5
GİRİŞ
Bütün canlılar mühitin təsirindən dəyişikliyə uğramaqla
yanaşı, öz növbəsində yaşadıqları əraziyə, formalaşdıqları
mühitə təsir edərək, onun dəyişilməsində müəyyən qədər rol
oynayırlar. Ətraf mühitin dəyişilməsinə edilən belə təsirlər
bilməyərəkdən, qeyri-şüuri və bilərəkdən, şüurlu surətdə
olur. Bilməyərəkdən, qeyri-şüuri təsirlər bitkilərə, heyvanlara
və mikroorqanizmlərə, bilərəkdən, yəni şüurlu surətdə
təsirlər isə insanlara məxsusdur. İnsan məskunlaşdığı və
fəaliyyət göstərdiyi bütün ərazilərdə, ən ekstremal vəziyyətdə
belə özü üçün müəyyən şərait yaratmaq istəyir. İlkin olaraq
insan ev tikir və qida axtarır.
Rəvayətə görə ilk insan olan Adəm peyğəmbər ölüm
yatağında olarkən oğlanlarını çağırır və tapşırır ki, həyətdəki
meyvələrdən gətirin, yeyib sağalım. Oğlanları peyğəmbərin
tapşırığına əməl edib müxtəlif meyvələr gətirirlər.
Burada iki məqam xüsusilə diqqət çəkir. Əvvəla, ilk
insan qidalanmaq üçün öz həyətində meyvə ağacları əkib,
ikincisi, onlar qidalanmaqla yanaşı, həm də bitkilərin
müalicəvi xüsusiyyətlərindən də bəhrələniblər.
Mən həmişə bu fikirdə olmuşam ki, kim torpağı
becərirsə, orada bitki əkir, toxum səpir, torpağın yatmış və
heç vaxt bilinməyəcək potensial enerjisini üzə çıxarmaqla
onu bitkilər vasitəsilə insanların istifadə edə biləcəyi formaya
salırsa, o cəmiyyət üçün ən xeyirli insandır. Şübhəsiz ki,
təbiət insanlığa əvəzolunmaz nemətlər də bəxş etmişdir. Bu
danılmaz faktdır ki, bitkilərin əmələgəlmə tarixi insanlığın
6
tarixindən çox qədimdir. Təbii meşələrimiz, qiymətli dərman
və yem mənbəyi olan dağ-çəmən bitkiliyi buna misaldır. Bax
bu nemətlər də sonunda insanlar üçündür.
Azərbaycan təbiəti və onun florası böyük təbii potensial
istehsal mənbəyinə malikdir. Floramızdakı bitkilik içərisində
çox müxtəlif meyvə-giləmeyvə, dərman, texniki, yağlı və b.
bitkilər, onları isə emal sənayesi üçün hazırlamaq imkanına
qadir olan insan resursları vardır. Burada həm də bir-birindən
kəskin fərqlənən, torpaq-iqlim şəraitinə malik olan ərazilər
mövcuddur. Məs., Abşeron yarımadasının torpaq-iqlim
şəraiti, xüsusilə ağac və kol bitkilərinin əkilib-becərilmələri
baxımından Azərbaycanın bir çox zonalarına nisbətən
əlverişsiz hesab olunur. Yarımadanın bitki örtüyü yarımsəhra
bitki örtüyü tipinə aiddir. Ərazi birillik və çoxillik ot tipli
bitkilərlə çox zəngin olmasına baxmayaraq, quru subtropik
iqlimə malik olduğundan, burada təbii ağac və kol bitkiləri
azlıq təşkil edir. Yalnız ayrı-ayrı ərazilərdə, xüsusilə qayalıq
zonalarda və yarğanların kənarlarında səpələnmiş halda bəzi
ardıc növlərinə, əncir, nar kollarına, xırda meyvəli albalıya
və b. rast gəlinir. Abşeronun təbii bitki örtüyünü buranın
torpaq-iqlim şəraiti formalaşdırmışdır. Təbii halda çoxlu
miqdarda efemer və efemeroidlərin olması, burada
temperatur ilə nisbi rütubət rejimi arasındakı uyğunluqla
əlaqədardır. Yarımsəhra bitkiləri hesab edilən efemerlər, bir
çox geofitlər və b. payızda yağmurlar başladıqda öz böyümə
və inkişaflarına başlayıb, bütün qışı və yazı vegetasiyalarını
davam etdirir, istilər düşənə qədər yaşıl qalıb, ən geci may
ayının sonlarına qədər quruyub tələf olurlar.
7
Lakin insan ağlı və fədakarlığı nələrə qadir deyildir.
Yarımsəhra bitki örtüyü tipi insan fəaliyyəti nəticəsində
tamamilə dəyişilmiş, barlı-bəhrəli əraziyə çevrilmişdir.
Abşeronda geniş ərazilərdə zeytun, badam, üzüm, əncir və s.
meyvə bağları, göz oxşayan dendroloji park və xiyabanlar
yaradılmışdır. Həmin park və bağlarda minlərlə növ və
çeşidli ağac, kol və ot bitkiləri əkilmişdir. Təəssüflə qeyd
etmək lazımdır ki, çox böyük zəhmət və vəsait hesabəna
müxtəlif ölkələrdən gətirilərək əkilmiş həmin bitkilərə lazımi
səviyyədə qulluq göstərilmədiyindən, onların bir qismi tez
bir zamanda quruyaraq tələf olurlar. Bunun bir səbəbi,
bitkilərin yeni torpaq-iqlim şəraitinə çətin uyğunlaşması ilə
əlaqədardırsa, digər səbəbi onların becərilməsində səriştəsiz
insanların iştirakı və bəzək bağçılıq sahəsində mütəxəssis
qıtlığıdır. Bütün bunları aradan qaldırmaq məqsədilə son
illərdə bu sahədə xeyli işlər görülmüş, müxtəlif ədəbiyyatlar
və dərsliklər yazılmışdır.
Azərbaycan, o cümlədən Abşeron ərazisində park, bağ
və bağçaların salınma tarixinin çox qədim olduğu barədə
məlumatlar verilsə də (A.A.Həsənova “Azərbaycanın park və
bağları”), bu ərazidə yaşıllaşdırma işlərinə 1920-ci illərdən
sonra daha çox diqqət yetirilməyə başlanmışdır. Belə ki,
1926-cı ildə Mərdəkan dendradisinin, 1934-cü ildə Mərkəzi
Nəbatat Bağının təşkili, respublikamızda, o cümlədən
Abşeronda dekorativ-bağçılığın, çiçəkçiliyin və b. elmi
əsaslarla inkişaf etməsinə güclü təkan vermişdir. Burada
yerli və xarici floradan introduksiya olunmuş bitkilər
üzərində elmi-tədqiqat işləri aparılaraq, onların bioekoloji,
8
təsərrüfat-texnoloji xüsusiyyətləri öyrənilmiş və perspektivli
olanlar çoxaldılaraq yaşıllaşdırmada tətbiqinə tövsiyələr
verilmişdir. Son illərdə Azərbaycanda bəzək-bağçılıq
sahəsində xeyli irəliləyişlərin olduğu göz qabağındadır.
2000-ci illərdən başlayaraq ölkəmizdə həm fərdi
həyətyanı sahələrdə, həm də park və xiyabanlarda bəzək-
bağçılıq işləri daha da sürətlənib yenilənməyə başladı. Artıq
xarici ölkələrdən bir çox ekzotik ağac və kol bitkiləri, o
cümlədən palmanın, evkaliptin, kameliyanın, azaliyanın və b.
müxtəlif növ və çeşidləri park və bağlarda daha çox əkilməyə
başladı. Lakin bir çox səriştəsiz iş adamları və bağbanlar
tərəfindən həmin bitkilərin çox yaşlı və həcmcə iri fərdləri
gətirilib əkilirdi. Məlumdur ki, canlılar nə qədər cavan,
azyaşlı olsalar, bir o qədər elastik olurlar, yəni ətraf mühitin
hər hansı təsirinə daha asan və tez uyğunlaşırlar.
Ayrı-ayrı işbazlar tərəfindən gətirilmiş belə yaşlı
bitkilər yeni torpaq-iqlim şəraitinə çətin uyğunlaşır, çox
hallarda isə uyğunlaşmayaraq məhv olurlar. Son onilliklərdə
yenə minlərlə belə bitkilərin tələf olmasının şahidi olmuşuq
və dəfələrlə mətbuatda, televiziya və radio kanallarında
mütəxəssislər tərəfindən Azərbaycanın müxtəlif zonaları
üçün perspektivli bitkilərin seçilməsindən, düzgün əkin
qaydalarından, onların becərilmə xüsusiyyətlərindən və b.
əhaliyə lazımi məsləhətlər verilmişdir. Ayrı-ayrı alim-
mütəxəssilər tərəfindən qiymətli tövsiyələrdən ibarət
kitablar, dərs vəsaitləri tərtib olunmuş və yayılmışdır. Bu
sahədə
İ.İ.Karyagin,
A.A.Qrassqeym,
İ.İ.Prilipko,
İ.S.Səfərov, U.M.Ağamirov, T.H.Kazımova, O.V.İbadlı,