C.Məmmədquluzadə, Azərbaycan mədəniyyətinin bir sıra xadimləri yeni əlifbaya
keçmək tərəfdarı idilər.
Kütləvi dünyəvi Azərbaycan məktəbinin güman edilən proqramı, maddi
bazanın yaradılması üsulları, müəllim kadrların hazırlanması, ana dilində təhsil
vasitələrinin tərtib edilməsi, qadın təhsilinin təşkili və s. məsələlər ətrafındakı
mübahisə kəskin xarakter alırdı. Bütün bu məsələlər Qafqaz dövri mətbuatında,
xüsusən 1875-ci ildən 1877-ci ilədək görkəmli maarifçi və alim Həsən bəy
Məlikov (Zərdabi) tərəfindən Bakıda nəşr edilmiş ilk Azərbaycan ―Əkinçi‖
qəzetinin səhifələrində öz əksini tapmışdır.
Bu aktual məsələlərin müzakirəsində M.F.Axundov və H.Zərdabi ilə
yanaşı, Azərbaycanın mütərəqqi gəncləri - sonradan Azərbaycan mədəniyyətinin
görkəmli xadimləri olmuş ali məktəb tələbələri N.Vəzirov, Ə.A.Adıgözəlov,
M.T.Əliyev və b. yaxından iştirak edirdilər.
Sosial-iqtisadi dəyişikliklər və Rusiyanın müsəlman əhalisi içərisində
yayılmış yeni mədəni meyillərin təsiri altında artıq 70-ci illərdə ayrı-ayrı məktəblər
―üsuli-cədidə‖ (―yeni üsula‖ keçməyə başladı. Bu yeni tədris üsulunun ən əsas
prinsiplərindən biri hərf-heca üsulundan daha səmərəli səs üsuluna keçiddən ibarət
idi. Üsuli-cədid məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk
dəfə olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı. Bir sıra
məktəblərdə ana dili ilə yanaşı rus dili də tədris edilirdi. Yeni üsul şüurlu təlimə
yiyələnməyə yönəldilmişdi və əzbərləmə sisteminin zəifləməsinə, şagirdlərlə insani
rəftara doğru aparırdı. Məktəb binaları müasir tədris avadanlıqları ilə təchiz
edilməyə başladı. Bu yeniliklər məktəbləri kapitalist inkişafı şəraitinə
uyğunlaşdırmaq cəhdindən ibarət idi.
Yeni tipli ilk məktəblərdən biri görkəmli Azərbaycan şairi Seyid Əzim
Şirvaninin 1869-cu ildə Şamaxıda açdığı məktəb idi.
Böyük pedaqoqlar Həsənəli Qaradaği, Mir Möhsün Nəvvab və
C.Fətəlibəyovun Şuşadakı, Mirzə İsmayıl Xasirin Lənkərandakı məktəbləri
dünyəvi xarakterə malik idi. Yeni tipli məktəblərin yayılmasında 1882-ci ildə
Ordubadda ―Əxtar‖ (―Ulduzlar‖), 1894-cü ildə isə Naxçıvanda ―Tərbiyə‖
məktəblərini açmış Məmmədtağı Sidqinin (Səfərovun) böyük xidməti olmuşdu.
Naxçıvanda ilk dünyəvi qadın məktəbi də Məmmədtağı Sidqi tərəfindən 1896-cı
ildə təsis olunmuşdu.
Yeni məktəblərin ən qabaqcıl müəllimlərinin ətrafında ədəbi məclislər
fəaliyyətə başlayırdı. Şuşa ―Məclisi-Fəramuşan‖ının (―Tənhalar cəmiyyəti‖)
başında M.Nəvvab, Ordubad ―Əncümani şüəra‖sının (―Şairlər cəmiyyəti‖) başında
M.T.Sidqi, Şamaxı ―Beyt üs-Səfa‖sının (―Səfa evi‖) başında isə S.Ə.Şirvani
dururdu.
Azərbaycan əhalisinin maariflənməsi tarixində rus-tatar məktəbləri (çar
Rusiyasında azərbaycanlılar bəzən tatar da adlandırılırdı - Red.) deyilən məktəblər
nəzərə çarpacaq dərəcədə rol oynamışdır. Bu məktəblər ana dilində təlimi hər cür
təhsilin ən mühüm əsası sayan mütərəqqi Azərbaycan ziyalılarının təşəbbüsü ilə,
onların inadkarlığı hesabına meydana çıxmışdı. İlk belə bir məktəbi Bakıda gənc
pedaqoqlar - Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən,
1887-ci ildə onlar Tiflisdəki Aleksandr Müəllimlər İnstitutunu bitirdikdən dərhal
sonra təşkil edilmişdir. Bu məktəbin xüsusi nizamnaməsi yox idi və əvvəlcə üçillik
kurslu birsinifli xüsusi məktəb kimi fəaliyyət göstərirdi. Sonralar rus-tatar məktəbi
ikisinifli məktəbə çevrildi.
Digər rus məktəblərindən fərqli olaraq, burada 1881-ci il əsasnaməsinə
müvafiq surətdə birinci tədris ilində Azərbaycan dilinin keçilməsinə yol verilir və
bu dərs məcburi fənn sayılırdı.
Elə ilk dörd il ərzində birinci rus-tatar məktəbini 100 savadlı oğlan bitirdi.
Sonralar məşhurlaşmış Azərbaycan səhnə ustaları Hüseyn Ərəblinski, Mirzəağa
Əliyev, Mirmahmud Kazımovski, pedaqoq və maarifçi Əlisgəndərov Cəfərzadə bu
məktəbin ilk şagirdləri sırasında idi. 1891-ci ildən rus-tatar məktəbi şəhər
idarəsinin xərci hesabına saxlanılmağa başlanıldı. Şəhər idarəsi mütərəqqi
ictimaiyyətin tələblərinə güzəştə gedərək, 1891-ci ildə mövcud olan məktəbə
bənzər daha bir məktəb açdı. 1899-cu ilin sonu üçün Bakıda 408 şagirdi olan 6 rus-
tatar məktəbi vardı.
Bakının ardınca Azərbaycanın digər şəhərlərində də Naxçıvanda (1894-cü
ildə), Nuxada (1885, 1894, 1898-ci illərdə) Şuşada (1896-cı ildə), Salyanda (1897-ci
ildə), Gəncədə (1899-ci ildə) yeni məktəblər açıldı.
1899-cu ilin sonunda Azərbaycanın bütün rus-tatar məktəblərində 837 şagird
təhsil alırdı. Ümumtəhsil fənn müəllimləri və şagirdlərin demək olar ki, hamısı
azərbaycanlılardan ibarət idi. Sonralar, XX yüzilliyin əvvəllərində qadın rus-tatar
məktəbləri də meydana çıxmağa başladı.
Digər ibtidai məktəblər kimi, rus-tatar məktəbləri də başqa məktəblərlə
varislik əlaqəsinə malik deyildi. Lakin yaş səviyyəsi maneə törətməyən hallarda rus-
tatar məktəbləri rus dilini bilməyən şagirdləri daha yüksək səviyyəli tədris
müəssisələrinə, o cümlədən orta məktəblərə qəbul üçün hazırlayırdı. Bu, həmin
məktəblərin ən mühüm vəzifələrindən biri idi. Rus-tatar məktəblərinin ən hazırlıqlı
məzunları real məktəblərə (M.Əzizbəyov, T.Şahbazi) gimnaziyaya (N.Vəzirov,
F.Rzabəyli), habelə Zaqafqaziya Müəllimlər Seminariyasına (Ü.Hacıbəyov) daxil
olmuşdular. Üç sinifli şəhər Mixaylov məktəbinin, Bakı dənizçilik məktəbinin, Bakı
ibtidai texniki məktəbin, demək olar ki, bütün azərbaycanlı şagirdləri rus-tatar
məktəblərində oxumuşdular.
Azərbaycanın ibtidai məktəbləri, o cümlədən rus-tatar məktəbləri üçün
müəllimlər hazırlanmasında Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası,
xüsusən də onun əsasən M.F.Axundov və A.O.Çernyayevskinin səyləri nəticəsində
1879-cu ildə açılmış Azərbaycan şöbəsi böyük rol oynadı. Azərbaycan şöbəsinin ən
ucqar kəndlərindən olan gənclərin hesabına komplektləşdirilməsində, gələcək