“Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti
arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında”
Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında
sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2008‐ci il aprelin 23‐də
Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2008‐ci il
№ 663‐IIIQ
Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında
sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və
Moldova Respublikası Hökuməti,
iki dövlət arasında tarixən yaranan dostluq münasibətlərini nəzərə alaraq,
ticarət‐iqtisadi, sənaye və elmi‐texniki əməkdaşlığı inkişaf etdirmək istəyərək,
sənaye mülkiyyətinin səmərəli və adekvat mühafizəsinin bu cür əməkdaşlığın
inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin məqsədləri üçün «sənaye mülkiyyəti» anlayışı 1983‐cü il 20 mart
tarixində qəbul olunmuş, 1967‐ci il 14 iyul tarixində Stokholmda yenidən baxılmış və
1979‐cu il 2 oktyabr tarixində dəyişdirilmiş Sənaye mülkiyyətinin mühafizəsi üzrə
Paris Konvensiyasının (bundan sonra — Paris Konvensiyası) 1‐ci maddəsində əks
olunan mənanı daşıyır.
Maddə 2
Tərəflər sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlığı bu Sazişə və
onların iştirakçısı olduğu digər beynəlxalq müqavilələrə uyğun olaraq, qarşılıqlı
fayda və bərabərlik əsasında həyata keçirir və inkişaf etdirirlər.
Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərə yönəldiləcəkdir:
sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə
bağlı məsələlərin tənzimlənməsinə;
Tərəflərin hər ikisinin iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun
olaraq, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Tərəflərin dövlətlərinin milli
qanunvericiliklərinin uyğunlaşdırılmasına;
sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya, normativ və digər
sənədlər, həmçinin mütəxəssislər və iş təcrübəsi mübadiləsinə;
Tərəflərin qarşılıqlı razılığa gəldikləri digər əməkdaşlıq formalarına.
Maddə 3
Sənaye mülkiyyətinin mühafizəsi sahəsində bir dövlətin fiziki və hüquqi
şəxsləri digər dövlətin ərazisində, bu digər dövlətin öz fiziki və hüquqi şəxslərinə
hal‐hazırda verilmiş və ya hüquqi aktlarla veriləcək hüquq və üstünlüklərdən, o
cümlədən onun fiziki və hüquqi şəxslərinə verilmiş hüquqi mühafizə vasitələrindən
və o həcmdə istifadə edəcəklər.
Tərəflər bu Sazişlə tənzimlənməyən məsələlər üzrə Paris Konvensiyanın
müddəalarından istifadə edəcəklər.
Maddə 4
Tərəflər etiraf edirlər ki, Azərbaycan Respublikasının və ya Moldova
Respublikasının istənilən fiziki və ya hüquqi şəxsi, əgər ixtira və ya faydalı modelin
qanuni istifadəsi digər şəxslər tərəfindən SSRİ‐nin ixtira şəhadətnaməsi verilmiş
ixtira və ya faydalı modelə milli patentin verilməsi haqqında vəsatət verilməsi
tarixinədək başlamışsa, həmin ixtira və ya faydalı modeldən lisenziya müqaviləsi
bağlamadan istifadə etmək hüququna malikdir.
Belə halda haqqın ödənilməsi, ərazisində qeyd olunan ixtira və ya faydalı
modelin istifadə olunduğu və ya olunacağı dövlətin normativ hüquqi aktları ilə
müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 5
Bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində sənaye
mülkiyyətinə aid olan patent fondlarından, kitabxanalardan, məlumatlar bankından
onun öz fiziki və hüquqi şəxslərinə verilmiş şərtlərlə istifadə edəcəklər.
Maddə 6
Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakılar məsuliyyət daşıyırlar:
Azərbaycan Respublikasında — Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Agentliyi;
Moldova Respublikasında — Moldova Respublikasının İntellektual Mülkiyyət
üzrə Dövlət Agentliyi.
Bu Sazişin həyata keçirilməsi üçün səlahiyyətli dövlət orqanlarının əməkdaşlıq
şərtləri və qaydaları onlar arasında xüsusi sazişlərlə müəyyən ediləcəkdir.
Maddə 7
Bu Sazişə müvafiq olaraq Sazişin həyata keçirilməsi üçün səlahiyyətli dövlət
orqanları arasında yazışmalar rus dilində aparılacaqdır.
Maddə 8
Bu Sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi və təfsiri ilə bağlı
məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflərin nümayəndələri onları
məsləhətləşmələr və danışıqlar yolu ilə tənzimləyəcəklər.
Maddə 9
Bu Saziş Tərəflərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər ölkələrlə
ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.
Maddə 10
Tərəflərin qarşılıqlı razılığı əsasında, bu Sazişə onun ayrılmaz hissəsi olan və
11‐ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən, ayrıca Protokollarla
rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 11
Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları
Tərəflərin yerinə yetirməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı
bildiriş alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanır və Tərəflərdən hər hansı biri diplomatik
kanallar vasitəsilə yuxarıda göstərilən müddətin başa çatmasına ən azı 6 (altı) ay
qalmış ona xitam vermək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə
digər Tərəfə bildiriş vermədiyi halda avtomatik olaraq növbəti beşillik müddətlərə
uzadılır. Bu halda Sazişin qüvvəsinə belə bildirişin alındığı tarixdən 3 (üç) ay
keçdikdən sonra xitam verilir.
Bu Sazişin qüvvəsinə xitam verilməsi, onun qüvvəsinə xitam verilənədək hər iki
dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş və ya veriləcək mühafizə sənədlərinin
qüvvəsinə toxunmur.
Bu Saziş Bakı şəhərində 2008‐ci il 23 aprel tarixində Azərbaycan, moldov və rus
dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə
malikdir.
Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə rus
dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından
Moldova Respublikası Hökuməti adından
(imza)
(imza)
Document Outline - Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasındasənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında SAZİŞ
- Maddə 1
- Maddə 2
- Maddə 3
- Maddə 4
- Maddə 5
- Maddə 6
- Maddə 7
- Maddə 8
- Maddə 9
- Maddə 10
- Maddə 11
Dostları ilə paylaş: |