Fənn: Maliyyə və bank işi



Yüklə 0,94 Mb.
səhifə6/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14

Birdəfəlik rüsum bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək üçün alınır. Birdəfəlik rüsumun ödəyiciləri malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdir.

Dövlət rüsumları. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli qanuna əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.

Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin qeyri-vergi gəlirlərinə mülkiyyətdən gəlirlər, mal və xidmətlərin satışından daxilolmalar, cərimə və sanksiyalar üzrə daxilolmalar və könüllü köçürmələr daxildir.

Mülkiyyətdən gəlirlər – dövlətin mülkiyyəti ilə bağlı olan vergi olmayan gəlirlərdir. Bu gəlirlər faizlərdən, dividentlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, pul-şey lotereyaları üzrə daxilolmalardan və icarə haqqından ibarətdir.

Mal və xidmətlərin satışından daxilolmalara dövlətə məxsus olan maddi və qeyri-maddi aktivlərin satışı və ya onların özəlləşdirilməsindən daxilolmalar, büdcə təşkilatlarının ödənişli xidmətindən daxilolmalar və inzibati tədiyyələr aiddir.

Cərimə və sanksiyalar üzrə daxilolmalara cinayət və inzibati qaydada hüquq pozuntularına görə, torpaq qanunvericiliyinə uyğun olaraq tutulan cərimə və sanksiyalar aid edilir. Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr, sanksiyalar və sair daxilolmalar bu qrupa daxildir. Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan cərimə və sanksiyalar təsnifatda həmin növ vergiyə aid kateqoriyada öz əksini tapır.

Könüllü köçürmələrə (qrantlardan başqa) beynəlxalq təşkilatlar və dövlət idarəetmə orqanları istisna olmaqla, digər hüquqi və fiziki şəxslər, müxtəlif qeyri-dövlət fondları və digər mənbələr tərəfindən bağışlanılmış və könüllü köçürülmüş vəsaitlər aid edilir.

Büdcə gəlirləri xüsusi və tənzimləyici gəlirlərə ayrılır.

Büdcələrin xüsusi gəlirləri – AR-nın qanunvericiliyilə müvafiq büdcələrə təhkim edilmiş gəlir növləridir. Büdcələrin xüsusi gəlirlərinə aiddir: (a) AR-nın qanunvericiliyi ilə müvafiq büdcələr və büdcədənkənar dövlət fondlarına təhkim edilmiş vergi gəlirləri; (b) qeyri-vergi gəlirləri; (c) əvəzsiz köçürmələr.

Maliyyə yardımları müvafiq büdcələrin və büdcədənkənar dövlət fondlarının xüsusi gəlirlərinə daxil deyildir.

Büdcələrin tənzimləyici gəlirlərinə - növbəti büdcə ilinə və habelə uzun müddətli əsaslarla (adətən 3 ildən az olmayan müddətə) muxtar respublika və yerli büdcələrə normativ ayırmalar (faizlə) müəyyən edilmiş dövlət vergiləri və digər ödənişlər aiddir. Ayırma normativləri qanunla müəyyən edilir.


6. Büdcə xərcləri və onların təsnifatı
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda deyildiyi kimi büdcə xərcləri dövlətin və yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyalarının yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir.

Büdcə xərcləri müəyyən əlamətlərinə görə təsnifləşdirilir.

Azərbaycan Respublikasının dövlət büdcəsinin xərcləri aşağıdakı kimi təsnifləşdirilir:

- təkrar istehsal prosesində roluna görə - maddi istehsal sahəsinin maliyyələşdirilməsi və qeyri-istehsal sferasının saxlanması ilə əlaqədar olan xərclər;

- funksional təyinatına görə - xalq təsərrüfatının, sosial-mədəni tədbirlərin, ölkənin müdafiəsinin maliyyələşdirilməsi, idarəetmə aparatının saxlanması, hüquq-mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi, əsaslı tədqiqat, elmi-texniki tərəqqiyə kömək və dövlət borclarına xidmət üzrə xərclər. Bu xərclərin hər bir qrupu inzibati əlamətlərə görə bölünür.

İqtisadi məzmunundan asılı olaraq büdcə xərcləri cari və əsaslı xərclərə bölünür.



Büdcənin cari xərcləri. Büdcə xərclərinin əsas hissəsini cari xərclər təşkil edir. Cari büdcə xərcləri dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, büdcə idarələrinin cari fəaliyyətini təmin etmək, habelə başqa büdcələrə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə dotasiya, subsidiya və subvensiya, qrantlar formasında yardım etmək və s. üçün nəzərdə tutulur. Cari xərclərə malların (işlərin və xidmətlərin) satın alınması, əmək haqqı, əmək haqqına üstəlik, Dövlət Sosial Müdafiə fonduna ayırmalar, daxili və xarici dövlət borcları üzrə ödənişlər və əsaslı xərclərə aid edilməyən digər büdcə xərcləri daxildir.

Büdcənin əsaslı xərcləri – innovasiya və investisiya fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilir. Bu xərclərə aşağıdakılar daxildir:

- investisiya proqramına əsasən fəaliyyətdə olan və ya yeni yaradılan strukturlara investisiya xərcləri;

- hüquqi şəxslərə investisiya məqsədləri üçün büdcə krediti şəklində verilən vəsaitlər;

- əsaslı (bərpa) təmir işləri və geniş təkrar istehsalla bağlı digər xərclər;

- Azərbaycan Respublikasının və bələdiyyə qurumlarının mülkiyyəti olan əmlakın yaradılması və inkişafı ilə əlaqədar xərclər;

- Azərbaycan Respublikası büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əsaslı xərclərə daxil olan digər xərclər.

Azərbaycan Respublikasının dövlət büdcə sisteminin bütün həlqələrinin xərc hissəsində icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının ehtiyat fondu yaradılır. Dövlət büdcəsində ehtiyat fondunun həcmi növbəti büdcə ilinin gəlirlərinin 5%-dən artıq olmamalıdır.

Ehtiyat fondunun vəsaiti büdcədə nəzərdə tutulmayan xərclərin maliyyələşdirməsinə və fövqəladə hallar üçün istifadə edilir. Ehtiyat fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən təsdiq edilir.

Dövlət büdcəsində növbəti maliyyə ili üçün Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondunun yaradılması nəzərdə tutulur. Fondun həcmi təsdiq edilmiş dövlət büdcəsi xərclərinin 1%-dən artıq olmamalıdır.

Büdcə xərclərinin funksional təsnifatının mühüm əhəmiyyəti vardır. Bu halda büdcə xərcləri aşağıdakı kimi təsnif edilir:

1. Ümumi dövlət xidməti xərcləri.

2. Müdafiə xərcləri.

3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanması xərcləri.

4. Təhsil xərcləri.

5. Səhiyyə xərcləri.

6. Sosial müdafiə və sosial təminat xərcləri.

7. Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyət xərcləri.

8. Mənzil-kommunal təsərrüfatı xərcləri.

9. Kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı xərcləri.

10. Sənaye və tikinti xərcləri.

11. Nəqliyyat və rabitə xərcləri.

12. İqtisadi fəaliyyətlə bağlı digər xərclər.

13. Əsas bölməyə aid edilməyən xərclər.

14. Dövlət borcuna və öhdəliyinə xidmət edilməsi ilə bağlı xərclər.

Xərclərin ərazi üzrə təsnifləşdirilməsi Azərbaycan Respublikasında dövlət idarəetmə səviyyəsinə uyğun olaraq büdcə xərcləri – dövlət büdcəsi xərclərinə, Naxçıvan MR-sı büdcə xərclərinə və yerli büdcə xərclərinə bölünür.

Büdcə xərcləri büdcədən maliyyələşdirmə vasitəsilə həyata keçirilir.

Büdcə maliyyələşdirməsi müəyyən prinsiplərə əsaslanır.

Büdcə maliyyələşdirməsi prinsipləri- büdcə maliyyələşdirilməsinin səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Bu prinsiplərə ağaşıdakılar aiddir:

1) minimum məsrəflərlə maksimum səmərə əldə etmək;

2) büdcə vəsaitinin istifadəsinin məqsədli xarakteri;

3) büdcədən əvvəl buraxılmış təxsisatın istifadəsini nəzərə almaqla istehsal və digər göstəricilərin yerinə yetirilməsi müqabilində verilməsi; 4) büdcə vəsaitinin qaytarılmamazlığı;

5) büdcə təxsisatının ödənişsiz olması;

Büdcədən maliyyələşdirmənin forma və metodları. Büdcə təxsisatı təcrübəsində büdcə maliyyələşdirilməsinin iki metodundan istifadə edilir:

∆ “netto büdcə” sistemi üzrə maliyyələşdirmə. Pul vəsaitinin təqdim edilməsinin bu üsulu onunla xarakterizə edilir ki, büdcə təxsisatı təsdiq edilmiş büdcədə nəzərdə tutulmuş məsrəflərə ayrılır.

∆ “brutto büdcə” sistemi üzrə maliyyələşdirmə. Bu sistem tamamilə büdcə maliyyələşdirilməsində olan müəssisə və təşkilatlar üçün tətbiq edilir. Bu halda büdcə təxsisatı bütün xərclərə, yəni istər cari və istərsə də büdcə təşkilatının fəaliyyətinin genişləndirilməsilə əlaqədar məqsədlərə ayrılır.

Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir:

∆ büdcə idarələrinin saxlanması xərcləri;

∆ dövlət və bələdiyyə sazişləri üzrə fiziki və hüquqi şəxslərin istehsal etdikləri məhsulların, yerinə yetirdikləri iş və xidmətlərin ödənilməsinə xərclər;

∆ əhaliyə ödənişlər, yəni Azərbaycan Respublikasının və Naxçıvan MR - nın qanunvericiliyi və yerli özünüidarəetmə orqanlarının hüquqi aktları ilə müəyyən edilən məcburi ödənişlərin verilməsi xərcləri;

∆ dövlət hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar əasasında büdcə xərclərinin artırılmasına və ya büdcə gəlirlərinin azalmasına gətirib çıxaran əlavə xərclərin kompensasiya edilməsi üçün təxsisatlar;

∆ hüquqi şəxslərə büdcə kreditləri (vergi kreditləri, vergilərin, ödənişlərin və digər öhdəliklərin ödənilməsi üzrə müddətin uzadılması və möhlət verilməsi də daxil olamaqla);

∆ fəaliyyətdə olan və yeni yaradılan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar;

∆ Azərbaycan Respublikasının büdcə sisteminin müxtəlif səviyyəli büdcələrinə, büdcədənkənar dövlət fondlarına verilən büdcə ssudaları, subsidiyalar, dotasiyalar və subvensiyalar;

∆ xarici ölkələrə kreditlər;

∆ borc öhdəlikləri, o cümlədən dövlət borclarının ödənilməsi və onlara xidmət göstərilməsi ilə bağlı vəsaitlər.

Büdcə krediti- büdcə xərclərinin maliyyələşdirilməsiforması olub, hüquqi şəxslərə qaytarılmaq və haqqı ödənilmək şərti ilə verilən büdcə vəsaitidir.

Əhaliyə transfertlər - əhaliyə zəruri ödənişlərin: pensiya , təqaüd, müavinət, kompensasiya və AR-nın qanunvericiliyi və onun subyektlərinin, yerli özünüidarəetmə orqanlarının hüquqi aktları ilə müəyyən edilmiş digər sosial ödənişlər üçün verilən büdcə vəsaitidir.

Büdcə ssudaları - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslər, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyəm müddətə verilən maliyyə vəsaiti;

Dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaiti;

Qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı;

Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti;

Subsidiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti;

Məqsədli büdcə fondları - dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti.

7. Büdcə kəsri və onun maliyyələşdirilməsi
Büdcənin icrası onun xərclərinin gəlirlər hesabına tam ödənilməsini nəzərdə tutur. Büdcə gəlirlərinin onun xərclərdən artıq olması büdcə profisiti adlanır. Büdcə qanunvericiliyinə əsasən bütün səviyyəli büdcələr profisitsiz tərtib edilməlidir. Əgər büdcənin tərtibi və təsdiqi prosesində gəlirlərin xərclərdən artıqlığı aşkar edilərsə, büdcə təsdiq olunanadək profisitin aşağıdakı ardıcıllıqla ixtisar edilməsi həyata keçirilməlidir:

1) dövlət və bələdiyyə mülkiyyətinin satışından gəlirlərin cəlb edilməsi ixtisar ediməli;

2) dövlət ehtiyatlarının satışından gəlirlərin cəlb edilməsi ixtisar ediməli;

3) büdcə vəsaitlərinin borc öhdəliklərinin əlavə ödənilməsinə yönəldilməsinə yenidən baxılmalı;

4) büdcənin xərclərini, o cümlədən gəlirlərin bir hissəsini digər səviyyəli büdcələrə verilməsi hesabına artırılmalı.

Əgər bu tədbirləri hansısa səbəb üzündən həyata keçirmək məqsədəuyğun deyilsə, vergi qanunvericiliyində dəyişiklik və əlavələr etməklə büdcənin vergi gəlirlərini azaltmaq lazımdır.

Daha mürəkkəb vəziyyət və iqtisadi təcrübədə daha tez-tez rast gəlinən problem – büdcənin defisitliyidir, yəni büdcənin xərclərinin onun gəlirlərindən artıq olmasıdır. Bütün vergi və qeyri-vergi gəlirlərinin xeyli artmasına baxmayaraq Azərbaycan Respublikasının dövlət büdcəsi 1991-2005-ci illərdə kəsrlə icra edilmişdir. Büdcə kəsrinin aradan qaldırılması perspektivi vardırsa və o, ÜDM-un 3%-dən artıq deyilsə, onda ona müvəqqəti hal kimi baxılır. Əgər büdcə kəsiri büdcə gəlirlərinin 10%-dək təşkil edirsə, bu yol verilən kəsir hesab edilir. Lakin o, gəlirlərin 20%-dən çoxdursa, onda bu kritik hal kimi qiymətləndirilir.

Büdcə kəsrinin həcminə nəzarət etmək məqsədilə onun həddi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanununda göstərildiyi kimi yerli büdcələrin cari xərcləri müvafiq büdcənin gəlirlərinin həcmindən, Dövlət büdcəsinin kəsrinin həcmi isə büdcə investisiyasının və Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin həcmindən çox olmamalıdır.

Yerli büdcənin kəsirinin həcmi digər səviyyəli büdcələrdən yardımı nəzərə almadan onun gəlirlərinin həcminin 3%-dən artıq olmamalıdır.

Dövlət büdcəsinin kəsiri ölkənin makroiqtisadi inkişaf durumunu, o cümlədən dövlət maliyyə sistemini və dövlət büdcəsinin vəziyyətini xarakterizə edən başlıca göstəricilərindən biridir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa görə dövlət büdcəsinin kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir.

Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən daxil olmalar yalnız investisiya xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər və bələdiyyə borclarına xidmət edilməsi və ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilə bilməz.

Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbələri qanunvericilik orqanı tərəfindən cəlb edilmiş vəsaitlərin əsas növləri üzrə büdcə haqqında qanunda təsdiq edilir. Büdcə kəsirinin maliyyələşdirilməsi dövlət krediti və digər mənbələr hesabına həyata keçirilir.

İnflyasiyaya şərait yaratdığı üçün Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində pulun emissiyasından istifadə edilməsi nəzərdə tutulmamışdı.

Yerli büdcələrin kəsirinin maliyyələşdirilməsinin daxili mənbəyi aşağıdakı formalarda ola bilər: a) bələdiyyə qurumları tərəfindən buraxılan istiqrazlar; b) kredit təşkilatlarından alınmış kreditlər.

Hər bir büdcə səviyyəsində qanunvericiliklə büdcə kəsirinin maliyyələşdirilməsinin öz mənbələri müəyyən edilir. Dünya təcrübəsində dövlət büdcəsinin kəsiri aşağıdakı daxili və xarici mənbələr hesabına maliyyələşdirilir. Daxili mənbələr – daxili və ya xarici maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər, ölkənin mərkəzi bankı tərəfindən verilən birbaşa kreditlər və s. aiddir. Xarici mənbələr – birbaşa xarici kreditlər, xüsusilə beynəlxalq maliyyə institutlarının birbaşa kreditləri daxildir.



8. Yerli büdcələr
Yerli büdcələr bələdiyyə qurumlarının, (inzibati rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin) büdcəsidir. Bələdiyyə qurumlarının büdcəsi onların pul vəsaitlərinin əmələ gəlməsi və istifadə edilməsi formasıdır. Bu konkret bələdiyyənin real məqsədlərini və onun qarşısında duran vəzifələri əks etdirən ciddi maliyyə sənədidir. Azərbaycan Respublikasında 2018 yerli büdcə (o cümlədən 66 rayon, 69 şəhər, 13 şəhər rayonları 235 qəsəbə və 1635 kənd büdcələri) vardır.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (2 iyul 2002-ci il) əsasən yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Başqa sözlə bələdiyyə büdcəsi ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur. Həmin vəsaitlə bələdiyyələr yerli özünüidarəetmənin təmin edilməsi ilə əlaqədar olan vəzifə və funksiyaları həyata keçirir.

Yerli büdcələr (bələdiyyə büdcələri) Azərbaycan Respublikasının büdcə sisteminin tərkib hissəsidir, lakin dövlət büdcəsinin tərkibinə daxil deyil, müstəqildir.

Yerli büdcələrin iqtisadi və sosial inkişafda rolu aşağıdakılarla xarakterizə edilir:

Birincisi, maliyyə resurslarının yerli büdcələrdə cəmlənməsi yerli hakimiyyət orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün maliyyə bazasına malik olmaq imkanı verir.

İkincisi, yerli büdcələrin formalaşması bələdiyyələrə sosial-iqtisadi inkişafda və vəsaitlərin xərclənməsində tam maliyyə-təsərrüfat müstəqilliyi həyata keçirməyə imkan verir. Yerli büdcələr bələdiyyə hakimiyyəti orqanlarına təhsil, səhiyyə xidməti və mədəniyyət müəssisələrinin, mənzil fondunun və yol təsərrüfatının plana uyğun inkişafını təmin etməyə şərait yaradır.

Üçüncüsü, yerli büdcələrin köməyilə rayonların iqtisadi və sosial inkişafının tarazlaşdırılması həyata keçirilir. Bu məqsədlə bələdiyyələr kənd, şəhər və rayonların abadlaşdırılması, yol təsərrüfatının inkişafı, tarixi-mədəni abidələrin bərpası üzrə regional proqramları həyata keçirir. Burada zəruri hallarda büdcələrarası münasibətlərdən istifadə edilir.

Dördüncüsü, bələdiyyə orqanları sərəncamlarında olan maliyyə resursları hesabına qeyri-istehsal sahələrində (məktəb, xəstəxana və s.) bələdiyyə xidməti göstərilməsinə maliyyə məsrəfləri üzrə normativləri artıra və ya azalda bilər.

Beşincisi, bələdiyyələr yerli büdcələr vasitəsilə əsaslı və cari məsrəflərin maliyyələşdirilməsinin optimal nisbətlərinə və əmək resurslarından səmərəli istifadə edilməsinin stimullaşdırılmasına, yəni yerli istehsal sahələrinin inkişafına təsir göstərir.

Yerli büdcələrin formalaşması, təsdiqi və icrası yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.

Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.

Yerli büdcələrin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır. Dövlət büdcəsindən dotasiya nəzərdə tutulmuş bələdiyyələr yerli büdcə layihəsini müvafiq sənədlər və məlumatlarla birlikdə may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına (AR-nın Maliyyə Nazirliyinə) təqdim etməlidir.

Yerli büdcələrin yerinə yetirilməsinə bələdiyyələr nəzarət edir. Yerli büdcənin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək üçün bələdiyyələr Dövlət Xəzinədarlığının ərazi (rayon) orqanları ilə müqavilələr bağlaya, yaxud da yerli büdcənin vəsaitləri hesabına bələdiyyə xəzinədarlığı yarada bilər.

Beləliklə, yerli büdcələrin formalaşmasını, təsdiqini və istifadə olunmasını, yerli büdcələrin icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirir.

Yerli büdcələrin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin edilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə yol verilmir. Bələdiyyələr maliyyə ilinin sonuna yerli büdcədə əmələ gəlmiş sərbəst vəsait qalıqlarına müstəqil sərəncam verirlər.

Yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayrılır.Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə, onlar bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin olunur. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.Yerli büdcələrin formalaşması və istifadəsi müstəqillik, dövlət maliyyə yardımı, maliyyə resurslarının formalaşması və istifadəsinin aşkarlığı prinsipinə əsaslanır.

2006-cı ildə yerli büdcələrin gəlirləri 216,7 milyon manat (ÜDM-un 1,4%), xərcləri isə 572,1 milyon manat (ÜDM-un 3,9%) nəzərdə tutulmuş, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 355,4 milyon manat vəsait ayrılması proqnozlaşdırılmışdır. Lakin bunlarla yanaşı Azərbaycan Respublikasının ümumi büdcə sistemində yerli büdcələrin xüsusi çəkisi xarici dövlətlərlə müqayisədə xeyli aşağıdır.

Belə ki, yerli özünüidarəetmə orqanlarının büdcə xərcləri məcmu büdcə xərclərinin ABŞ-da 22%-ə, Fransada 17%-ə, Böyük Britaniyada 22%-ə, Danimarkada 44%-ə, Norveçdə 31%-ə bərabər olduğu halda, Azərbaycan Respublikasında 19,3%-ni təşkil edir.

Yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla, mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişiklik apara bilərlər.

Yerli büdcənin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ilinin sonunda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır.

Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu büdcə kəsirinin son həddinin aşmasına səbəb olarsa, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir.

Bələdiyyələr maliyyə əməliyyatları apararkən bütün maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar.

Yerli büdcənin icrası haqqında illik hesabat bələdiyyələrin nizamnaməsində müəyyən edilmiş qaydada təsdiq edilir və bu barədə bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir.

Yerli büdcələrin gəlirləri - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əvəzsiz olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir.

Yerli büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır:

- yerli vergilər və digər ödənişlər (habelə həmin vergi və ödənişlərə görə hesablanmış faiz sanksiyaları), o cümlədən bələdiyyələrin öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəsindən haqq;

- bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən daxil olmalar;

- yerli pul-şey lotoreyalarının keçirilməsindən, habelə dövlət və bələdiyyə qiymətli kağızlarından əldə olunan vəsait;

- kurort, mehmanxana, avtomobil dayanacağı və s. əldə olunan gəlirlər;

- bələdiyyə ərazisində reklamın yerləşdirilməsi və yayımından alınan haqq;

- dövlət büdcəsindən verilən dotasiya, subvensiya, transfert ödənişləri, habelə dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;

- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantlar;

- mövcud qanuna və bələdiyyələrin qərarına uyğun olaraq yerli büdcələrə keçirilən cərimələr və sair daxilolmalar;

- bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər.

Yerli büdcələrin gəlirlərinin əsas hissəsi yerli vergilər hesabına formalaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlara uyğun olaraq yerli vergilərə aşağıdakılar aiddir:

- fiziki şəxslərdən torpaq vergisi;

- fiziki şəxslərdən əmlak vergisi;

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi.

Bələdiyyə vergilərinin tutulması və büdcəyə köçürülməsini bələdiyyə orqanları həyata keçirirlər.

Vergi ödəyicilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyələrin qərarları əsasında bələdiyyə büdcələrinin imkanından asılı olaraq vergi ödəyicilərinə vergi dərəcələrinin aşağı salınması, ödənişin dayandırılması istiqamətində müəyyən güzəştlər edilə bilər.

Yerli büdcələrə daxil olan vergi və ödənişlərin həcmi olduqca cüzidir və onlar yerli büdcələrin gəlirlərin ümumi məbləğinin 30-35%-dən çox deyildir.

Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə onların dərəcələrinin yuxarı həddi qanunla, onların tətbiqi qaydaları isə bələdiyyələrin qərarı ilə müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər yalnız məqsədli təyinatı üzrə istifadə olunur.

Ölkənin əksər rayon və şəhərlərində yerli vergi və ödənişlər – yerli büdcələrin gəlirlərinin xüsusi mənbələri onların xərclərinin ötürülməsini təmin etmir. Bu da yerli özünüidarəetmə orqanlarının vəzifələrinin yerinə yetirilməsini çətinləşdirir və yerli büdcələrin gəlirlərinin tənzimlənməsini tələb edin.

Yerli büdcələri balanslaşdırmaq məqsədi ilə qaytarılmamaq əsaslarla yuxarı büdcədən aşağı büdcəyə pul formasında birbaşa maliyyə yardımı göstərilir.

Yerli büdcələrin xərcləri – yerli özünüidarənin vəzifə və funksiyalarının maliyyə təminatına yönəldilən pul vəsaitidir. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri büdcə təsnifatına uyğun olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

Yerli büdcələrin xərcləri yerli əhəmiyyətli məsələlərin həlli ilə, inzibati rayonların və şəhərlərin iqtisadiyyatının və sosial sferanın idarə edilməsi və inkişafı ilə əlaqədar xərclərin maliyyələşdirilməsini özündə əks etdirir.

Yerli büdcələrin xərcləri aşağıdakı istiqamətlərə yönəldilir:

- yerli özünüidarəetmə orqanlarının saxlanmasına;

- bələdiyyə mülkiyyətinin formalaşması, inkişafı və saxlanılmasına;

- qeyri-istehsal sahələrinin (təhsil, səhiyyə, mədəniyyət və kütləvi informasiya, bədən tərbiyəsi və bələdiyyə mülkiyyətində və ya yerli özünüidarənin tabeliyində olan digər idarələr) təşkili, saxlanılması və inkişafına;

- ictimai qaydaların mühafizəsi üzrə bələdiyyə orqanlarının saxlanılmasına;

- bələdiyyələrin mənzil-kommunal təsərrüfatının təşkil edilməsi, inkişafı və saxlanılmasına;

- bələdiyyə yollarının tikintisinə və saxlanmasına;

- bələdiyyə ərazisində ətraf mühitin mühafizəsinə;

- bələdiyyə borclarının ödənilməsinə;

- sənaye, tikinti, kənd təsərrüfatı, avtomobil və su (çay) nəqliyyatı, rabitə və yol təsərrüfatı sahələrinə və metropolitenə dövlət yardımına;

- elektrik və istilik enerjisi, qaz, nəqliyyat, su və kanalizasiya təsərrüfatı sahələrinin itgiləri üzrə ödənişlərə;

- mülki müdafiə obyektlərinin saxlanılması və yanğın təhlükəsizliyinin qarşısının alınmasına;

- yerli əhəmiyyətli məsələlərə aid edilən digər xərclərə.

Büdcənin xərcləri iqtisadi cəhətdən aşağıdakı kimi qruplaşdırılır.

1. Cari xərclər. Buraya aiddir: a) əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi; b) faizlər üzrə ödənişlər; c) subsidiyalar və cari ödənişlər (o cümlədən, əhaliyə pensiya, müavinət, təqaüd və yardımlar).

2. Əsaslı xərclər. Buraya aiddir: a) əsas fondlara əsaslı vəsait qoyuluşu; b) bələdiyyə ehtiyatlarının yaradılması; c) torpaq və qeyri-maddi aktivlərin alınması; d) əsaslı ödənişlər (transfertlər).

3. Kreditlərin verilməsi. Buraya bələdiyyənin fiziki və hüquqi şəxslərə (habelə bələdiyyə müəssisələrinə) verdiyi ssudalar aiddir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə