Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə101/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   101

205
– Saqqalımın bu vədəsində dinimi, yolumu, ərkanımı dəyişən deyiləm. 
– Bir də deyirəm, qayıt yola. 
– Yox. Sünnü doğulmuşam, sünnü kimi də öləcəm. 
– Onda öl! Cəllad, işini gör! 
Cəllad işini görəndə hamı üzünü döndərdi, ağlayanlar, sıtqayanlar oldu. 
Elə həmin gün günahlarını bağışlamaq üçün Bakı əhli min tümən pul toplayıb verdi, həm 
də şiəliyi qəbul elədi.   
İsmayılın  qəlbində  bir  arzu  vardı.  Şəhəri  ərinin  yerinə  idarə  eləyən,  mühasirədə  mərdi-
mərdanə dayanan gəlini uzaqdan da olsa görmək istəyirdi. Amma onun yerini xəbər verən yox 
idi. Şirvanşah sarayının əndərun hissəsindən də xəbər gəlmişdi ki, orada da yoxdur. 
“Onda yəqin ki, Qız qalasındadır”. 
Bu qəribə biçimli qalanı o görmək istəyirdi. Sərkərdələri ilə bərabər qalaya getdi. Divarın 
içindəki daş pillələrlə yuxarıya qalxırdılar. Hər mərtəbədə qurulu evlər, yüklər, qab-qacaq, silah, 
pal-paltar  vardı.  O  qalanın  lap  üstünə  çatanda  bir  dəstə göyərçin uçdu. O dönüb dənizə baxdı. 
Qalanın  dəyirmi  gövdəsindən  ayrılan  divar  dənizə  tərəf  uzanmışdı  və  onun  dibində  dənizin 
ləpələri oynayırdı. Orada, divarın lap kənarında bir cəngavər dayanmışdı. Əlindəki qılıncın yarısı
qırılmışdı. 
Dəbilqənin  altından  çıxan  qara  saçları  isə  çiyinlərinə  tökülmüşdü.  İsmayıl  döşünə  çatan 
divara yaxınlaşıb dedi: 
 
– Ey cəngavər, pəhləvan ürəkli qadın, yaxına gəl. Sən amandasan. Heç kimin kipriklərini 
qaldırıb  sənə  baxmağa  belə  haqqı  yoxdur.  Bu  qədər  igidliyin  qarşısında  nə  istəyin  varsa,  ona 
yetirəcəyəm. 
Onun sifətində qəribə bir kədər və nifrət vardı. Dinmədi. 
– And içirəm bir Allaha, babam peyğəmbərin ruhuna və on iki imama. Sən azadsan. Qazi 
bəyin yanına səni göndərərəm, nə istəyin varsa... 
– Mənim bir istəyim var, cavan oğlan. O istək də bax budur. O bu sözləri deyərək, əllərini 
yuxarı  qaldırıb  sanki  qanad  açdı.  İsmayıla  elə  gəldi  ki,  Ərcivandan  onunla  başlayan,  sür’ətlə
keçən  zaman  dayandı.  Ürəklər  də  döyüntüdən  qaldı.  Gözlər  də  bir  nöqtəyə  həddən  artıq  çox 
baxdı, külək kəsdi, qalanın məhvərinə dəyib göyə qalxaraq parçalanan iri dalğalar mirvari kimi 
xırdalandı, yumrulandı və bir daha qayaların üstünə, sulara tökülmədi. Hamısı öz yerində donub 
qaldı. Bu dayanmış zaman içində hərəkətdə olan təkcə zirehli geyimdə olan bu cəngavər gəlin 
oldu.  Əlindəki  zamanın  sındırdığı  qılıncla  bərabər  aşağıya,  donub  qalmış,  mirvariləşmiş
dalğalara tərəf qartal uçuşu ilə, xanım hərəkəti, xanım gözəlliyi ilə ehmallıca uçdu, uçdu, sulara 
çatdı.  Onun  düşdüyü  yerdən  yüzlərlə  qızıl  balığın  ağzından  çıxan  qabarcıqlar  qalxandan  sonra 
əvvəlki dalğalar yenə başladı, göydə donub qalmış mirvari damlaları ucuz bir şey kimi səpələndi.  
Onun  bu  mərdanə  hərəkəti  İsmayıldan  ötrü  zamanı  dayandırıb  saxladı.  İgidliyini, 
cəngavərliyini  yadigar  qoyub  getdi.  Təkcə  adını  özü  ilə  apardı.  Onun  adını  İsmayıl  tarixçilərə
qızıl suyu ilə yazdırardı. Amma heç kəs onun adını demədi. “Qadının adı yad kişilərin dilində
çəkilsə, qəbahət olar, binamusluq olar. Deməyin mənim adımı”. Hamıya belə göstəriş vermişdi. 
Bir də ki, o ərinin zirehini geyirdi, dəbilqəsini başına qoyurdu, onun adından danışırdı.   
“Necə  də  anama  oxşadı.  Onun  kimi  düşmən  əlinə  keçməmək,  abır-ismətini  qoruyub 
saxlamaqdan ötəri belə yol seçdi. Əhsən, bərəkallah belə yurd qızına, qadınına”. 
İsmayıl oturub başını əlləri arasına qoyub xeyli fikrə getdi. 
ŞƏRUR SƏFƏRİ 
Qızılbaşlar  Cəbanidə  Şirvan  qoşununu  darmadağın  etsə  də,  Bakı  qalasını  alsa  da,  nə
Şamaxının  üstündəki  Gülüstan  qalası,  nə  də  Ağsu  çayı  vadisindəki  Buğurd  qalası  təslim 
olmamışdı.  Bakıdan  qoşun  yenidən  Şamaxıya  qayıtdı  və  Xınıslı  kəndində  düşərgə  salıb  Qız 
qalası  və  Pirdirəyi  dağları  arasındakı  dərəni  kəsdi,  bir  də  Qız  qalası  dağı  üstündən  Gülüstanı
mühasirəyə aldı. 


206
Günlər  ötür,  həftələr  keçir,  amma  Gülüstan  qalasının  təslim  olacağı  gün  görünmürdü. 
Onun  divarlarının  yanına  qalxmaq  belə  mümkün  deyildi.  Oradakıları  yalnız  və  yalnız  aclıq 
hesabına təslim eləmək olardı, o da hələlik mümkün deyildi. Hər səhər, hər günorta, hər axşam 
qala  bürcünə  qalxan  carçı  gur  səslə  qızılbaşları  söyür,  bürclərdən  qala  müdafiəçilərinin 
süfrələrindən artıq qalan yeməkləri aşağı tökürdülər. 
İsmayıl da ümidini üzmüşdü. Bir gün o vəziri - “Azərbaycanın açarı” Zəkəriyyə Keçəçini 
və  Lələ  bəyi  götürüb  ova  çıxdı.  Kəklikotu  ətri  bürümüş  qayalıqlarda  kəklik  ovlamaq  həvəsinə
düşmüşdü.  Onlar  hündür  qayanın  üstünə  qalxdılar.  Yaxında  haradasa  kəklik  oxuyurdu.  Amma 
İsmayıl onu vurmaq üçün tələsmədi. Göstəriş verdi, süfrə saldılar. Hər üçü süfrə başında oturdu. 
İndi Zəkəriyyə Keçəçi də, Lələ də gördü ki, onun fikri özgədir. Ova yox, onlarla məsləhətə gəlib. 
Çörək kəsdi, dürmək eləmək istədi, amma dayanıb birdən-birə Keçəçinin sifətinə baxdı. 
–  Sənə  “Azərbaycanın  açarı”  ləqəbini  vermişəm.  Göstər  öz  ləqəbinə  layiq  olduğunu, 
Azərbaycan bağlı kiliddi. Onu necə açım? 
Keçəçi sağ əlini saqqalında gəzdirib dedi: 
– Mənim fikrim hazırdı. 
– Buyur görüm.  
–  Əlvənd  Mirzə  ən  yaxın  dostunu,  həmkarını  itirdi.  Ona  Murad  kömək  durmayacaq. 
Şirvanı fəth eləmisən. 
–  Hanı  fəth  eləmişəm.  Bu  Gülüstan  bizə  cəhənnəm  zəbanəsi  verir.  Paslanıb  qalmışıq 
burada. 
–  Düzdür.  İndi  bizə  Gülüstan  qalası  lazımdırmı?  Şirvanşahmı  olmaq  istəyir  böyük 
mürşüdümüz?  Əlvəndin  üstünə  yeriməliyik.  Vaxtı,  fürsəti  düşmənə  veririk.  Əlvənd  çürük 
qozdur. Onu dişimizə salsaq, dişimiz yox, o sınacaq. 
Lələ bəy dedi: 
– Mürşüdüm, bura gəlməmişdən qabaq xəbər gəldi, Əlvənd Naxçıvanda qoşun toplayır. 
– Bəs niyə mənə demədin? 
– Ovdan qabaq mübarək fikrini yayındırmaq istəmədim. 
– Sərkərdəsi kimdi? 
– Məhəmməd Qorçu bəy. 
–  Yengəsi  Gülüm  olanın  gözünə  külüm  olar.  –  İsmayıl  güldü.  Amma  Zəkəriyyə  Keçəçi 
gülmədi. 
– Qorçu bəy igid sərkərdədi. Onun gücünü gözümüzdən qaçırmayaq gərək. 
Onlar  xeyli  məsləhətləşəndən  sonra  geri  qayıtdılar.  Axşamı  yatdılar,  səhər  açılan  kimi 
İsmayıl sərkərdələrini yanına çağırdı. Sərkərdələr gəlib bir-bir oturdular. İsmayıl bir-bir onlara 
baxdı. Nazik tül pərdənin arxasından o çox yaxşı görürdü. Onu isə görmürdülər. İki qalibiyyət 
onları  daha  da  qürurlu  eləmişdi.  Hamısı  da  yanıb  qaralmışdı.  Daha  da  yaşlaşmış, 
müdrikləşmişdilər. Hamısı sevincli, gülərüz idi, təkcə Dədə bəydən başqa. 
Dədə bəy çox fikirlidir, görünür elatın fikrini çəkir. 
– Yox, şahım, mürşidim. Heyfimizi aldıq, dostum Şeyx Heydərin intiqamını aldıq. Amma 
əlimdən bir xəta çıxıb. 
– O nə xətadır? 
–  Murad  bəyi  tanıyırdınız?  Şəmasə  müsibətindən  qabaq  bizə  xəbər  çatdıran  Murad  bəyi 
deyirəm. Tanımayıb nizəni kürəyinə sancdım! 
– Əbih Sultanı gətirən? 
– Bəli. 
– Allah rəhmət eləsin, goru nurla dolsun. Xəta, bəli, böyük xətadı. 
Bir an fikrə getdilər. 
Hər il ona ehsan verəcəm, heç kimi yox idi. 
– Yaxşı, bu boyda qələbə qurbansız olmazdı, ruhu şad olsun. Mən sizi buraya bir məqsəd 
üçün çağırmışam. Gecə babam cənabi Əmir yuxuma girmişdi. 
Onlar hamısı salavat çevirdi. 
– Mübarək olsun, mübarək olsun. 


207
– Həzrət Mürtəza Əli, yaranmışların ən gözəli dedi ki, ya zamanın sahibi, niyə oturub bu 
Gülüstan qalasının yanında qalmısan. Təbriz taxtı səni gözləyir. İndi mən sizdən soruşuram: bizə
hara lazımdı? Gülüstan, ya Azərbaycan? 
– Azərbaycan, – deyə hamı bir ağızdan dilləndi. 
Şamaxıdan çıxanda Qızılbaş qoşunu tək bir əsir aparırdı. – Əbih Sultanı. Zamanın sahibi 
əsir düşən şirvanlıları pulla alıb azad eləmişdi. Bu qədim adət idi. Döyüşdə əsir düşənləri kənar 
adamlar da savab qazanmaq üçün alıb buraxırdılar. Amma bu dəfə İsmayıl heç kimə bu icazəni 
verməmiş,  hamını  özü  azad  etmişdi.  Pullar  isə  qızılbaş  qoşunlarına  çatmışdı.  Azad  edilən 
qulların  xeyir-duasından  əlavə  camaat  arasında  hörmət  qazanmaq  üçün  bu  böyük  xeyirxahlıq 
sayılırdı. Əbih Sultanı isə hələ də aparırdılar. Vaxtında yemək-içməyini verir, amma əllərindən, 
ayaqlarından kündələri açmırdılar.   
Qoşun  Naxçıvana  çatmışdı.  Şəhərə  daxil  olmadılar.  Əlvənd  Mirzənin  ordugahının 
günbatan  tərəfdə,  Şərur  düzündə,  Arpa  çayın  kənarında  salındığı  xəbərini  alan  kimi  sür’ətlə
buraya  yola  düşdülər.  Bütün  yol  boyu  qoşundan  qabaq  Qara  Piri  bəyin  atlıları  gedir,  onların 
qaldırdığı  toz  qızılbaşlara  nişangah  olurdu.  Ona  görə  də  İsmayıl  Qara  Piri  bəyə  “Tozqoparan” 
ləqəbi vermişdi. 
Qızılqanadın  yəhərində  oturan  İsmayıl  qəribə  fikirlərə  dalmışdı.  “Elə  bilirdim  bəs 
Şirvanşahı bassam, atamın intiqamını alsam, məndən xoşbəxt adam yoxdur. İndi elə bil heç nə
etməmişəm.  İstəyirəm  Təbrizi  tutam,  taxtı  ələ  keçirəm.  Bundan  sonra  nə  olacaq?  Acgözlük 
eləmirəm görəsən? Yox, bu acgözlük deyil, tayfaları birləşdirmək, möhkəm ölkə yaratmaq üçün 
hələ nə qədər işlər görmək lazım gələcək”. 
Onlar dərədən qalxdılar. Dikin üstünə çıxanda başı qarlı, nəhəng, bir az da qozbel görünən 
Ağrı  dağı  onun  gözləri  qarşısında  dayandı.  Göyçə  gölünün  yanından  enəndə  görməmişdi, 
qayıdanda Ağrı dağı dumanda olmuşdu. İndi onu apaydın görürdü. Zirvədən yuxarıda bir dilim 
ay, başı üstündə günəş vardı. 
–  Lələ,  bu  əlamətlərə  fikir  verirsənmi?  Günəş  mənim  başımın  üstündə  dayanıb,  ay  isə
Əlvənd Mirzədən də o tərəfdə. 
– Bəli. Bu gözəl əlamətdi. Əlvənd Mirzə də heç özünə yaxşı yer seçməyib. O görünən Ağrı
dağıdı,  bu  yerə  Şərurdan  başqa  Şəril  də  deyirlər.  Yəqin  ki,  Şər  el  deməkdi.  Quzeydəki  dağlar 
Əyircə yaylaqlarıdı. Ağrı, şər, əyricə... 
 
– Hələ Arpa çayını demirsən. Arpanın aşan-daşan, qan-qan deyən vaxtları keçib. Qızılbaş
qoşunu Əlvəndi süpürüb Araza tökəcək. 
Qabaqda  bir-birinə  söykənən  səkkiz  dairədən  ibarət  türbə,  türbənin  qarşısındakı  iki  uca 
minarə  göründü.  Türbənin  kaşı  naxışları  uzaqdan  oxunurdu.  Orada  “Allah”  yazılmışdı. 
Minarələrin  birinin  üstündə  isə  leyləklər  yuva  qurmuşdu.  O  quşlar  qoşunu  da  görüb  uçub 
getmədilər. Biri dimdiyini şaqqıldadırdı. 
– Bu hansı kənddir? 
 
– Qarabağlar. Görünür bu türbədə yatan kimdisə onun ruhunu əziz tutub kənd əhli həmişə
qara geyinib, qara bağlayıb. Kəndin də adı belə qalıb. 
Uzaqdan toz qalxdı. Atlılar çapa-çapa gəlirdilər. 
– Tozqoparan gəlir. 
Doğrudan da gələn Qara Piri bəyin özü idi. 
– Şahım, mürşüdüm, gürcü bəyləri öz qoşunları ilə Çuxur Səəddə dayanıb, sənin mübarək 
qədəmlərini Şərur torpağına basmağını gözləyirlər. 
İsmayıl  Şirvandan  tərpənəndə  Axalsxa  knyazı  Gorquram  bəyə  (Kvarkvareyə),  Axalkala 
knyazı  İsgəndər  bəyə  (Aleksandr  bəyə),  bir  də  Mirzə  bəyə  məktub  göndərib  yazmışdı  ki,  əgər 
Əlvəndlə vuruşmada mənim tərəfimdə olsanız, onda padşah keçəndən sonra sizi vergilərdən azad 
edəcəyəm. 
O,  hələ  Ərzincandan  qayıdanda  o  knyazlara  öz  gücünü  göstərmişdi,  amma  köməyə
gələcəklərinə  ümidi  yox  idi.  Budur  gəliblər.  Demək  bu  knyazlar  Əlvənd  Mirzədən  çox  onun 
uğuruna inanırlar. 
– Qüvvələri nə qədərdir? 


208
– Hər biri üç min atlı ilə gəlib. 
Lələ bəy, eşidirsənmi? 
Lələ  bəy  bütün  məsələlərə  ehtiyatla  yanaşırdı.  Bu  doqquz  min  atlı  döyüşdə  böyük  bir 
qüvvəyə  çevriləcəkdir.  Amma  bilmək  olmaz.  Hazırda  hakimiyyət  Əlvənd  Mirzənin  əlindədir. 
Əgər  o,  bu  knyazlara  məktub  göndərib  İsmayıl  kimi  təklif  etsə,  vergiləri  almayacağını  desə, 
onlar öz fikirlərindən dönməzlərmi? Bəlkə də artıq Əlvənd Mirzə öz işini görüb, bu bir hiylədir. 
Doqquz  min  atlı  yeddi  mindən  az  qızılbaş  müridinə  qarışandan  sonra  onları  qılıncdan 
keçirməzmi. Alınan mə’lumata görə Əlvənd Mirzənin yaxşı silahlanmış otuz minə yaxın qoşunu 
vardı. Ona qalib gəlmək bir o qədər də asan iş deyildi. Lələ bəy o qoşunun içərisinə əvvəldən öz 
adamlarını  göndərmişdi.  Silahlı  müridlər  qoşun  arasında  İsmayılın  Allah  tərəfindən 
göndərilməsindən, onun mö’cüzələrindən danışır, çoxlarının ürəyinə qorxu salırdılar. 
Əlvənd Mirzə isə Əli bəy Cəyirlinin məsləhətlərinə qulaq asıb Məhəmməd Qorçu bəydən 
şübhələnmişdi. Onun İsmayıl tərəfinə keçməsindən qorxurdu. Ona görə də bu igid sərkərdəyə əl-
qol  açmağa  imkan  vermirdi.  Qoşunla  bərabər  buraya  yüzlərlə  dəvə  gətirmişdilər.  Bütün 
Şərurdakı  dəvələri  də  toplamış,  qoşunun  gündoğan  tərəfindən  bu  dəvələri  düzdürüb  onları
zəncirlə  bir-birinə  bənd  etdirmişdi.  Qoşunun  günbatan  tərəfində  Arpa  çayının  hündür  sahili, 
arxasında isə Araz çayı dayanmışdı. 
Döyüşdən əvvəl Qorçu bəy Əlvənd Mirzəyə yalvarırdı:  
–  Mənə  inan  hökmdar.  Qəfəsə  salınan  qoşundan  qalibiyyət  gözləmə.  Düşmən  yuxarıdan 
gəlir, biz isə aşağıdayıq. İzin ver qoşunu öz bildiyim kimi düzüm. 
–  Öz  bildiyini  evində,  hərəmxananda  eləyərsən.  Burada  mən  deyən  olacaq.  Yeddi  min 
Ərdəbil səfili nədir ki, ondan qorxasan. Elə buradaca işlərini bitirərik. 
–  Onlar  da  ağılsız  adamlar  deyillər.  Süvarilərin  tərpənməyinə  yer  qalmayıb.  Dəvələri 
götürək. 
– Dəvələri götürsəm, sənin satqın süvarilərin hərəsi bir tərəfə qaçacaqlar. 
Qorçu  bəy  onun  sözündən  çıxa  bilmədi,  döyüşün  də  taleyini  bu  sıxlıq,  qoşunun  qəfəsə 
salınması həll etdi. 
Tozqoparan  Piri  bəy  Qacar  dağ  seli  kimi  igidlərini  yerindən  tərpənməyən  qoşuna 
çatdıranda Əlvənd Mirzənin qəfəsə salınmış ordusu can verən əjdaha kimi çabalamağa başladı. 
Qılınclar qalxanlara dəyəndə dəvələr anqırır, yanlarındakı adamlara, atlara ağız atırdı. Qorxuya 
düşən  qoşun  özünü  dəvələrin  arasına  vurub  zəncirləri  yarıb  keçmək  istədi.  Bir  piyada  zəncirə
dolaşdı. Ürkən dəvələr dartıb onu zəncir arasında əzdilər. Bir sözlə, qoşuna bir çaxnaşma düşdü 
ki, onun qabağını heç nə ilə almaq mümkün olmadı. Əlvənd Mirzə otuz minlik qoşununu pərən-
pərən düşən görüb Əli bəy Cəyirli ilə bərabər atlarına minib aradan çıxdılar. 
 
Təbrizin  Nəsriyyə  məscidinin  hündür  minarəsində  əzançı  işini  qurtarıb  yerini  carçıya 
verdi. Carçı aşağıdakı meydana yığılanlara üzünü tutub uca səslə deyirdi: 
–  Səfəvilərin  ən  qəddar  düşməni,  zamanın  sahibi,  cənnətməkan  Şah  İsmayıl  Xətainin 
qardaşlarının  qatili,  atasının  ölümünə  fitva  verən,  ölkəni  qurd  kimi  parçalayan,  dağıdan  Əbih 
Sultan  indi  e’dam  olunacaq.  Bu  e’damı  ölkənin  əhalisi  çoxdan  gözləyir.  Onun  dağ  çəkmədiyi 
sinə qalmayıb. Şah İsmayıl Xətai həzrətləri buyurub ki, cəzası bu müqəddəs, yüksək minarədən 
günahkar torpağa atılmaqdır. Ona bundan yaxşı cəza tapmaq mümkün deyil. 
Carçı  səsini  kəsdi.  İki  mürid  əl-ayağı  bağlı  Əbih  Sultanı  minarənin  eyvanına  çıxartdılar. 
Onu soyuq tər basmışdı və görürdü ki, bu daha onun sonudur. Buradan onu heç bir qüvvə xilas 
eləyə  bilməz.  “Namərd  dünya,  məni  belə  namərdliklə  öldürürsən,  nə  olar,  bu  heyif  yerdə
qalmaz”.  Bu  sözlər  onun  sayıqlamaları  idi.  Bilirdi  ki,  ölkədə  bir  nəfər  də  onun  tərəfdarı
qalmayıb.  Hamı  ona  nifrət  eləyir.  Odur,  buradan  düşəcəyi  yerə  adamlar  daş  diyirləyib  gətirib. 
“Mən də çox daş düzmüşəm. İntiqamımı sağlığımda almışam...” 
Müridlərdən  biri  onun  çiynindən,  o  birisi  ayaqlarından  tutub  yellədilər,  minarədən  aşağı
atdılar. Ömrünün son anlarını o bağırdı, bədəni daşlara dəyib yastılanandan sonra birdəfəlik səsi 
kəsildi.  
Səhərisi  gün  Şah  İsmayıl  Xətai  taxta  çıxacaq.  Artıq  zərbxanalarda  onun  adı  ilə  pullar 
kəsilir, məscidlərdə ona xütbələr oxunurdu.   

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə