4
Paşa, məşhur tatar kommunisti Mirsultan Quliyevlə Nərimanovu bağlayan siyasi əlaqələr indiyədək öz
tədqiqatçılarını gözləsə də, hələlik bizlər Nərimanova obyektiv baxışı bizə bəlli olan iki məktubun üzərində
qururuq. Sözügedən məktubların ikisi də akademik Püstəxanım Əzizbəyovanın təqdimatında 1992-ci ildə kitabça
halında nəşr olunub. Məmməd Səid Ordubadinin “Nərimançılıq” xatirəsi iki-üç il öncəyədək Əlyazmalar
İnstitutunun seyflərində çapını gözləyirdi. Nə yaxşı ki, professor Şamil Qurbanov həmin məktubu əski əlifbadan
çevirərək çap etdirdi. Azərbaycanın ərazi problemləri, sərhədlərinin dəqiqləşdirilməsində Nərimanovun
səriştəsizliyi, bacarıqsızlığı və hətta xəyanətkar mövqeyində axtaranlar ittihamlarını əsaslı şəkildə izah etməli,
tarixi dəlil və faktların təhrifinə yol verməməlidirlər. Əlbəttə, Nəriman ideal siyasətçi, bir dövlət xadimi deyil.
Onun hakimiyyətə gəldiyi vaxt və Azərbaycanın tarixi vəziyyəti olduğu kimi, təhriflərə yol vermədən, antipatik
yanaşmadan kənar təhlil olunmalı, real vəziyyət əksini tapmalıdır. Onun hakimiyyətə gəlməyi, yoxsa gəlməməyi
xalqımız üçün daha münasib və əlverişli idi? Onun bu vəzifədə xidməti üstünlük təşkil edir, yoxsa qəbahəti? Bütün
bu suallar aydın cavab istəyir.
Zəngəzurun Ermənistana verilməsində “1 dekabr bəyanatı” Nəriman şəxsiyyətini həmişə alçaldacaq bir
durumda qoyduğu şəksizdir. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə mübahisəli ərazilərin həlli
istiqamətində beynəlxalq danışıqların, müzakirələrin hansı nəticələr verdiyi, hakimiyyət dəyişikliyindən sonra
hansı situasiyanın yarandığı bəlli olmayınca ittihamlar səngiməyəcək. 1920-ci ilin aprelindən başlanan bolşevik
istilasına, milli burjuaziyanın aradan qaldırılmasına, insan şəxsiyyətini alçaldacaq hərəkətlərin baş alıb getməsinə,
dini inanclara qarşı yönələn təbliğat metodlarına Nərimanovun müqavimət göstərmək niyyəti onun Stalinə
ünvanladığı “Ucqarlarda inqilabımızın tarixinə dair” məxfi qrifli məktubunda aydın görünür. İslamı aradan
qaldırmaqla Şərqin sovetləşməsinin mümkün olmayacağını, bu problemin böyük fəsadlar törədəcəyini anlayaraq,
islamla kommunizmi bir araya gətirməyin nəzəri əsaslarını işləyib hazırlasa da, mövcud rejimin müqaviməti onun
iradəsini sındırdı. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin məğzini Çar Rusiyasının milli ədavət
siyasətində görən Nərimanov bu hisslərin təsiriylə “Bahadır və Sona” əsərindən sonra, dini inanclara qarşı yönələn
“Pir” hekayəsini yazdı. Bütün bu paradoksallığı onun siyasi iradəsizliyində, yaxşı dövlət xadimi olmamasında
görənlər Nərimanov şəxsiyyətinin, fəaliyyətinin dolanbaclarına diqqət yönəltməli, alternativ baxışları tariximizə
gətirməlidir. Nərimanov hakimiyyətə nə zaman gəldi, onun gəlişi dönəmi problemlərin nələrdən ibarət olduğu da
diqqət tələb edir. Zəngəzur itkisindən sonra Naxçıvan, Şərur-Dərələyəz, ən əsası da bu günümüz üçün əsas ağrılı
problem olan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasında Nərimanovun aparmış olduğu siyasət
çözülməli, doğru-dürüst əksini tapmalıdır. Azərbaycanın sovetləşməsinin Rusiyanın yeni işğalçılığına azərbaycanlı
bolşeviklərdən biri “bizim məmləkətin taleyini yerin altı müəyyənləşdirir” söyləyərək, həqiqətə işıq salırsa,
Nərimanovun Rusiyanın Azərbaycanda “neft kralı” Serebrovskiyə qarşı apardığı mübarizə də öyrənilməlidir. O,
Azərbaycanda çıxarılan neftin bir hissəsinin ölkədə qalmasının vacibliyini israrla tələb etsə də, nəticəsiz qalırdı:
“Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, Azərbaycan vətəndaşı Tiflisdə ağ neftin
Gəncədəkindən ucuz satıldığını görəndə, istər-istəməz bütün bunları törədənlərin ünvanlarına tənə,
müstəmləkəçilikdə ittiham eşitməyə məcbur olursan”. Nərimanov “müstəmləkəçilikdə ittiham”ı Stalinə
ünvanlayaraq, Leninin vəd etdiyi “müstəqil Sovet Azərbaycanının” yalnız şüar olduğunu anlayaraq, Şərqin
milliyyətçi kommunistlərini bir araya gətirib “Qızıl Turan” yaratmaq istəyinə düşməyə bilməzdi. Çünki “ana
dilimi sevirəm, çünki anamı sevirəm” söyləyən, ömrü boyu bütün məşəqqətliyə, çətinliklərə, siyasi qarşıdurmalara
tab gətirən Nərimanov Azərbaycanı sevirdi. “Aldananlar üzərində qələbə yoxdur! Nərimanov aldanmışdı. Ona
müstəqil Azərbaycan vəd edənlər Azərbaycanı simasızlaşdırmaq niyyətini gerçəkdən həyata keçirmişdilər.
Ömrünün sonlarında oğlu Nəcəfə yazdığı məktubda “bəlkə sən bu məktubu oxuyanda bolşevizm
olmayacaqdır” söyləyən Nəriman ömrü boyu insanın istismarına qarşı mübarizə aparacağını, bəşəriyyətə xeyir
verəcəyini deyirdi. Oğlu Nəcəfə yazdıqlarını Türkiyə diplomatı Doktor Rza Nura da eynən söyləyirdi: “Bolşevizm
nə? O bir rəzalətdir. Mən buna yol verə bilmərəm”.
Onun istəyindən asılı olmayaraq bolşevizm Azərbaycanı “simasızlaşdırdı”. Məhz bu simasızlaşdırma
siyasətində onun günahlarının çox, ya da az olmasından dolayı Nərimanov əyərəskikliyi ilə birgə öyrənilməli,
tədqiq olunmalıdır. Çünki bu tarixi şəxsiyyət dövlətçilik tariximizin bir səhifəsini yazmış, Rusiya-Azərbaycan,
Türkiyə-Azərbaycan siyasətinin tarixi mərhələlərində fəal rol oynamışdır. Ona görə də son dövrdə bəzi
araşdırmalara yol açan “milli təmayüllü kommunist” deyiminin arxasında hansı mövqeyin, siyasi nöqteyi-nəzərin
dayandığı müəyyənləşdirməli idi. Nərimanov Stalinə müraciətdə özünün “millətçi” olduğundan imtina etmir:
“Mən həmişə bu nöqsanları (azərbaycanlıların sıxışdırıldığı haqqında) göstərirdim və əlbəttə, əleyhdarların dili ilə
desək, “millətçi” adını qazanmışdım”. “Millətçiliyi”nin səbəblərini də açıqlayır: “Müqabil tərəfin millətçi
təmayülü olduqca bu tərəfin də millətçilik təmayülü olacaq