Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   45   46   47   48   49   50   51   52   53

– Niyə sənə elə gəlir ki, o, vəzifəsini yerinə yetirib? Əslində, yerinə yetirməyib. Onun vəzifəsi 
bəlkə də başqalarını rədd eləmək, bu kişini isə qapı onun olduğu üçün içəri buraxmaq idi. 
– Sən bu yazıya kifayət qədər hörmətlə yanaşmırsan və əhvalatı dəyişdirirsən. Bu əhvalatda 
Qanunun içərisinə buraxılmaq üçün keşikçinin iki vacib izahatı var – biri əvvəldə, biri də 
axırda. Birində deyilir ki, indi ona içəri keçməyə icazə verə bilməz, o biri isə belədir: bu qapı 
yalnız sənin üçün idi. Əgər bu izahatlar arasında təzad olsaydı, onda sən haqlı çıxardın və 
keşikçi kişini aldatmış olardı. Ancaq burda heç bir təzad yoxdur. Əksinə, birinci izahat 
ikinciyə aparıb çıxarır. Hələ bəlkə də demək olar ki, keşikçi kişiyə gələcəkdə buraxıla 
biləcəyini deməklə vəzifə borcunu aşıb. Deyəsən, o vaxtlar yalnız kişini rədd etmək onun 
vəzifə borcu hesab olunub və bu yazının tədqiq edənlərin çoxu təəccüb edir ki, görəsən 
gözətçi niyə buna işarə vurub, çünki onun özü dəqiqliyi sevən adam olub, qapını yaxşı 
qoruyub. Uzun illər keşik çəkir, qapını da lap axırda bağlayır, vəzifəsinin vacibliyini yaxşı 
başa düşür, çünki belə deyir: “Mən güclüyəm!” Vəzifəcə özündən böyüklərə hörmətlə 
yanaşır, çünki belə deyir: “ Mən keşikçilərin içində ən zəifiyəm!” O, boşboğaz deyil, illər 
uzunu, orda yazıldığı kimi, yalnız “məsələyə dəxli olmayan suallar verir”, rüşvət almır, çünki 
hər dəfə hədiyyəni götürəndə belə deyir: “ Ona görə götürürəm ki, sonra fikirləşməyəsən: vay, 
bundan istifadə eləmədim...” Söhbət vəzifəsinin yerinə yetirilməsindən gedəndə, onu nə 
yumşaltmaq, nə də özündən çıxarmaq olur, çünki orda kişi haqqında yazılıb ki, “ o öz xahiş-
minnəti ilə gözətçini yorur”. Nəhayət, onun xarici görnüşü necə pedant adam olduğunu 
göstərir: iri dik burnu, uzun, seyrək, qara saqqalı. Öz vəzifəsinə bundan da sadiq keşikçi 
tapmaq olarmı? Ancaq bu keşikçidə içəri buraxılmasını tələb edən adam üçün çox əlverişli 
xasiyyətlər də var və elə onlardan bilinir ki, keşikçi onun gələcəkdə buraxıla biləcəyinə işarə 
vurmaqla vəzifə həddini aşa bilər. Əslində, bunu da inkar etmək olmaz ki, o, bir az sadəlövh 
və elə buna görə də bir az lovğadır. Onun istər öz gücü, istərsə də digər gözətçilərin gücü, 
eləcə də onlardan birini görəndə qorxduğu barədə dediklərinin – mənim fikrimcə, hətta bunlar 
lap düz olsa da, – ifadə tərzi göstərir ki, bu sadəlövhlüyü, lovğalığı onun anlama qabiliyyətini 
məhdudlaşdırır. Tədqiqatçılar bu barədə deyir: “Hər hansı bir işin düzgün anlamı və onun 
səhv başa düşülməsi bir-birini heç vaxt qəti şəkildə inkar etmir”. Ancaq hər halda belə hesab 
etmək lazımdır ki, ondakı bu sadəlövhlük, lovğalıq nə qədər az olsalar da, giriş qapısının 
qorunmasını zəiflədir, deməli, bunlar keşikçinin xarakterindəki zəif yerlərdir. Üstəlik də 
keşikçi təbiətən mehriban adam təsiri bağışlayır və buna görə də həmişə rəsmi məmur ola 
bilmir. Elə ilk dəqiqələrdə lağlağıya başlayır ki, qəti qadağan olunmasına baxmayaraq, içəri 
keçə bilər, sonra da onu qovmur, əksinə, orda yazıldığı kimi, kətil də verir ki, qapının yanında 
otursun. Uzun illər boyu kişinin xahişlərinə səbrlə dözməsi, qısa sorğu-suallar, hədiyyələri 
qəbul etməsi, elə yanındaca belə bir keşikçiyə rast gəldiyi üçün kor təsadüfü ucadan 
lənətləməsinə alicənablıqla yanaşması... – bütün bunların hamısı onun qəlbində mərhəmət 
hissinin baş qaldırdığına dəlalət edir. Hər keşikçi belə hərəkət etməzdi. Axırda da bircə işarəsi 
ilə kişiyə tərəf əyilir, son sualını vermək üçün ona şərait yaradır. Yalnız “Səni heç razı salmaq 
olmur” sözlərində keşikçinin səbrinin azaçıq tükəndiyi hiss olunur – onda da bilirdi ki, artıq 
hər şey qurtarıb. Bu növ yozumlarda hətta bəziləri bir qədər də dərinə gedərək iddia edirlər ki, 
“Səni heç razı salmaq olmur” sözləri bir növ səmimi heyranlığın ifadəsidir ki, bu da, əlbəttə, 
mərhəmətdən xali deyil. Hər halda, keşikçi obrazı sən düşündüyün kimi deyil. 


– Sən bu əhvalatı məndən yaxşı, özü də çoxdan bilirsən. 
Onlar bir anlığa susdular. Sonra K. dedi: 
– Deməli, sənə elə gəlir ki, kişini aldatmayıblar? 
– Məni düzgün başa düş! Mən sənə yalnız bu haqda olan fikirləri çatdırıram. Ancaq sən bu 
deyilənlərə fikir vermə. Yazıya pozu yoxdur və bu fikirlər də çox vaxt onun haqqında yaranan 
şübhələri ifadə edir. Hətta burda belə bir fikir də var ki, aldadılan elə keşikçinin özüdür. 
– Maraqlı fikirdir! Bəs bunu necə əsaslandırırlar? 
– Gözətçinin sadəlövhlüyü ilə. Deyirlər ki, o, Qanunun iç tərəfini tanımır, yalnız onun 
qapısına qədər olan yolu gedir, elə ordan da geri dönür. Onun İçəri haqqındakı təsəvvürləri 
uşaq təsəvvürü kimidir və deyirlər ki, kişini qorxutmaq istədiyi şeydən özü də qorxur. Bəli, 
özü kişidən çox qorxur, çünki kişi hətta içəridəki keşikçilərin çox dəhşətli olduqlarını 
biləndən sonra da oraya girmək istəyir, ancaq keşikçi, əksinə, girmək istəmir, ən azı, bu haqda 
heç nə bilinmir. Düzdür, bəziləri deyir ki, o, əvvəllər içəridə olub, nə vaxtsa onu məhkəmədə 
qulluğa götürüblərmiş və bunlar da yalnız İçəridə baş verə bilərdi. Onlara belə cavab vermək 
olar ki, o, İçəridən gələn bir səslə də keşikçi təyin olunardı və özü, ən azı, üçüncü keşikçinin 
görkəmindən qorxduğu üçün heç İçəridə olmaya da bilərdi. Bundan əlavə də, orda onun uzun 
illər ərzində İçəri haqqında, üçüncü keşikçi barədə dediklərindən əlavə nəsə deməsi yazılmır. 
Ola bilsin, bu ona yasaq edilibmiş, ancaq yasaq barədə də heç nə yazılmayıb. Deyilənlərdən 
belə nəticə çıxarmaq olar ki, o, İçərinin görünüşü, mahiyyəti barədə heç nə bilmir və onun 
haqqında da səhv təsəvvürdədir. Eyni zamanda, kənddən gələn kişi haqqındakı təsəvvürü də 
səhvdir, çünki özü ona tabedir, ancaq bundan xəbəri yoxdur. Ancaq onunla tabeliyində olan 
adam kimi rəftar etməsi çox yerdə hiss olunur və sən onların hamısını xatırlaya bilərsən. Elə 
bu fikrə əsasən, həm də onun kişiyə tabe olması aydınca üzə çıxır. Hər şeydən əvvəl, azad 
adam asılı adamdan yüksəkdə dayanır. Əslində, kişi azad bir adamdır, hara istəsə gedə bilər
ona yalnız Qanunun qapısından içəri girmək yasaqdır və bunu da ona yalnız bir nəfər – 
keşikçi yasaq edir. Qapının yanına kətil qoyub ömrü boyu orda oturması da könüllüdür, heç 
yerdə məcburiyyətdən söhbət getmir. Keşikçi isə, əksinə, vəzifəsindən asılı adamdır, burdan 
aralana bilməz və göründüyü kimi, istəsə də, içəri keçə bilməz. Bundan əlavə, Qanun 
qulluqçusu olsa da, yalnız onun giriş qapısını qoruyur və deməli, təkcə bu qapının aid olduğu 
adama qulluq edir. Həm də elə bu səbəbdən həmin kişiyə tabe olur. Belə hesab eləmək olar ki, 
o, uzun illər, bir insan ömrü qədər, necə deyərlər, mənasız bir işlə məşğul olub, çünki orda 
yazılır ki, bir kişi gəlir, yəni yaşlaşmış çağında gəlir. Deməli, keşikçi öz vəsifəsini yerinə 
yetirmək üçün çox gözləməli olur. O qədər gözləməli olur ki, kişi özü gəlmək fikrinə düşür, 
könüllü gəlir. Ancaq onun vəzifəsinin sonu da kişinin həyatının sonu ilə müəyyənləşir, 
deməli, o, axıra qədər kişidən asılı olur. Və həmişə də vurğulanır ki, deyəsən, keşikçinin 
bunlardan xəbəri olmur. Ancaq burda gəribə heç nə yoxdur, çünki həmin fikrə görə keşikçi 
bundan da pis aldadılıb və bu da onun vəzifəsinə aiddir. Lap axırda giriş qapısından danışır və 
deyir: “İndi gedib onu bağlayaram”, ancaq əvvəldə deyilir ki, Qanunun qapısı həmişəki kimi 
açıq idi. Əgər həmişə, həmişə açıq olursa, bu o deməkdir ki, aid olduğu adamın nə qədər 
yaşamasından asılı deyil, onda da belə çıxır ki, keşikçi onu bağlaya bilməz. Burda fikirlər 
haçalanır: keşikçi qapını bağlayacağını deyəndə, sadəcə olaraq, cavab vermək, yoxsa vəzifə 


borcunu vurğulamaq, ya da kişini son anda peşman etmək, kədərləndirmək istəyir?! Çoxları 
bu fikirdədir ki, o, qapını bağlaya bilməyəcək. Onlara elə gəlir ki, ən azı sonda, həqiqətin dərk 
edilməsi baxımından, kişi ondan üstündür, çünki o, Qanunun qapısından gələn parıltını görür, 
keşikçi isə həmin anda arxası qapıya tərəf dayanır, nəsə bir dəyişiklik hiss etdiyi barədə heç 
nə demir. 
-Yaxşı əsaslandırılıb, – deyən K. keşişin söylədiyi bəzi fikirləri güclə eşidiləcək tərzdə öz-
özünə təkrar elədi. – Yaxşı əsaslandırılıb, mən də inanıram ki, keşikçi aldanıb. Ancaq yenə də 
əvvəlki fikrimdən dönmürəm, çünki hər iki yozum yalnız müəyyən məqamlarda bir-birinə 
uyğun gəlir. Keşikçinin burda hər şeyi bilməsi və ya aldadılması əsas deyil. Mən bayaq dedim 
ki, kişi aldadılıb. Əgər keşikçi hər şeyi bilsəydi, onda buna şübhə etmək olardı, yox, əgər 
keşikçi aldanıbsa, deməli, onda onun səhvi mütləq kişiyə də keçməlidir. Düzdür, keşikçi 
yalançı deyil, ancaq bu qədər sadəlövh olduğuna görə işdən qovulmalı idi. Unutma ki, 
keşikçinin aldanması ona ziyan gətirmir, ancaq kişinin aldanması ona çox baha başa gəlir. 
– Belə olan halda, sən başqa bir fikirlə qarşılaşırsan. Bəziləri deyirlər ki, bu əhvalat heç kəsə 
keşikçini mühakimə etməyə hüquq vermir. Biz də belə fikirləşə bilərik ki, o, Qanunun 
qulluqçusudur, deməli Qanuna aiddir, deməli, insanlar onu mühakimə edə bilməzlər. Onda 
kişinin keşikçidən yüksəkdə dayandığına da inanmaq olmaz. Yalnız vəzifəsilə bağlı həmişə 
Qanunun qapısı ağzında dayanıb qalmaq bu dünyada azad yaşamaqdan qat-qat üstündür. Kişi 
yenicə Qanunun yanına gəlir, keşikçi isə çoxdan ordadır. Bu qulluğa onu Qanun qoyub, 
keşikçinin ləyaqətini şübhə altına almaq – Qanunun özünü şübhə altına almaq deməkdir. 
– Mən bu fikirlə razı deyiləm, – K. başını buladı, – çünki bununla razılaşmaq, keşikçinin 
dediklərinin hamısını həqiqət hesab eləmək deməkdir. Ancaq bunun mümkün olmadığını 
özün indicə geniş şəkildə əsaslandırdın. 
 
– Xeyr, hamısını həqiqət hesab etmək lazım deyil, bunu yalnız vacib hesab etmək lazımdır. 
– Kədərli nəticədir, – dedi K., – dünyanı yalanla düzəldirlər!  
K. bunu son söz kimi desə də, hələ son qərarı deyildi. Çox yorulmuşdu, bütün yozumların 
mahiyyətinə vara bilmirdi, bu cür mühakimələr yürütməyə də öyrəşməmişdi, hamısı da gerçək 
olmayan şeylər idi, məhkəmə məmurlarının öz aralarında müzakirəsinə yaxşı yarayardılar, K.-
ya lazım deyildilər. Adicə bir əhvalat çox şişirdilmişdi, onu tamamilə unutmaq istəyirdi və 
keşiş də indi böyük bir həssaslıq göstərdi, K.-nın dediyi son sözlər onun fikirlərinə uyğun 
gəlməsə də susdu. 
Onlar kirimişcə yollarına davam etdilər. K. indi harda olduğunu bilmədən keşişlə yanaşı 
gedirdi. Əlindəki lampa çoxdan sönmüşdü. Qəflətən qarşısında hansı Müqəddəsinsə gümüş 
heykəlindən gümüşü bir parıltı qopub qaranlığa qarışdı. K. tamamilə keşişdən asılı vəziyyətdə 
qalmamaq üçün soruşdu: 
– Biz indi əsas qapının yanındayıq? 


– Xeyr, biz ordan çox uzaqdayıq. Getmək istəyirsən ki? 
K. indi bu barədə düşünməsə də, tez dedi: 
– Əlbəttə getmək istəyirəm. Bankda prokurist işləyirəm, orda məni gözləyirlər. Buraya da bir 
əcnəbi dostumuza kilsəni göstərməyə gəlmişdim. 
– Yaxşı, – deyə keşiş əlini ona uzatdı, – onda get! 
– Ancaq qaranlıqda yolu tək tapa bilmərəm. 
– Sola – divara tərəf get, sonra onun dibi ilə gedərsən. Ondan aralanma, axırda çıxış qapısını 
tapacaqsan. 
Keşiş yenicə ondan bir-iki addım aralanmışdı ki, K. lap ucadan qışqırdı: 
– Xahiş edirəm, dayan! 
– Dayandım! 
– Daha məndən heç nə istəmirsən? 
– Xeyr! 
– Əvvəlcə mənə qarşı çox mehriban idin, hər şeyi başa saldın, ancaq indi qoyub gedirsən, elə 
bil sənin üçün heç kiməm... 
– Axı sən getməlisən. 
– Elədir... Ancaq məni başa düş... 
– Əvvəlcə sən özün başa düş ki, mən kiməm... 
– Sən türmənin keşişisən, – deyə K. ona tərəf getdi. Banka belə tez qayıtması o qədər də vacib 
deyildi, hələ burda xeyli qala bilərdi. 
-Deməli, mən də məhkəmənin adamıyam. Niyə səndən nəsə istəməli idim?! Məhkəmə səndən 
heç nə istəmir. O səni gələndə qəbul edir, gedəndə də yola salır.  
 
 
ONUNCU FƏSİL 
Son 
 
Otuz bir yaşı tamam olmağa bir gün qalmış – axşam saat doqquz radələri idi, küçələrin səs-
küyü səngimişdi – K.-nın yaşadığı mənzilə iki cənab gəldi. Əyinlərində sürtuk, başlarında isə 
sanki oraya yapışdırılmış dik şlyapa vardı, kök idilər, özləri də avazımışdılar. Mənzilin 


qapısından girərkən az çəkən “Buyur! – Yox, sən buyur!” mərasimi K.-nın yaşadığı otağın 
qapısında xeyli çəkdi. Kimlərinsə gələcəyini əvvəlcədən ona xəbər verməsələr də, K. özü qara 
geyinib qapının yanındakı kresloda oturmuşdu və təzə, dar əlcəklərini yavaş-yavaş 
barmaqlarına taxırdı, sanki qonaq gözləyirdi. O dəqiqə ayağa durub maraqla gələn cənablara 
baxdı. 
– Məni aparmağa gəlmisiniz? – deyə soruşdu. 
Cənablar başlarını tərpətdilər və əllərindəki şlyapaları ilə bir-birini göstərdilər. K. öz-özünə 
dedi ki, axı o başqa qonaq gözləyirdi. Pəncərəyə tərəf gedib, bir daha qaranlıq küçəyə baxdı. 
Küçənin o biri üzündəki pəncərələrin, demək olar ki, hamısı qaranlıq idi və çoxunun da 
pərdəsi salınmışdı. Yalnız hansısa pilləkən xanasının torlanmış pəncərəsindən işıq gəlir və 
orda da uşaqlar oynayırdılar. “Arxamca yaşlı, ikinci dərəcəli aktyorları göndəriblər!” – deyə 
ürəyindən keçirən K. buna bir daha əmin olmaq üçün ətrafına baxdı, – “ Çox ucuz yolla 
mənim axırıma çıxmaq istəyirlər”. Və qəflətən onlara tərəf dönüb soruşdu: 
– Hansı teatrda oynayırsınız? 
-Teatrda? – deyə dodaqları səyriyən cənab sanki o birindən məsləhət istədi. O biri isə özünü 
lallığa vurdu, sanki gücənir, ancaq danışa bilmirdi. “Suallara hazır deyillər” – deyə ürəyindən 
keçirən K. şlyapasını götürməyə getdi. 
Artıq elə pilləkəndəcə cənablar onun qolundan tutmaq istədilər, ancaq K. qoymadı: 
– Küçədə tutarsınız... Mən xəstə deyiləm. 
Ancaq giriş qapısına çatan kimi ondan elə asıldılar ki, K. ömründə heç kəslə belə yol 
getməmişdi. Onlar çiyinlərini bərk-bərk K.-nın çiyinlərinə söykədilər, lap aşağıda əllərindən 
möhkəm-möhkəm yapışdılar, sanki məktəb uşaqları əl-ələ vermişdi. K. dimdik onların arası 
ilə yeriyirdi və üçü də bir-birinə elə yapışmışdı ki, birinə əl vursan, üçünə də dəyərdi. Yalnız 
cansız əşyaları bir-birinə belə yaxın qoymaq olardı... 
Küçə fənərlərinin altından keçəndə, bu cür gedişlə çox çətin olsa da, K. öz müşayiətçilərinə 
yaxşı-yaxşı baxmaq istədi, çünki otağı yarıqaranlıq olduğu üçün bunu edə bilməmişdi. 
Onların sallaq buxaqlarını görəndə, ürəyindən keçirdi: “Bəlkə də tenorlardır!” Sifətlərinin tər-
təmiz işıldaması onu iyrəndirdi. Ona elə gəldi ki, hətta gözlərin kənarlarını təmizləyən, üst 
dodağı silən, buxaqdakı qırışları sığallayan əli də gördü... 
K. dayandığı üçün o birilər də dayanmalı oldu. Onlar boş, kimsəsiz, yaşıllıqlarla bəzədilmiş 
bir meydanın kənarına çatmışdılar. “Axı niyə məhz sizi göndəriblər?!” – Bu sözlərdə sualdan 
çox təəssüf vardı. Deyəsən, cənablar nə deyəcəklərini bilmədilər, xəstənin nəfəsini dərməsini 
gözləyən sanitarlar kimi onun əlindəncə tutub dayandılar. 
– Mən daha getmirəm! – deyə K. onları yoxlamaq istədi. 
Cənablara nəsə demək lazım gəlmədi, sadəcə olaraq, əllərini buraxmadılar, onu yerindən 
qoparmağa çalışdılar, ancaq K. müqavimət göstərdi. “Onsuz da mənə güc bir daha lazım 
olmayacaq, indi onun hamısından istifadə edəcəm,” – deyə ürəyindən keçirdi. Yadına 


yapışqana ilişmiş milçəklər düşdü: dartınanda ayaqları qırılıb orda qalır, özləri isə azad 
olurdular. “Cənablara çətin olacaq!” 
Bu vaxt aşağıdakı küçədən meydana tərəf qalxan balaca pilləkəndə frölayn Bürstner göründü. 
K. onun Bürstner olduğunu dəqiq bilmədi, ancaq çox oxşayırdı. İndi onun frölayn Bürstner 
olub-olmamasının K. üçün heç bir mənası yox idi və elə həmin anda da başa düşdü ki, 
müqavimət göstərməyin özü də mənasızdır. Müqavimət göstərmək, cənabların işini çətinə 
salmaq, özünü müdafiə etməklə son həyat işartısından ləzzət almağa çalışmaq elə böyük 
qəhrəmanlıq deyildi. Yerindən tərpəndi və bununla cənablara bəxş etdiyi sevincdən özünə də 
bir az pay düşdü. Ona görə cənablar onun hansı tərəfə gedəcəklərini müəyyənləşdirməsinə də 
maneçilik törətmədilər və o da onları frölayn Bürstnerin getdiyi yola çəkib apardı. Əlbəttə, 
qıza çatmaq, ona uzun-uzadı baxmaq istəmirdi, yalnız onu istəyirdi ki, bir xəbərdarlıq nişanəsi 
kimi onu gözdən itirməsin. “İndi əlimdən bircə o gəlir ki... – deyə ürəyindən keçirdi və öz 
addım səslərinin cənabların addım səsləri ilə ahəngdarlığı onun bu fikrini təsqiqlədi, – ... indi 
əlimdən bircə o gəlir ki, özümü axıra qədər sakit idarə edəm. Həmişə həyatdan dördəlli 
yapışmışam və üstəlik də niyyətim həmişə yaxşı olmayıb. Bu, düzgün deyildi! İndi də onu 
göstərməliyəm ki, bir il davam edən məhkəmə mənə dərs olmadı? Doğrudanmı mən bu 
dünyadan qanmaz bir adam kimi köçməliyəm? Məgər mənim haqqımda mütləq deyilməlidi 
ki, məhkəmənin əvvəlində onu tez qurtarmaq istəyirdi, ancaq indi, sonunda onu təzədən 
başlamaq istəyir? İstəmirəm belə desinlər! Sağ olsunlar ki, mənə belə yarımlal, qanmaz yol 
yoldaşları verdilər, özümə deyiləsi vacib sözləri deməyi öz ixtiyarıma buraxdılar...”  
Bu aralıqda frölayn Bürstner yan küçəyə burulmuşdu, ancaq o, daha K.-ya lazım deyildi, 
özünü bütünlüklə müşayiətçilərinin ixtiyarına vermişdi. Üçü də bir-birindən razı halda 
irəliləyərək ay işığına qərq olmuş bir körpünün üstünə çıxdılar. Cənablar indi K.-nın hər bir 
xırda hərəkətinə güzəştə gedirdilər və o, körpünün sürahisinə tərəf meyillənəndə, cənablar da 
fırlanıb onun yanında dayandılar. Ay işığında titrəyə-titrəyə parıldayan su iki tərəfə bölünərək 
balaca bir ada yaratmışdı və tökülmüş yarpaqlar, ot-alaq orda qalaqlanıb qalmışdı. Aşağıda 
indi görünməyən çınqıllı bir yol uzanırdı və həmin yol boyu da rahat skamyalar düzülmüşdü. 
K. yayda hərdən gəlib onların üstündə yayxanaraq oturar və ya uzanardı.  
– Mən heç burda dayanmaq istəmirdim, – K. müşayiətçilərinin ona belə güzəşt etməsindən 
utanaraq dilləndi. Deyəsən, cənablardan biri onu düz başa düşmədikləri üçün K.-nın çiyinləri 
üzərindən o birinə yüngülcə iradını bildirdi və onlar yollarına davam etdilər. 
Üzüyuxarı qalxan bir neçə küçəni keçdilər. Hərdən də gah uzaqdan, gah da lap yaxından 
polisləri gördülər. Onlardan bəziləri gəzişirdi, bəziləri də tində dayanmışdı. Lopabığ bir polis 
əli qılıncının qəbzəsində sanki qəsdlə bu şübhəli dəstəyə lap yaxın gəldi. Cənablar dayandılar 
və polis yenicə ağzını açıb nəsə demək istəyəndə, K. güclə onları arxasınca dartıb apardı. 
Yolda tez-tez ehtiyatla dönüb geri baxdı ki, polis onları izləyir, ya yox. Polisdən bir tin 
aralanan kimi K. qaçmağa başladı, cənablar təngi nəfəs olsalar da, birlikdə qaçmalı oldular. 
Şəhərdən tez çıxdılar və elə yerə gəldilər ki, burdan o yana birbaşa düzənliklər başlayırdı. 
Şəhərdəki son binanın lap yaxınlığında kimsəsiz, başsız qalmış bir daş karxanası vardı. 
Cənablar burda dayandılar: ya əvvəlcədən buraya gələcəklərini bilirdilər, ya da yorulub əldən 
düşmüşdülər, daha gedə bilmirdilər. Sakitcə dayanıb gözləyən K.-nın əllərini buraxdılar, 


şlyapalarını çıxarıb, tərlərini sildilər. Hər yan özünəməxsus təbiiliyi və sakitliyi ilə seçilən ay 
işığına qərq olmuşdu. 
Cənablar öz aralarında nəzakətlə indi kimin nə edəcəyini müəyyənləşdirəndən sonra – 
deyəsən, kimin nə iş görəcəyi əvvəlcədən onlara deyilməmişdi – biri K.-ya yaxınlaşıb 
pencəyini, jiletini, axırda da köynəyini çıxardı. K., qeyri-ixtiyari üşəndi, kişi onu 
sakitləşdirmək üçün yüngülcə kürəyinə vurdu. Sonra paltarları səliqə ilə qatladı, sanki yaxın 
zamanlarda olmasa da, onlardan hələ istifadə ediləcəkdi. K. getdikcə sərinləşən axşam 
havasında hərəkətsiz qalıb üşüməsin deyə, kişi onun qolundan tutub gəzişməyə başladı və 
həmin vaxt ərzində o biri cənab da karxanada uyğun yer axtardı. Yeri tapan kimi əl elədi, 
cənab, K.-nı ora apardı. Karxananın divarına yaxın yer idi, yanında da qırılmış bir daş vardı. 
Cənablar K.-nı yerə oturtdular, daşa tərəf əydilər, başını onun üstünə qoydular. Ancaq nə 
qədər çalışsalar da, hətta K. özü onlara kömək etsə də, onu avandına uzada bilmədilər, pis 
alındı. Cənablardan biri o birindən xahiş etdi ki, bu işi onun öhdəsinə buraxsın, ancaq yenə də 
alınmadı. Axırda elə uzandırdılar ki, əvvəlkilərdən də pis oldu. Sonra cənablardan biri 
sürtukunun yaxasını açdı, jiletinin üstündən bağlanmış kəmərdən sallanan qından nazik, uzun, 
iki tərəfi də kəsən bir qəssab bıçağı çıxardı, onu işığa tutub itiliyini yoxladı. Yenə o iyrənc 
“buyur, buyur” mərasimi başladı, biri bıçağı K.-nın başı üzərindən o birinə uzatdı, o da eyni 
tərzdə geri qaytardı. K. indi dəqiq bilirdi ki, onun vəzifəsi başı üzərində əldən-ələ keçən, o 
tərəf-bu tərəfə süzən bıçağı alıb, öz qarnına soxmaqdır. Ancaq bunu eləmədi, əksinə, boğazını 
bir az da geri qanırıb ətrafa baxdı. Özünü tam doğrulda bilmədi, onların vəzifələrini əllərindən 
ala bilmədi və bu son səhv üçün də məsuliyyəti o kəs daşıyırdı ki, bunun üçün lazım olan son 
gücü ona vermədi. Gözləri karxanaya lap yaxın olan evin son mərtəbəsinə sataşdı. Qəflətən 
ordakı pəncərənin gözləri taybatay açıldı, arıq çəlimsiz bir kişi uzaqlardan, lap yuxarıdan 
aşağı əyildi, əllərini irəli uzatdı. Kim idi? Dost idi? Yaxşı adam idi? Ona yazığı gələn idi? 
Ona kömək etmək istəyirdi? Tənha idi? Yoxsa, hamısı idi? Kömək etmək olardımı? Bəlkə 
unutmuşdu, hələ bəhanələr gətirmək olardı? Əlbəttə, olardı! Düzdür, məntiq həmişə güclü 
olur, ancaq yaşamaq istəyən adamın qarşısında o da dayana bilməzdi! Bəs bircə dəfə də görə 
bilmədiyi o baş hakim harada idi? Əllərini qaldırıb, barmaqlarını araladı...  
Cənablardan biri ikiəlli onun xirtdəyindən yapışdı, o biri isə bıçağı ürəyinə yeridib, iki dəfə 
burdu. Gözləri çevrilən K. son anda cənabların ona tərəf əyilərək yanaqları bir-birinə dəyə-
dəyə onun necə keçindiyinə tamaşa etdiklərini gördü. 
– Lap it kimi oldu! – Bu sözləri elə dedi ki, sanki utancaqlığı özündən çox yaşamalı idi...  
 
 
Frans Kafka 
1914-1915 
Tərcümə: Vilayət Hacıyev  

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə