlərini aydın 
təsəvvür edəcək, problemlərin həlli yollarını və xüsusiyyətlərini daha adekvat, məntiqli qavraya biləcəklər. Aydın 
məsələdir ki, tələbə  gənclər təkcə bu vəsaitlə kifayətlənməməli, ayrı-ayrı mövzular üzrə  məsləhət görülən 
ədəbiyyatı diqqətlə, səylə öyrənməlidirlər. Belə gərgin iş sayəsində tələbə mürəkkəb sosial münasibətlər aləminə 
dərindən nüfuz edə bilər, bu aləmin sirlərinə bələd ola bilər. Güman edirik ki, sosial gerçəkliyimizi daha obyektiv 
dərk etmək baxımından sosiologiya üzrə hazırlanmış vəsait tələbələrimizə müəyyən fayda verəcəkdir. 
Dərs vəsaiti on yeddi fəsli əhatə edir. I, II, III, IV, XI, XII, XIII, XIV və XVII fəsillər dos. F. Q. Vahidov, V, 
VI, VII, VIII, IX, X, XV və XVI fəsillər isə dos. T. B. Ağayev tərəfindən yazılmışdır. 
Oxuculardan xahiş olunur ki, vəsait haqqında irad və təkliflərini BDU-nun sosiologiya kafedrasına təqdim 
etsinlər. İrəlicədən təşəkkürümüzü bildiririk. 
 
BDU-nun sosiologiya kafedrasının 
Dosenti F. Q. VAHİDOV 
 



 
 
 
I FƏSİL 
 
 
SOSİOLOGİYA CƏMİYYƏT HAQQINDA ELMDİR 
 
 
1. Sosiologiya elminin meydana gəlməsi və inkişafı 
 
Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əsrə təsadüf edir. Həmin əsrin 30-50-ci illərində bu 
sahədə ilk ciddi addımlar atılmış, sosial sistemlərin fəaliyyəti və inkişafı qanunauyğunluqlarını öyrənən elmin bir 
çox əsaslı problemləri araşdırılmışdır. Sosiologiyanın meydana gəlməsi belə bir təlabatı ifadə edirdi: digər ictimai 
elmlərdə elə problemlər ortaya çıxmışdır ki, onların ənənəvi üsullarla, biliklərin təşəkkül tapmış mövcud sistemi 
çərçivəsində həll etmək artıq mümkün deyildiir. 
Dünyaya sosioloji baxım üç başlıca cəhəti özündə birləşdirir: 
Birincisi, cəmiyyət ayrı-ayrı ictimai ünsürlərin sadəcə mexaniki yığımı yox, öz xüsusi qanunları üzrə 
fəaliyyət göstərən, inkişaf edən müəyyən sistemli bütövlükdür. 
İkincisi, ideal ictimai quruluşun utopik konstruksiyasını quraşdırmaq yox, real surətdə mövcud olan ictimai 
münasibətlərin öyrənilməsi zərurəti dərk olunmalıdır. 
Üçüncüsü, mücərrəd fəlsəfı mühakimələrə yox, empirik tədqiqat metodlarına istinad edilməlidir. Aydın 
məsələdir ki, həmin metodların başa düşülməsi müxtəlif tədqiqatçılarda müxtəlif ola bilər. 
Sosioloji baxımın ünsürləri tədricən, bir-biri ilə qarşılıqlı əlaqədə təşəkkül tapmışdır. Bu proses yeni dövrün 
sosial fəlsəfi və tarix fəlsəfəsi hüdudlarında baş vermişdir. İctimai və humanitar elmlərin diferensiasiyası, empirik 
sosial və etnoqrafık tədqiqatların inkişaf etməsi, təbiətşünaslığın yeni-yeni nailiyyətlər qazanması  və onun 
cəmiyyətşünaslıqla 
[7 - 8]
 əlaqələrinin dərinləşməsi burada həlledici rol oynamışdır. 
Sosiologiyanın banisi görkəmli fransız mütəfəkkiri Oqyust Kont (1798-1857) hesab olunur. O öz təlimini 
əvvəlcə «sosial fızika» adlandırır. Lakin sonralar belçikalı alim və statistik A. Ketlenin (1796-1874) də  həmin 
termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz - sosiologiyanı daxil edir. 
Məlumdur ki, «sosial fızika» ideyası XVII əsrə təsadüf edir. Artıq «sosial fızika» nəzəriyyələri cəmiyyətə 
sistem kimi yanaşır, onu təbiətin bir hissəsi hesab edirdi. Başqa sözlə, cəmiyyətşünaslıq metodoloji baxımdan 
təbiətşünaslığın tərkib hissəsinə çevrilirdi. Lakin məhz O. Kont həmin ideyanı tam dolğunluqla, müntəzəmlik və 
əsaslılıqla işləməyə nail olmuşdur. Kontun fikrincə, «sosial fızika», yaxud sosiologiya cəmiyyət hadisələrinin fıziki 
hadisələrə müncər edilməsini nəzərdə tutmur: sosial olanın spesifikası elmi biliyin özünəməxsus ensiklopediyası 
olan «pozitiv sintez» çərçivəsində nəzərə alınmalıdır. 
Sosiologiyanın meydana gəlməsi XIX əsrdə  cəmiyyətin mövcud ziddiyyətləri, habelə  həmin ziddiyyətlər 
zəminində şaxələnən və kəskinləşən ictimai-siyasi mübarizə ilə bağlı olmuşdur. Yeni intellektual sintezə, insan və 
cəmiyyət haqqında realist təhlilə  tələbat getdikcə artırdı. Sosial hadisələri və prosesləri izah etmədən, ictimai 
həyatın müxtəlif tərəfləri barəsində konkret empirik informasiya almadan, bir sözlə, sosioloji realizm mövqeyində 
dayanmadan cəmiyyəti az-çox səmərəli idarə etmək mümkün deyildi. 
XIX əsrin sonlarına doğru sosiologiyanın bir elm kimi təşəkkülü əsasən başa çatır və XX əsrin əvvəllərində 
o, artıq cəmiyyətşünaslıqın aparıcı bölmələrindən birinə çevrilir. Onun öz anlayış aparatı formalaşır, getdikcə daha 
mürəkkəb və diferensial konsepsiyalar meydana gəlir. Tədricən öyrənilən problemlərin dairəsi genişlənir, 
metodologiya və  tədqiqat texnikası  məsələlərində  uğurlu addımlar atılır. Ümumi nəzəriyyənin və empirik sosial 
tədqiqatların paralel 
[8 - 9]
 inkişafı onların inteqrasiyası meyllərini gücləndirir. Sosiologiyanın təsisatlaşdırılması, 
ali təhsil sistemində, xüsusən universitetlərdə özünə möhkəm mövqe qazanması, bu sahədə çalışan peşəkarların 
artması, O. Kotun, H. Spenserin, F. Tönnisin, K. Zimmelin, E. Dürkheymin, M. Veberin, V. Paretonun əsərləninin 
öyrənilməsi, təbliği, yeni ideyalarla zənginləşdirilməsi - bütün bunlar XX əsrdə, xüsusən 20-ci illərdən sonra daha 
çox nəzərə çarpan səciyyəvi xüsusiyyətə çevrilir. 
Sosiologiyanın inkişafında 20-ci illərdən 50-ci illərə qədərki dövrün özünəməxsus yeri vardır. Təxminən iki 
dünya müharibəsi arasındakı dövrü əhatə edən bu mərhələni bəzən sadəcə olaraq empirik mərhələ adlandırır, 
aparılan tədqiqatların nəzəri imkanlarının məhdudluğunu, əhatəli nəzəri və dünyagörüşü sintezlərinin olmamasını 
qeyd edirlər. Lakin belə izah sadəcə olaraq doğru deyildir, çünki empirik istiqamətlənmənin özü maraqlı  nəzəri 
axtarışlara stimul yaratmışdır. Bundan əlavə, nəzərdən keçirilən dövrdə nüfuzlu sosioloji məktəblər və istiqamətlər 
təşəkkül tapmış  və  fəal iş aparmışlar. Məsələn, sosial fəaliyyət nəzəriyyələri, psixoanalitik sosiologiya və s. bu 
qəbildəndir. P. Sorokinin «inteqral sosiologiyasının»  əsas ideyaları  məhz bu mərhələdə  işlənib hazırlanmışdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə