- 90 -
dövlət ilə müqayisədə həmişə əqlə, kamala, mənəviyyata üstünlük verilmişdir. Aşıq
Ələsgər belə deyir: « Min batman zərin olunca, bir misqal kamalın ola».
Həmişə ictimai mühitin ən böyük nöqsanlarından biri zər ilə kərəm
arasındakı əksliyi aradan qaldıra bilməməsi olmuşdur. Mütərəqqi cəmiyyətlərdə
isə kamal özü var-dövlət üçün açar hesab olunur. Başqa sözlə, cəmiyyət elə ona
görə mütərəqqi hesab olunur ki, burada rəyasət, var-dövlət, imkan ağılsızların yox,
ağıllıların əlində olur. Yəni ağlı olan, biliyi olan, müəyyən bir ixtisasa yiyələnən
insan üçün özünü maddi cəhətdən təmin etmək mütərəqqi cəmiyyətdə problemə
çevrilə bilməz.
Digər tərəfdən, hətta qabaqcadan varlı olan adam da əgər ağıllı deyilsə, özü
mütəxəssis deyilsə və mütəxəssislərə arxalanmırsa, var-dövlətini və rəyasətini
itirməyə məhkumdur. Çünki pulla çox şeyi satın almaq olar; amma əql-kamal, bilik
və əməli vərdişlər pulla alına bilmir. Düzdür, naqis cəmiyyətdə belə cəhd göstərilir,
amma onların pulla aldıqları əslində bilik yox, biliyi təsdiq edən formal sənəddir. İş
o yerə çatır ki, vəzifəsi və pulu olan adam heç yalançı ali təhsil diplomu ilə də
kifayətlənməyərək, elmi dərəcə də alır və rəsmən «alim» olur. Pulun yeganə meyar
sayıldığı cəmiyyətdə belə təşəbbüslər təbiidir. Pul və rəyasətlə qazanılmış alimlik
vəzifə tutmağa, yenə pul qazanmağa xidmət edir. Bu, əslində qanunauyğundur.
Cəmiyyət bundan, əlbəttə, ziyan çəkir; amma ən böyük ziyan bu rəsmi «alimlərin»
sonradan həqiqi elm adamları qarşısında maneəyə çevrilməsidir. Başqa sözlə, zər
özünü artırmaqla kifayətlənməyərək, dönüb kərəmi də yeməyə başladıqda, misilsiz
bir disbalans yaranır. Bu isə tsiklin tamamlanması deməkdir.
Bütün cəmiyyətlərdə zənginlər və kasıblar vardır. Kapitalizm quruluşunun
əsas ideyası da insanları kor-koranə bərabərləşdirməmək, onların öz əqli və fiziki
potensialını reallaşdırmasına, hər kəsin cəmiyyətdə öz səriştəsinə uyğun mövqe
tutmasına imkan verməkdir. Bəli, kapitalizm cəmiyyətinin gücü, ilk baxışda onun
qüsuru kimi görünən bu cəhətdədir. Yəni daha qabiliyyətli olanların cəmiyyətdə
mövqeyi, var-dövləti və fəaliyyət imkanları böyük olduğundan, cəmiyyətin inkişaf
potensialı artmış olur. Var-dövlətin ağıllı adamda, kamal əhlində çox olmasının heç
bir ziyanı yoxdur. Çünki bu pul, bu dövlət hansı yolla isə mütləq cəmiyyətə qayta-
rılacaqdır. Təsadüfi deyildir ki, kapitalizm cəmiyyətində kapital ilk növbədə
istehsalın; sənayenin, təsərrüfatın inkişafına qoyulur. Böyük sənaye isə ancaq bö-
yük elm müqabilində inkişaf edə bildiyindən, kapital dolayası ilə elm və təhsilə
sərf olunur. Vay o gündən ki, ictimai sərvətin, var-dövlətin arxasına keçməyin
başqa yolları peyda olur. Ağılla, fərasətlə qazanılmayan pul da təbii ki,
iqtisadiyyatın, elmin, təhsilin inkişafına yox, əyləncəyə, narkotikaya və s. sərf
olunur ki, bu da ictimai inkişafa ləngidici təsir göstərir.
- 91 -
Lakin problem bununla da bitmir. Korrupsiya vasitəsilə pul qa-zanan
adamların əksəriyyəti savadlı adamlardır. Onlar özləri bəlkə də bu pulu pis bir işə
xərcləməzlər. Buna heç vaxtları da qalmaz. Lakin onlar öz bisnesi ilə bilavasitə
məşğul ola bilmədiyindən, bu varlı elitanın ətrafında yeni bir təbəqə formalaşır və
kapital onların əlindən keçir. Buna görə də optimal ictimai təşkilatlanmanın ən
mühüm şərtlərindən biri korrupsiya ilə mübarizə və yaradıcı əməyə, qanuni sahib-
karlıq fəaliyyətinə maneələrin aradan qaldırılmasıdır.
Kamal əhli olmadan əli böyük pula çatanların fəallaşması cəmiyyət üçün,
mədəniyyət və mənəviyyat üçün yaxşı heç nə vəd etmir. Bu problemin həlli üçün
ilk növbədə zər-kamal dilemması aradan götürülməlidir.
Görünür, məhz kapitalizmin hələ bərqərar olmadığı Şərq ölkələrində zər və
kamal problemi həll edilə bilmədiyindəndir ki, mənəvi ilə maddi arasındakı fərqin
qarşıdurma səviyyəsinə qaldırılması, biri artarkən o birinin mütləq azalacağı, yəni
tərs-mütənasibliyi, hətta bunların cəminin sabitliyi haqqında fikirlər də ortaya
çıxmışdır. Atalar da belə deyir: «Zər əhlində kərəm yoxdur, kərəm əhlində zər».
Bu məsələnin bədii təhlili öz əksini Əbu Turxanın məşhur qıfılbəndində və
onun açmasında da tapmışdır:
Həyatda saxlanma qanunu varmı,
Pak admı üstündür, dövlətmi, varmı?
Biri azalanda o biri artsa,
Məcmuyu bunların sabit qalarmı?
Cavabında Əbu Turxan yeni saxlanma qanununun kəşf edilməməsini mənəvi
sərvətin ölçülə bilməməsi və müqayisənin adekvat olmaması ilə izah edir:
İsməti qismətə satanlar çoxdur,
Kamil adamınsa, gözləri toxdur.
Böyük kəşf olardı, amma nə yaxşı,
Mənəvi sərvətin ölçüsü yoxdur.
Beləliklə, mənəvi kamillik yolunun ancaq dərvişlikdən, kasıblıqdan keçməsi
haqqında fikir inkar olunur. Qurani-Kərimdə də məsələ «ya bu dünya, ya o dünya»
kimi qoyulmur. Allah istədiyi bəndələrinə hər ikisini verir. Və hər ikisinin yolu
bilikdən, elmdən keçir. Həzrəti Məhəmməd demişdir: «Dünyanı istəyən elmə
sarılsın, axirəti istəyən yenə elmə sarılsın».
1
Kasıblığın az qala dindar adamın qisməti kimi qələmə verilməsi, bu
1
Bax: Jemil Sena. Hz. Məhəmmədin fəlsəfəsi. İstanbul, 1993, səh, 311.
- 92 -
məqsədlə dini amildən sui-istifadə edilməsi isə, heç şübhəsiz, ya subyektiv
mülahizələrlə əlaqədardır, ya da onun mahiyyəti düzgün təsəvvür olunmur. Bəli,
doğrudur ki, din bir həyat tərzi kimi, səxavəti təlqin edir. Amma səxavətli olmaq,
yardım etmək, xums-zəkat vermək üçün əvvəlcə müəyyən var-dövlət sahibi olmaq
lazımdır. Məlum olduğu kimi, peyğəmbər özü ticarətlə məşğul olub, yəni burada
ayıblı bir şey yoxdur. Ayıb olan əyri yolla pul qazanmaqdır. Lakin təəssüf ki, Şərq
fəlsəfi fikrində var-dövlətə ancaq mənfi planda baxmaq ənənəsi geniş yayılmışdır.
Hətta Qərbdə yaşayan ərəb şairi və filosofu Cübran Xəlil Cübran da bu mövqedən
çıxış edir: «Var-dövlət insan müsibətlərinin mənbəyidir, sevgi isə səadət və
sevincin.»
1
Halbuki var-dövlət ancaq haram yolla qazanıldıqda və ağılla idarə edilə
bilmədikdə müsibət törədə bilər. Onun sevgi ilə qarşılaşdırılması üçün də heç bir
əsas yoxdur.
Şərqdə gözəllik və sevgi maddiyatla qarşılaşdırıldığı kimi, mənəviyyat
müstəvisində də qütbləşmə gedir. Məsələn, belə bir fikir vardır ki, kiminsə
qismətinə zahiri gözəllik düşürsə, başqasının qismətinə mənəvi saflıq, daxili
gözəllik düşür; və müdriklər həmişə ikinciyə üstünlük verirlər. Lakin zahiri
gözəllik dalınca qaçanlar daha çox olur. Bu qarşılaşdırma, görünür, hər iki
gözəlliyin eyni adamda olması ehtimalının azlığından irəli gəlir. Əlbəttə, idealda
zahiri ilə batininin vəhdəti tərənnüm olunur. Amma bu vəhdət eyni tərtibli tərəf-
lərin vəhdəti deyil. Zahiri gözəllik olsa-olsa əsas gözəlliyin daha tez üzə çıxması
üçün stimul ola bilər. Əbu Turxan yazır: «Zahiri və daxili gözəllik eyni vaxda
parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə
ki, göründü, onda birincini kölgədə qoyur». Bir fərq də nəzərə alınmalıdır ki, daxili
aləmin hüdudu olmadığından, onun tnktşaf potensialı da sonsuzdur. Digər tərəfdən
sifət gözəlliyi mənəviyyata təsir etmədiyi halda, ruhun kamilləşməsi, xoşbəxtlik və
sevgi duyğusu sifətdə də ifadə olunur. Sevən adamın, xeyirxah adamın, dindar
adamın «sifətindən nur tökülür», o daha səmimi olur, daha nəcib görünür.
Dini tərbiyə universal əqli keyfiyyətlərdən daha çox, duyğu ilə bağlıdır və
insan Mən-inin daha dərin qatlarını ifadə etməklə yanaşı, lokal mədəni-mənəvi
mühitlə, hətta fərdi mövcudluqla əlaqədardır. Digər dinlərdən fərqli olaraq, islam
dini eyni zamanda bir şəriət kimi də çıxış edir və insanlara ictimai münasibətlərdə
də bələdçi olur.
Dini duyğu isə insani mahiyyətlə bağlı olduğu üçün daha dərin və qədim
köklərə malikdir. C.Əfqaninin yazdığına görə, «İnsanın ilk tərbiyəsi onun dini
tərbiyəsidir, fəlsəfi dünyagörüşü sonra yaranır».
2
Lakin fəlsəfi düşüncənin
formalaşmasında dini hissin böyük rolu vardır.
1
Aforizmlər və hikmətli sözlər. B., Azərnəşr, 1981, səh. 125.
2
C.Əfqani. Seçilmiş əsərləri. (Tərtib edəni – professor Şamil Qurbanov), Bakı, 1998,
səh. 33.
Dostları ilə paylaş: |