Fəsil 18. İNstitusional-sosioloji İSTİqamət sosial iNstitusionaliZMİn meydana gəLMƏSİ VƏ mahiYYƏTİ



Yüklə 431,84 Kb.
səhifə1/6
tarix27.10.2017
ölçüsü431,84 Kb.
#7005
  1   2   3   4   5   6


Fəsil 18. İNSTİTUSİONAL-SOSİOLOJİ İSTİQAMƏT
§1. SOSİAL İNSTİTUSİONALİZMİN MEYDANA

GƏLMƏSİ VƏ MAHİYYƏTİ
İnstitusionalizm iqtisadi fikirlər tarixində xüsusi mövqeyi və yeri olan, XIX əsrin birinci yarısı və XX əsrdə təşəkkül tapan iqtisadi bir məktəbdir. İnstitusionalizmin əsasını iqtisadi inkişaf proseslərini və onların mahiyyətini qeyri-iqtisadi baxımdan şərh etmək təşkil edir.

İnstitusionalizm ən çox ABŞ-da yayılmışdır. İnstitusionalizmin əsasını amerikan iqtisadçısı T.Veblen qoymuşdur. Lakin bu məktəbin ən görkəmli nümayəndələri amerikan iqtisadçıları U.Hamilton (o institusionalizm termininin müəllifidir), C.Kommons, U.Mitçell, C.Gelbreyt olmuşlar. İnstitusionalizmin meydana gəlməsinin səbəbi ideoloji və praktiki tələbatın dəyişməsi ilə əlaqədardır. Çünki bu dövrdə kapitalizm azad rəqabətin hökm sürdüyü şəraitdən inhisarçılığa keçirdi.

İnstitusionalizmin nümayəndələri kapitalizmin iqtisadi qanunlarının mahiyyətini açmadan onları bir plyuriya kimi öyrənir, lakin müxtəlif sosial hadisələri sistemləşdirərək bu sosial hadisə və prosesləri "institusiya" adlandırmışlar. İnstitusionalizm termini bu məktəbin nümayəndələri üçün mərkəzi kateqoriya idi və onun nümayəndələri bütün hadisə və proseslərə sosial anlayış nöqteyi-nəzərindən yanaşırdılar.

İnstitusionalizm kapitalizmi yeni şəraitə - inhisarçılığa uyğunlaşdıran bir vasitə kimi fəaliyət göstərirdi. Göstərdiyimiz dövrdə kapitalizm cəmiyyətində yeni tarixi şərait yaranmışdı: istehsalın kapitalistcəsinə ictimailəşdirilməsi dərinləşirdi, inhisarçılıq artırdı, mülkiyət dövlətləşdirilirdi, yəni mülkiyyət münasibətlərinə dövlət daha çox nüfuz edirdi. Belə bir şəraitdə iqtisad elminə olan tələb də artırdı.

Digər tərəfdən isə "təkmil rəqabət" və "bazar müvazinəti" konsepsiyası arxa plana çəkilirdi, burjua dövləti də iqtisadi sahələrdə olan nüfuzunu daha da gücləndirirdi. Bu kateqoriyaları institusionalizmin nümayəndələri aşağıdakı kimi izah edirdilər: sosial hadisələr həm bazis, həm də üstqurum xarakteri daşıyırlar. Onlar buraya vergiləri və ailələri, dövləti və həmkarlar ittifaqlarını, rəqabəti və inhisarları, xüsusi mülkiyyəti və maliyyə sistemini və s. daxil edirdilər. Digər tərəfdən, institusionalizmin nümayəndələri iddia edirdilər ki, sosial hadisələrin əsasını müxtəlif formalı psixoloji, hüquqi, etnik, texniki və digər münasibətlər təşkil edir.

İnstitusionalizmin görkəmli nümayəndəsi olan Qamilton yazırdı ki, institusiya ictimai qrupların adət və ənənələrini yazmaq üçün ən gözəl simvoldur. Təfəkkürün dərk etdiyi bu hadisələr və proseslər (sosial amillər) sosial qrupların adət və ənənələrini əks etdirmək məqsədilə istifadə edilən ən yaxşı üsuldur. Qamilton iddia edirdi ki, ictimai adətlər insanların təsərrüfat fəaliyyətini nizamlayır. Real həqiqətdə insanların əxlaqı, mənəviyyatı və adətləri iqtisadi münasibətlərin formalarına təsir etsə də heç bir zaman onun mahiyyətini müəyyən etmirlər. Bundan əlavə, göstərilən adət və ənənələr hökmran olan ictimai-istehsal münasibətlərinin xarakteri ilə müəyyən olunurlar.

İnstitusionalizm iqtisadi proseslərin vahid bir tərifini vermir. Veblen isə belə bir iqtisadi əsasın insanların psixologiyası olduğunu iddia edir. Veblen təkcə insanların psixologiyası ilə məhdudlaşmayıb buraya bioloji və antropoloji amilləri də daxil edir. Mitçell isə iqtisadi proseslərin əsasını müəyyən qrup insanların qeyri-iqtisadi amillərində axtarır. R.Eli bu mənbəyi etikada, Helbreyt isə texnikada axtarır. Helbreyt praktiki məsələləri həll etmək üçün texnikanın sistematik şəkildə tətbiqini əsas götürür.

Real həyatda institusionalizmin metodologiyası "sosial psixologiya"nın metodologiyasına əsaslanır. İnstitusionalizm sosial-iqtisadi hadisələrin izahında Avstriya siyasi iqtisad məktəbindən fərqli olaraq fərdi "psixologiyadan" deyil qrupların "psixologiyasından" çıxış edirlər. Bununla da institusionalistlər burjua siyasi iqtisadını xüsusi fərdi sahibkarlığa istiqamətləndirirlər. Bu o deməkdir ki, institusionalistlər inhisar birliklərini və dövlət -inhisarçı kapitalizmi müdafiə edirlər.

İqtisadi proseslərə "sosial psixologiya" nöqteyi- nəzərindən yanaşan institusionalistlər iqtisadi həyatın müəyyən hadisələrini öyrənməklə marjinalistlərin metodologiyasını tədqiqat obyektindən çıxarmışdılar.

İnstitusionalizmin metodologiyasının digər xüsusiyyəti də ondan ibarətdir ki, ictimai inkişaf formalarının inqilablar yolunu inkar etməklə təkamül inkişaf üsuluna üstünlük vermələridir. Bununla da institusionalizm burjua siyasi iqtisadında olan tarixi məktəbin varisləri və davamçıları kimi çıxış edirdilər. Bununla birlikdə institusionalistlər "Avstriya və tarixi məktəbin" metodologiyasından fərqli olaraq kapitalizmin XX əsrdə olan sosial-iqtisadi hadisə və proseslərini öyrənirdilər.

İnstitusionalistlər dövlət-inhisarçı kapitalizmi "inzibati kapitalizm" adlandırırdılar. Dövlətin iqtisadi həyata nüfuz etməsi" institusionalistlər" tərəfindən istehsal üzərində "sosial nəzarətin" tətbiq edilməsi kimi izah olunur. Və ya da institusionalistlər bu prosesi nizamlanan iqtisadiyyat adlandırırdılar.

İnstitusionalizmin nümayəndələri, göstərirdilər ki, kapitalist iri inhisarları əslində iri istehsaldır və bu iri istehsal sosial məqsədlər güdür.

XX əsrdə kapitalist iqtisadiyyatında inhisarların yaranması sinfi ziddiyyətləri kəskinləşdirirdi. Bu prosesin məntiqi inkişafını dərk edən institusionalizmin nümayəndələri burjua cəmiyyətində sinfi bölgü əleyhinə, sinfi antoqonizm əleyhinə çıxaraq "institusiya" kateqoriyasından istifadə edirdilər. Kapitalist istehsal üsulunun iki tərəfini - məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan fərqi "institusiya" kateqoriyası vasitəsilə aradan götürməyə çalışırdılar.

"İnstitusiya" kateqoriyası vasitəsilə institusionalizmin nümayəndələri siyasi iqtisadın predmetini başqa təmayülə istiqamətləndirirdilər. İnstitusionalizmin nümayəndələri belə bir ideya irəli sürürdülər ki, kapitalizmin iqtisadi qanunlarına sosial, hüquqi, etik proseslər təsir göstərir. Onlar bu təsirin səbəblərini açmağa çalışırdılar.

İnstitusionalizmin fəlsəfəsi praqmatik fəlsəfə idi. Odur ki, institusionalistlər inzibati kapitalizmin iqtisadi siyasəti üçün praktiki tövsiyələr işləyib hazırlayırdılar. İqtisadiyyata dövlətin qarışmasının ümumi problemlərini, məsələn, istehsalda "beyinlər tresti" yaratmaq, texniki ixtisası olanların güclü təsir göstərməsi (texnokratiya nəzəriyyəsi) nəzəriyyələrini bu məktəbin nümayəndələrindən olan Veblen yaratmışdır. Kommonsun əsərlərinin də bir hisəsi kapitalizmin hüquqi üstqurumunun təsir dairəsinə, inzibati formaların kapitalizmin iqtisadi münasibətlərinə təsirinin və üstqurumun təşkilati formalarının tədqiqatına həsr edilmişdir.

Mitçell isə kapitalizmin qaydalarını öyrənmək və bu qaydalara bəraət qazandırmaq məqsədilə statistik üsullar işləyib hazırlamışdır.

İnstitusionalizmin praktiki inkişaf istiqamətləri, onların kapitalizmin mexanizminin avtomatik olaraq itirilmiş müvazinətinin bərpa olunması konsepsiyası nümayəndələrinin tənqid etmələri (məsələn, "azad sahibkarlığın" əsaslarının tənqidi), iqtisadi proseslərin kəmiyyət baxımından təhlilinə, tətbiqi iqtisadi tədqiqatlara diqqəti artırmaları, iqtisadi proseslərin dövlət tərəfindən nizamlanması məsələlərinin qoyuluşu institusionalizmi C.M.Keynisin gələcək ideyalarına yaxınlaşdırırdı və Keynsçiliyin sələflərinə çevirirdi.

İnstitusionalizm dörd istiqamətdə inkişaf edirdi: 1)psixiki-bioloji istiqamət. Bu istiqamətin başında Veblen dururdu və onlar "sosial darvinizm" konsepsiyasını təbliğ edirdilər; 2) sosial-hüquq cərəyanı. Bu cərəyanın rəhbəri Kommons idi; 3) emprik inkişaf. Emprizmin rəhbəri isə Amerika konyukturşünaslıq məktəbinin görkəmli nümayəndəsi Mitçell idi; 4) sosioloji cərəyan. Bu cərəyanın nümuyəndəsi Helbreyt idi.

Veblenin "sosial darvinizm" mövqeyi tarixən Q.Spenserin vulqar cəhdləri ilə əlaqədar idi. Q.Spenser insanların tarixinə bioloji qanunauyğunluqları yaymağa çalışırdı. Cəmiyyətin təkamülünün hərəkətverici qüvvələrini "irrasional psixologiyaya" söykənən sosial qrupların bir-birləri arasında olan mübarizədə görən Veblen iddia edirdi ki, bioloji fərdlərin mövcudluğu və yaşamaları təbii seçmə qanunauyğunluqlarına əsaslanır. Bu qanunauyğunluqları o sosial-iqtisadi hadisələrin öyrənilib şərh olunmasına tətbiq etməyə çalışırdı. Veblen tamahkarlıq, acgözlük, bədxərclik, israfçılıq, inhisarçı biznesin qəddarlığı əleyhinə çıxış edirdi. Veblenə görə biznes fəaliyyətinin dairəsi "keçmiş siniflərin" (inhisarçı burjuaziyanın) maksimum mənfəət əldə etmək üçün etdiyi maliyyə maxinasiyasıdır. O biznesə qarşı sənayeləşdirməni qoyurdu və iddia edirdi ki, real fəaliyyət sahəsi istehsaldır, çünki maddi nemətlər ancaq istehsal prosesində yaradılır.

Faktiki olaraq Veblen "sənaye" dedikdə iqtisadiyyatın qeyri-inhisar sahəsini nəzərdə tuturdu və bu konsepsiyanı istehsalın məqsədi kimi təqdim edirdi. Veblen tərəfindən "sənayenin" belə ideallaşdırılması onu texnokratlara yaxınlaşdırırdı.

İnstitusionalistlər iddia edirdilər ki, cəmiyyətdə gedən sosial dəyişikliklər texnikanın sosial-iqtisadi strukturda yaratdığı irəliləyişlərlə birbaşa əlaqədardır. Məhz bu metodoloji prinsiplərə əsaslanan yeni nəzəriyyələr - sənaye cəmiyyəti, konvergensiya, sənayeləşdirmədən sonrakı cəmiyyətlər konsepsiyaları yaranmışdır.
§ 2. İNSTİTUSİONALİZMİN AMERİKA MƏKTƏBİ
Amerikan institusionalizminin ən görkəmli nümayəndələri T.Veblen, C.Kommons və U.Mitçell olmuşlar.

Veblen 1923-cü ildə özünün "Absenteist mülkiyət və yeni dövrdə sahibkarlıq" (iştirak etməyən mülkiyyət) adlı sonuncu kitabını çap etdirir. Müəllif bu kitabda göstərir ki, tam şəkildə baxıla bilən mülkiyyət korporasiyalardadır, bu təsis fəaliyyəti daşıyır, fond sərvəti ilə ehtikarlıq edir. Bu onlara imkan verir ki, yeni siyasət həyata keçirsinlər, istehsalı məhdudlaşdırmaqla qiymətləri maksimuma qaldırsınlar və süni olaraq əmtəə çatışmazlığı yaratsınlar.

Veblen bu əsərində "biznes sistemini" ittiham edir. Guya ki, istehsal sistemi mənfəət əldə etmək məqsədinə qulluq edir. Korporasiyaların mənfəət ardınca qaçması ölkənin sərvətindən yırtıcılıqla istifadə etməyə gətirib çıxarır ki, bu da ictimai mənafelərdə ziddiyyət törədir. Veblen eyni zamanda maliyyə oliqarxiyasının siyasətini də tənqid atəşinə tutur, "tənbəl sinfin" sərvətinin əleyhinə çıxır, "tənbəl sinif" dedikdə Veblen maliyyə oliqarxiyasının nümayəndələrini, "absenteist mülkiyyət" sahibləri olan kapitalistləri, öz müəssisələrini idarə edənləri nəzərdə tuturdu.

Xüsusi bir metodoloji prinsip institusionalizmin nümayəndələrini birləşdirir: siyasi iqtisadın predmetinin geniş mənada izah edilməsi, yəni fənnlərarası yanaşma. Onların praktiki tövsiyələri də eyniyyət təşkil edir. Belə bir yanaşma o deməkdir ki, kapitalist iqtisadiyyatı üzərində "sosial nəzarətin" olmasını tələb etmək.

"Fənnlərarası yanaşma" dedikdə institusionalizm onu nəzərdə tutur ki, qeyri-iqtisadi hadisələr hesabına iqtisadi nəzəriyyə geniş mənada izah edilsin. Bu konsepsiya C.Kommonsun əsərlərində xüsusi yer tuturdu.

C.Kommons Amerika fəhlə sinfinin hərəkatının tarixini, həmkarlar ittifaqlarının yaranmasını, Amerika məhkəmə üsulunu yazmışdır.

C.Kommons mülkiyyətin iqtisadi məzmununu açmaq əvəzinə mülkiyyəti hüquqi münasibətlər əsasında tədqiq edirdi. Əmək və kapital arasında olan konfliktli hadisələri öyrənərkən C.Kommons iqtisadiyyat üzərində hüquqi münasibətlərə üstünlük verirdi.

C.Kommons dəyər kateqoriyasını tədqiq edərkən yenə də ilkin hüquqi münasibətlərə əsaslanırdı. O dəyərə belə bir tərif verirdi: bu gün mövcud olan gəlirin gələcəkdə qiymətləndirilməsinə dəyər deyilir. C.Kommonsa görə dəyər razılıqla, sövdələşmə yolu ilə yaranır. Dəyər kəmiyyətini o istehsalla deyil hüquqi qaydalarla, hüquqi üsullarla əlaqələndirirdi. Kapitalizmin hüquqi əsaslarını o məhz belə bir hüquqi münasibətlərdə görürdü.

Müəyyən hallarda ABŞ-ın Ali məhkəməsinin iqtisadi həyata qarışmasını, məsələn məhkəmənin qərarı ilə kapitallaşmış mənfəət hesabına səhmlərin kurslarının qaldırılmasını tədqiq edən C.Kommons iddia edirdi ki, hüquqi üsullar iqtisadi fəaliyyət üzərində nəzarət edir və bu prosesi o səmərəli hesab edirdi. Lakin C.Kommons yaddan çıxarırdı ki, iqtisadi fəaliyyətin hər hansı bir sahəsində gedən dəyişiklik istehsalla əlaqədardır, bu dəyişikliklər istehsal dairəsində olan dəyişikliklərin nəticəsidir.

Siniflərin mənafeyi anlayışını ayrı-ayrı qrup halında olan adamların mənafeyinə qarşı qoyan C.Kommons siniflərin antoqonist ziddiyyətlərini qəbul etmirdi. O göstərirdi ki, mənafelər toqquşa bilər, belə bir toqquşmanı isə həmkarlar ittifaqlarına daxil olan qruplara aid edirdi. C.Kommonsa görə bütün konfliktləri aradan qaldırmaq olar, müxtəlif ictimai qrupların mənafelərini barışdırmaq mümkündür. Belə konfliktlərin və mənafelərin həllini o kapitalist mülkiyyətini saxlamaq şərtilə "kollektiv müqavilələrin" bağlanmasında görürdü.

O iddia edirdi ki, kapitalizmin ziddiyyətlərinin yumşaldılması məqsədilə burjua dövləti mühüm rol oynamalıdır. C.Kommons təklif edirdi ki, dövlətin rolunun aktivləşdirilməsi məqsədilə proporsionallıq əsasında müxtəlif mənafelər hökuməti yaradılmalıdır. Onun fikrincə qanunvericilik və müxtəlif hökumət komissiyalarının islahatları hesabına yaranan bütün konfliktləri ləğv etmək mümkündür.

C.Kommons işsizliyin dövlət sığortası üzrə ilk qanununun hazırlanmasında yaxından iştirak etmişdir. Onun konsepsiyasının xülasəsi bundan ibarət idi ki, burjua dövləti kapitalist iqtisadiyyatına nəzarət etməli və onu tənzimləməlidir.

Dövlətin iqtisadi proseslərə nüfuzunun artması barədə C.Kommonsun əldə etdiyi nəticələr "inzibati kapitalizm" dövrünün real şəraitinə tam uyğun gəlirdi. Lakin dövlətin iqtisadi məsələlərə qarışmasının tam mahiyyətini C.Kommons tələb olunan səviyyədə işıqlandıra bilmirdi. Çünki o, ön plana dövlətin qanunvericilik fəaliyyətini keçirirdi. Ona görə, hökumət komissiyası yarana biləcək bütün ziddiyyətləri həll etmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, dövlətin (Kommonsun dövründə) iqtisadiyyata nüfuz etməsinin iqtisadi əsasları var idi. Buraya aşağıdakılar daxil edilir: inhisarçı kapitalizmin artması, inhisarların gücünün dövlətin gücü ilə qovuşması, büdcə vasitəsilə milli gəlirin xeyli hissəsinin yenidən bölüşdürülməsi və s.

C.Kommonsun bu konsepsiyası xeyli sonralar siyasi iqtisad elmində çox geniş yayılmağa başladı və bunun əsasında "ümumi rifah dövləti", "kütləvi istehlak cəmiyyəti" və digər bu qəbildən olan nəzəriyyələr yaranmağa başladı.

Burjua dövlətinin "sosial nəzarət" rolunu oynamasının digər variantını irəli sürən "institusionalizm" nümayəndəsi U.Mitçell olmuşdur. O, siyasi iqtisadın predmetini və qarşısında duran vəzifələri haqqında bir çox fikirlər irəli sürmüşdür. U.Mitçell insanların iqtisadi davranışının psixoloji qanunauyğunluqları barədə də maraqlanırdı.

Mitçellin iqtisadi konsepsiyasında "pul təsərrüfatı institutu" nəzəriyyəsi xüsusi yer tutur. Mitçellə görə cəmiyyətlərdə pul müstəqil rol oynayır və iqtisadi fəaliyyətin əsas hərəkətverici qüvvəsidir. Belə bir konsepsiyanı irəli sürən Mitçell iqtisadi nəzəriyyənin qarşısında duran vəzifələri formalaşdıraraq qeyd edirdi ki, pul iqtisadi nəzəriyyənin köküdür, iqtisadi nəzəriyyə isə pul tədavülü ilə insanların davranışı arasında olan əlaqələri öyrənir.

İnstitusionalizmin digər nümayəndələri kimi, U.Mitçell də induktiv tədqiqat metodundan istifadə edərək iqtisadi tədqiqatlara tənqidi yanaşmışdır. O göstərirdi ki, iqtisadi nəzəriyyə real həqiqəti adekvat olaraq işıqlandırmalı və formal məntiq ilə məhdudlaşmaq olmaz. Onun fikrincə nəzəriyyə faktları izah etməlidir. Mitçell öz tədqiqatlarında aktiv surətdə statistik metoddan istifadə edir, dəqiqliyi, konkretliliyi öz əsərlərinə tətbiq edirdi.

Mitçell kapitalist təsərrüfatının konkret təhlilini verir, hər şeydən əvvəl onun bu konkretliliyi pul tədavülü dairəsinə şamil edilirdi. Onun tədqiqatları empirik xarakter daşıyırdı və institusionalizmdə yaratdığı istiqaməti empirizm adlandırmaq olar. Faktiki rəqəmlərin riyazi üsulla işlənməsi metoduna U.Mitçell üstünlük verirdi.

U.Mitçellin metodundan proqnozlaşdırma prosesində də istifadə edilmişdir. Burjua siyasi iqtisadında Mitçellin proqnozlaşdırma metodundan istifadə edilərək kapitalist təsərrüfatında baş verə biləcək gələcək proseslərin kəmiyyət dəyişiklikləri öyrənilmişdir. Onun bu proqnozlar metodu əsasında "Harvard barometri" yaradılmışdır ki, bu "barometr" kapitalist təsərrüfatının gələcək vəziyyətindən xəbər verirdi. Lakin 1929-1933-cü illərdə baş verən böhran Mitçellin bu metoduna son qoydu.

U.Mitçell iqtisadi tsikillər sahəsində də xeyli tədqiqatlar aparmışdır. Praktiki olaraq kapitalist konyukturası haqqında Mitçellin təklifləri özünü doğruldurdu. Kapitalist tsikillərini xarakterizə edən bir çox amilləri Mitçell istehsala deyil, tədavül sferasına, birinci növbədə qiymətə, səhmlərin kursuna və s. aid edirdi.

U.Mitçell də digər institusionistlər kimi dövlətin iqtisadiyyata nüfuz etməsini dəstəkləyirdi. Bu məqsədlə də dövlətin kapitalist iqtisadiyyatına "sosial nəzarət" etməsi üçün bir neçə variant irəli sürmüşdü. Məsələn, o da 1923-cü ildə işsizlik haqqında dövlət sığorta sisteminin yaradılmasını irəli sürmüşdü. Bu o dövr üçün radikal və cəsarətli bir hal idi.

İlk dəfə olaraq Mitçell kapitalist "planlaşdırmasının" zəruriliyini irəli sürmüşdü. O göstərirdi ki, "planlaşma" kapitalizmdə daima və ardıcıl həyata keçirilməlidir. Bu məqsədlə də o xüsusi dövlət orqanının yaradılmasını təklif edirdi.

Eyni zamanda Mitçell göstərirdi ki, belə planlaşdırma indikativ, təklifedici xarakter daşımalı və xüsusi biznesi məhdudlaşdırmamalıdır. Mitçellin planlaşdırma haqqında irəli sürdüyü fikirlər əslində "sosial liberal planlaşdırma" konsepsiyası idi. O təklif edirdi ki, iqtisadiyyatı proqnozlaşdırmaq və antiböhran tədbirlər həyata keçirilməlidir. Eyni zamanda o göstərirdi ki, pul tədavülü mexanizmi korrektə (təshih) edilsin, məşğulluq səviyyəsi və işsizlik üzrə sığorta dövlət tərəfindən tənzimlənsin, bunun üçün uyğun dövlət idarələri yaradılsın.

1932-ci ildə A.Berlinin və Q.Minzinin "Müasir korporasiyalar və xüsusi mülkiyyət" kitabı nəşr edildi. Kitab bütövlükdə Veblenin ideyaları əsasında yazılmışdı. Kitabda sənaye korporasiyalarının rolu və yeri tədqiq edilirdi. Müəlliflər həmən kitabda korporasiyaların strukturu, mülkiyyətin bilavasitə istehsalı idarə edənlərdən ayrı düşməsi məsələləri təhlil edilmişdir. Statistik faktlar əsasında Berli və Minz sübut edirdilər ki, ABŞ iqtisadiyyatında iri korporasiyaların rolu artır, istehsal və kapital yüksək sürətlə mərkəzləşir və təmərküzləşir.

Bununla belə Berli və Minz lazımi səviyyədə kapitalist inhisarlarının fəaliyyətinin müəyyən cəhətlərini də tənqid edirdilər.

Məşhur Amerika iqtisadçısı və sosioloqu S.Çeyza özünün "Texnokratiya" (1933) kitabında yazırdı ki, iqtisadiyyatda proletariatın əhəmiyyəti azalır. Veblen sayağı qeyd edirdi ki, proletariatın üstünlüyü zəifləyir, gələcək cəmiyyətdə texniki - mühəndis ziyalıları çox da mühüm rol oynamayacaqlar.

"Böyük depressiya" dövründə institusionalistlərin ideyalarına ABŞ dövlət xadimləri də, o cümlədən Ruzvelt riayət edirdi. Depressiyaya qarşı mübarizədə A.Berli, Q.Minz, R.Taqvell hökümətin tədbirlərində yaxından iştirak etmiş və böhranlar əleyhinə bir çox proqramlar işləyib hazırlamışlar. Məsələn, prezident Ruzveltin "beyinlər tresti" proqramına Minz daxil edilmişdi. O, ABŞ mili resursları sənaye bölməsi Komitəsinin direktoru idi. Sonralar Minz milli resursların planlı idarə olunması İdarəsinin məsləhətçisi olmuşdu.

Digər tərəfdən, Kommonsun ideyaları, o cümlədən onun "qarşılıqlı sosial güzəştlər", müxtəlif ictimai qrupların mənafelərinin barışdırılması fikirləri Ruzveltin "yeni kurs" siyasəti proqramında öz əksini tapmışdır.

17 may 1933-cü ildə prezident Ruzvelt Konqresə göndərdiyi məktubunda sahibkarlarla fəhlələrin əməkdaşlıq etməsini zəruri hesab edirdi. 16 iyun 1933-cü ildə ABŞ iqtisadiyyatının bərpa olunması qərarında göstərilirdi ki, ümumi rifah mənafeyi nöqteyi-nəzərindən Konqress çalışır ki, "əmək fəaliyyətinin birləşdirilməsini həyata keçirsin və həvəsləndirsin, sahibkarlar da bu prosesə hökmən cəlb edilsin. Bu məsələlər hökümət tərəfindən qəbul edilsin və nəzarətə alınsın".

Belə bir böyük və geniş proqramın, dövlətin iqtisadi siyasətini həyata keçirmək məsədilə dövlət büdcəsi hesabına kapitalist inhisarlarına, kartellərə, kənd təsərrüfatı istehsalını nizamlayan dövlət orqanlarına, əmək və kapital münasibətlərinin nizamlanmasına, ictimai işlərin təşkilinə subsidiyalar (yardımlar) ayrılması zəruri hesab edilirdi.

Yeni qanunlar qəbul edilmişdi: fermerlərə subsidiyalar verilirdi. Bütün bu tədbirlər iki məqsəd güdürdü: 1) iqtisadi böhranı aradan qaldırmaq; 2) sosial ziddiyyətləri müvəqqəti yumşaltmaq üçün maliyyə kapitalının hökmranlığını möhkəmləndirmək.

Hökumətin fəaliyyətinə bəraət qazandırmaq məqsədilə Ruzveltin "yeni kursu" ətrafında geniş siyasi kompaniya aparılırdı. Dövlətin iqtisadi həyata qarışması, iqtisadiyyata nüfuz etməsi nəticəsində həqiqətən də ABŞ-da işsizlik ordusu azalmışdı, 1934-1935-ci illərdə istehsalın həcmi artmışdı.

Beləliklə, 1929-1933-cü illərdə institusionalizmin mərkəzi ideyası olan "kapitalist iqtisadiyyatı üzərində dövlət nəzarəti" konsepsiyası leqallaşdırılmışdı.


§3. QEYRİ-MÜVAZİNƏTLİ BAZAR PROBLEMİ VƏ DÖVLƏTİN İQTİSADİ ROLU
Yeni klassik məktəb nəzəriyyəsinin əsasını təkmil rəqabət nəticəsində yaranan qiymətlər mexanizminin yaratdığı müvazinətlilik konsepsiyası təşkil edir. Lakin real həyatda baş verən iqtisadi hadisələr və proseslər tələb edirdi ki, iqtisadi fikirlər sistemində yeni konsepsiyalar yaradılsın. Elə bir nəzəriyyə tələb olunurdu ki, bu nəzəriyyə bazar sisteminin fəaliyyətini və funksiyasını daha real həyati hadisələr baxımından işıqlandıra bilsin, bazarın üstünlüklərinin nədən ibarət olduğunu açıqlasın və aşkar edə bilsin ki, dövlət nə zaman, hansı şərait daxilində iqtisadi təshihlər həyata keçirə bilsin, bazar mexanizminə nüfuz edə bilsin.

Bununla əlaqədar olaraq iqtisadçı-alimlərin diqqətini pul sistemi cəlb edirdi. Qeyd edək ki, pul haqqında nəzəriyyənin yaranmasının digər əsas səbəbi ikinci dünya müharibəsindən sonra kapitalist təsərrüfatını sarsıdan inflyasiya prosesi olmuşdur. Görkəmli iqtisadçı - alimlərdən A.Marşall, A.Piqu, C.X.Robertson, eyni zamanda C.M.Keyns öz sonrakı əsərlərində pul kəmiyyəti haqqında Kembric variantı yaratmışdılar. Bu nəzəriyyə "kassa qalığı" konsepsiyası da adlanırdı.

Pul kəmiyyəti haqqında olan nəzəriyyənin əsas ideyası ondan ibarət idi ki, pul kütləsinin bilavasitə dəyişməsinin qiymətlərin səviyyəsinə təsiri dəyişməz qalırdı. Kembric məktəbinin gətirdiyi yenilik ondan ibarət idi ki, bu konsepsiya haqqında olan təhlilin mərkəzi kapitalist firmalarının kassasında qalıb yığılan nağd pul idi. Digər tərəfdən, Kembric məktəbinin tədqiqatçılarının diqqətindən müxtəlif adamlarda olan, keçmiş gəliri pul formasında saxlayan və bölüşdürən, başqa üsulla belə puldan istifadə edən şəxslər də kənarda qalmamışdı.

Davamlı, sabit pulun dövlət tərəfindən qorunması cəhdi Kembric məktəbinin nümayəndələri tərəfindən belə izah olunurdu ki, elastik qiymətlər sistemi daxilində bu pul iqtisadi sistemin müvazinətini bərpa etmək vasitəsidir. Belə bir konsepsiya neoklassik məktəbin iqtisadi təhlillərinin başlanğıc nöqtəsini, ilkin şərtini təşkil edirdi.

Bu nəzəriyyəyə görə qiymətlərin qalxıb-enməsi dəfinə kimi qızıl pulun yığılmasının real qiymətinin dəyişməsinə səbəb olur. Real pulun (qızılın) qiymətinin dəyişməz saxlanması məqsədilə (əgər qiymətlər qalxarsa) subyektlər öz gəlirlərinin pulla ifadəsini artırmağa cəhd edəcəklər. Bu məqsədlə də subyektlər pulun istehlaka istiqamətləndirilən hissəsini ixtisara salacaqlar, əksinə, pulun tezavrsiya (pulun əmanət bankına və ya banka qoyulmayıb evdə saxlanması) hissəsi azalar və istehlaka yönəldilən hissəsi artar.

Gəlirlərin pul hissəsinin real dəyərinin saxlanmasına çalışan Kembric məktəbinin nümayəndələrinin belə bir variantı əmtəə bazarında müvazinətin bərpa olunmasının avtomatik nizamlanması kimi izah edirdilər. Onlar göstərirdilər ki, qiymətlərin artması istehlakı aşağı endirir, tələbi azaldır, qiymətlər də, nəhayət, aşağı düşür. Lakin, ümumiyyətlə qiymətlərin enməsi tələbin artmasını stimullaşdırır. Bu konsepsiya sonralar "Piqu səmərəsi", "real kassa qalığının səmərəsi" adlandırıldı və müasir neoklassik nəzəriyyəçilər bu kateqoriyadan geniş istifadə etməyə başladılar.

XX əsrin dördüncü rübündə iqtisadi tsikillər haqqında monetar nəzəriyyə yarandı. Bu nəzəriyyənin əsasını C.M.Keynsin müasiri R.Xoutri qoymuşdu. O göstərirdi ki, iqtisadi tsikl xalis pul hadisəsidir, bu hadisə pul tələbinin qalxıb-enməsi və kredit münasibətləri ilə əlaqədardır.

R.Xautri göstərirdi ki, iqtisadi yüksəliş şəraitində pul tələbi artanda banklar kredit verməklə onu stimullaşdırırlar, eyni zamanda banklar verdikləri borc üçün az faiz tələb edirlər. Belə bir kumulyativ (ziddiyyətlərin düyünləşdiyi nöqtə) şəraitdə iqtisadiyyatda olan canlanma qiymətlərin artmasını tezləşdirir, bunun da nəticəsində banklar ehtiyatlı olmağa çalışırlar. Çünki, banklar faiz normasının artmasından qorxaraq krediti məhdudlaşdırırlar. İqtisadi aktivlik bunun nəticəsində qəsdən aşağı endirilir və bu proses də kumulyativ xarakter daşıyır.

Belə bir kumulyativlik nəticəsində qiymətlər qalxır və pulun dövretmə sürəti artır. Bu nəzəriyyə əsasında Xautri belə bir nəticəyə gəlir ki, işgüzar aktivliyin tsiklik qalxıb-enməsini aradan qaldırmaq və ya da ağıllı pul-kredit siyasəti aparmaqla onu yumşaltmaq olar.

20-ci illərdə ABŞ-da bir qrup aktiv iqtisadçılar meydana gəldi. Bu iqtisadçılar bazar sabitliyinin pul-kredit siyasətinin köməyi ilə təmin edilməsinin tərəfdarı idilər. Onlar pul-kredit siyasətinin elə bir şəraitdə həyata keçirilməsini istəyirdilər ki, belə bir şərait daxilində qızıl standartının tələblərindən bu siyasət azad olsun. Bu qrupun lideri İrvinq Fişer idi. O göstərirdi ki, iqtisadi sabitliyin əsas şərti qiymətlərin davamlı olmasındadır. Buna da pul siyasəti vasitəsilə nail olmaq olar.

İngilis iqtisadçısı A.Piqu özünün "İqtisadi rifah nəzəriyyəsi" kitabında ictimai rifahın optimallaşdırılması problemlərini təhlil edirdi. Abstrakt faydalılıq nəzəriyyəsini real həqiqətə çevirməyə cəhd göstərən A.Piqu (eyni zamanda o ictimai faydalılığın meyarını (kriteriya) da müəyyən etmək istəyirdi) faydalılığı "milli dividenti" (milli gəliri) kəmiyyətinin statistik ölçüsünün müqayisəsini verməyə cəhd edirdi.

A.Piqunun fikrincə "milli gəlir" maddi rifah halının əsas göstəricisidir. O qeyd edirdi ki, maddi rifah təkcə "milli gəlirin" səviyyəsi və artım sürəti ilə deyil, onun bərabər bölüşdürülməsilə də əlaqədardır. A.Piqunun fikrincə "milli gəlirin" bərabər bölüşdürülməsi ümumi rifah halının əsas amillərindən biridir.

A.Piqu iddia edirdi ki, dövlətin funksiyalarından biri də milli gəlirin yenidən bölüşdürülməsi olmalıdır. O, bazar mexanizminin və azad rəqabətin təkmilləşdirilməsinə şübhə ilə yanaşırdı. A.Piqu göstərirdi ki, bazar mexanizmini poza biləcək ciddi və sabit səbəblər mövcuddur, bunlar fərdi və ictimai mənafelər arasında ziddiyyət yaradaraq maddi rifahın ümumi səviyyəsini aşağı salır.

Belə səbəblərdən birini A.Piqu inhisarların yaranmasında görürdü. İnhisarları o, iri istehsalın yaranması ilə əlaqələndirirdi. İri istehsal isə, A.Piquya görə, bazar üzərində nəzarət edir, istehsalın miqyasının genişlənməsinə qənaət edir, realizə ediləcək məhsula olan tələbin elastikliyini məhdudlaşdırır.

A.Piqu yazırdı ki, inhisarlar və inhisar rəqabəti qiymətləri artırır, investisiyanın səviyyəsini aşağı salır ki, bunlar da "milli gəlirin" ümumi səviyyəsinə təbii ki, mənfi təsir göstərir. Məhz buna görə də inhisarçı təmayüllərin dövlət tərəfindən məhdudlaşdırılması zəruridir.

Dövlətin iqtisadi proseslərə qarışmasının ikinci mühüm şərtini A.Piqu xarici effektdə görürdü, yəni bu o demək idi ki, xüsusi adamların fəaliyyəti effektli olmalıdır, firmalar bazarda effektli fəaliyyət göstərməlidirlər və i.

A.Piqu dövlətin iqtisadiyyata nüfuz etməsinin iki yolunu - dolayısı və birbaşa - görürdü. Dövlətin iqtisadiyyata dolayısı nüfuz etməsi (vergilər, subsidiyalar) "xarici effekt"in arzuolunmaz nəticələrinin aradan qaldırılmasına xidmət etməlidir (sadə rəqabət şəraiti zamanı). A.Piqu yazırdı ki, sadə rəqabət şəraitində tamahkar mənafelər təzahür edir və fiskal xarakter daşıyan inhisarlar öz effektliyini itirir.

Trestlər əleyhinə olan qanunçuluğu A.Piqu müsbət qiymətləndirirdi. Lakin bunu da o, az effektli tədbir hesab edirdi. Odur ki, bə"zi müəssisələrin birləşməsini A.Piqu faydalı hesab edirdi.

A.Piqunun ideyasına görə, o sahələrdə ki, inhisarlar tez və maneəsiz yarana bilər həmin sahələrə də dövlət nüfuz etməli və bu sahələri dövlət öz siyasəti vasitəsilə tənzim etməlidir. Dövlətin iqtisadiyyata belə nüfuz etməsi o deməkdir ki, qiymətlər və rüsumlar nəzarət altına alınmalıdır.


Yüklə 431,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə