Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,04 Mb.
səhifə13/31
tarix30.12.2017
ölçüsü2,04 Mb.
#18443
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Kərbəlayi qapını itələyib açdı. Qaranlıq hücrədə heç nə görmədi.

Şam gətirin, – deyə səsləndi. Şamı gətirdilər. Hücrədə qalxan, əmud vardı, bir küncdə iki qiymətli yəhər görünürdü.

– Yoxdular.

Bu vaxt karvan adamlarından biri başılovlu gəldi.

– Öldürüblər.

– Kimi?

– Xəncəri lap ürəyinə soxublar.



– Kimin?

– Nökər Niyazın.

– Cəhənnəmə soxsunlar. Ürəyim düşmüşdü, dedim bəs Hacı Həşim ağanı deyirsən. – O, hücrədən çıxdı. Cəftəsi keçirilən hücrəni göstərib dedi:

– Burada da bir çıraxçı olur. Şamaxılı Səfər. O da sakit adamdı. Heç sərçə də öldürə bilməz. İndi yəqin namaz qılmağa gedib.

– Aç hücrəni.

Kərbəlayı cəftəni qaldırıb qapını açdı. İçəridə səs eşitdi. İniltiyə bənzəyirdi. Çırağı başının üstünə qaldıranda qolu-qıçı bağlı bir adam gördü. Qorxub çəkildi.

– Balam bu nə müsibətdi. Görün kimdi.

Nökərlər içəri girib tacir Hacı Həşim ağanın ağzından canamazı çıxartdılar. Canamazı onun dodaqları arasına möhürqarışıq tıxamışdılar. Əl-qolunu açıb ayağa durğuzdular.

– Ay uşaq, kişiyə bir qurtum su verin, qorxub. Şükür, sağ-salamatdı.

Karvansaray sahibi şəhər valisinin yanına getdi. Əhvalatı danışdı. Öyrəndi ki, elə bu gün Süleyman Bicanoğlu qoşunla Ərdəbilə gəlib. Onunla bərabər şəhər valisi karvansaraya gəldi, taciri danışdırdılar, şahidləri dindirdilər, Muradla Əbih Sultanın əşyalarını da, yəhərləri, atları apardılar. Onları axtarmaq üçün şəhərə adamlar saldılar. Şəhər valisi qiymətli yəhəri Muradın atının belinə qoymuşdu, monqol madyanını isə yəhərsiz gətirtdirmişdi. İmkan tapan kimi öz ilxılarının içinə göndərmək fikrindəydi. Süleyman Bicanoğlu monqol atını görüb elə bil axtardığını tapdı.

– Bu madyanın sahibi hanı?

– Yoxa çıxıb, ya əmir.

– Yerin altından olsa çıxart gətir mənim yanıma. Dirisini. Qoşun sənin ixtiyarında, nə qədər istəyirsən, götür.

Qoşundan ayırıb şəhərin ətrafında gözətçilər qoydular. Gəlib-gedənləri saxlayır, sorğu-suala tuturdular. Amma səhər işığına qədər bir nəticə hasil olmamışdı.

Əbih Sultanın başından qara örtüyü götürəndə onun rəngi boğulmuş, nəfəsi qıncıxmışdı. Gözləri işığa öyrəşəndə çıraq hisinin iyini duydu və nəm divarlar arasında olduğunu gördü. Sifətini qara bir kölgə kimi gördüyü adam deyirdi:

– Əbih Sultan, sən bizim qan düşmənimizsən. Cəzanı özün de. Asaq, kəsək, ya...

– Kimdi məni danışdıran? Mənim bu dünyada düşmənim çoxdu. Hansıdı məni İmam övladının ziyarətində yaxalayan?

– Şeyx Heydərin yaxın dostları. Dərbənd yanında sən də vardın. Sənin də əlin Şeyxin qanına bulanıb. Cəzanı özün kəs.

– Düzdü. Mən günahkaram. Ancaq ziyarətə gələn düşməndən heyf almazlar. Mən onun babasının qəbrinə pənah gətirmişdim. İmam övladı məni kölgəsində saxlaya bilmədi?

– Ziyarətlə sənin günahın bağışlanası günah deyil.

Səsin sərtliyindən, Əbih Sultan başa düşdü ki, onun sonu çatıb. Amma ümid işığı görürdü. O özü elə bu adamları axtarırdı. Tapıb...

– Mən günahımı yuyaram

– Nəylə?

– Şeyxin övladlarını verərəm.

– Aldada bilməzsən. Sənin özünü Süleyman Bicanoğlu axtarır. Daha əlində ixtiyarın qalmayıb.

Əbih Sultanın başını açsalar da, onun qolları bədəninə sarınmışdı. Kötük kimi yanı üstə yıxmışdılar. Onsuz da indi ona qolları lazım deyildi. Qolları açıq olsa, əlində qılınc olsa belə buradan özünü xilas eləyə bilməyəcəkdi. Ona dil lazım idi. Dilini də işə salmışdı.

– Mən kimnən danışıram? Hüseyn Lələ bəylə?

– Tutaq ki, Şeyx Heydərin uşaqlarını bizə necə verərsən?

– Mənə kömək eləsən, adam versən, onların xilası əlimdə olacaq.

– Necə?


– Rüstəm Mirzə Əlincədədi. Onu qurtarıb taxta çıxarmaq lazımdı.

– Tutaq ki, onu qurtardıq, taxta çıxartdıq. Sonra uşaqları bizə verməsə necə?

– Verər. Onun gücü yoxdu. Onu taxta sənin adamların çıxarandan sonra hər şeyə razı olar. Bu fikir Hüseyn Lələnin ağlına batdı.

– Sözlərinə inana bilmirik.

– Siyasətin nə olduğunu bilməmiş deyilsən. Dünən qanını içdiyin adama bu gün qurban getməyə razı olursan. Ağqoyunlu sarayı üçün nələr eləmişəm, bunu bütün məmləkət bilir. İndi heç bir günahım olmasa da həyatım bir tükdən asılıdır. Rüstəm Mirzəni taxta çıxarmaq üçün səni görməyə gəlmişəm. Əslində mən Şeyxin övladlarından çox, özümü fikirləşirəm. Əbih Sultan elə-belə, səssiz-küysüz, rüsvayçılıqla həyatdan gedə bilməz. Əvvəlki mərtəbəyə qayıtmağım üçün hökmdar dəyişməlidir. Qurana əl basıb söz verirəm ki, Rüstəm Mirzə taxta çıxan kimi Sultanəli Ərdəbil padşahı olacaq.

– Onda şərtlərimizi yazaq, möhür basaq.

Əbih Sultan fikrə getdi.

Bəlkə onlar bu yazını alandan sonra Bəysunqurla əlaqə yaradacaqlar, şeyxin övladları üçün onu verəcəklər. Yox. Bəysunqur bu alış-verişə getməz. Onsuz da Əbih Sultan artıq onun üçün yoxdur.

– Yaman fikrə getdin Əmir İbrahim? – Əbih Sultanın bir adı da Əmir İbrahim idi.

– Yox, mən razı. Yazaq.

Onlar şərtlərini yazdılar. Bundan sonra hər ikisi barmaqlarındakı üzükləri çıxardılar. Müridin gətirdiyi davada batırıb kağıza basdılar.

ƏLİNCƏ QALASINDA


Əlincənin qapıları açıldı. Əbih Sultap dönüb Hüseyn Lələyə baxdı. Demək burada hələ də onun hökmü işləyir. Əvvəl o atını sürdü. Bu onun Bəysunqura hədiyyə apardığı qara monqol madyanı deyildi. Dədə bəy ilxılarını yəhərlətdirmiş, müridlər atlara süvar olub Əlincəyə gəlmişdilər. Dədə bəy özü də burada idi. Hər əmri o verməli idi. Əgər Əbih Sultanda satqınlıq görsələr, özü qılıncı onun başına endirəcəkdi.

Atın ayaqları daş döşənmiş qala meydanında çaqqıltı salaraq yeridi. Dədə bəy də onun yanında. Qalabəyi onları qarşılayırdı. Yeriyib Əbih Sultana baş əydi:

– Ya əmir, müntəzirəm hökmünə.

Qalabəyi yaşlı, ağ saçları dəbilqəsinin altından çıxan cəngavər idi. Qara sifəti vardı, iri, çevrilmiş dodaqları sifətindən də qara idi, O, Əbih Sultanın hökmünə, hikkəsinə çoxdan bələd olmuşdu. İndi uzatdığı möhürlü fərmanı açıb baxmadı.

– Rüstəm Mirzəni aparmağa gəlmişəm. Bu da fərmani hümayun.

– Atlardan düşün, ya əmirül-ümara, yol gəlib yorulmusunuz.

– Qayıtmalıyam. Bir qurtum su içməyə də vaxt yoxdu.

O, Əlincə qalasına qalxmağa ürək eləməmişdi. Qaladan adam çıxmasını gözləmişdilər. Təbrizə gedən atlını saxlayıb sorğu-suala tutmuş, atdan salıb əl-qolunu bağlamış, öyrənmişdilər ki, Əbih Sultan barəsində Təbrizdən hələlik heç bir xəbər gəlməyib. Görünür nə Bəysunqur, nə Süleyman Bicanoğlunun ağlına gəlməmişdi ki, Əbih Sultan Əlincəyə gələ bilər. Ona görə də onun şah qəzəbinə gəlməsi barədə heç bir fərman, sərəncam gəlməmişdi. Əbih Sultanın da qorxduğu bir bu idi. Əgər Əlincə qalabəyisi bilsə, o qalaya girə bilməyəcək, Rüstəm Mirzəni də xilas etmək mümkün olmayacaqdı. Belə olduqda başqa bir tədbir fikirləşmişdi. Üç min nəfərlik mürid qoşunu Təbrizin üstünə yeriyib Bəysunquru tutmalı, e’dam etməli idi. Amma bu fikrini nə Dədə bəyə, nə də Hüseyn Lələ bəyə demişdi. Desə, bəlkə də razı olmayacaqdılar. Onda Əbih Sultanın boynu qılınc ağzında olacaqdı.

– Tez olun, əlli tərpənin.

Onlar burada olan müddətdə Təbrizdən çapar gəlsə, yenə də hər şey alt-üst ola bilərdi.

Rüstəm Mirzəni gətirdilər. Qollarında zəncir, ayaqlarında kündə vardı. Kündələr o addım atdıqca, daş üstündə sürünür, ət ürpədən səs çıxarırdı. Qollarını qaldırıb qaşlarının üstünə qoydu. Günəş işığından az qalmışdı kor olsun.

– Asmağa aparırsan? – Rüstəm Mirzə kinayə ilə soruşdu.

– Mən buyruq quluyam. Hökmdar istəyib, mən də aparıram. Fərman belədir ki, Təbrizə qədər başından bir tük əskik olmasın.

– Təbrizdə hər tükümdən intiqam alacaqlar, eləmi?

– Onu Sultan bilər, sən bilərsən. – Açın əllərini, ayaqlarını, ata mindirin.

Əbih Sultanın əmrini yerinə yetirdilər. Murad Rüstəm Mirzənin mindiyi atın yüyənini öz əlinə aldı.

– Bağlayın gözlərimi! – Günəş işığına baxandan sonra elə bil gözlərinə qum dolmuşdu. – Sonra da əlavə elədi:– Lazım deyil, bağlamayın. Bəlkə də Təbrizdə gözlərimdən birdəfəlik məhrum oldum, heç olmasa yollara axırıncı dəfə baxaram. Nə görsəm qənimətdi.

– Narahat olma, Rüstəm Mirzə.

Bu səsdən sonra Rüstəm Mirzə susdu. Elə bil qaranlıq mağaraya düşmüşdü. Göz-gözü görməyən yerdə əllərini sürtüb özünə kömək axtaranda əlləri yumşaq bir bədənə toxunmuşdu. Soyuq və yumşaq bu bədənin ilan olduğunu birdən-birə bilmişdi.

– Məni kim aparır?

– Əbih Sultandı, – deyə o səsinə mülayimlik verdi ki, Rüstəm Mirzə e’tirazını bildirməsin. Rüstəm Mirzə sürüşüb yəhərdən düşdü.

– Getmirəm. Qoy məni gəlib buradan Bəysunqurun cəlladı aparsın. Ona razıyam. Əbih Sultan aparmasın. Əbih Sultan, yadında saxla, mən taxta çıxacam. Başıma tac qoyduğum birinci gün sənin ananı mən ağlar qoyacam.

Dədə bəy təəccüblə Hüseyn Lələnin üzünə baxdı. Onun razılığını istəyirdi. Rüstəm Mirzəni götürüb aradan çıxarmaq üçün onun gözləri ilə razılığını bildirmək bəs edərdi. Lələ qılıncının qəbzəsini bərk-bərk sıxıb dayanmışdı. Him-cimlə Dədə bəyə başa saldı ki, özünü ələ alsın.

Əbih Sultan əhvalatın gedişinin belə dönməsini gözləmirdisə bir anlığa özünü itirdi. Qalabəyinin yanında ona öz fikrini başa sala bilməzdi. Üstünə hirslənmək, ona kobudluq da göstərmək istəmirdi. Onsuz da onun yanında günahı çox idi. Sabah taxta çıxarsa ixtiyar Rüstəm Mirzənin əlində olacaq. Hökmdar nəsli də dəvə kimi kinli olur. Barmağının onunu da şama çevirsən belə yaxşılığı yadlarında saxlamırlar.

Rüstəm Mirzə qalanın meydançasında dayanıb var kücü ilə bağırırdı.

– Qaytar məni zindana, çal köpəkoğlu. Rüstəm Mirzənin ölüm hökmü gəlməyinə baxma, taxta çıxacam. Onda sənin də o ağ saçlarını qana bulamaq mənə borc olsun. Hələ gözlərimə mil çəkməyiblər, hələ boğazıma kəndir salıb dar ağacına qaldırmayıblar. Qaytar məni zindana.

Rüstəm Mirzə son iki gündə zəncirləndiyi divarda qarşısındakı hürufi ilə çox danışırdı. Elə özü deyir, özü də eşidirdi. Pirani qoca isə ona cavab vermək istəmir, bir kəlmə də cavab qaytarmırdı. Dünən keşikçi içəri girəndə görmüşdü ki, qocanın son nəfəsidir. Zəncirdən azad eləyib samanın üstündə uzatmışdı. Qocanın saqqalının və bığlarının arasında görünən dodaqları tərpənib son sözlərini pıçıldamışdı:

– Mən hələ çox yaşayacaqdım. Bu nadanın sözləri məni öldürdü.

Rüstəm Mirzə yenidən zindana qayıtmışdı. Qalabəyi isə sual dolu baxışlarını Əbih Sultana dikmişdi, yə’ni nə eləyək? Əbih Sultan da ona baxdı, işarə verdi ki, gətirsinlər. Qalabəyi baş əyib dedi: – Ya əmir, səni başa düşdüm – deyib içəriyə getdi.

Birdən onun fikrindən nə keçdisə qalabəyinin dalınca zindana qaçdı. Qapıları bir-bir itələdi. Heç biri açılmadı. Pillələrlə aşağı endi. Burada da qapılar bağlı idi. “Necə fürsəti əldən verirəm. Allahın mənə göndərdiyi bu imkan əldən çıxsa, get qəbrini qaz, Əbih Sultan. Amma o qəbirdə basdırılmağa sənin bir sağ tikən də tapılmayaçaq”

O, zirzəminin dar dəhlizində o tərəf, bu tərəfə qaçıb qalabəyini səsləyirdi. Bu vaxt qapılardan biri açıldı. Qoca qalabəyi qan-tərin içində, gülümsəyə-gülümsəyə çıxdı.

– Hazırdı.

– Nə hazırdı?

– Rüstəm Mirzəni deyirəm.

– Getməyə razılıq verdi?

– Verdi.


Əbih Sultan gördü ki, qalabəyi özündə deyil. Onun yaxasından yapışdı. Sövqi-təbii hiss eləmişdi ki, nəsə bir əhvalat baş verib. Həmin əhvalat isə onun ümidlərini alt-üst eləyib.

– Nə iş tutmusan?

– Heç nə. Boğdum Rüstəm Mirzəni.

– Neynədin? Boğdun?

O, qalabəyini divara necə vurdusa başı daşa dəydi, gözləri süzüldü, dizləri qatlandı, tir-tap döşəməyə uzandı. Əbih Sultan içəri girdi. Əvvəl Rüstəm Mirzənin məstlərinin altını gördü. Əynindəki paltar parça-parça olmuşdu, sir-sifəti dırnaq yerlərində qanlı xətlərlə örtülmüşdü. Əyilib qulağını onun ürəyinə qoydu, nəbzini tutdu. Onun bədəni hələ soyumamışdı. O dəhlizə qaçıb qışqırdı:

– Su gətirin.

Onun səsinə qalabəyi gözlərini açdı. Amma nə baş verdiyini dərk eləyə bilmədi, təəccüb dolu baxışlarını Əbih Sultana dikib qışqırıqdan bir şey anlamağa çalışdı. Fərraş əlində bir cürdək qaça-qaça gəldi. O suyu qalabəyinin sifətinə çiləyəndə, Əbih Sultan cürdəyi aldı, Rüstəm Mirzənin yanına qayıtdı. Suyu ovcuna töküb onun sifətinə çilədi, yanaqlarına vurub çağırmağa başladı:

– Rüstəm Mirzə, Rüstəm Mirzə.

Sonra qollarını qaldırıb qatladı. Ona ümid verən bu idi ki, hələ onun bədəni nə qurumuş, nə də soyumuşdu. O ayağa qalxanda qalabəyini.yanında gördü.

– Bilirsən öz başına nə müsibət açmısan? Əmr eləmişdilər Rüstəm Mirzəni sağ-salamat aparaq.

– Mən də padşahımızı tanıyıram. Onun başını aparsan daha yaxşıdır. – Belindəki xəncəri çıxarıb dizini yerə vurdu. Rüstəm Mirzənin çənəsini qaldırdı ki, xəncəri rahatca onun hulqumuna çəksin.

Əbih Sultan onun biləyindən tutub burdu, xəncəri aldı.

– Ağzımda bir quranlıq söz danışıram, sən də öz bildiyini eləyirsən. Sənə kim deyib onu öldürəsən?

– Him-cim elədin, mən də səni belə başa düşdüm. Diri getmək istəməyənin başını aparırlar, bu olur salamatlıq.

– Axı sən nə bilirsən onu e’dam eləməyə aparırlar? Bəlkə bir məmləkət bağışlayacaqlar.

– Bəysunqur ona bir kor pişik də peşkəş eləməz.

Əbih Sultana xəncər vursan bir damcı qanı düşməzdi. Bədənindən vic-vicələr keçirdi. Xoşbəxtliyə çatdığı yerdə gör necə bədbəxtliyə rast gəlmişdi. Birdən-birə o dəli kimi qışqırdı:

– Salamatdı.

Doğrudan da Rüstəm Mirzə tərpəndi. Əlini gətirib boğazına sürtdü. Zarıdı. Əbih Sultan onun üzünə su çiləyəndən sonra soruşdu!

– Mən haradayam?

Əbih Sultan qalabəyinə dedi:

– Anan namaz üstəymiş, ölməyib.

Qalabəyi uzun, qara dırnaqlarının arasına çirk dolmuş barmaqlarına baxdı.

– Demək qocalmışam. Bu barmaqlar məngənə kimiydi. Hələ onlardan bir adamın boğazı salamat qurtarmayıb.

Əbih Sultan Rüstəm Mirzənin qoluna girib qaldırdı. Qapıya tərəf apardı. Daha getməyinə də e’tiraz eləmirdi. Dayçaları beləcə boğandan sonra belinə yəhər qoyub minirlər.

Arazı keçib xeyli gedəndən sonra yoldan çıxdılar. Qayaların arasına gəldilər. Bura əsl ordugaha oxşayırdı. Bir neçə min silahlı adam vardı. Rüstəm Mirzə bu məsələdən heç nə başa düşmədi.

Onu görəndə adamların heyrət nidalarını eşitdi. Amma Rüstəm Mirzə başını qaldırıb heç kimə baxmırdı. Bilirdi ki, onu Bəysənqurun yanına e’dama gətiriblər. Bu heyrət də elə ona görədir. Ordugahdan keçib başda qurulan çadırın qabağına qədər gəlib atdan düşdülər və onu da düşürdülər.

– Çadıra buyurun, Rüstəm Mirzə.

Əbih Sultanın bu təklifinə Rüstəm Mirzə əhəmiyyət vermədi. Dayandığı yerdən tərpənmədi, ona bir daha yol göstərəndə dedi:

– Mən Bəysunqurun ayağına getmirəm.

– Bəysunqur yoxdu.

– Necə yoxdu. Bəs mənim e’damıma baxmaq istəmir o südəmər küçük? Qoy çıxsın görsün ki, kişi kimi necə ölürlər. Qanımı qaba tutub verin, ac köpək kimi yalasın.

– Hər şey tərsinə olacaq, keçin çadıra, hər şeyi sənə danışacağam.

Rüstəm Mirzə heç nə başa düşmürdü. Bu sözlərdən sonra çadıra girdi. İçəridə heç kim yox idi: Əbih Sultanla bərabər Hüseyn Lələ bəy və Dədə bəy də çadıra girdilər. Əbih Sultan ona başda yer göstərdi. O, biləklərindəki zəncir yerlərini ovuşdura-ovuşdura oturdu. Əbih Sultan dedi:

– Məni Əlincə qalasına Bəysunqur göndərməmişdi. Mən özüm də onun qəzəbinə gəlmişəm. O, dayısı Fərrux Yasarın çaldığını oynayır. Məsləhətçisi də qoca tülkü Süleyman Bicanoğludur. Səni onun yerinə Təbrizə taxta çıxartmaq üçün xilas eləmişik. Uzun Həsənin taxtında oturmağa layiq olan bir şəxs varsa, o da Rüstəm Mirzədi.

Rüstəm Mirzə elə bil ayıldı. Əlincə qalasından buraya qədər fikrindən keçən bu idi ki, qılıncı onun boynuna endirəcəklər. Həmin qılınc da Əbih Sultanın əlindədir. İndi o əl enir, o əldəki qılınc deyil, tacdır.

– Bu şəxsləri mən tanımıram, – deyə Hüseyn Lələ ilə Dədə bəyi göstərdi.

– Hüseyn Lələ rəhmətlik Şeyx Heydərin dostudur. Dədə bəy də həmçinin.

– Şeyx Heydərin?

– Bəli, Şeyx Heydərin, – deyə Hüseyn Lələ bəy təkrar elədi.

– Başa düşmürəm. – Rüstəm Mirzə Əbih Sultana baxdı.

– Bəysunqur hələlik Təbrizdə taxtda oturub. Qoşunları Ərdəbil tərəfdədi. Səni Əlincədən çıxarıb taxta oturtmaq istəyən bu qoşun Şeyx Heydərin müridləridir.

– Onlar ki, bizim səltənətimizə həmişə düşmən olublar.

– Düşmənliyimiz bu hərəkətimizdən görünürmü?

Rüstəm Mirzə Lələ bəyin sözündə acılığı elə bil istiot kimi yeyib dilinin üstündə hiss elədi.

– Nə şərt qoyubsan?

– Bir şərtimiz var. Şeyx Heydərin övladlarını zindandan çıxarıb verin bizə.

Rüstəm Mirzə qarşısında şərt qoyulmasını narazılıqla qarşıladı.

– O uşaqları sənə verməsək onda necə?

– Onda başqa daha asan yol var, biz də həmin yolnan gedərik. – Hüseyn Lələ bəy kükrəyib özündən çıxmağa hazır olan Dədə bəyin dizini basdı.

– Hansıdı o yol?

– Rüstəm Mirzəni də, Əbih Sultanı da Bəysunqura verib əvəzində uşaqları alarıq. Çünki bu iki düşmən ondan ötəri, Şeyxin uşaqlarından daha qorxulu düşməndi. Müridləri Təbrizə yeridib qan tökməkdən də canımız azad olar.

Əbih Sultan Hüseyn Lələ bəyin bu fikrinin daha inandırıcı olduğunu görüb onu bu fikirdən daşındırmaq üçün əl-ayağa düşdü. Əl atıb cibindən Hüseyn Lələ bəy ilə yazıb möhürlədikləri müqavilənaməni çıxartdı. Əvvəl onu Hüseyn Lələ bəyə göstərmək, verdiyi sözü yadına salmaq istəyirdi. Amma fikrindən tez daşınıb Rüstəm Mirzəyə göstərdi.

– Bu mənim Hüseyn Lələ bəy ilə bağladığım əhd-peymandı. Burada yazılıb ki, Rüstəm Mirzəni taxta çıxarandan sonra o, Şeyxin uşaqlarını azad eləyəcək.

Rüstəm Mirzə hirsləndi:

– Mən səni vəkil eləmişdim?

– Yox.

– Bəs bu nə işdi mənim adımdan danışırsan?



Əbih Sultan da pərt oldu, kağızı qatlayıb cibinə qoydu.

Hüseyn Lələ bəyə baxıb çiyinlərini çəkdi. Yə’ni daha mənim heç bir sözüm yoxdur.

– Belə olan yerdə bizim müqaviləmiz pozulur. – Hüseyn Lələ bəy cəld Əbih Sultanın belindəki qılıncı çəkib çıxartdı. Dədə bəy onu sarıdı.

Rüstəm Mirzə isə şah kimi oturmuşdu. Yerindən tərpənmirdi. Əbih Sultanın silahının alınıb qollarının bədəninə sarınması onun vəziyyətini ona başa saldı.

Əhdinizi nə tez pozdunuz, – deyə lovğa-lovğa dilləndi.

– Bu tək əhd pozmaq deyil, Bəysunqurun təzədən Ərdəbil müridləri üstünə yeriməyidi. Köhnə düşmənçilik təzələnir, Şeyxin övladlarını da ölüm gözləyir.

– Bəs məni niyə sarımırsan?

– Səni sarımaq çox asan işdi. Onsuz da buradan heç yana qaça bilməzsən.

Dədə bəyin gur səsi eşidildi:

– Rüstəm Mirzə, yaxşı-yaxşı fikirləş, ya onlar deyənə qulaq asmalısan, ya da Bəysunqurun cəlladlarının qabağında dayanacaqsan.

– Mən şərti elə qəbul eləyə bilmərəm. Şeyx Heydərin uşaqları müridlərdən yeddi köynək mənə yaxındı. Taxta çıxan kimi onları zindandan birbaşa saraya gətirəcəm.

Əbih Sultan rahat nəfəs aldı.

– O saraydan onlar heç bir xeyir görməyiblər. Bizim şərtimiz qətidir. Ərdəbil neçə qərinədi ki, Şeyx Səfiyyəddin övladlarının mülküdür. O mülk qayıtmalı, Şeyx Sultanəli Ərdəbildə oturmalıdır.

Əbih Sultan da Rüstəm Mirzəni sakitləşdirməyə çalışırdı.

– Rüstəm Mirzə, Bəysunqur gedəndən sonra Şirvanşah sənə düşmən kəsiləcək. Onun da qabağında Sultanəli dayana bilər. Çünki qan düşmənidilər. Hüseyn Lələ bəyin şərti sənə də xeyirdi.

– Demək Sultanəli belə böyüyüb?

– İndi o, həddi-büluğa çatmış oğlandı. Darül İrşadın işləriylə məşğul olacaq. Onu sarayda saxlamaq istəsən də, qalmaz. – Hüseyn Lələ cavab verdi.

Rüstəm Mirzə dəlillərin qarşısında təslim oldu.

– Yaxşı, mən razı.

– Onda müqavilənamə təzədən yazılmalıdır, – deyə Hüseyn Lələ fikrini bildirdi.

– Müqavilənamə?! Mən sözümün ağasıyam. Həm də hökmdar hökmdarla müqavilənamə bağlayar?!

– Hələ hökmdarlığa var.

Rüstəm Mirzə tələsirdi. Elə bilirdi ki, artıq taxta oturub. Amma söhbətlər onu indiki vəziyyətinə qaytarırdı.

Hüseyn Lələ bəy qələm-davat istədi. Gətirdilar. Oturub yazdı. Hər bəndi Rüstəm Mirzə ilə razılaşdırdı. Sonra onlar möhür basdılar. Rüstəm Mirzənin möhürü yox idi. Barmağını basdı. Bundan sonra Rüstəm Mirzəyə hökmdara layiq libas, silah gətirdilər. Özləri çıxdı, o geyindi.

Əbih Sultan çadıra girəndə gördü ki, Rüstəm Mirzə iki balışı üst-üstə qoyub, dizinin kündəsi balışları basıb aşağı. Artıq qızıldan olmasa da, qaz tükündən özünə taxt düzəldib. Hamıdan heç olmasa bir barmaq yuxarıda oturmaq istəyir.

– Əmir İbrahim, – deyə Əbih Sultana müraciət elədi. – Anan namaz üstəymiş. Mənim köməyimə çatmasaydın, özüm taxta çıxanda and içmişdim birinci səni Təbriz qalasından asdırım.

Əbih Sultan onun bu xam xəyalına ürəyində güldü. Həm də sevindi. Sevindi ki, Rüstəm Mirzə çox yola yaxın adamdı. Sarayda, o hökmdarın ən yaxın adamı olacaq, kəsdiyi başların sorğu-sualı olmayacaq.

Dədə bəy Hüseyn Lələnin yanına gəlib onunla xısın-xısın danışmağa başladı.

– Tədbirimiz baş tutub. Cibo Səfər qayıdıb.

– Necə?


– Bəysunqur artıq Arazı keçib Şirvana gedib. Təbriz yolu açıqdır.

– Bir yandan bağlayan tanrı o biri yandan açır. Hüseyn Lələ bəy Şirvandan gələn çaparı tutdurmuş, onun paltarını geydirib məktubunu da təzədən yazdırandan sonra Təbrizə göndərmişdi. Fərrux Yasarın adından yazılan bu məktubda bildirilirdi ki, qoca Şirvanşah ölüm yatağındadır, halallaşmaq üçün nəvəsi Bəysunquru yanına çağırır. Tək ona deyiləsi sözləri, sirləri var. Cibo Səfəri göndərməkdə məqsədləri vardı. Səfər şamaxılı idi, danışığı, ləhcəsi şübhə doğura bilməzdi. İndi bu tədbir öz işini görmüşdü. Bəysunqur Suleyman Bicanoğlu ilə bərabər Şamaxıya yola düşmüşdü. Taxt şəhəri Təbriz onların üzünə açıq idi. Təbriz camaatı Rüstəm Mirzənin tərəfindəydi. Onun atası Maqsud Mirzə Təbrizi bir dəfə xilas eləmişdi. Ona görə də təbrizlilər Şirvanşahın qohumu Bəysunqurdan çox Rüstəm Mirzəyə məhəbbət bəsləyirdilər. Şəhərdəki qoşun nə qədər olsa da, Rüstəm Mirzənin adını eşidən kimi silahlarını töküb onun tərəfinə keçəcəkdi. Bəlkə də...

SONUNCU GÜN
Əkil bəkil quş idi,

Divara qonmuş idi.

Getdim onu tutmağa,

O məni tutmuş idi.

Meydanın ağacları,

Bar gətirib ucları.


İsmayıl Səkinənin oxuduğu şe’rin qurtarmağını gözləyib dedi:

– Səkinə xala, niyə mən uşağam?

– Sənin ağıllı canına qurban olsun Səkinə xalan. Atam-anam, bəs, necə şe’r istəyirsən? Boyat tayfasının şe’rlərindən deyim?

– Hə, de.

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burada bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.


Göylər kişnəmirdi. Qara buludlar yox idi. Payızın günəşi hər tərəfi soyuq bir işığa qərq eləmişdi. Amma Səkinə elə deyirdi ki, elə bil ildırım da çaxırdı, bütün dünya qara libas geymişdi.
Kasa dolmaz,

Mərd əli kasad olmaz

Yüz namərdin çörəyini

Doğrasan, kasa dolmaz.


İsmayıl qonşu hücrədəki qocanın avazla qur’an oxumağını çox eşitmişdi. O avazda ağır, üzüntülü uzaq bir nida vardı. Dərd və ələm vardı. Amma onun oxuduqlarını başa düşmək mümkün deyildi. Səkinənin oxuduqlarında nə isə dərd-kədərlə bərabər aydınlıq da vardı.
Çay axdı, ada saldı.

Coşdu sel, səda saldı.

Allah bizi unutdu

Əzrayıl yada saldı.


– Bunları kim qoşub, Səkinə xala?

Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib olub bayatı.

Sultanəli hücrəyə girdi. Kəsik-kəsik nəfəs alırdı. Rəngi ağarmışdı. Çox həyəcanlı idi. Divara söykənib İsmayılla Səkinəyə baxan anasına dedi:

– Gəlirlər.

– Kim gəlir? – Aləmşahbəyimin ağzında dili tikan-tikan oldu. Bütün bədənindən taqətsizlik adlı bir gizilti keçdi.

– Qalaya çox böyük dəstə qalxdı. Yəqin bizi aparmağa gəlirlər.

İsmayıl qalxıb qardaşından soruşdu:

– Hara? Evimizə?

Sultanəli onunla açıq danışmaq istədi. Onun qarşısında çöməldi.

– Evimizə yox, mənim balaca qardaşım. Bu sonuncu günə oxşayır. Kişi kimi mərd mərdanə dayan, ölüm ayağında özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, üzlərinə tüpürmək lazımdır.

Aləmşahbəyim quruyub qalmışdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi:

– Səkinə, mənim zümrüd qaşlı üzüyümü mücrüdən çıxar ver. – Sultanəli tərs-tərs anasına baxdı. Özünü saxlaya bilmədi.

– Ölüm ayağında neynirsən bər-bəzəyi?

Aləmşahbəyim oğlunun sözünə fikir vermədi. Sultanəli də anasının fikrini başa düşüb dinmədi. Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüd qaşlı üzüyü gətirdi. O üzüyü barmağına keçirtdi, sonra necə elədisə üzüyün qaşı qalxdı.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə