FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 0,58 Mb.
səhifə5/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
1   2   3   4   5   6   7   8   9   ...   17

Qadının üç forması


Müsəlman cəmiyyətində üç növ qadınla rastlaşırıq: müqəddəsnüma dindar qadın; son dövr artmaqda olan Avropa görünüşlü dindar qadın; bir də Fatimə görünüşlü, Fatimə xislətli qadınlar! Nə birinci, nə də ikinci qrup qadınlarla Fatimə arasında heç bir oxşarlıq yoxdur.

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz.

Qədim zamanlar oğul hökmən atanın formasına sədaqətli qalardı. Atanın ağlına da gəlməzdi ki, başqa cür ola bilər. Amma sonra elə bir vəziyyət yarandı ki, ata və oğul arasında heç bir oxşarlıq qalmadı. Ata və oğul bircə dəqiqə həmsöhbət olduqları vaxt mübahisə, ixtilaf yarandı. Bəli, əsrimiz belədir. İstər şərqdə, istərsə də qərbdə bu iki nəsil arasında böyük bir fasilə, fərq ortaya çıxmışdır. Təqvim nöqteyi-nəzərindən 30 il fərq, ictimai baxımdan 3 əsr görünür.

Nə vaxtsa cəmiyyət sabit idi. İctimai dəyərlər, xüsusiyyətlər demək olar ki, dəyişməz idi. Təqribən 300 il ərzində heç bir dəyişiklik baş verməmişdi. Babalardan nəvələrədək olan zaman fasiləsində ictimai əsaslar, istehsal, istehlak, hökumət, din və dini təbliğat, dini mərasimlər, ədəbiyyat, dil - bir sözlə, hər şey dəyişilməz qalmışdı.


Əhl və naəhl


Sabit, dəyişməz ictimai zamanın dayandığı bir mühitdə həm kişi, həm qadın sabit bir tip olur. Belə mühitdə sözsüz ki, qız ananın surəti olmalıdır. Belə mühitdə ana və qız çox əhəmiyyətsiz məsələlər barəsində mübahisə edə bilərlər. Dəyişməz cəmiyyətlərdə dəyərlərə qarşı yekdil münasibət olur. İki insan qrupu arasında yalnız məişət zəminində mübahisə yaranır.

Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır.

Tiplər arasındakı fərqə addımbaşı təsadüf etmək olur. Mağazada pasterizə süd olduğu halda Tehranın küçələrində çoban öz qoyunlarını sağıb südünü asfaltın ortasındaca sata bilir. Bir də görürsən ki, avtosənayenin fəxri hesab olunan “Yaquar”ın arxasında bir dəvə dayanıb. İnanın ki, çiyin-çiyinə addımlayan, biri dondurma yeyən, o birisi isə “xoruz” soran qız və ana arasında daha heyrətləndirici fərqlər yaranmışdır.

Məzhəb və adət-ən`ənə (sünnət)


Bu ziddiyyətlər təbii və həmişəlik deyildir. Həmin iki tipdən biri, yə`ni ana artıq ömrünün son günlərinə yaxınlaşır. O, özünü zorla, ya da həya-abıra görə qorumuşdur. Amma bu qarının hələ gənc qızı öz dövrünü yaşayır. Sabah o da ana olasıdır. Bu vaxt onların zaman fasiləsi eyniləşir. Artıq ana olmuş qız öz anası - yə`ni nənə üçün “əhl uşaqdır. Bu vaxt “sünnəti”, yə`ni mühafizəkar ananın yeni tipə çevrilməsi labüddür. Qədim adətləri tapdalayan nəsilə qarşı hər hansı formada zor əbəsdir. Yersiz müqavimət yalnız və yalnız müqaviməti artırır.

Qur`anın tə`birincə, “sünnətul-əvvəlin”, “əsatirul-əvvəlin” ifadələrini önə çəkən böyüklər, adət-ən`ənələri qorumağa çalışan insanlar “adət-ən`ənə” ilə “din və məzhəb”i qarışdırmamalıdır. İstənilən bir dəyişikliyi (hətta geyim, saç düzümü) “küfr” adlandırmaq yanlışdır. Çox vaxt mühafizəkarlıq, köhnəpərəstlik dinlə səhv salınır.

Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!

Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ən`ənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.

Bə`zən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.

Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.

Dinin adət-ən`ənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir!

İslam peyğəmbərinin qaydaları


“Peyğəmbər sünnəti”, yə`ni peyğəmbər qaydaları İslam dinində əhəmiyyətli bir bölmədir. Bu qaydalara Həzrətin buyurduğu (hədislər), qəbul etdiyi, e`tiraz göstərmədiyi, eləcə də kimsəyə demədən yerinə yetirdiyi işlər daxildir. Demək, sünnət dedikdə Peyğəmbərin (s) buyurduğu və əməli nəzərdə tutulur. Nəticədə, İslam əhkamı iki hissəyə bölünür:

1. İslamdan qabaq olmuş və həzrət Peyğəmbərin (s) qəbul etdiyi qaydalar (“əhkami - imzai”);

2. İslamdan əvvəl heç bir əsası olmayan tə`sisi əhkam (“əhkami - tə`sisi”) .

Amma, zənnimcə, həzrət Peyğəmbərin (s) metodları, taktika və strategiyası əvvəlki bölmələrdən az əhəmiyyət daşımır.


Peyğəmbərin (s) xüsusi rəftarları


Peyğəmbər (s) bir ictimai hadisə ilə qarşılaşdığı zaman elə üsul və metodlarla hərəkət etmişdir ki, bu metodlar bizim üçün bir məktəbdir. Uyğun bir dövrdən uzun bir zaman fasiləsi keçməsinə baxmayaraq, Peyğəmbərin (s) yanaşmaları aktualdır.

Üç tanınmış üsul


İslahatda ictimai mübarizənin bir sıra yolları vardır:

1. Mühafizəkarlıq ( tradisionalizm, konservatizm)

Bu üsula görə mühafizəkar başçı tam xurafat olmasına baxmayaraq, adət-ən`ənəni qoruyur;

2. İnqilabçılıq (revolyusionizm)

Bu zaman inqilab rəhbəri köhnəlmiş, çürük adət-ən`ənələri qəfil zərbə ilə aradan qaldırır.

3. İslahat və dəyişiklik (evolyusionizm, reformizm).

İslahatçı rəhbər çalışır ki, heç olmasa, bir ən`ənəni tədricən aradan qaldırıb, islahat apara bilsin.

Amma İslam Peyğəmbəri (s) dördüncü tədbirə əl atır. O, nəsillərdən nəsillərə ötürülmüş adət-ən`ənənin formasını saxlayıb, onun mahiyyətini dəyişir.

Mühafizəkarlar belə bir məntiqi dəlillə çıxış edirlər ki, əgər adət-ən`ənələr dəyişərsə, ictimai bağlar qırılar və cəmiyyət parçalanaraq təhlükəyə düşər. Onlar hər bir inqilabdan sonra yaranan hərc-mərcliyi bununla əlaqələndirirlər.

İnqilabçılar isə belə fikirləşirlər ki, qədim adət-ən`ənələr, üsul-idarələr cəmiyyəti tənəzzülə aparır. İnqilab iste`dadların, düşüncələrin salındığı qəlibləri sındıraraq, guya daha mütərəqqi ictimai durum əldə edir.

İslahatçılar, yə`ni reformistlər bütün planlarını addım-addım həyata keçirməyə çalışır, nə mühafizəkarları, nə də inqilabçıları dəstəkləmirlər. Onlar hər atılan addıma cəmiyyətin uyğunlaşmasını gözləyirlər. Amma bu metod uzun müddətli olduğu üçün düşmənlər, adətən, onu əsl istiqamətindən kənarlaşdırırlar. Məsələn, gənclərin əxlaqını tədricən islah etmək istəsək, bizi çox asanlıqla meydandan çıxararlar. İslahatçılar öz qüvvələrini dəqiq hesabladıqları halda, düşmənin qüvvəsini lazımınca qiymətləndirməyi unudurlar.

Amma İslam Peyğəmbərinin (s) mübarizə metodu tamam başqadır. O, ən optimal variantı seçir: ən`ənələri formaca saxlayıb, onların mahiyyətini dəyişmək! Bu mahiyyət dəyişikliyi inqilabi şəkildə həyata keçirilir.

Məsələn, cahil ərəblərdə “qüsl” adlı xurafi, cadugəranə bir ayin vardı. Ərəblər inanırdılar ki, cünub olmuş, yə`ni məsələn, cinsi yaxınlıqda olmuş adama cin-şeytan daxil olur, bu adamın ruhu çirkinləşir. Demək, ərəb ona görə suya daxil olurdu ki, şeytanı özündən uzaqlaşdırsın və bu iş ən`ənə şəklini almışdı.

İnqilabçı bu ən`ənəyə qarşı çıxıb, onun məhvinə çalışır. İslahatçı ictimai fikri tədricən dəyişməklə, bu ən`ənəni aradan qaldırmaq istəyir. Amma Peyğəmbər (s) həmin ən`ənənin əsl zərərli cəhətini - xurafi mahiyyətini aradan qaldırmaqla, yeni və gigiyenik bir ən`ənə yaradır.

Həzrət İbrahimdən (ə) sonra İslama qədər olan dövrdə Həcc mərasimi dini mahiyyətini itirmiş, xurafat dolu ərəb adətinə çevrilmişdi. Qeyri-dini təmənnalar səbəbindən müqəddəs tövhid evi bütlərlə doldurulmuşdu. Hamı bilirdi ki, Kə`bəni həzrət İbrahim (ə) tikmişdir. Kə`bə ətrafda böyük nüfuza sahib idi. İslam Peyğəmbəri (s) Kə`bəyə qarşı yox, onun həmin dövrdəki bütpərəst mahiyyətinə qarşı qiyam qaldırdı. Beləcə, bir qrup Qüreyş başçısının qazanc mənbəyinə çevrilmiş Kə`bə öz tövhid simasına qayıtdı, bəşəriyyət üçün birlik simvolu oldu.

Peyğəmbər (s) irqçi qəbilələrin bütpərəstlik adətini inqilabi yolla mütərəqqi ən`ənəyə çevirdi. Bütün bu proseslər zamanı aradan qaldırılmış xurafi adətlər ərəbləri pərişan etmədi. Əksinə, insanlar özlərini əqidələrində daha da paklaşmış və ülviləşmiş hiss etdilər. Hansı ki, bu insanlar neçə yüz illər bütpərəst olmuşdular. Peyğəmbərin (s) ildırım sür`ətli mədəni inqilabı nəticəsində demək olar ki, itkilər hiss olunmadı. Peyğəmbər (s) bu metodunu “adətlərin formasını saxlamaqla mahiyyət inqilabı” adlandırmaq olar.

Mənim “qüsl” və “Həcc” məsələsindəki izahatlarımla razılaşmayan ilahiyyatçıların nəzərinə çatdırmaq istəyirəm ki, mən bu məsələləri kəlam yox, ictimai baxımdan araşdırmışam. Mən demək istəmirəm ki, Peyğəmbərdən (s) qabaq qüsl də var idi, Həcc də var idi. Əsl “qüsl” və əsl “Həcc” ilahi göstərişdir. Xurafat dolu əməlləri İslam dini üçün baza hesab etmirəm. Sadəcə, Peyğəmbərin (s) mübarizə metodunu açıqlamaq istəyirəm.

Mühafizəkar bütün imkanlarından istifadə edir ki, köhnəliyi qorusun. İnqilabçı bir dəfəyə hər şeyi alt-üst etmək istəyir. Əlbəttə ki, belə bir məqsədə diktaturasız çatmaq qeyri-mümkün olur. İslahatçı isə öz ləng hərəkəti ilə düşmənə yeni fürsətlər yaradır.

Amma Peyğəmbərin (s) iş metodu tamam başqadır. Əgər bu metodlara lazımınca diqqət yetirsək, dəyərli göstərişlər əldə edərik. Xurafi adətlərə, yanlış məzhəblərə qarşı mübarizədə yalnız bu metodla müvəffəq olmaq mümkündür. Əks təqdirdə, xalqın heysiyyətinə toxunmaqla düşmən qazanmaq olar.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə