FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 0,58 Mb.
səhifə17/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
1   ...   9   10   11   12   13   14   15   16   17

Hicab


Bütün ata-anaların müştərək bir xüsusiyyəti vardır. Onlar dini elə təbliğ edirlər ki, sanki şeypuru tərsinə üfürürlər. Onlar gənc nəslə bu sayaq məsləhət verirlər. Sanki həkim dodağı yaralı xəstəyə “Yaralanma!”, “Yaranın filan zərərləri var!” deyir. Bu sözlərin faydası varmı?!

Sözsüz ki, əvvəlcə xəstəliyi yaradan səbəblər müəyyənləşdirilməlidir. Gənc nəslin düçar olduğu mə`nəvi böhranın kökləri tapılmalıdır.

Uşağa deyəndə ki, “Dur, ziyarətə gedək!”, o, dərhal qalxıb yola düzəlir. Hətta ziyarətdən qayıdarkən «bir də nə vaxt gedəcəyik?» soruşur. İlk əvvəllər uşaq namaza, oruca da belə həvəsli olur. Amma vaxt ötdükcə süstləşir, maraqlar dəyişir. Valideyn əvvəlcə mülayim, sonra isə qəzəbli halda onu ibadətlərə məcbur etməyə çalışır. “Sən namaz qılmalısan, hicab geyməlisən!” - deyə güc göstərir. Amma nə qədər ki, uyğun süstlüyün səbəbləri tapılmayıb, danlaqlar faydasızdır.

Mən həmişə gənc nəsillə ünsiyyətdə olmuş bir adam kimi, təcrübəyə əsaslanaraq deyirəm ki, gənci öz dininə biganə hala salan səbəblər tapılmamış, görülən tədbirlər müvəqqəti uğurlarla nəticələnəsidir. İnanın ki, ata-ananın danlaqları qarşısında məcbur qalıb namaza duran gənc Allahla danışmır, ata-anaya nifrin yağdırır!

Bir dəfə Mədinədə bir şəxslə söhbət edirdim. Ərəbistan, İslam dini haqqında danışırdıq. Söhbətimiz o qədər şirin alınmışdı ki, müştərilərə də fikir vermirdi. Zahirən çox mö’min görünürdü. Birdən azan verildi. Dedim ki, dur namaza gedək. Durub mənə qoşuldu. Məscidə çatdıq. Gördüm dəstəmaz almadan namaza durdu... Dəstəmazsız!

Bir neçə il əvvəl yaşadığım küçənin qonşuluğunda biri vardı. Evdən çox ciddi islami qiyafədə çıxırdı. Mənim pəncərəmdən görünən dalanda ildırım sür`əti ilə paltarını dəyişib, modern bir tipə çevrilir, şəhərə üz tuturdu! Buna deyirlər - “Şəxsiyyətin izdivacı” və ya “İki şəxsiyyətlilik”!

Əgər ata-ana körpəlikdən düzgün tə`lim-tərbiyə yolunu tapa bilməsə, həmin uşaq bir vaxt valideynlərlə üzbəüz dayanıb ağzına gələni deyə bilər, təhqir edər. Belə bir vəziyyətdə ata-ana nə edə bilər? Heç nə! Bacardığını et, polisə get! Bununla məsələ həll olurmu? Bəs, həll yolu nədir?

İslam peyğəmbəri (s) İslamı, dini hökmləri, dini inancları öz 23 illik peyğəmbərliyinin birinci ilində yox, tədricən açıqladı. Əvvəlcə tövhid, Allahın birliyi bəyan olundu. Düz üç il “La lahə illəllah” (“Allahdan başqa mə`bud yoxdur”) kəlmələrinə heç nə əlavə olunmadı. Namaz, oruc, həcc, zəkat, məhdudiyyətlər barədə hələ ki, heç nə deyilmirdi. Demək, həmin üç il ərzində İslama iman gətirənlərdən dünyasını dəyişən olubsa, onlar namaz və orucdan xəbərsiz olublar.

Hər şeydən öncə yeni əqidə və dünyagörüşü formalaşmalı idi. Bu fikir beyinlərdə kök saldıqdan sonra növbəti addımı atmaq olardı. Hətta ardıcıllar özləri yeni vəzifə, məs`liyyət tələb edirdilər. Artıq namaz hökmünü e`lan etmək olardı. E`lan olundu. Amma neçə rək`ət? Əvvəllər iki rək`ət namaz vacib buyuruldu. Müsəlmanlarda əqidə möhkəmləndikcə, rək`ətlərin sayı artdı.

Hicrətə bir neçə ay qalmış cihad hökmü açıqlandı. Hansı şəkildə? Diqqət edin, kafirləriöldürmək şəklində yox, sadəcə bildirdi ki, zülm görən şəxs fəryad çəkə bilər! Yalnız hicrətin ikinci ilində, yə`ni Peyğəmbərin risalətinin 15-ci ilin də əsl cihad hökmü verildi. Artıq müsəlmanlarda elə bir iman gerçəkləşdi ki, onlar din yolunda canlarından keçməyə hazır oldular. Daha sonra xüms hökmü açıqlandı. Demək, müsəlmanlar mallarından da keçməyə hazır idilər.

Bəli, hicrətin 7-ci, 8-ci ilində hicab məsələsi açıqlanır. Yə`ni 20 il formalaşmadan sonra! Şərab məsələsi isə üç mərhələdə bəyan olunur. Bəli, peyğəmbər xalqı sıxıntıya salmadan, tədricən şərab kimi fəsadın kökünü kəsdi.

Bu gün musiqidən zərrəcə başı çıxmayanlar “Musiqi haramdır, ğina haramdır!” deyirlər. Bu İslamın, peyğəmbərin metodu deyil. Əvvəla, həmin sözləri tə`kidlə əmr edənlərin musiqi haqqında anlayışı yoxdur. Musiqinin min bir növü var. Min bir tə`sirə malik musiqilər var. Həm deyən, həm eşidən şəxs musiqinin növlərindən xəbərsizdirsə, bu söhbətin nə faydası var?

İslamın təbliğ metodu məntiqi və tədricidir. Bəli, müsəlmanlarda elə bir hazırlıq olub ki, Allah-təala əmr edib: “Şərabı, qumarı... tərk edin!”. Bu əmrin nəticəsi nə oldu? Mədinənin bütün küçələrində insanlar şərab küplərini dağıdırdılar! Polissiz, ordusuz! Yalnız Allahın əmri ilə!

Bəs biz necə təbliğ edirik? Dərindən düşünmədən, niyəsini bilmədən “Haram, kafir” -deyə bağırırıq. Bu metodla yalnız geriləmək olar, necə ki, geriləyirik! Bizim məntiqsiz təbliğimizə qəzəblə cavab verilir, hətta “Əl çək, bəli, mən kafirəm!” deyənlər tapılır. Demək, həqiqəti çatdıra bilməyən kəs yerində oturmalı, vəziyyəti gərginləşdirməməlidir!

Mən öz müəllimlik təcrübəmdə daim bu məsələyə diqqətli olmağa çalışmışam. Bir dəfə də olsun “Hicab örtün, namaz qılın!” -deyə əmr etməmişəm. Çünki təcrübədə belə metodların səmərəsizliyinə əmin olmuşam.

Bir vaxtlar təbliğ mərkəzi olan bir hüseyniyyədə çalışdığımız zaman hicaba riayət etməyən bə`zi xanımlarla aparılan söhbətlər çox şeyləri aydınlaşdırdı. Mə`lum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən “hicabsız” qalırlar.

Hicabın məfhumu aydınlaşdırılmalıdır. Qadın anlamalıdır ki, hicabda onun cismi və ruhu üçün misilsiz faydalar vardır. Əgər bu məfhumları açıqlaya bilsək, “-Hicab ört” demək lazim deyil. Qadını başqaları yox, öz düşüncəsi hicaba də`vət etməlidir. Axı modernizmə vurğun qıza Zeynəbi (s.ə) ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü manikenlər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək qeyri-mümkündür. O, artıq qurbandır!

Bütü necə sındırmaq? Qadın üçün müqayisə imkanı yaradılmalıdır. Onun təsəvvüründə həqiqi Fatimə (s.ə) çöhrəsi canlandırılarsa, bütlər onun üçün cılız və iyrənc görünər.

Bu problem təkcə İslamın deyil. Hələ 3000 il bundan qabaq əlvan geyimli gözəl çin qızı bütün şərqi tə`sirləndirmişdi. Dünya qadınları bu qıza pərəstiş edirdilər. Hafiz Şirazi 700 il bundan öncə yazır:
Çin bütü öldürdü qəlbləri tamam,

Ya rəbb, qoru dini, qəlbləri ondan.


Demək, şirazlı biri də, çin qadınının gözəlliyinə sitayiş edirmiş. Demək, çin qızı bütün dünyanı fəth edibmiş. Bizdə 4800 ildən çox tarixi olan bir çin kitabı var. Bu kitabda gözəl bədən quruluşuna malik olmaq üçün qadına qidalanma qaydaları öyrədilir. Qadına şıltaqlıq, işvəkarlıq öyrədən dörd min il yaşlı kitablar var. Demək, «qadının özü ilə oyunu» təzə məsələ deyil və bu oyunun ideoloji əsasları var. Çimərlik paltarı ilə xalqın qarşısına çıxıb, zərrəcə həya etməyən 17 yaşlı qız burjuaziyanın mənafelərinə xidmət edən ideoloji gəlincikdən başqa bir şey deyil! Amma o özünü başqalarından üstün hesab edir!

Bəs həqiqət hardadır? 3 min il bundan qabaq bəşəriyyəti öz gözəlliyi ilə çaşdıran çin qızı bu gün hansı vəziyyətdədir? O, bu gün səhnəyə elə bir qiyafədə çıxır ki, avropalı manikenlər təhqir olunur!

“Bu gün Çin mədəniyyət, iqtisadiyyat baxımından Fransadan çox geri qalır” deyilir. Bu ideoloji gerilikdir, yoxsa həqiqi? Çin qızının iffətli, fransız qızının yarımçılpaq geyimi ölkənin inkişaf səviyyəsi ilə əlaqədardır, yoxsa ideologiya ilə? Geyim düşüncə tərzinin təzahürüdür! Qadının geyimi onun şəxsiyyətini, düşüncələrini, maraqlarını açır. Bu gün iffətli qadın hicabına, geyiminə diqqət verir və çılpaq gəlinciyə qürur hissi ilə deyir: ”Mənim geyimim mənim düşüncə tərzimdir, sənin görkəmin kapitalın, pulun çirkin üzüdür. Mən özümü səndən çox üstün bilirəm!”.

Bizdə vəziyyət necədir? İranda 15 il əvvəl universitetdə oxuyan qızın hicabı nəyi ifadə edirdi? Onun haqqında hansı rə`y vardı? Bu qız ya xürafatçı ailənin övladı hesab olunar, ya da çadra ilə kasıblığını gizləmiş kimi qəbul edilərdi.

Həmin dövr keçdi. İslam hakimiyyət olaraq qadınları dini dəyərlərin qorunmasına də`vət etdi. Hicabsızlığın rəva bilindiyi dövrdə mənə övladlarının açıq-saçıqlığından gileylənən valideynlər, görün, indi nə deyirlər: ”Uşaqlarımız modernizmlə mübarizədə ifrata varıb, dini dəyərlərdə tündlük göstərirlər”. Bu insanlar dəyişməyib! Dəyişən dəyərlərdir. Bir zaman ən`ənəçilik simvolu olan hicab, indi insani düşüncələri ifadə edir.

Təcrübə göstərir ki, məsələn, cəmiyyətin nisbətən savadsız təbəqəsi üçün islami geyim düşüncə tərzini ifadə etmir. Onların hicaba münasibəti adət-ən`ənə xarakterlidir. Əslində, yalnız dini dəyərlərin mahiyyətini anlayanlar üçün hicab e`tiqadla bağlı libasdır.

Bu gün geyim seçən qız nəyə əsaslanır? İki amil nəzərə çarpır: ya ananın geyimi, mühit əsas götürülür, ya da düşüncə tərzi. Birinci amil e`tibarsız və müvəqqətidir. Təqlidçilik nə vaxtsa ölümə məhkumdur! Bu insanlar mühit dəyişən kimi dəyişirlər.

Amma ikinci amilə əsaslananlar hicaba öz e`tiqadlarının simvolu kimi baxırlar. Onlar düşünürlər ki, dünyanın bütün xalqlarının, bütün ümmətlərin geyimi var və bizim də geyimimiz olmalıdır.

Diqqət edin, hicablı qadın bir qədər təhsil aldıqdan sonra, bir neçə ölkəyə səfərə çıxdıqdan sonra hicabsız mühitlərin tə`siri altında, ya da özünü ziyalı saydığı üçün hicabını atır.

Amma bir agah təbəqə də mövcuddur ki, hicaba qayıdır. Bu nəsil sanki öz hicabı ilə Avropa modernizminə mesaj göndərir: “50 il bizi aldatdın, yetər! Mən öz libasımla sənə “yox!” deyib, planlarına “Fatihə” oxuyuram!”. Bu sayaq düşüncə ilə hicabı hifz edənləri digər hicablılardan fərqləndirmək lazımdır! Hicabı düşüncəli şəkildə seçən kəs, artıq ciddi bir məktəbin nümayəndəsidir. Bu hicab çox dəyərli və möhtərəmdir. Belə qadınlar heç vaxt öz hicabından utanmır, əksinə, ən bayağı mühitlərdə də özünü üstün bilir.

Bir şəxs məndən hicab əleyhinə söz qoparıb, hay-küy salmaq məqsədi ilə sual verdi. Cavabını yubandırmayıb dedim: «Hicab sənin dediyindir. Vallah, mən nə fəqihəm, nə də bəzzaz (parçasatan). Mən sosioloqam». Dedi: «Elə mən də sosiologiya nəzərincə soruşuram». Dedim: «Sosioloqun işi parça yox, parçadan olan insanlardır». Dedi: «Elə onu deyirəm».

Axır ki, məni danışdırdı. Dedim ki, İran cəmiyyətini üç hissəyə bölmək olar. Onların əksəriyyəti avam adamlardır və hicabları da var. Onların hicabları gerilik, köhnəliklə bağlıdır. Onlar dərin dini düşüncədən məhrum, köhnə adət-ən`ənəyə bağlı insanlardır. İkinci qrup isə azlıq təşkil etsə də, təhsillidir, dünyadan xəbərdardır. Onlar xaricdə olublar, müxtəlif ictimai fəaliyyətləri var, eləcə də hicabsızdırlar. Üçüncü qrup tamam başqadır. Onlar yeni nəslin nümayəndələridir. Onlar əsl ziyalılardır və onların ziyalılığı təkcə təhsillə bağlı deyil. Bu insanlar müasir mədəniyyətdən yuxarıda durub, hər işin mahiyyətinə varırlar. Onlar öz insanlıq məs`uliyyətini dərk edən imanlı insanlardır. Bu agahlıq təhsildən, diplomdan çox ucada dayanır. Onlar üçün elm və bilik maddi ehtiyacların tə`mini üçün yox, öz şəxsiyyətlərini dərk etmək üçündür. Onlar hər şeyi, eləcə də hicabı özləri, öz düşüncələri ilə seçənlərdir.

Mən, bir qız atası olaraq, qızımı hicaba də`vət edərkən işin mahiyyətini açıqlamalıyam. Qız hicabı elə üsulla qəbul etməlidir ki, 55 il şərqə əxlaqsızlıq ixrac etmiş qərb imperializminin də`vətlərinə “yox, mən öz şəxsiyyətimə, mədəniyyətimə, ideologiyama, dəyərlərimə bağlıyam” deyib, özünü hər bir tipdən üstün bilsin.

Hindistanın sabiq başçısı İndira Qandi öz üç min illik “sari”si (hicabı) ilə dünya rəhbərlərinin görüşünə çıxdı və həqarət duymadı. Bu xanım BMT-nin 500 nümayəndəsinin əyləşdiyi zala daxil olanda hamı ayağa qalxıb alqışlayırdı. Ona görə yox ki, xanım Qandi bizim nənələrsayağı örtük bağlayırdı? Yox! Çünki bu xanım sarisi ilə qərbə “siz bizi dəyişə bilmədiniz” deyir. Bəli, biri qərbin oyuncağı olaraq hicabsızlığı, digəri isə öz şəxsiyyətinin keşikçisi olaraq hicabı fəxr bilir.

Siz uşağınıza “hicab ört” deməyin, onun düşüncə tərzini elə dəyişin ki, özü hicab bağlasın. Siz övladınızla ilahi həqiqətlər arasında sevgi körpüsü yaradın, o, özü namaza duracaq!

Sual: İran qadınının ən`ənəvi geyimi nədir?

Cavab: Bunu mədəniyyət işçilərindən soruşun. Onların bu sualı cavablandıracaq muzeyləri də var.

Sual: İran qadınının ən`ənəvi geyimi ərəb qadınının ən`ənəvi geyimindən fərqlənirmi?

Cavab: Siz “ən`ənəvi, milli geyim” deyirsiniz. Biz belə bir geyimin müdafiəsinə qalxmamışıq. Biz vaxtı ötmüş, köhnəlmiş modaların təbliğçisi deyilik. Biz öz xalqımızı qərb modernizminin əsarətindən qurtarıb özünə, öz şəxsiyyətinə qaytarmaq istəyirik. Biz İslam ümmətini bir vaxt ucaldığı zirvələrə səsləyirik. Bu yüksəlişdə köhnəliyə, ən`ənəyə yer yoxdur!

Bilirsinizmi, Peyğəmbər (s) dövründə hicab necə ortaya çıxdı? Deyilmədi ki, ey qadınlar, özünüzü naməhrəmdən qoruyun. Qadına anladıldı ki, onun öz şəxsiyyəti var, onun əqidəsi, ideoloji yolu var, o, kimlərinsə oyuncağı deyil, o, yoldan keçənlərin gözünün yemi deyil!

Tarixə nəzər salın: Peyğəmbər (s) zamanı bir müsəlman qadın yəhudilərə məxsus bazardan cəvahir almağa gedir. Yəhudilər bu qadına sataşmaq məqsədi ilə onun çadrasını sancaqlayırlar. Qadın durduğu yerdən tərpənəndə çadrası düşür. Şəxsiyyətinə toxunulduğunu görən qadın, “Ey müsəlman qardaşlar!” - deyə haray çəkir. Yoldan ötən müsəlman işə qarışır. Bu ixtilaf genişlənib, müsəlman-yəhudi qarşıdurmasına gətirib çıxarır.

Bəli, hicabın mahiyyətini anlayan qadın cihada qalxır. Peyğəmbərin (s) səhabələrindən olan Əbu Səid Xətbi deyir: “Allah Mədinə qadınlarını xoşbəxt etsin! Hicab göstərişi gələn kimi hamısı çəkinmədən, qaranquş tək Mədinə küçələrinə çıxdılar”.

Sual: Həzrət Məhəmmədin (s) göstərişləri müəyyən dövrə aiddir, yoxsa dövr şərt deyil? Məsələn, o vaxt namaz ərəbcə qılınıbsa, bu günkü fars öz dilində namaz qıla bilməz?

Cavab: Biz görürük ki, cəmiyyət və onun ehtiyacları dəyişir. Amma bunu dinə aid etmək olarmı? Əvvəlcə bilməliyik ki, din nədir. Din üç istiqamətdən ibarətdir:

-Əvvəla, dünyagörüşümüz müəyyən olmalıdır. Dünyaya, insana, dünyada insana baxışımız müəyyənləşməlidir. Nə üçün yaşadığımızı, həyat məqsədimizi bilməliyik. Hər bir ideologiyanın öz dünyagörüşü, öz baxışı var. Təbii ki, bizim də öz baxışımız olmalıdır. Bu baxış dinin dəyişməz, sabit ünsürüdür, amma inkişaf edə bilər. Məsələn, təbiət dəyişilməzdir. Amma bizim təbiət haqqında biliklərimiz inkişafdadır. Bu vaxtadək hansı təbiət qanunu dəyişib? Amma təbiət elmləri daim inkişaf edir. Bəli, tövhid, yə`ni Allahın birliyi sabitdir. Amma bizim bu sahədəki biliklərimiz artmaqdadır. Bu günkü filosof tövhidi, Qur`anı on əsr qabaqkı filosofdan daha yaxşı anlamalıdır. Demək, dinin ilk ünsürü sabitdir.

-İkincisi, əxlaqi dəyərlərdir. İslamın təqdim etdiyi əxlaq normaları sabitdir. Qəhrəmanlıq, kəramət, şücaət, insani dəyərlər uğrunda mübarizə, cihad kimi dəyərlər köhnələ bilərmi?! İnsan kamilləşdikcə bu dəyərlər də kamilləşir.

Qur`ani-Kərimin “Maun” surəsində buyurulur: “Dini yalan hesab edəni gördünmü?.. O elə adamdır ki, yetimi itələyib qovar və yoxsulu yedirtməyə rəğbətləndirməz.”

Özünüz düşünün, bu ayələr hal-hazırda aktualdır, yoxsa yox?! Dünyanın hər üç nəfərindən ikisi aclıq, yoxsulluq girdabındadır. Əslində aclıq kasıblıqdan tam fərqlidir. Məsələn, kənd əhli yoxsul ola bilər, amma aclıq çəkməz. Kənddə ən kiçik təsərrüfatı olan ac qalmır. İndi isə kosmos əsridir! Amma həqiqi aclıq çəkənlər dünyanın ən varlı şəhərlərinin küçələrini dolaşmaqdadır. Kəndlər, nə qədər ki, modernləşməmişdi aclıq da bilməzdi. Modern kəndli yumurtanı yemir, satır. Diş pastası, odekolon alır. İnəyin südünü, taxılını satır - televizor alır. Demək, yeməli olduğunu satır!

Bəli, insani dəyərlər sabitdir.

-Keçək dinin əməli hökmlərinə. Hər bir hökm insanın tərbiyəsində, təkamülündə, Allaha yaxınlaşmasında xüsusi rola malikdir və dəyişməzdir.

Sual: Allahla rabitə yalnız dini hökmlərdə göstərildiyi kimi mümkündür, yoxsa hər şəxs öz istədiyi kimi rabitə yarada bilər?

Cavab: burada iki nöqtəni qeyd etmək lazım gəlir. Hər bir insan istədiyi vaxt Allaha müraciət edib Onunla raz-niyaz edə bilər. Yə`ni Allahla rabitə azaddır.

Amma insanın özünütərbiyəsi, kamilləşməsi üçün sistemli yanaşma daha faydalıdır. Təcrübə göstərir ki, nəinki ibadətlərdə, hətta həyatın bütün sahələrində sistemli, proqramlı çalışmalar, azad çalışmalardan faydalı olur.

Bir misal:


Dini vəzifələrdən biri cihaddır. Tutaq ki, vətən torpaqlarına təcavüz olunub və biz onu müdafiə etməliyik. Necə düşünürsünüz, düşmənlə ordu vuruşsun, yoxsa hərə ayrıca və öz istədiyi vaxt?! Demək, sistemli fəaliyyət daha effektlidir və bu prinsip ibadət sahəsinə də aiddir!

Mündəricat




Ailə ilə söhbət 2

Söhbətin istiqaməti 4

Necə olmalı? 5

İste`dad və həqiqətpərəstlik 7

Biz və xalq 11

Əql və eşq 12

Şəhadət eşqi - göz yaşı! 13

Əli (ə) ailəsi, ziyalı, yoxsa xalq? 19

Qadının üç forması 25

Əhl və naəhl 26

Məzhəb və adət-ən`ənə (sünnət) 27

İslam peyğəmbərinin qaydaları 28

Peyğəmbərin (s) xüsusi rəftarları 29

Üç tanınmış üsul 29

İdealizmə xidmətdə realizm vasitəsi 32

Fransız siğəsi (KonSobinaCe) 33

Nə idealizm, nə də realizm! 38

İnsanlığın iki qəlibi 43

İrtica və istismar əl-ələ 46

Hazırda qadının mədəni və ictimai rolu 50

Tənhalıq 52

Ailə təşkili 54

İqtisadiyyatda qadının rolu 55

Bəs şərqdə necədir? 56

Təcavüzlərdə qadının rolu 58

Zalım və məzlum 58

İstismarın fəryadı 63

Nə edək? 65

Fatimə (ə) 66

Necə? 69


“Atasının anası” 74

Hicrət 82

Əsrimiz müsəlman qadından nə gözləyir? 126

Qadın seminarı 148

Birinci çıxış 148

İkinci çıxış 150

Əsas məsələlərdən biri ailədir 150

Üçüncü çıxış 152



Hicab 154

Bir misal: 165






1 “Nəhl” surəsi, ayə: 58, 59.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə