GəNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti



Yüklə 2,04 Mb.
səhifə22/23
tarix08.04.2018
ölçüsü2,04 Mb.
#36614
1   ...   15   16   17   18   19   20   21   22   23

Toxum k/t bitkilərinin məhsuldarlığının bünövrəsini təşkil edir. Toxumun keyfiyyəti nə qədər yaxşı olarsa, ondan inkişaf edən bitkilər bir o qədər güclü və

məhsuldar olar. Buna görə də təsərrüfat yetişdirəcəyi toxumun yüksək keyfiyyətli olması üçün bütün tədbirləri vaxtında görməlidir.

Məhsuldarlığı yüksəltmək işində toxumun əhəmiyyətini nəzərə alaraq sort toxumlarının təmiz, cücərmə qabiliyyətinin yüksək, dolğun, sağlam və sortca cins olması üçün yüksək təsərrüfat tələbkarlığı göstərilir.

Əgər fermer yuxarıda göstərilən şərtlərə əməl etmək imkanına malikdirsə və özü toxum istehsal etmək istəyirsə o, yüksək aqrotexniki tədbirlərə əməl etməli, növbəli əkində toxumluq sahələr düzgün yerləşdirilməli, gübrələri düzgün və vaxtında verməlidir.

Toxumçuluq təsərrüfatları toxumtəmizləyən maşınlara, anbarlara, toxumu qurutmaq üçün sement meydançalara və s. malik olmalıdır ki, toxumları lazımı kondisiyaya çatdırmaq mümkün olsun. Dənli, texniki və ot bitkilərinin toxumlarını təmizləmək və sortlara ayırmaq üçün OS-1 sort ayıran; buğda, çovdar, arpa və vələmirin toxumlarını ayırmaq, təmizləmək üçün isə OS-3 maşınlarından istifadə etmək lazımdır.

Toxumluq əkinlərdə iki cür bioloji və mexaniki zibillənmə mövcuddur.



Bioloji zibillənmə, müxtəlif sort və bəzən növlər arasında gedən tozlanma nəticəsində əmələ gəlir. Ona görə də bioloji zibillənmənin qarşısını almaq üçün müxtəlif sortların əkinlərini elə yerləşdirmək lazımdır ki, başqa sort bitkilərlə tozlanma imkanı olmasın. Bu isə bir sıra şərtlərdən asılıdır. Məsələn, sortlar arasında qoruyucu meşə zolağının və digər maneələrin olması, həmçinin çiçəkləmə dövrünün eyni vaxta düşməməsi, bir-biri ilə tozlana biləcək bitkilər arasında qoruyucu məsafənin olması bioloji zibillənmənin qarşısını alır.

Xüsusilə, şəkər çuğunduru yem çuğunduru ilə tozlandıqda şəkər faizi aşağı düşür. Ona görə də şəkər və yem çuğundurunun bioloji zibillənməsinin qarşısı alınmalıdır. Qarğıdalı sortları da bir-birindən aralı məsafədə əkilməlidir.



Mexaniki zibillənmə, bir sortun əkininə digər sortdan, digər mədəni və ya alaq otları toxumlarının qarışmasına deyilir. Mexaniki zibillənmə iki cür olur:

Birinci növ mexaniki zibillənmə sort (çeşid) qarışığı adlanır. Sort zibilliyi çox qorxuludur. Ona görə ki, onu bəzən əl ilə də ayırmaq mümkün olmur, çünki əlamətlər bir-birinə çox oxşayır.

İkinci növ mexaniki zibillənmə mədəni bitkilərin və otların qarışığıdır ki, buna növ və ya cins zibilliyi deyilir. Növ və cins zibilini (alağını) həm bitkini toxalamaqla, həm də toxumu təmizləməklə ayırmaq olar.

Bütün hallarda toxum istehsal etmək istəyən fermer mexaniki zibillənmə ilə mübarizə aparmalıdır.

Toxumçuluğun bütün dövrlərində sortların cins təmizliyini saxlamaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.

Toxumun qəbulu. Elit toxumlar tədarük məntəqələri tərəfindən surquclanmış (plomblanmış) kisələrdə buraxılmalıdır. Qəbul edildikdə kisənin və surqucların düzgün olmasına, xarici etiketin toxum sənədinə uyğun gəlməsinə diqqət yetirilməlidir. Kisələrdən sup adlanan alətlə nümunə götürülür, gözəyarı qiymətləndirilir və qəbulu zamanı akt tərtib edilir.

Fermer qəbul edilən toxumların sort təmizliyini və fiziki xüsusiyyətlərini müəyyən etmək məqsədilə təlimata uyğun qaydada nümunə götürüb aktla birlikdə toxum-nəzarət laboratoriyasına göndərir.



Surqucun açılması. Toxumlar dərmanlanana qədər surqucun açılmasına icazə verilmir. Surquc sahədə fermerin və toxumçu aqronomun iştirakı ilə açılmalıdır. Komissiya üzvləri kisənin xaricində olan etiketi daxilindəki ilə yoxlayırlar.

Toxumların dərmanlanması. Dərmanlama apararkən, mütləq mexaniki zibillənmənin qarşısı alınmalıdır. Dərmanlanma ayrıca otaqda aparılmalıdır ki, zibillənmə getməsin. Dərmanlanma zamanı otaqda başqa iş görülməməlidir. Dərmanlama əvvəlcə yuxarı dərəcəli toxumlardan başlanmalıdır. İstifadə olunan maşın və digər alətlər diqqətlə təmizlənməlidir.

Toxumların səpin üçün buraxılması. Toxumlar səpin üçün yalnız öz kisələrində buraxılmalıdır. Başqa kisə istifadə edildikdə həmin kisə diqqətlə təmizlənməli və dezinfeksiya olunmalıdır. Toxumlar sahəyə daimi yollar ilə daşınmalıdır, başqa sortların əkiləcəyi sahə ilə toxumların daşınmasına yol verilməməlidir.

Sortların sahədə yerləşdirilməsinə olan tələbat. Ümumiyyətlə, hər sortun əkiləcəyi sahə əvvəlcədən müəyyən edilməlidir və çarpaz tozlanan bitkilər arasında qoruyucu məsafə qoyulmalıdır ki, onlar bir-biri ilə bioloji zibillənməsin. Mexaniki zibillənmənin qarşısını almaq üçün taxıl bitkilərinin bir-birinə sələf olmasına yol vermək olmaz. İmkan olmadıqda isə bir-birindən asanlıqla ayrıla bilən bitkilər əkilməlidir. Səpin zamanı xırman yeri, qış yolları müəyyən edilməlidir. Yığım zamanı başqa növ əkin sahələri ayrıca yığılmalıdır.

Səpinə hazırlıq və səpin. Toxumluq sahələrdə səpin aparılarkən səpin maşınları mütləq təmizlənməli və dezinfeksiya olunmalıdır. Eyni zamanda səpin aparılan sahədə də təmizlənmə aparmaqla, yeni sort səpilərkən maşınlarda toxum qalmaması üçün yenidən yoxlanılmalıdır.

Səpin aparılarkən əvvəlcə yuxarı, sonra isə aşağı dərəcəli toxumlar səpilməlidir. Bu cür səpin aparıldıqda yuxarı dərəcəli toxumların aşağılara qarışmasının qarşısı alınır. Bu məqsədlə səpin maşınının gözləri bağlanmalıdır. Səpin aparılarkən başqa sortların sahəsinin keçmək qəti qadağandır, əks halda zibillənmə gedə bilər.



Əkinlərə qulluq. Fermerlər bilməlidirlər ki, əkinlərə edilən qulluq işləri ilk növbədə ondakı sort və digər bitki qarışıqlarını təmizləməkdən, habelə xəstə bitkilərin əkindən kənar edilməsindən ibarətdir. Bütün aqrotexniki tədbirlər öz vaxtında və yüksək səviyyədə görülməlidir.

Məhsulun yığımı. Hər fermer sort təmizliyini saxlamaq məqsədilə, məhsul yığımını ilk növbədə yuxarı dərəcəli əkin sahələrindən başlamalıdır. Əsas sahənin məhsulunu yığmazdan əvvəl sahənin kənarları 2-4 metr enliyində biçilməli və oradan yığılan məhsul təsərrüfat məqsədi ilə istifadə edilməlidir. Hər sortun sahəsi biçilib qurtardıqdan sonra yığım maşınlarını təmizləyib ikinci sortu yığmaq lazımdır. Traktor və yığım maşınları daimi yollarla aparılmalıdır. Hər sort xırmanlara ayrı-ayrı daşınsa yaxşı olar. Yığım zamanı istifadə edilən maşınlar və kisələr təmizlənərək dezinfeksiya edilməlidir. Kisələr anbara daşındıqda xüsusilə diqqətli olmaq lazımdır ki, ayaqqabı ilə başqa sort və alaq otlarının toxumu içəri aparılmasın.

Anbarın toxum qəbulu üçün hazırlanması. Fermer nəzərdə saxlamalıdır ki, hər sort anbarda ayrıca saxlanmalı və anbarlar əvvəlcədən təmizlənib, sonra əhənglə, əhəng-neft emulsiyası və ya heksoxloronla dezinfeksiya olunmalıdır. Anbarın döşəməsi, tavanı, qapısı və pəncərəsi təmiz olmalıdır. Xüsusilə, siçan yuvaları bərkidilməlidir. Anbar hər cür zibildən təmizlənməli, rütubətli anbarlardan istifadə edilməlidir.

Toxumun təmizlənməsi. Toxumlar çeşidləndikdən və təmizləndikdən sonra anbara tökülməlidir. Toxumların təmizlənməsi anbarın qabağında aparılmalı və yerə çadır salınmalıdır. Toxumçu aqronom maşınlardan istifadə etməzdən qabaq onları yoxlamalıdır. Müxtəlif sort v bitki toxumlarını bir yerdə təmizləmək olmaz, əks halda mexaniki zibillənmə gedə bilər.

Toxumun qablaşdırılması. Təmizlənmiş və çeşidlərə ayrılmış toxumlar nömrələnir, etiket yazıldıqdan sonra təmiz və təzə kisələr tökülür. Etiket həm kisənin daxilinə qoyulur, həm də xaricinə yapışdırılır və toxumçu aqronom etiketlərə qol çəkir. Sonra kisələr surquclanır. Hazırlanan toxumlar təhvil verildikdə sortun şəhadətnaməsi də verilir. Yalnız fermerlər yuxarıdakılara əməl etməklə sağlam və cins toxum yetişdirə bilərlər.

Toxumun qurudulması.

Toxum yığıldığı zaman tərkibində yüksək nəmlik olduğundan onu mütləq qurutmaq lazımdır. Bitki toxumlarının tərkibində nəmlik norması fərqlidir. Tərkibində olan suyun miqdarına görə toxumlar quru, orta quruluqda, nəm və yaş olmaqla 4 qrupa bölünür. Bəzi bitkilərin rütubətlilik dərəcəsi aşağıdakı cədvəldə verilmişdir.

Toxumun nəmliyi, onun saxlanmasında əsaslı rol oynayır. Yüksək nəmli dənlər saxlanmağa davamsız olub tərkibindəki artıq su anbarda və nəqliyyatda əlavə yer və yük kimi gərəksizdir.

Cədvəl

Bitki toxumlarının rütubətlik norması


Bitkilərin

adı


Quru

(%-lə)


Orta quru

(%-lə)


Nəm

(%-lə)


Yaş

(%-lə)


Arpa, buğda, çovdar

14

14-15

15,5-17

17

Vələmir

14

14-15,5

15,5-18

18

Darı, sorqo

13,5

13,5-15

15-17

18

Qarğıdalı (dən)

14

14-15

15-20

20

Soya

12

12-14

14-16

16

Gənəgərçək

7

7-9

9-11

11

Günəbaxan

11

11-13

13-14,5

14,5

Quru toxum cücərmə qabiliyyətini yaxşı saxlayır. Toxumun anbarda cücərməsinin səbəbi normadan artıq rütubətin və temperaturun olmasıdır. Yaş toxumlar +50+800C və yuxarı temperaturda cücərmə qabiliyyətini itirir. Yaş toxumları şaxta tez vurur. Eləcə də yaş toxumlar tez bir zamanda cücərmə qabiliyyətini itirir. Ona görə də toxum məhsulu yığdıqdan sonra mütləq qurudulmalı və standarta uyğun nəmliyə çatdırılmalıdır.

Toxumlar günəşli və açıq havada nazik, 5-15 sm qalınlıqla laylarla, altına brezent salınmış halda qurudulmalıdır. Qurudularkən tez-tez çevrilməlidir. Bir gün ərzində qurutmaq mümkün olmadıqda axşam konus şəklində topalara yığılıb üzəri örtülməlidir. Açıq havada toxumlar qurudularkən hava quru və temperatur +50+800C-dən aşağı olmamalıdır. Toxumların küləyə verilməsi həm rütubətliyi, həm də temperaturu aşağı salır. Lakin havanın nisbi rütubəti toxumun nəmliyindən çox olduqda toxumu havaya vermək ziyandır. Belə halda süni quruduculardan istifadə edilməlidir. Toxumların termiki üsulla qurudulması xüsusilə yaxşı nəticə verir. Lakin bu zaman toxumun növündən və tərkibindəki nəmliyin miqdarından asılı olaraq qurutma temperaturu düzgün nizamlanmalıdır.

Toxumun saxlanması

Toxumlar yalnız kisələrdə saxlanılmalıdır. Hrə sort ayrı-ayrı anbarlarda yerləşdirilməlidir ki, sortlar bir-birini zibilləməsin. Müxtəlif təmizlik dərəcəsinə və digər keyfiyyətlərinə görə fərqlənən toxum materialları da ayrılıqda saxlanmalıdır.

Fermerlər bəzən toxumun saxlanılmasına düzgün əməl etmirlər. Bu halda toxum keyfiyyətini itirir və məhsuldarlıq aşağı düşür. Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır. 1) Toxumun və xarici mühitin temperaturu; 2) Toxumun və xarici mühitin nəmliyi; 3) Havalandırma isti vaxtlarda hər 3 gündən bir, qışda isə həftədə bir dəfə toxumun temperaturu yoxlanılmalıdır. Bu məqsədlə termometr toxumun içində 15-20 dəqiqə saxlanılmalıdır. Temperatur yüksək olduqda toxumun cücərmə qabiliyyəti aşağı düşür. Toxumun saxlandığı müddətdə onun nəmliyi üzərində daimi nəzarət edilməlidir ki, nəmlik qalxmasın. Nəmlik normadan artıq olduqda, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. O nümunə götürmək yolu ilə laboratoriyada təyin edilir.

Fermerlər saxlanma zamanı anbar zərərvericilərinə qarşı diqqətli olmalıdır.

Yuxarıda göstərilənlərə bərabər toxum saxlandığı bütün dövr ərzində tez-tez anbarın havası dəyişməli və toxumların cücərmə qabiliyyəti yoxlanılmalıdır.

Sort toxumların laboratoriyada yoxlanması

Fermer toxumu yoxlatmamış səpərsə, böyük ziyan çəkə bilər. Toxumu yoxlamaqda məqsəd toxum və cücərtilərinin əlamətlərinə görə toxumun sortluluğunu müəyyən etməkdir. Bu üsul toxum qrupunun əlavə yoxlanmasına imkan verir.

Laboratoriya üsulunda sortlar cücərmə konuslarına, birinci yarpaqların və yarpaq qınının tüklülüyünə görə yazlıq və payızlıq olması; qırmızı dənli buğda, bərk və ya yumşaq buğda olması, sarı dənli vələmirin ağ dənli vələmirlə, iki cərgəli arpanın çox cərgəli arpa ilə, şəkər çuğundurunun yem və mətbəx çuğunduru ilə zibillənmə dərəcəsi müəyyən edilir. Payızlıq buğda cücərdikcə 3, yazlıq buğda isə 5 kökcük buraxır, payızlıq buğdanın böyümə konusu gec, yazlıq buğdanınkı isə tez uzanır, payızlıq buğdanın birinci yarpağı tüksüz, yazlıq buğdanınkı isə tüklü olur.

Yumşaq buğdanın dəni qısa, en kəsiyi dairəvi, dənin yuxarı hissəsində kəkil olur, bərk buğdada isə dən uzunsov, en kəsiyi dairəvi-üçbucaq şəklində olur, dənin yuxarı hissəsi isə kəkliksiz və ya çox zəif olur, dənin en kəsiyi əksər halda şüşəvarı olur. Qırmızı dənli buğda sortlarının dəni 5 faizli natrium (NaOH) və kalium (KOH) qələvisində 15 dəqiqə saxlandıqda qırmızı qonur, ağ dənlər isə açıq krem rəngi alır. Suda 15 dəqiqə müddətində qaynatmaq yolu ilə də dənin rəngini təyin etmək olar. Sortlar şübhə törədən dənlərdən hər hansı bir qaba töküb 15 dəqiqə qaynatmaq lazımdır. Bu müddətdən sonra dən rənginin dəyişib qonurlaşırsa qırmızı, dəyişmirsə ağ dənlər hesab olunur. Yadda saxlamaq lazımdır ki, qaynatma 15 dəqiqədən artıq davam edərsə, ağ rəngli dənlər də qonurlaşa bilər.

İki cərgəli arpadan fərqli olaraq, çox cərgəli arpada dənlər bir bərabərdə olmur. Şəkər çuğundurunun cücərtiləri isə qırmızı olur. Beləliklə, fermerlər qeyd olunanlara əməl etsələr sortların zibillənmə dərəcəsi müəyyən edilir və toxum materialı qiymətləndirilir.

Sortun torpaqda yoxlanması, xüsusi ayrılmış sahələrdə aparılır. Bu məqsədlə ayrılan torpaqlar ərazi üçün tiöik və relyefi düz olmalıdır.

Torpaqda yoxlama aparmaq üçün (orta nümunə qaydasına uyğun) nümunə götürülür və həmin toxum nümunəsi üç cərgə səpilir. Sonra üzərində fenoloji, fito-entomoloji müşahidələr aparılır və tarla jurnalında qeyd edilir. Bitkinin sort əlamətləri tamamilə inkişaf etdikdən sonra nümunələr nəticəsində sort qiymətləndirilir, onun başqa sort və növlərlə zibillənmə dərəcəsi müəyyənləşdirilir.

Toxumun səpin keyfiyyəti və kondisiyası

Səpin məqsədi ilə ayrılan toxumlar lazım tələbata uyğun gəlməlidir. Bu tələbata kondisiya deyilir. Fermerlər buna xüsusi diqqət yetirməlidirlər.

Kondisiyaya uyğun olmayan toxumlardan səpin üçün istifadə edilməməlidir. Ona görə də hər fermer çalışmalıdır ki, yüksək məhsuldar, başqa sort və alaq otu, zibil qarışığından təmiz, sağlam və zərərvericilər tərəfindən zədələnməyən toxum yetişdirsin, həmçinin bu toxumlar uzun müddət saxlamağa imkan verən normal nəmliyə malik olsun.

Toxumlar səpin keyfiyyətindən asılı olaraq I, II və III standart siniflərə bölünür.

I sinif toxumlar ən yüksək keyfiyyətli, II sinif orta və III sinif I-i və II-iyə nisbətən aşağı keyfiyyətli hesab olunur. Fermer təsərrüfatlarında imkan daxilində birinci sinif toxumlardan istifadə edilməlidir.

Birinci sinif toxumlar çatmadıqda isə ikinci sinif toxumlardan istifadə edilir. Toxumların təmizliyini və cücərmə qabiliyyətini yüksəltmək üçün başlıca tədbir onları təmizləmək və çeşidlərə ayırmaqdır. Bu üsulla hər cür qatışıq, o cümlədən cücərti verə bilməyən toxumlar kənar edilir.



Toxumun səpin keyfiyyətinin təyini

Kənd təsərrüfatı ilə məşğul olan torpaq mülkiyyətçiləri yaxşı bilirlər ki, yüksək məhsul yalnız yaxşı seçmə toxumdan yetişdirilə bilər. Toxum nə qədər yaxşı keyfiyyətli olsa, ondan inkişaf edən bitkiləri də bir o qədər güclü, məhsuldarlıq isə yüksək olar.

Yaxşı toxum yüksək məhsulun rəhnidir. Ona görə də hər bir təsərrüfat səpin üçün tədarük etdiyi toxumun yüksək keyfiyyətli olması üçün mümkün olan bütün tədbirləri görməlidir. Səpin üçün ayrılan bütün toxumlar tələbata uyğun gəlməlidir. Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz olmalıdır. Yəni toxum materialında tullantı və qatışıqlar nə qədər az olsa, toxum bir o qədər təmiz olar.

Toxumlar yüksək cücərmə qabiliyyətinə, iriliyinə və bərabər formalı, normal rütubətli və sağlam olmalıdır. Belə keyfiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq toxumları qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini yoxlamaq lazımdır. Toxum kondisiyaya uyğun olmazsa, müəyyən tədbirlər görülməlidir. Qabaqcıl fermer, toxumçuluq sahəsinin mütəxəssislərinə müraciət etməlidir. Adətən toxumun keyfiyyəti toxum nəzarət laboratoriyalarında təyin edilir və keyfiyyətə dair sənəd verilir.

Toxumun keyfiyyəti bütün toxum partiyasının keyfiyyətini əks etdirən orta nümunəyə (əsas nümunə toxumların laboratoriyada təhlil etmək üçün ayrılmış hissəsinə orta nümunə deyilir) əsasən təyin edilir. Ona görə də orta nümunə götürmək qaydalarına ciddi əməl etmək və bu işin çox mühüm və məsuliyyətli olduğunu yadda saxlamaq lazımdır. Çünki götürülmüş orta nümunə toxum partiyasının keyfiyyətini əks etdirməlidir.

Toxum partiyasına düzgün qiymət vermək üçün müxtəlif bitkilərdən müəyyən edilmiş çəkidə bircinsli toxum partiyasından orta nümunə götürülür (bir bitkidən, sortdan, nəsildən, sort təmizliyi dərəcəsindən, ilin məhsulundan, dərman bitkiləri üzrə isə bundan əlavə bir cinsdən olan əkiləcək, saxlanılacaq və ya göndəriləcək hər hansı bir toxumun miqdarına toxum partiyası deyilir). Məsələn, buğda, çovdar, vələmir, qarğıdalı, qarabaşaq, noxud, çəltik, mərcimək, paxla, günəbaxan, gənəgərçək,və s. bitkilərin hər 200 sentnerindən; darı, sorqo, çuğundur 80; yonca, şabdar, çobantoppuzu, qarpız, qabaq, yerkökü, bitkilərinin 20; kartofun hər 2 sentner çəkisində olan toxum materialı bir partiya sayılır. Partiyanın çəkis göstərilən miqdardan artıq olarsa, o qəbul edilmiş çəkidən artıq olmayan yoxlama vahidlərinə bölünür və hər hissədən ayrıca nümunə götürür.

Toxum partiyası yığınlarda saxlanılarsa, nümunələr konus şəkilli və ya silindrik çalovlarla (şuplarla) götürülür. Toxum tığlarının müxtəlif dərinliyindən 3 nümunə: üst qatdan 10 sm dərinlikdə, ortadan yığının tən ortasından və aşağısından döşəmədən nümunə götürülür. Anbarlarda, yığınlarda, avtomaşın və arabalarda olan toxumların 5 yerindən 3 qatdan 15 nümunə götürülür. 20 ton toxum tutan vaqonlardan isə 11 nöqtədən və 3 qatdan 33 nümunə götürülür.

Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə toxum axınından nümunə götürülür.

Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə toxum axınından nümunə götürmək üçün xüsusi çömçədən istifadə edərək axının bütün eni boyunda nümunə götürülür.

Toxum bir elevator quyusundan digər elevator quyusuna keçirildikdə, hər ton toxumdan 0,1 kq nümunə götürülür. Qalan hallarda isə hər 20 tondan orta nümunə düzəldilir.

Fermerlər yuxarıda göstərilənlərə hökmən əməl etməlidirlər. Əks təqdirdə külli miqdarda maddi ziyan çəkə bilər.

Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümunədən iki orta nümunə: biri toxumların cücərmə qabiliyyətini, cücərmə enerjisini, xəstəliklərə tutulmasını, mütləq çəkisini, təmizliyini təyin etmək üçün: ikincisi isə toxumların rütubətliyini və anbar zərərvericilərinə tutulmasını təyin etmək üçün götürülür.

Bitkilərin və toxumların iriliyindən asılı olaraq, orta nümunənin çəkisi müxtəlifdir. Məsələn, buğda, çovdar, vələmir, arpa, qarğıdalı, çəltik, noxud, lərgə, günəbaxan, soya və yerfındığından orta nümunənin çəkisi 100 qram; darı, mərcimək, qarabaşaq, çuğundur, qarpız, yemiş və qabaqdan 500 qram; qırmızı şabdar və yoncadan 250 qram; sorqo, sudan otu 200 qram; çoban toppuzu, çovdarotu, pişikquyruğu otu və yerkökündə isə 30 qram olur. Orta nümunə mütləq toxum saxlanılan yerdən götürülür və toxum-nəzarət laboratoriyalarına dərilənə qədər orada saxlanılır. Orta nümunə almaq üçün toxumları hamar səth-stol və ya foner üzərinə töküb xətkeşlə kvadrat şəklində hamarlayırlar. Sonra həmin xətkeşlə toxumları diaqonal xətt üzrə 4 hissəyə bölür və qarşı-qarşıya duran iki üçbucaq götürülərək qalan iki hissə qarışdırılır. Bu əməliyyat müvafiq bitki üçün müəyyən edilmiş çəkidə orta nümunə alınana qədər davam etdirilir. Bundan sonra qarşı-qarşıya duran üçbucağın toxumlarını bir yerə tökür, təmizliyini və cücərmə qabiliyyətini təyin etmək üçün kisəyə doldurulur, rütubətliyi və anbar zərərvericilərinin yoluxmasını müəyyən etmək məqsədilə qalan iki üçbucaqdakı nümunəni kisəyə töküb ağzını möhkəm bağladıqdan sonra surquclayıb parafinləyirlər.

Kisəyə nümunələrə iki nüsxədən ibarət etiketlər yazılır. Etiketdə fermer təsərrüfatının adı və ünvanı, bitkinin adı və sortu, məhsul ili, toxum partiyasının çəkisi, toxum partiyası və nümunənin nömrəsi, kisələrin nömrəsi göstərilir. Etiketlərin biri kisənin xaricindən yapışdırılır, ikincisi isə onların içərisinə qoyulur. Orta nümunə götürüldükdə 2 nüsxədən ibarət akt yazılır, aktlardan biri təsərrüfatda saxlanılır, digəri isə orta nümunə ilə göndərilir. Akta orta nümunənin götürülməsində iştirak edən şəxslər imza edir və o, möhürlə təsdiqlənir.

Toxumun təmizliyinin təyini.

Fermerlər bəzən toxum üçün ayrılmış materialların təmizliyinə, hətta hansı ölkədən gətirilməsinə fikir vermirlər. Nəticədə baha qiymətə aldıqları toxumdan çox aşağı məhsul əldə edirlər. Hətta gələcək əkin üçün həmin məhsuldan toxum kimi istifadə edə bilmirlər. Toxum üçün ayrılmış material təmiz olmalıdır, çünki müxtəlif qatışıqların olması əkin sahəsinin zibillənməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Qarışıqların olması, xüsusilə toxumlar saxlandıqda onun keyfiyyətinin xarablaşmasına səbəb olur. Ona görə də toxum-nəzarət laboratoriyaları toxumların zibillik dərəcəsini və tərkibini yoxlayır. Əgər toxumda zibillik dərəcəsi Dövlət Standartındakından artıq olarsa, laboratoriya toxumların təmizlənməsinə dair göstəriş verir.

Toxumların təmizliyini təyin etmək üçün diqqətlə qarışdırılmış orta nümunədən-qarğıdalı, noxud, lobya və paxladan 200 qr; lərgə, günəbaxan, soya, qarpız və qovaqdan 100 qr; buğda, çovdar, vələmir, arpa və çəltikdən 50 qr; sorqo, sudan otu, uğundurdan 25qr; darıdan 5 qr; pişikquyruğundan 2 qr; şabdar və yoncadan 5 qr miqdarında 2 nümunə götürülür.

Götürülmüş hər nümunə ayrıca təhlil edilərək ştapellə 2 yerə - əsas bitkinin təmiz toxumlarına və çıxara ayrılır. Əsas bitkinin təmiz toxumlarına; rəngindən asılı olmayaraq; içi boş və xırda toxumlardan başqa, kifayət qədər dolğun olmayan toxumlar; rüşeymi qismən zədələnmiş toxumlar; gilafı çatlamış toxumlar; çiçək qruplarının qalıqları qalmış toxumlar.

Tədqiq olunan bitki toxumlarının çıxarına-rüşeymsiz, xırda və cılız, kökcüyü gılafdan xaricə çıxmış və cücərmiş toxumlar; çürümüş toxumlar, əzilmiş və yastılaşmış toxumlar, rüşeymin olub-olmamasından asılı olmayaraq, toxumun 1/3 hissəsindən çoxu itirilmiş, parçalanmış və zədələnmiş toxumlar aiddir.

Canlı zibillərə alaq bitkilərinin toxumu, başqa mədəni bitkilərin toxumu, sürməyə tutulmuş toxumlar, buğda nematodunun fırları, toxumların diri zərərvericiləri və diri sürfələri daxildir.

Cansız zibillərə torpaq və daş parçaları, qum, gövdə qırıqları, toxumsuz çiçək qrupları, meyvə və toxum qalıqları, başqa mədəni bitkilərin zədələnmiş, rüşeymsiz toxumları, digər toxum parçaları, ölü zərərvericilər və ölü sürfələr daxildir.

Nümunədə olan təmiz toxum və çıxarlar ayrıldıqdan sonra 0,01 qr dəqiqliyinə qədər çəkilir və faizi tapılır. Məsələn, 50 buğda dənində cəmi 1,12 qr çıxar olmuşdur. Bu zaman təmiz toxum 50 qr – 1,12 qr = 48,88 qr, yaxud 97,76%-ə bərabər olur. İki nümunə arasında olan fərq yol verilə biləcək miqdardan artıq olmazsa, təhlil qurtarmış hesab olunur, artıq olduqda isə üçüncü nümunə götürülür.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə