Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,04 Mb.
səhifə2/31
tarix30.12.2017
ölçüsü2,04 Mb.
#18443
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   31

Sara xatun çadırın ağzında dayanmışdı. Sultanın əynində zirehi görəndə azacıq başı gicəldi, sonra da yüngülcə ağrı başladı. Demək o artıq döyüşə hazırdır. Şəxsən özü qılınc çalmağa hazırdır. Amma yox, bu təkbətək onun oğlu Uzun Həsənlə döyüşsə çox dözə bilməz. Bunun qoşunu və var-dövləti çoxdur. Çox olar da! Teymur Hindistanın almasına, lə’l-cəvahiratına, qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı?

Sultan Əbu Səid Sara xatunun çadırın ağzında dayandığını görüb ixtiyarsız yerindən qalxdı. Yavaş-yavaş ona tərəf gəlməyə başladı. Sara xatun möhtəşəm qadın və ana heykəli kimi dayanmışdı. Örpəyinin altından çıxmış ağ birçəkləri onu daha da nuraniləşdirmişdir. Sultan Əbu Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmışdı. Nə edəcəyini bilmirdi. Kişi elçilər onun təbəələri kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır...

– Xoş gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarşılamışdı?

– Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi.

Sultan Əbu Səid Fateh Sultan Məhəmmədi kiçildən söz demək istədi. Amma sözlərini uddu.

– Xatunların elçi getməyi sizinlə başlayıb. O necə qarşılayıbsa biz də elə etməliyik. Çünki adət artıq yaranıb. O, Sara xatunun əlindən öpdü.

– Buyur əyləş, ana...

– Çox sağ olun. Siz də çox lütfkar hökmdarsınız.

Sara xatun sultanın taxtı yanında qoyulmuş kürsüdə oturmağa gedəndə Əbu Səid uşaq sifətli Şeyx Heydərə baxdı. Heydər ona yüngülcə baş əydi. Bu Əbu Səidi haldan çıxardı.

– Sizə deməyiblar ki, Xorasanın, Mavərənnəhrin, İranın yarısının hökmdarı qarşısında torpağı öpməlisiniz?

– Dedilər. Ancaq, ey hikmətli sultan, mənim dodaqlarım Qur’anı öpməyə öyrənib. Qurandan əvvəl və ya sonra torpaq öpmək günahdır. Heç siz də müzayidə eləməmisiniz ki, Qur’ani şərifə – əstəğfürullah hörmətsizlik eləyək.

– Əstəğfürullah! – deyən Sultan təəccüblə bu cavan şeyxə baxdı. – Sən hara şeyxisən?

– Ərdəbil.

Bu sözdən sonra deyəsən Sultan Əbu Səid bir az ağardı da. Onun qıyıq gözləri bir neçə dəfə qırpıldı.

– Ya şeyx, buyurun əyləşin. Mən istəyərdim ki, babam Teymurla, Allah onun gorunu nurla doldursun, baban Şeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danışasan.

– Allah hər ikisinə rəhmət eləsin, – deyə Şeyx Heydər onun səhvini düzəltdi və Sultan da onun dediklərini təkrar etdi.Bundan sonra taxtına tərəf getdi. O yeridikcə elə bil araba cırıldayırdı. Əynindəki zireh geyim sürtülür, dəmir səsi çıxırdı. Deyəsən bunu özü də hiss elədi. Əl çaldı, xidmətçilər hazır oldu.

– Çağırın bura bütün üləmaları, saray ə’yanlarını.

Bir azdan onlar çadırda, döşəkçələrin üstündə bardaş qurub oturmuşdular. Amma Sultan getmişdi. Bir azdan o da çadırın arxasındakı yoldan-qapıdan girdi. Hamı ayağa qalxdı. Sultan qırmızı qumaşdan yaxalığı, qollarının ağzı, ətəkləri işləməli bahalı əbasını geyinmişdi. Daha onun bədəni dəmir səsi vermirdi.

Sara xatun yanındakı Şeyx Heydərə baxıb gülümsədi. Bu o demək idi ki, artıq zirehli döyüş paltarını soyundurmuşuq. Bu böyük irəliləyişdi.

Əbu Səid əli ilə işarə verib oturanlara Şeyx Heydəri göstərdi. O, ayağa qalxdı.

– Şeyx Heydər Ərdəbildə ziyarət elədiyimiz Darül İrşad türbəsinin şeyxidir. Özü də Şeyx Səfiyəddinin nəvələrindəndir. Hamınız bilirsiniz ki, ulu babam, Əmir Teymur o türbədə namaz qılar, oruc tutardı. Özü də nəzir kimi o türbəyə on kənd bağışlayıb.

– Rəhmətlik anasının pulu ilə – deyə Şeyx Heydər düzəliş verdi.

– Bunun fərqi varmı?

– Var. Əmir Teymur, özü anasına məxsus olan pulla o kəndləri alıb ki, həmən pul halaldır.

Oturanlar heyrətlə ona baxır, ağ saqqallı üləmalar onu sanki gözləri ilə yemək istəyirdilər.

– Ya Şeyx,bayaq dediyim əhvalatı danış. Sizin kitablarda o daha səhih olar. Heydər söhbətə başladı.

– Əmir Teymur Darül İrşadı dağıtmaq üçün bə’zi üləmaların fitvası ilə Ərdəbilə gəlmişdi. Çünki mənim ulu babamın əqidəsi, təriqəti və məzhəbi onların xoşuna gəlmirdi. Amma Əmir Teymur, Allah onun ruhunu şad eləsin, Darül İrşada gələndə ürəyində üç niyyət tutmuşdu. Birinci niyyəti bu idi ki, Şeyx Əli məni qarşılamağa çıxmama-lıdır. Mə’lumdur ki, Şərqin hökmdarını qarşılamamaq mümkün olmayan işdi. İkinci niyyəti o idi ki, əmirə burada dağ keçisinin südündən aş bişirib verməlidilər. Nə üçün plov yox, südlü aş? Üçüncü niyyəti də bundan ibarət idi ki, Şeyx Əliyə bir cam şərbətin içində zəhər verilməlidir. Ölməsə Əmir Teymur bu türbəyə biyət eləyəcək, onu dağıtdırmayacaqdı.

Ziyarətgahın qapısında, Əmir Teymuru qarşılayanların arasında Şeyx Əlini görmür.

– Hanı Şeyx Əli?

– Ziyarətlə məşğuldur, – deyirlər.

Birinci niyyəti baş tutur. Xoca Əli gəlir, böyük hökm-darı türbənin hücrələrini gəzdirir, pəncərədən təpədəki dağ keçiləri görünürmüş. O pişxidmətlərə deyir:

– O keçiləri sağın, südündən Əmir Teymura südlü aş bişirin. Mə’lumdur ki, müqəddəsləri ziyarət eləyənlər ağ libas geyirlər. Xoca Əli də, Darül İrşaddakı bütün şeyxlər də ağ, kəfən rəngli xirqə geyirdilər. Əmir Teymur əmr edir ki, Xocaya şərbət gətirsinlər.

Şərbəti gətirirlər, şeyx başını qaldırıb göylərə baxır, ürəyində nəsə oxuyub zəhər qarışıq şərbəti içir. Bundan sonra hücrədə gəşt gedir. O qədər gedir ki, əynindəki ağ xirqə yamyaşıl olur. Deyir:

– Əmir Teymur, şərbətdəki zəhər də Allahın köməyi ilə tərlə gəlib çıxdı. İndi keçək imam övladını ziyarət eləyək.

– Bərəkallah – deyən səslər eşidildi. – Belə ocaqdan da belə şeyx çıxar.

Elə bil sultan Əbu Səid ayıldı.

– Ya şeyx, sən niyə Uzun Həsənin elçisi kimi gəlmisön?

– Deyəcəm. Əmir Teymur Anadoluya, İldırım Bayazidin üstündə gedəndə xeyir-duanı da mənim babalarım vermişdi. Onun silahı qalib gəldi. İndi bizim ocağımız Uzun Həsənin tərəfindədir. Uzun Həsən mənim dayımdır.

Əbu Səid bu sözlərdən sonra çıxılmaz vəziyyətdə qaldı. Onu bu vəziyyətdən çıxaran ağ saqqallı, batıqgözlü doxsan, yüz yaşını haqlamış üləma oldu.

– İndi sizdə o güc qalmayıb. Atan Şeyx Cüneyd, düzdür, Sara xatunun qızı ilə evlənib, sən də onun oğlusan. Amma o nəsil bununla üçüncü dəfə tərsa qızı ilə evlənir. Qan dəyişib. Buna nə deyirsən, şeyx?

– Tərsanı müsəlman eləmək böyük savabdı.

– Bəs imam övladının qanına tərsa qanı qatmaq necə?

– Mən cavabımı verdim.

Əbu Səid yüngülləşdi, əlini qaldırıb mübahisəni kəsdi.

Üzünü Sara xatuna tutdu:

– Ana, səni eşidirəm.

Sara xatun yerindən qalxmadı. Alçaq, lakin hamının eşidə biləcəyi bir səslə qətiyyətlə danışmağa başladı.

– Sultan, burada bir neçə dəfə Əmir Teymurun ruhuna rəhmət oxunub. Amma onun yoluna əməl olunmur. Niyə? Sözümü kəsməyin, mən bir-bir aydın eləyim. İranda Teymur qarşısına çıxan, onunla vuruşan, qaçan, Teymur çəkiləndə yenə gəlib həmin torpaqları tutan kim idi? Deyəcəksən Qaraqoyunlu Qara Yusif. Cahan şah kimdi? Qaraqoyunlu Qara Yusifin oğlu, Anadoluda, Diyarbəkrdə Teymurun dəstəsinə qoşulan, ona öz köməyini, sədaqətini əsirgəməyən kim idi? Qara Yuluk Osman. Uzun Həsən kimdi? Qara Yuluk Osmanın nəvəsi. Ağqoyunlu. Teymurun dostları onun düşmənlərinə qalib gəliblər. Teymurun nəvəsi isə babasının düşmənlərinə görə onun dostlarıyla cəng eləməyə gəlib. İndi dostluğu, düşmənliyi necə başa düşək.

Sara xatun yaranan vəziyyəti yaxşı başa düşürdü.

Şərqdə Teymurun əsasını qoyduğu imperiya Şahruxdan sonra parçalanmışdı. Əvvəlki əzəməti, qüdrəti saxlamaq üçün bundan əlverişli fürsət ola bilməzdi. Qaraqoyunlular əvvəllər onlardan asılı olsalar da, Cahanşahın vaxtında qüvvətlənmiş, o Sultan ləqəbi qəbul etmişdi. Ona daha Teymur oğullarının dişi batmırdı. Belə qüvvətli bir düşməni artıq Ağqoyunlular aradan qaldırıb. Ağqoyunluların isə qüvvətlənmasi üçün vaxt lazım gəlirdi. Əbu Səid buna imkan verə bilməzdi. Cahan şahın qanını alıb, onun yerinə başqa Qaraqoyunlu keçirməyi bəhanə gətirirdilər. Əsas qorxulu düşmən Uzun Həsən, onun Bayandur tayfası, bir sözlə Ağqoyunlular idi. Əgər o, aradan götürülsə Azərbaycan, Arran, İran, İraqi Ərəb, İraqi Əcəm Əbu Səidin əlinə keçəcəkdi.

Əbu Səid vəziri bayaqkı ə’yanla pıçıldaşdı. Bundan sonra Sultan qalın, uca səslə danışmağa başladı.

– Biz Yuluk Osmanın nəsilləri Bayandurlar, Ağqoyunlularla dost idik, onların ata-baba mülkü Diyarbəkrdə. Onlar bizə tərəf yaxınlaşanda, böyük bir ölkənin hökmdarını öldürəndə, bizim də sümüyümüz sancır. Ona görə də vuruşmağımız labüddür. Çıxın gedin Diyarbəkrə, siznən həmişə dost olarıq.

– Yaxşı dostluqdur, – deyə Sara xatun öz-özünə deyindi.

– Ana, bu yerlər heç vaxt Ağqoyunluların olmayıb. Qaraqoyunluların torpaqlarını niyə tutmaq istəyirsiniz?

– Bu il Diyarbəkrdə quraqlıq keçib, mal-heyvanımızı bu tərəfə qovmuşuq. Əgər İranın, İraqi Əcəmin, İraqi Ərəbin, Rey mülkünün qəhrini çəkirsinizsə, onlarda bizim gözümüz yoxdur.

– Bəs Azərbaycan?

– Öz yurdumuzdan da çıxaq?

– Azərbaycan əmim Miranşah Mirzənin mülküdür.

Sara xatun Əbu Səidə güzəşt etməyə gəlmişdi. O, Ağqoyunlu nəslini bu çətin anda xilas etməli, döyüşdən çəkindirməlijdi.

– Yaxşı, onda Sultan razılıq versə bu qışı Qarabağda qalar, yazda Diyarbəkrə qayıdarıq. Yəqin ki, buna e’tirazınız olmaz.

Əbu Səid çiynini çəkdi. Dejəsən bu fikirlə razılaşmağa hazır idi. Amma vəzir qalxıb yenə onun qulağına nəsə pıçıldadı. O, danışdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaşan göz qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. Qızıl, daş-qaşla bəzənmiş tac qoymuş başını tərpədib razılığını bildirdi. Sonra üzünü Sara xatuna döndərdi:

– Köhnə, babaların dostluğu naminə mən Həsənlə vuruşmaqdan vaz keçirəm. Ancaq baba ruhu əziz olur. Əmir Teymur həmişə qışı Qarabağda keçirərdi. Mən də bu qışı Qarabağda keçirmək istəyirəm. Hələ ki, yağışlar başlamayıb, çıxın kedin Diyarbəkrə. Sonra gec olar.

Sara xatun ürəyinin dərinliyində bu danışıqdan razı qaldı. Oğlu sağ-salamat idi. Gəlinləri üzüklərdən istifadə etməyəcəkdilər. Azacıq qoşunları da dağılışmayacaqdı. Demək heç olmasa fürsət gözləməyə ümid var. Ölümün pəncəsindən qurtarırdılar.

Sara xatun Sultandan icazə alıb getmək istədi.

– Bu saat sizi yola salarlar.

Sultan işarə verdi. Açıq qolları və əzələli çiyinləri yağlanmış kimi parıldayan qara həbəş əllərində üstünə zərxara örtük salınmış bir nimçə gətirdi. Sultanın qarşısında diz çökdü.

Sultan örtüyü qaldırdı. Qızıl nimçədə incilərlə dövrələnmiş, iri firuzə qaşlı nəfis bir qolbaq vardı. Sultan onu götürdü.

– Ana, bu hədiyyəni kişilərin işini boynuna kötürən Sara xatuna mənim anam göndərib. Bu ona görə qiymətlidir ki, onu Əmir Teymur özü Təbriz ustalarına düzəltdirib.

Sara xatun hədiyyəni kötürüb Sultana öz təşəkkürünü bildirdi.

İkinci qara qul ovcunda yanaşı tutduğu qılıncı Sultana uzatdı.

Bu qılınc da qızılla işlənmişdi. Qəbzəsində almaslar da parıldayırdı.

– Bu qılıncı isə biz dostlara bağışlarıq. Mənim hədiyyəm kimi Həsən bəyə verərsiniz.

O, “bəy” kəlməsini xüsusi bir vurğu ilə deyirdi. “Bəy” ləqəbi Sultandan sonra gələn altıncı-yeddinci dərəcəli titul idi.

Sultan Əbu Səid Şeyx Heydəri də yaddan çıxarmamışdı. Qabaqda cavan, saqqalından, əmmaməsindən və libasından ruhaniyə oxşayan şəxs qara örtüyə bürünmüş bir əşya gətirdi. Sultan Əbu Səid onu aldı, örtüyü açdı, qızıl qabda dəri cildli kitab vardı.

– Ya şeyx, yaxına gəl.

Heydər yaxına getdi. Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra onu Şeyx Heydərə uzatdı.

– Qahirə Abbasi xəlifəsinin babama göndərdiyi Qurani şərifin bir mübarək nüsxəsidir. Bu nüsxə Darül İrşada nəzirdir, onu sənə verməklə özümü xoşbəxt bilirəm. Cəd-diniz köməyimizdə olsun.

Şeyx Heydər də, Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı, qara örtüyə büküb götürdü.

Onlar mürəxxəs oldular.

Uzun Həsən anası və bacısı oğlu ilə bərabər alaçığında oturmuşdu. Sara xatun danışığın gedişini olduğu kimi danışdıqca oğlu əsəbiləşirdi. O, iri barmaqlarını dodaqlarına dayamışdı. Hirsləndikcə yumruğunu gürz kimi dizinə endirirdi.

Anası onu sakitləşdirirdi.

– Döz, oğlum. Hökmdarın birinci üstünlüyü onun səbridir. Səbrlə dünyanı tutmaq olar – səbrsizliklə ayağının altındakı bir qarış torpağı da uduzarsan. Biz ondan vaxt oğurladıq. Vuruş olmayacaq. Biz Qarabağdan çıxırıq. Bilmək olmaz beş gündən sonra nə baş verəcək. Bizi çox lütflə qarşılayıb, lütflə də yola saldı. Amma Şeyx Heydər, onun hədiyyələrindən ağlım bir şey kəsmədi.

– Mənim də.

– Sən nə fikirləşdin?

– O qolbaq ki, var, onu gərək açıq verəydilər, bağlı verdilər. Bu o deməkdi ki, siz mənim əlimdə bu qolbaq kimi mühasirədəsiniz. Mənə də nəzir verdiyi hədiyyə o demək idi ki, sən bu işlərə qarışma, get kitabını oxu. Bircə dayıma göndərdiyi qılıncı başa düşə bilmədim. Özü də deyir ki, bu qılıncı dosta bağışlayırıq.

Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmış qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu qılıncın tiyəsi yox idi.

Demək belə, mənə də demək istəyir ki, sənin qılıncının tiyəsi yoxdur. Qılıncın qında pas atacaq. Ana, mən onunla vuruşmaq istəyirəm.

– Oğul, cavansan, beynin hələ qandı. Hər şeyi ölçüb biçmək lazımdır. Çağır sərkərdələrini, yaxın adamlarını, ağsaqqalları məsləhətləşək. Sənin bu döyüşün diri gözlü ölümə getməkdir.

– Dayı, mənim də bir məsləhətimə qulaq asın da.

– Buyur, Şeyx. Cəddini köməyimizə çağır görək necə olacaq.

– Biz ona kələk gəlməliyik. Biz buradan çəkilək. Qoy Əbu Səid Arazı keçsin. O, Arazı keçib Qarabağa gəlsə işlər düzələcək. Onda biz Arazı o taya keçərik. Qarabağda bu qış ot yoxdu. Quraqlıq keçib, taxıl da yoxdu. Qırx-əlli minlik ordunu, bir o qədər atı, filləri, dəvələri saxlamaq mümkün deyil. Biz də Arazın o tayında yolları kəsərik. Əbu Səidin özü düşəcək o qolbağın arasına.

Uzun Həsənin fikri harasa getmişdi. Şeyx Heydərin dediklərinin yarısını eşidə bilməmişdi. Ona görə də xahiş elədi ki, təkrar danışsın. Təklif olunan ağlına batdı. Üzünü anasına çevirdi.

– Sən nə deyirsən?

– Çox ağıllı fikirdi. Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur.

– Arazın o tayına keçsək Ərdəbil də bizim olacaq. Qoşunu elə Darül İrşaddan gələn ehsanla saxlayarıq. Hər gün yüzlərlə mürid gəlir. Onları silahlandırıb qoşunun sayını artırarıq. Xorasandan gələn yolları kəsib qoşununun bütün ərzaq yolunu bağlayarıq.

Uzun Həsən gecənin bu vaxtı elə bildi günəş doğur. Onun düşdüyü zirzəmilər işıqlaşır, qapılar, pəncərələr taybatay açılır. O, bütün varının, dövlətinin hamısını bacısı oğluna bağışlayardı. Daha söhbəti də uzatmağı lazım bilmədi. Heç kimi də çağırmadı. Ayrı təkliflər olsa fikirlər haçalanacaqdı. Bu fikrin üçünün arasında qalacağını sözləşdilər. Sonradan Uzun Həsən özü hərəkət edəcəkdi.

– Gedin, yatın. Axşamın xeyrindən, səhərin şəri yaxşıdır.

Şeyx Heydər də, Sara xatun da öz çadırlarına getdilər. O, bir an fikirləşdi. Hansı xatunun yanına getsin? Müqayisə elədi, ölçdü, biçdi. Ürəyi onu Dəspinə xatunun yanına çəkib apardı. Xəbər göndərdi kn, hökmdar onun yanına gəlir.

Uzun Həsən başını əyib alaçıqdan girəndə yan-yana iki gözəl dayanmışdı. Biri Dəspinə xatun, o birisi də anasını təkrar eləyən qızı Aləmşahbəyim. Onun keyfi kök idi. Əvvəl qızının alnından öpdü. Əyildi, qızı başını onun çiyninə qoydu.

– Mənim gözəl qızım gözümə bikef dəyir.

– Yaqub saçımdan tutub dartıb. Deyir sənin saçların niyə qızılıdı?

– Deyəydin qızıldandı da, a qardaş. Eyb eləməz.

O qızının başını qaldırıb gözlərinə baxdı. Aləmşah-bəyim on beş yaşa keçmişdi. Birdən-birə ürəyinə bir niyyət gəldi. “Heydərin tədbiri baş tutsa, Aləmşahbəyimi ona verəcəyəm”.

Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdı elə buraya bağlayan Aləmşahbəyimdir.

Üç gün idi ki, yağış başlamışdı. Bütün göy üzü bulud idi. Amma o buludların səddi-sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narın, kor yağış kəsmək bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmış muğan torpaqları sudan doymurdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuşdu. Üçüncü gün Araz daşıb bərəni də götürüb aparmış, Qaradonlu kəndindən neçə çovustanı yumuşdu. Yağış isə kəsmirdi ki, kəsmirdi.

Uzun Həsənin alaçığı indi Qızıltəpənin yanında qurulmuşdu.

İş elə gətirmişdi ki, Sultan Əbu Səid Qarabağa keçmiş, Uzun Həsən isə Arazın sağ sahilinə adlamışdı. İşlər Şeyx Heydərin tökdüyü tədbir kimi gedirdi. Bu tərəfdən də yağış başlamışdı. Yağış da Uzun Həsənin köməyinə çatmışdı. Payızda Muğana, Milə yağış yağanda ot cücərir, göbələk də çıxırdı. Amma payızdan çox ötmüş, havalar soyumuşdu. Bundan sonra otun cücərməyinə ümid yox idi. Sultan Əbu Səid özünü çətin vəziyyətə salmışdı. Uzun Həsən alaçığında tək oturmuşdu. Xidmətçi onun qarşısında süfrə salmışdı. Çadırın yanında üstündə talvar qurduqları ocağın səngiyən közünü dağıdan xidmətçi şor motalına oxşayan dərini çıxartdı. Qoyunu doğrayıb duzlamış, ədviyyə vurub təzədən dəriyə doldurmuş, tikib odun içinə basdırmışdılar. İndi oddan çıxartdılar. Dərinin tükü tamam yanmışdı. Yanan yunun kəskin iyi ətrafa yayılmışdı. Artıq dəri ütülmüşdü. İki nəfər dərini götürüb iri məcməyiyə qoydu. Bıçaqla motalı cırdılar, dəri açıldı. Qalxan buxar hər iki adamı görünməz etdi. Onları kəklikotu, zəncəfil, sarıkök iyi vurdu. Sonra yeməyi ayırıb bir məcməyiyə yığıb buğlana-buğlana alaçığa apardılar.

Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoş gəldi.

– Bəh-bəh, – deyə aşbazları tə’riflədi.

Süfrəyə yumşaq ağ lavaş qatlanıb yığılmış, şüşə qabda nar, heyva, sinidə qarpız kəsilib düzülmüşdü.

O, çox vaxt yeməyi tək yeyərdi. Aşbazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib sifətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü.

Hökmdar yeməyə girişdi. Bir azdan qoyundan yalnız sümüklər qalmışdı. Qız aftafa-ləyən gətirdi. Su tökdü, o əllərini yudu.

– Şükür sənə, ilahi – dedi – Qıza iri bardağı göstərdi. O, bardaqdan böyük çini parça su süzdü. Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı. Rumlu kəniz süfrəni yığışdırmaqla məşğul oldu.

O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, ə’yanlar onun ətrafına yığıldılar.

– Yağış kefinizi pozmayıb ki?

– Nur yağır, nur.

Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. Yaxşı, mənə at gətirəcəkdilər...

– Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar.

Atları yəhərləmişdilər. Yüyən vurmuşdular. Birinci atı gətirdilər. Bu uzun boyunlu, nazik ayaqlı, sivri sağrılı türkmən atı idi.

Uzun Həsən yüyəni yalın üstündən keçirdi, ayağını üzəngiyə qoymamış tullanıb yəhərdə oturdu. Amma yəhər yatdı, atın ayaqları qabağa sürüşdü, dal ayaqları çökdü. O, tullanıb yəhərdən yerə düşdü. Sara xatun da dayanıb oğlunun özünə at seçməsinə baxırdı. Atın beli oğlunun ağırlığına tab gətirməyib az qala qırılmışdı. Uzun Həsən günahkar-günahkar anasına baxdı.

– Ana, məni tutsa bu bədbəxt atların ahı tutacaq.

Atın gözləri irilmişdi. Əmiraxur yaxınlıqda dayanan əsgərin nizəsini alıb türkmən atının qabırğaları arasına sancdı. Atın başı yerə gəldi.

– Ay oğul, Allah o heyvanları belə yaradıb, sənin nə günahın.

Atın cəsədini sürüyüb apardılar.

Mehtərlər ikinci bir köhləni çəkib gətirdilər.

– Ərəb atıdır.

Ağ rəngli bu köhlənin ağ yalı, ağ quyruğu vardı. Uzun Həsən köhlənin duruşuna, gözəlliyinə baxıb heyran qaldı. Onun belinə qalxıb şikəst eləməyə heyfi gəldi.

– Bunun da beli sınar, heyifdi.

Əmiraxur güldü.

– Dünyanın bütün ilxıları sənə qurban olsun. Hökmdarımızın atı gərək onun adına layiq...Bütün cinslərdən gətirmişik. Harada bir adlı-sanlı at varsa onun balalarını tapmışıq, almışıq.

Uzun Həsən nə qədər ucaboy, ağır olsa, bir o qədər də yüngül, cəld idi. Ayağını üzəngiyə keçirib, yəhərə qalxmağı xoşlamazdı. Bir dəfəyə ayağını yerə vurmaqla qalxırdı. Ona görə də yəhərə ağırlıq birdən-birə düşür, atların çoxusu dözmür, beli qırılırdı.

O, ərəb atını da belə mindi. Yox, bunun beli sınmadı. Deyəsən onu yaxşı əhliləşdirməmişdilər. Dəlilik eləyirdi. Yüyəni dartanda şahə qalxır, süvarini belindən salmağa çalışırdı. Uzun Həsən atın yüyənini buraxdı. Kövşənlə ox kimi uçurdu. Düşərgədən çox uzaqlaşmadı. Aralıdan başını döndərdi, dövrə vurub gəldi. Amma birdən-birə köhlənin başı aşağı getdi, ayağı horraya dönmüş palçıqda siçan yuvasınamı, nəyəsə keçmişdi. Həsən atın boynundan uçub qabaqda yerə düşdü. Hələ göydə ikən özünü düzəltmişdi. Ayaq üstündə düşdü və topuğa qədər palçığa batdı.

Ə’yanlar ona tərəf qaçmaq istədilər, amma hökmdar qamətini düzəltdi, qırmızı məstlərinin topuqdan yuxarı palçığa batmağına fikir verməyib iri addımlarla onlara tərəf gəlməyə başladı. Narın yağış onun qara, gödək saqqalına qırov kimi qonmuşdu. Börkü, libası da su içində idi. Bu yağış birdən-birə deyil, yavaş-yavaş isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.

Amma nə hökmdar, nə də onun məiyyəti yağışa fikir vermirdilər. Köçərinin günü yağışda, qarda keçər. O, əyilib gözlərinin bulağından aşağı yaş axan ərəb atının başını sığalladı, üzünü döndərib yeridi.

Atın ki ayağı sındı, qurtardı, o sağalmaz. Belə heyvan ölməlidir. Əzabdan, əziyyətdən qurtarmaq üçün onu öldürürlər.

Əmiraxur yetirib qılıncını çəkdi, onun ürəyinə sancdı. Hökmdar ərəb atına çox lütfkarlıqla yanaşmışdı. Onu nizə ilə öldürmək istəmirdi.

Uzun Həsən ə’yanlarına, məiyyətinə özünün gücünü, ağırlığını göstərmək istəmirdi. Onu hələ neçə-neçə döyüşlər gözləyirdi. Döyüşdə ki, at sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir eləyərlər. Əsir düşən hökmdarın səltənəti dağılmasa da ömürlük ləkəli olur. Bir hökmdar həyatı üçün yüzlərlə ilxı qurban verirdilər, heç onu müqayisəyə də gətirmək olmaz. Həm də igid döyüşçünün, sərkərdənin altında adına layiq atı olmalıdır. O, bilirdi ki, Əbu Səidlə döyüşsüz qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapşırmışdı.

– Bu nədir, Əmiraxur, sənin gətirdiyin atların hamısı loş çıxır.

Əmiraxur qılıncını kətyan koluna silib qurtarandan sonra qınına salıb gəlirdi.

– Yaxşı atlarımız var, hökmdar.

– Gətirin görüm.

Əmiraxur göydəmir bir atı hökmdarın qarşısına çəkdi.

– Əsil Qarabağ atıdı. Özü də üçyaşar, cavandı. Yaxşı yorğası var.

Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu başından o biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamnan Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa yorub əldən salar. Onsuz da mehtərlərin yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi.

Uzun Həsən əlini Qarabağ atının islaq yalına, sarğısına çəkib onun xasiyyətinə bələd olmaq istəyirdi. Bu vaxt onlara tərəf qızılı bir ayğır təşəxxüslü bir qaçışla yaxınlaşıb kişnəyir, ayaqlarını yerə döyürdü.

– Əmiraxur, o ayğırı tutun.

Bir işarə bəs idi. Hər tərəfdən ayğırı dövrəyə aldılar. Ayğır adamların arasından sıçrayıb çıxdı. Bir neçə mehtəri də qabaq ayaqları ilə əzdi, təpiyi də birini tutub palçığın içinə uzatdı. Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən kəməndi götürmüşdü. Kəməndi atmaqla ayğırın başına keçməyi bir oldu. Ancaq ayğır şahə qalxıb kəmənddən qurtarmaq istədi. Bir şey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz dalınca dartdı. O, sol dizini qatlamış, sağ ayağını yerə vermişdi. Amma ayğırı saxlaya bilmirdi. Ayağı palçıqda sürüşüb gedir, ayğır onu dartıb aparırdı. Haradansa qabağına bir daş çıxdı. Ayağını dirədi. Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. Şahə qalxdığı yerdə yanı üstə çökdü.

– Boğun bu ayğırı!

Mehtərlər tökülüb ayğırın boğazına daha bir kəndir atdılar, üçü bir tərəfdən, üçü də bir tərəfdən kəndiri dartmağa başladılar. Ayğır qalxmışdı. Ona gücləri çatmırdı.

– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. İpdən yapışan mehtərlər çoxaldı. Kəndir sıxıldı, ayğır boğulurdu.Bir azdan o ayaq üstə dayana bilmədi. Gücü, qüvvəsi tükəndi. Ayaqları boşaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi.

– Tez olun, başına yüyən vurun, belinə yəhər qoyun.

Hökmdarın tapşırıqlarını bir anda yerinə yetirdilər. O, tapqıra baxdı. Barmaqları tapqırın altına keçdi. Qayışı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə