Fxslxgghpxn ncplhkxn ncpxl


İSLAM VƏ ALKOQOLLU İÇKİLƏR



Yüklə 3,89 Mb.
səhifə14/20
tarix02.03.2018
ölçüsü3,89 Mb.
#28627
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

İSLAM VƏ ALKOQOLLU İÇKİLƏR


İslamın tə᾽lim-tərbiyə üsulları bütün dünyaya şamil olan və insanların həqiqi səadətini tə᾽min edən, ilahi vəhyə əsaslanmış qayda-qanunlardır. Dinimizə də᾽vət ağıla, vicdana və daxili hisslərə xitab etməklə möhkəmlənir. Qur᾽ani-Kərimin bir çox ayələri e᾽tiqadi və əməli maarifimizi güclü dəlillərlə bəyan edir; Həmin dəlillərlə hədəf və məqsədlərimizi göstərir. İslam əqlin və zəkanın gücü ilə insanları heyvanlar cərgəsindən çıxarmaq istəyir; onu yaradılışda nəzərdə tutulan məqsədə və hədəfə doğru aparmağa çalışır. İslam fərdi və ictimai yaşayışı əqlin öhdəsinə qoyur və bu ne᾽mətə böyük qiymət verir. Əqli, insana yol göstərən daxili peyğəmbər kimi tanıtdırır. Bu böyük ne᾽mətin təbii fəaliyyətini zəiflədən və onu aradan aparan hər bir şeyin qarşısını almağı vacib bilir.

Spirtli içkilər əqlin fəaliyyətinə çox pis tə᾽sir göstərən amillərdəndir. Alkoqol həm sağlamlığa, həm də mə᾽nəviyyata sarsıdıcı zərbə vurur. İnsan əqlini korlayan alkoqollu içkiləri İslam dini kəskin şəkildə qadağan edir və hətta bir qətrə bu içkilərdən içmək böyük günah sayılır.

İslamın meydana gəldiyi mühitdə (Ərəbistan yarımadası) şərab içmək çox geniş yayılmışdı. Cahiliyyət dövründəki ərəblər bu çirkin əmələ adət etmişdilər. Adamlar cəhalət və fəsad içərisində qərq olmuşdular. Belə bir mühitdə vəsfolunmaz təqva və imana malik olan əzəmətli İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.v.v) zühur etdi. O, Allahın vəhyinə əsasən, xalqı İslama də᾽vət etməyə başladı.

Cahiliyyətdən miras qalan bir sıra çirkin adətlər kimi, şərabın da qadağan edilməsi və ərəblərin onu tərk etməsi İslamın heyrətamiz müvəffəqiyyətlərindəndir. Əlbəttə, şərabın qadağan edilməsi və haram buyurulması tədricən baş vermişdi. Nəhayətdə açıq şəkildə şərabın ziyanları göstərildi və onu içmək haram buyurularaq qəti şəkildə qadağan edildi.



«Şübhəsiz, şeytan içki qumarla aranıza ədavət kin salmaq, sizi Allahı yada salmaqdan namaz qılmaqdan ayırmaq istəyir (Maidə surəsi 91-ci ayə).

Şərabı qadağan edən ayə nazil olan vaxt bə᾽zi ərəblər içki içməklə məşğul idilər. Ayəni eşitdikdən sonra fikirləşmədən şərab qablarını sındırmağa və içərisindəkiləri yerə tökməyə başladılar. Ənəs ibni Malik deyirdi: «Ayə nazil olan vaxt biz Əbu Təlhənin mənzilində şərab içməklə məşğul idik. Peyğəmbərin carçısının nidasını eşitdik: Ey müsəlmanlar! Agah olun ki, şərab haram e᾽lan edildi və gərək onu küçələrə tökəsiniz.

Əbu Təlhə məndən şərabları küçəyə tökməyi tələb etdi və mən də onun göstərişinə əməl etdim. Bə᾽ziləri şərab qablarını sındırırdılar və küçələrə o qədər şərab tökülmüşdü ki, yağış yağan vaxt yerdə şərabın rəngi və iyi zahir olurdu».

Bu qanun müsəlmanlar arasında elə nüfuz etmişdi ki, İslam ordusunun tutduğu hər bir ölkədə qısa zaman ərzində şərabdan əsər-əlamət qalmırdı. İndinin özündə də milyonlarla müsəlman tapmaq olar ki, ömrü boyu bir qətrə də şərab içməyib.

Bəşəri qanunlarda nöqsanların aşkar olması ilə onun haldan-hala düşməsi və onların öz əvvəlki fikirlərini dəyişmələri bu qanunlarda tə᾽sirini qoyur. Qanunların dəyişməsi də insanları müxtəlif dəyişikliklər etməyə məcbur edir. Aşağıda göstərəcəyimiz bu iki təcrübəyə diqqət yetirin:

Birinci təcrübə ABŞ-da vaxtilə alkoqollu içkilərin qadağan olunması haqqındakı qanun və onun nəticələri barəsində, ikinci təcrübə isə İslamın zühurunun əvvəllərində şərabı qadağan edən ayənin nazil olması ilə əlaqədardır. Bu iki təcrübənin müqayisəsi çox ibrətamizdir.

ABŞ konstitusiyasının 18-ci maddəsinin düzəlişinə əlavə edilməzdən qabaq, bu ölkədə bir qrup xeyirxah adam alkoqollu içkilər əleyhinə güclü və geniş təbliğat kompaniyasına başladılar. Onlar müxtəlif kitablar, məqalələr, dəlillər vasitəsilə 10 il müddətində, alkoqolun insanların cisminə, sağlamlığına, mə᾽nəviyyatına habelə iqtisadiyyata vurduğu ziyanları xalqa başa salırdılar.

Bu təbliğatın başlamasından 1925-ci ilə qədər 65 milyon dollar həmin kompaniyanın aparılmasına sərf edilmişdi. Nəticədə xalqın böyük əksəriyyəti Amerika konqresindən alkoqollu içkiləri qadağan edən qanun çıxarılmasını tələb etdi. Dəqiq araşdırmalardan, habelə bunun mənfi və müsbət cəhətləri öyrənildikdən sonra, ABŞ konqresi və Senatı alkoqollu içkilərin ölkədə qadağan olunması haqqında qanun qəbul etdi.

Amma bu qanun hələ qüvvəyə minməmiş, içkiyə adət etmiş xalq öz əvvəlki əqidəsindən əl çəkdi. Gizli şərab zavodlarının sayı və qaçaq yolla ölkəyə alkoqollu içkilər gətirilməsi sür᾽ətlə artdı. Qanundan qabaq ölkədə 400-ə yaxın şərab zavodu var idisə, qanundan sonra gizli şərab zavodlarının sayı 80 minə çatdı! Tədriclə oğlan və qız uşaqları gizli restoranlara ayaq açmağa başladılar. Cinayətkarlığın statistikası sür᾽ətlə yüksəlirdi. Qanunun qüvvədə olduğu 13 il ərzində 200 nəfər öldürülmüş, 500 min nəfər məhkum edilmiş, 400 milyon dollarlıq əmlak müsadirə olunmuşdu.

Az yaşlılar arasında törədilən cinayətlərin sayı qadağandan əvvəlkinə nisbətən dəfələrlə artmışdı. Alkoqolizmdən xəstələnən və ölənlərin statistik göstəriciləri isə dəhşətli idi.

Xülasə, bütün bu itkilərdən sonra ABŞ hökuməti qanunu ləğv etməyə məcbur oldu. 1933-cü ilin dekabrında həmin qanun tamamilə və rəsmi surətdə ləğv edildi. «Mədəni cəmiyyət» yenə də «azadcasına» şərab içməyə başladı.

İngiltərədə bir vaxtlar hökumət alkoqollu içkilərin işlədilməsini azaltmaq məqsədilə qanun çıxarıb onu parlamentin təsdiqinə vermişdi. İngilislər bundan həyacana gəlmiş, müəssisə və mağazaları tə᾽til etmişdilər. Dövlət də əlacsız qalaraq qanunun icrasından vaz keçmişdi. Qanunvericilik və onun icrasındakı bu cür təzadlar cəmiyyətin meylləri və nəfsani istəklərindən doğur. İslamda isə yalnız cəmiyyətin sağlamlığı və səadəti nəzərə alınır və mənfi meyllərə, habelə xalqın istəklərinə fikir verilmir.

Elm inkişaf etdikcə, tədqiqatlar dərinləşdikcə alkoqolun cürbəcür və yeni-yeni ziyanları mə᾽lum olur. Zorakılıq, iffətsizlik, ailədə ixtilaflar və sair bəlalar alkoqolun törətdiyi «cinayətlərin» yalnız bir qismidir. Tibbi baxımdan onun insan orqanizminə vurduğu ziyan isə inkarolunmazdır.

Alkoqolun zərərləri haqqında minlərlə kitab yazılmış, müxtəlif dillərdə saysız-hesabsız jurnallar buraxılmış və onun əleyhinə uzun müddət güclü təbliğat aparılmışdır. Amma bütün bunlar İslamın təkcə bir qadağan qanunu ilə həyata keçirdiyi işlə müqayisədə çox əhəmiyyətsizdir.

İslamın yarandığı dövrlərdə şərab əleyhinə nə belə təbliğatlar aparılıb, nə də bu işə milyonlarla pul xərclənib. Yalnız Rəsuli-Əkrəm (s.ə.v.v) müsəlmanlara e᾽lan etmişdi ki, Allah şərab içməyi haram buyurur. Nəzərə almaq lazımdır ki, həmin dövrdə ərəblər üçün şərab içməkdən üstün sayılan başqa bir ləzzət yox idi! Xalq şiddətli dərəcədə bu dərdə mübtəla olmuşdu. Lakin Peyğəmbərin (s.ə.v.v) carçısı hələ sözünü bitirməmiş, xalq şərabdan əl çəkdi və onunla həmişəlik vidalaşdı.

İlahi qanunlarla bəşəri qanunların fərqlərindən biri də budur ki, insanlar cinayətlərinə görə cəza alacaqlarından qorxaraq, bəşəri qanunları pozmamağa çalışırlar. Aşkarda onlara riayət edib, gizlində isə həmin qanunlara heç bir əhəmiyyət vermirlər. Amma həqiqi mö᾽minlər ilahi qanunları heç vaxt pozmazlar. Çünki, elə bir yer yoxdur ki, həmin məkanda günah edilsin və Allah onu görməsin. Günahlardan çəkinməyin yolu Allahla rabitəni gücləndirməkdə və daim imanla yaşamaqdadır. Əgər insan bu dünyadakı yaşayışla həyatın bitməməsini başa düşsə və etdiyi günahlara görə axirətdə cavab verməli olacağına e᾿tiqad bəsləsə, onda onun həyat tərzi kamil insanın yaşayışına çevriləcək.

«Mədəni cəmiyyət»lər bu gün xalq üçün iradə azadlığını tə᾽min etdiklərini iddia edir və qanunların tə᾽yin olunmasında «milli iradə»yə əsaslandıqlarını söyləyirlər. Amma bu «milli iradə»ni təhlil etdikdə aydın olur ki, o əksəriyyətin azlıq üzərindəki ağalığıdır. Əgər xalqın 51%-i hansısa qanunun qəbul edilməsini istəsə, yerdə qalan 49%-in rə᾽yinə e᾽tina olunmur. Aydındır ki, «azadlıq»ın rə᾽yinin qanunda nəzərə alınmaması heç də «ümumi milli iradə» demək deyil. Azlıqda qalan insanların haqqının tapdalanması «azadlıq» sayıla bilərmi? Məgər köləlik insanları azadlıqdan məhrum etmək deyilmi? Əksəriyyətin əqidəsini azlığa zorla qəbul etdirmək əsarət adlandırılmırmı?

Ona görə də belə «azadlıq»da əslində köləlik gizlənmişdir. Amma ilahi qanunlarda xalq köləliyin bütün formalarından azad edilmişdir. Burada «əksəriyyət» və «azlıq»ın iradəsi ortaya çıxmır. Həmin qanunlar ümumi mənafeni tə᾽min etmək və cəmiyyətə həqiqi xoşbəxtlik və səadət bağışlamaq üçün nəzərdə tutulurlar.

Dindar bir şəxsin nəzərində bu qanunlara itaət etmək vacib iş sayılır. Çünki, onları tə᾽yin edən Allahın özüdür.

Bəşər qanunlarının təhlili göstərir ki, onlar heç vaxt insanları əxlaqsızlıq və mə᾽nəviyyatsızlıqdan çəkindirə bilmirlər. Bəşər müasir elm və texnalogiyalara nə qədər çox yiyələnsə də, mə᾽nəvi xəstəliklərdən yalnız Allaha iman gətirmək sayəsində xilas ola bilir. Burada qərb alimlərindən bir neçəsinin şərabın qadağan edilməsi barədə İslam qanunu haqqında söylədikləri fikirlərə nəzər salaq. İngilis alimlərindən biri deyir:

«İslamın ən yaxşı qanunlarından biri də şərabın haram edilməsidir. Şərab içən afrikalılar dəlilik həddinə çatırdılar. Ona adət etmiş avropalılar buna görə afrikalılara şərab içməyi qadağan etməliydilər və özləri də bu bəlanın həqiqi zərərini başa düşməliydilər. Şərab içən şimallıların ağlı zəifləyir, cənublular isə dəlilik həddinə çatırlar».

Valter yazırdı:

«Məhəmmədin dini məntiqli, ciddi, pak və insansevər bir ayindir. O, əsil dəlilik olan şirki heç vaxt qəbul etmir və Allah üçün bənzərlər, taylar düzəltmir. Onda heç bir ziddiyyət yoxdur. Bu din ciddidir; Həmin cəhətdən də şərab və qumarı haram sayır. Onların yerinə gündə beş dəfə namaz qılmağı əmr edir. Pak dindir; ona görə də İslama qədər Asiyada geniş yayılmış çoxarvadlılığı dörd daimi kəbinlə məhdudlaşdırır. İnsansevər bir dindir; o cəhətdən də zəkatı və imkansızlara köməyi həccdən daha vacib hesab edir. Bütün bunlar İslamın həqiqi nişanələridir».

Başqa bir avropalı alim Jül La Bum isə belə deyir:

«Ərəblər şərab içməkdə ifrat dərəcəyə çatmışdılar və qumarı halal sayırdılar. Kişi istədiyi qədər evlənə bilərdi və istədiyi vaxt da arvadını boşamağa icazəsi vardı. Belə boşanmış qadınlar keçmiş ərləri öldükdən sonra həmin kişilərin oğulları tərəfindən yenidən arvadlığa qəbul edilirdilər! İslam dini bütün bu adətləri kənara atdı.»

Professor Edvard Monte deyir: «Qur’anın ərəblər arasında yayılmış qız uşaqlarının qətli kimi insanın qurban edilməsi, spirtli içkilərin istifadəsi və qumar oyunlarını qadağan edərək bu kimi islahatların sayəsində ərməğan gətirdiyi tərəqqi bais oldu ki, biz Məhəmmədi (s) ən humanist insanların önündə görək.»



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə