Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   2   3   4   5   6   7   8   9   ...   53

– Təəssüf ki nə vaxt qayıdacağını bilmirəm. Teatra gedəndə, adətən, gec qayıdır. 
– Eybi yoxdur, – deyən K. getmək istədi. – Sadəcə, bu səhər otağını əlindən aldığıma görə 
üzrxahlıq etmək istəyirdim. 
– Lazım deyil, cənab K., siz cox nəzakətli adamsınız, qızın heç nədən xəbəri yoxdur, səhər 
tezdən çıxandır, hələ qayıtmayıb, indi də gördüyünüz kimi, hər şey yerli-yerindədir. – Qadın 
bunu deyib frölayn Bürstnerin otağının qapısını açdı. 
– Təşəkkür edirəm, dediklərinizə inanıram, – deyən K. ancaq yenə də açıq qapıya tərəf getdi. 
Qaranlıq otağa ayın işığı düşürdü. Görünən yerlərdə, doğrudan da, hər şey yerində idi, hətta 
koftanı da pəncərənin dəstəyindən götürmüşdülər. Diqqəti ən çox cəlb edən çarpayının ay 
işığında parıldayan pardaxlı yerləri idi. 
– Frölayn tez-tez evə gec gəlir... – deyə K. frau Qrubaxa baxdı, sanki buna da o cavabdeh idi. 
– İndi bütün cavanlar belədir! – frau Qrubax üzr istədi.  
– Elədir, elədir! Ancaq bunun axırı pis ola bilər. 
– Olar! Çox düz deyirsiniz, cənab K. Bəlkə də indiki vəziyyətdə tam haqlısınız. Əlbəttə, 
frölayn Bürstnerə qara yaxmaq istəmirəm, çünki çox yaxşı, sevimli, mehriban, səliqəli, dəqiq, 
zəhmətkeş qızdır və bunların hamısını yüksək qiymətləndirirəm, ancaq bu da həqiqətdir ki, o 
daha məğrur, səbirli olmalıdır. Elə bu ay onu iki dəfə xəlvət küçələrdə, özü də başqa-başqa 
oğlanlarla görmüşəm. Çox pisimə gəldi. Allah haqqı, bu haqda yalnız sizə deyirəm, amma ola 
bilsin, qızın özü ilə də bu barədə danışdım. 
– Siz çox böyük bir səhvə yol verirsiniz, frau Qrubax! – K. qəzəbini gizlədə bilmədi. – Yeri 
gəlmişkən, frölayn haqqında mənim dediklərimi də düz başa düşməmisiniz, mən o mənada 
demirdim. Düz sözümdür, qıza heç nə deməyin, çünki yanılırsınız, mən frölaynı çox yaxşı 
tanıyıram, sizin dediklərinizin heç biri həqiqətə uyğun deyil. Bəlkə də mən bir az ağ eləyirəm, 
sizə mane olmaq istəmirəm, ona nə istəyirsiniz deyin. Gecəniz xeyrə qalsın.  
– Cənab K., – frau Qrubax yalvarıcı bir səslə dilləndi və qapını açıb öz otağına girən K.– nın 
ardınca tələsdi. – Hələlik frölayna heç nə demək istəmirəm, əlbəttə, ona hələ göz qoyacam, 
indi yalnız sizə etibar eləyib, bildiklərimi dedim. Axı pansionda təmizliyin olması da 
kirəkeşlərin xeyrinədir. 
Həmin anda K. qapını örtdü və onun yavaşdan döyülməsinə fikir vermədi. 
Yatmağa həvəsi olmadığından qərara aldı ki, oyaq qalsın və fürsətdən istifadə edərək frölayn 
Bürstnerin nə vaxt qayıtdığından xəbər tutsun. Bəlkə də, çox gec olsa da, onunla bir-iki kəlmə 
kəsə bildi. Pəncərənin qabağında uzanıb yorğun gözlərini ovuşduranda hətta bir anlığa 
fikirləşdi ki, bəlkə frölayn Bürstneri də inandırsın, ikisi də başqa yerə köçüb getsin. Ancaq elə 
həmin dəqiqə də hiss etdi ki, məsələni çox şişirdir. Hətta özündən şübhələnməyə başladı ki, 
bəlkə də səhərki hadisəyə görə buralardan uzaqlaşmaq istəyir. Yox, bundan böyük səfehlik 
ola bilməzdi, hər şeydən əvvəl də, nifrət qazanardı, niyə belə elədiyini heç özü də bilməzdi. 


Boş küçəyə baxmaqdan bezdi, durub divanda uzandı, qapını da bir az aralı qoydu ki, içəri 
girən olsa, görsün. Təxminən saat on birin yarısına kimi sakitcə uzanıb siqar çəkdi. Sonra 
dəhlizə çıxdı, sanki bununla frölayn Bürstnerin gəlişini tezləşdirmək istəyirdi. Onunla 
görüşməyə cox da həvəsli deyildi, hətta qızın görkəmini də düz-əməlli xatırlaya bilmirdi, 
ancaq onunla danışmaq istəyirdi, əsəbiləşirdi ki, gec qayıtdığı üçün bu gün belə narahat, 
qarışıqlıqla sona yetir. Axşam yeməyinə, sonra da Elzanın yanına gedə bilməməsinin 
günahkarı da qız idi. Ancaq ikisinin də əvəzini Elzanın işlədiyi meyxanaya getməklə çıxa 
bilərdi. İstəyirdi ki, frölayn Bürstnerlə danışandan sonra belə də eləsin.  
Pilləkəndə ayaq səsləri eşidiləndə, saat on ikinin yarısını keçmişdi. Fikirli-fikirli, sanki öz 
otağındaymış kimi, ön dəhlizdə arxayın-arxayın gəzişən K. qapısının arxasına keçdi. Gələn 
frölayn Bürstner idi. O, çöl qapısını bağladı, üşüyə-üşüyə ipək şalı çiyninə saldı. İndicə 
otağına girəcək və məlum məsələ idi ki, K. da gecənin bu vaxtında oraya gedə bilməyəcəkdi. 
Deməli, indi onunla danışmalı idi, ancaq bədbəxtlikdən otağının işığını yandırmamışdı və 
birdən-birə qaranlıq otaqdan çıxması hücum çəkmək kimi başa düşülərdi, ən azı, qızı 
qorxudardı. Nə edəcəyini bilmədi, vaxt da itirmək olmazdı və ona görə də qapının açıq 
yerindən pıçıldadı: 
– Frölayn Bürstner! – bu, sanki çağırış deyil, nəsə bir xahiş kimi səsləndi. 
– Kim var burda? – gözləri böyümüş qız ətrafa boylandı. 
– Mənəm, – deyə K. içəridən çıxdı.  
– Ah, sizsiniz, cənab K.! – frölayn Bürstner gülümsədi. – Axşamınız xeyir, – deyib ona əl 
verdi. 
– Sizə bir-iki kəlmə sözüm var. İndi icazə olar? 
– İndi? Mütləq indi? Bir az təəccüblüdür, elə deyilmi? 
– Saat doqquzdan sizi gözləyirəm. 
– Elədir, teatra getmişdim, gözlədiyinizi bilmirdim axı... 
– Səhər-səhər baş verən hadisədən sonra sizinlə danışmağı qərara aldım. 
– Elə isə mənim ciddi etirazım yoxdur, ancaq o qədər yorulmuşam ki, az qalır yıxılam. Onda 
bir-iki dəqiqəliyə mənim otağıma gəlin. Onsuz da burada danışa bilmərik, hamını oyadarıq. 
Heç özümüzə də yaxşı deyil, camaat eşidər. Mən otağımın işığını yandırana kimi gözləyin
sonra buranı söndürərsiniz. 
K. onun dediyi kimi elədi, qız öz otağından “Gəlin” – deyənə kimi gözlədi. 
– Əyləşin, – deyə qız divanı göstərdi, özü isə bayaq dediyi kimi, çox yorğun olsa da, 
çarpayının yanında dayandı. Hətta güllərlə bəzədilmiş şlyapasını da çıxarmadı. – Nə 
buyurursunuz? Doğrudan da maraqlıdır... 


– Bəlkə də deyəcəksiniz, bu elə vacib məsələ deyilmiş ki, bu gün müzakirə olunsun... – K. 
sözə başladı. – Ancaq.... 
– Onsuz da mən giriş hissəsinə qulaq asmıram. 
– Bu mənim işimi daha da asanlaşdırır. Bu gün səhər tezdən otağınıza, qismən də olsa, mənim 
günahım üzündən yad adamlar girmişdi. Mənim xəbərim olmayıb, ancaq dediyim kimi, 
mənim günahım üzündən olub və buna görə də üzr istəyirəm. 
– Mənim otağıma? – frölayn Bürstner otağa baxmaq əvəzinə K.-nı sualedici nəzərlərlə süzdü. 
– Elədir... – Onlar bayaqdan bəri ilk dəfə bir-birinin gözünün içinə baxdı. – Bunun necə və 
niyə belə olduğu barədə də heç danışmağa dəyməz. 
– Ancaq, əslində, ən maraqlısı elə budur. 
– Xeyr. 
– Olsun! Mən kiminsə sirrini öyrənmək fikrində deyiləm. Əgər bunun maraqlı olmadığını 
israr edirsinizsə, onda mən də israr etmirəm. Məmnuniyyətlə də sizin üzrxahlığınızı qəbul 
edirəm. Ən azı ona görə ki, buraya kiminsə girdiyindən əsər-əlamət yoxdur. – O, əllərini 
belinə qoyaraq otaqda gəzişdi, fotoşəkillərin yanına çatanda dayandı. – Bir bura baxın! – 
Ucadan dilləndi. – Şəkilləri qurdalayıblar... Yaramazlar! Deməli, kimsə özbaşınalıq eləyib, 
otağıma soxulub... 
K. başını tərpədərək ürəyində səfeh, mənasız çılğınlığını heç vaxt cilovlaya bilməyən məmur 
Kamineri söydü. 
– Qəribədir, – frölayn Bürstner sözə başladı, – mən sizə özünüz özünüzə yasaq etməli 
olduğunuz bir şeyi qadağan etməliyəm, daha doğrusu, mən olmayanda, otağıma girməyi... 
– Axı sizə dedim, frölayn, – K. da şəkillərə yaxınlaşdı,– şəkilləri mən qurdalamamışam. İndi 
ki mənə inanmırsınız, onda düzünü deyərəm: istintaq komissiyası özü ilə üç bank işçisi 
gətirmişdi, yəqin ki onlardan biri – imkan düşən kimi, onu işdən qovacam – fürsətdən istifadə 
eləyib şəkillərə əl vurub. – frölayn Bürstnerin sualedici nəzərlərlə ona baxdığını görən K. 
əlavə etdi: – Bəli, istintaq komissiyası idi. 
– Sizə görə gəlmişdi? 
– Bəli... 
– Ola bilməz! – frölayn Bürstner güldü. 
– Olar! Elə bilirsiniz, mən günahsızam? 
– Hə, günahsız... Mən elə bu dəqiqə nəticəsi bəlkə də ağır olan hökm vermək istəməzdim, sizi 
də elə yaxından tanımıram. Ancaq çox ağır cinayət olmalıdır ki, kiminsə arxasınca evə 
istintaq komissiyası göndərilsin. Ancaq indi siz azadlıqdasınız, bu sakit görkəminizdən bilinir 
ki, həbsxanadan qaçmamalısınız, deməli, ağır cinayət törətməmisiniz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə