və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər
iki il ərzində başqa
bankın inzibatçısı ola bilməzlər);
10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə maliyyə bazarlarına
nəzarət orqanının tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad
edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan
şəxslər istisna olmaqla);
10.2.3. bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş
şəxslər;
10.2.4. bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) üzvü
olan şəxslər;
10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla bankda digər vəzifə tutan şəxslər;
10.2.6. Müşahidə Şurasının üzvü üçün - üçdən çox hüquqi şəxsin və ya digər hər hansı bir bankın
idarəetmə orqanlarının üzvü olan şəxslər;
10.2.7. bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit
bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri və baş mühasibi üçün - başqa banklarda, xarici
bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyəti olan hüquqi
şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və hüquqi şəxslərdə Müşahidə
Şurasının üzvü olması halları istisna olmaqla);
10.2.8. bankın inzibatçısı ilə qohumluq münasibətlərində olan şəxs - onun əri/arvadı, valideyni, o
cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən,
qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);
10.2.9. dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə
nəzərdə tutulan hallar istisna olmaqla).
10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - ali iqtisadi və ya
hüquqi təhsilin, yaxud təhsilindən asılı olmayaraq maliyyə idarələrində fəaliyyət strategiyasının
müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı verən iş
təcrübəsinin olması;
10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və
filiallarının rəhbərləri üçün - ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş
stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;
10.3.3. bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün - ali iqtisadi
təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və
mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş stajının olması.
Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir.
10.3.4. bank şöbəsinin inzibatçısı üçün - ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti
sahəsində 6 aylıq iş stajının olması.
10.4. Bank və ya yerli filialı olan xarici bank, bankın və ya xarici bankın yerli filialının
inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində maliyyə bazarlarına
nəzarət orqanına yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda Qanunun 8.2.8-ci, 9.3.10-
cu və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumatlar və sənədlər əlavə olunur. Maliyyə
bazarlarına nəzarət orqanı bildirişə dair öz münasibətini 30 təqvim günü müddətində banka və ya
xarici bankın yerli filialına bildirməli, bu maddədə nəzərdə tutulan hallarda isə inzibatçıların
attestasiya vaxtını təyin etməlidir. Bu müddətdə müraciətçiyə bildiriş göndərilməzsə, inzibatçının
namizədliyinə müsbət baxılmış hesab olunur.
İnzibatçı vəzifəsinə nəzərdə tutulan təyinatlar qanunla müəyyən edilmiş tələblərə cavab
vermədikdə, maliyyə bazarlarına nəzarət orqanı onların dəyişdirilməsini tələb edir.
Bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat
xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli
filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ
olan müavinləri maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçirlər. Bu təyinatlara
maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz
vəzifələrinin icrasına başlayırlar.
Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.
10.5. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün
fəaliyyət dövrünə şamil edilir.
Maddə 11. Yerli bankların filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılmasına
icazələrin alınması
11.1. Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan yerli bank filial, şöbə və
nümayəndəlik aça bilməz.
11.2. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və
icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər maliyyə
bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.
11.3. Yerli bank yerli və ya xarici filialını və nümayəndəliyini açmağa icazə almaq üçün maliyyə
bazarlarına nəzarət orqanına yazılı müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə
edilməlidir:
11.3.1. bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanı
tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;
11.3.2. filialın və ya xarici nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı
filial və xarici nümayəndəliyin ünvanı, bank fəaliyyəti növləri (yalnız filiallar üçün), inzibatçıların
səlahiyyətləri, bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və nümayəndəliyin ləğv edilməsi
qaydası göstərilməlidir;
11.3.3. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilat
strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-
plan;
11.3.4. filialın və ya xarici nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında
bankın səlahiyyətli orqanının qərarının surəti;
11.3.5. filialın və ya xarici nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi
şəxslərdə mühüm iştirak payları göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi haqqında
məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında
təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun tərəfindən imzalanmış və
imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
11.4. Maliyyə bazarlarına nəzarət orqanı müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə
səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10
təqvim günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları
aradan qaldırmağı təklif edir. Maliyyə bazarlarına nəzarət orqanı müraciətdə və ya ona əlavə
edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun
müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin
müddətdə maliyyə bazarlarına nəzarət orqanı müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər
baxılmaq üçün qəbul edilmiş hesab edilir.
11.5. Yerli bankın filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə alınması üçün
ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində
maliyyə bazarlarına nəzarət orqanı müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır və
müvafiq qərar qəbul edir. Hər bir halda maliyyə bazarlarına nəzarət orqanı qəbul etdiyi qərarı banka
göndərir. Maliyyə bazarlarına nəzarət orqanı müraciətə müsbət baxdığı halda, dərhal icazə verir.
İcazədə filialın və ya xarici nümayəndəliyin məşğul ola biləcəyi fəaliyyətin xarakteri və miqyası
haqqında məlumat, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir.
İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında
maliyyə bazarlarına nəzarət orqanının qərarında onların əsasları göstərilməlidir.
11.6. Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə,
onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə müəyyən edilmiş