Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında



Yüklə 131,92 Kb.
tarix21.10.2017
ölçüsü131,92 Kb.
#6272

Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında

Azərbaycan Respublikası Qanunu
Bu Qanun gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığının qorunması və bu sahələrdə Azərbaycan Respublikasının müvafiq beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir.
I fəsil

Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik - gen mühəndisliyi fəaliyyətini həyata keçirən zaman gen mühəndisliyi orqanizmlərinin insan sağlamlığına və ətraf mühitə zərərli təsirlərinin qarşısının alınması və ya təhlükəsiz həddə qədər azaldılmasına yönəldilən tədbirlər sisteminin yerinə yetirilməsi vasitəsilə əldə edilən təhlükəsizlik vəziyyəti;

1.0.2. Gen mühəndisliyi fəaliyyəti – gen mühəndisliyi orqanizmlərinin yaradılması, sınaqlarının aparılması məqsədi ilə ətraf mühitə buraxılması, elmi-tədqiqat və istehsal fəaliyyətində istifadəsi, Azərbaycan Respublikasına idxalı, onun ərazisindən ixracı və tranzit daşınması, saxlanması, mühafizəsi və zərərsizləşdirilməsi ilə bağlı fəaliyyət;

1.0.3. Gen mühəndisliyi- nuklein turşularının molekulları ilə hüceyrədən kənarda aparılan manipulyasiyalar və yaradılmış gen konstruksiyalarının canlı orqanizmə köçürülməsi yolu ilə genetik materialın yeni kombinasiyalarının alınması texnologiyası;

1.0.4. Gen mühəndisliyi orqanizmi (genetik cəhətdən dəyişdirilmiş orqanizm, genetik modifikasiya olunmuş orqanizm, transgen orqanizm)- gen mühəndisliyinin köməkliyi ilə alınmış, genetik materialın tərkibində yeni genetik kombinasiyaya malik canlı orqanizm;

1.0.5. Genetik material - tərkibində həqiqi funksional irsiyyət vahidləri olan hər hansı bitki, heyvan, mikrob və ya digər mənşəli material;

1.0.6. Canlı orqanizm - steril orqanizmlər, viruslar və viroidlər də daxil olmaqla genetik materialın ötürülməsi və təkrarlanmasına qadir olan istənilən bütöv bioloji varlıq;

1.0.7. Mikroorqanizm- bakteriyalar və viruslar da daxil olmaqla, genetik materialın ötürülməsinə və ya təkrarlanmasına qadir olan hüceyrəli və ya hüceyrəsiz canlı mikrob;

1.0.8. Patogen olan gen mühəndisliyi orqanizmləri- insan xəstəlikləri törədə bilən orqanizmlər;

1.0.9. Patogen olmayan gen mühəndisliyi orqanizmləri- insan xəstəlikləri törətmək qabiliyyəti olmayan orqanizmlər;

1.0.10. Şərti patogen gen mühəndisliyi orqanizmləri- müəyyən şəraitlərdə insan xəstəlikləri törədə bilən orqanizmlər;

1.0.11. Qapalı sistem- gen mühəndisliyi orqanizmləri ilə bağlı əməliyyatların yerinə yetirildiyi, gen mühəndisliyi orqanizmlərinin ətraf mühit ilə təmasını və ona təsirləri istisna edən xüsusi avadanlıq və cihazlarla təmin edilmiş fiziki struktur (qurğu, tikili, və s.);

1.0.12. Qapalı sistemlərdən istifadə- gen mühəndisliyi orqanizmlərinin insanlarla və ətraf mühitlə əlaqəsinin təcrid edilməsi və ya məhdudlaşdırılması yolu ilə nəzarət altında yerləşdirilməsi, çoxaldılması, saxlanılması, istifadəsi, daşınması, məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi;

1.0.13. Gen mühəndisliyi orqanizmlərindən istifadə- gen mühəndisliyi orqanizmlərdən istifadə olunmaqla yeni bitki sortlarının, heyvan cinslərinin mikroorqanizmlərin ştamplarının alınması, onların kənd təsərrüfatı və mikrobioloji məhsulların istehsalı üçün və digər məqsədlərlə çoxaldılması və (və ya) becərilməsi, habelə onların tədqiqi, sınağı və sənaye istehsalı ilə bağlı fəaliyyət;

1.0.14. Bilərəkdən ətraf mühitə buraxılma- xüsusi təcrid etmə tədbirləri tələb etməyən, insanlar və ətraf mühit üçün yüksək təhlükəsizlik səviyyəsi ilə fərqlənən gen mühəndisliyi orqanizmlərinin və ya onların kombinasiyalarının ətraf mühitə bilərəkdən buraxılması;

1.0.15. Bilmədən ətraf mühitə buraxılma- gen mühəndisliyi orqanizmlərinin və ya onların kombinasiyalarının ətraf mühitə bilərəkdən buraxılması ilə bağlı olmayan digər buraxılmalar;

1.0.16. Risk- qapalı sistemdə istifadə edilən gen mühəndisliyi orqanizmlərinin bilmədən ətraf mühitə buraxılması nəticəsində insan sağlamlığına və ətraf mühitə dərhal və ya gələcəkdə ciddi təsir göstərə bilən hadisə ehtimalı;

1.0.17. Risklərin qiymətləndirilməsi- gen mühəndisliyi orqanizmlərinin və ya onların əsas və törəmə məhsullarının ətraf mühitə buraxılması nəticəsində insan sağlamlığına və ətraf mühitə dərhal və ya gələcəkdə bilavasitə və ya dolayı yollarla təsirlərinin qiymətləndirilməsi;

1.0.18. Risklərin menecmenti- qəza hadisələri zamanı risklərin və tədbirlərin monitorinqinin keçirilməsi üzrə işlərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi;

1.0.19. Bildiriş- gen mühəndisliyi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin icazə almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənəd


Maddə 2. Qanunun tətbiq dairəsi.
Bu Qanunla nəzərdə tutulan hüquqi tənzimləmə insan, onun orqanları və toxumalarına gen mühəndisliyinin tətbiqi ilə bağlı münasibətlərə şamil edilməklə gen mühəndisliyi orqanizmlərindən alınmış tibbi preparatlar, həmçinin ərzaq xammalına və onlardan istifadə etməklə qida maddələri, heyvan yemləri istehsalına və onların istehlakına yönəldilmişdir.

Maddə 3. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında qanunvericilik.

3.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlarından, gömrük, səhiyyə, tullantılar haqqında qanunvericilikdən, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin normaları tətbiq edilir.
Maddə 4. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində münasibətlərin obyektləri və subyektləri.
4.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində münasibətlərin obyekti gen mühəndisliyi orqanizmləri və gen mühəndisliyi fəaliyyətini tənzimləyən hüquqdur.

4.2. Gen mühəndisliyi fəaliyyətinin təhlükəsizlik sahəsində münasibətlərin subyekti bu sahədə dövlət idarəçiliyini təmin edən dövlət orqanları, gen mühəndisliyi fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdir.

4.3. Beynəlxalq müqavilələrlə digər hallar müəyyənləşdirilməyibsə, bu Qanunun müəyyən etdiyi tələblər xarici və beynəlxalq hüquqi şəxslərin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə aparılan gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində münasibətlərə də şamil edilir.

4.4. Gen mühəndisliyi ilə bağlı fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada həyata keçirilir.

4.5. Gen mühəndisliyi fəaliyyəti ilə aşağıdakılar məşğul ola bilər:

4.5.1. sağlamlığı və professional hazırlığı olan, bu sahədə təhlükəsizliyi təmin edə biləcək fiziki şəxslər;

4.5.2. müvafiq binası, avadanlığı, ləvazimat və işçiləri olan, insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz şəraitdə fəaliyyətini təmin edə bilən hüquqi şəxslər;

4.6. Hüquqi şəxslər III və IV sinif risklərə daxil olan fəaliyyəti həyata keçirdikdə müvafiq qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdır. Xüsusi razılıq (lisenziya) tələb edən bu fəaliyyət sahələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 5. Gen mühəndisliyi fəaliyyətinin növləri
5.1. Gen mühəndisliyi fəaliyyətinin növləri aşağıdakılardır:

5.1.1. gen mühəndisliyi fəaliyyəti nəticəsində genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə etməklə dərman preparatlarının istehsalı;

5.1.2. gen mühəndisliyi fəaliyyəti nəticəsində genetik modifikasiya olunmuş orqanizmlərin (virus, mikroorqanizm, transgen bitkilər və heyvanlar, həmçinin onların hüceyrələri) yaradılması, çoxaldılması, sınaqlar aparmaq və istifadə etmək üçün rekombinant ribonuklein və dezoksiribonuklein turşularının iştirakı ilə molekulyar və hüceyrə səviyyəsində genetik manipulyasiyaların aparılması;

5.1.3. xəstə insanlarda gen diaqnostikası və gen terapiyası aparmaq məqsədi ilə rekombinant ribonuklein və dezoksiribonuklein turşularının iştirakı ilə molekulyar və hüceyrə səviyyəsində genetik manipulyasiyalarının aparılması;

5.1.4. genetik modifikasiya olunmuş orqanizmlərin və onlardan alınmış məhsulların saxlanılması, basdırılması, məhvi, habelə gen mühəndisliyi metodlarının tətbiqi nəticəsində yaranan tullantıların zərərsizləşdirilməsi;

5.1.5. laboratoriya, klinik, çöl-tarla, təcrübə-sənaye tədqiqatları da daxil olmaqla genetik modifikasiya olunmuş orqanizmlərlə müxtəlif tədqiqat işlərinin aparılması;

5.1.6. genetik modifikasiya olunmuş orqanizmlərin ətraf mühitə buraxılması;

5.1.7. beynəlxalq fəaliyyət sahələri də daxil olmaqla bu işə səlahiyyətli orqan tərəfindən verilmiş keyfiyyət sertifikatı və ya onun tərəfindən tanınan uyğunluq nişanı olmayan gen mühəndisliyi, texnologiyalar, genetik modifikasiya olunmuş orqanizmlər və onlardan alınan məhsulların idxal-ixracı, mal dəyişdirilməsi, sərhəd yerdəyişməsi və bununla bağlı digər əməliyyatlar;

5.1.8. gen mühəndisliyi metodunun tətbiqi ilə toxum, kök, çilik, tozcuq və s. daxil olmaqla genetik modifikasiya olunmuş canlı orqanizmlərin (bilərəkdən) ətraf mühitə buraxılması və bazara çıxarılması;

5.1.9. tərkibində genetik modifikasiya olunmuş orqanizmlər və ya onların emal edilməmiş və edilmiş komponentləri olan emal məhsullarının (bilərəkdən) ətraf mühitə buraxılması və bazara çıxarılması;

5.2. Gen mühəndisliyi fəaliyyətinin növlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 6. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyin təmin

edilməsi sistemi, bu sahədə dövlət siyasətinin əsas

istiqamətləri və prinsipləri
6.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyin təmin edilməsi sistemi özündə aşağıdakıları ehtiva edir:

6.1.1. gen mühəndisliyi zamanı təhlükəsizliyin təmin edilməsi sahəsində normativ hüquqi aktların və texniki normaların qəbul edilməsi;

6.1.2. səlahiyyətli dövlət orqanları tərəfindən gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılığın (lisenziyanın) verilməsi və gen mühəndisliyi orqanizmlərinin dövlət qeydiyyatının aparılması;

6.1.3. gen mühəndisliyi fəaliyyətində təhlükəsizliyə dair tələblərin müəyyən edilməsi və onların yerinə yetirilməsi;

6.1.4. gen mühəndisliyi fəaliyyəti sahəsində təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərin müəyyənləşdirilməsi və onların yerinə yetirilməsi;

6.1.5. gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyinin dövlət ekspertizasının aparılması;

6.1.6. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində nəzarətin həyata keçirilməsi;

6.1.7. gen mühəndisliyi fəaliyyəti sahəsində dövlət qeydiyyatının aparılması;

6.1.8. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi;

6.1.9. qanunvericiliyə müvafiq olaraq gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyə dair digər tədbirlərin həyata keçirilməsi;

6.2. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət tənzimləməsinin əsas istiqamətləri aşağıdakılardır:

6.2.1. əhalinin normal həyat şəraitinin təmin edilməsi və sağlamlığının qorunması;

6.2.2. ətraf mühitin mühafizəsi və bərpası, bioloji müxtəlifliyin saxlanılması;

6.2.3. aqrar sahənin səmərəliliyinin yüksəldilməsi;

6.2.4. gen mühəndisliyi fəaliyyəti sahəsində kadr heyətinin saxlanılmasının, onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinin təmin edilməsi.

6.3. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyin təmin edilməsinin əsas prinsipləri aşağıdakılardır:

6.3.1. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;

6.3.2. bioloji müxtəlifliyin və təbii-ekoloji sistemin mühafizə edilməsi;

6.3.3. gen mühəndisliyi fəaliyyətinin insan sağlamlığı və ətraf mühitin vəziyyəti üçün mümkün əlverişsiz təsirlərlə bağlı riskləri qiymətləndirərkən problemə elmi cəhətdən əsaslandırılmış əlaqəli və fərdi yanaşma;

6.3.4. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət;

6.3.5. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının məlumat almaq imkanları;

6.3.6. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq;

6.3.7. xüsusiyyətləri və alınma metodları haqqında məlumatları tam göstərməklə gen mühəndisliyi fəaliyyətinin nəticəsi olan məhsulların sertifikatlaşdırılması.
Maddə 7. Təhlükə səviyyəsindən asılı olaraq gen mühəndisliyi

fəaliyyətində risklərin sinifləri
7.1. Gen mühəndisliyi orqanizmləri ilə fəaliyyətin hər hansı bir növünü həyata keçirərkən insan sağlamlığı və ətraf mühit üçün yaranmış potensial təhlükə səviyyəsindən asılı olaraq risklər aşağıdakı siniflərə bölünür:

7.1.1. birinci sinif-şərti patogen olmayan mikroorqanizmlərdən istifadə riski ilə müqayisədə aşağı riskli fəaliyyətə uyğundur;

7.1.2. ikinci sinif-şərti patogen mikroorqanizmlərdən istifadə riski ilə müqayisədə aşağı riskli fəaliyyətə uyğundur;

7.1.3. üçüncü sinif-səmərəli profilaktika və müalicə tədbirləri mövcud olan təhlükəli infeksion xəstəlikləri əmələ gətirmək və infeksiyanı yaymağa qadir gen mühəndisliyi orqanizmləri ilə iş;

7.1.4. dördüncü sinif-səmərəli profilaktika və müalicə tədbirləri mövcud olmayan xüsusi təhlükəli infeksion xəstəliklərin törədiciləri hesab olunan və sürətlə yayılmaq xüsusiyyətlərinə malik olan gen mühəndisliyi orqanizmləri ilə iş.

7.2. Laboratoriya tədqiqatları çərçivəsindən kənarda, qapalı sistemlərdə mikroorqanizmlərlə, eləcə də qapalı olmayan sistemlərdə həyata keçirilən fəaliyyət növləri üçüncü və dördüncü sinif risklərə aiddir.

7.3. İkinci, üçüncü və dördüncü sinif risklərə aid olan fəaliyyət hökmən qapalı sistemlərdə və ancaq dövlət təşkilatları (müəssisələri) tərəfindən aparıla bilər.
Maddə 8. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

beynəlxalq əməkdaşlıq.
Azərbaycan Respublikasının gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində, beynəlxalq əməkdaşlığı ümumi qəbul edilmiş prinsiplər, beynəlxalq hüquq normaları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq olaraq həyata keçirilir.
II fəsil

Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində idarəetmə və təhlükəsizliyə dair tələblər
Maddə 9. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

idarəetmə sistemi.
Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimai təşkilatlar daxildir.
Maddə 10. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

dövlətin vəzifələri.
10.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

10.1.1. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində normativ-hüquqi aktlar və texniki normalar qəbul etmək;

10.1.2. gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qaydalar müəyyən etmək;

10.1.3. gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyi sahəsində dövlət ekspertizasını təşkil etmək, onun aparılması qaydasını müəyyənləşdirmək;

10.1.4. gen mühəndisliyi fəaliyyətinin nəticəsi olan yeni bitki sortlarının, heyvan cinslərinin və mikroorqanizmlərin ştamplarının dövlət qeydiyyatı qaydalarını müəyyən etmək;

10.1.5. gen mühəndisliyi orqanizmlərinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması, ölkədən ixracı və onun ərazisindən tranzit daşınmaların qaydalarını müəyyən etmək;

10.1.6. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən etmək;

10.1.7. patogen olmayan gen mühəndisliyi orqanizmlərinin sınaqlarının aparılması məqsədilə onların ətraf mühitə buraxılmasına müəyyən olunmuş qaydada razılıq vermək;

10.1.8. gen mühəndisliyi orqanizmlərinin sınağı üzrə poliqonlarda təhlükəsizlik tələblərini müəyyənləşdirmək;

10.1.9. ətraf mühitə buraxılacaq gen mühəndisliyi orqanizmlərinin sınaqlarının aparılması qaydalarını müəyyən etmək;

10.1.10. gen mühəndisliyi orqanizmlərinin ətraf mühitin vəziyyətinə və insan sağlamlığına mümkün zərərli təsir risklərinin qiymətləndirilməsinin aparılması qaydalarını müəyyən etmək;

10.1.11. müəyyən olunmuş qaydada patogen olmayan gen mühəndisliyi orqanizmlərinin Azərbaycan Respublikasının ərazisinə idxalına və sınaqların aparılması məqsədilə ətraf mühitə buraxılmasına razılıq vermək;

10.1.12. öz səlahiyyətləri daxilində gen mühəndisliyi zamanı təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirmək;

10.1.13. qapalı sistemdə həyata keçirilən ikinci, üçüncü və dördüncü sinif risklərə aid olan gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində normativ-hüquqi aktları və texniki normaları qəbul etmək;

10.1.14. qapalı sistemdə ikinci, üçüncü və dördüncü sinif risklərə aid olan gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsinə müəyyən olunmuş qaydada razılıq vermək;

10.1.15. şərti patogen və patogen gen mühəndisliyi orqanizmlərinin Azərbaycan Respublikasının ərazisinə idxalına, ölkədən ixracına və onun ərazisindən tranzit daşınmalarına müəyyən olunmuş qaydada razılıq vermək;

10.1.16. şərti patogen və patogen gen mühəndisliyi orqanizmlərinin daşınması zamanı təhlükəsizlik tələblərini müəyyən etmək;

10.1.17. gen mühəndisliyi orqanizmlərinin təsərrüfat fəaliyyətində istifadə olunması zamanı təhlükəsizlik sahəsində normativ hüquqi aktlar və texniki normalar qəbul etmək;

10.1.18. öz səlahiyyətləri daxilində gen mühəndisliyi fəaliyyətinin nəticəsi olan yeni bitki sortlarının, heyvan cinslərinin, mikroorqanizmlərin ştamplarının dövlət qeydiyyatını aparmaq;

10.1.19. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;

10.2. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində dövlətin vəzifələrini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.
Maddə 11. Gen mühəndisliyi sahəsində fəaliyyəti həyata keçirən şəxslərin

hüquq və vəzifələri
11.1. Gen mühəndisliyi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin hüquqları aşağıdakılardır:

11.1.1. gen mühəndisliyi sahəsində fəaliyyəti müəyyən edilmiş qaydada verilən razılıq (lisenziya) əsasında həyata keçirmək;

11.1.2. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarına müəyyən edilmiş qaydada təkliflər vermək;

11.1.3. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən yuxarı dövlət orqanlarına və ya məhkəməyə şikayət vermək;

11.1.4. qanunvericiliyə müvafiq olaraq gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində digər hüquqları həyata keçirmək;

11.2. Gen mühəndisliyi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin vəzifələri aşağıdakılardır:

11.2.1. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyin tələblərinə riayət etmək;

11.2.2. gen mühəndisliyi fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin olunması sahəsində tədbirləri müəyyənləşdirmək;

11.2.3. gen mühəndisliyi fəaliyyətini həyata keçirmək üçün müəyyən olunmuş qaydada verilmiş xüsusi razılığa (lisenziyaya) malik olmaq;

11.2.4. gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsinə verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən tələbləri yerinə yetirmək;

11.2.5. öz təsərrüfat fəaliyyətində ancaq dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və onların təhlükəsizliyi haqqında qablaşdırılma materialının üstündə və malı müşayiət edən sənədlərdə müvafiq məlumatlar olan gen mühəndisliyi orqanizmlərindən istifadə etmək;

11.2.6. gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyi barədə tam və etibarlı məlumatlar olan sənədləri gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyinin dövlət ekspertizasına və gen mühəndisliyi orqanizmlərinin dövlət qeydiyyatına təqdim etmək;

11.2.7. həyata keçirdikləri gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik məsələləri ilə maraqlanan hüquqi və fiziki şəxslərin, ictimai birliklərin müraciətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;

11.2.8. müəyyən edilmiş qaydada gen mühəndisliyi fəaliyyəti sahəsində uçot (qeydiyyat) və hesabat işlərinin həyata keçirilməsini aparmaq;

11.2.9. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində müəssisə (istehsalat) nəzarətini təşkil etmək və həyata keçirmək;

11.2.10. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının, onların ərazi vahidlərinin və vəzifəli şəxslərinin gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində müəyyən etdikləri qanun pozuntularının aradan qaldırılmasına dair verdikləri göstərişləri yerinə yetirmək.


Maddə 12. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyə dair

ümumi tələblər.
12.1. Gen mühəndisliyi fəaliyyətini həyata keçirən şəxslər gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində tədbirlər müəyyənləşdirir və həyata keçirir.

12.2. Gen mühəndisliyi fəaliyyətini həyata keçirən şəxslər normativ hüquqi aktların tələblərinə uyğun olaraq insanların və ətraf mühitin bioloji və fiziki mühafizəsini təmin etməlidir.

12.3. Qapalı sistemdə gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsi və sınaqların aparılması üçün gen mühəndisliyi orqanizmlərinin ətraf mühitə buraxılması ilə bağlı işlərin görülməsinə peşəkar hazırlığı olan və gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyin təmin olunmasına zəmanət verən işçilərə icazə verilir.

12.4. Bu qanunun gen mühəndisliyi fəaliyyətini həyata keçirməyə icazə verən müddəalarına və müvafiq qanunvericiliyə uyğun olaraq gen mühəndisliyi fəaliyyəti zamanı tətbiq olunan təhlükəsizlik tələblərinə, həmçinin gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsinə məhdudiyyət tətbiq edilə bilər.

12.5. Gen mühəndisliyi orqanizmlərinin daşınması və saxlanması zamanı onları müşayiət edən sənədlərdə və qablaşdırıldığı qutuların üstündə onların gen mühəndisliyi orqanizmi olması barədə məlumat mütləq göstərilməlidir.

12.6. Gen mühəndisliyi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən gen mühəndisliyi orqanizmlərinin təsərrüfat fəaliyyətində istifadəsi, daşınması və saxlanması zamanı onların digər orqanizmlərdən ayrı saxlanılması təmin edilməlidir.


Maddə 13. Qapalı sistemdə həyata keçirilən gen mühəndisliyi fəaliyyəti

zamanı təhlükəsizliyə dair tələblər
13.1. Qapalı sistemdə ikinci, üçüncü və dördüncü sinif risklərə aid olan gen mühəndisliyi fəaliyyəti yalnız müvafiq icra hakimiyyəti orqanının gen mühəndisliyi fəaliyyəti ilə məşğul olmaq haqqında xüsusi razılığı (lisenziyası) olduğu halda həyata keçirilir.

13.2. Gen mühəndisliyi fəaliyyətində risklərin səviyyəsinin, həmçinin, ikinci, üçüncü və dördüncü sinif risklərə aid olan işlərin həyata keçirildiyi qapalı sistemlərə olan tələblərin təyin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.3. Gen mühəndisliyi fəaliyyətinin həyata keçirildiyi qapalı sistemin akkreditasiya olunması məcburidir. Risklərin bütün siniflərinə aid olan işlərin aparıldığı qapalı sistemlərin məcburi akkreditasiyası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalarla həyata keçirilir.

Maddə 14. Sınaqların keçirilməsi məqsədi ilə gen mühəndisliyi

orqanizmlərinin ətraf mühitə buraxılması zamanı

təhlükəsizliyə dair tələblər.
14.1. Sınaqların aparılması üçün patogen olmayan gen mühəndisliyi orqanizmlərinin ətraf mühitə buraxılmasına icazə verilir.

14.2. Patogen olmayan gen mühəndisliyi orqanizmlərinin sınaqlarının keçirilməsi üçün ətraf mühitə buraxılması müvafiq icra hakimiyyəti orqanının xüsusi razılığı (lisenziyası) olduğu hallarda həyata keçirilir.

14.3. Gen mühəndisliyi orqanizmlərinin sınaqlarının keçirilməsi məqsədi ilə onların ətraf mühitə buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14.4. Gen mühəndisliyi orqanizmlərinin sınaqlarının keçirilməsi məqsədi ilə onların ətraf mühitə buraxılması gen mühəndisliyi orqanizmlərinin sınaqlarının aparılması nəzərdə tutulan və bu məqsədlərlə xüsusi avadanlıqlarla təchiz edilmiş xüsusi poliqonlarda həyata keçirilir.

14.5. Gen mühəndisliyi orqanizmlərinin sınaqlarının keçirilməsi nəzərdə tutulan poliqonlarda olan təhlükəsizlik tələbləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

14.6. Ətraf mühitə buraxılarkən gen mühəndisliyi orqanizmləri ilə sınaqların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 15. Gen mühəndisliyi orqanizmlərindən təsərrüfat fəaliyyətində

istifadə zamanı təhlükəsizliyə dair tələblər.
15.1. Şərti patogen və patogen gen mühəndisliyi orqanizmlərindən təsərrüfat fəaliyyətində istifadə edilməsi qadağandır.

15.2. Ölkə daxilində istifadə olunmuş, həmçinin digər dövlətlərdən Azərbaycan Respublikası ərazisinə gətirilmiş gen mühəndisliyi bitkilərinin sortlarından, heyvan cinslərindən və mikroorqanizmlərin ştamplarından təsərrüfat fəaliyyətində istifadəyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir.

15.3. Gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyinə dair dövlət ekspertizası başa çatdıqdan sonra ətraf mühitə buraxılmış gen mühəndisliyi orqanizmlərinin sınaqlarından müsbət nəticələr əldə edildiyi hallarda dövlət qeydiyyatı həyata keçirilir.
Maddə 16. Gen mühəndisliyi orqanizmlərinin daşınması zamanı

təhlükəsizliyə dair tələblər.
16.1. Patogen olmayan gen mühəndisliyi orqanizmlərinin daşınmasını həyata keçirən nəqliyyat vasitələri gen mühəndisliyi orqanizmlərinin icazəsiz ətraf mühitə buraxılması imkanlarını istisna edə bilən texniki vasitələrlə təmin olunmalıdır.

16.2. Şərti patogen və patogen olmayan gen mühəndisliyi orqanizmlərinin daşınması təhlükəli yüklərin daşınması haqqında qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu orqanizmlərin daşınması zamanı təhlükəsizliyə dair müəyyən edilən tələblərə müvafiq olaraq həyata keçirilməlidir.


Maddə 17. Gen mühəndisliyi orqanizmlərinin Azərbaycan

Respublikasına idxalı, ölkədən ixracı və onun ərazisindən

tranzit ötürülməsi zamanı təhlükəsizliyə dair tələblər.
17.1. Sınaqların keçirilməsi məqsədi ilə ətraf mühitə buraxılması nəzərdə tutulan patogen olmayan gen mühəndisliyi orqanizmlərinin Azərbaycan Respublikasına idxalına, bu qanunun 14-cü maddəsinə uyğun olaraq sınaqların keçirilməsi məqsədilə gen mühəndisliyi orqanizmlərinin ətraf mühitə buraxılmasına dair xüsusi razılığın (lisenziyasının) olduğu hallarda yol verilir.

17.2. Təsərrüfat fəaliyyətində istifadə etmək üçün nəzərdə tutulan patogen olmayan gen mühəndisliyi orqanizmlərinin Azərbaycan Respublikasına idxalına bu Qanunun 15-ci maddəsinə uyğun olaraq gen mühəndisliyi orqanizmlərinin bitki sortlarının, heyvan cinslərinin və mikroorqanizmlərinin ştamplarının dövlət qeydiyyatı haqqında şəhadətnaməsi olduğu hallarda icazə verilir.

17.3. Patogen olmayan gen mühəndisliyi orqanizmlərinin Azərbaycan Respublikası ərazisindən tranzit daşınmalarına müvafiq icra hakimiyyəti orqanına bu barədə yükü daşıyan tərəfdən rəsmi bildiriş təqdim edildikdən sonra icazə verilir.

17.4. Şərti patogen və patogen olmayan gen mühəndisliyi orqanizmlərinin Azərbaycan Respublikasına idxalına və onun ərazisindən tranzit daşınmalarına müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi qaydada və müvafiq dövlət orqanı tərəfindən verilmiş idxala dair xüsusi razılıq (lisenziya) olduğu halda yalnız elmi-tədqiqat işlərinin aparılması məqsədilə icazə verilir.

17.5. Gen mühəndisliyi orqanizmlərinin qeyri-qanuni idxalının həyata keçirildiyi hallarda idxalı həyata keçirən şəxs gömrük qanunvericiliyinə müvafiq olaraq onları ölkə ərazisindən çıxarır və ərazinin təmizlənməsini təmin edir.

17.6. Azərbaycan Respublikasından gen mühəndisliyi orqanizmlərinin ixracı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq olaraq gen mühəndisliyi orqanizmlərini qəbul edən dövlətin bu sahədə səlahiyyətli orqanı tərəfindən idxala dair icazə olduqda həyata keçirilir.

17.7. Azərbaycan Respublikasından şərti patogen və patogen gen mühəndisliyi orqanizmlərinin ixracı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq olaraq gen mühəndisliyi orqanizmlərini qəbul edən dövlətin bu sahədə səlahiyyətli orqanı tərəfindən idxala dair icazə və Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada ixraca dair xüsusi razılıq (lisenziya) olduğu hallarda həyata keçirilir.

Maddə 18. Gen mühəndisliyi orqanizmlərinin zərərsizləşdirilməsi

zamanı təhlükəsizliyə dair tələblər.
18.1. Gen mühəndisliyi orqanizmlərinin zərərsizləşdirilməsi istehsalat və məişət tullantıları haqqında qanunvericiliyə və bu maddəyə uyğun olaraq həyata keçirilir.

18.2. Qanunvericiliyə müvafiq olaraq tullantılara aid edilən, həmçinin aşağıda göstərilən gen mühəndisliyi orqanizmləri zərərsizləşdirilməlidir:

18.2.1. müəyyən olunmuş qaydada gen mühəndisliyi fəaliyyəti ilə məşğul olmağa xüsusi razılıq (lisenziya) olmadan ətraf mühitə buraxılmış orqanizmlər;

18.2.2. sınaqlarının aparılması üçün ətraf mühitə buraxılmasına dair müəyyən olunmuş qaydada razılıq (lisenziya) olmadan ətraf mühitə buraxılmış orqanizmlər;

18.2.3. dövlət qeydiyyatı haqqında şəhadətnaməsi olmadan təsərrüfat fəaliyyətində istifadə olunan gen mühəndisliyi bitki sortları, heyvan cinsləri və mikroorqanizmlərin ştampları.

18.3. Şərti patogen və patogen olmayan gen mühəndisliyi orqanizmlərinin zərərsizləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.


III fəsil

Gen mühəndisliyi orqanizmlərinin mühafizəsi və zərərsizləşdirilməsi
Maddə 19. Gen mühəndisliyi orqanizmlərinin mühafizəsinin mahiyyəti

və əsas istiqamətləri.
19.1 Gen mühəndisliyi orqanizmlərinin mühafizəsinin mahiyyəti bu orqanizmlərin qorunub saxlanılmasına, çoxaldılmasına və onlardan səmərəli istifadəyə yönəldilmiş hüquqi, iqtisadi və institusional tədbirlər sisteminin məcmusudur.

19.2. Gen mühəndisliyi sahəsində aşağıdakı tədbirlər həyata keçirilir:

19.2.1. gen mühəndisliyi orqanizmlərinin mühafizəsi və istifadəsinin təhlükəsizliyinə dair milli strategiyaların və dövlət proqramlarının hazırlanması və qəbulu;

19.2.2. genetik materialların qorunması və davamlı istifadəsi üçün əhəmiyyətli olan əsas komponentlərin müəyyənləşdirilməsi, onların monitorinqinin aparılması, bu tədbirlər nəticəsində əldə edilmiş məlumatların toplanması və sistemləşdirilməsi;

19.2.3. genetik materialların qorunması üçün xüsusi tədbirlər görülməsi zəruri olan rayonlaşdırmanın aparılması;

19.2.4. mühafizə edilən ərazilərdə və ya onların hüdudları xaricində genetik materialların qorunması üçün genetik ehtiyatların tənzimlənməsi və ya onlardan səmərəli istifadə;

19.2.5. nəsli kəsilmək təhlükəsi qarşısında olan orqanizmlərin səmərəli istifadəsinə dair tədbirlərin hazırlanması və onların icrası;

19.2.6. gen mühəndisliyi orqanizmlərinin və genetik materialların mühafizəsi və istifadəsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsi.

19.3. Nəsli kəsilmək təhlükəsi qarşısında olan orqanizmlərin genetik fondunun qorunub saxlanmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə elmi müəssisələr tərəfindən onların süni çoxaldılması məqsədilə tədqiqatlar aparılır, genetik materialların qorunub saxlanılması üçün xüsusi mərkəzlər və genobanklar yaradılır.
Maddə 20. Gen mühəndisliyi orqanizmlərinin qapalı sistemlərdə

istifadəsi.
20.1. Gen mühəndisliyi orqanizmlərinin qapalı sistemlərdə istifadəsi ilə bağlı fəaliyyətin təşkili üçün bu fəaliyyətlə məşğul olan şəxs insan sağlamlığına və ətraf mühitə təhlükə baxımından fəaliyyətin hansı sinif riskə aid olduğunu özündə əks etdirən bildirişi müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

20.2. Gen mühəndisliyi orqanizmlərinin qapalı sistemlərdə istifadəsi zamanı qiymətləndirmə prosesində ilk növbədə insan sağlamlığı və ətraf mühitin mühafizəsi ilə bağlı zəruri tədbirlərin qəbulu və tullantıların utilizasiyası kimi aspektlər də nəzərə alınmalıdır.

20.3. Qiymətləndirməyə və mühafizə ilə bağlı görüləcək tədbirlərə aşağıdakı hallarda vaxtaşırı və lazım gəldikdə yenidən baxılır:

20.3.1. qiymətləndirmənin düzgün və ya qüsurlu aparılması barədə əsaslı sübut olduqda;

20.3.2. təcridetmə üzrə görüləcək tədbirlər adekvat olmadıqda və ya qapalı sistemlərdə istifadə üçün təyin edilmiş riskin sinfi dəyişdikdə.
IV fəsil

Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində nəzarət
Maddə 21. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

dövlət nəzarəti
21.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində dövlət nəzarətinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdən ibarətdir.

21.2. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21.3. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

21.4. Gen mühəndisliyi orqanizmlərinin bilərəkdən ətraf mühitə buraxılması, bu orqanizmlərin və onlardan istifadə olunmaqla alınan məhsulların bazara çıxarılması, onların idxal-ixracı zamanı, habelə qəza baş verdikdə təhlükəsizlik sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.


Maddə 22. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

müəssisə (istehsalat) və ictimai nəzarət.
22.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində müəssisə (istehsalat) nəzarəti ilk növbədə qabaqlayıcı tədbir kimi müəssisə və təşkilatların özləri tərəfindən gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik, ətraf mühitin və insan sağlamlığının mühafizəsi sahələrində qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə həyata keçirilir.

22.2. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində müəssisə (istehsalat) nəzarətinin təşkili və həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məqsədlə qəbul olunan qaydalarla tənzimlənir.

22.3. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində ictimai nəzarət bu qanuna, ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunmasına dair müvafiq qanunvericiliklərə uyğun qəbul edilmiş ictimai nəzarət haqqında qaydalara əsasən, ictimai birliklər və vətəndaşlar tərəfindən həyata keçirilir.
Gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyinin dövlət ekspertizası və risklərin qiymətləndirilməsi
Maddə 23. Gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyinin dövlət

ekspertizası.
23.1. Gen mühəndisliyi orqanizmlərinin identifikasiyası, onların insan sağlamlığı və ətraf mühit üçün ehtimal olunan mümkün zərərli təsirlərinin müəyyənləşdirilməsi, həmçinin belə orqanizmlərin ətraf mühitə buraxılmasının mümkünlüyünün müəyyən edilməsi və ya təsərrüfat fəaliyyətində istifadə olunmasına yararlılığını təyin etmək məqsədilə gen mühəndisliyi orqanizmlərinin dövlət ekspertizası (bundan sonra ekspertiza) aparılır.

23.2. Aşağıdakı hallarda ekspertizanın aparılması mütləqdir:

23.2.1. sınaqların aparılması üçün gen mühəndisliyi orqanizmləri ətraf mühitə birinci dəfə buraxıldıqda;

23.2.2. təsərrüfat fəaliyyətində istifadə edilməsi nəzərdə tutulan gen mühəndisliyi bitkilərinin sortlarının, heyvan cinslərinin və mikroorqanizmlərin ştamplarının dövlət qeydiyyatı zamanı;

23.3. Ekspertizanın obyektlərinə aşağıdakılar aiddir:

23.3.1. gen mühəndisliyi orqanizmlərinin nümunələri;

23.3.2. insan sağlamlığı və ətraf mühit üçün gen mühəndisliyi orqanizmlərinin mümkün zərərli təsiri ilə bağlı risklərin qiymətləndirilməsi barədə məlumatlar, həmçinin gen mühəndisliyi fəaliyyəti ilə bağlı mümkün əlverişsiz nəticələrin risklərinə dair xəbərdarlıq tədbirləri olan materiallar.

Maddə 24. Gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyinin dövlət

ekspertizasının aparılması.
24.1. Ekspertizanın aparılmasını müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyi üzrə ekspert Şuraları (bundan sonra-ekspert Şuraları) təşkil edir.

24.2. Ekspertiza sifarişinin maliyyə vəsaiti hesabına aparılır.

24.3. Ekspertizanı aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının ekspert Şuralarının təqdimatı əsasında dövlət ekspertləri təyin olunur. Adları dövlət ekspertlərinin reyestrlərinə daxil edilmiş Azərbaycan Respublikasının müvafiq elm sahəsində aparıcı elmi təşkilatları, Azərbaycan Respublikasının vətəndaşları olan alim və mütəxəssislər dövlət ekspertləri ola bilər.

24.4. Ekspertizanın aparılması üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etmiş hüquqi şəxsin əməkdaşları, həmçinin maraqlı tərəflər ekspert qismində dövlət ekspertizasına cəlb edilə bilməz. Dövlət eksperti ekspertizanın qanunvericiliyə müvafiq olaraq, obyektiv, müəyyən olunmuş müddətdə və tələb olunan səviyyədə aparılmasına məsuliyyət daşıyır.

24.5. Aparılmış ekspertizanın nəticələrinə əsasən, dövlət ekspertləri ekspertizaya təqdim edilmiş gen mühəndisliyi orqanizmlərinin ətraf mühitə buraxılmasının və ya onların təsərrüfat fəaliyyətində istifadə oluna bilməsinin mümkünlüyü barədə nəticələri birmənalı şəkildə özündə əks etdirən qərar hazırlayıb. Dövlət ekspertlərinin müsbət qərarı gen mühəndisliyi orqanizmlərinin sınaqlarının aparılması üçün onların ətraf mühitə buraxılmasına xüsusi razılığın (lisenziyanın) verilməsinə, həmçinin gen mühəndisliyi bitki sortlarının, heyvan cinslərinin və mikroorqanizmlərin ştamplarının dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab olunur.

24.6. Dövlət ekspertlərinin çıxardıqları qərar ekspert Şurasının yığıncağında müzakirə edilir. Dövlət ekspertlərinin qərarının müzakirəsinin nəticələrinə əsasən, ekspert Şurası müvafiq icra hakimiyyəti orqanlarına gen mühəndisliyi orqanizmlərinin sınaqlarının aparılması üçün ətraf mühitə buraxılmasına dair xüsusi razılığın (lisenziyanın) verilməsi və ya verilməməsi, həmçinin gen mühəndisliyi bitki sortlarının, heyvan cinslərinin və mikroorqanizmlərin ştamplarının, dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi və ya verilməməsi barədə təkliflər verir. Ekspert Şurası dövlət ekspertizasının yenidən aparılması təklifini də verə bilər.

24.7. Ekspertizanın təşkili və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 25. Risklərin qiymətləndirilməsi.
25.1. Risklərin qiymətləndirilməsi elmi əsaslandırmaya uyğun və şəffaflıq prinsipləri təmin olunmaqla həyata keçirilməlidir. Qiymətləndirmənin məqsədi ölkənin sosial-iqtisadi durumu nəzərə alınmaqla gen mühəndisliyi orqanizmlərinin və ya onlardan istifadə etməklə alınan məhsulların insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin təyinidir.

25.2. Risklərin qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı mikroorqanizmlərdə, lazım gəldikdə digər gen mühəndisliyi orqanizmlərində risklərin qiymətləndirilməsinin qapalı sistemlərdə həyata keçirilməsinə məsuliyyət daşıyır.

25.3. Risklərin qiymətləndirilməsinin həyata keçirilməsində maliyyə xərcləri müraciət edənin hesabına ödənilir.
Maddə 26. Gen mühəndisliyi orqanizmlərinin və ya onlardan istifadə

olunmaqla alınan məhsulların qeyri-qanuni daşınması,

bilməyərəkdən sərhəd yerdəyişməsi.
26.1. Gen mühəndisliyi orqanizmlərinin və ya onlardan istifadə olunmaqla alınan məhsulların qeyri-qanuni daşınması halları baş verdikdə müvafiq icra hakimiyyəti orqanı ixrac edən ölkədən beynəlxalq hüquq normalarına uyğun olaraq öz hesablarına onların geriyə qaytarılmasını və ya məhv edilməsini tələb edir.

26.2. Gen mühəndisliyi orqanizmlərinin və ya onlardan istifadə olunmaqla alınan məhsulların qeyri-qanuni daşınması halları barədə beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq beynəlxalq təşkilatlar məlumatlandırılır.

26.3. Gen mühəndisliyi orqanizmlərinin və ya onlardan istifadə olunmaqla alınan məhsulların bilməyərəkdən sərhəd yerdəyişməsi zamanı müvafiq icra hakimiyyəti orqanları beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılma, eləcə də insan sağlamlığı və ətraf mühitlə bağlı hər bir risk üzrə tədbirlər həyata keçirir.

26.4. Gen mühəndisliyi orqanizmlərinin və ya onlardan istifadə olunmaqla alınan məhsulların bilməyərəkdən sərhəd yerdəyişməsi zamanı müvafiq icra hakimiyyəti orqanı yarana biləcək vəziyyətin yolverilməzliyi üzrə tədbirlər barədə ictimaiyyəti məlumatlandırır.



VI fəsil

Gen mühəndisliyi sahəsində məlumatlar, qeydiyyat və hesabat
Maddə 27. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

əhalinin və ictimai birliklərin məlumatlandırılması
27.1. Əhalinin və ictimai birliklərin gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində ətraflı, vaxtında və etibarlı məlumat almaq hüquqlarına zəmanət verilir.

27.2. Müvafiq icra hakimiyyəti orqanları, həmçinin gen mühəndisliyi fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər qanunvericiliyə müvafiq olaraq maraqlanan vətəndaşların və ictimai birliklərin gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliklə bağlı müraciətlərinə cavab verməyə borcludur.



Maddə 28. Gen mühəndisliyi orqanizmlərinin daşınması və saxlanması

zamanı onların təhlükəsizliyi ilə bağlı məlumatlara dair

tələblər.
28.1. Gen mühəndisliyi orqanizmlərinin daşınması zamanı və təhlükəsizlik tədbirləri barədə məlumat malı müşayiət edən sənədlərin içərisində və onun qablaşdırıldığı qabın üstündə olmalı və ya hər hansı digər bir yolla çatdırılmaqla aşağıdakıları özündə əks etdirilməlidir:

28.1.1 gen mühəndisliyi orqanizmlərinin adı;

28.1.2. təsərrüfat fəaliyyətində istifadə edilməsi nəzərdə tutulan gen mühəndisliyi orqanizmləri üçün gen mühəndisliyi bitki sortları, heyvan cinsləri və mikroorqanizmlərin ştamplarının dövlət qeydiyyatı barədə şəhadətnamənin nömrəsi və onun verilmə tarixi;

28.1.3. gen mühəndisliyi orqanizmlərinin saxlanması, daşınması, istifadəsi və zərərsizləşdirilməsi metodlarına dair məlumatlar;

28.1.4. gen mühəndisliyi orqanizmlərini göndərən və alan hüquqi və fiziki şəxsin adı və yerləşdiyi ünvan ;

28.1.5. qanunvericiliklə nəzərdə tutulan digər məlumatlar;

28.2. Gen mühəndisliyi orqanizmlərinin saxlanması zamanı onların təhlükəsizliyi haqqında məlumat bu orqanizmlərin qablaşdırıldığı vasitələrin üstündə olmalı və ya hər hansı digər bir yolla çatdırılmaqla aşağıdakıları özündə əks etdirməlidir:

28.2.1. gen mühəndisliyi orqanizmlərinin adı;

28.2.2. təsərrüfat fəaliyyətində istifadə edilməsi nəzərdə tutulan gen mühəndisliyi orqanizmləri üçün gen mühəndisliyi bitki sortları, heyvan cinsləri və mikroorqanizmlərin ştamplarının dövlət qeydiyyatı barədə şəhadətnaməsinin nömrəsi və onun verilmə tarixi;

28.2.3. gen mühəndisliyi orqanizmlərinin saxlanması, daşınması, istifadəsi və zərərsizləşdirilməsi metodlarına dair məlumatlar;

28.2.4. qanunvericiliklə nəzərdə tutulan digər məlumatlar;

Maddə 29. Gen mühəndisliyi fəaliyyəti zamanı məlumatların məxfiliyi.
29.1. Gen mühəndisliyi ilə məşğul olan şəxs müvafiq icra hakimiyyəti orqanına göndərdiyi bildirişdə lazımi əsaslandırmanı təqdim etməklə yanaşı, hansı məlumatlara məxfi baxılmasını göstərə bilər.

29.2. məlumatların məxfiliyi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edən şəxslə məsləhətləşmədən sonra qəbul edilir.

29.3. Aşağıdakı məlumatlar məxfi qəbul edilə bilməz.

29.3.1. gen mühəndisliyi orqanizmlərinin ümumi xarakteristikası, müraciət edənin adı və ünvanı, istifadənin məqsədi və yeri;

29.3.2. gen mühəndisliyi orqanizmlərindən istifadə üzrə fəaliyyətlə bağlı riskin sinfi və təcridetmə tədbirləri;

29.3.3. insan sağlamlığı və ətraf mühit üçün risklərin qiymətləndirilməsi üzrə əldə edilmiş nəticə;

29.3.4. monitorinq metodu və planı, qəza hadisələri zamanı görüləcək tədbirlər.

29.4. Müvafiq icra hakimiyyəti orqanı məxfi hesab edilmiş məlumatların üçüncü tərəfə ötürülməsinə yol verməməli və alınmış məlumatla bağlı intellektual mülkiyyət hüququnu müdafiə etməlidir.

29.5. Hər hansı səbəbdən müraciət edən tərəfindən bildiriş geri çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı alınmış məlumatların məxfi saxlanmasını təmin etməlidir.
Maddə 30. Gen mühəndisliyi orqanizmlərinin qeydiyyatı və gen

mühəndisliyi fəaliyyəti sahəsində dövlət statistik hesabatı.
Gen mühəndisliyi orqanizmlərinin qeydiyyatı və gen mühəndisliyi fəaliyyəti sahəsində dövlət statistik hesabatı, həmçinin gen mühəndisliyi fəaliyyətinin insan sağlamlığına və ətraf mühitin vəziyyətinə mümkün təsirləri əhatə edən tədbirlərin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gen mühəndisliyi fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər təmin edirlər.

Maddə 31. Gen mühəndisliyi fəaliyyəti sahəsində məhsul və xidmət

növlərinin standartlaşdırılması, sertifikatlaşdırılması və

nişanlanması.
31.1. gen mühəndisliyi fəaliyyəti metodlarını tətbiq etməklə alınmış məhsulların və ya göstərilən xidmətlərin ekoloji təhlükəsizlik tələblərinə, sanitariya normalarına, əczaçılıq təlimatlarına və Azərbaycan Respublikasının dövlət standartlarına uyğun olması məcburidir.

31.2. Qanunvericiliyə müvafiq olaraq gen mühəndisliyi fəaliyyəti nəticəsində yaradılan gen mühəndisliyi orqanizmlərindən istifadə edilməklə istehsal olunan məhsulların müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş keyfiyyət sertifikatı və bu sahədə göstərilən xidmətlərin bu qurum tərəfindən tanınan uyğunluq nişanı olmalıdır.


Maddə 32. Gen mühəndisliyi fəaliyyətinin və onun həyata keçirilməsi

zamanı təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi.
32.1. Bu Qanunla müəyyən edilən gen mühəndisliyi fəaliyyəti və onun həyata keçirilməsi zamanı təhlükəsizlik tədbirləri müəyyən olunmuş qaydada dövlətin büdcə vəsaitləri, təşkilatların və fondların məqsədli maliyyə ayırmaları, həmçinin Azərbaycan Respublikasında qanunvericiliklə qadağan olunmayan digər mənbələrin vəsaitləri hesabına maliyyələşdirilir.

32.2. Gen mühəndisliyi fəaliyyətinin digər sahələri və onların təhlükəsiz həyata keçirilməsi ilə bağlı işlər bu sahə ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən maliyyələşdirilir.


VII fəsil

Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət


Maddə 33. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

qanun pozuntuları
33.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində qanun pozuntularına aşağıdakılar aid edilir:

33.1.1. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliyə dair tələblərin pozulması;

33.1.2. gen mühəndisliyi fəaliyyətinin müvafiq növü üçün xüsusi razılıq (lisenziya) olmadan həyata keçirilməsi;

33.1.3. gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsində bu fəaliyyətə dair verilmiş müvafiq razılıqda (lisenziyada) göstərilmiş şərtlərin yerinə yetirilməməsi;

31.1.4. dövlət qeydiyyatı haqqında şəhadətnaməsi olmayan gen mühəndisliyi orqanizmlərindən, gen mühəndisliyi bitki sortlarından, heyvan cinslərindən, mikroorqanizmlərin ştamlarından təsərrüfat fəaliyyətində istifadə edilməsi;

31.1.5. gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyi üzrə dövlət ekspertizasına və gen mühəndisliyi orqanizmlərinin dövlət qeydiyyatına gen mühəndisliyi orqanizmlərinin təhlükəsizliyi haqqında təqdim olunan sənədlərdə bilərəkdən yoxlanılmamış məlumatların verilməsi;

33.1.6. gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində müvafiq dövlət orqanlarının, onların vəzifəli şəxslərinin gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizliklə bağlı müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılmasına dair əmr, sərəncam, göstəriş və təlimatlarının yerinə yetirilməməsi;

33.1.7. müvafiq dövlət orqanları tərəfindən gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsinə verilən xüsusi razılığın (lisenziyanın), sınaqların aparılması üçün gen mühəndisliyi orqanizmlərinin ətraf mühitə buraxılmasına verilən xüsusi razılığın (lisenziyanın), həmçinin gen mühəndisliyi bitki sortlarının, heyvan cinslərinin və mikroorqanizmlərin ştamlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin müəyyən olunmuş qaydaların pozulması ilə verilməsi.

33.2. Qanunvericilik aktları ilə gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində digər qanun pozuntusu halları da nəzərdə tutula bilər.

Maddə 34. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində

qanunvericiliyin pozulmasına görə məsuliyyət.

34.1. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər qanunvericiliklə inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.

34.2. Qanunvericiliyin pozulması zamanı dəyən zərərin miqdarını və xarakterini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş ekspert komissiyası müəyyən edir.

34.3. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında qanunvericiliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi qaydaları qanunvericiliyə müvafiq olaraq müəyyənləşdirilir.



34.4. Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması onları gen mühəndisliyi fəaliyyətinin həyata keçirilməsi nəticəsində vurulan müvafiq zərərin ödənilməsindən azad etmir.
Maddə 35. Mübahisələrin həlli.
Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükəsizlik sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qaydasında həll edilir.




Yüklə 131,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə