Fitnə şəraİtİndə vəzİfələr


Beşinci fəsil: Bəsicin vəzifələri



Yüklə 0,59 Mb.
səhifə5/8
tarix20.10.2017
ölçüsü0,59 Mb.
#5918
1   2   3   4   5   6   7   8

Beşinci fəsil: Bəsicin vəzifələri


Bəsicin iştirak etdiyi sahələrin rəngarəngliyi

Ölkənin hər bir yerində və bütün təbəqələr arasında heç bir ixtilafsız fəaliyyət göstərən müxtəlif mömin birliklər var. Onların adı Bəsicdir. Onlar üçün mühüm olan budur ki, ehtiyatlı olsunlar, özlərinin zəif cəhətlərini öyrənsinlər, düşmənin planlarının həyata keçməsinə qoymasınlar. Mühüm məsələ budur. Bütün uğurlu hərəkətlərdə iki işi görmək lazımdır: biri inkişaf üçün yol proqnozları, ikincisi isə mənfi cəhətləri və nöqsanları öyrənmək və aradan qaldırmaq. Bu da proqnozdur; bu da inkişaf yolunun proqnozu kimidir; hər bir hərəkət üçün zəruri şərtlərdəndir.

Bu gün hamı bilir ki, hegemonizmin İslam Respublikası quruluşu ilə mübarizəsi inqilabın ilk onilliyində olduğu kimi deyil. Həmin mübarizədə güclərini sınayıb məğlub oldular.

Ağır mübarizə idi; müharibə başlatdılar, çevriliş etməyə çalışdılar. İnqilabın əvvəlində çevrilişə cəhd etdilər, amma alınmadı; milli qarşıdurmalar yaratdılar, amma alınmadı, məğlub oldular; səkkiz il sürən bir müharibəyə başladılar, amma məğlub oldular. Daha bu üsullara əl atmayacaqlar; yəni belə ehtimal zəifdir. Təbii ki, həmişə bütün ehtimallara hazır olmaq lazımdır, lakin bu, İslam quruluşuna qarşı mübarizədə hegemonizm üçün prioritet deyil. Prioritet bu gün yumşaq müharibə deyilən məsələdir; yəni mədəni üsullarla, yalanla və şayiə yaymaqla müharibə etmək; on il, on beş il, otuz il öncə mövcud olmayan və bu gün geniş yayılmış mütərəqqi üsullarla müharibə etmək. Yumşaq müharibə xalqın qəlbində və beynində şübhə yaratmaqdır.

Yumşaq müharibənin yollarından biri bir cəmiyyətdə xalqı bir-birinə qarşı bədbin etmək və ixtilaf yaratmaqdır; bir bəhanə tapıb onunla xalq arasında ixtilaf yaratmaq. Gördünüz ki, builki seçkilərdən sonra bir bəhanə tapıb xalq arasında ixtilaf yaratdılar. Xoşbəxtlikdən, bizim xalqımız ayıqdır. Belə bir iş digər ölkələrdə vəziyyəti tamamilə dəyişdirdi; digər yerlərdə xalqda bir-birinə qarşı şübhə yaratdı. Seçkiləri bəhanə edib şübhə yaratmağa, qəlblərdə bir-birinə qarşı nifrət oyatmağa, insanları bir-birinin qarşısında qoymağa çalışdılar. Sonra da muzdur, qərəzli və düşmən qüvvələri cinayət əməllərinə vadar etsinlər və məmurlar kimin nə etdiyini bilməsinlər. Bu mühüm layihələrdəndir. Belə işlər planlaşdırırlar.

Sizcə belə bir vəziyyətdə insan üçün hər şeydən mühüm olan nədir? Ayıqlıq. Mənim ayıqlıq barədə təkidlərim bundan ötrüdür. Xalq nəyin baş verdiyini bilməli və səhnəni idarə edən əli görməlidir. Onlar ortalığı qarışdırmaq istəyirlər ki, təlimatlandırdıqları xain və muzdur onların istədiyi işi görsün və xalqın arasında onu tapmaq olmasın. Düşmən bunu istəyir. Ayıqlığa səbə olan, xain və bədxah ünsürləri xalqdan ayırmağa kömək edən hər bir hərəkət yaxşıdır. Mühiti qarışdıran, gərginləşdirən, insanlarda bir-birinə qarşı şübhə yaradan, cinayətkarın və qeyrisinin qarışdığı şübhə dolu mühit zərərlidir.

Mənim təkidim budur ki, hamı, bütün İran xalqı, müxtəlif siyasi cinahlar bu inqilabın və ölkənin müstəqilliyinə qarşı çıxan, ölkəni ikiəlli Amerika və hegemonizmə təqdim etmək istəyən azsaylı şəxslər qarşısında bir olsunlar. Bütün xalqların daxilində düşmənin belə ünsürləri var. Bizim xalqımızın arasında da belə insanlardan az da olsa, tapılır. Xalqın özünü, kütlələri, aparıcı və adi insanlardan ibarət olan əzəmətli toplumu həmin azsaylı satqın ünsürlərdən ayırmaq lazımdır; səhv salınmamalıdır. Bəzi fikirlərdə, bəzi sözlərdə vəziyyət elə qarışdırılır ki, insanlar çaş-baş qalırlar, xalq bir-birinə, görkəmli şəxslərinə və məmurlarına bədbin olur. Bu düzgün deyil.

Bəziləri - istər mətbuat, istər müxtəlif ünsürlər tövsiyə qəbul etmirlər. Onlar bizdən tövsiyə istəmirlər. Bəzi qurumların və media orqanlarının siyasətlərini kimin təyin etdiyi, haradan təyin olunduğu bəlli deyil. Onların çörəyi ixtilaf salmaqdan çıxır. Lakin ölkənin maraqlarını və həqiqətin hakim olmasını istəyənlərə tövsiyəm budur ki, bu cüzi və köksüz ixtilaflardan əl çəksinlər. Şayiə düzəltmək və yaymaq olmaz. İnsan görür ki, ölkə məmurlarına - ölkənin yükünü çiyninə götürən şəxslərə qarşı açıq-aşkar ittihamlar irəli sürür, şayiə düzəldirlər; fərqi də yoxdur, istər prezident olsun, istər parlament sədri, istər Quruluşun Məsləhətini Müəyyənləşdirən Qurumun başçısı, istər Ali Məhkəmənin sədri; bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri bir sahənin rəhbərliyinin tapşırıldığı şəxslərdir. Xalqın bunlara etimadı olsun, inansın. Şayiə yaymaq lazım deyil. Düşmən bunu istəyir. Düşmən şayiə yaymaq, ürəkləri bir-birinə və məsul şəxslərə qarşı bədbin etmək istəyir.

Siz seçkilərdən sonrakı bu hadisələrin əvvəllərində gördünüz ki, ilk iş ölkənin rəsmi məmurlarına qarşı şübhə yaratmaq oldu; Nəzarət Şurasında və Ölkə nazirliyində çalışanlara qarşı. Bu işlər çox zərərlidir. Düşmən bunu istəyir. Gənc Bəsic üzvləri imanı, ayıqlığı, meyarlara riayət etməyi - bunların hamısını bir yerdə diqqətdə saxlamalıdırlar.

Diqqətin lazım olduğu mühüm məsələlərdən biri Bəsicin rol oynadığı sahələrin rəngarəngliyidir. Bu yaxınlarda Bəsic üçün elan olunan bu yanaşma - elmi yanaşma, elmi yenilik və mədəni iş yanaşması çox gözəldir. Görüləsi işlər çoxdur və Bəsic ruhiyyəsi və bu coşqulu iman olmadan onların görülməsi imkansızdır. Əmin olun; nə qədər ki, bu ölkədə Bəsic var, nə qədər ki, bizim xalqımızın, xüsusən də gənclərimizin arasında bu sədaqət, səmimiyyət və qarşılıqsız xidmət ruhiyyəsi var, düşmən bu inqilaba, bu quruluşa və bu ölkəyə heç bir zərər yetirə bilməyəcək.

Düşmənin işarəsi, həvəsləndirməsi, təbəssümü və əl çalması ilə bu quruluşa, bu konstitusiyaya və xalqın bu böyük hərəkətinə qarşı çıxmaq istəyən şəxslər də başlarını daşa-divara vurur, əbəs işlər görürlər. Ehtiyatlı olun, bir səhv edən kimi insanı münafiq adlandırmaq olmaz; mənim və sizin düşündüyümüzün ziddinə bir kəlmə danışan adamı fəqih hakimiyyətinin düşməni adlandırmaq olmaz. Bu məsələlərdə çox ehtiyatlı olmalısınız. Mənim siz əziz gənclərə, övladlarıma və əziz vətənin hər bir yerində olan aktiv gənclərə təkidim budur. Fəallıq güclü və möhkəm şəkildə, kamil imanla və gələcəyə tam ümidlə qorunsun, amma təyinlərdə və müxtəlif nümunələrdə diqqətli olmaq lazımdır. Real nümunələrdə diqqətsizlik bəzən böyük zərərlər vura bilər.1
Qeyd olunan vəzifələr

1- Düşmənin planlarını zərərsizləşdirmək üçün zəif cəhətləri araşdırmağın zəruriliyi;

2- Nöqsan və ziyanları aradan qaldırmaq hərəkət üçün vacib şərtlərdəndir;

3- Ayıqlıq yumşaq müharibədə mübarizənin ən mühüm yoludur;

4- İnqilabla və ölkənin müstəqilliyinə müxalif olan şəxslərin qarşısında birliyi və həmrəyliyi qorumaq;

5- Satqın şəxsləri xalqdan ayırarkən səhvə yol verməmək;

6- İmana, ayıqlığa, həvəsə və meyarlara riayət etməyə malik olmaq lazımdır;

7- Real nümunələri təyin edərkən diqqətli olmaq;

8- Ölkəyə Bəsic ruhiyyəsini hakim etmək;

9- Bəsicin rol oynadığı sahələrin rəngarəngliyinə, xüsusən də elmi və mədəni yenilik yanaşmasına diqqət yetirmək.


Nəticə alınan vəzifələr

1- Xalqda şübhəyə, tərəddüdə və etimadsızlığa mane olmaq lazımdır;

2- Ürəklərdə bir-birinə qarşı kin yaradan hər bir söz və hərəkətdən çəkinmək lazımdır;

3- Əsas məsələ birliyi qorumaqdır və hər bir hərəkət bu meyarla dəyərləndirilə bilər;

4- Bəsic ölkə məmurlarına dayaq olmalıdır.
Haqqı tanımaq və şəxsiyyətləri onunla ölçmək lazımdır!

Bəsic iman və əməlin sintezidir; sırf şəxsi əməlin yox, mücahid əməlin. İslama görə əməlsiz iman minimum həddir. Kamil və həqiqi iman isə əməl meydanında cihadla yanaşı olandır: "İman gətirib hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlar həqiqi möminlərdir!"1 Həqiqi mömin imanı cihad, hicrət və yardımla yanaşı edən şəxsdir. Bəsicin səciyyəsi budur. Bu ayə və çoxlu ayələr Allaha yaxınlaşmaq üçün əməlsiz və cihadsız imanı kafi bilməyimizə dair səhv və azdırıcı fikri rədd edir. Bəsicin şərti əməllə, özü də mücahid əməllə yanaşı olan imandır. Deməli, cihadın müxtəlif sahələri vardır.

Bəsic bu günə qədər inkişaf etmişdir. Bəsicin müxtəlif cəhətlərdən inkişaf etməsi onu tanıyan hər bir kəsin gözlədiyi kimidir; həm kəmiyyət inkişaf etmişdir, həm keyfiyyət və mənəviyyat, həm də insanın qəlbinə təsir göstərən və onu tərpədən maneə və əngəllər, yəni vəsvəsələr qarşısında müqavimət. Bəsic bu sahələrdə öz imtahanını vermişdir.

Bizim hamımız üçün, bütün əziz Bəsic üzvləri üçün, bu əzəmətli meydanın hər hansı bir nöqtəsində çalışan gənclər üçün lazımi xüsusiyyətlər bu üç elementdən ibarətdir: ayıqlıq, ixlas, zamanında və qədərincə əməl. Bu üç elementi həmişə bir-birinin yanında saxlayın və nəzərdən qaçırmayın. Bu üç şərt bizə meyar olmalıdır: ayıqlıq, ixlas, zamanında və qədərincə əməl.

Yolu təyin edən ayıqlıqdır. Bu möhtərəm və əziz zabit2 çox haqlı olaraq dedi ki, Bəsic üzvləri mürəkkəb şəraitlərdə öz zehinlərində, düşüncə və şəxsiyyətlərində zəriflik yaradıb tanımağı bacardılar. 2009-cu ilin hadisələri bunu göstərdi. Çoxlarının səhv etməsi mümkün idi, səhv etdilər də; baxmayaraq ki, onların əksəriyyəti tez bir zamanda səhvlərini düzəltdilər. Amma böyük Bəsic bu ayıqlıq meyarını və ayıqlıq bayrağını qorudu və səhvə düşmədi. Əmirəlmöminin (ə) buyurmuşdur: "Haqq insanlarla tanınmır"3. Haqqı şəxsiyyətlərlə tanımaq olmaz. Hörmətli və tanınmış bir şəxsiyyətdir; məqbul və möhtərəmdir. Amma o, haqqın meyarı ola bilməz. Bəzən hörmətli şəxsiyyətlər, məsələn Peyğəmbərin (s) bəzi səhabələri yolu yanlış gedirlər, səhv edirlər. Haqqı tanımaq və yolu seçmək lazımdır ki, hansısa şəxsin haqq, yaxud nahaq olduğunu bilək. Kim bu yolu getsə, haqdır; kim haqq yolu ilə getməsə, nahaqdır. Haqqı tanımaq lazımdır. Bəsicin bayrağı altına toplaşmış mömin gənclər bu ayıqlığı göstərdilər, ayıq olduqlarını nümayiş etdirdilər. Ayıqlıq birinci şərtdir. Gələcəkdə də belə olmaq lazımdır. Təhlil və seçim qabiliyyəti əldə etmək lazımdır. Bütün bu işlərin banisi, cəmiyyətin və bu böyük hərəkətin üzərində həyat haqqı olan imam buyurdu ki, mən İslamdan ayrılsam, xalq məndən üz çevirər. Meyar İslamdır, şəxslər deyil. Bu, imamın sözüdür. O bizə öyrətdi ki, yolu təyin edək, düzgün hərəkəti təyin edək, düşmənin planını anlayaq, oxuyaq və hansı işin düşmənin xeyrinə, hansı işin isə onun zərərinə olduğunu bilək. Deməli, ayıqlıq birinci şərtdir; onu unutmaq olmaz.

İkinci element ixlasdır. Buyurdu ki, əgər kimsə Allah yolunda cihad edərkən şəxsi bir istək dalınca, qənimət ardınca gedib öldürülsə, Allah yolunda şəhid sayılmır. Şəhadətin və Allah yolunda mücahid olmağın şərti hərəkətin Allah yolunda və Allah üçün, yəni ixlaslı olmasıdır. Şəxsi maraqlar, qrup maraqları, qohumluq və dostluqlar bizim hərəkətimizə təsir göstərsə, bu ixlası korlayar, problem yaradar, ixlassızlıq haradasa özünü göstərər.

Üçüncü element zamanında və qədərincə əməl etməkdir. Anları tanımaq lazımdır. Əgər insan zamanı tanımasa, harada hansı işi görməyin lazım olduğunu bilməsə, ondan böyük səhvlərin baş verməsi mümkündür. Bizim Bəsic üzvü olan gənclərimiz - oğlan və qızlarımız müxtəlif sahələrdə çalışırlar, düşüncə fəaliyyəti, elmi, siyasi və ictimai fəaliyyətlər göstərirlər. Bunların hansı Allah üçün və vəzifəni yerinə yetirmək üçün olsa, Allah yolunda cihaddır. Bəsic üzvü bu işləri görən şəxsdir. Bunların hamısında həmin aydın və düzgün xətti - inqilab xəttini, quruluşu qorumaq və dini dirçəltmək xəttini izləmək lazımdır. Bu üç şərtə yiyələnmək üçün daxilimizdə özümüzlə mübarizə aparmalı, böyük cihad etməliyik. Nəfslə cihad bu gün bizim hamımızın ehtiyaclı olduğumuz bir işdir.

Hadisələri düzgün dərk etmək üçün lazım olan amillərdən biri budur ki, düşmənin hansı xətti izlədiyini bilək. Bu gün düşmənin yumşaq müharibənin mühüm amillərindən sayılan əsas xətlərindən biri həqiqətləri və müxtəlif hadisələri tərsinə göstərməkdir. Düşmənin bu sahədə apardığı təbliğatın özü onun zəifliyinə dəlildir. Düşmən real aləmdə harada problemə düçar olur və bacarmırsa, təbliğatın həcmini artırır. Əgər bu gün düşmənin böyük təbliğat üsullarına – internetə, səsli və görüntülü vasitələrə, müxtəlif yerlərdə, həmçinin ölkəmiz daxilindəki mikrofonlarına nəzər yetirsək, onların əsas işlərinin ölkə hadisələrini tərsinə göstərmək, ölkənin vəziyyətini məyusedici, ümidsiz, süquta, tənəzzülə və çıxılmaz vəziyyətə doğru getdiyini göstərmək olduğunu görərik. Onların uyğun yönümdə böyük səylərinin özü real aləmdəki acizliklərini göstərir.

Düşmən bütün otuzillik dövrdə bu səyi göstərmişdir. Əlbəttə, bu gün bu səy daha da artmışdır. Bu gün iş başında olan hökumət və ölkə məmurları inqilab şüarlarını artırdığından və daha ciddi şəkildə irəli sürdüyündən bu təbliğat çoxalmışdır. Bu gün imamın xətti, inqilabın xətti, xalq üçün iş xətti çox qabarıq və aydın görünür, məmurlar xalqla və xalqdan olduqlarını hiss edirlər; xalq da bunu hiss edir. Düşmən özünün informasiya vasitələrində daim deyir ki, iqtisadiyyat çöküb, çıxılmaz vəziyyət yaranıb, çoxlu problemlər var, sabah filan olacaq və sair. Bəzi adamlar da bu sözlərə inanır və onları daxildə təkrarlayırlar. Çaxnaşma zamanı öz imtahanlarını verən bəzi şəxslər seçki və iğtişaşlardan öncə bizə müraciət edirdilər ki, ağa, gələn il, yəni 2009-cu il çətin il olacaq, iqtisadi vəziyyət belədir, elədir; şəraiti ağır, qaranlıq, problemli və çıxılmaz göstərirdilər; məmurları bir formada ümidsiz etmək istəyirdilər, xalqı başqa bir formada. Bu təbliğat onların məmurların və xalqın bu böyük və sürətli hərəkətindən geri qaldıqlarını göstərir. Deməli, düşmənin məqsədi bilindikdə insanın reallığa baxışı düzgün və təsirli olur.

Xarici və beynəlxalq siyasətdə özümüzün bəzi mətbu orqanlarımızda da gördünüz, çaxnaşma müəlliflərinin ötən ildəki bəzi fikirlərində də müşahidə etdiniz. Daim təkrar edirdilər ki, biz dünyada xar olduq, İslam Respublikası dünyada rəzil oldu, dəyərsiz oldu və sair. Bu gün reallığa baxanda görürük ki, dünyanın müxtəlif xalqları - müsəlman və qeyri-müsəlman xalqlar arasında İslam Respublikasının hörməti günbəgün artmışdır. İran xalqının düşmənləri bunu bilir, anlayır, duyur və təbii ki, gizlədirlər.

Prezidentin Livana səfəri nə üçün əhəmiyyətsiz sayılmalıdır?! Bu önəmli hadisə idi. Hansısa ölkənin, xüsusən hegemon ölkələrin başçıları üçün belə bir hadisə baş versəydi, mediada və siyasi təhlillərdə o barədə çox geniş reportajlar hazırlayardılar. Bizimlə qonşu olmayan, hamısı müsəlman olmayan, müsəlman və məsihilərdən ibarət olan, müsəlmanların da şiə və sünnilərdən təşkil olunduğu bir xalq İran xalqının prezidentini belə müxtəlif və rəngarəng tərkibdə və belə izdihamla qarşılayır və sevgi bildirir. Bunun nümunəsi azdır; bu misilsizdir. Dünyada heç bir ölkə belə bir hadisə ilə üzləşmir. Hansı ölkənin başçısı başqa ölkəyə gedəndə belə hadisələr baş verir?! Bu hadisə yalnız Livana məxsus deyil. Əgər bu gün ölkəmizin yüksək məmurları Misirə də getsələr və orada xalqa imkan verilsə, həmin hadisə baş verər; Sudana da getsələr və orada xalqa imkan verilsə, həmin hadisə baş verər; hansı İslam ölkəsinə getsələr, əgər imkan verilsə, həmin hadisə baş verər. Bu, İran xalqının əzəmətini göstərir. Bunu siz etdiniz. Bu fəxr sizə məxsusdur. Əgər burada milyonlarla fəal gəncin dəstəkləmədiyi xalqdan uzaq bir hökumət olsaydı, belə bir hadisə baş verməzdi. Bu siz gənclərə məxsusdur. Lakin düşmənin təbliğatına baxın; bunun tam əksidir. Söyləməyə məcbur olduqları zaman həqiqəti əksinə izah edirlər; məcbur olmadıqda isə gizlədir və üstünü örtürlər.

Bu məsələ Bəsicin özü barədə də belədir. Düşmən bir dönəmdə müxtəlif beynəlxalq tribunalardan Bəsic əleyhinə hücuma keçdi; bu gün də bu az-çox davam edir. Bacardıqlarını dedilər, Bəsici xalqın gözündən salmaq üçün onu təbliğat atəşinə tutdular, amma bacarmadılar. "Allah sözləri ilə haqqı gerçəkləşdirəcək"1. Allah-Taala belə aydın həqiqətin gizli qalmasına qoymur. Buna görə, Allaha şükür olsun ki, ölkəmizdə Bəsicin hörməti günbəgün artmışdır.2


Qeyd olunan vəzifələr

1- Meyar ayıqlıq, ixlas, zamanında və qədərincə əməl etməkdir. Bunların hamısına malik olun;

2- Təhlil və seçim qabiliyyəti əldə etmək lazımdır;

3- Meyar İslamdır, şəxslər yox;

4- Hansı işin düşmən istiqamətində və hansı işin onun əksinə olduğunu bilmək lazımdır;

5- Anları tanımaq və hansı işin harada görülməli olduğunu bilmək lazımdır;

6- Sözügedən üç meyar üçün nəfslə cihad, yəni böyük cihad zəruridir;

7- Düşmənin bu gün izlədiyi xətti - yəni həqiqətləri tərsinə göstərmək xəttini tanımaq lazımdır.


Nəticə alınan vəzifələr

1- Müxtəlif cihad meydanlarında öncül olan Bəsic ayıqlıqda, ixlasda və zamanında əməl etməkdə də öncül olmalıdır;

2- Ayıqlıq, ixlas və zamanında əməl etmək elementlərinin hansı biri olmasa, yolu tapmaq çətinləşəcək, səhv və yayınma imkanı artacaq;

3- Bəsic digər fəaliyyətlər kimi zehinləri aydınlatmada da mühüm rol ifa etməlidir.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə