Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   2   3   4   5   6   7   8   9   ...   53

– Nə mənası var? – K. səsini ucaltdı, sanki əsəbiləşməkdən çox pərt oldu. – Axı siz kimsiniz? 
Özünüz dünyanın ən mənasız işləri ilə məşğul ola-ola hər şeydə məna axtarırsınız? Bu, 
adamın qabağına daş diyirlətmək deyil, bəs nədir? Cənablar əvvəlcə mənə hücum çəkirlər, 
sonra da ya otururlar, ya gəzişirlər, məni də qabaqlarında uşaq kimi oynadırlar. Nahaq yerdən 
həbs oluna-oluna prokurora zəng vurmağın mənası yoxdur, eləmi? Yaxşı, zəng vurmaram.  
– Yox, yox , vurun, – deyə inspektor əli ilə telefon olan otağı göstərdi, – buyurun, zəng edin. 
– Yox, daha lazım deyil! – deyən K. pəncərəyə tərəf getdi.  
Bayaqkı dəstə hələ də pəncərənin önündə dayanmışdı və K.-nın da oraya yaxınlaşması, 
deyəsən, onları bir az narahat etdi. Qarılar durmaq istədilər, ancaq arxalarında dayanmış kişi 
onları sakitləşdirdi. 
– Hələ ordakı dəstəyə baxın! – bu sözləri K. ucadan inspektora dedi və şəhadət barmağı ilə 
bayırı göstərdi. – Çəkilin oradan! – bu sözləri isə oradan baxanlara dedi. Onların üçü də o 
dəqiqə çəkildi. Qadınlar hətta cüssəli kişinin arxasında gizlənməyə çalışdılar. Kişinin 
dodaqlarının tərpənməsindən bilindi ki, onlara nəsə deyir. Ancaq çıxıb getmədilər, sanki 
fürsət gözləyirdilər ki, gizlincə pəncərəyə yaxınlaşsınlar. 
– Nə zəhlətökən, qanacaqsız adamlardır! – K. geri döndü, gözünün ucu ilə inspektora baxanda 
ona elə gəldi ki, o da bununla razılaşdı. Ancaq belə də ola bilərdi ki, K.-nın dediklərini heç 
eşitməyib, çünki bir əlini masanın üstünə qoymuşdu və elə bil barmaqlarının uzunluğunu 
ölçməklə məşğul idi. Keşikçilər üstünə naxışlı palaz salınmış sandığın üstündə oturub 
dizlərini ovuşdururdular. Üç gənc də əllərini belinə qoyub bekarçılıqdan o yan-bu yana 
baxırdı. Elə sakitlik idi ki, deyərdin, başsız qalmış yerdir. 
– Hə, cənablar, – deyən K.-ya birdən elə gəldi ki, içəridəkilərin hamısını çiyinlərində daşıyır, 
– Görkəminizə baxanda demək olar ki, mənimlə işinizi qurtardınız. Mənə elə gəlir, sizin bu 
hərəkətlərinizin haqlı və ya haqsız olduğu barədə fikirləşməkdənsə, barışıq əlaməti kimi bir-
birimizin əlini sıxıb ayrılmaq daha yaxşı olar. Əgər siz də mənim kimi düşünürsünüzsə, onda 
buyurun... – deyən K. inspektorun oturduğu stola yaxınlaşıb əlini ona uzatdı. İnspektor başını 
qaldırdı, dodaqlarını çeynədi və K.-nın ona tərəf uzanmış əlinə baxdı. K.-ya hələ də elə gəlirdi 
ki, inspektor əl verəcək. Ancaq o, ayağa durub frölayn Bürstnerin çarpayısının üstünə qoymuş 
olduğu dəyirmi qalın papağını götürdü, hər iki əli ilə ehtiyatla başına qoydu, sanki onu təzə 
almışdı, yoxlayırdı. 
– Bütün bunlar sizə necə də sadə görünür, – dedi. – Deyirsiniz, bu məsələni barışıqla sona 
çatdıraq, eləmi? Yox, yox, doğrudan da belə olmaz. Əlbəttə, bununla heç də demək istimirəm 
ki, ümidinizi üzün. Yox, niyə üzəsiniz? Siz yalnız həbs olunmusunuz, vəssalam. Mən bunu 
sizə deməliydim və dedim, eyni zamanda, necə qəbul etdiyinizi də gördüm. Bu günlük 
kifayətdir və biz vidalaşa bilərik, ancaq müvəqqəti... Yəqin indi banka gedəcəksiniz, 
elədirmi? 
– Banka? Mən elə bilirdim, həbs olunmuşam... – K. bu sözləri saymazyana dedi, çünki 
inspektor əl verməsə də, onun ayağa durduğu andan özünü sərbəst, hər şeydən əvvəl də, bu 
adamlardan asılı olmadığını hiss edirdi. Onlarla oynamağa başladı. Fikirləşdi ki, gedəsi 


olsalar, qapıya qədər arxalarınca qaçıb desin ki, bəs onu həbs etmişdilər... Ona görə də təkrar 
etdi: 
– Həbs olunmuşamsa, banka necə gedə bilərəm? 
– Belə de... – artıq qapıya çatan inspektor cavab verdi. – Siz məni düz başa düşmədiniz. 
Əlbəttə, həbs olunubsunuz, ancaq bu, işinizə mane olmayacaq. Heç gündəlik həyat tərzinizi 
də dəyişdirməməlidir. 
– Belə həbs olunmağa nə var ki! – deyən K. inspektora tərəf getdi. 
– Mən də elə düşünürəm... – İnspektor cavab verdi.  
– Belə olan halda həbs olunmağım barədə xəbərdarlıq etmək elə də vacib deyildi, – deyən K. 
inspektora bir az da yaxınlaşdı. İndi içəridəkilərin hamısı qapının ağzına yığışmışdı. 
– Bu mənim borcum idi, – dedi inspektor. 
– Səfeh borcdur! – K. təslim olmaq istəmədi. 
– Ola bilər... Ancaq gəlin belə söhbətlərlə vaxt itirməyək. Mən elə bildim, banka getmək 
istəyəcəksiniz. Lakin hər deyilən sözə bir məna verdiyiniz üçün əlavə edirəm: sizi banka 
getməyə məcbur etmirəm, sadəcə olaraq, elə bildim ki, oraya getmək istəyirsiniz və işinizi 
yüngülləşdirmək, oradakıların diqqətini cəlb etməmək üçün bu üç cənabı – öz həmkarlarınızı 
ixtiyarınıza vermək istədim. 
– Necə? – K. heyrətlə həmin üç nəfərə baxdı. Bu çəlimsiz, diqqəti cəlb etməyən, yalnız 
kollektiv şəkillərdən yadında qalan üç cavan, həqiqətən, onunla bir bankda çalışırdılar, ancaq 
heç birinə həmkarı demək olmazdı və bu da sübut edirdi ki, inspektorun çox şeydən xəbəri 
yoxdur, ancaq doğrudan da orada aşağı vazifədə işləyirdilər. Bəs necə olmuşdu ki, bu, K.-nın 
gözündən yayınmışdı? Gör inspektorla keşikçilər başını necə qatmışdılar ki, onları 
tanımamışdı! Qaraqabaq, danışanda əl-qolunu ölçən Rabenştayneri, gözləri çuxura düşmüş 
sarışın Kullixi və bir də səyriyən sifətində həmişə zəhlətökən bir təbəssüm dolaşan Kamineri! 
– Sabahınız xeyir! – K. azacıq sonra dilləndi və yüngülcə baş əyməklə hər üçünə əl verdi. – 
Sizi tanıya bilmədim... Deməli, indi işə gedirik, elə deyilmi?  
Cənablar tələsik gülərək başlarını tərpətdilər, sanki səhərdən elə bunu gözləyirmişlər və 
məlum olanda ki, K. papağını yadından çıxarıb otaqda qoyub, üçü də birdən oraya cumdu
hiss olundu ki, həyəcanlı imişlər. K. sakitcə dayanıb onların arxasınca baxdı. Əlbəttə, lap 
axırda hər şeyə biganə Rabenştayner zərif addımlarla yeriyirdi. Kaminer papağı ona uzatdı və 
K., həmişə bankda olduğu kimi, bu dəfə də özünü inandırmalı oldu ki, o, qəsdlə gülümsəmədi, 
heç qəsdlə gülümsəyə də bilməzdi. Ön otaqda özünü zərrə qədər də günahkar sanmayan frau 
Qrubax mənzilin qapısını çıxanlar üçün açıq saxladı və K. onun, adəti üzrə, yenə də dolu 
bədəninə mənasız yerə bərk-bərk sıxılmış önlüyünün bağına baxdı. Saatı əlində olan K. 
aşağıda qərara aldı ki, maşınla getsinlər, heç nədən gecikdikləri yarım saatı bir az da 
uzatmasınlar. Kaminer taksi gətirmək üçün tinə qaçdı, qalan iki nəfər isə sanki K.-nın başını 
qatmaq istədi, Kullix üzbəüz binanın giriş qapısını göstərdi: orada bayaqkı iri cüssəli, sarı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə