Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə1/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   101


1
Fərman Kərimzadə 
Xudafərin körpüsü
 
Tarixi roman   


3
© “Yazıçı“ nəşriyyatı, 1982 
© Q.Kərimzadə, 2002 
Bu mətni müəllifin razılıgı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir. 
“Qarlı  aşırım“  əsəri  ilə  böyük  ədəbiyyata  gələn  görkəmli  yazıçı,  tarixi  romanlar  ustası
Fərman  Kərimzadənin  “Xudafərin  körpüsü“  romanında  XV  əsrin  axırı,  XVI  əsrin  əvvəllərində
baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı
mübarizəsi qələmə alınmışdır. 
Romanda həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib 
formalaşdığı tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan 
kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılmışdır. 
 
 
 
 


4
DƏMİR AĞACDAN ASILAN BEŞİK 
I hissə 
PROLOQ 
Daşın uzü soyuq olur. Nə günəş şüası ilə qızır, nə insan hənirtisi ilə isinir. Bu soyuq, qara, 
üzü  parıltılı  daş  bir  deyildi,  iki  deyildi...  Minlərlə  daşı  çaylaqlardan  gö-türmüşdülər, 
karxanalarda  yonmuşdular,  qabar  gücünə,  taqətdən  düşən  diz  hesabına  dağın  sıldırım  yalına 
qaldırmışdılar. Burada yumurta sarısından yoğrulan palçıqla biri-birinə bənd etmişdilər. Bürclər 
ucaltmışdılar, tağlı darvazalar hörmüşdülər, işıqsız zindanlar qurmuşdular. 
Buludlara  ilişib  onları  yun  əlçimi  kimi  parçalayan  qaya  da  buz  kimi  soyuq  idi.  Quzey 
divarı çayın sahilindən qartal uçuşu hündürlüyünə qalxan qayanın zirvəsində bünövrə tutmuşdu. 
Oradan da iyirmi beş, otuz qulac qalxırdı. Ensiz, uzun pəncərəsi lap yuxarıdaydı. Divarı mamır 
basmışdı,  pəncərədən  az  aralıda  daşların  arasından  dağdağan  kolu  bitib  aşağı  sallanmışdı. 
Pəncərənin  yoğun  dəmir  barmaqlığını  pas  basmış,  pasın  üstünü  isə  daş  xınası  örtmüşdü. 
Pəncərənin  aşağısı  nov  kimi  yarıq  idi.  Bu  pəncərədən  aşağıya  baxmaq  hər  adamın  işi  deyildi. 
Aşağılarda səsi eşidilən çayı həmişə görmək mümkün deyildi. Duman dərəyə yüngül, ağ pərdə
çəkirdi. Bə’zən də elə qalınlaşırdı ki, sanki o dərələr ağızbaağız qarla dolub. 
Düz baxanda meşəli təpələr, dağlar görünürdü. Bu meşələrin üstündə isə bir zirvə ucalırdı. 
Başı  kəllə  qəndə  oxşayırdı,  aşağı  getdikcə  qarlı  şırımlar  açılırdı.  Nəhəng  ağ  saqqallı  bu  zirvə
Savalan dağı idi. 
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər? 
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı. 
– De görüm hara görünər? 
– Haranı görmək istəyirsən, oğlum? 
Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi.  
Aləmşahbəyim ağlayırdı. Ceyran gözlərindən – qarası mavi, ağı boynundakı “Emruzi bikr” 
incisi  kimi  ağ  yaş  axırdı.  O  incinin  danələrinə  bənzəyən  gilələr  yuvarlanıb  düşürdü.  Amma 
yanaqlarında kədər əvəzinə şuxluq, alnında, çatma qaşları arasındakı düyündə ağrı əvəzinə qürur 
hissi vardı. 
– Niyə ağlayırsan, ana? Qorxursan yıxılam? 
–  Yıxılmağından  qorxmuram,  oğul.  Sənin  Savalana  çıxmağını  gözlərimin  qabağına 
gətirəndə sevindiyimdən ürəyim kövrəldi. 
– Adam sevindiyindən də ağlayarmı, ana? 
– Ağlayar, oğlum, ağlayar. 
– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam. 
Aləmşahbəyimin  ürəyi  sıxıldı.  Qızılgülün  əyilmiş  yarpağına  oxşar  dodağını  inci  parıltılı 
dişlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə
bil. Daha bu sevincdən deyildi. Özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi. 
– Gedərik, oğlum, gedərik. 
Aləmşahbəyim  qalxdı.  Yeddi  yaşına  qədəm  qoymuş  oğlu  İsmayılın  yumşaq,  kiçik 
barmaqlarını  ovcuna  aldı,  kiçik  hücrənin  qapısına  getdi.  Hücrənin  səkkiz  küncü  vardı.  Hər 
küncdən tavanın dəbilqə içərisinə oxşayan səqfinə xət gedirdi. O xətlər birləşən yerdən bir qəndil 
asılmışdı. Qızıl suyu ilə suvarılmış qəndilin səkkiz şamlıq şamdanı vardı. Şamdanlar bir-biri ilə
qızılgül yarpaqları və qönçələri ilə birləşmişdi. Bu güllər və yarpaqlar da çox zərifliklə tuncdan 
tökülmüşdü. Şamdanlardakı şamlar yarıya qədər yanmış, yanlarında üst-üstə qalaqlanmışdı. 
Yerə  zərif  naxışları  olan  iri  xalça  salınmışdı.  Amma  hücrənin  alaqaranlığı  xalçanın 
rənglərini  boğmuşdu.  Xalçanın,  qəndilin  incəliyi  yanında  divarların  biri-birinə  geydirilmiş  iri 
daşları kobud və köntöy görünürdü. O daşlardan soyuq şüalanırdı elə bil. Bu hücrə qalanın quzey 


5
tərəfində  olduğundan  heç  vaxt  buraya  gün  düşməmişdi.  Pəncərədən  süzülən  sanki  aydınlıq 
gecənin ay işığı idi. 
Ana-bala  xalçanın  üstündən  keçib  qapıya  qədər  getdilər  və  ayaqlarının  səsi  eşidilmədi. 
İsmayılın  əynində  güllü,  xaraya  oxşar  Gəncə  parçasından  kaftan  vardı.  Kaftanda  təkcə  güllər 
deyil, əli oxlu, qılınclı, gül budaqlarının arasında görünən gənc döyüşçülər də təsvir edilmişdi. 
Belində  gümüş  kəmər  parıldayırdı.  Qırmızı  atlasdan  tikilən  şalvarının  qırışları  tərpəndikcə
qırmızı parıltı alınırdı. Ayağındakı məstlər isə qızıl saplarla işlənmişdi. Başında ağ çalma vardı. 
Hücrənin  palıd  qapısı  yağlanmış  kimi  parıldayırdı.  Çərçivədən  iki  yerdən  qapının  eninə
paslı,  ox  ucu  şəklində  bəndlər  uzanırdı.  Bu  bəndlər  yumruq  boyda  gülmıxla  qapıya 
bərkidilmişdi. Adama elə gəlirdi ki, bu qapını pəhləvanlar var gücləri ilə dartsalar güclə açılar. 
Amma İsmayıl əlini atan kimi qapı səssizcə açıldı. İçəriyə gün işığı düşdü. Ananın da, oğlunun 
da gözləri qamaşdı, əllərini qaşlarının üstünə qoymalı oldular. Bu işıq günəşdən deyil, hücrənin 
qabağındakı daş hovuzdakı sudan əks eləyirdi. Onlar çıxan hücrə tək deyildi. Yan-yana neçəsi 
vardı.  Hamısının  da  qapısı  uzun  bir  daş  eyvana  açılırdı.  Eyvanın  üstü  də  tağ  şəklində
hörülmüşdü. Hər hücrənin qabağındakı sütunların arası çatma qaşlar kimi dartılmışdı. Sütunların 
arasındakı  pillələr  hovuz  olan  daş  meydana  enirdi.  Bura  kiçik  bir  karvansaraya  da  oxşayırdı. 
Meydanı  hücrələr  əhatə  eləmişdi.  Amma  burada  çox  az  adam  yaşayırdı.  Aləmşahbəyim, 
oğlanları Sultanəli, İbrahim və İsmayılla bura sığınmışdı. Bir də onların xidmətçisi Səkinə. Bu 
kiçik şəhər-karvansaray onların məhbəsi idi. Quş quşluğuyla buraya səkə bilməzdi. Onları ağızda 
dil, gözdə gilə kimi qoruyurdular. Amma neçə ilin içində onlar keşikçiləri görməmişdilər. 
Hovuzun  yanından  bürclərin  üstünə  pillələr  qalxırdı.  Ana-bala  həmin  pillələri  qalxdılar. 
Əvvəllər İsmayılın ayağı bir pillədən o birisinə çatmırdı. Anası qolundan dartıb çıxarırdı! On-on 
iki  pilləni  qalxıb  bürcə  çatdılar.  Burada  donmuş,  qurumuş,  daş  geyinmiş  döyüşçülərə  oxşayan 
qala dişləri yan-yana dayanmışdı. Ana-bala onların yanından keçib gəzinməyə başladılar. 
Günəş  əyilmişdi.  Aşağıdakı  dərələri,  vadiləri,  dağları  bənövşəyi  rəngə  çalan  kölgə
basmışdı. Təkcə qalanın bürclərini və Savalanı günəş işıqlandırırdı. 
– Ana, mən darıxıram. Niyə burdan çıxıb getmirik? 
– Hara, oğlum? 
– Ərdəbilə, evimizə. 
– Evimiz yadına gəlirmi? 
– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kişnəyirdi. 
Bu  sözdən  sonra  Aləmşahbəyim  özünü  saxlaya  bilməyib  hönkürdü.  Artıq  onun  gözləri, 
qaşları arasındakı düyün də ağlayırdı. İsmayıl təəccüblə dönüb anasına baxdı. 
– Sən niyə ağlayırsan? Atın ayağını yerə döyüb kişnəməsinə görə heç gör adam ağlayar? 
Mən uşağam, heç ağlamıram... 
Ağlayan  Aləmşahbəyim  –  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  qızı,  ağlamayan  uşaq  isə
Şeyx Heydərin oğlu İsmayıl idi. 
BABA UZUN HƏSƏN, NƏNƏ SARA XATUN,  ATA HEYDƏR SƏFƏVİ... 
Gün  qüruba  əyilmişdi.  Kirs  dağının  üstünə  toplaşan  qara  buludlar  biri-biri  ilə  vuruşan 
əjdahalara  oxşayırdı.  Amma  o  əjdahalarda  güc,  taqət  qalmamışdı.  Tökülən  qanları  özlərini  və
səmanı  qan  rənginə  boyamışdı.  İndi  daha  yavaş-yavaş,  halsız-halsız  biri-birlərinə  ağız  atır, 
quyruqlarını,  qanadlarını  uzadıb  çəkir,  elə  bil  can  verirdilər.  Onların  arxasında  isə  nəhəng  bir 
kürədən çıxan, məcməyiyə oxşayan günəş elə bil bu qanlı döyüşdən qorxub Kirs dağının dalında 
gizlənib yaxasını qurtarmağa çalışırdı. 
Uzun  Həsən,  Govur  arxının  yanındakı  təpədə,  çadırının  yanında  dayanıb  bu  “döyüşə” 
baxırdı.  O  qədər  dərin  fikrə  getmişdi  ki,  anası  Sara  xatunun  gəlib  onun  yanında  dayan-masını
bilməmişdi. 
–  Sabah  yaxşıca  yağış  yağacaq,  oğlum.  Uzun  Həsən  dönüb  dolu  əndamlı,  boy-buxunlu, 
yerişindən, duruşundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmişdi. 
Belində  zümrüd  qaşlı  qızıl  kəmər,  əynində  qanovuzdan  köynək,  onun  üstündən  pərəngli, 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə