Fənn: Maliyyə və bank işi



Yüklə 0,94 Mb.
səhifə14/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14

Mərkəzi bankın əsas aktiv əməliyyatları aşağıdakılardır:

- Uçot-ssuda əməliyyatları;



- Dövlət qiymətli kağızlarına yatırımlar;

- Qızıl və xarici valyuta ilə əməliyyatlar.

Uçot-ssuda əməliyyatlarının iki növü vardır:

- Uçot əməliyyatları;

- Dövlətə və banklara qısamüddətli borcların verilməsi.

Uçot əməliyyatları. Bu mərkəzi bankın kommersiya banklarından və dövlətdən vekselləri alması deməkdir. Kommersiya bankları öz müştərilərindən vekselləri alır və bu vekselləri də mərkəzi bank kommersiya banklarından alır. Buna görə də bu əməliyyatlar veksellərin yenidən uçotu adlanır.

Xəzinədarlıq veksellərinin uçotu isə əksər ölkələrdə dövlətin mərkəzi bank tərəfindən əsas qısamüddətli kreditləşməsi aləti kimi xidmət göstərir.



Qısamüddətli borclar. Bu borclar kommersiya banklarına sadə və ya ötürücü veksellərin, qiymətli kağızların və digər aktivlərin təminatı əsasında verilir.

Mərkəzi bank dövlət qiymətli kağızlarına yatırımları müxtəlif məqsədlərlə edə bilər.

Əvvəla, mərkəzi bank tərəfindən dövlət istiqrazlarının alınması, əksər inkişaf etmiş ölkələrdə dövlətin büdcə kəsirinin maliyyələşdirilməsinin birbaşa kreditləşməsinin qanunla məhdudiyyətli olduğu hallarda, büdcə kəsirinin bağlanması üçün başlıca və hətta yeganə kreditləşməsi formasıdır.

İkincisi, mərkəzi bankın dövlət istiqrazlarını almasının əsas məqsədi bank sisteminin likvidliyinin tənzimlənməsi və pul-kredit siyasətini həyata keçirdiyi zaman dövlət borcunun idarə olunmasıdır.



Mövzu 13. Kommersiya bankları.

P L A N
1. Kommersiya banklarının funksiyaları;

2. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu;

3. Kommersiya banklarının fəaliyyət prinsipləri;

4. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları.

1. Kommersiya banklarının funksiyaları
Bank sisteminin fəaliyyət mexanizmində əlbəttə ki, əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir.

Bu gün kommersiya bankları müştəriyə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Əməliyyatların geniş həcmi banklara hətt qeyri-rentabelli təsərrüfat şəraitində belə müştərilərlə daim təmasda olmağa imkan verir. Qeyd etmək lazımdır ki, bank təcrübəsində bütün bank əməliyyatlarından (məsələn, beynəlxalq hesablaşmaların aparılması, trast əməliyyatları və s.) gündəlik istifadə olunmur. Lakin müəyyən baza əməliyyat dəsti vardır ki, bunlarsız bankın mövcudluğu və normal fəaliyyət göstərməsi mümkün deyil. Bankın bu cür konstruktiv əməliyyatlarına pul ödəmələri və hesablaşma, depozit və vasitəçilik funksiyasını misal göstərmək olar.



Beləliklə kommersiya bankı bank-kredit sisteminin borc kapitalının gəlir əldə etmək məqsədilə hərəkətini təşkil edən institutudur.

Kommersiya bankları aşağıdakı funksiyaları yerinə yetirirlər.



1. Kapitalın yığılması və səfərbər edilməsi funksiyası: Kommersiya banklarının bu funksiyasının köməyi ilə hüquqi və fiziki şəxslərin müvəqqəti sərbəst qalan pul vəsaitlərinin bir yerdə, yəni kredit təşkilatlarında cəmlənməsi və onların kapitala çevrilməsi baş verir.

2. Vasitəçilik: Kommersiya banklarının ən vacib funksiyalarından biri də vasitəçilik funksiyasıdır. Resursların yenidənbölgüsü bank vasitəsilə onların kreditordan borcalana ödənclilik və geriqaytarma prinsipləri əsasında ötürülməsi ilə baş verir. Bu zaman verilən və əldə olunan borca görə ödəniş borc vəsaitlərinə olan tələb və təklifdən asılı olaraq müəyyənləşir.

Kommersiya banklarının vasitəçilik funksiyasının bazar iqtisadiyyatının uğurlu inkişafı üçün əhəmiyyəti ondan ibarətdir ki, banklar bu funksiyanın köməkliyi ilə iqtisadi sistemdəki risqi və qeyri-müəyyənliyi aradan götürmüş olurlar. Belə ki, pul vəsaitləri kreditordan borcalana vasitəçi tərəf olmadan da keçə bilər. Lakin bu zaman borc verilən pul vəsaitlərinin itirilməsi risqi kəskin şəkildə artar. Onların yerləşdirilməsində isə ümumi ləngimələr baş verə bilər. Həmçinin kreditor və borcalanlar bir-birlərinin kredit qabiliyyətli olub-olmamalarında xəbərsiz, borc vəsaitlərinə olan tələblə təklif isə bir-biri ilə üst-üstə düşmür. Kommersiya bankları isə müştərilərin bu sadalanan problemlərlə üzləşməməsinə imkan yaratmış olur.



3. Depozit funksiyası: ( depozit – latın sözü depositum saxlanmağa verilmiş əşya mənasını daşıyır. 1) banklara qoyulmuş pul əmanətləri (bank depozitləri); 2) kredit təşkilatına saxlanmağa verilmiş qiymətli kağızlar və pul vəsaitləri; 3) tələb olunan ödəmələri təmin etmək üçün, ödəmə vasitəsi kimi həyata keçirilən, müxtəlif təşkilatlara pul vəsaitləri ödənilməsidir; 4) müştərilərin banka tələblərini əks etdirən və ya təsdiq edən, bank kitablarındakı qeydlər.( İzahlı iqtisadi terminlər lüğəti I hissə) Depozit 2 yolla ortaya çıxa bilər: Müştərinin banka nağd şəkildə pul vəsaitləri daxil etdiyi zaman və ya bank kreditləşməsi zamanı. Bu əməliyyatlar ölkənin pul kütləsinin həcminə müxtəlif cür təsir edə bilər. Əgər müştəri öz pul vəsaitlərini banka tələbolunanadək qoymuşdursa o zaman bu pullar nağd puldan nağdsız pula çevrilirlər. Bu zaman təsərrüfatdakı ümumi məbləğ dəyişməmiş qalır. Əgər pullar depozitə daxil olursa bu zaman tədavüldə pulun ümumi məbləği dəyişmiş, yəni artmış olur. Belə ki, bu zaman bank öz əməliyyatı ilə yeni tədiyyə vəsaitləri yaratmış olur. Bu prosesin əksi isə müştərinin öz hesabından pul vəsaitlərini geri aldığı və kreditin bağlanması üçün pulların depozitdən silinməsi zamanı baş verir.

Kommersiya bankları əvvəla pulun bir növdən (banknot) başqasına (depozit) keçməsilə öz müştərilərindən nağd pullar qəbul edərək depozitlər yaradırlar.

İkincisi, bank depozitləri müştərilərdən qiymətli kağız xarici valyuta və qızıl qəbul etməsi nəticəsində bank kreditləri verməklə yaradır. Bu halda pulun əks hərəkəti baş verir. Yəni, nağdsız formadan nağd formaya keçir.

4. Pul ödəmələri və hesablaşma funksiyası: Bazar iqtisadiyyatlı bütün ölkələrdə banklar iqtisadiyyatın tədiyyə mexanizmində çox vacib yer tuturlar. Beləliklə banklar təsərrüfatda əmtəə tədavülü və hesablaşmaların təşkil edilməsi üçün istifadə olunan tədiyyə vasitələri yaratmaq qabiliyyətinə malikdir. Burada söhbət nağdsız hesablaşma əməliyyatlarının aparılmasına xidmət edən çek və başqa hesabların açılmasından gedir. Bu banklar müştərilərin tapşırığına əsasən ödəmələri həyata keçirir, hesablara pul qəbul edir və müştərilərin bütün pul daxilolmalarının və köçürmələrinin uçotunu aparırlar.

5. Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili fuksiyası: bu funksiya vasitəsilə kommersiya banklarının ölkənin ilkin və ikinci qiymətli kağız bazarının təşkilində rolu müəyyənləşir. Sözsüz ki, bu bazarlar kredit sistemini tamamlayır və onunla birgə fəaliyyət göstərir.

6. Bankların konsultasiya xidməti funksiyası: bu funksiya bankların öz müştərilərinin işlərini sabit, effektiv və gəlirli aparılmasında maraqlı olmasından irəli gəlir. Bununla əlaqədar banklar müştərilərinin kredit qabiliyyətinin qaldırılması, onların hesablaşmalarının optimallaşması, vergi planlaşdırmaları, hesabatların təşkili və s. məsələlər üzrə konsultasiyalar vermə ilə məşğul olurlar.

Yuxarıda adlarını sadaladığımız funksiyalardan başqa kommersiya bankları müştərilərə həmçinin digər maliyyə xidmətləri də göstərirlər. Belə ki, banklar korporasiyalar və ayrı-ayrı şəxslər üçün, etibarnamə əsasında mülkiyyətin bankın idarəçiliyinə keçməsi ilə bağlı, müştəri üçün qiymətli kağızların alınması, daşınmaz əmlakın idarə olunması, istiqraz buraxılışı üzrə təminatlı funksiyalar və s. kimi müxtəlif növ əməliyyatlar yerinə yetirirlər.


2. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu.
Kommersiya bankının təşkili strukturu ilk növbədə onun mülkiyyətinin hüquqi-təşkilati forması ilə müəyyənləşir. Bu da bankın nizamnaməsində öz əksini tapan təşkilati strukturunu müəyyənləşdirir. Nizamnamə kredit təşkilatının fəaliyyət sənədidir.

Əgər nəzərə alsaq ki, ölkəmizin kommersiya banklarının əksəriyyəti səhmdar tipli kommersiya banklarıdır, ilk növbədə bu bankların təşkilati strukturunu nəzərdən keçirək.



Bankın ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır. Bu yığıncaq müəyyən olunmuş qaydada, lazım olduqda ildə bir dəfədən az olmamaqla çağırılır. Səhmdarların bu yığıncağında bankın fəaliyyəti üzrə aşağıdakı məsələlər həll olunur:

- Bankın nizamnaməsinin təsdiqlənməsi və ya dəyişdirilməsi;

- Bankın Direktorlar Şurasının seçilməsi;

- Bankın illik hesabatının təsdiqlənməsi;

- Bankın gəlirlərinin bölüşdürülməsi və bankın ayrı-ayrı fondlarının formalaşması haqda qərarlar;

- Bank filiallarının yaranması və xitam verilməsi;

- Bank auditorlarının təsdiqlənməsi.

Səhmdarların ümumi yığıncağında qərarlar 75% səs çoxluğu ilə qəbul edilir. Bu yığıncaqlar arasındakı vaxtda bank fəaliyyətinə rəhbərlik bankın Direktorlar Şurası tərəfindən həyata keçirilir. Bankın fəaliyyətinə aid istənilən strateji məsələlərin həlli, (əlbəttə ki, səhmdarların ümumi yığıncağında həll olunan məsələlərdən başqa) bu şuranın üzərinə düşür.

Direktorlar Şurasının fəaliyyətinə rəhbərlik bankın Direktorlar Şurasının Sədri tərəfindən həyata keçirilir. Sədr bu şuranın tərkibindən seçilir.

Bankın direktorlar şurası onun icraedici orqanını – bankın İdarə Heyəti və onun rəhbəri – İdarə Heyətinin Sədrini təyin edir ki, bu da bankın cari fəaliyyətini təşkil edir.

Bankın idarəetmə strukturu funksional və xidmət bölmələrini özündə cəmləşdirir. Bu bölmələrin sayı isə bank tərəfindən yerinə yetirilən əməliyyatların iqtisadi tərkibindən və həcmindən asılı olaraq müəyyənləşir. Aydın məsələdir ki, bu əməliyyatlar bankın lisenziyasında öz əksini mütləq şəkildə tapır.

Kommersiya banklarının idarəetmə strukturunda əsasən aşağıdakı bölməxidmətləri ayırmaq olar:

- Depozit və əmanət əməliyyatlarının idarə edilməsi;

- Kassa əməliyyatlarının idarə edilməsi;

- Müştəri ilə iş üzrə idarəetmə;

- Mühasibat uçotu və hesabatı üzrə idarəetmə;

- Daxili nəzarətin idarə edilməsi;

- Valyutanın idarə edilməsi;

- Hüququn idarə edilməsi;

- Kreditin idarə edilməsi;

- İnvestisiyanın idarə edilməsi;

- Bankın maliyyə xidmətləri və qiymətli kağızların idarə edilməsi;

- Marketinqin idarə edilməsi;

- Bankın filial şəbəkəsi ilə iş üzrə idarəetmə;

- Bankın xüsusi təhlükəsizliyi və qorunmasının idarə edilməsi;

- İnzibati-təsərrüfatçı idarəetmə.

Bu sadalananları nəzərdən keçirdikdə, demək olar ki, bank tərəfindən göstərilən xidmətlərin genişlənməsi ilə bu bölmələrin sayı da artacaqdır.

3. Kommersiya banklarının fəaliyyət prinsipləri

Kommersiya banklarının ən vacib və ilkin fəaliyyət prinsipi ondan ibarətdir ki, onlar mövcud resursları çərçivəsində fəaliyyət göstərməlidirlər. Kommersiya bankları digər bankların xeyrinə nağdsız hesablaşmaları həyata keçirə bilər, onlara kreditlər verər, öz müxbir hesabındakı qalıq həddində nağd pul qəbul edə bilər.

Mövcud resurs çərçivəsi dedikdə, kommersiya bankları yalnız öz resursları və kredit qoyuluşları arasındakı kəmiyyət uyğunluğuna deyil, həmçinin bank aktivlərinin xarakteri ilə onlar tərəfindən mobilizə edilmiş resursların xüsusiyyətlərindəki uyğunluğu da nail olmaları başa düşülür. Hər şeydən əvvəl bu uyğunluq yuxarıda adları çəkilmiş göstəricilərin müddətlərinə aiddir. Belə ki, əgər bank qısa müddətə vəsait cəlb edib (qısamüddətli və ya tələbolunanadək depozitlər) onu uzunmüddətli kreditləşmədə istifadə edərsə bu zaman bankın likvidliyi, yəni, öz öhdəliklərini yubanmadan ödəmə qabiliyyəti təhlükə altına alına bilər.

Artan risklə iri həcmli borc vəsaitlərinin bankın aktivlərində olması onun resurslarının ümumi həcmində xüsusi vəsaitlərinin çəkisinin artmasını tələb edir. Bank aktivlərinin onun passivlərinin xarakterindən sərt asılılığı bank fəaliyyətinin iqtisadi normativlərinin müəyyən edilməsində və onların əməliyyatlarının tənzimlənməsində nəzərə alınmalıdır. Bu və ya başqa xüsusi bank əməliyyatlarının (ipoteka, investisiya və s.) həyata keçmə imkanı bank passivlərinin strukturu ilə bağlıdır. Ona görə də bu əməliyyatların şərtlərini hazırlayarkən ilk növbədə mütləq uyğun passivlərin yaranma mənbələrinə fikir vermək lazımdır.

Özünün malik olduğu resurs çərçivəsində bank aktiv əməliyyatlar aparmaqda sərbəstdir. Müəyyən olunmuş iqtisadi normativlərə riayət etmək şərtilə bankın aktiv əməliyyatlarının həcminə nə inzibati, nə də dolayı metodlarla məhdudiyyətlər qoyula bilməz. İnzibati məhdudiyyətlər müstəsna hallarda tətbiq edilə bilər. Belə ki, bankın fəaliyyətinə inzibati yolla müdaxilə onların fəaliyyətinin kommersiya əsasını zəiflədə bilər. Ona görə də bank fəaliyyətinin tənzimlənməsində əsas üstünlük iqtisadi metodlara verilir.

Bankın kommersiya fəaliyyətinin fundamenti olan cəlb olunmuş resurs çərçivəsində fəaliyyət prinsipi onun bütün istiqamətini müəyyən edir: depozitlərin cəlb olunmasında bankın marağı artır, passivlərə görə rəqabət artır ki, bu da kredit resurslarının yalnız mərkəzi bankdan olan yolunu bağlamış olur. Passivlərə görə kəskin mübarizə bankların öz resurslarını yatırmaları üçün daha effektiv sahələr axtarmalarına səbəb olur. Bu zaman bank kapitalının daha rentabelli sahələrə axını baş vermiş olur.

Kommersiya banklarının ikinci əsas fəaliyyət prinsipi – tam iqtisadi sərbəstlik prinsipidir. Bu prinsip həmçinin özündə bankın öz fəaliyyətinin nəticələrinə görə iqtisadi cavabdehliyini də tərənnüm edir. İqtisadi sərbəstlik bankın xüsusi və cəlb etdiyi vəsaitlərdən tam sərbəst istifadə etməsi, əmanətçilər və müştəri seçimində sərbəst olması, vergi ödənişindən sonra qalan gəlirlərindən sərbəst istifadəsi və s. özündə cəmləşdirir.

Fəaliyyətdə olan bank qanunvericiliyi bütün kommersiya banklarına öz fond və gəlirlərinin bölüşdürülməsində iqtisadi sərbəstlik vermişdir. Bankın vergi ödəmələrindən sonra sərəncamında qalan gəliri səhmdarların ümumi iclasında aldıqları qərara əsasən yerləşdirilir. Bu bankın digər fondlarına ayırmaların norma və ölçülərini, həmçinin səhmlər üzrə dividentlərin ölçüsünü müəyyən edir.



Kommersiya banklarının üçüncü prinsipi – kommersiya bankları müştəriləri ilə qarşılıqlı əlaqəni adi bazar münasibətləri üzrə qurulması prinsipidir. Borc verərkən kommersiya bankı ilk bazar kriterilərini, yəni gəlirlilik, risk və likvidliyi üstün tutur. “Ümumdövlət marağı”nın qorunması bankın fəaliyyətinin kommersiya xarakteri ilə bir araya sığmayır. Dövlət marağının qorunması kommersiya bankı üçün likvidlik böhranına səbəb ola bilər.

Kommersiya banklarının dördüncü fəaliyyət prinsipi – ondan ibarətdir ki, bankın fəaliyyətinin tənzimlənməsi yalnız dolayı iqtisadi metodlarla həyata keçirilə bilər. İnzibati metodlarla bankın fəaliyyətinin tənzimləməsi ağlasığmazdır. Akademik V.İ.Kolesnikov bunu belə izah etmişdir: ”Dövlət kommersiya bankları üçün “oyun qaydaları” müəyyən edə bilər, onlara əmrlər verə bilməz.
4. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları
Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.

Bank nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Milli Banka bir nüsxədə təqdim edilir və Milli Bankda saxlanılır.

Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Milli Banka təqdim edilir. Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Milli Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Milli Bank tərəfindən müəyyən edilir. Heç bir bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz. Heç bir xarici bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.

Milli Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.

Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Milli Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lakin Milli Bank verdiyi bank lisenziyasında və icazədə “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qaqnunun 32-ci maddəsinə əsasən banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər. Bank lisenziyasında və ya icazəsində elə fəaliyyət növləri məhdudlaşdırıla bilər ki, onların həyata keçirilməsi üçün ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmasın.

Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Bu zaman Milli Bank lisenziya vermək üçün müraciətə baxarkən bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları Milli Banka onun tələb edə biləcəyi məlumatı verir. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.



Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən edildikdə, onları aradan qaldırılması üçün Milli Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Milli Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Milli Bank sənədlərin “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qanunun tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Milli Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir. Milli Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank da Azərbaycan Respublikasında filiallar aça bilməz.

Bankların ləğvi də Milli Bank tərəfindən həyata keçirilir. Bu proses 2 formada olur.

- Könüllü ləğv;

- Məcburi ləğv.





Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə