Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,04 Mb.
səhifə14/31
tarix30.12.2017
ölçüsü2,04 Mb.
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

– Bunu nənəm Sara xatun bağışlayıb. Dar ağacından, qılıncdan irəlidir. Səkinə, o birisiləri də gətir. Amma Səkinə yerindən tərpənmək istəmirdi.

– Səkinə, – deyə yenə ona baxdı.

Əlim gəlmir, atam-anam.

– Yerini de, özüm götürüm.

– Sazın içindədi.

Səkinə cürə sazı divardan götürdü. Simləri dartan aşıqlardan birini çıxartdı. Aşığın içindən Səmərqənd kağızına bükülən kiçik həbləri götürdü. Aləmşahbəyim bu həblərdən birini ağzına atmaq istəyən Səkinənin biləyindən tutub saxladı.

– Neynirsən?

– Bu günü görmək istəmirəm, atam-anam.

– Sənin günahın nədi, Səkinə. – Aləmşahbəyim onu qucaqladı. – Əlbət mənim axırıncı xahişimi eşidəcəklər. Onda deyəcəyəm səni öz ellərinə göndərsinlər.

– Bundan sonra bu dünyada yaşamaq istəmirəm, atam-anam.

İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin məğzini başa düşə bilmirdi. Sultanəlidən soruşdu:

– Nə olub?

Sultanəli onun qolundan tutub apardı.

– İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib. Onlar yəqin ki, bizi e’dam edəcəklər. O düşmənlərə əyilməməliyik. Onların üzlərinə tüpürək, ağır sözlər deyək. Atamız da belə kişi olub. Bu həbi qoy cibinə. Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu həbi udarsan. – Sultanəli üzünü döndərib arxasını çevirdi ki, kiçik qardaşı onun gözlərindəki yaşı görməsin. Sultanəli qorxmurdu. Özünü belə bir gün üçün hazırlamışdı. Amma çox istədiyi kiçik qardaşına zəhərli həb verəndə özünü saxlaya bilmədi. Gözünün yaşını siləndən sonra qardaşının aydın, qorxu-hürküdən uzaq sifətinə baxdı. Onu qucaqlayıb bağrına basdı.

– Sultanəli, atamız o gələn adamlardan qorxurdu?

– Yox!


– Onda biz niyə qorxaq ki?

– Əhsən, qardaşım!

Aləmşahbəyim oğlanlarının söhbətinə qulaq asanda özünü saxlaya bilmədi, qəşş eləyib yıxıldı. Səkinə qalxıb su gətirib onun sifətinə çilədi. Gözlərini açanda başının üstündə Sultanəlinin sifətini gördü.

– Sənə nə oldu, ana?

– Heç.

– Düşmənlərimiz bizi belə görsə sevinər axı.



Aşağı qala ilə onların arasındakı qapının kilidinin səsi eşidildi. Sultanəlinin gözləri içəri girən adamlarda idi. Bu ucaboy, sifəti çox tanış gələn kişinin başında dilim-dilim qırmızı çalma vardı.

– Ana, qızılbaşlar!

– Hüseyn Lələ?!

Aləmşahbəyim sevincindən qışqırdı, səsi batdı. Bəli, gələn Hüseyn Lələ idi. Yetirən kimi o, Sultanəlini bağrına basdı. İsmayıl yeriyib onu itələdi. Qışqırdı:

– Burax qardaşımı, cəllad.

Hüseyn Lələ bəy dönüb ona baxdı. Onu qucağına götürüb başı üstünə qaldırdı.

– İsmayıl, gözümün işığı, maşallah, necə də böyümüsən.

– Sən bizi öldürməyə aparırsan?

Hüseyn Lələ onu sifətinə sıxdı və gözlərinin yaşını gizlətməyə çalışdı. Sultanəli dedi:

– İsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim lələmizdir. O, bizi xilas etməyə gəlib.

Hüseyn Lələ bəy İsmayılı yerə qoyub Aləmşahbəyimə baş əydi.

– Bacı, bu günə çox şükür.

Aləmşahbəyim yaşmaq çəkdi, başını aşağı əydi və soruşdu:

– Bizi bir hali elə görək işimiz necə oldu?

– Hər şey yaxşıdı. Bəysunqur Şamaxıdadı. Qızılbaşlar Rüstəm Mirzəni taxta çıxartdılar. O da fərman verib sizi azad elədi. İndi gəlmişik. Təbrizə gedirik.

– Təbrizə niyə? Ərdəbilə getsək salamatlıq olar.

– Rüstəm Mirzə uşaqları orada təntənə ilə qarşılamaq istəyir. Oradan da Ərdəbilə qayıdacağıq.

– Əmim oğlu Rüstəm qardaşımdan da zalimdi. Birdən bir şey olar?

– Heç nə olmaz. O özü qızılbaşların əlindədir.

TƏBRİZDƏ
Şeyx Heydərin övladlarını böyük mürid dəstəsi əhatə eləmişdi ki, bu dəstəyə Hüseyn Lələ bəy rəhbərlik eləmişdi.

Sultanəli ata minmiş, başına qızılbaş çalması qoymuşdu. Bu çalmanı neçə illərdi Hüseyn Lələ bəy saxlayırdı. Dostu Heydərin çalması idi, oğlu üçün qoruyub saxlamışdı. İsmayıl isə Hüseyn Lələ bəyin atının tərkində oturmuşdu. Dayanıb düşərgə salanda İsmayıl qaçmaq, dağlara dırmaşmaq, ağaclara çıxmaq, düzənlərdə yüyürmək istəyirdi. Amma Lələ ondan bir addım da ayrılmırdı. O da bilirdi ki, uşaqlığını dar divarlar arasında keçirən İsmayıl indi azadlığı dadmaq istəyirdi. Amma onların həsrətini çox çəkmişdilər, indi onları gözdən qoymaq fikrində deyildilər.

Düşərgələrin birində Sultanəli Hüseyn Lələ bəyə dedi:

– Lələ, mən Rüstəm Mirzəylə görüşmək istəmirəm.

– Niyə?


– Səbəbini özün bilirsən. Mən babam Həsən padşahdan başqa heç bir Ağqoyunlu hökmdarına hörmət eləmirəm. Onlar hamısı mənim qan qohumum olmaqla bərabər, həm də qan düşmənlərimdir.

Lələ əlini onun çiyninə qoydu.

– Sən böyük və ağıllı oğlansan. Atandan sonra Səfəviyyə təriqətinin başçısısan. Bu gündən düşmənlə də dost kimi danışmağı bacarmalısan.

– Axı mən hələ təriqət başçısı olmağa hazır deyiləm.

– Sən Ərdəbilə qayıdandan sonra müridlər hər yerdən axışıb gələcək. İndi Təbrizə də qohum kimi yox, təriqət başçısı kimi gedirsən. Orada öz şərtlərini irəli sür.

– Hansı şərtləri?

– Ən əsas şərt odur ki, sən Ərdəbilin Ağqoyunlu paytaxtından asılılığına son qoymalısan.

– Mənim şərtimə razı olacaqmı?

– Olacaq. Müqavilənaməni imzalamışıq.

– Ərdəbil Azərbaycandan ayrılsın? – deyə Sultanəli təəccüblə soruşdu.

– Bəli. Ölkə qan içindədir. Gündə minlərlə günah işlənir. Təriqətimiz özünün pak, təmiz başçısını və paytaxtını əldə eləməsə, yenə də Ağqoyunlulardan asılı qalsa, onda öz işlərimizi davam etdirə bilməyəcəyik.

– Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmisən. Sənin hər məsləhətin də bizim üçün qanundur, Qur’an ayəsi kimi müqəddəsdir.

Onlar Təbrizin gündoğan qapısına çatanda bütün şəhər əhli pişvaza çıxmışdı. Yolların kənarı, qala divarlarının üstü adamla dolu idi.

İsmayıl təəccüblə soruşdu.

– Lələ, bu qədər adam olar?

– Olurmuş, qardaşoğlu...

– Lələ, o adamlar niyə elə sallanıblar? Şəbeh çıxardıllar?

Qala qapısından bir neçə cəsəd asılmışdı və havada yellənirdi.

– Onlar yox, onları bu günə salanlar şəbeh çıxardır.

“Bu Əbih Sultanın işidi. Xoşuna gəlməyənləri asdırır. İndiyə qədər cəsədləri də götürməyib. Yoxsa bizi qorxutmaq istəyir. Şeyx Heydər övladlarını belə qarşılayarlar? İndidən bizə buynuz göstərir. Nə olar, biz də işimizi bilərik”.

İsmayıl sualı sual dalınca yağdırırdı:

– Onun başına quş niyə qonub? Padşah seçirlər?

Hüseyn Lələ bəy cavab tapmadı.

– Lələ, padşah seçəndə quş onun çiyninə qonmalıdı. Bunun da çiyni uzanıb. Belə də çiyin olar? Bəs o itlər niyə aşağıda boğuşur?

Lələ gördü ki, nə Rüstəm Mirzə, nə də Əbih Sultan onları qarşılamağa çıxmayıb. Ona görə də fikrini dəyişdi. Birdən ağlına gəldi ki, Dədə bəyin başında iş var. Heç o da görünmür. Bəlkə. Nə desən onlardan gözləmək olar.

– Dayanın!

Lələnin əmrindən sonra hamısı dayandı.

– Döndərin o birisi darvazaya.

.Onlar yollarını dəyişdilər. Bürclər, divarlar İsmayıla Təbrizi görməyə mane olurdu.

– Lələ, Təbrizə niyə girmirik?

– İsmayıl, səni padşah qarşılamalıdı. Görünür o birisi qapıda gözləyir.

O birisi darvazada da camaat çox idi. Darvazalardan, aqaclardan burada da cəsədlər asılmışdı. Burada da saraydan onları qarşılamağa çıxan yox idi. Hüseyn Lələ pərt olmuşdu.

– Burada təpənin üstündə çadır qurun. Qalan müridlər silahlarına qurşanıb təpəni dövrəyə alsın. Şeyx Heydərin uşaqları Rüstəm Mirzənin ayağına getməyəcək.

Təpənin üstündə ağ çadır qurdular. Aləmşahbəyim Səkinə ilə çadırda oturmuşdu. Sultanəli, İbrahim, İsmayıl, Lələnin yanında dayanıb Təbrizə baxırdılar. Buradan baxanda şəhərin içərisində uca minarəli məscid görünürdü. Onun kaşıları firuzə rəngindəydi və bir neçə yerində güzgü kimi günəş işığını əks eləyirdi.

– Lələ, o hansı məsciddi?

– Nəsriyyə məscidi. Təbrizin ən böyük məscididir. Baban Həsən padşah tikdirib. Yanındakı ölkənin ən böyük mədrəsəsidir.

– Bəs o göy bina nədi?

– O da “Səkkiz behişt” sarayıdı. Sultan Yaqub tikdirib.

– Lə’nətulla, – deyə İsmayıl dilləndi. Lələ ona baxıb gülümsədi. İbrahim də gülümsəyirdi. Amma söz deyə bilmirdi.

– Təbriz çox böyükdü, Lələ?

– Çox böyükdü. Karvan yollarının hamısı buradan keçir. Bir yol buradan gedir Diyarbəkrə, oradan Mərdinə, Mərdinnən Qeysəriyyəyə, Qeysəriyyədən Ankaraya, oradan da Bursaya. Başqa bir yol ilə Təbriz, Ərzurum, Ərzincan, Toqqat, Amasiya, Ankara yolu ilə yenə Bursaya gedib çıxmaq olar. Buradan oraya, oradan buraya tacirlər gedib-gəlir. Venediktdən, Napoldan, dünyanın bir çox başqa şəhərlərindən malları gətirib Təbrizdə satırlar. Bir yol da gündoğana, hind ölkəsinə, biri də Çinə gedir. Düzdü, gediş-gəliş azalıb. Təbrizdə toxunan parçalar, zərbaftalar dünyanın hər yerinə daşınır. Azərbaycan ipəyinin heç yerdə misli yoxdur.

Lələnin göndərdiyi atlı “Səkkiz behişt” sarayına xəbər apardı ki, Şeyxin uşaqları Təbriz yaxınlığında düşərgə salıb.

Rüstəm Mirzə onların ayağına getmək istəmirdi. Özünü hökmdar kimi aparmağı vacib sayırdı. Amma Əbih Sultan onu fikrindən döndərdi. Sən taxta təzə oturmusan. Hamının gözü səndədir. Onu bil ki, Şeyx Heydəri, onun fikirlərini, övladlarını çox istəyirlər. Sən də məhəbbətini bildirsən, adamların məhəbbətinin bir parçası da sənin payına düşər. Deyərlər ki, Rüstəm Mirzə qohumlarını çox istəyir. Onları təkcə zindandan çıxarmadı, həm də pişvazlarına çıxdı. Bunlar hamısı öz yerində. Siyasətdə də qazanırıq, hələ ki, bizim gücümüz yoxdu. Ordu toplayana kimi müridlər bizi qoruyur. Şeyx Heydərin övladlarına məhəbbətini əskik eləsən müridlər hamısı bizdən üz döndərər.

Əbih Sultanın fikirləri Rüstəm Mirzənin xoşuna gəldi. Ürəyində dedi: “Ağıllı adamdı, məmləkətin dirəyidi”. Atlanıb Aləmşahbəyimin və övladlarının pişvazına gəldilər. Atlarını yanaşı sürürdülər. Yollardakı ağaclardan asılanları Rüstəm Mirzə görüb Əbih Sultandan soruşdu.

– Bu kimdi?

– Süleyman Bicanoğlunun böyük oğludu, o birilər də onun qohumları.

– Meyitləri niyə götürməyiblər?

– Hökmdar sağ olsun, bu Səfəviyyə təriqətinin tərəfdarlarına xəbərdarlıqdar. Qoy sənin qəzəbnak olmağından xəbər tutsunlar.

Rüstəm Mirzə onun bu fikrini də bəyəndi.

Atlarını sürüb çadırların yanına gəldilər. Atının yüyənin tutdular. Aşırılıb düşdü. Yeriyib çadıra girdi. Başını qaldırıb əmisi qızının sifətini gördü. Aləmşahbəyim sərv kimi ucaboylu, zərif idi. Qızılı saçları, mavi gözləri vardı. Əmisi oğlu onu lap çoxdan görməmişdi. İndi müqayisə elədi və gördü ki, o xeyli dəyişib. Üzüntü onu sıxıb. Əlini sinəsinə qoyub baş əydi. Hər iki tərəfində özü kimi gözəl, qədd qamətli oğlanları dayanmışdı. Bu görüş üçün tikilmiş paltarlar Sultanəliyə, İbrahimə və İsmayıla çox yaraşırdı. Analarının qızılı saçları, onların qaşları, çalma-taclarındakı qırmızı dilimlər... Bu rənglər sevinc, bayram ahəngi yaratmışdı.

– Əmim oğlu rəhmətlik Sultan Yaqubun səhvini düzəltməyimə çox şadam.

Aləmşahbəyim ona minnətdarlıq eləmək istədi. Amma gözü Rüstəm Mirzənin başındakı ağ ipəkdən hörülən, sağ tərəfində daş-qaşla bəzənən, çalmaya yapışdırılan hökmdarlıq nişanəsinə, çalmadan hündürdə dayanan dingədə sıralanan iri əmruzi-bikr incilərinə sataşanda ürəyi sıxıldı. Bu tacı hərdənbir uzaq ölkələrdən qonaqlar gələndə, bayram günlərində Uzun Həsən başına qoyub taxta oturardı. Bu görməmiş isə tacı başına qoyub şəhərdən kənara çıxır. Onun düşəcəyindən qorxur. Aləmşahbəyim özünü ələ almaq üçün uzun kipriklərini endirdi və lalə yarpaq dodağını dişlərinin arasında didişdirdi.

Rüstəm Mirzə sözünü deyib dayanmışdı. Aləmşahbəyim özünü ələ aldı. Oğlanlarını irəli verdi:

– Gedin, dayınızla görüşün.

Sultanəli Hüseyn Lələ bəyə baxdı. Gözləri ilə razılığını alandan sonra irəli yeriyib dayısı ilə görüşdü.

– Çox sağ ol, dayı. Bizi xilas elədiyinə görə. İbrahim və İsmayıl da onun kimi hərəkət elədi.

– Əmiqızı, Ağqoyunlu səltənətini quran atan Uzun Həsənin paytaxtı Təbriz gəlişinizdən çox şad olub.

Aləmşahbəyim özünü saxlaya bilmədi.

– Düzdü. Camaatın sevincini gördüm. Heç meyitlər də özlərini saxlaya bilməyib pişvaza gəliblər.

– Hansı meyitlər?

– Ağaclardan asılan.

– Onlar düşmənlərin meyitləridir. Onları belə görmək xoş deyilmi? Bir də gərək şəhərə əvvəldən çapar gələydi, qohumlarımı şəhərin iki-üç mənzilliyində qarşılamaq borcum idi.

– Çox sağ ol, əmioğlu.

– “Səkkiz behişt” sarayı sizi gözləyir.

“Səkkiz behişt” eşidəndə Aləmşahbəyim bitmiş söhbəti yenidən başlamağı lazım bildi. Bu sarayı Sultan Yaqub tikdirmişdi.

– Əvvəlcə Nəsriyyə məscidinə gedirik. Nənəm Sara xatunu, atam Uzun Həsən, anam Dəspinə xatunu ziyarət eləyəcəyik. “Səkkiz behişt” sarayına ayaq basan deyiləm. Bizim bədbəxtliyimizin nəqşəsi orada çəkilib.

Rüstəm Mirzə daha heç bir söz demədi.

Qala qapılarından içəri girəndən sonra Təbriz camaatı evlərin damından, divarların üstündən Aləmşahbəyimi və onun övladlarını aparan kəcavənin üstünə ilin, bu vaxtına qədər haradasa qoruyub saxladıqları qızıl güllər səpirdi. Kəcavə irəlilədikcə adamlar evlərdən çıxardıqları Təbriz xalılarını da daş döşəmələrin üstünə salırdı. İsmayıla elə gəlirdi ki, onlar payızın bu günəşli günündə gülün, çiçəyin, təbiətin görmədiyi, yarada bilmədiyi bir çəmənliklə gedirlər. O istəyirdi ki, bu yol uzansın, bu çəmənlik qurtarmasın.

Təbriz əhlinin bu məhəbbətinin əsası vardı. Uzun Həsən padşahın vaxtında Təbrizin tərəqqisi, tikilib qurulması hələ heç kimin yadından çıxmamışdı. Onlar Aləmşahbəyimin şəxsində elə bil ayağa qalxmış Sara xatunu qarşılayırdılar O, sifətinə zərif Venedikt tülündən rübənd tutmuşdu və gözlərindən axan yaşlar da görünürdü. O, Təbrizi yaxşı-yaxşı görmək üçün belə eləmişdi.

Bütün Təbriz əhli onun oğlanları ilə bərabər əvvəl hara gedəcəyini gözləyirdi. Kəcavənin dalınca minlərlə adam biri-birini tapdalaya-tapdalaya gəlirdi.

Kəcavə Nəsriyyə məscidinin qabağında dayananda camaatın “Mərhəba! “Əhsən!” nidaları şəhərin hər tərəfində eşidildi. Aləmşahbəyim uşaqları ilə bərabər düşüb məscidə girəndə İsmayıl anasının əlindən tutdu ki, yıxılmasın. Çünki başını yuxarı qaldırıb məscidin səqflərinə, qübbəsinə baxırdı. Elə bil o qaranlıq gecədə qalanın bürcündən göyə baxıb ulduzları gördü. Amma o ulduzlar xırda idi, nöqtələrə oxşayırdı. Ancaq bu səmada ulduzlar daha iri, daha parlaq, biri-birinə daha yaxın, dərin və sirli idi. Onu insan əlimi yaratmışdı? Yadına anasının ipək düyünçədən çıxardığı, Venediktdən gətirilmiş şəkil düşdü. Onları müqayisə elədi. Oradakı mənzərəni şəhərə getsən görərsən. Bunu isə heç yerdə görmək mümkün deyil. Belə gözəlliyi yalnız insan qəlbində tapmaq olar. Səkinə xalanın çaldığı saz havaları, oxuduğu bayatılar bu gözəlliyə necə də uyğun gəlirdi.

Üləmalar namaza dayanmışdılar. Amma onların hamısı Sultanəlidən sonra bir cərgəyə düzülmüşdü. Onlar hərdənbir əllərini o gözəl göyə qaldırıb “Allahu Əkbər” – deyir, oradan iki-üç “Allahü əkbər” nidası geri qayıdırdı. Elə bil insan əlinin yaratdığı bu ulduzlu göy, əsl səmadan fərqli olaraq adamları eşidir, ona cavab qaytarırdı. Amma qalada anası əlini nə qədər göylərə qaldırıb yalvarırdısa bir şey çıxmırdı.

Namaz qurtardı. Məsciddə Rüstəm Mirzə, Aləmşahbəyim və övladlarından başqa heç kim qalmadı. İsmayıl anasına fikir verirdi. O, əvvəlcə gözəl naxışlar, daş-qaşlara, naxışa bənzər yazılarla bəzənmiş qəbrə yaxınlaşdı.

– Övladlarım, bu ulu nənəniz Sara xatunun qəbridir. Səsi titrədi. Əyilib qəbir daşından öpdü. Oğlanları da onun kimi. – Bu da babanız Həsən padşahın məzarıdır. Böyük bir ölkəyə sığışmayan atam gör kiçik qəbrdə necə rahat uzanıb! Qalx ey mənim qeyrətli, mərd atam. Gör övladların səndən sonra biri-birini qurd kimi necə də parçalayır. Qoy sənin ruhun bizə nicat versin.

Rüstəm Mirzə bu sözləri eşidib qəbrin qarşısında diz çökdü.

– Baba, sənin ruhuna, ədalət naminə çaldığın qılıncına and olsun ki, tez bir zamanda əmin-amanlığı bərpa edəcək, əvvəlki adımızı, şan-şöhrətimizi nəslimizə qaytaracağam.

İsmayıl bər-bəzəklərdən doymamış sənduqənin uzunluğunu öyrənmək istədi. Addım ata-ata bu addımları saydı.

“Bu daş da babam kimi uzundursa, gör onda necə də hündür imiş babam. Mən atın üstündə otursam, o yerdə ayaq üstündə dayansa məndən hündür olardı. Yox, mən dəvənin üstündə”

Aləmşahbəyim atasının qəbrindən anasının qəbrinə keçdi. Heç nə deməyə taqəti yox idi. Ürəyindən də, kipriklərindən də yaşlar axırdı. Bir anlığa nəfəsi də tutuldu. Udmağa hava çatmadı. Diz üstündə çökdü. Sifəti qəbir daşının üstünə söykəndi. Daşın soyuğu onun yanağına keçdi. “Sənin istinə gəlmişdim. Elə bildim, qızdıracaqsan bu üşüyən ürəyimi. Amma necə də bumbuzsan, ana”.

Sultanəli özünü kişi kimi aparır, ürəyindəkiləri sifətində büruzə verməməyə çalışırdı. Təkcə gicgahlarında əmələ gələn düyün gözə çarpırdı. Bu düyün əsəb kələfi idi. Nə qədər möhkəm olsa onun vücuduna bir o qədər hakim kəsilirdi.

Aləmşahbəyim qalxdı. İsmayıl anasının mina boylu olmasını sanki indi gördü. Fikrindən keçdi ki, babama oxşayıb. Gəlib onunla yanaşı dayandı, onun uzun, ağ və taqətsiz barmaqlarından tutdu.

– Əmioğlu, mənim oğlanlarımın taleyi necə olacaq? – Aləmşahbəyim birdən-birə dönüb Rüstəm Mirzədən soruşdu.

– Təbrizin hansı sarayını istəsən, götür, yaşa.

– Saray bizim ürəyimizi şad eləməyib.

– Öz ata yurdumuza qayıdacağıq, dayı, Ərdəbilə, – Sultanəli qətiyyətlə dilləndi.

– Mənə arxa-kömək olmaq istəmirsən? – Rüstəm Mirzə bu sözü elə dedi ki, sanki Ərdəbilə gedən kimi dönüb ona düşmən olacaqdılar.

– Atam məni öz işinin davamçısı tə’yin eləyib.

– Hansı işin? – Rüstəm Mirzə sanki bu sualla onu karıxdırıb ürəyindəkiləri açıb tökdürmək istəyirdi.

– Şeyxlik. Səfəviyyə təriqətinin başçısı.

– Ərdəbil mülkü sənindi. O şeyxliyə mən də pay kimi Ərdəbil padşahlığını verirəm. Xəzinəsi, taxt-tacı, qanunu ilə. Bir şərtim var!

– Dayımızın şərti nədir? – Sultanəli taxt-tac, xəzinə sözlərini eşidib sevindi.

– O xəzinə Ağqoyunlu ziyanına xərclənməsin, o taxtda Rüstəm Mirzənin əleyhinə hökmlər verilməsin, qoşun qılıncını bizə qarşı qından çıxarmasın.

– Mənim atam heç vaxt Ağqoyunlu taxtına qarşı çıxmayıb. Onun oğlu babası Uzun Həsənin qəbri önündə and içir ki, dayısına heç vaxt xəyanət eləməyəcək.

Aləmşahbəyimin ürəyindən qara qanlar axırdı. O, övladlarını dünya işlərindən oğurlayıb öz aləminə aparmaq istəyirdi. Ana ürəyi adlı məmləkətdə onlara bütün dünyanın sevincini bağışlayardı. Orada onların başından bir tük də əskik olmazdı. Amma buna gücü çatmayacaq. Oğullar böyüdükcə atalarına çəkirlər. Rüstəm Mirzənin təklifi Sultanəlini yerindən oynatdı. 15 yaşı yenicə tamam olan Sultanəlini padşah taxtına çıxarır. Bunun qarşısında dayanmaq çətindir. Heç bir ana məhəbbəti çəpəri onun qarşısını saxlaya bilməzdi.

Rüstəm Mirzə də belə. Atamın qəbri qarşısında and içir. Andın axırıncı sözü ağzından qurtarmamış ölkəni bölür, paylayır, öz başını salamat saxlamaq xatirinə. Ərdəbili ayırdı verdi oğluma. Ayrılıq ayrılıqdı. Nə qədər əhd-peyman bağlasalar da, ona özgə ad vermək olmaz.

Danışmaq, bu fikrə e’tiraz eləmək istədi. Amma övladlarının xətrinə danışmadı. Rüstəm Mirzənin qoltuğunda yaşasalar başlarına min bir müsibət gələr. Orada özləri olacaq. Atalarının müridləri onları kiprik gözü qoruyan kimi qoruyacaqlar.

Bu fikirdən sonra atasının qəbrinə baxdı və tez də gözlərini yayındırdı. Ürəyində dedi: “Bir anda mən də xəyanət elədim, ata...”

Əbih Sultan Ərdəbildə Hüseyn Lələ bəyin əlinə keçəndə o Muradı danışdırmış, Əbih Sultana harada rast gəldiyini öyrənməyə çalışmış, ona inansa da Əbih Sultanın qaçaqlıqla məşğul olan bir adamla dostluq eləməyinə inanmamışdı. Təbrizdə dayandıqları ilk gecə o Muradı təzədən danışdırmaq fikrinə düşdü. Səfəri onu tapmağa göndərdi. Səfər də çox çətinliklə Muradı tapıb Hüseyn Lələ bəyin yanına gətirdi.

Onlar ikilikdə söhbət eləyirdilər.

– Gərək ki, Rumlu elindənsən, eləmi?

– Bəli, – deyə Murad əlini qoç buynuzuna bənzər bığlarına çəkdi. Ciddi bir işə, söhbətə başlamamışdan əvvəl əlini bığına çəkmək onun adəti idi.

– Rumlu tayfasının tarixini bilməmiş olmazsan.

– Bilirəm. Babam danışardı ki, onları Əmir Teymur əsir aparırmış. Ərdəbildə Xoca Əli alıb geri qaytarıb. O yaxşılığı tayfamız yadından çıxartmayıb. Mən də Allahımdan çox razıyam ki, belə bir gündə mən də Xoca Əlinin nəvələrinin karına gəlmişəm. Düzdü, elə bir iş görməmişəm, vaxt gələr, əcəl imkan verər, mən də kimliyimi bildirərəm.

– O vaxt gəlib.

Hüseyn Lələ bəy bu sözü dedi, amma qorxdu ki, artıq ehtiyatı əldən verib. Qayıdıb söhbətlərini Əbih Sultana danışsa, sirr açıla bilər.

– Eşidirəm. Mən bu yolda hazır.

– Əbih Sultanı yaxşı tanıyırsanmı?

– Elə belə.

– Qohumluğun var?

– Yoxdu. Ərdəbildə danışdım da. Onnan yolda duz-çörək kəsmişəm. Çörəyi də ayaqlayan adam deyiləm. Görürəm, yox, məndən başqa duz-çörəyin qədrini bilən yoxdu, O, şahnan oturub-duran, mən də rəiyyət, yoldan ötənin biri. Heç yadına da düşmürəm. İstəyirəm, çıxam gedəm öz ellərimizə.

Hüseyn Lələ bəy gördü zənnində yanılmayıb. Xurcunu yanına çəkdi. Həmişə xurcunda gəzdirdiyi Quranı çıxartmaq istədi. Amma Quranın yanında nə vaxtdan qalmış quru, boyat çörək vardı. Çörək bükülən dəsmalı açdı. Çıxartdı, ortalığa qoydu, əlini çörəyin üstünə qoydu:

– Səni and verirəm bu çörəyə, söhtbətimiz öz aramızda qalsın.

Murad da əlini toxundurdu.

– Mən andımı içdim.

– Əbih Sultan çox qorxulu adamdı. Bəysunquru yıxdımı? Yıxdı. O, Bəysunqurla çörək nədi, Bəysunqurun çörəyini yemişdi. Bəysunqur ona böyük bir vilayət bağışlamışdı. Əgər Rüstəm Mirzə da onun üzünə pis baxsa onun da başını yeyəcək. Səninlə kəsdiyi çörək elə orada da yadından çıxıb.

Söz Muradı tutdu.

– Mən nə Bəysunqur deyiləm, nə də Rüstəm Mirzə. Mən qaçaq Muradam. Murad hələ ömründə çörəkdən özgə bir şeyə, bir adama baş əyməyib. Xəyanət eləyə, başını sərçə boğazı kimi üzüb ataram.

– O da boğaz üzdürən deyil. Ən çətin yerlərdən çıxıb.– Hüseyn Lələ bəy bu sözlə Əbih Sultanı bir pillə də qaldırdı.

Murad əsl mətlə6i gözləyirdi, amma getdikcə, bəlkə də o mətləbdən uzaqlaşırdılar.

– Sünnü məzhəbindənsən, ya şiə?

– Ərdəbildə Rumlu tayfası şiəliyə keçib. Bunun da üstündə başlarına min oyun açırlar. Axı sözünün canını demədin.

– Demək başlarına oyun açırlar. Vaxt gələr, hörmət qoyarlar. Bunun üçün sənin də, mənim də köməyim lazımdı.

– Məndən nə iş aşırsa, eləyim. – O, bu sözü ürəkdən dedi.

– Bundan ötrü təriqəti möhkəmlətmək lazımdı. Onun başçısını qorumasaq, Şeyx Heydərdən sonrakı illərdəki müsibətlər gələr başımıza. Sultanəli şeyxlikdən əlavə, həm də Ərdəbil padşahı e’lan edilir.

Murad yenə əlini bığına çəkdi. Onun hər barmağı bir uşaq biləyi yoğunluğunda idi. Yumruğu gürzdən böyük olardı, balaca olmazdı.

– Ərdəbil qoşununun bir qolunu tapşırın mənə. Onda görün analar necə oğullar doğub.

– Hələlik heç kimlə davamız yoxdu. Bizim ən qorxulu düşmənimiz Əbih Sultandı. Bizə onun fikrini bilmək şərtdi. O, Rüstəm Mirzəni gündə min təbə salacaq.

Murad fikrə getdi. Hüseyn Lələ bəy iri, ağıllı gözlərini onun sifətinə dikib cavabını gözləyirdi.

Onun gec cavab verdiyini görüb əlavə elədi:

– Bu iş bir qoşunun işinə bərabərdi. Onun beyni qaynar qazandı. Hər an bir hiylə qurur. Hörümçəkdi, tor hörür. O qazandan, o tordan xəbərimiz olmasa, başımıza min oyun açar.

Murad dedi:

– Mən sənin dediklərini yaxşı anşırıram. Yaxşılığa yaxşılıq hər kişinin işidi. Rumlu tayfasına olunan yaxşılığın əvəzini çıxmaq üçün özümü də qurban verərəm. Ancaq Əbih Sultanın fikrini öyrənmək, onu xəbər vermək mənim kişiliyimə, qeyrətimə yaraşan iş deyil. Əgər mən onun fikrini bilsəm, onun divanını özüm eləyərəm, daha niyə xəbər göndərirəm ki? Deməyindən belə çıxır ki, Əbih Sultan tülküdü. Tülkünün fikrini bilsə-bilsə çaqqal bilər. Ancaq anam məni şir doğub.

Hüseyn Lələ bəy əlini ona uzatdı: – Ver əlini, Murad bəy rumlu. Bu gündən olduq qardaş.

Hüseyn bəyin əli onun ovcunda itdi. Lələ inandı ki, o qəhrəmanlıq üçün yaranıb, döyüşdə özünü düşmən qoşununa vursa yara-yara aparar. Xəbərçiliyə isə yaramaz. Onun bir sifəti var.

– Qardaş olaq. Mən qalıram Təbrizdə. Əgər Əbih Sultan istəsə onun qulluğuna girərəm. Amma məndən xəbər gözləməyin. Nə qədər onun yanında olsam, Sultanəlinin qarasınca danışa bilməz.




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə