edilmiş ləğvedici başqası ilə əvəz edildiyi hallarda, eyni qaydada təhvil-təslim işləri həyata
keçirilməlidir. Təhvil-təslim aktı bankın məcburi ləğvi barədə qərar çıxarmış məhkəmənin qərarı ilə
təsdiq edilir. Ləğvedicinin qəbul etdiyi qərarlar və göstərişlər məcburi ləğv edilən bankın işçiləri
üçün məcburi xarakter daşıyır.
59.7. Bankın ləğvi ilə bağlı bütün xərclər bankın aktivləri hesabına ödənilir. Ləğvedicinin
(ləğvedicilərin) əmək haqqı maliyyə bazarlarına nəzarət orqanın təklifi ilə məhkəmə tərəfindən
təyin edilir. Bu xərclər növbədənkənar qaydada ödənilir.
59.8. Bankın məcburi ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş
qaydada həyata keçirilir. Məcburi ləğv olunan bankın aralıq ləğvetmə balansı, ləğvetmə
tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi barədə hesabat, habelə ləğvetmə balansı məhkəmə
tərəfindən təsdiq olunur. Müvafiq hesabatların təqdim edilməsi müddətləri məhkəmə tərəfindən
müəyyən olunur.
59.9. Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya
bir neçə əməliyyatı həyata keçirə bilər.
59.10. Bankın məcburi ləğvi dövründə ləğvedici öz fəaliyyəti haqqında maliyyə bazarlarına
nəzarət orqanına onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə maliyyə
bazarlarına nəzarət orqanın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.
Ləğvedicinin öz funksiyalarını lazımınca yerinə yetirməməsi faktı aşkar edilərsə, maliyyə
bazarlarına nəzarət orqanın müraciəti ilə məhkəmə ləğvedicinin başqa şəxslə əvəz edilməsi barədə
qərar çıxara bilər.
59.11. Ləğvedici məcburi ləğv tədbirlərini həyata keçirərkən bu Qanunun 61-cı maddəsində
göstərilmiş əsaslardan hər hansı birinin mövcudluğunu aşkar etdikdə, bank barəsində iflas
proseduruna başlanmasına dair əsaslandırılmış vəsatətlə maliyyə bazarlarına nəzarət orqanına
müraciət edir.
X fəsil. Bankların iflası
Maddə 60. Bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi
60.1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu
tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur.
60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan
edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.
Maddə 61. İflas proseduruna başlanılması üçün əsaslar
61.1. Bank barəsində iflas proseduruna aşağıdakı əsaslardan biri və ya bir neçəsi üzrə başlanıla
bilər:
61.1.1. bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu kapitalın
minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmişdir;
61.1.2. bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü
restrukturizasiyası məsələlərinə dair bankla maliyyə bazarlarına nəzarət orqanı arasında yazılı
razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla öz maliyyə
öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir deyildir;
61.1.3. bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü
restrukturizasiyası məsələlərinə dair bankla maliyyə bazarlarına nəzarət orqanı arasında yazılı
razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla vaxtı çatmış
maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir deyildir.
Maddə 62. İflas proseduruna başlanılmasına dair ərizə
62.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəyə məhkəmə aşağıdakı hallarda
baxır:
62.1.1. ərizə bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və bankın bu Qanunun 61-ci
maddəsində göstərilən əsasların mövcudluğunu təsdiqləyən maliyyə hesabatı ilə birlikdə maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən verildikdə;
62.1.2. ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə bu Qanunun 62.2-ci maddəsinə
uyğun olaraq, kreditorlar tərəfindən verildikdə.
62.2. Bank bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirmədikdə,
bir və ya daha neçə kreditor maliyyə bazarlarına nəzarət orqanına vəsatətlə müraciət edə bilər.
Maliyyə bazarlarına nəzarət orqanı vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və
əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi
və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir.
Maliyyə bazarlarına nəzarət orqanı məhkəməyə ərizəni bu barədə qərarı qəbul etdikdən sonra 3
təqvim günü ərzində verir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı müəyyən
edilməmişdirsə, maliyyə bazarlarına nəzarət orqanı kreditorlara əsaslandırılmış imtina göndərir.
Kreditorların ərizəsinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən rədd edilməsi onlar tərəfindən
məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.
62.3. Ərizə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildikdən sonra dərhal moratorium
qüvvəyə minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun
qaytarılmasını və ya borcu müqabilində bankın əmlakının ona verilməsini və ya hər hansı girov
(ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı
tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.
Maddə 63. Müvəqqəti inzibatçının təyin edilməsi
63.1. Bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, bank barəsində iflas
proseduruna başlanılmasına dair vəsatəti maliyyə bazarlarına nəzarət orqanına verildikdən sonra
maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 57-ci maddəsinə müvafiq surətdə banka müvəqqəti
inzibatçı təyin edir. Müvəqqəti inzibatçı bu Qanunun 57-2-ci maddəsinə uyğun olaraq, bankın
idarəçiliyini dərhal üzərinə götürür.
63.2. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda müvəqqəti inzibatçının təyinatına
bu Qanunun 52.6-cı maddəsinin müddəaları şamil edilmir.
Maddə 64. Məhkəmə baxışı
64.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul etdikdən
sonra məhkəmə maliyyə bazarlarına nəzarət orqanını, bütün digər ərizəçiləri və bankın özünü,
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ərizə verildikdə isə həmçinin bankın müvəqqəti
inzibatçısını ərizəyə baxılması üzrə qapalı iclasda iştiraka dəvət edir. Məhkəmə baxışı ərizənin
verildiyi andan 48 saat ərzində başlanılmalıdır.
64.2. Məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa çatdırılmalıdır.
Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.
Maddə 65. Ərizənin rədd edilməsi üçün əsaslar
65.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni məhkəmə aşağıdakı hallarda
rədd edir:
65.1.1. ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;
65.1.2. bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq, maliyyə bazarlarına nəzarət orqanı ərizəyə
etiraz etdikdə;
65.1.3. ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya digər
sübut saxta və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz, yaxud digər sənədlərsiz ərizə bu Qanunun
tələblərinə cavab vermədikdə;
65.1.4. kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;
65.1.5. bu Qanunun 61.1-ci maddəsində göstərilmiş əsasların aradan qalxması üçün kifayət edən
məbləğdə kapitalın bərpasına dair məhkəməni və maliyyə bazarlarına nəzarət orqanını təmin edən
sübutlar təqdim edildikdə.