Folklor instituti


Bucaq kəndləri və bucaq tayfası



Yüklə 4,03 Mb.
səhifə7/24
tarix19.07.2018
ölçüsü4,03 Mb.
#56937
1   2   3   4   5   6   7   8   9   10   ...   24

1.4. Bucaq kəndləri və bucaq tayfası
Ilk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar haqqında xeyli araşdırma aparılmış və qaqauzların tanıdılması da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənil­mə­miş, qaranlıq qalmış çox mövzuların olduğunu görürük.

Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məz­rədə yaşayan qohumumuz Isgəndər Ibrahim oğlu ilə ailə qurduqdan sonra ərinin təyinat yeri – Şəki rayonunun Turan qəsəbəsinə köçmüşdü. Isgəndər Gəncədə Kənd Təsərrüfatı Ins­ti­tutunun baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsə­bəsinə gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kim­lərəsə “qaqauz”, “türkman” deyə zarafat etdiklərini eşitsəm də, buna o qədər əhəmiyyət verməmişdim.

Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublika­sındakı Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində doğul­muş Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlərində yaşayanlara “türkman” deyildiyini, “türkmanlar” evlənərkən öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tapmayanda qon­şu kəndlərdən deyil, Bərdədəki “türkman­lar”dan qız aldıq­larını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsəbəsində eşitdiklərim yenidən diqqətimi çəkdi.

Turan qəsəbəsindəki çayxanada Oğuz rayonunun Baş Da­şağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə almış­dım. Məsələni aydınlaşdırmaq üçün Baş Daşağıl kəndinə get­dim. Kəndin çevrəsindəki qəbiristanlıqlarda başdaşlarının çoxu torpağa batıb. Kənddən aşağıda isə xristian məbədinin xara­balıqları qalır. Burada araşdırma aparılmayıb.

Kəndin indiki sakinlərinin əksəriyyəti Qafqazda Rusiya müs­təmləkəçiliyinə qarşı Şeyx Şamilin başçılığı ilə 30 il davam edən müridizm hərəkatı məğlub olduqdan sonra, yəni son 100-150 ildə burada məskunlaşmışlar. Hətta elə ailələr var ikinci dünya savaşından sonra buraya köçmüşlər.

Rayon mərkəzindən Baş Daşağıla gedən yolun sağında Bucaq adlı kənd var. Bu kənd haqqında “Azərbaycan toponim­ləri. Ensiklopedik lüğət” kitabında yazılmışdır: “Bucaq-Oğuz ra­yo­nunda kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsil adı Bu­caq Daşağıl. 19-cu yüzildə kənd ərazisində Güllü Bucaqlı adlı icma vardı. Bölündükdən sonra bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaq ad­landırılmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə, “Qozlu Bucaq” da adlanırdı.

Toponim bucaq tayfasının adı ilə əlaqədardır. Keçmişdə Azər­baycanda Bucaq adlı 7 kənd vardı. Bucaq etnonimi ilə bağlı toponimlər Qafqazda geniş yayılmışdır. 13-cü yüzildə moğollar qıpçaqları Şimali Qafqazda sıxışdırdıqdan sonra bir hissəsi, o cümlədən bucaqlar Azərbaycana gəlib məskunlaş­mışlar. Bucaqlar qədim türkdilli bulqarların bir hissəsi idilər. Dnepr-Dunay çayları ilə Qara dəniz arasında Bucaq adlı yerdə məskunlaşdıqlarından qədim bulqarların bir hissəsi bu adı qə­bul etmişlər. Həmin ərazi yunan qaynaqlarında Oqloss (künc, bucaq) adlandırılırdı. Toponimin yayılma arealı genişdir. Mol­dova ərazisindəki cənub-şərqi Bessarabiya düzü Bucaq düzü adlanır. Türkiyədə eyni adlı yaşayış məntəqəsi, rayon ərazi­sində Bucaq çayı, Ilisu kəndində (Qax rayonu) tabun tirəsi var” (Azərbaycan toponimləri, 1999: 101).

Baş Daşağıl kəndi yaxınlığında indi də Qoca Bucaq bulağı və Qoca Bucaq çəməni var. XX yüzilin əvvəllərində Azər­baycanda yeddi Bucaq kəndi vardısa, indi onların sayı üçdür, bunlardan biri Oğuz, ikisi Yevlax rayonundadır.


1.5. Komrat dağı və Komrat baba piri
Baş Daşağıl kəndində xristianlıq abidələrinin olması, buranı müsəlmanların da ziyarət etmələri, qışlağının Bucaq adlanması ilə yanaşı, Qəbələ rayonunda Komrat baba adlı dağın və bu dağ­da eyniadlı ocaq-pirin varlığı da diqqətçəkəndir. Sovetlər Birliyi dönəmində dini yerləri ziyarət etmə yasağı olduğundan, Komrat baba piri üzərindəki bina da uçmuşdur. Son illərdə orada təmir işləri görülmüşdür. Təmir zamanı binanın əski memarlığı qorun­mamışdır. Səbəb-bu işi mütəxəssislərin deyil, həvəskarların gör­məsidir. Onlar təmiri öz bildikləri kimi aparmışlar.

Komrat baba pirinə, əsasən, uşağı olmayan qadınlar ziyarətə gəlirlər (Azərbaycan folklor antalogiyası, 2005, 13:502). Araş­dırıcı Mətanət Abdullayeva Qəbələ rayonunun Mirzəbəyli kəndindəki 70 yaşlı Anaxanım Ağayevadan “Komrat” əfsanə­sini toplamışdır (Azərbaycan folklor antalogiyası, 2005, 13: 517). Əfsanədə Hz. Əlinin (Dördüncü xəlifə Əli Əbu Talib - Ə.Ş.) bölgədə savaşdığından, burada bir xanımla evləndiyin­dən, doğulacaq övladına qolbağı yadigar qoyub getdiyindən söz açılır. Yeddi il sonra geri dönən Hz. Əli Murad adlı bir uşaq­la qarşılaşır. Uşağın dikbaşlığı onun xoşuna gəlmir və hirslənərək “Ko-Murat” deyib ona sağ ayağı ilə bir təpik vurur. Uşaq gedib dağın başına düşür və orada böyük bir çuxur meydana gəlir. Hz. Əli oğlunu öldürdüyünü bilib peşman olur. O gündən bəri həmin yer pir olaraq ziyarət edilir.

Bu əfsanədən bəlli olur ki, adamlar Komrat sözünün mə­nasını unutduqlarından onu belə yozmuşlar. Kırımda, Türküs­tanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgədə də Komrad toponimi geniş yayılmışdır. Bu mövzuda özbək və qaraqalpaq araşdırıcılarının maraqlı məqalələri çap olunmuşdur.

Baş Daşağıl kəndi yaxınlığındakı və bölgədəki xristian abi­dələri dağıdıldığından yazılı qaynaqlar, qəbir daşları tapa bil­mədik. Buradakı əski xristian qəbir daşlarında adlar xristian adları, soyadlar türk adları olsa, qaqauzlarla bağlılıq artardı. Böl­gənin yaşlı sakinləri isə 20-ci yüzilin başlarında Otmannı kəndində və başqa kəndlərdə yaşayan xristianların qonşu xris­tian kəndlərdən fərqli olaraq, türkcə danışdıqlarını xatırlayırlar.

Bölgədə xristian türklərinin yaşadığı haqda qaynaqlarda da maraqlı bilgilər var. Nə yazıq ki, bunlar geniş araşdırmaya cəlb edilməmişdir. Əmir Teymurun Qafqaza yürüşündən bəhs edən bir qaynaqdan parçaları Aydın Məmmədov dilimizə çevirmişdir. Ərəb­cə yazılmış və farscaya çevrilmiş bu qaynağın yazarı Ibn Ərəb­şahdır. Aydın Məmmədova görə, Əmir Teymur Şamı aldıqda özü ilə Səmərqəndə apardığı adamlar arasında yeniyetmə Ibn Ərəbşah da olub və o, Əmir Teymurun ordusu ilə birlikdə Şəkiyə gəlib. Salnaməsində də gördüyü hadisələri təsvir edib. Bir neçə qaynağı qarşılaşdıran Aydın Məmmədov “Əcaibül-məqdur fi nəvaib Timur” əsərindəki Şəkiyə dair naməlum bəhslər (Gələ­sən-Görəsən qalasında və ətrafında 1403-cü ildə baş vermiş hadisələr barədə məlumatlar)” məqaləsində yazır: “Şirvanşah Şeyx Ibrahimin dililə yerli əhali gürcü yox, tatar adlanır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayələrdəki (Ibn Ərəbşahın salnaməsindəki hadisələrin təsviri nəzərdə tutulur-Ə.Ş.) gürcü sözləri millət yox, hümmət və məzhəb, yəni xristian-pravoslav mənasında işlənilir”(Məmmədov Aydın, 2007:7, 30 Oktyabr).

Tarixçi Sevda Süleymanovanın “Albaniyanın şimal-qərb sər­həd bölgəsi liniya-ereti” məqaləsi də (Süleymanova S.Ə., 2007:56-74) mövzuya aydınlıq gətirə biləcək faktlarla zəngin­dir.

Nəinki orta yüzillərdə, hətta 19-cu yüzildə, 20-ci yüzilin əv­vəllərində milliyyətlə dini inancın eyni mənada işləndiyini müşahidə edirik. Çox vaxt isə dini inancın milliyyəti üstə­lədiyinin şahidi oluruq. Adamlar mənsub olduqları millətin adı ilə deyil, dininə görə adlandırılırdılar.

Bölgədə folklor toplayarkən Baş Daşağıllı 79 yaşlı Mehralı Səmədov Göybulaxlı Aşıq Donu, Çalıflı Aşıq Əvək və baş­qalarından da söz açdı. Erməni kimi tanıdıqları bu aşıqların əsasən türkcə oxuduqlarını söylədi. Araşdırıcılar isə 300-dən çox erməni aşığının türkcə çalıb-oxuduğunu, şeir yazdığını göstərirlər. Çox təəssüf ki, bu günədək onlardan hansının hay-yəni bu gün erməni adlandırılan xalqdan olduğuna, hansının xristian türkü olduğuna aydınlıq gətirilməmişdir. Son zamanlar bu mövzuda yazan araşdırıcıların fikrincə, qriqorian təriqətinə inanan bütün xalqlar erməni adlandırılmış, bugünki erməni ad­landırılan xalqın soykökünü təşkil edənlər hay adlandırılmışlar.

Xristian türklər haqqında ciddi araşdırmalara rast gəlinmir. Buna görə də xristianlığın qriqorian təriqətinə inanan türklər ermənilərlə, pravoslav təriqətinə inanan türklərin böyük bir qismi isə yunanlarla (qrek) və gürcülərlə eyniləşdirilmişdir. Pra­voslav inanclı qaqauzların, çuvaşların, bəzi tatar toplum­larinın türk kökənli olmaları, dillərini, mədəniyyətlərini qoruyub saxlamaları göz önündədir. Demək, xristianlığın başqa təriqət­lərinə inanan türklərin də tarixinin öyrənilməsinə yenidən nə­zər salmaq lazımdır. Onda görəcəyik ki, türkcə çalıb-oxuyan er­məni aşıqları siyahısına saldığımız aşıqların bir çoxu qriqo­rian inanclı türklər, yunan (qrek, urumlu) adlandırdıqlarımızın böyük bir qismi isə pravoslav inanclı türklərdir.

Bölgədəki toponimlərin qaqauzların yaşadıqları yerin adı ilə uyarlığı, burada yaşayanlara zarafatla da olsa, “qaqauz” de­yilməsi 20-ci yüzilin əvvəllərinədək burada xristian türklərin yaşamasın­dan xəbər verir. Bu da yeni araşdırmalar üçün ipucu ola bilər.


2.1. Qaqauz ədəbiyyatının yaranmasını formalaşdıran ictimai-siyasi şərait
Günümüzdə ədəbiyyat ideoloji işin bir parçası olduğundan, onu dünyada baş verən siyasi hadisələrdən kənarda öyrənmək mümkün deyildir. Qaqauz ədəbiyyatı 20-ci yüzildə zəngin türk folkloru və SSRI-də yaşayan xalqların yazılı ədəbiyyatı əsa­sında formalaşmışdır. Oğuz türklərinin yaşadıqları bölgələrdə top­lanan folklor nümunələrinin əksəriyyətini qaqauzlar arasın­dan da toplamaq mümkün idi. Təəssüflər olsun ki, kadr çatış­ma­dığından, bu iş peşəkarlar tərəfindən vaxtında və yüksək sə­viyyədə yerinə yetirilməmişdir.

Qaqauz folklorunu ilk dəfə V.Moşkov toplamışdır. Varşava­dakı Rus ordusunun həkimi V.Moşkov kənd-kənd gəzərək folk­­lora və etnoqrafiyaya aid materiallar toplayaraq onu 1904-cü ildə çap etdirmişdir (Moşkov, 1904). Atanas Manov da, V.Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışmışdır (Manov 1939:107). Bütün bunların arxasında Ru­si­ya strateqlərinin ayrımçılıq siyasətinin durduğu aydın görünür.

Lyubov Çimpoyeşin dastanlar, Mariya Durbaylonun ballada türküləri (xalq mahnıları), Nikolay Baboğlunun ata sözləri, deyimlər, Vitaliy Sırfın nağıllar və Tudora Arnautun mani - bayatılar üzərində apardıqları araşdırmalar, eləcə də qaqauz araşdırıcılarının toplayıb çap etdirdikləri folklor nümunələri də onu göstərir ki, Türkiyə, Azərbaycan, Iraq, Suriya, Rumıniya, Bolqarıstan, Makedoniya və b. ölkələrdə yaşayan türklərdən toplanmış folklor örnəkləri ilə qaqauz türklərindən toplanmış nümunələr arasında elə bir ciddi fərq yoxdur. Mövcud fərqlər də məhəlli xarakter daşıyır. 19-cu yüzildən sonra yaradılan folklor nümunələrinin mövzusunda, xüsusən ballada və xalq mahnılarında isə siyasi təsirlər nəticəsində fərq artmışdır.

Sovet dövründə hər vasitə ilə qaqauz ədəbiyyatını ümum­türk ədəbiyyatından ayırmağa çalışırdılar. Səbəb yenə də siya­silərin qarşılarına qoyduqları məqsəddən doğurdu. Qaqauzları soyköklərindən ayırmaq üçün hər vəchlə onların türk olmadığı, Osmanlı dövlətinin təsiri ilə dilləri türkləşdirilmiş bolqar ol­duğu vurğulanırdı. Bu siyasət I Pyotr zamanından başlasa da, 1812-ci ildə Bessarabiyada yaşayan qaqauz türklərinə xüsusi imtiyaz verilməsi ilə daha da sürətləndirildi.

Qaqauzların çoxu bu siyasətlə razılaşmamışlar. 1860-cı ildə qaqauz nümayəndə heyəti Istanbula gedərək Sultan Əbdüləzizə diləkcə (ərizə) verirlər. Onlara Osmanlı dövlətinin tərkibində muxtariyyət verilməsini istəyirlər. Lakin gündən-günə güclə­nən və yeni torpaqlar işğal edən Rusiyanın qarşısında qocalmış və zəifləmiş Osmanlı dövlətinin qaqauzların arzusunu gerçək­ləşdirməsi mümkünsüz idi.

Buna baxmayaraq, qaqauzlar öz haqlarına nail olmaq üçün mübarizəni davam etdirdilər. Dionis Tanas oğlunun yazdığına görə 1906-cı il yanvarın 6-da qaqauz xalqı ayağa qalxaraq Atmaca Pavloğlu və Andrey Qalatanın rəhbərliyində Komrat Cümhuriyyətini qurur. Tarixi şərait yetişmədiyindən, yeni elan edilən qaqauz dövlətinin ömrü cəmi 15 gün olur (Bulgar S, 1999:75).

Komrat Cümhuriyyətinin qurucularından biri kimi Rusiya hökuməti tərəfindən həbs edilmiş Pavel Nikolayev, çar II Ni­kolayın hakimiyyətdən getməsindən və yaranmış qarışıqlıqdan istifadə edərək, 1917-ci ilin dekabrında Kiyevə gedir. Komrat və ya Qaqauz Cümhuriyyəti qurmaq haqqında siyasi xadim və hökumət rəhbərləri ilə danışıqlar aparır. Bu həmin vaxt idi ki, Bucak bölgəsini də üsyan bürümüşdü. 1918-ci il noyabrın 27-də Bessarabiya Milli Məclisinin Rumıniya ilə birləşmək haq­qında qərar verməsi, Ikinci Dünya Savaşı, bu savaşdan SSRI-nin qalib çıxması, Sovetlərin yaratdığı totalitar rejim qaqauz­lara arzularını gerçəkləşdirməyə imkan verməmişdir.

Qaqauz yazılı ədəbiyyatının yaranması və formalaşmasın­dan söz açarkən 1931-1944-cü illərdə Türkiyənin Rumıniyada səfiri işləmiş Həmdullah Süphi Tanrıöverin xidmətlərini də unutmaq olmaz. Bir zaman Türk Ocaqları başqanı olmuş bu millətsevər insan diplomatik vəzifəsini yerinə yetirməklə yana­şı, ölkədəki müsəlman və xristian türklərin yaşadıqları kəndləri gəzərək qaqauzlar yaşayan kənd və qəsəbələrdə 26 məktəb açılmasına nail olmuşdur. Məktəblərdə dərslər ana dilində-türkcə keçilirdi. Dobruca türklərindən və Rumıniyanın Məci­diyyə şəhərindəki Müsəlman Seminariyası məzunlarından, Türkiyədən öyrətmənlər və kitablar gətirdərək soydaşları ara­sında milli şüurun inkişafına təsir göstərməyə çalışırdı. Türki­yədən gələn aydınlar vətənə döndükdən sonra qaqauzlardan topladıqları folklor nümunələrini, orada gördüklərini qəzet-jurnallara, ensiklopediyalara yazmaqla mövzunu gündəmdə sax­lamışlar (Türkiye dışındakı…, 1999:191, 12-ci cild).

Həmdullah Süphi Tanrıöver hətta qaqauzları assimilədən qorumaq üçün Türkiyənin Mərmərə bölgəsinə köçürülməsi barədə bir layihə də hazırlayaraq Ismət Inönü hökumətinə təqdim etmişdi.

Onun Rumıniyadan seçib Türkiyəyə oxumağa göndərdiyi qaqauz gənclərin çoxu Ikinci Dünya Savaşından sonra SSRI-nin “qapılarını möhkəm bağladığından” geri dönə bilməsələr də, Türkiyədə qaqauz məsələsinin gündəmdə saxlamağa çalış­mışlar. Bu gənclərdən biri – qaqauz Doğan Dan “Akınçılar kö­yü” romanını o dövrün ən çox oxunan jurnallarından “Var­lığ”ın 1938-ci il noyabr – 1939-cu il yanvar aylarında çap et­dir­mişdi. Təəssüf ki, qaqauzların etnoqrafiyasına və folkloruna dair zəngin məlumatı yaşadan bu roman və onun yazarı uzun illər diqqətdən kənarda qalmışdır (Argunşah Hülya, 2001:142).

Türkiyəyə oxumağa gedən gənclərdən söz açan S.Bulgar yazır ki, Həmdullah Süphi Tanrıöverin yardımı ilə Bucak bölgəsindən də 20-yə yaxın öyrənci göndərilmiş və onların hamısı Türkiyədə qalmış, vətəndaşlığı qəbul etmiş, əsgəri xid­mətdə olmuşlar. Amma heç vaxt qaqauzları unutmamışlar. Qa­qauzların folklorunu, ədəbiyyatını, adət-ənənələrini öyrənərək Türkiyədə təbliğ etmişlər. Belə aydınlardan birisi Veysel Arsevendir (Vasiliy Öküzcü). Bu şəxs Türkiyədə bacarıqlı pe­daqoq, musiqişünas, elm adamı kimi tanınmışdır. Qaqauzların folkloru, nəğmələrinin musiqi düzümü və s. haqqında yazdığı elmi, publisistik məqalələrini Türkiyə mətbuatında çap etdir­mişdi (Bulgar S., 2004).

Qaqauzlar milli azadlıq mübarizəsini açıq və gizli şəkildə davam etdirsələr də, istəklərinə yalnız SSRI dağıldıqdan sonra çatmışlar. Onlar 1989-cu il fevralın 11-də Moldova Kom­munist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında mitinq keçirərək, Qaqauz Muxtar Sovet Sosialist Respublikasının ya­ra­­dılmasını tələb etmişlər. Lakin onların bu tələbinə əhəmiyyət verilməmişdi. 1989-cu il mayın 21-də Komratda toplanan Birinci Qaqauz Xalq Qurultayı Qaqauz Muxtar Respublikasını qurmağı qərara alır. Həmin il noyabrın 12-də onlar bu işi gerçəkləşdirərək Qaqauz Muxtar Sovet Sosialist Respublika­sını elan edir və hökumət yaradırlar.

Lakin Moldova hökuməti bununla razılaşmasa da, Sovet hökumətinin basqılarını, yaranmış ağır iqtisadi-siyasi durumu, ölkənin bir hissəsində Moskvanın əli ilə rusların Dnestryanı Respublika yaratmalarını nəzərə alaraq qaqauzlarla münaqişə­yə girmək istəmir. Qaqauzlar Moskvanın Moldovanın müstə­qil­liyinə qısqanclıqla yanaşaraq ölkəni iqtisadi böhran və milli münaqişələr burulğanına salmaq istəyini, beynəlxalq aləmdə baş verənləri nəzərə almadan 1990-cı ildə Qaqauz Respubli­kası yaratdıqlarını elan edirlər. Rusiyanin xüsusi xidmət or­qanları Moldovanı münaqişə bölgəsinə çevirmək üçün millətçi gənclərin narazılığından istifadə etmək istəyir. Həmin il noyabr ayının 25-də bir qrup milliyyətçi moldovan gənci könüllü dəs­tələr təşkil edərək qaqauzların üzərinə yeridilir. Moldovanlarla qaqauzlar arasında baş verə biləcək silahlı toqquşmanın qarşısı vaxtında alınır. Amma müstəqilliyini elan etmiş Qaqauz Yeri Respublikası, bütün cəhdlərə baxmayaraq, heç bir ölkə tə­rə­findən tanınmır. Hətta Türkiyə və Azərbaycan kimi qaqauzlara hər cür yardım etməyə hazır olan ölkələr də! Bu da səbəbsiz deyildi. Yaranmış qurum özünün iqtisadi, siyasi və coğrafi durumunu, beynəlxalq vəziyyəti nəzərə almırdı.

Moldova hökumətinin susması 23.12.1994-cü ilədək davam etdi. Həmin ilin noyabrında Moldova Məclisi Qaqauz Yeri Muxtar Vilayəti yaradılması haqqında qanun qəbul etdi. Bu qanun qaqauzların Moldova tərkibində milli haqlarını qoruya­raq yaşamalarını tənzimlədi (Bulgar S., 1999:75).



2.2. Qaqauz türkcəsinin ilk yazılı qaynaqları
Rusiya uzun illər Osmanlı dövlətinin tərkibində olmuş, Os­manlılarla eyni dildə danışan və eyni mədəniyyətin daşıyıcısı olan qaqauzları yeni işğal etdiyi bölgəyə köçürdükdən sonra onları keçmişindən qoparmaq üçün dini inanclarının möhkəm­lənməsinə və xristian dininə dair mətnlərin ana dillərinə çev­rilməsinə xüsusi diqqət yetirirdi. Bu işi görə biləcək kadrlar isə yox dərəcəsində idi. Rusiya qaqauzlar arasında xristian dininin möhkəmlənməsi üçün anadilli kadrlar hazırlamasına da şərait yaratdı.

1810-cu illərdə Vyanada çap olunmuş “Psaltıra”(Zəbur) və Yunanıstanlı şair Aristofanın (M.Ö.455-385) komediyaların­dan parçalar, Nikolay və Ivan Fazlı qardaşlarının Aleksandr Puşkinin “Qış yolları”, “Kahırsız quşcığaz” (Zavallı quşcuğaz) və “Qış gecələri” şeirlərinin tərcümələri qaqauz türkcəsinin ilk ədəbi məhsulları sayılır (Arnaut T., 2001).

Qaqauz yazılı dilinin formalaşması, tarixinin yazılması isə Mixail Çakırın adı ilə bağlıdır.

Mixail Çakır (27.04.1861, Çadır qəsəbəsi- 08.10.1938, Ki­şinyov şəhəri). 1812-ci ildə qaqauzlar Bucaq bölgəsinə köçü­rüləndə Mixail Çakırın ata-babası da Çadır (indi Çadır–Lunqa adlanır. Lunqa sözü də moldavca çadır deməkdir) yerləşdirilir. Ilk təhsilini doğulduğu Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhə­rindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda öyrətmən işləməyə göndərirlər. Qısa bir za­manda din xadimi və öyrətmən kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yana­şı, keşiş vəzifəsini də yerinə yetirir. Mixail Çakır protoiyerey (dini rütbə, keşiş - Ə.Ş.) rütbəsinə yüksəlir.

1884-cü ildə onu dini işlər üzrə məhəllə müvəkkili və rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər. O, qazandığı nüfuzdan istifadə edərək kilsədə duaların milli dil­lərdə oxunmasına razılıq ala bilir (Türkiye dışındakı…, 1999:351, 12-ci cild).

Xalqının dini anlayaraq sitayiş etməsi üçün “Incil”dən və baş­qa din kitablarından çox istifadə olunan duaları ana dilinə və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. O, xristian dininin müqəddəs kitabı olan “Evangeliya” (Incil), “Psal­tır” (dini nəğmələr), “Liturqiya” (kilsə duası), “Çasos­lov”, “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, “Keç­­miş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə etmiş və yazmışdır(Çebotar,7). Hətta 1907-ci ildə qaqauz türkcəsində bir səhifəlik dini qəzet də çıxarmağa nail olmuşdur.

O, qaqauzların keçmişini, adət-ənənəsini, xalq ədəbiyyatını araşdırıb “Qаqаuzs Bеndеrskоqо uеzdа” (“Bender vilayətinin qaqauzları”) adlı irihəcmli bir əsər və “Qaqauzca-Romence laflık” kimi sözlük də yazmışdır. Latın hərfləri ilə və rumın (romen) əlifbasında qaqauz türkcəsi ilə yazılan bu əsərlər yüksək bədii dəyərə malik olmasa da, qaqauz türkcəsinin söz ehtiyatından yararlanmaq baxımından bugün də diqqətçə­kən­dir. Araşdırıcıların verdiyi bilgiyə görə, M.Çakırın 34 kitabı nəşr olunmuşdur. Əsasən xristian dininin yayılmasına xidmət etməsi planlaşdırılmış bu əsərlər milli şüurun oyanmasına da səbəb olurdu. Yazar öz xalqının tarixini, soykökünü öyrən­dik­cə özünün də milli duyğuları güclənirdi. Onun yaradıcılığının ən məhsuldar dövrü Bessarabiyanın Rumıniya hökumətinin tərkibində qaldığı dövrdür.

M.Çakır bu dövrdə Türkiyənin Rumıniyadakı səfiri, böyük millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olur. O, M.Çakıra güclü təsir göstərir, elmi araşdırmalar aparmasına münbit şərait yaradır, onu hakimiyyət orqanlarının basqıların­dan qoruyur.

Qaqauzlar 1918-ci ildə Rumınyanın tərkibində deyil SSRI-də yaşasaydılar, yəqin ki, bolşeviklər din adamı kimi M.Çakırı da ya gülləyəcək, ya da ən yaxşı halda Sibirə sürgün edəcək­dilər.

SSRI-nin Bessarabiyanı işğalından sonra çox kilsələr qa-pan­dığından, ibadətlər yasaqlandığından, dini məktəblər bura-xıldığından qaqauz türkcəsinin inkişafında bir durğunluq yaran­dı. Din xadimləri də unutdurulmağa çalışılır. Bunun nəticə­sində Mixail Çakırın da qəbrini ziyarət edənlər olmur. 1980-ci illərin ikinci yarısından, milli oyanışdan sonra qaqauz ziyalıları uzun müddət Mixail Çakırın qəbirini axtarsalar da, tapa bil­mirlər.

2000-ci illərdə qəbirüstü abidələrdəki qiymətli metalları oğurlayıb satanların sayəsində Mixail Çakırın da qəbrinin yeri müəyyənləşir. Qəbirüstü başdaşı öncəki şəklinə salınır. Indi qaqauz aydınları buranı tez-tez ziyarət etməklə yanaşı, gələn qonaqları da oraya aparırlar.


* * *

Sovetlər Birliyi dağıldıqda qaqauzlar da tarixi keçmişlərinə, mədəniyyətlərinə üz tutmağa başladılar. Var səsləri ilə ümum­türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin varisləri olduq­larını bildirdilər. Ədəbiyyat tarixlərinin Orxon-Yenisey abidə­ləri ilə, “Divan-i lügat it-Türk”lə, “Kutadqu biliq”lə, “Kitabi- Dədə Qorqud”la və b. əsərlərlə başladığını yazdılar.

Stalinin ölümündən sonra keçirilən Sov.IKP-nin XX qurul­tayında quruluşun nöqsanlarının böyük qismi ölkənin rəhbərinin adına yazıldı. Stalin şəxsiyyətə pərəstişdə suçlandı. Bu təkcə SSRI-də deyil, sosialist ölkələrində də bir yumşalma yaratdı. Vəziyyətdən istifadə edən qaqauz ziyalıları 1957-ci ildə kiril əlifbası əsasında yeni qaqauz əlifbasının yara­dılmasına, mək­təb­lərdə ana dilində dərslərin keçilməsinə, dərsliklərin hazır­lanmasına, rayon qəzetlərində qaqauz türk­cə­sində səhifələrin hazırlanmasına razılıq ala bildilər. Bu da yazılı qaqauz ədə­biyyatının formalaşmasına şərait yaratdı. Rus, ukrayna və moldov dillərində təhsil alan qaqauzlar bundan sonra toplu yaşadıqları kənd və qəsəbələrin əksəriyyətində ibtidai sinif­lərdə ana dilində oxumağa başlayırlar. Yuxarı siniflərdə isə qa­qauz türkcəsi və ədəbiyyatı tədris olundu.

1957-1960-cı illərdə “Moldaviya Sotsialiste” qəzeti həftədə bir dəfə qaqauz türkcəsində səhifə çap etməyə başladı. Dionis Tanasoğlunun və Nikolay Baboğlunun hazırladığı bu səhifələr qa­qauz yazılı ədəbiyyatının inkişafına təkan verdi. Burada Ni­kolay Baboğlu (Baboqlu), Vasili Duloğlu, Aleksey Tukan, Fi­lip Topaz, Mina Kösə, Stepan Kuroğlu, Savel Ekonomov ki­mi ya­zarların ədəbi yaradıcılıq nümunələrinin çapına, bununla da onların qələminin püxtələşməsinə şərait yarandı. 1959-cu ildə Kişinyovda “Bucakdan sesler – Literatura yazıları” adlı top­lu çap olundu. Topluya folklor nümunələri ilə yanaşı, qaqauz şairlərinin də əsərləri daxil edildi. Qəzet-jurnal olma­dan günü­müzdə ədəbi əsərlərin yayılması, yaranması və forma­laşması çox çətindir. Qaqauzların qəzet-jurnalları ardıcıl çıx­ma­dığı za­manlarda yazıçı və şairlər əsərlərini dərs kitabları nəşr etdir­mək­­lə ana dilini zənginləşdirir, yetişməkdə olan nəslə təsir gös­tərirdilər.

1960-cı ildən sonra “Moldaviya Sotsialiste” qəzetinin qa­qauz türkcəsindəki əlavəsi və ana dilində tədris dayandırıldı. Lakin qaqauzlar bununla razılaşmadı, ana dilində nəşrlərə nail olmaq üçün müxtəlif təşkilatlara müraciətlər edirdilər.

Sovet dövründə müttəfiq respublikaların hamısında və bir çox muxtar respublikalarda da yazıçılar ittifaqlarının ədəbi-bədii jurnalları, qəzetləri buraxılırdı. Moldova Yazıçılar Ittifa­qının orqanı “Literatura iş arta” qəzeti də 1986-cı ildə qaqauz türkcəsində səhifə verməyə başladı. Bu səhifənin materiallarını Nikolay Baboğlu hazırlayırdı.

1988-ci il avqustun 14-də isə “Sovetskaya Moldaviya” qə­zetinin əlavəsi kimi qaqauz türkcəsində, gənc şair Todur Za­netin redaktorluğu ilə “Ana sözü” adlı qəzet nəşrə başladı. Ki­çik formatda (A3 formatında) 4 səhifəlik, ayda iki dəfə çap olunan bu qəzet qısa müddətdə böyük nüfuz qazandı. Azər­bay­canlı oxucular, qəzet bağlanmasın deyə ona abunəçi olmağa, oraya məqalələr göndərməyə başladılar. Az müddətdə qəzetin tirajı 80 minə yaxınlaşdı. Kommunist partiyasının göstərişi ol­madan 200 min əhalisi olan bir xalqın 80 min tirajla qəzetinin çap olunması görünməmiş hadisə kimi qarşılandı. Bundan narahat olan sovet məmurları “Ana sözü” qəzetinin adını ümu­mittifaq abunə kataloqundan çıxardılar.

1988-ci ilin noyabr ayında Azərbaycanda qaqauz ədəbiyyatı günləri keçirilməsi planlaşdırılmışdı. Lakin Moskvanın Qara-bağ problemini ortaya atması bu cür tədbirlərin keçirilməsini, Azərbaycanın türk respublikaları və toplumları ilə birbaşa əlaqəsini əngəllədi.

SSRI-nin dağılması respublikalar arasında rabitə xidmətini pozdu. Beləliklə “Ana sözü” qəzetinin abunəçiləri azaldı və qə­zet maliyyə çətinliyi ilə üzləşdi. “Ana sözü” qəzeti səhifə­lə­rində ədəbi-bədii yazılara, folklor nümunələrinə geniş yer verirdi.

Qaqauz Yeri muxtariyyat əldə etdikdən sonra yeni qəbul edil­miş latın əlifbası ilə “Gagauz sesi” qəzeti, 1996-cı ildən Ste­pan Bulqarın redaktorluğu ilə “Sabaa yıldızı” ədəbi-bədii, publisistik, etnoqrafik jurnal, jurnalın əlavəsi kimi uşaqlar üçün “Güneşçik” və “Ana sözü” qəzetinin əlavəsi kimi uşaqlar üçün “Kırlangaç” jurnalı buraxılmağa başladı. Bu nəşrlər ar­dıcıl çap olunmasa da, qaqauz ədəbiyyatını istiqamətləndirir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə